
DÖVLƏTİN KONSTİTUSİYASI YARADILIR
Siyasi baxımdan Məkkədən tamamilə fərqlənən Mədinədə bir dövlət, yəni Məkkədəkinə oxşayan bir idarə sistemi yox idi. Ous və Xəzrəc adlı iki böyük ərəb qəbiləsi şəhərin hakimləri səlahiyyətinə malik idi. Əhalinin təqribən yarısını təşkil edən yəhudilər isə bu iki ərəb qəbiləsindən asılı vəziyyətdə idilər (məvali idilər). Bəni-Qəynuqa, Bəni-Nəzir və Bəni-Qüreyzə adında bu üç böyük yəhudi qəbiləsinin heç bir siyasi təsiri olmadığı kimi bir neçə ailədən ibarət olan xristianların da artıq heç bir funksiyası yox idi.
Həzrət Mühəmməd Mədinəyə hicrət etdikdə şəhərin dini və etnik vəziyyəti belə bir mənzərəyə sahib idi: Əhalisinin sayı 10 min nəfərdən ibarət olan şəhərin 10%-ni müsəlmanlar təşkil edirdi. Ümumiyyətlə, müsəlmanların say baxımdan bir üstünlükləri olmadığına görə Mədinədəki qruplar müsəlmanlara qarşı ortaq bir mövqe tutsaydılar, eynilə Məkkədəkinə bənzər düşmənçiliklə qarşılaşa bilərdilər. Vaxtı ilə Abdullah ibn Übeyy adında bir mədinəli də belə bir təşəbbüs göstərmiş və Mədinənin kralı olmaq istəmişdir.
Ona görə də Həzrət Peyğəmbər hər şeydən əvvəl islami təbliği asanlaşdıracaq və müsəlmanların təhlükəsizliyini təmin edə biləcək bir dövlətin yaranmasına ehtiyac hiss etdi, çünki Məkkəni tərk etmələrinə baxmayaraq, təhlükə hələ tamamilə aradan qalxmamışdı və Məkkə Dövləti hər an müsəlmanlara qarşı təcavüz edə bilərdi. Rəsulullah buna görə tələsdi və əsl qayəsini heç kimə açıqlamadan Mədinədəki ərəb və yəhudi qəbilə rəislərini bir evə toplayaraq onların qarşısına müştərək müdafiə təklifi ilə çıxdı.
Dövlət quruluşu haqqında heç bir bilgiyə sahib olmadıqları kimi işin əhəmiyyətini də çox başa düşə bilməyən yəhudilər və digər qruplar Hz. Mühəmmədin təklifini qəbul etdilər. Lakin o, bu mövzuya səhlənkar yanaşmağın böyük fəsadlarla nəticələnəcəyini bildiyinə görə qruplararası bu sözlü müqaviləni yazdırdı ki, qaynaqlarımızda bu, “kitab” (yazılı müqavilə) olaraq qeyd edilir[1].
Qərb şərqşünaslarının fikrincə, (məsələn, Vellhauzen) 47 maddədən ibarət olan bu yazı Həmidullah Xocanın təsnifatına görə 52 maddədən ibarətdir. 1-25-ci maddələrarası olan Birinci Bölüm müsəlmanlara, yerdə qalan 27 maddə isə yəhudilərə aiddir.
Mövzumuz məhdud olduğu üçün insanlıq tarixinin bu ilk yazılı konstitusiyasını bütün təfsilatı ilə şərh edə bilmirik. Lakin bir-iki məsələ üzərində dayanmalıyıq:
1. Eyni dövləti meydana gətirən müxtəlif cəmiyyətlərin müştərək xarici müdafiəsi, yəni etnik və dini mənsubiyyəti nə olursa-olsun, Mədinə Dövlətinə xaricdən ediləcək hər cür təcavüzə qarşı bütün qruplar bərabər müdafiəyə çıxacaqlar.
2. Hər cəmiyyətin dini, hüquqi və mədəni müstəqilliyi olacaq, heç kim başqasının dininə, ibadətinə, bir sözlə, daxili işlərinə qarışmayacaq.
3. Həzrət Mühəmmədin bu konstitusiyaya görə dövlət başçısı və bu cəmiyyətlərarası qarşıdurmalarda həkəm olmasını bütün qruplar qəbul edəcək. Qrupların qəbul etdikləri qanuna görə onun verəcəyi qərara heç kim etiraz etməyəcək.
4. Konstitusiyanin mətninin dövlət başçısı olan Həzrət Mühəmməd tərəfindən hazırlanmasını bütün qruplar qəbul edəcək.
5. Bu müxtəlif insan qruplarının idarə edilməsi üçün hazırlanan konstitusiya ilahi Qanuna, yəni Qurana zidd olmayacaq.
Tətbiqi olduqca asan, dini və etnik qrupların hər cür azadlıqlarını özündə əks etdirən bu model konstitusiyanı Mədinədəki bütün cəmiyyətlər sevə-sevə qəbul etdilər.
İlahi vəhydən qaynaqlandığı üçün xətasızlığı bir tərəfə qalsın, sistem və rejimlərin bir-biri ilə münaqişə şəraitində yaşadığı mövcud bəşəri sistemlərin hamıya bərabər haqq-hüquq verə bilmədiyi bu vəziyyətdə yalnız müsəlmanların deyil, bütün dünya insanlarının üzərində düşünmələri zəruri olan bu model konstitusiya işlənə bilməsi və insan fitrətinə uyğunluğu baxımından təcrübəsi düşünülə bilən tək model kimi görünür.
Müasir insanlarda tək nümunəvi dövlət rejimi olaraq qəbul etdirilmək istənilən və tarixdə heç bir zaman təcrübə yaşamamış demokratiyanın artıq insanları qane edə bimədiyi, xalq idarəçiliyi deyə tərif verilən bu rejimin də praktikada bəzi siniflərin yaranmasına, idarəçiliyin bu siniflərdən hər hansı birinin əlinə keçməsi nəticəsində də hüquqlarına, dinlərinə, mədəniyyətlərinə, adət-ənənələrinə zidd olsa da, iqtidardakı qrup xaric, qalan bütün qrupları dörd il gözləməlidirlər ki, hər yönü ilə özlərinə yad olan iqtidarı dəyişdirə bilsinlər. İqtidarın bütün siyasi hiylələrdən istifadə edərək və xalqı süni vədlərlə aldadaraq bir daha səslərin 51%-ni qazanması istisnadır! Başqa sözlə desək, demokratiya 51%-in 49% üzərində təhəkkümüdür (yəni hakim olmasıdır). Bu 49%-in nə qanunvericilik, nə də icra mövzusunda heç bir söz haqqı yoxdur. Bu baxımdan demokratiya paradokslarla doludur və ya ən azından iki standartlıdır. Demokratiyaya Qərb patronluq (xocalıq deməmək üçün) etdiyi üçün tətbiqatda ideal (!) demokratiyadan çox Qərbin mənfəətlərini təmin edən bir demokratiya görünür. Yəni Qərb ələlxüsus müsəlmanlara demokratiya təbliğ edərkən insan haqları, yaxud da bütün insanların bərabərliyi kimi bir qayğı ilə hərəkət etmir. Ona görə də “Qərb dəyərlərini rədd edən bir islami-siyasi hərəkat demokratik qaydalar içərisində iqtidara gəlməyi”[2] istəsə, onun bu fəaliyyətinə icazə verilməz. Eyni ilə 1991-ci ilin iyununda Əlcəzairdə baş verən hadisələrin göstərdiyi kimi Qərbin mənfəətini təmin edən hökumət demokratik fikirli olmasına baxmayaraq, bu hərəkata icazə verməyib seçkini ləğv etdi və demokratik yolla iqtidara gəlmək istəyən müsəlmanları küçələrdə güllə yağışına tutdu. “Bu hadisədə Qərbin izlədiyi, demokratiyanın bütün qurum və quruluşları ilə yerləşməsi deyil, öz dəyərlərinin tətbiq edilməsidir. Əgər həmin dəyərləri diktator rejimlər qoruya bilirsə, bu vəziyyətdə bu rejimlərə göz yumula bilər”[3]. Buna görə də Qərb öz dəyərlərinə zidd olan (bu yalnız islami bir idarəçiliklə mümkündür) demokratik bir rejimdənsə, öz dəyərlərini qoruyan, hətta lazım gələrsə, bu dəyər(!)ləri qorumaq üçün çəkinmədən müsəlman qanı tökən zülmkar rejimlərə üstünlük verməkdədir ki, Orta Şərq bunun ən gözəl nümunəsidir.
Elə bu səbəblərə görə də Həzrət Mühəmmədin hazırladığı Konstitusiya və təcrübəsi üzərində daha çox dayanaraq ona həssaslıqla yanaşırıq. O, Dövlətin mərkəzi olaraq seçdiyi camidə Allahdan aldığı vəhyin işığında insanları tərbiyə edir, ordularını nizama salır və insanlara insanlıq öyrədəcək, ədaləti tətbiq edəcək şəxslər yetişdirirdi. Onun dövlət parolu və beynəlxalq siyasətinin təməli bu idi: “Heç kimə zülm etməyin, sizə zülm edilməsinə də əsla imkan verməyin!”
Bu böyük qanun sözdə qalmamış, nümunəvi dövlət başçısı olan Peyğəmbər tərəfindən tətbiq də edilmişdir.
İTAƏT
Qeyri-müsəlman statusunda olan vətəndaşlar ümumi hökmlərdə və yuxarıda qeyd edildiyi kimi cəmiyyətlərarası qarşıdurmalarda dövlət başçısı olan Həzrət Mühəmmədə itaət etməklə mükəlləfdirlər. Müsəlmanlar isə hər mövzuda ona itaət etməklə mükəlləfdirlər.
Dövlət idarələrində dövlətə aid işləri nizamlı şəkildə qaydaya salmaq, müəyyən sistemlə inkişaf etdirmək, hər sahədə geriləmənin qarşısını almaq üçün ən önəmli ünsürlərdən biri də itaətdir. İtaətin olmadığı dövlətlərə anarxiya və nizamsızlıq hakimdir. Buna görə də Həzrət Mühəmməd bu mövzuya diqqətlə yanaşmış, onun üzərində həssaslıqla dayanmış və əshabə də lazımi itaəti göstərmişdir. Məhz İslam Dövləti də bu şəkildə formalaşmış və bu şəkildə ayaq üstə dayana bilmişdir. İslam Dövlətində dövlət başçısına itaətin aradan getməsilə də xilafət səltənətlə əvəz olundu.
Bir hakimiyyətə itaət etməklə mükəlləf olmaq, yəni itaəti qanunlarla məcburi hala gətirmək yalnız dövlətlərdə mümkündür. Əlbəttə, bunu deyərkən bəzi müvəqqəti təşkilatlanmalardakı itaət məcburiyyətini nəzərdə tutmuruq.
İstər ilahi olsun, istərsə də bəşəri olsun bütün dövlətlərdə iqtidara itaət məcburiyyəti vardır. Başqa sözlə desək, itaətin varlığı elə dövlətin varlığıdır. Heç bir kəsin itaətini təmin etməmiş bir hakimiyyətin dövlət olma faktı müzakirə olunan nəzəriyyədən başqa bir şey deyildir.
Quran-kərimdə itaətlə əlaqədar bir çox ayə vardır. Bu kəramətli ayələrdə Allah insanlardan Öz dövlətinə itaət etməyi istəyir. Özünə olunan itaətin yalnız göndərdiyi son Peyğəmbəri Həzrət Mühəmmədə itaətlə ola biləcəyini əmr edir Quranda. … Hətta Allahın insanları sevməsini belə Özünün son Peyğəmbərinə, yəni Onun yer üzündəki dövlətini təmsil edən Rəsulullaha (ə) qeydsiz-şərtsiz təslim olmaqda görür Rəbbimiz: “De: “Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Ğəfurdur (Bağışlayandır), Rəhimdir (Rəhimlidir)!”[4]
Rəsulullaha itaət etməyənlərin də kafirlər olduğunu sonrakı kəramətli ayədə Cənabı-Haqq bu şəkildə ortaya qoyur: “De: “Allaha və Rəsula itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!”[5]
Həmçinin itaətlə əlaqədar olan bu kəramətli ayə tamamilə siyasətlə və dövlət idarəçiliyi ilə əlaqədardır: “Ey iman gətirənlər! Allaha, Rəsula və özünüzdən olan əmr sahiblərinə itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə (qiyamət gününə) iman gətirmişsinizsə, onu Allaha və Rəsula ərz edin (yəni mübahisəni onların təlimatına görə həll edin). Bu, daha xeyirli və təvil baxımından (yəni nəticə etibarilə) daha yaxşıdır”[6].
Kəramətli ayədəki itaət silsiləsi müsəlman insanın siyasət qanunudur. Bəzilərinin çıxıb bu qanunu qüvvədən salmasına baxmayaraq, əslində bu qanun dəyişdirilməsi mümkün olmayan qanundur.
Diqqət edilərsə, kəramətli ayə möminlərə müraciət edir, yəni kəramətli ayə müsəlmanlar üçün vacib bir vəzifə müəyyənləşdirir. Elə bu baxımdan da müsəlman kimi yaşamağın şərtini ortaya qoyur. Nəticə etibarilə də müsəlmanların siyasətləri, dövlətləri və əlbəttə ki, dövlət başçıları bu dəyişməz qanunla müqəyyəd olub (istisna olunub) müsəlman kimi yaşanacaqsa, bu qanunun dairəsindən kənara çıxıla bilməz!
Kəramətli ayənin ilk müxatəbi və onu müsəlmanlar üzərində ilk tətbiq edən şəxs də dövlət başçısı olan Həzrət Peyğəmbərdir.
Dövlət başçısı olan Həzrət Peyğəmbər bütün tətbiqatlarında Allahın qoyduğu Qanuna tabe olmağa məcbur olduğu kimi müsəlman dövlət başçıları da Həzrət Peyğəmbərin tətbiqatına, yəni Allahın Qanununa tabe olmağa məcburdurlar. Ona görə də Peyğəmbərə (ə) tabe olmamaq Quran tərəfindən küfr olaraq tövsif edilmiş[7], həmin xətaya yol verib həmin küfrə düşməmək üçün müsəlmanlara Allah tərəfindən bu şəkildə xəbərdarlıq edilmişdir: “Ey iman gətirənlər! Allaha itaət edin, Rəsula itaət edin və əməllərinizi puça çıxarmayın! Kafir olanları, (insanları) Allah yolundan döndərənləri, sonra kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!”[8] Buxaridə “Kitabul-əhkam”ın ilk fəslindəki bir hədisi-şərifdə Rəsulullah belə buyurur: “Kim mənə itaət edərsə, o, Allaha itaət etmiş olar. Və kim mənə üsyan edərsə, o, Allaha üsyan etmiş olar. Kim mənim təyin etdiyim sərkərdəyə itaət edərsə, o, mənə itaət etmiş olar. Və kim mənim təyin etdiyim sərkərdəyə üsyan edərsə, o, mənə üsyan etmiş olar”.
Rəsulullahın bu hədisini diqqətlə nəzərdən keçirsək, görərik ki, itaət və üsyan kəlmələri tamamilə siyasi mahiyyət daşıyır. Necə ki hədisin mətnindəki əmir (sərkərdə) kəlməsi də tam siyasi bir kəlmədir. Dövlət başçısı olan Rəsulullah özünün təyin etdiyi sərkərdələrə itaət edilməsini istəyir. Həzrət Peyğəmbəri mücərrəd bir din xadimi olaraq görmək istəyənlər, bir müftinin, bir keşişin, ya da rahibin əmrində sərkərdələrin olmadığını çox yaxşı bilirlər. Məgər ki, bunlar din xadimi olmaqla yanaşı dövlət başçısı da olsunlar.
Ümumiyyətlə, insanlığın xilası üçün Allahdan vəhy alan Həzrət Mühəmməd bu vəhyi insanlara çatdıra bilmək üçün başçısı olduğu dövlətdən vasitə olaraq istifadə edirdi.
DÖYÜŞ VAQİƏSİ
Həzrət Mühəmməd (ə) dövlət başçısı olduğuna görə onun həm İslamı təbliğ etmək üçün, həm də İslam Dövləti ilə düşmənçilik edənlərlə zaman-zaman döyüşməsi çox təbiidir, çünki hər bir dövlətin belə döyüşlərə məruz qalmağı labüddür.
Dövlət başçısı olan Həzrət Mühəmməd də Bədr döyüşündə olduğu kimi gözlənilməz hadisələr qarşısında qalaraq, bəzən də Xeybər və Təbuk döyüşlərində olduğu kimi İslamı təbliğ etmək üçün döyüşmüşdür. Bu döyüşlər nəticəsində düşmənlər ya məğlub olmuş, ya da Hüdeybiyyə və Fədəkdə olduğu kimi müqavilələr bağlayaraq sülhə nail olunmuşdur.
Həzrət Mühəmmədin dövlətinin qayəsi İslamı təbliğ etmək və hakimiyyətin bütünlüklə Allaha aid olmasına qədər mübarizə aparmaq[9] olduğuna görə, o yalnız döyüşmür, eyni zamanda qonşu dövlət başçılarına məktublar göndərərək onları İslama dəvət edirdi. Bəzi dövlət başçıları Həzrət Mühəmmədin elçilərini çox gözəl qarşılamalarına baxmayaraq, bəziləri də onlarla çox pis davranırdılar. Hətta bu diplomatik yazışmalar nəticəsində Yəmən kralı Bazan ilə Həbəşistan kralı Nəcaşi müsəlmanlığı qəbul etmişdilər. Bütün bu tarixi hadisələr ən mötəbər qaynaqlarda qeyd edildiyi bir halda, bəzi çağdaş müfəssirlərin sırf modernlik olsun deyə bunları inkar etməsi[10] çox düşündürücüdür və təəssüf hissi yaradan bir hadisədir.
Bu mövzunun dünyadakı ən səlahiyyətli mütəxəssisi olan Prof. Mühəmməd Həmidullah tamamilə elmi məlumatlara əsaslanaraq Həzrət Peyğəmbərin bu məktublarının yazıldığını sübut etdiyi bir halda[11] ancaq kiməsə yaltaqlanmaq üçün belə mənasız sözlər danışmaq nə elmə, nə də elm adamına yaraşır!
Bu məktubların yazılmadığını iddia edən müasir araşdırıcı görün hansı arqumentlə, faktla çıxış edir: “Əgər Peyğəmbərimiz İran, Bizans imperatorluğuna, Misir valisinə məktub yazmışdırsa, bunları hansı dildə yazmışdı? Ərəbcə. Yaxşı, İran, yaxud Bizans İmperatoruna, Misir valisinə ərəbcə məktub yazmağın faydası nədir? Axı onlar ərəbcə bilmirdilər”[12].
Bu necə elmi düşüncədir? Ən kiçik yaşlı bir ibtidai sinif şagirdi belə bilir ki, hər dövlət beynəlxalq yazışmalarda öz dilindən istifadə edir.
Bütün İslam tarixçiləri bilirlər ki, Həzrət Mühəmmədin xanımlarından birinin adı Mariyə idi və Misirdən gəlmişdi. Mariyə anamızın Misirdən gəlişinin səbəbini modern görünmək üçün qanuni və qeyri-qanuni hər bir çarəyə baş vuran araşdırıcı bunu necə görməyə bilər? Hamı bilir ki, Misirdə İskəndəriyyə kralı olan Müqəvqisə Həzrət Mühəmməd bir dövlət məktubu göndərmiş, o da İslam dövlətinin elçisinə böyük iltifat göstərərək Həzrət Mühəmmədə iki cariyə göndərmişdir ki, bunlardan biri Rəsulullahın evləndiyi Mariyədir.
Müasir araşdırıcının dəlillərindən (!) biri də budur: onun fikrincə, Bizans kimi bir super dövlətə Həzrət Mühəmməd təhdidedici bir məktub yaza bilməzdi![13]
“Meydan Laroisse”yə[14]qaynaq kimi əsaslanan bu müfəssir (!) Həzrət Mühəmmədin Muxtar[15]olduğunu, Allahdan başqa heç kimdən qorxmadığını bilmir məgər? Baxmayaraq ki, bu, bir etiqadi məsələdir.
Miladi 7-ci yüzillikdə dünyanı istismar edən İran və Bizansla mübarizəsi yoxdursa, Buxaridə yazılan bir hədisi-şərifində[16] Həzrət nə üçün belə desin: “Kəsra yıxılarsa, ondan sonra Kəsra (İran İmperatorluğu), Qeysər (Bizans və Roma Krallığı) yıxılarsa, ondan sonra Qeysər olmayacaqdır. Mühəmmədin canı əlində olan Allaha and içirəm ki, siz onların xəzinələrini Allah yolunda xərcləyəcəksiniz!” Əgər modernistlər hədisə də inanmırlarsa, daha heç bir söz deyə bilmərik. Biz onlara yalnız bu kəramətli ayəni xatırlada bilərik. “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət və Haqqın dini ilə göndərən Odur!”[17]
NƏTİCƏ
Başa salmağa çalışdığımız bütün bu fikirlər Həzrət Mühəmmədin qurduğu İslam Dövlətinin həqiqətini və onun da Peyğəmbər olmaqla yanaşı həm dövlət başçısı, həm də ordu sərkərdəsi olduğunu göstərmək üçündür. O, Allahdan aldığı vəhylə insanları tərbiyə edən həqiqi bir lider, onları qurtuluşla müjdələyən misilsiz bir Xilaskardır. Mikro planda bütün müsəlmanlara, makro planda isə bütün insanlara çağırışımız budur ki, bu nümunəvi rəhbərin, bu misilsiz dövlət başçısının və nəhayət, Allahın bu son Elçisinin xəbərdarlıqlarına qulaq asaq ki, həm biz, həm də insanlıq xilas olsun!
Müsəlmanlar bunu yaxşı bilməlidirlər ki, onların Həzrət Mühəmmədi nümunə götürən dövlətləri olmadıqca, onlar yerli və xarici istismarçıların zülmü altında əziləcək, bütün güzəştlərə baxmayaraq, xəyal etdikləri islami həyata qovuşa bilməyəcəklər. Başqalarının sizə vəd verdiyi dünya nemətlərinin sizi Allahdan nə qədər uzaqlaşdırdığını başa düşə bilirsinizmi? Əmr sahiblərinizin, Kitab və Sünnəyə görə yox, öz mənfəətlərinə xidmət edəcək bir din təbliğ etdiklərini heç görmürsünüzmü?
Ey ömrü sona yaxınlaşmış olan dünyanın əzilmiş insanları! Nümunəvi insanın nümunəvi çağırışına doğru gəlin! Divarları: “Heç kimə zülm etməyin, sizə zülm edilməsinə də əsla imkan verməyin!”, “Öldürmək istədiyiniz quduz bir it də olsa, ona işgəncə verməyin!”, “Allahı qəzəbləndirib yaltaqlıq edərək bəzi idarəçiləri sevindirənlər bizdən deyildir!” və “Qonşusu ac olduğu halda süfrəyə oturanlar bizdən deyildir!” – qanunları ilə bəzənmiş Milli Məclisinizi qurun ki, nümunəvi insanın nümunəvi qanunları ilə xilas olasınız!
“MİLLİ GÖRÜŞ” jurnalı, 2-ci buraxılış, səh. 16
[1] İbn Hişam, “əs-Sirətun-nəbəviyyə”, II, 501
[2] Mövzunun ayrıntıları üçün baxın: Əli Bulaç, “Bir demokratiya tənqidi”, “Kitab” jurnalı, 1991-ci il iyul-avqust buraxılışı, 53-54-cü buraxılış
[3] Həmin məqalə
[4] “Ali-İmran”, 31
[5] “Ali-İmran”, 32
[6] “Nisa”, 59
[7] “Mühəmməd” surəsinin 32-ci ayəsində buyurulur: “Şübhəsiz ki, kafirlər, (insanları) Allah yolundan döndərənlər və hidayət yolu özlərinə bəlli olduqdan sonra Rəsula qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puç edəcəkdir!”
[8] “Mühəmməd”, 33, 34
[9] “Ənfal” surəsinin 39-cu ayəsində buyurulur: “Fitnə qalmayıb və bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. …”
[10] Süleyman Atəş, “Quran-kərimin universal müraciətinə dəvət”, İstanbul, 1990, s. 59
[11] Mühəmməd Həmidullah, “Həzrət Peyğəmbərin altı orijinal məktubu”, Bəyan yayınları, İstanbul, 1990
[12] həmin mənbə, eyni səhifə
[13] həmin mənbə, s. 67
[14] “Sabah” qəzetinin kuponla paylaşdırdığı, üz qabığı qara rəngli olan böyük bir ensiklopediya. 24 cilddir.
[15] Seçilmiş, ixtiyarı əlində olan, müstəqil
[16] “Kitabul-mənaqib”, f. 122
[17] “Səff”, 8, 9