DÖVLƏT BAŞÇISI OLARAQ HƏZRƏT MÜHƏMMƏD (S)-1

DÖVLƏT BAŞÇISI OLARAQ HƏZRƏT MÜHƏMMƏD (S)

Prof. d-r İhsan Sürəyya Sırma

Atatürk Universiteti İlahiyyat Fakültəsi, İslam tarixi müəllimi

GİRİŞ

İslam dinini Qərb şərqşünaslarının təsiri altında olaraq araşdıran elm adamları, istər müsəlman olsun, istərsə də olmasın, eyni ilə şərqşünaslar kimi, məsələyə dünyəvi  (laik və sekularist) və yaxud dinsiz bir gözlə baxdıqlarına görə başqa mövzularda olduğu kimi Hz. Peyğəmbərin dövlət başçılığı və İslam dövləti ilə bağlı mövzuda da müəyyən xətalara yol vermişlər.

Mövzunu ətraflı şəkildə izah etmək və başa düşmək istəyiriksə, Allahın insanları qəflət yuxusundan oyandırmaq üçün göndərdiyi son Peyğəmbərin mübarizə tarixindəki bəzi hissələri üzərində dayanmağımız lazımdır. Bu işi görərkən də əsaslandığımız qaynaqlar onun qurduğu dövlətin təməli olan Quran və Sünnə, bir də mötəbər İslam tarixi qaynaqları olacaqdır.

Heç kim bizdən gözləməsin ki, VII yüzilliyə aid olan bu məsələni həll etmək üçün bizə mədəni olduğu qəbul etdirilməsi istənilən Qərb hüquq qaynaqlarından istifadə edəcəyik. Ümumiyyətlə, təməli Roma hüququna əsaslanan Qərb hüquqlarının belə iki yüz ildən artıq keçmişi yoxdur, çünki Qərb hər kralın özünə xas qanunları ilə idarə olunurdu. Və bu qanunların hamısı bəşəridir və insan istəyinə bağlıdır. İslam dini isə ilahi qanunlara bağlı idi və bu ilahi qanunlara zidd olan bir qanunu Peyğəmbər belə qoya bilməzdi.

Bax, bu ilahi qanuna görə qoyulan qulluq vəziyyəti insanları hər cəhətdən əhatə edir. Başqa sözlə desək, islami qanuna təslim olan şəxs eyni zamanda dünyəvi bir etibara sahib olmur. İslam dini insanları həm maddi, həm də mənəvi cəhətdən əhatəyə aldığına görə müsəlman insan “bu məsələdə İslam hüququna, başqa məsələlərdə isə Roma hüququ və Qərb mədəni(!) hüququna tabeyəm”, – deyə bilməz. Əlbəttə, biz bunu deyərkən bu gün bəzi Qərb meyilli alimlərin bir cəza və diktat üsulu ilə İslamı Qərbə uyğunlaşdırmaq üçün etdikləri cəhdləri nəzərə almırıq.

HƏZRƏT MÜHƏMMƏD PEYĞƏMBƏR SEÇİLİR

Bu qısa girişdən sonra indi də mövzumuzu Həzrət Mühəmmədin apardığı mübarizəni şərh etməklə başlayaq.

İslam tarixçiləri ümumi olaraq “Sirə” (“Peyğəmbərin tarixi və həyat tərzi”) dediyimiz bu nümunəvi mübarizəni iki dövrə ayıraraq izah edirlər:

1. Məkkə dövrü

2. Mədinə dövrü

Hər iki dövrdə baş verən hadisələrin hamısı üzərində dayanmaq, şübhəsiz, mümkün deyil. Ona görə də biz daha çox bir tərbiyə və inkişaf dövrü hesab edilən Məkkə dövrü haqqında çox danışmadan İslamın bir dövlət şəxsiyyətinə büründüyü Mədinə dövrü haqqında söhbət açacağıq. Əgər Həzrət Mühəmmədin İslam yolunda apardığı mübarizə formasını araşdırsaq, qənaətimizə görə mövzuya bir aydınlıq gələcək və onun adi bir qəbilə başçısı yox, nümunəvi bir dövlət başçısı olduğu fikri ortaya çıxacaqdır.

MƏKKƏ DÖVRÜ HAQQINDA QISA MƏLUMAT

Hz. Peyğəmbər (s) İslamı təbliğ etməyə başlayarkən əvvəlcə bu işə əhəmiyyət verməyən Məkkə Dövləti onun qarşısında öz mövqeyini nümayiş etdirməyə başladı. Bununla bərabər Hz. Mühəmmədə qarşı faktiki təcavüzə keçməmişdən əvvəl dövləti təmsil edən nümayəndə heyətini onun yanına göndərərək təbliğatdan əl çəkməsini təklif etməyi məsləhət bildilər. Həmin təklifi əmisi Əbutalibə bu şəkildə çatdırdılar: “Ey Əbutalib! Sənin qardaşın oğlu ilahlarımızı, bütlərimizi inkar etdi, dinimizi və atalarımızı təhqir etdi, atalarımızın sapqın yolda olduqlarını söylədi. Ya onu bu işdən çəkindirməlisən, ya da bizimlə onu baş-başa buraxmalısan, çünki sən də bizim kimi ona inanmırsan”.

Məkkə dövlətinin səlahiyyətli şəxslərinin dediklərinə nəzər salsaq, həqiqətdə vəziyyətin heç də onların dedikləri kimi olmadığını görərik, çünki Hz. Mühəmməd heç kimə pis söz demirdi. O yalnız bütləşdirilmiş, ilahlaşdırılmış bəzi qurumların, ya da şəxslərin Allaha şərik qoşulmamasını, ibadət ediləcək tək məqamın Allah olduğu etiqadını öz yerində yerləşdirmək istəyirdi.

Təmas edilməsi lazım olan başqa bir xüsus da budur:

Məkkə cəmiyyətində İslam dini ilə bərabər bir çox müxtəlif din və etiqad sistemi olmasına baxmayaraq – elə bu gün də olduğu kimi – dövlət yalnız İslamla və onun tətbiqçisi  Hz. Mühəmmədlə məşğul olurdu. Bunun mənası budur ki, Məkkə Dövləti özü üçün, yəni rejimi üçün yalnız İslamı təhlükəli görürdü. Necə ki rejimləri təhlükəyə düşmüş olan bütün dövlətlərin, xüsusilə bəzi qrupların müsəlmanların üstünə düşüb, onları söndürmək istəmələrinin təməlində də bu dayanır.

HİCRƏT VƏ İSLAM DÖVLƏTİNİN QURULMASI

Həzrət Peyğəmbərin Məkkədəki mübarizəsi on üç il davam etməsinə baxmayaraq, İslamı qəbul edən məkkəlilərin (bunlara xarici kölələr də daxildir) sayı mini keçmədi, çünki Məkkə Dövləti qəddar və eyni zamanda heç bir güzəştə yol verməyən bir dövlət idi. İslam dininin təbliğ edilməsinə hər vasitə ilə mane olurdu. Halbuki müsəlmanlar faktiki heç bir fəaliyyət göstərmirdilər. Buna baxmayaraq, Məkkə Dövlətində baş verən terrorların sayı günü-gündən artırdı və müsəlmanlara qarşı işgəncələr daha ağır olmuşdu.

Məkkə Dövlətinin yalnız müsəlmanlara qarşı etdiyi bu dəhşətli təcavüzünün bir izahı vardır: Müsəlmanlar bir gücə, yəni bir dövlətə sahib ola bilməsinlər!…

Buna görə də Məkkədə islami təbliğ mümkün olmadığına görə hicrət etməyə məcbur qalan Peyğəmbər (ə) bunu bildiyinə görə Mədinəyə çatar-çatmaz ilk növbədə dövlət qurdu.

İndi də mövzunu daha yaxşı izah edə bilmək üçün bir az dövlət və onun idarəçiliyi üzərində dayanaq:

Forması nə olursa-olsun, dövlətin funksiyası insanları idarə etməkdən ibarətdir. Tarix boyunca ümumi olaraq insanlar üç şəkildə idarə olunmuşlar:

1. İlahi qanunlarla.

2. Bəşəri, yəni xüsusilə insanların ortaya çıxardıqları qanunlarla.

3. Əslində hal-hazırda olduğu kimi təhrif edilmiş ilahi qanunların bəşəri qanunlarla qarışmış, qarmaqarışıq idarə sistemləri ilə.

Dövlət haqqında danışmağa başlar-başlamaz dərhal qanunlar haqqında söhbət açmağımızın səbəbi dövlətlə qanunun eyni olmasıdır. Başqa sözlə desək, dövlət deyildikdə ilk yada düşən qanunlardır.

Məsələni izah edərkən biz ikinci sistemdən başlamaq istəyirik, yəni cəmiyyəti bəşəri qanunlarla idarə edən dövlət formasından:

Kökü materializmə dayanan, istər kapitalist, istər sosialist, istərsə də faşist olsun, bu sistemlərdə qanunverici qaynaq insandır.

İnsanları idarə etmək üçün qanunvericilik səlahiyyətini əlində saxlayan bu mexanizm bəzən Firon və Nəmrud kimi tək insan, bəzən Roma Senatorluğu kimi bir qrup, kommunist rejimlərdə gördüyümüz tək partiya və Siyasi Büro və nəhayət, aldadıcı demokratiyalardakı (çünki əsl demokratiya heç bir zaman tətbiq oluna bilməmişdir) partiyaların meydana gətirdikləri Milli Məclis üzvləri insanlar şəklində təzahür edir ki, bunlara bəşəri sistemlər deyirik.

Totalitar rejimlər şəklində də tərif etdiyimiz Firon, Nəmrud, Qeysər və Şah sistemlərində tək qanunverici insan krallıq taxtında oturan şəxs sayılır. Dövlət onundur, dövlətinin qanunlarını da o qoyur və o icra etdirir. Kralın yanında olub birinci sinif kölə (əlbəttə ki, bunların rəsmi adları kölə deyil) statusunda işləyənlər bütün hərəkətlərini kralın əmrləri istiqamətində nizamlayırlar.

Birinci sinif kölə dediyimiz bu insanlar dövlətin, yəni kralın məmurlarıdırlar. (Məmur sözü ümumilikdə ölkəmizdə sanki “çox imtiyazlara malik bir təbəqədir” – fikrini yaradır. Halbuki məmur dediyimiz şəxs ona əmr edilən işi “etirazsız yerinə yetirən” deməkdir). Bunlar alt təbəqədəki ikinci sinif kölə vəziyyətində olan və cəmiyyətin əksəriyyətini təşkil edən xalqı kral adına idarə edir və onların ən sadiq kölələr olmasına çalışırlar.

Hər iki kölə sinfinin də düşünməyə və düşündüklərini açıq şəkildə deməyə heç bir haqqı yoxdur. Halbuki məmur dediyimiz birinci sinif kölələr kralın əmri üzərində düşünə bilərlər, hətta düşünməyə məcburdurlar.

Məsələn, Firon məmurlarından birinə: “Mənim üçün ən çətin və ən mürəkkəb olan bir abidə-məzar (movzaley) tik”, – deyə əmr etsə, məmuru, yəni onun qulu olan memar öldürülməmək üçün, yaxud ən azından ikinci sinif kölə vəziyyətinə düşməməkdən ötrü illərlə vaxt sərf edər və bir abidə-məzar olan piramidaları ortaya çıxarar. …

Belə sistemlərdə hər şey dövlət üçündür, dövlət də başında dayanan şəxsin mənafeyi üçün vardır.

Firon və onun kimi olanların dövləti də məzarı kimi piramida şəklindədir.

Ən başda bütün səlahiyyətləri özündə toplayan Firon onun altında da təmələ doğru genişlənən kölə sinifləri, yaxud kölə təbəqələri yer alır. Başda dayanan nə deyərsə, o olduğuna görə, ondan alt təbəqədə olanların yeganə cəhdi də köləlikdə bir üst təbəqəyə çatmaq üçün köləliyi ən mükəmməl bir şəkildə yerinə yetirmək olacaqdır. Buna görə də həmişə narahatdırlar, elə hey çırpınırlar. Əlbəttə ki, piramida ən başda oturan Tağuta doğru daraldığına görə, yəni üst köləlik məqamlarının kadrları azaldığına görə yuxarı doğru çıxdıqca kölə sinifləri arasında, ələlxüsus bir sinfə üzv kölələr arasında bitib-tükənməyən amansız bir mübarizə davam edir. Və bu mübarizədə üzv kölələr bir-birini yedikdə, ən başda dayanan Tağut kef içərisində istismar rejimini davam etdirir.

Modern demokratik dövlətlər də daxil olmaqla əslində bütün bəşəri sistemlərdə idarə mexanizmi həmin piramida ilə işləyir. Krallıqlarda dövlət piramidasının ən üst təbəqəsi kral, kommunizmdə siyasi-büro, kapitalist rejimlərdə partiya və partiya sədri, nasizmdə, yəni faşist sistemlərdə isə diktatordur.

Piramidanin alt təbəqələrinin hamısı başda dayanan Tağut üçün çalışır və onun üçün vardırlar. Tağut istismar etdiyi insanların məsələyə bu şəkildə baxıb həqiqətləri görməmələri üçün “Dövlət” deyilən bir tabu uydurur və bu dövləti öz şəxsi ilə eyniləşdirir. Beləcə dövlət və əlbəttə, onun başçısı piramidanı meydana gətirən xalq üçün hər şeydir. Və o şərtlərlə yaşayan xalq elə hey qışqırır: Yaşasın Kral! Yaşasın dövlət! Dövlət düşmənlərinə ölüm!

Tarixi seyr içində elm və texnologiya inkişaf etdikcə piramidanın elementləri daha da möhkəmlənir. Başın rəsmi ideologiya halına gətirdiyi bəzi qavramlar (anlayışlar) tabulaşdırıldığına görə tənqid edilməsi belə qeyri-mümkün vəziyyət alır.

Başda dayanıb özünü ilahlaşdıran kral partiya, yaxud da diktator özünü və rejimini qoruyan qanunlar qəbul edərək toxunulmazlıq, tənqidsizlik kimi prinsiplər meydana gətirir və bunları sual verilməz və dəyişdirilmələri təklif belə verilə bilməz bir vəziyyətə salaraq piramidanın alt təbəqələrini özünə bağlayır, onlara dəyərsiz yanaşır və şəxsiyyətlərini əlindən alaraq onları asılı insan vəziyyətinə salır. Bu vəziyyətə düşmüş olan bir insan(!)dan da artıq insanlıq adına heç bir şey gözləmək olmaz. O, yəni insan haqsızlıqlara qarşı üsyan edən ülvi qayəsindən, əşrəfi-məxluqat (yaradılmışların ən şərəflisi) olan şərəfli sifətindən uzaqlaşdırılmış, əhsəni-təqvim (ən gözəl biçimdə yaradılmış) məqamından ayrılaraq itmiş, sanki axtalanmış və yalnız Xaliqə qul olmaq lazım olduğu bir halda başqalarına qul olmuşdur. Artıq o yalnız ona verilən əmri necə yerinə yetirəcəyi barədə düşünür. İnsanı bu şəkildə şəxsiyyətindən uzaqlaşdıran Firon və ona qul olanları Quran belə dilə gətirir: “Beləliklə, (Firon) öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. …”[1]

Bu piramidavari dövlət quruluşu Başdan o qədər asılıdır ki, kölə vəziyyətinə salınmış piramida üzvləri qımıldanmağa belə qorxarlar, çünki onlara görə Baş müqəddəsdir və ona qarşı olan hər bir hərəkət yolverilməzdir, yaxud da böyük günahdır.

Bəşəri idarə sistemləri barədə bu şəkildə qısaca da olsa, məlumat aldıqdan sonra indi də qanunvericilik gücünü ilahi qaynaqdan alan dövlət formasına nəzər salaq:

İlahi qanunlara dayanan idarəçilərin təsiri, yəni qanunvericilik səlahiyyəti vəhyə, yəni Allahın peyğəmbərləri vasitəsilə göndərdiyi kitablara, sühufa dayanır. Bu cür dövlətlərdə dövlət başçısı olan Peyğəmbər dövləti mələk Cəbrayıl vasitəsilə Allahdan aldığı qanunlarla idarə edir.

Bununla birlikdə dövlət başçısı olan peyğəmbərlərin ilahi vəhylə zidd olmayacaq şəkildə ictihad edib qanun qoyma səlahiyyətləri vardır. Lakin peyğəmbərlərin bəşəri sistemlərdə olduğu kimi nəfsani istəklərinə tabe olaraq qanunlar qoymaları və insanları istismar etmələri barəsində söhbət belə gedə bilməz. Ümumiyyətlə, onların tətbiq etdikləri hər şey vəhy ilə uyğunluq içərisində olmağa məcburdur, yəni əsas olan ilahi qanunlardır.

Bu ilahi qanunları tətbiq etməklə vəzifələndirilmiş Peyğəmbər, yəni dövlət başçısı heç bir şəkildə Allahın verdiyi vəzifələri aşıb ancaq öz mənfəəti üçün insanların üzərinə vəzifələr qoya bilməz və bu istiqamətdə qanunlar çıxara bilməz. Qalmışdı ki, hələ bəşəri sistemlərdə olduğu kimi insanları özünə qul olmağa dəvət etsin! Allah Öz nizamını tətbiq edən Peyğəmbərə belə xəbərdarlıq edir: “Heç bir bəşər övladının Allah ona kitab, hökm və peyğəmbərlik verdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” – deməsi düşünülə bilməz. …”[2] Mütləq iqtidar və ixtiyar sahibi Allah Öz əmrlərini insanlara çatdırmaq və onları tətbiq etmək üçün peyğəmbərlər göndərir və onlara bu vəzifəni icra edərkən heç bir güzəşt etmədən yerinə yetirməyi əmr edir.

Həzrət Mühəmməd də bu sistemi idarə etməklə vəzifələndirilmiş son Peyğəmbər olduğu üçün onun ilham aldığı uca qaynaq da tam və mükəmməl olmalı idi ki, bu da Quran-kərimdir.

(ardı var)

“MİLLİ GÖRÜŞ” jurnalı, 2-ci buraxılış, səh. 16


[1] “Zuxruf”, 54

[2] “Ali-İmran”, 79

Bir şərh yazın