
SEYİD FƏZLULLAH… MƏZHƏBÇİLİYİN FÖVQÜNDƏ DAYANAN ŞİƏ
Seyid Fəzlullah: “Ulduzları Allah ona görə yaradıb ki, insana mütləq zülm deyilən bir şeyin mövcud olmadığını agah etsin. Bütün zülmətlərdə nur damlaları vardır və bu nur damlaları bir yerə cəm olurlar ki, sübh şəfəqinin yaxında olduğunu xəbər versinlər”.
Bu sözlər livanlı novator (modernist) şiə rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullaha məxsusdur. Bu alim müsəlmanların səflərini (yəni dəstələrini) parçalamaq istəyən və İslam ümməti arasında təfriqələrin yaranmasına zəmin yaradan qüvvələr qarşısında öz zəngin elmi, geniş dünyagörüşü və qətiyyəti ilə mübarizə aparırdı.
O, – ola bilsin ki, hamıdan əvvəl – Peyğəmbərin həyat yoldaşlarını və əshabəsini – Allah onların hamısından razı olsun! – təhqir etməyin haram olduğunu elan edən və Həzrət Fatimə əleyhəssəlamın Ömər ibn Xəttab tərəfindən döyülməsi və qabırğasının sındırılması haqqında şiə ədəbiyyatında yer alan hadisəni inkar edən və bunun baş verməsini qeyri-mümkün hesab edən şiə müctəhidi və rəhbəridir. O, Mədinə şəhərindəki “Məlik Fəhd adına Mətbəə”də çap olunub iki üz arasında qərar tutan kitaba səmimiyyətlə iman gətirdiyini və bu kitabın mətnləri ilə ziddiyyət təşkil edən hər bir şeyi rədd etdiyini təsdiq etməklə “Fatimənin müshəfi”ni, yəni Həzrət Fatimə əleyhəssəlama məxsus olan Quran nüsxəsini inkar etmişdir.
Əli ibn Əbitalibin Əbubəkr Siddiqə beyət etdiyini və onun Ömər ibn Xəttabın – Allah onların hamısından razı olsun! – vəlayətini (hakimiyyətini) qəbul etdiyini iqrar etmiş və İmam Əlinin onlara müşavir olduğunu, daim kömək etdiyini və yol göstərdiyini təsdiq etmişdir.
Seyid Fəzlullah başda Ayətullahil-üzma Xomeyni olmaqla bir çox şiə müctəhidləri və mərcə’ləri ilə ixtilaf edərək imamların – Allahın salamı olsun onlara! – müqəddəsləşdirilməsini, onların qeybi bildiklərini və məqamlarının nübüvvət və peyğəmbərlik məqamına bərabər olduğunu inkar etmişdir. Livanda dünyaya gəlib boya-başa çatan Fəzlullah öz ölkəsində Ali Şiə Məclisinin yaradılmasına qarşı çıxmışdır. Çünki o, bunun təkcə şiələrə deyil, bütün müsəlmanlara xidmət etməsinə və öz sıralarında istər sünni, istərsə də şiə olmaqla bütün müsəlmanları cəmləşdirməsinə inanırdı.
Seyid Fəzlullah bütün bu işlər və əqidələr uğrunda mübarizə apardı, öz məzhəbçiliyinin fövqünə yüksəldi. O, məzhəbçilikdən çəkinərək insanları ümmət üçün yeganə qurtuluş yolu olduğuna inandığı vəhdətə doğru çağırdı… Hətta fərqli bir dini rəhbərlik yaradaraq məzhəbin fövqündə dayandı.
BAŞLANĞIC
O, 1935-ci ildə İrakın Nəcəfi-əşrəf şəhərində doğulmuşdur. Onun atası Əbdurrauf Fəzlullah dini elmləri öyrənmək üçün Livanın Cəbəli-Amil bölgəsindən oraya (İraka) əvvəlcədən mühacirət etmişdi. Seyid o dövrdə ən məşhur elm mərkəzində ailəsi ilə birlikdə uzun zaman dərs və tədrislə məşğul oldu. Onun gənclik illəri Nəcəfi-əşrəfdəki böyük Elmi Hövzənin (Seminariyanın) qucağında keçmişdir. Belə ki, Fəzlullah dini tədrisini doqquz yaşında atasının yanında başladı və tədricən irəliləyib təqribən 16 yaşında dərsi-xaricə (magistr və doktorantura mərhələsinə) daxil olub Seyid Əbülqasım Xoyi, Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi və Şeyx Hüseyn Helli kimi o dövrün böyük Hövzə ustadlarından dərs aldı.
Buna görə də həmyaşıdları onun elmi məqamının və təhsilinin şahidi olmuşlar. 1966-cı ildə o, Livana qayıtdı. Bu qayıdışla İrakdakı islami fəaliyyət meydanı böyük bir itki verdi.
Seyid Mühəmmədbaqir Sədr bunu öz sözü ilə belə ifadə etmişdir: “Nəcəfdən çıxan hər bir şəxs Nəcəfdən məhrum olmuşdur, lakin Seyid Fəzlullah istisnadır. O, Nəcəfdən çıxdıqda Nəcəf ondan məhrum oldu”.
İslami-mədəni işlə məşğul olan Qardaşlıq Ailə Cəmiyyətini yaratmış bir qrup şiə alimlərinin ona göndərdiyi dəvətə cavab olaraq Seyid Fəzlullah Livana qayıtdı. Onlar Livan İslami İş Dairəsinin Fəzlullaha ehtiyacı olduğuna inanaraq bu dəvəti göndərmişdilər. O, İslam Şəriət İnstitutu hövzəsini (seminariyasını) yaratmış, bir çox dini elmlər öyrənmək istəyənlər üçün başlanğıc nöqtəsini qoymuşdur. Livan ortamında bir çox görkəmli alimlər bu institutda təhsil almışdır. İnstitut müasir dövrdə də qalmaqdadır.
Livana köçəndən bəri Seyid Fəzlullahın fəaliyyəti təkcə nəzəri dəvətlə bitməmiş, əksinə ictimai xidmətlər də göstərməyə davam etmişdir. Nəbəə məntəqəsində qadınlar üçün elmi hövzə (seminariya) qurmuş, tibbi xidmətlər göstərən klinika yaratmışdır. Vətəndaş Müharibəsi başladıqdan sonra yaşamaq üçün cənuba köçmüş, yetimlər üçün xeyriyyə evləri, ictimai təşkilatlar, tibbi müəssisələr və məscidlər inşa etmişdir.
FƏZLULLAH VƏ HİZBULLAH
Partiyanın yaradıcısı olan bir çox kadrların mənəvi-ideoloji tərbiyəsindəki roluna görə Fəzlullah Livan Hizbullahının mənəvi rəhbərlərindən sayılır. O, dünyada mühüm şiə dini rəmzlərindən biridir, çünki insanlar keçən 50 ildən artıq bir müddətdə onun siyasi-ictimai təcrübəsindən faydalanmışlar.
Fəzlullah Livanda, Körfəz ölkələrində, Amerika, Kanada və Avstraliyada miqrant məntəqələrində geniş miqyasda mürid və davamçılar qazanmışdır. Məhz bu vəziyyət ona böyük maliyyə və dəvət imkanları yaratdı. Nəticədə onun şiə ərəblərin dini rəhbəri kimi geniş miqyasda tanınmasına kömək etdi. Habelə onun tabeçiliyində “Müjdəçi xəbərlər” radiosu, 15-dən artıq nəşriyyat evi, əlavə olaraq onlarla xeyriyyəçi müəssisələr və qurumlar vardır ki, Livandakı yetimlərə və ehtiyacı olanlara xidmət edir.
Eyni zamanda 3 elmi hövzəyə həm rəhbərlik edir, həm də xərclərini ödəyir. Onlar Dəməşqdə “Bəhmən” hövzəsi, Qumda “Əttar” hövzəsi və Livanda “Qureyfi” hövzəsidir. Bundan başqa, bir sıra hövzələrə də rəhbərlik edir. Bu, Körfəzdə, xüsusilə Küveyt, Bəhreyn və Səudiyyədə şiələrin verdiyi xümslər hesabına reallaşır. Həmçinin onun əksər ərəb dövlətləri ilə, xüsusilə Ərəb Körfəzi dövlətləri və Livanda rəsmi səviyyələrdə geniş əlaqələri vardır.
FƏRQLİ DÜŞÜNƏN
Fərqli düşünən şiə rəhbər… Bu, Seyid Fəzlullahın ən çox yayılmış xarakteridir. Məhz o bildirmişdir ki, imamət mövzusu ətrafındakı fikir ayrılığına tarixə söykənərək nəzər salmalıyıq. Bununla da müsəlmanların bölünüb-parçalanmasına deyil, onların bir güc halında bir yerə toplanmasına şərait yaratmalıyıq.
Eyni zamanda o, İranı İrakda iranyönlü Sistaninin rəhbərliyini qəbul edib, Livanda ərəbyönlü Fəzlullahın rəhbərliyini rədd etməyə vadar edən kəskin fikirlərin müəllifidir. Baxmayaraq ki, dünyaya şiə düşüncəsinin yayıldığı tarixi məkan olan Livandakı Cəbəli-Amil Qum və Nəcəfdən daha öndədir.
Dünyada böyük şiə rəhbərlərindən biri kimi Fəzlullah öz elmi, mötədilliyi və şiə evinə açılışı ilə tanınmış böyük ideoloji layihə hazırlamışdır ki, bununla şiələr təkcə Livanda deyil, bütün ərəb regionunda da fəal ictimai-siyasi qüvvə kimi tanınmışdır.
Fəzlullah özünü yalnız müridlərinə həsr etmiş ötəri bir insan deyil. O, Livanda ən böyük hadisələrin önündə gedən, daim qəlblərdə qalacaq bir şəxsiyyət olmuşdur. 1989-cu ildə silahlı müqavimət layihəsindən başlayaraq 2009-cu ildə seçki əməliyyatına qədər həmişə terrorizmlə günahlandırılmış, Amerika və Qərb mediasında Hizbullahın mənəvi atası kimi qələmə verilmişdir. Habelə 1983-cü ilin oktyabr ayında Livanda Hizbullahın həyata keçirdiyi və yer üzündə ən böyük qeyri-nüvə partlayışı hesab olunan mübarək əməliyyatda da ittiham edilmişdir.
TƏƏSSÜBKEŞLİYƏ QARŞI
Seyid Fəzlullah hesab edir ki, Livan xalqı öz xristianları və müsəlmanları ilə birlikdə vahid bir vəhdət təşkil edir. Onlara deyir: “Din bir dəyərdir, tayfaçılıq isə qəbilə dəyərlərinə belə malik olmayan geridə qalmış qəbiləçilikdir. Gəlin ağlın və qəlbin sözünə qulaq asaq! Gəlin məhəbbətlə dolu gözəl bir ölkə quraq! Qoy hərəkatımız insanda gözəllik olsun!”
İmamlar haqqında qülüvv (həddi aşıb onlara ilahi sifətlər isnad etmək) və onlara təəssübkeşlik barəsində isə buyurur: “Biz hər hansı bir imam və hər hansı peyğəmbər üçün istənilən növ qülüvvü rədd edirik, çünki biz xalis tövhidə iman gətirmişik. Əli ibn Əbitalib haqqında qüluvv ilə bağlı hesab edirik ki, Əli barəsində həddi aşmaq, onun ilahlığına və ilahlığa yaxın olduğuna etiqad etmək küfrdür”.
Eyni zamanda o, Aşura günü şiələrin başından və kürək nahiyəsindən qan çıxardıqları bəzi ayinlərə etiraz etmişdir. O, insanların bu cür hərəkətini “səhv və üsyan…” hesab etmişdir. “Biz İmam Hüseyn hərəkatının təmsil etdiyi faciəyə başqa bir don geyindirilməsinə, insan bədəninə əziyyət verilməsinə, yaxud İslamın görüntüsünü zədələyəcək hər hansı bir hərəkətə etiraz edirik”. Həmçinin şiələrin bəzi düzəldilmiş daşların (möhürün) üzərinə səcdə etmələrini də inkar etmişdir. Bildirmişdir ki: “Bu, heç bir müqəddəslik simvolu deyildir”. Əlavə etmişdir ki: “Əhli–Beyt fəqihlərinin də fikri budur ki, yalnız yerə (torpağın üzərinə) səcdə edilməlidir”.
Azandakı şiə və sünni ixtilafı haqqında buyurur: “Biz “Əşhədu ənnə Əliyyən vəliyyullah!” (“Şəhadət edirəm ki, Əli Allahın bütün məxluqat üzərinə təyin etdiyi rəhbəri və vəlisidir”) cümləsini azanın bir hissəsi hesab etmirik. Fitvalar kitabında da bunu yazmışıq. Bildirmişik ki, biz azana hər hansı bir cümlənin əlavə edilməsi ilə razılaşmırıq. “Həyyə əla xayril–əməl” (“Ən xeyirli işə tələsin!”) cümləsində də ixtilaf var. Burada şiə müsəlmanlardan gələn rəvayətlərə görə bu azanın bir hissəsidir, lakin sünni müsəlmanlar bunu belə hesab etmirlər. Həmçinin sünnilər sübh azanında “Əs–Səlatu xayrun minən–naum” (“Namaz yuxudan daha xeyirlidir”) cümləsini artırırlar, lakin şiələr bunu düzgün saymırlar. “Əşhədu ənnə Əliyyən vəliyyullah” cümləsi ilə əlaqədar onu bildirmək istəyirik ki, azanın bir hissəsi deyil, onu azanın bir hissəsi hesab etmək icazəli deyil. Şiələr bunu yalnız təbərrük üçün deyirlər”.
RƏHBƏRLİK FİTNƏSİ
Şiə rəhbərlər arasındakı əlaqələrdə müasir tarixdə geniş bir əlamət olaraq Fəzlullah fitnəsi kimi tanınmış fitnə davam etməkdədir. Bu, Seyid Mühəmmədhüseyn Fəzlullahın Nəcəf və Qumdakı elmi hövzələrin xaricində müstəqil rəhbər kimi elanından sonra İran və İrakdakı həmkarları tərəfindən məruz qaldığı hücumla başlayır.
Qumdakı rəhbərlər daha fəal hərəkətə keçdilər. Bu ittihamlar onun şəfaət və təvəssülə qarşı mübarizəsindən, övliyaların, xüsusilə Fatimeyi-Zəhranın məqamı, imamların möcüzəsi barəsindəki fikirlərindən sonra bir az da gücləndi. Belə bir vəziyyətin yaranmasına Ayətullahil-üzma Qolpayqaninin Seyid Fəzlullaha nəsihət və tənqid məktubu göndərməsi də səbəb olmuşdur. O tələb edirdi ki, şiələr arasında mübahisəyə bir an əvvəl son qoysun. Hətta bəziləri iddia edirdilər ki, o, şiə dini rəhbərliyini ləğv etməyə çalışır.
Həmçinin Seyid Fəzlullah onda da ittiham olunurdu ki, Qumda və Nəcəfdə böyük rəhbərlər zahidanə həyat tərzi sürürlər, o isə zövq və şəhvət içində olan bir həyat yaşayır. Deyirdilər ki, İran və İrak alimləri köhnə və ucuz mənzillərdə yaşadığı bir halda, Fəzlullah qəsr və saraylarda ömür keçirir.
SUİ–QƏSD CƏHDLƏRİ
Seyid Fəzlullah üç dəfə pis niyyətli insanlar tərəfindən sui-qəsdə məruz qalmış, hər üçündən də xilas olmuşdur. Bu da onun həmişə hadisələrin özəyində olmasından, dediyindən dönməməsindən, israrla çalışmasından irəli gəlirdi. İndiyə qədər də bilinmir ki, bu sui-qəsdlərin arxasında kim dayanır; Amerika təhlükəsizlik idarələri, yoxsa İsrail agentliyi, yaxud onun narahat etdiyi həmyaşıdı olan din xadimləri! Axı o bir çox şiə mütəfəkkirlərini heç nədən çəkinmədən tənqid edir, imamları və rəhbərləri əfsanələşdirən bütün fikirlərə və hadisələrə şüurlu şəkildə etiraz edirdi. Bu da onu asanlıqla hədəfə çevirir, ikiüzlülükdə və şiə məzhəbini yox etməkdə ittiham edilməsinə səbəb olurdu.
Müəllif: Həmdi ət–Təhavi (21.02.2010)
Tərcümə: Salman Səfəralı oğlu Süleymanov
Təshih: Xəyyam Əliağa oğlu Qurbanzadə
Redaktor: Əfruzə Həsən qızı Həsənova
Korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə