
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Dahiliyin sirri: Keçmişin ustadları, bu günün sistemləri
Tarix boyu dahi insanları yetişdirən məkanlar təsadüfi olmamışdır. Gəncədə Nizami, Kərbəlada Füzuli, Florensiyada Mikelancelo, Venesiyada Vivaldi… Bütün bu adların ortaq cəhəti heç də formal sistem deyil, onların ustad-tələbə ruhunda yoğrulmaları idi.
Mədrəsələr, monastırlar, ustad emalatxanaları – bunlar təhsil ocaqlarından daha çox şəxsiyyətin daxilindəki istedadı ortaya çıxaran bir ünvan idi. Burada öyrənmək sadəcə bilik qazanmaq deyil, ruh tərbiyəsinin bir hissəsi idi. Şagird ustadına oxşamağa çalışmazdı, daxilindəki nurun formalaşmasına yardım edən bir yol göstərici kimi onu izləyərdi.
Bu gün isə sistem fərqlidir. Müasir təhsil sənaye cəmiyyəti ilə birlikdə şəkilləndi. Məqsəd ilahi həqiqətə çatmaq deyil, funksional insan yetişdirib sistemə daxil etmək oldu. Bilik ruhun yanğısı ilə deyil, qiymətləndirmə və diplomla ölçülməyə başladı. Həmin dəqiqədə dahi böyümə prosesində bir qırılma baş verdi.
Dahilik yavaş-yavaş, sakitcə formalaşan bir prosesdir. O, informasiyadan yox, təfəkkürdən, tənhalıqdan və ruhi qarşıdurmalardan yaranır. Klassik ustadlar şagirdlərinə zamana qarşı sabit dayanmağı öyrədirdi. Bu gün isə vaxt itirməmək, vaxt qazanmaq, vaxtı idarə etmək kimi anlayışlar təhsilə hökm edir. Ancaq zamanla barışmayandan, zamanı dinləməyən insanlardan nə heykəltəraş, nə də şair çıxar.
Eyni zamanda bu, sistemin özündə dahi yetişə bilməz demək deyil. Ancaq bugünkü dahi eləcə sistemin məhsulu deyil, sistemdən kənara çıxa bilən, yaxud sistemi dəlib öz yolunu tapan şəxsdir.
Ortaya belə bir fikir çıxa bilər. Axı mədrəsə, monastır, ustad və müasir təhsil sisteminin fərqi nədir?
Buna bir neçə hissədə fikir bildirirəm:
1. Mədrəsə, monastır və ustad sisteminin fərqi – ruhani və fərdi yetişmə; ənənəvi təhsil (mədrəsə, monastır, ustad-şagird sistemi) insanı bütöv şəkildə yetişdirirdi. Bu üsul yalnız məlumat öyrətmirdi, insanın ruhunu, xarakterini və mənəvi dayağını da formalaşdırırdı. Məsələn, Füzuli və ya Nizami özünü aşiq, yəni həqiqətə susamış bir axtaran kimi yetişdirirdi.
2. Ustad sistemi fərdi mükəmməl şəkildə tanıyırdı, onun daxilindəki istedadı görür, səbr və təmkinlə onu yoğururdu; müasir sistem isə daha çox kütləvi xarakter daşıyır və standartlaşdırılmış yanaşmaya söykənir: hamıya eyni material, eyni ritm və eyni ölçü ilə yanaşılır.
Müasir təhsil sistemi – istedada yox, idarəyə uyğun yetişdirmə metodu ilə çalışır.
Son 100 ildə təhsil sistemi xüsusən də sənayeləşmədən sonra dahi yox, nizamlı işçi yetişdirməyə yönəldi. Məqsəd isə bu oldu: idarəolunan, sistemə uyğunlaşmış, “yaxşı vətəndaş”, “səmərəli işçi” yetişdirmək. Bu isə yaradıcı, azad düşüncənin deyil, sistemin bir hissəsi olmaq bacarığının ölçüsüdür.
Dahilik isə sistemə uyğunlaşmaq deyil, sistemin qarşısında özünü ifadə etməkdir.
3. Daxili səssizlik və dərinlik yoxluğu; köhnə ustad-şagird sistemində təfəkkür, səbr, tənhalıq və təcrübə ilə yoğrulmaq var idi. İndi isə informasiya çoxluğu içində təfəkkürə heç yer qalmır. Gözləmək də istəmirik, dərhal nəticə istəyirik.
Dahilik isə yavaş bişən, zamanla dərinləşən bir haldır. Nizami və ya Mikelancelo bir gecədə yaranmadı – onların zəhməti ilə zaman səssiz şəkildə, bir vəhdət təşkil edərək bərabər işlədi.
4. Daxili yanğı yoxluğu; köhnə dövrdə təhsil alan insan içindəki suallara cavab tapmaq üçün axtarışlar edirdi, kitablar oxuyurdu. Müasir sistemdə isə çox zaman insanlar diplom almaq üçün, gələcəkdə “bir iş tapsın deyə” təhsil alır. Biri ruhunu yandıran eşqin arxasınca gedir, digəri isə təzyiq və zərurət səbəbi ilə…
5. Ənənəvi sistemin ustad enerjisi. Ustad sadəcə müəllim deyildi. O, insan ruhuna toxunan, yol göstərən, öz varlığı ilə hər kəsə nümunə olan biri idi. Bugünkü müəllimlər isə çox zaman sistemin yükü altında əzilir, ruhani bir nüfuz qurmağa fürsət tapmır.
Nəticə olaraq onu deyə bilərəm ki, ənənəvi sistem insanı bütöv və mənəvi məqsədlə yetişdirirdi. Müasir sistem isə funksional və uyğunlaşan fərd yetişdirir.
Biri nura yönəlmişdi, digəri isə nizam içində işləmə mexanizminə.
Amma bu o demək deyil ki, müasir sistemin daxilində dahilər yetişməz. Elə şəxslər ya sistemin xaricinə çıxaraq, ya da elə sistemin içində öz yolunu taparaq bunu bacarır. Və bu cür vəziyyət get-gedə çətinləşir.
Bəlkə də, sabahın yeni dahiləri yenidən ustad-tələbə ruhunu virtual üstünlüyə çevirəcəklər. Bəlkə, bu söhbət, bu sual da bir ustad ruhu daşıyır. Çünki Dahi olmaq öyrədilən deyil. Dahi olmaq axtarılan bir haldır.
Axtarmaq bir məharət, onu yazıb-yaratmaq isə yüksək bacarıq və məharətlə yanaşı cəsarət də istər.
Buna görə son sözüm:
Daim həqiqət axtarışında olanlara, arayıb-axtaranlara salam olsun!
“Milli Görüş-Sabiqun” hərəkatı
Müşavirə Heyətinin üzvü Əbülfəzl Məmmədzadə
Redaktor: Əfruzə Həsənova
Korrektor: Məhbubə Kərimzadə