Arxivlər

QURBAN BAYRAMI HAQQINDA-1

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Müsəlmanların iki böyük bayramından biri olan Qurban bayramı eydül-ədha (qurbanlıq bayramı), eydi-əkbər (ən böyük bayram) və eydi-kəbir (böyük bayram) terminləri ilə ifadə olunur.

Eydül-ədha ifadəsinin kökü “udhiyyə” (qurbanlıq heyvan) sözünün lüğəvi mənası ilə əlaqədardır. Zilhiccə ayının 10-cu günündə qurban olaraq kəsilən heyvana udhiyyə deyilir. Bunun haqqında qarşıda ətraflı məlumat veriləcək.

Azərbaycan türkcəsində bayram mənasını verən “eyd” sözü ərəb dilində “aud”, yəni qayıtmaq mənasını verir. Eyd, yəni nəfsin zindanından və xurafatlardan Allaha doğru və Şeytanın hakimiyyətindən Allahın rəhmətinə doğru qayıtmaq.

Qurban bayramı, yəni insanın ilahi yaxınlıq məqamına qayıtması. Və bu məqam yalnız nəfsani istəklərlə mübarizə sayəsində, nəfsin çirkinliklərdən təmizlənməsi, özünü tərbiyə və saf fürsətlərdən istifadə etmənin işığında əldə oluna bilər.

Bayram günləri Allahın qullarına hədiyyə etdiyi xoşbəxt günlərdir, bütün müsəlmanların bir-birini daha çox sevib saydığı, ülvi duyğuların coşduğu, məhəbbət və sevginin simalarda və davranışlarda açıqca göründüyü ən gözəl anlardır. Buna görə də bu günlərdə günah etməkdən ciddiyyətlə çəkinməliyik. Müsəlman olmayan xalqlarda olduğu kimi bayramı haram musiqilərə qulaq asmaq, çalıb oynamaq və əylənməklə yox, fikir, zikr, istiğfar (Allahdan bağışlanma istəmək) və ibadətlə keçirməliyik. Bayram günlərində özümüzə qayıtmalı, keçmiş günahlarımız haqqında düşünüb peşman olmalı və bir də bu günahları yerinə yetirməyəcəyimizə dair Allaha söz verməliyik. Yəni bayram günlərini özümüz üçün həyatın dönüş nöqtəsi günü olaraq qeyd etməliyik. Bayram namazına və kütləvi duaya çıxmalı, fərdi və ictimai problemlərin həll olunmasını hər şeyə qadir olan Allahdan istəməliyik. Bilməliyik ki, Allah Ona möhtac olanları alçaltmayan, davamlı olaraq Ondan bir şey istəyənləri nəsibsiz buraxmayan, az əmələ böyük mükafat verən, Ona yaxınlaşana yaxınlaşan, Ondan üz çevirəni Özünə doğru çağıran və cəzalandırmaqda tələsməyən bir Varlıqdır.

Qurban bayramı İbrahim əleyhissəlamın Məbudun razılığını əldə etmə yolunda fədakarlıq etməsinin və İsmailin qurbangahda Allahın əmrinə təslim olmasının xatırlandığı bir gündür. Və həmin hadisə şərəfinə keçirilən şadlıq günü və təntənədir.

Peyğəmbərimiz (s) Mədinəyə hicrət etdikdə mədinəlilərin əyləndiyi iki gün var idi. Peyğəmbərimiz “Bu günlər nədir?” – deyə soruşdu. Mədinəlilər: “Biz cahiliyyə dövründə bu günlərdə əylənirdik”, – deyə cavab verdilər. Peyğəmbər onlara belə buyurdu: “Allah sizin üçün o iki bayramı daha xeyirlisi ilə – Qurban və Fitr günləri ilə əvəz etdi”[1].

Sevinc və şadlıq günləri olan bayramlarımız möminlər üzərində müsbət təsirlər meydana gətirməli, dini şüur və hisləri qüvvətləndirməli, insanlara yeni bir həyəcan verməli, birliyə, barışığa və ictimai həmrəyliyə vəsilə olmalıdır.

Diqqət: bütün məzhəblər ittifaq etmişdir ki, Qurban bayramı günü oruc tutmaq haramdır. Lakin hənəfi məzhəbi istisnadır. Hənəfilər demişlər ki, Qurban bayramı günündə oruc tutmaq təhrimən məkruhdur[2]. Onlara görə təhrimən məkruh harama daha yaxın olan məkruh əməldir.

Hər bir müsəlmanın bayramdan əvvəl və bayram günlərində yerinə yetirməsi vacib və müstəhəb olan əməllər vardır. Bunları aşağıdakı şəkildə xülasələşdirə bilərik:

Tərtibatçı: Xəyyam Qurbanzadə


[1] “Sünən”, “Babu səlatil-eydeyn”, Əbudavud

[2] Kərahət (məkruhluq) “pis qəbul etmək”, “ona razı olmamaq” mənasını verir və iki hissəyə ayrılır: təhrimən məkruh ki, harama yaxın olan məkruhdur. (Vacib olan bir əmri tərk etmək, balıqdan başqa dəniz heyvanlarını yemək, namazda tədili-ərkanı tərk etmək kimi.) Tənzihən məkruh ki, halala yaxın olan məkruhdur. Bu tərif İmami-Ə’zəm Əbuhənifəyə və İmam Əbuyusifə görədir. İmam Mühəmmədə görə, təhrimən məkruh olan bir şey haramdan sayılır və haram kimi axirət əzabına səbəb olur. Tənzihən məkruh olan şey isə ittifaqla halala yaxındır. Belə bir məkruh işin yerinə yetirilməsi əzaba səbəb olmaz. Lakin yerinə yetirilməməsi insana savab qazandırar. Fiqh kitablarında bir qeydə bağlanmadan (yəni mahiyyətinə artıq bir xüsusiyyət əlavə olunmadan) mütləq olaraq kərahət (məkruhluq) sözü yazılarsa, bununla ümumi şəkildə təhrimən məkruh nəzərdə tutulur. (“Böyük İslam elmihalı”, s. 52, Ömər Nəsuhi Bilmən)

AY TUTULMASI OLACAQ (5 MAY 2023-CÜ İL)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bu ilin (h. q. 1444 – m. 2023) ilk Ay tutulması hadisəsi may ayının 5-dən 6-na keçən gecə (h. q. 15-16 şəvval) baş verəcək. Bu tutulma hadisəsi yarımkölgəli Ay tutulması olacaq. Tutulma saat 19:14-də başlayacaq, saat 23:31-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq. Bu Ay tutulması hadisəsini Cənub-Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.

Ay tutulduqda – istər tam olsun, istərsə də qismən – şiə məzhəbinə görə hər bir mükəlləfin namaz qılması vacibdir. Bu namaza ayat namazı, yaxud xüsuf namazı (səlatul-xüsuf) deyilir.

DİQQƏT: Ayat namazı Ay tutulması Azərbaycanda müşahidə olunmağa başlayandan etibarən qılınmalıdır. Onun vaxtı tutulma tamamən açılana qədər davam edir.

ŞİƏ MƏZHƏBİNDƏ AYAT NAMAZININ HÖKMLƏRİ

AYAT NAMAZI NECƏ QILINIR?

Ayat namazı ikirükətli namazdır. Hər rükətdə beş rüku və iki səcdə vardır. Ayat namazı iki şəkildə qılına bilər:

Birinci şəkil; mükəlləf “Allah rizası üçün ayat namazı qılıram”, – şəklində niyyət etdikdən və təkbirətül-ehram dedikdən sonra Həmd və Surə oxuyur və rükuya gedir. Rükudan sonra ikinci dəfə Həmd və Surə oxuyur və rükuya gedir və beşinci rükuya gedənə qədər həmin tərtibə (qaydaya) əməl edir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedir və iki səcdədən sonra ikinci rükəti də həmin qaydada qılır və ikinci rükətin ikinci səcdəsindən sonra təşəhhüd və salamı oxuyur. Namaz tamamlanır.

İkinci şəkil; mükəlləf niyyət və təkbirətül-ehramdan sonra Həmd oxuyur və Surəni beş hissəyə bölür. Həmddən sonra Surənin bir hissəsini oxuyur və rükuya gedir. Rükudan sonra Həmdi oxumadan Surənin ikinci hissəsini oxuyub, ikinci rükuya gedir. Ondan sonra Surənin üçüncü hissəsini oxuyur və üçüncü rükuya gedir. Beşinci rükuya çatana qədər həmin tərtibə riayət edir. Əgər beşinci rükudan əvvəl oxuduğu Surədən bir ayədən artıq qalarsa, qalan bütün ayələri oxumalıdır. Beşinci rükudan başını qaldırdıqdan sonra səcdəyə gedir. İki səcdəni yerinə yetirdikdən sonra ikinci rükəti də həmin qayda ilə yerinə yetirir. Səcdələrdən sonra təşəhhüd və salamı oxuyur.

Ayat namazının yüngülləşdirilmiş bu ikinci şəklini qılarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:

– Hər rükudan əvvəl bir tam ayə oxumaq lazımdır;

– Hər rükətdə bir surəni sona çatdırmalıdır. Əgər bir ayədən daha artığı qalarsa, onların hamısını beşinci rükudan əvvəl oxumalıdır. Əgər məsələn, Surə üçüncü rükuda sona çatsa, sonrakı rüku üçün bir Həmd və Surə, yaxud bir Surənin bir hissəsini oxumalıdır və beşinci rükudan əvvəl qalmış rükuların sayına uyğun olaraq Surəni tamamlamalıdır.

Gündəlik namazlarda vacib və ya müstəhəb olan şeylər ayat namazında da vacib və ya müstəhəbdir. Deməli, ayat namazını da təharətli halda üzü qibləyə dayanmaq, övrəti örtmək və başqa şərtlərə riayət etməklə qılmaq lazımdır.

ŞİƏ MƏZHƏBİNDƏ AYAT NAMAZININ HÖKMLƏRİ

AYAT NAMAZI NECƏ QILINIR?

Ayat namazının vaxtı Günəş və Ay tutulmağa başladıqda tamamən açılana qədər davam edir. Lakin zəlzələ, şimşək və ondan başqa şeylər üçün qılınan ayat namazının xüsusi bir vaxtı yoxdur. Əksinə, hadisə baş verən kimi mükəlləf dərhal onu qılmalıdır. Əgər dərhal qıla bilməsə və qısa, yaxud uzun bir müddət keçsə, onu qəza niyyəti ilə yerinə yetirməlidir.

Əgər mükəlləf Günəşin, yaxud Ayın tutulmasını onlar açılana qədər bilməsə, əgər disk tam tutulmuşdursa, qəza vacibdir. Əgər qismən tutulmuşdursa, qəza vacib deyil.

Günəşin, yaxud Ayın tutulduğunu bildiyi halda namaz qılmazsa, qəza etməsi vacibdir. İstər tam tutulsun, yaxud qismən. Lakin zəlzələ və bunun kimi işlərə gəlincə onlar baş verdikdə onlardan xəbərdar olmayıbsa da, zaman müddətində dərhal onu yerinə yetirməlidir.

Ayat namazında şəkk etmək bir neçə şəkildə olur:

– Rükətlərin sayında şəkk etmək; bu halda namaz batildir.

– Səcdəyə daxil olmamışdan əvvəl rükuların sayında şəkk etmək; yəni mükəlləf dördüncü, yaxud beşinci rüku olduğuna şəkk edir. Bu zaman fikrini azın üzərinə qoymalı və namazı tamamlamalıdır. Namazı səhihdir.

– Səcdəyə daxil olduqdan sonra rükuların sayında şəkk etmək; bu zaman öz şəkkinə etina etməməlidir.

– Birinci rükətin axırı olan beşinci rükuda, yaxud ikinci rükətin əvvəli olan altıncı rükuda olduğuna şəkk etmək; bu zaman fikrini cəmləyə bilməsə, namazı batildir, çünki namazın rükətlərində şəkk edir.

Milli Görüş-Sabiqun hərəkatı

MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-2

(Elm və şəriətin ölçülərinə uyğun olaraq məğrib (şam) namazının vaxtı)

MÜASİR FƏQİHLƏRİN RƏYİ

Məğrib namazının vaxtının diskin üfüqdən aşağı düşməklə daxil olduğuna qail olan müasir fəqihlərlə həmfikir olan ən görkəmli fəqihlərdən biri Seyid Mühəmmədhüseyn Fəzlullahdır. Ustadı Seyid Xoyi[1], həmçinin Seyid Həkimin[2] söylədiyi fikrə istinad etmiş və şəri qürub (Günəşin şəri baxımdan batmış hesab olunması) haqqında ona verilən suala belə cavab vermişdir: “Bizim fikrimiz Seyid Xoyi, Seyid Həkim və bir çox alimlərin fikri kimidir. O fikir də bundan ibarətdir ki, qürub (Günəşin batması) şərq tərəfdəki qırmızılığın gözdən itməsi ilə yox, Günəşin diskinin üfüqdən aşağı düşməsi ilə həqiqət tapır”[3]. Oxumağa davam et

MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-1

(Elm və şəriətin ölçülərinə uyğun olaraq məğrib (şam) namazının vaxtı)

Həqiqətən, namaz vaxtlarının açıqlanmasında Günəşin hərəkəti əsas götürülür. Belə ki, Günəş bizim üçün ulduz şəklində işıq olaraq yox, disk şəklində görünür. Bunu belə ifadə edə bilərik ki, Günəş batdıqda onun üst tərəfinin tamamən üfüqün altında gizlənməsi, belə ki, onun büsbütün gözdən itməsi lazımdır. Günəş doğarkən də vəziyyət belədir. Diskin daha çox hissəsi üfüqün altında qalmasına baxmayaraq, onun yalnız üst tərəfinin üfüqdən çıxması kifayət edir. Oxumağa davam et

RAMAZAN DUASI

SƏHİFEYİ-SƏCCADİYYƏNİN 44-CÜ DUASI

RAMAZAN AYI DAXİL OLDUQDA OXUDUĞU DUA

Ehsanına şükür edənlərdən olub xeyirxahların mükafatı ilə mükafatlandırılaq deyə Özünə həmd etməyin yolunu bizə göstərən və bizi həmd əhlindən qərar verən Allaha həmd olsun!

Bizə Öz dinini hədiyyə edən, bizi Öz şəriəti ilə səciyyələndirən, neməti ilə ehsan yollarında Onun razılığına doğru yerimək üçün o yolları bizə tanıtdıran Allaha həmd olsun! Elə bir həmd ki onu bizdən qəbul etsin və onunla bizdən razı olsun.

Oruc ayı, İslam ayı, təmizlik ayı, günahların bağışlanması ayı, (gecələr ibadətə) qiyam (qalxış) ayı olan Öz ayı olan ramazanı bu yollardan biri kimi qərarlaşdıran Allaha həmd olsun! Oxumağa davam et

XEYRƏDDİN QARAMAN SUALLARA CAVAB VERİR (HİLALIN TƏSBİT EDİLMƏSİ-3)

Bu fəaliyyətlər birliyi təmin etdimi?

Kandilli Rəsədxanası 1974-cü il tarixli protokoldan sonra 1975-ci il üçün apardığı hesablamalarda bu əsaslara tabe oldu. Lakin yenə də İslam dünyasının bəzi məmləkətləri ilə Türkiyə arasında fərqli bayramlar davam etdi.

 O halda bu fərqliliyin səbəbi nədir?

Dini olan üsul hilal gözlə göründükdən sonra ayı başlamaq və ya hesablamanı bu nəticəyə varacaq şəkildə aparmaqdan ibarət olduğuna görə Türkiyədə tətbiq olunan üsulun İslam fiqhinə uyğun olmasında şübhə yoxdur. Oxumağa davam et