TƏ’QİB HAQQINDA-4

SÜBH NAMAZINA MƏXSUS TƏ’QİBLƏR

Ciddi şəkildə tövsiyə olunmuşdur ki, sübh namazından sonra namaz qılan şəxs namaz qıldığı yerdə oturmalı və Günəş çıxana qədər tə’qiblə məşğul olmalıdır.

İmam Mühəmmədbaqir (ə) buyurmuşdur: “Rəsulullah (s) sübh namazını qılandan sonra Günəş çıxanadək üzü qibləyə doğru əyləşib Allahı zikr edərdi. Əli ibn Əbitalib də Peyğəmbərin arxasında üzü camaata doğru əyləşər və camaat da öz ehtiyaclarını ona deyərdi. Peyğəmbər özü onlara belə əmr etmişdi”[1].

İmam Həsən (ə) buyurmuşdur: “Peyğəmbər (s) buyurmuşdur: “Əgər hər hansı bir müsəlman şəxs sübh namazını qıldığı yerdə oturub Günəş çıxana qədər Allah-Taalanı zikr etsə, ona Allah-Taalanın evini ziyarət edən şəxsə verilən savab verilər və həmin şəxs bağışlanar. …”[2]

Peyğəmbər (s) buyurmuşdur: “Kim sübh namazını qıldığı yerdə Günəş çıxanadək otursa (yəni tə’qiblə məşğul olsa), Allah onu Cəhənnəm atəşindən qoruyar!”[3]

Rəvayətlərə əsasən ruzinin onda doqquzu ticarətdədir. Lakin sübh namazının tə’qiblərinin təsiri ruzi qazanmaq üçün həyata keçirilən ticari səfərlərin təsirindən daha çoxdur. Çünki iki tülu arasındakı vaxt (yəni sübh azanı ilə Günəşin çıxdığı vaxt arasındakı saat) Allahın ruzini bəndələri arasında bölüşdürdüyü vaxtdır. Həzrət Əli (ə) buyurmuşdur: “Ruzini sübh azanından sonra Günəş çıxana qədər (yəni iki tülu arasında) istəyin! Həqiqətən, iki tülu arasında dua etməyin təsiri ticari səfərlərin təsirindən daha çoxdur. Həmin vaxt elə bir vaxtdır ki, Allah o vaxtda ruzini bəndələr arasında bölüşdürür”[4].

Başqa bir hədisində buyurmuşdur: “Sübh namazı daxil olduqdan sonra Günəş çıxana qədər (yəni fəcr tülu etdikdən sonra Günəş tülu edənə qədər) məsciddə oturmaq (yəni tə’qiblə məşğul olmaq) ruzinin əldə edilməsində ticari səfərlərin təsirindən daha çoxdur!”[5]

Buna görə də müştərək tə’qiblərlə yanaşı sübh namazına məxsus tə’qiblərin yerinə yetirilməsinə də ciddi yanaşmaq lazımdır.

Sübh namazına məxsus əsas tə’qiblər aşağıdakılardan ibarətdir:

1. Həzrət Mühəmmədə və Ali-Mühəmmədə aşağıdakı şəkildə salavat göndərmək;

إِنَّ اللهَ وَ مَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَآ أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيمًا[6] اللّهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ النَّبِيِّ وَ ذُرِّيَّتِهِ

Transkripsiya: “İnnəllahə və məlaikətəhu yusəllunə ələn-Nəbiyyi ya əyyuhəlləzinə amənu sallu ələyhi və səllimu təslima! Əllahummə salli əla Mühəmmədinin-nəbiyyi və zürriyyətihi!”

Tərcümə: “Həqiqətən, Allah Peyğəmbərə rəhmət göndərir, mələkləri də onu mədh və səna edirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərin (yəni Allahın ona rəhmət göndərməsi üçün dua edin) və tam bir təslimiyyətlə ona tabe olun![7] Allahım, peyğəmbər Mühəmmədə (s) və onun zürriyyətinə rəhmət göndər!”

İmam Rza (ə) buyurmuşdur ki, kim sübh və məğrib namazlarından sonra ayağa qalxmadan, yaxud heç kimlə danışmadan Peyğəmbərə bu şəkildə salavat göndərərsə, Allah onun yüz hacətini həyata keçirər; bunların yetmişi dünyaya, otuzu isə axirətə aiddir[8].

2. Yeddi dəfə demək;

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ

Transkripsiya: “Bismillahir-Rəhmanir-Rəhim! La hövlə və la quvvətə illa billahil-Əliyyil-Əzim!”

Tərcümə: “Rəhman, Rəhim Allahın adı ilə! Əliyy (hər şeydən yüksək, qüdrəti uca), Əzim (böyük) Allahın verdiyindən savayı heç bir güc və qüvvət yoxdur!”

Bu zikr insanı 70 növ bəladan qoruyur[9].

3. Yüz dəfə demək.

أَللّهُمَّ صَلِّ عَلىٰ مُحمّدٍ وَ آلِ مُحَمَّدٍ

Transkripsiya: “Əllahummə salli əla Mühəmmədin və Ali-Mühəmməd!”

Tərcümə: “Allahım, Mühəmmədə və Ali-Mühəmmədə rəhmət göndər!”

İmam Sadiq (ə) buyurmuşdur ki, kim fəcrdən (sübh azanından) sonra yüz dəfə “Əllahummə salli əla Mühəmmədin və Ali-Mühəmməd”, – deyərsə, Allah o salavat vasitəsilə həmin şəxsin üzünü Cəhənnəmin istisindən qoruyar![10]

MƏĞRİB NAMAZINA MƏXSUS TƏ’QİBLƏR

1. Həzrət Mühəmmədə və Ali-Mühəmmədə aşağıdakı şəkildə salavat göndərmək.

إِنَّ اللهَ وَ مَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَآ أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيمًا[11] اللّهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ النَّبِيِّ وَ ذُرِّيَّتِهِ

Transkripsiya: “İnnəllahə və məlaikətəhu yusəllunə ələn-Nəbiyyi ya əyyuhəlləzinə amənu sallu ələyhi və səllimu təslima! Əllahummə salli əla Mühəmmədinin-nəbiyyi və zürriyyətihi!”

Tərcümə: “Həqiqətən, Allah Peyğəmbərə rəhmət göndərir, mələkləri də onu mədh və səna edirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərin (yəni Allahın ona rəhmət göndərməsi üçün dua edin) və tam bir təslimiyyətlə ona tabe olun![12] Allahım, peyğəmbər Mühəmmədə (s) və onun zürriyyətinə (övladlarına) rəhmət göndər!”

İmam Rza (ə) buyurmuşdur ki, kim sübh və məğrib namazlarından sonra ayağa qalxmadan, yaxud heç kimlə danışmadan Peyğəmbərə bu şəkildə salavat göndərərsə, Allah onun yüz hacətini həyata keçirər; bunların yetmişi dünyaya, otuzu isə axirətə aiddir[13].

2. Yeddi dəfə demək.

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ

Transkripsiya: “Bismillahir-Rəhmanir-Rəhim! La hövlə və la quvvətə illa billahil-Əliyyil-Əzim!”

Tərcümə: “Rəhman, Rəhim Allahın adı ilə! Əliyy (hər şeydən yüksək, qüdrəti uca), Əzim (böyük) Allahın verdiyindən savayı heç bir güc və qüvvət yoxdur!”

Bu zikr insanı 70 növ bəladan qoruyur[14].

3. Sonra üç dəfə aşağıdakı zikri demək.

أَلْحَمْدُ لِلهِ الَّذِى يَفْعَلُ مَا يَشَاءُ وَ لاَ يَفْعَلُ مَا يَشَاءُ غَيْرُهُ‏

Transkripsiya: “Əlhəmdülillahil-ləzi yəf’əlu ma yəşau və la yəf’əlu ma yəşau ğayruhu”.

Tərcümə: “Bütün həmdlər istədiyini edən, istədiyini Ondan başqa heç bir kəsin edə bilmədiyi Allaha məxsusdur!”

Rəvayətdə bildirilir ki, kim məğrib namazından sonra bu zikri üç dəfə deyərsə, ona çoxlu xeyir əta olunar[15].

4. Sonra aşağıdakı şəkildə dua etmək.

سُبْحَانَكَ لاَ إِلَـٰهَ إِلاَّ أَنْتَ إِغْفِرْ لِى ذُنُوبِى كُلَّهَا جَمِيعاً فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ كُلَّهَا جَمِيعاً إِلاَّ أَنْتَ[16]

Transkripsiya: “Sübhanəkə! La ilahə illa əntə! İğfir li zünubi külləha cəmiən. Fəinnəhu la yəğfiruz-zünubə külləha cəmiən illa əntə!”

Tərcümə: “Sən hər cür eyib və naqislikdən uzaqsan! Səndən başqa ilah yoxdur! Mənim günahlarımın hamısını bağışla! Həqiqətən, günahların hamısını Səndən başqa heç kəs bağışlamır!”

Tərtibçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor və operator: Məhbubə Kərimzadə


[1]  “İqbal”, Seyid ibn Tavus

[2] “Səvabul-ə’mal və iqabul-ə’mal”, Səvabut-tə’qib, h. 1

[3] “Vəsailuş-şiə və müstədrəkuha”, Əbvabut-tə’qib, 18, h. 4

[4] “Biharul-ənvar”, c. 82, s. 318

[5] “Vəsailuş-şiə və müstədrəkuha”, Əbvabut-tə’qib, 18, h. 10

[6] “Əhzab”, 56

[7] “Əhzab”, 56

[8] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Sübh və məğrib namazlarından sonra “İnnəllahə və məlaikətəhu yusəllunə ələn-Nəbiyyi ya əyyuhəlləzinə amənu sallu əleyhi və səllimu təslima! Əllahummə salli əla Mühəmmədinin-nəbiyyi və zürriyyətihi”, – deməyin savabı, Şeyx Səduq

[9] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 25, h.11

[10] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu mən səllə əla Mühəmmədin və Alihi miətə- mərrətin bə’dəl-fəcr”, Şeyx Səduq

[11] “Əhzab”, 56

[12] “Əhzab”, 56

[13] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Sübh və məğrib namazlarından sonra “İnnəllahə və məlaikətəhu yusəllunə ələn-Nəbiyyi ya əyyuhəlləzinə amənu sallu əleyhi və səllimu təslima! Əllahummə salli əla Mühəmmədinin-nəbiyyi və zürriyyətihi”, – deməyin savabı, Şeyx Səduq

[14] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 25, h.11

[15] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 28, h.1

[16] Peyğəmbərin duasıdır. (“Fəlahus-sail”, s. 409, “Misbahul-mütəhəccid”, s. 98)

Bir şərh yazın