Həzrət Peyğəmbər (s): “Səhur yeməyi yeyin, çünki səhurda bərəkət vardır!”[1]– deyə buyurmuşdur. Buna görə gecənin sonuna doğru imsakdan (sübh azanından) əvvəl oyanıb bir şey yemək və içmək sünnədir. Bunun ruh və bədən üçün faydaları vardır. Kiçik bir xurma dənəsi, yaxud bir qurtum su ilə də olsa, səhuru (səhər yeməyini) tərk etmək olmaz. Ən fəzilətli səhər yeməyi səviq[2] və xurmadır. Səhər yeməyinin təxirə salınması, vaxtın sonuna (yəni sübh namazına) yaxın yeyilməsi Peyğəmbərin (s) tövsiyəsi və əshabənin adətlərindəndir.
– İftar etmək
Peyğəmbər (s) oruclu olduqda Günəş batdığı vaxt bir neçə yaş xurma, bu yoxdursa, quru xurma yeyər, bu da yoxdursa, bir neçə qurtum su içər, sonra məğrib (şam) namazını qılardı. Həmçinin, iftarın şirin meyvə, nabat[3] və isti sudan hər biri ilə açılması da gözəl olar.
Oruclu şəxs iftarını açıb namazını qıldıqdan sonra yemək yeməyə oturmalı, yeməyini rahat bir şəkildə yeməlidir. Lakin namazdan əvvəl yemək hazırdırsa, əvvəl yeməyini yeməli, sonra namazını qılmalıdır. Bu, Peyğəmbərimizin tövsiyəsidir.
– İftar duası
“Oruclu şəxsin iftar əsnasında etdiyi bir dua vardır ki, geri çevrilməz”[4] hədisinə əsasən iftardan əvvəl dua etmək sünnədir. O dualardan biri də budur: “Allahım, Sənin üçün oruc tutdum, Sənin ruzinlə iftarımı açıram və Sənə təvəkkül etdim”.
Rəvayət olunmuşdur ki, Əmirülmöminin Əli əleyhissəlam iftarını açmaq istədikdə belə deyərdi: “Allahın adı ilə! Ey Allahım, Sənin üçün oruc tutduq, Sənin verdiyin ruzi ilə orucumuzu açırıq. Onu bizdən qəbul et. Həqiqətən, Sən, Eşidənsən, Bilənsən!”
Birinci loğmanı götürdükdə belə deyilməlidir: “Rəhman, Rəhim Allahın adı ilə! Ey bağışlaması bol olan Allah, məni bağışla!”
– Fəqirlərə yardım etmək və Quran oxumaq
Hər bir zaman comərd və fəqirlərə qarşı mərhəmətli olan Peyğəmbərin (s) bu xüsusiyyətləri Ramazan ayında zirvə nöqtəsinə çatardı. Nemət, lütf və ehsanı əsən külək kimi hamıya çatardı. Ramazanın hər gecəsində Cəbrail onu ziyarətə gələr, qarşılıqlı Quran oxuyardılar.
Saleh qullar və sünnə aşiqləri Ramazan ayında fəqirlərə yardım etməli, Quran-kərimi də ən azı bir dəfə xətm edərək bu sünnəni ehya etməyə (yaşatmağa) çalışmalıdırlar. Peyğəmbərimiz ələlxüsus Ramazanın son on günündə gecələr daha çox ibadət edər, ailəsini də bunun üçün oyandırardı. Quran-kərimin min aydan daha xeyirli olduğunu ifadə etdiyi Qədr gecəsi son on gecənin birindədir və bu gecənin 23-cü gecə olduğu daha qüvvətli ehtimaldır. Son on gecənin, əgər mümkün deyildirsə, ən azı 23-cü gecənin əhya edilməsi bu böyük fürsətin dəyərləndirilməsini də təmin edəcəkdir.
Cavab: Orucun vacibliyini və yerinə yetirilən işin orucu pozan bir iş olduğunu bildiyi halda qəsdən orucu pozan (yaxud onu tutmayan) şəxs aşağıdakı şəkildə kəffarə verməlidir:
– ya altmış fəqirin hər birinə 750 qram miqdarında un, buğda, xurma, düyü, mərci, paxla və bunlar kimi insana qüvvət verən qidalardan verməli;
– ya da 31 günü ardıcıl olmaq şərtilə 60 gün (iki ay) oruc tutmalıdır; yerdə qalan 29 günü istərsə, ardıcıl, istərsə də fasilə ilə tuta bilər.
– ya da bir qul azad etməlidir. Bu gün fiqhi mənası ilə qul mövcud olmadığına görə ya həbsdə olan mömini azad etməli, ya da bir qul insanın qiymətini o dövrün dəyəri ilə və qiymətini bu zamanda hesablamaqla yoxsula verməlidir. Ya da onun borcunu ödəməklə və ya başqa bir vasitə ilə borc savaşında olan mömini bu savaşdan xilas etməlidir ki, bu da buxov (həbs) içində olan mömini azad etməkdir.
Sual: Kəffarə kimə verilməlidir?
Cavab: Kəffarə fəqirə, yaxud miskinə verilməlidir.
Sual: Kiməfəqirvəmiskindeyilir?
Cavab: Fəqir illik qüvvəyə sahib olmayan şəxsdir. Belə ki, onun nə yığılmış, nə də yavaş-yavaş əldə olunacaq illik azuqəsi olmur. Miskin isə halı daha pis olan fəqirdir.
Sual: İllik azuqə deyildikdə yalnız yemək və qida başa düşülür?
Cavab: İllik qüvvə (azuqə) yalnız yemək deyildir, əksinə zəruri ev əşyaları, yaşayış yeri, dava-dərman və pal-paltar da illik qüvvəyə aiddir, yəni qidası olduğu halda bu deyilənlərə sahib olmayan şəxs fəqir hesab olunur.
Sual: Verilməsi lazım olan malın əvəzinə onun qiymətinin verilməsi kifayət edirmi?
Cavab: Malın əvəzinə qiymətinin verilməsi kifayət etmir. Malın özü verilməlidir.
Sual: Fəqirə bir kəffarədən artıq verilə bilər? Məsələn, orucu qəsdən pozduğuna, yaxud tutmadığına görə kəffarə verməklə mükəlləf olan bir şəxs, məsələn 60 kq. malı hər birinə 6 kq. verməklə on fəqir arasında paylaşdıra bilər?
Cavab: Xeyr. Əksinə, hər birinə 750 qram miqdarında vermək şərtilə 60 fəqir və miskin arasında bölünməlidir, çünki vacib olan 60 yoxsulun yedizdirilməsidir, nəinki yalnız bir fəqirə verilsə də, 60 kiloqramın verilməsi.
Fəqirə malın özünün verilməsi mümkün olduğu kimi, onun yemək süfrəsinə dəvət edilməsi və ona bir doyumluq yemək verilməsi də mümkündür. Belə olduqda vacib ehtiyata əsasən yeməyi özü və əhli-əyalının yediyinin orta hesabından götürməlidir.
Sual: Kəffarənin başqa hansı şərtləri vardır?
Cavab: Aşağıdakı şərtlərə riayət olunmalıdır:
– kəffarə verilən şəxs kəffarə verənin atası, anası, övladı, babası, nənəsi, nəvəsi və daimi həyat yoldaşı kimi nəfəqələri (gündəlik xərcləri) insana vacib olan şəxslər olmamalıdır;
– kəffarə verilən şəxs binamaz, şərabiçən və açıq şəkildə günah edən və aldığını harama sərf edən şəxs olmamalıdır;
– kəffarənin verilməsi ibadət olduğu üçün onu Allah rizası üçün vermək vacibdir;
– kəffarənin nəyə görə verildiyi də müəyyənləşdirilməlidir. Belə ki, məsələn Ramazan ayının orucu, yaxud onun qəzası qəsdən pozulduğuna görə kəffarə verildiyi niyyət edilməlidir.
Sual: Əgər insan kəffarəni verə bilməsə, nə etməlidir?
Cavab: Ramazan ayının orucunu pozmanın kəffarəsini verə bilməyən şəxs ya 18 gün oruc tutmalı, ya da bacardığı qədər sədəqə verməlidir. Əgər bunların heç birini edə bilməsə, kəffarə əvəzinə Allahdan bağışlanma istəməlidir. Bundan sonra imkanı olsa da, kəffarə verməsi vacib deyil.
Sual: Şəriət hansı şəxslərə orucu tutmamağa icazə vermişdir və güzəştlər kimə aid edilir?
Cavab: Şəriət bəzi şəxslərə oruc tutmamağa icazə vermişdir və bu güzəştlər aşağıdakılara aid edilir:
– qüvvələrinin zəifləməsindən və fəaliyyətlərinin dayanmasından əziyyət çəkən şəxslər; belə ki, bu şəxslər oruc tutsa, oruc onlar üçün çətinlik yaradaraq onların zəifliyini artıracaqdır. Belə vəziyyətdə olan şəxslər tutduqları oruca görə ayağa qalxa, yeriyə və gündəlik işlərini icra edə bilməyəcəklər.
– 70 yaşına çatmış şəxslər; o həm kişilər, həm də qadınlar üçün qocalıq mərhələsidir. Əgər bu mərhələdə insanın oruc tutması qeyri-mümkün olarsa, oruclu qalma gücünə malik olmazsa, yaxud oruc tutması çətin olacaq qədər zəif olarsa, həmin şəxs orucunu yeyə bilər.
– tez-tez susayan adam;
– uşaq dünyaya gətirməsinə az və ya çox vaxt qalmasından asılı olmayaraq tutduğu oruc özünə və bətnindəki uşağına zərər vuracaq qədər zəif olan hamilə qadın; əlbəttə ki, oruc hamilə qadının özü və bətnindəki uşağı üçün zərərli olmasa, qadının oruc tutmağı tərk etməsi icazəli deyil. Əgər tərk edərsə, qəza ilə yanaşı kəffarə də verməsi vacibdir.
– südü az olan və uşaq əmizdirən o qadın ki, əgər süd verərək oruc tutsa, orucun ona zərəri olar, yaxud südü azalar və nəticədə uşaq zərər görər. Əgər oruc tutmaqla bu hallar ortaya çıxmazsa, yaxud süni süd, yaxud heyvan südü, yaxud da başqa qadının süd verməsilə əvəz etmək o qadın üçün mümkün olarsa, onun orucunu yeməsi icazəli deyil.
Sual: Bəs bu şəxslər nə etməlidirlər?
Cavab: Oruc tutmaları onlar üçün çətin və məşəqqətli olduğu üçün onu tərk edən qocalar və çox-çox susayan şəxslərə gəlincə onlar fidyə verməlidirlər. Oruc tutmaqda əziyyət çəkmələri daimidirsə, orucun qəzasını tutmaları vacib deyil. Oruc tutmaq bətnindəki uşaq, yaxud süd verən qadın üçün zərərli olduğuna görə oruc tutmayan doğuşu yaxın və ya uzaq olan və südü az olan qadına gəlincə qadın fidyə verməli və bu səbəblər aradan getdikdən sonra tutmadığı günlərin qəzasını tutmalıdır.
Ümumiyyətlə, oruc tutmaqda əziyyət çəkməsi daimi olan şəxs orucu pozarsa, onun üzərində həmin orucun qəzası yoxdur, yalnız fidyə verməlidir. Lakin Ramazan ayından başqa ayda oruc tutmaqda əziyyət çəkməyən şəxs, əgər Ramazan ayında orucunu pozmuşdursa, həmin ayda onun qəzasını tutmalıdır.
Sual: Fidyəninmiqdarınəqədərdir?
Cavab: Bir fəqir üçün bir günün fidyəsinin miqdarı 750 qramdır. Kilo yarım olması müstəhəb ehtiyatdır, yəni orucu tərk etməkdə üzrlü olan şəxs neçə gün oruc tutmamışdırsa, o günlərin sayı qədər fidyə verəcək.
Sual: Fidyənin başqahansışərtlərivardır?
Cavab: Fidyənin xərclənməsinin, növünün, niyyətinin (Allah rizası niyyəti ilə verilməsinin) və qiymətinin yox, yalnız malın özündən verilməsinin lazım olmasının hökmü kəffarənin hökmü kimidir. Buna görə də fidyə verərkən aşağıdakı şərtlərə riayət olunmalıdır:
– fidyə verilən şəxs fidyə verənin atası, anası, övladı, babası, nənəsi, nəvəsi və daimi həyat yoldaşı kimi nəfəqələri (gündəlik xərcləri) insana vacib olan şəxslər olmamalıdır;
– fidyə verilən şəxs binamaz, şərabiçən, açıq şəkildə günah edən və aldığını harama sərf edən şəxs olmamalıdır;
– fidyənin verilməsi ibadət olduğu üçün onu Allah rizası üçün vermək vacibdir;
– fidyənin nəyə görə verildiyi də müəyyənləşdirilməlidir. Belə ki, məsələn oruc tutmaq çətin və məşəqqətli olduğu üçün onu tərk etdiyinə görə fidyə verildiyi niyyət edilməlidir.
Sual: Bəs fidyə kəffarədən nə ilə fərqlənir?
Cavab: Fidyə kəffarədən aşağıdakı cəhətlərdən fərqlənir:
– kəffarədən fərqli olaraq bir günün, yaxud ayların fidyəsinin bir fəqirə verilməsi mümkündür;
– kəffarədən fərqli olaraq fidyədə malın özünün verilməsi lazımdır; buna görə də fəqirin süfrəyə dəvət edilərək ona bir doyumluq yemək verilməsi kifayət etmir. Lakin kəffarədə fəqirə unun və buğdanın özünün verilməsi mümkün olduğu kimi, onun yemək süfrəsinə dəvət edilməsi və ona bir doyumluq yemək verilməsi də mümkündür.
– həmçinin kəffarədən fərqli olaraq fidyədə müstəhəb ehtiyata əsasən buğda və unla kifayətlənmək lazımdır.
Cavab: “Allah rizası üçün oruc tuturam”, – şəklində niyyət edilməlidir.
Sual: Ramazan ayının orucu üçün nə vaxt niyyət edilməlidir?
Cavab: Ramazan ayının niyyətinin vaxtı sübh azanındadır. Bu o deməkdir ki, insan sübh azanına qədər oruca niyyətlənməlidir. “Niyyət sübh azanı vaxtında olmalıdır”, – deyildikdə belə başa düşülməməlidir ki, bu vaxt niyyət etmək üçün insan oyaq olmalıdır, əksinə axşam yuxudan əvvəl də bunu etmək kifayətdir. Əgər yuxu sübh azanından sonraya qədər davam etsə, niyyət düzgündür.
– Az və çox olmasından asılı olmayaraq, yemək və içmək;
– Cinsi yaxınlıqda olmaq;
– Cinsi əlaqədən başqa işlər, məsələn onanizm, yaxud təxəyyüllər, ya da müşahidələr vasitəsilə məninin (spermanın) xaric olması;
– Allah və Rəsula qəsdən yalan nisbət vermək. Yəni sözündə yalançı olduğunu bildiyi halda “Həqiqətən, Allah, yaxud Rəsul (s) belə demiş, yaxud belə əmr etmişdir”, – deyə hədis rəvayət etmək, yaxud hədis yazmaq. Allah-Taalaya, peyğəmbərlərə və hidayət imamlarına yalan nisbət vermək əslində orucu batil etmədən əvvəl imanı batil edir. İstər Allahı və Peyğəmbəri təkzib et, istərsə də onlara yalan nisbət ver. Hər ikisi Allah sübhanəhu taalaya iftira etməkdir və bir neçə ayəyə əsasən küfrdür. Lakin bu yalan nisbət vermələr qəsdən və inad üzündən olmasa, əksinə nadanlıq, cahillik və ya qəzəb üzündən olsa, orucu batil etmir.
Sual: Fiqh kitablarında və mərcəi-təqlidlərin (dini rəhbərlərin) əməli risalələrində başqa işlərin də orucu pozan (batil edən) işlər olması haqqında fitvalar vardır və onlar aşağıdakılardan ibarətdir:
1. Müalicə üçün olsa da, vacib ehtiyata əsasən maye ilə imalə etmək;
2. Çarəsizlikdən olsa da, vacib ehtiyata əsasən qəsdən qusmaq;
3. Qatı tozu udmaq;
4. Başı bədənlə, yaxud bədənsiz suyun altına aparmaq;
5. Sübh azanına qədər cənabətli, heyzli və nifaslı qalmaq.
Bunları daha ətraflı izah edə bilərsinizmi?
Cavab: Başlayaq maye ilə imalə etməkdən. Axar (maye halında olan) şeylərlə imalə etmək haram olmasına baxmayaraq, oruc halında bu işlərin orucu batil etməsi haqqında əldə heç bir dəlil yoxdur. Həmçinin zərurət halında qəbizliyi aradan qaldırmaq və onun kimi şeylər üçün edilən imalələr də orucu batil etmir və haram da deyildir[1].
Qusmağa gəlincə yemək və içməyin qarşı nöqtəsi olan qusmaq da qəti olaraq orucu batil etmir, çünki bir-birinə zidd olan və bir-birinə qarşı olan yemək-içmək və qusmağın hər ikisinin orucu batil etməsi mümkün deyildir. Necə ki yemək və yeməmək, içmək və içməmək, cinsi münasibətə girmək və girməmək, Allah və Rəsula yalan nisbət vermək və verməmək, bunlar bir-birinə qarşı olan anlayışlardır və buna görə də hər ikisinin orucu batil etməsi mümkün deyildir. Qusmaq yeməyin ziddidir və onun orucu batil edən işlərdən olmasına dair əlimizdə bir dəlil olmamasından əlavə bu ziddiyyətin özü[2] qusmağın yemək və içmək kimi heç vaxt orucu batil edən bir iş olmamasına dair aydın bir sübutdur[3].
Qatı tozu udmağın orucu batil edən işlərdən olmasına gəlincə tüstü və toz barəsində onların oruc üçün yasaq olmaları haqqında dəlilin olmamasına əlavə Quran bir tərəfə qalsın, mötəbər bir xəbərdə də onun caizliyinə hökm olunmuşdur. Əmr ibn Səidin Həzrət Rzadan nəql etdiyi müvəssəq hədis buna dəlalət edir: “Öd ağacı (Hindistanda bitən və yandırıldıqda xoş iy verən ağac) və onun kimi bir şeyin tüstüsünü içən, çəkən və tüstü boğazına daxil olan oruc tutan şəxs haqqında soruşdum. Cavab verdi: “Heç bir vaxt heç bir maneəsi yoxdur!” Oruclu şəxsin boğazına daxil olan toz haqqında soruşduqda buyurdu: “Heç vaxt heç bir maneəsi yoxdur”.
Oruclu ikən başı bədənlə, yaxud bədənsiz suyun altına salmaq (irtimas) haram olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi oruc halında bu işin orucu batil etməsi haqqında əldə heç bir dəlil yoxdur[4]. İbn Babuvəyh (Şeyx Səduq) “əl-Hidayə” kitabında irtiması orucu batil edən işlərdən hesab etmir. “İstibsar” əsərində Şeyx Tusi, Seyid Mürtəza, Fazil və oğlu, Mühəqqiq Sani və Şəhid Sani irtiması orucu batil edən işlərdən hesab etməyən fəqihlərdəndir. Şeyx Tusi yazır: “Mənim irtimas üçün qəza, yaxud kəffarəyə dəlalət edən bir hədisdən xəbərim yoxdur”. Bütün sünni fəqihləri də irtiması orucu batil edən işlərdən hesab etmirlər.
Sübh azanına qədər qəsdən cənabət, heyz və nifas halında qalmağa gəlincə bilmək lazımdır ki, Quran-kərim yemək və içmək kimi, cənabəti və cinsi münasibəti də sübh azanına çox az bir zaman (bir neçə an) qalmış vaxta qədər halal bilmişdir[5]. Bu mövzuda Peyğəmbərdən (s) və hidayət imamlarından (ə) nəql olunmuş və ayəyə uyğun gələn rəvayətlər də bu hökmü təsdiq edir. Bu hökmə zidd olan rəvayətlər də ayəyə və birinci qrup rəvayətlərə zidd olduğuna görə qəbuledilməzdir. Buna görə də sübh azanına yaxın cünub olmaq (yəni cinsi münasibətə girmək), yaxud sübh azanına qədər qəsdən cənabət halında qalmaq heç vaxt orucu batil etmir və bu iş haram da deyildir. İmam Rza (ə)-dan “Ramazan ayında boynuna cənabət halı gələn və sübhə qədər (sübh azanına qədər) qəsdən yatan şəxsin üzərində nə vardır?” – deyə soruşulduqda İmam buyurdu: “Bunun ona heç bir zərəri yoxdur və bu, atam Musa əl-Kazimin dediyi məsələdir. O demişdir: “Aişə dedi ki, həqiqətən, Peyğəmbər – Allahın salamı ona və ailəsinə olsun! – möhtəlim olmadan sırf cinsi yaxınlıqla cünub olduğu bir halda sübhə çıxdı”[6].
Yuxarıda da qeyd etdiyimiz kimi, zahir budur ki, heyz, nifas və ələlxüsus istihazə qüslünün də hökmü belədir[7].
Orucu batil edən işlərin yalnız cinsi münasibətdə olmaq, yemək və içməkdən ibarət olduğunun dəlili bu şərafətli ayədir: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq (yəni onlarla cinsi əlaqəyə girmək) sizə halal edildi. … İndi onlarla yaxınlıq edə və Allahın sizin üçün yazdığını istəyə bilərsiniz. Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyə və içə bilərsiniz; sonra gecəyə qədər orucu tamamlayın. …”[8] Görürük ki, bütün gecə boyu yeməyin və içməyin vaxtı sübh azanından çox az bir zaman əvvələ qədər olduğu kimi, cinsi münasibət də belədir. Deməli, orucu batil edən bu üç iş sübh azanına qədər caizdir və sübh azanından əvvəl baş vermiş cənabət halı heç vaxt orucun düz olmasının maneəsi deyildir.
Deməli, deyilənlərə əsasən yalnız üç, yaxud dörd şey orucu batil edir və onun dördüncüsü – Allah-Taalaya, peyğəmbərlərə və hidayət imamlarına yalan nisbət vermək – əvvəl orucun düz (səhih) olmasının əsas şərti olan imanı batil edir. Sonra orucu batil edən işlər zümrəsindən hesab olunan digər işlərə dair[9] nəinki yalnız əlimizdə bir dəlil yoxdur, bəlkə, oruc ayəsində orucu batil edən işlər bu üç işlə təxsis olunur. Bəzi rəvayətlərdə onlarla məhdudlaşmasına dair bir neçə dəlil mövcuddur.
Sual: İynə vurdurmaq orucu pozurmu?
Cavab: Xəstənin qidalanması üçün yox, dərmanın bədənin başqa yerlərinə tez bir zamanda çatmasını təmin etmək üçün dərman məqsədilə vurulan iynə orucu pozmur.
Sual: Ağızda yığılmış tüpürcəyin, – istər az olsun, istərsə də çox – udulması orucu pozurmu?
Cavab: Tüpürcəyin udulması orucu pozmur.
Sual: Oruclu şəxs ağzını yaxalaya bilərmi?
Cavab: Oruclu şəxs suyu boğaza çatdırmamaq şərtilə ağzını yaxalaya bilər, lakin dəstəmazdan başqa vəziyyətdə boş yerə ağızı yaxalamaq məkruhdur (yəni bəyənilməyən bir işdir).
Sual: Oruc tutmuş şəxs qulağına, gözünə, burnuna dərman tökə bilərmi?
Cavab: Dərmanın dadının yemək borusunda hiss olunmasına baxmayaraq, qulağa və gözə dərman tökməyin heç bir qorxusu yoxdur, lakin dərmanın damcı şəklində buruna tökülməsinə gəlincə onunla oruc pozular.
Sual: İnsan xəstəliyini müalicə etmək istəyirsə, anus dəliyinə şam daxil edə bilərmi?
Cavab: Bəli, tibbi şamların istifadəsi orucu pozmaz. Hətta maye halında olmayan başqa məlhəmlərdən də istifadə etmək orucu pozmaz.
Sual: Oruc tutmuş kişi öz tənasül üzvünü və oruc tutmuş qadın uşaqlıq yolunu imalə edə bilərmi?
Cavab: Bəli, imalə edə bilərlər və oruc pozulmaz.
Sual: Əgər gəyirincə oruclu şəxsin mədəsindən ağız boşluğuna qida gələrsə, hökm nədir?
Cavab: Əgər özündən asılı olmayaraq, yaxud diqqətsizlikdən qida yenidən udulsa, oruc pozulmaz, lakin qida boğaz boşluğuna çatdıqda onu tüpürə biləcəyi bir halda ixtiyari olaraq qəsdən udsa, orucu pozular.
Sual: Oruclu olan ər-arvad gecə cinsi əlaqəyə girə bilərmi?
Cavab: Gecələr cinsi yaxınlıq icazəlidir. “Bəqərə” surəsinin 187-ci ayəsində buyurulur: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. …”
Sual: Orucu pozan işlər orucu nə vaxt pozur?
Cavab: Orucu pozan işlərlə oruc o zaman pozulmuş olur ki, bilərək və qəsdən edəsən.
Sual: “Bilərək”, – deyildikdə nə nəzərdə tutulur?
Cavab: “Bilərək”, – deyildikdə görülən işin orucu pozan bir iş olduğunun bilinməsi nəzərdə tutulur. Əgər insana çatdırılan şeyi yaxşı başa düşmədən, yaxud öyrəniləcək şəxs olmadığına görə öyrənə bilmədiyinə görə, bəzən də öyrənməyə diqqət edilmədiyinə görə, məsələn cinsi əlaqənin orucu pozan bir iş olduğunu bilməyən şəxs bu işlərdən birini görərsə, orucu pozulmaz.
Sual: “Qəsdən”, – deyildikdə nə nəzərdə tutulur?
Cavab: “Qəsdən”, – deyildikdə işin diqqətli və şüurlu şəkildə yerinə yetirilməsi nəzərdə tutulur. Deməli, qafilcəsinə, səhvən, yaxud unutqanlıqla heç bir qəsd olmadan və diqqətsizlikdən orucu pozan işləri yerinə yetirən şəxsin orucu pozulmur.
Sual: Oruc tutmuş şəxsin hansı işləri yerinə yetirməsi məkruhdur?
Cavab: Oruclu şəxsin aşağıdakı işləri yerinə yetirməsi məkruhdur, yəni bəyənilməyəndir:
– qadını əlləmək, öpmək və mazaqlaşmaq;
– zəifləməyə səbəb olarsa, qan aldırmaq; zəiflik yaratmazsa, ziyanı yoxdur.
– zəifliyə səbəb olacağından qorxduqda hamama daxil olmaq;
– xoşiyli hər bir bitkini, ələlxüsus Nərgiz gülünü iyləmək; xoş rayihəli ətirlərlə ətirlənmək məkruh deyil. Lakin müşkü tərk etmək müstəhəb ehtiyatdır, bəlkə, oruclu şəxsin müşklə ətirlənməsi məkruhdur. Həmçinin boğaza gedənə qədər tünd iyi iyləməyi tərk etmək müstəhəb ehtiyatdır.
– əyində olan paltarı islatmaq;
– qadının suda oturması; lakin kişinin suda oturması məkruh deyildir.
– zərurət halı istisna olmaqla diş çəkdirmək, yaxud hər hansı bir səbəbə görə ağızı qanatmaq;
– yaş çubuqla diş sürtmək; quru misvak çubuğu ilə dişləri misvaklamağın heç bir qorxusu yoxdur, bəlkə, bu iş müstəhəbdir.
– dəstəmazdan başqa boş yerə ağızı yaxalamaq;
– hidayət imamları barəsindəki mərsiyə və mədhiyyələr (qəsidələr) istisna olmaqla şeir demək.
[1] Əllamə Qərəvinin fikrinə görə, ümumiyyətlə, ehtiqan (imalə etmək) icazəlidir və dəlil olmadığına və əslə (prinsipə) uyğun olduğuna görə nə haram edilmişdir, nə də məkruhdur. (“İxtilaflı məsələlərdə istidlali fiqh” kitabı, s. 154) Oruc imalə etməklə batil olmur. (“Şərhi-risalə” kitabı, Ayətullah Seyid Musəvi Qərəvinin Ayətullah Seyid Bürucərdinin “Tovzihul-məsail” risaləsinə yazdığı haşiyələr, s. 376)
[2] Yəni yemək anlayışı ilə zidd bir anlayış olması
[3] Əllamə Qərəvinin fikrincə də qusmaq nə orucun batil olmasına, nə də qəzanın vacib olmasına səbəb olur. İstər qəsdən olsun, istərsə də səhvən. (“İxtilaflı məsələlərdə istidlali fiqh” kitabı, s. 158)
[4] Əllamə Qərəvinin fitvasına görə də oruclu ikən başı bədənlə, yaxud bədənsiz suyun altına salmaq orucu batil edən işlərdən hesab olunmur. Orucun batil olması barəsində bu yolla gəlib çatan xəbərlərin (rəvayətlərin) hamısı xəbəri-vahiddir. Həmin rəvayətləri Quran və mütəvatir hədis təsdiq etmir. Əllamə Qərəviyə görə bu işin yerinə yetirilməsi də haram deyildir. Hətta məkruhluğu belə yoxdur. Çünki bu işin məkruh olduğuna hökm etmək üçün də kifayətedici dəlillər yoxdur. Sadəcə olaraq başını suyun altına aparan şəxsin boğazına su gedəcəyinə yəqinliyi olsa, bu işi yerinə yetirməməlidir, çünki su içmək orucu batil edən işlərdəndir. (“İxtilaflı məsələlərdə istidlali fiqh” kitabı, s. 148-152)
[7] Əllamə Qərəvinin fitvasına görə də sübh azanına qədər qəsdən cənabət, heyz və nifas halında qalmaq orucu batil edən iş hesab olunmur. Cənabət, heyz və nifas qüslləri namaz üçündür və bu qüsllərin orucla heç bir əlaqəsi yoxdur. (“İxtilaflı məsələlərdə istidlali fiqh” kitabı, s. 122-148)
[9] Məsələn, müalicə üçün olsa da, vacib ehtiyata əsasən maye ilə imalə etmək, çarəsizlikdən olsa da, vacib ehtiyata əsasən qəsdən qusmaq, qəsdən böyük hədəs (heyz, nifas və cənabət halı) üzərində qalmaq və sübh azanına qədər qüsl etməyi tərk etmək, başı bədənlə, yaxud bədənsiz suyun altına salmaq, qəsdən qatı və qeyri-qatı tozu udmaq
Cavab: Orucun insana vacib olması üçün aşağıdakı şərtlərin olması zəruridir:
1. Oructutanmüsəlmanolmalıdır; kafirə oruc tutmaq vacib deyil, tutsa da, qəbul olunmaz.
2. Oructutanşəxs oruc tutmaq üçün yetkinlikyaşınaçatmalıdır; mübarək Ramazan ayının orucu bütün oğlan və qız mükəlləflərə – ümumi qayda baxımından – orta hesabla hicri-qəməri təqvimilə təxminən on üç yaşında (miladi təqvimi ilə 12 yaş 7 ay 20 günlüyündə) vacibdir. Bəzi rəvayətlərdə də orucda hər ikisinin həddi-büluğa çatmasının adi yaşının 13 yaş olduğu qeyd olunmuşdur. Buna görə də ənənəvi fiqhə əsasən qızların oğlanlardan altı il əvvəl (h. q. təqvimilə 9 yaşında) oruc tutmasının özü də (!) qızlar üçün yolverilməz bir məcburiyyətdir. Buna əsasən qızlar üçün doqquz, oğlanlar üçün 15 yaş fikirlərinin və fitvalarının heç bir əsası yoxdur.
Əgər on üç yaşından əvvəl mükəlləf olsa, yəni oğlan uşağıdırsa, möhtəlim olsa (yəni yuxuda ondan sperma xaric olsa), qız uşağıdırsa, aybaşı görməyə başlasa və oruc tutma gücünə sahib olmasa, ona oruc tutmaq vacib deyildir ki, “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. …”[1]. Lakin oruc tutma gücünə sahib olsa, oruc tutması vacibdir. Əgər on üç yaşı da keçsə və yenə də çətinlik və ya zərərli olduğuna görə oruc tutma gücünə sahib olmasa, oruc tutması vacib deyil. Bir sözlə, orucda mükəlləfin malik olduğu fiziki güc və qüdrəti də, eyni zamanda digər qüvvələri də əsas şərtdir.
Sual: Hicri-qəməri təqvimilə on üç yaşı tamam olmayan, yaxud on üç yaşı tamam olmamışdan əvvəl həddi-büluğun yuxarıda deyilən fiziki əlamətləri təzahür etmədiyinə görə həddi-büluğ olmayan, lakin oruc tutma gücünə sahib olan uşağın oruc tutmasının hökmü nədir?
Cavab: Oruc tutması vacib deyil, lakin savab qazanmaq üçün oruc tutarsa, əməli düz olar, qəbul olunar və ona savab yazılar.
3. Qadına orucun vacib olması üçün o, sübh azanından Günəş batana qədər heyz (aybaşı) və nifas qanından pak olmalıdır; heyz və nifas halında olan qadının oruc tutması vacib deyil. Əgər oruc tutarsa, orucu düz deyil.
Sual: Əgər oruc tutmuş bir qadından gün əsnasında heyz və yaxud nifas qanı gələrsə, onun orucu pozularmı?
Cavab: Bəli, onun orucu pozular və həmin gün oruc tuta bilməz. Sonra onun qəzasını tutmalıdır.
Səhih bir rəvayətdə Ramazan ayında Günəş batmamışdan əvvəl aybaşı görməyə başlayan qadın haqqında soruşulduqda İmam Cəfər əs-Sadiq (ə) belə cavab verdi: “Aybaşı görməyə başladıqda orucunu yeyər!”[2]
Əbdürrəhman ibn Həccac deyir: “Əbülhəsəndən (İmam Musa əl-Kazimdən) “O bu günü sona çatdırmalıdır, yoxsa orucunu yeməlidir?” – deyə əsrdən sonra doğan qadın haqqında soruşdum”. Belə cavab verdi: “Orucunu yeyər və bu günün qəzasını tutar!”[3]
Sual: Əgər qadın Ramazan ayında gecə heyz, yaxud nifas qanından təmizlənərsə və qan kəsilərsə, nə etməlidir?
Cavab: Qadının sübh azanına qədər qəsdən heyz, nifas və ələlxüsus istihazə halında qalması heç vaxt orucu batil etmədiyinə və bu iş də haram olmadığına görə qadın Ramazan ayında gecə (sübh azanından əvvəl) heyz, yaxud nifas qanından təmizlənərsə və qan kəsilərsə, oruc üçün qüsl etməsi vacib deyildir. Niyyət edib orucunu tutmalıdır və orucu düzdür. Qılacağı sübh namazı üçün qüsl etməsi vacibdir.
Sual: Əgər qadın gecə qanın kəsilməsini bilməsə və bunu sübh azanından sonra bilsə necə?
Cavab: Niyyət edib orucunu tutmalıdır və orucu səhihdir (düzdür).
Sual: Bəs qadın gün ərzində heyz, yaxud nifas qanından təmizlənərsə, həmin günün orucunu tutmalıdırmı?
Cavab: Qadının həmin günün orucunu tutması vacib deyil. Sonra o günün qəzasını tutmalıdır.
4. Orucun vacib və düz olması üçün mühüm olan şərtlərdən biri də orucun insan üçün zərərli olmamasıdır, yəni tutulan oruc insan üçün zərərlidirsə, bu halda orucu yemək (yəni orucu tutmamaq) vacibdir.
Sual: Orucun zərərli olması deyildikdə nə başa düşülür?
Cavab: Orucun insan üçün zərərli olması deyildikdə aşağıda deyilən halların ortaya çıxması başa düşülür:
– Orucun insanda mədə və bağırsaq yarası, böyrək ağrısı, qan azlığı kimi xəstəliklərin yaranmasına səbəb olması;
– mövcud olan xəstəliyin şiddətlənməsinə səbəb olması;
– onun sağalmağının gecikməsinə, yaxud da xəstəliyin ağrısının artmasına səbəb olması.
Bu zərərlərin dərhal üzə çıxması ilə tutduğu oruca görə gələcəkdə yaranması arasında heç bir fərq yoxdur.
Sual: Tutulan orucun insan üçün zərərli olması haqqında insanda dəqiq tibbi məlumatın olması lazımdırmı?
Cavab: Xeyr, dəqiq tibbi məlumatın olması şərt deyil. Yalnız insanın daxilində zərərin qorxusunu yaradan zənn və ehtimalın olması kifayətdir.
Sual: Səfərdə oruc tutmağın hökmü nədir?
Cavab: Əgər zərərli bir cəhət, yaxud çətinlik yoxdursa, imkan daxilində müsafirin də başqa şəxslər kimi oruc tutması vacibdir. Orucun tərk olunması üçün istisna mövzu hesab olunan xəstəlik kimi, səfər də yalnız zərər, yaxud çətinlik olaraq orucun yeyilməsinə səbəb ola bilər, vəssalam. Səfər o cəhətdən xəstəliklə eyni kateqoriyaya daxil edilir ki, keçmişdə oruc halında edilən səfərlər xəstəliyin yaranmasına səbəb olurdu. Əks təqdirdə hər bir səfəri xəstəliklə bir sıraya daxil edə bilmərik. Hal-hazırkı müasir səfərlərdə çox vaxt insan öz evindən də rahat şəraitdə olur. Bu hökmün əsası “Allah sizin üçün üsr (zərər) deyil, yüsr (yüngüllük) istər. …”[4]şərafətli ayəsidir ki[5], bu ayəyə görə vətəndə çətinlik orucun tutulmasına maneədir. Hər bir səfərdə onun asan olması orucun tutulmasının səbəbidir (yəni səfərdə oruc tutmaq asan olarsa, mütləq tutulmalıdır).
Ümumiyyətlə, oruc üçün üzr olaraq müəyyənləşdirilmiş xəstəlik və səfər bu iki vəziyyətdə qarşıya çıxan çətinlik, yaxud zərərə görədir. Bu prinsipə əsasən yalnız bu iki vəziyyətdə (zərər, yaxud çətinlik) oruc vacib deyildir. Əlbəttə, bir surətdə ki, çətinlik, ya zərər qeyri-ixtiyari olsun, ya da məcburi olduğu surətdə onları (yəni çətinliyi, yaxud zərəri) aradan qaldırmaq mümkün olmasın.
Sual: Ramazan ayında səfərə çıxmaq icazəli hesab edilirmi?
Cavab: Oruc tutmağın haram olduğu müsafirət, məsələn mükəlləfin zərər və çarəsizliyə (iztirar və məcburiyyətə) giriftar olub zorla oruc tutma gücünü əldən verəcəyini bildiyi müsafirət mübarək Ramazan ayında mükəlləf üçün icazəli deyil. Lakin bərabər, yaxud daha üstün bir zərurətin qarşıya çıxması istisnadır. Buna əsasən Ramazan ayında oruc tutmaqdan qaçmaq, yaxud zəruri olmayan və ya daha az zərurəti olan hər bir başqa məqsəd üçün oruc tutmaq zərər gətirən müsafirət bütünlüklə haramdır.
[5] Bu ayədən əvvəlki ayələrdə əvvəl oruc bütün mükəlləflərə vacib edilmişdi: “… Oruc sizə vacib edildi!” (“Bəqərə”, 183) Sonra oruc xəstəlik və səfər vaxtı haram olmuşdur ki, səbəbi sonrakı ayədə zikr olunmuş və buyurulmuşdur ki, çətinlik olduqda oruc tutmaq daha xeyirlidir. Nəhayət, Allah sizin üçün yüngüllük istər, ağırlıq (çətinlik, zərər) istəməz. Nəticədə əgər oruc çətinlik yaradarsa, qatlaşılmaz olarsa, vacib deyil, əksinə müstəhəbdir. Əgər zərərli olarsa, haramdır və bu iki surətdən qeyrisində vacibdir. Buna görə də çətinlik, yaxud zərər vəziyyəti istisna olmaqla bu arada səfər və xəstəliyin heç bir rolu yoxdur. Əgər işin içində çətinlik, yaxud zərər olmasa, bəlkə, asanlıqla oruc tuta bilsə, oruc tutmaq vacibdir. Və qeyri-ixtiyari çətinlik və dözülməzlik surətində müstəhəbdir. Doğrudurmu ki, çətinlik və dözülməzlik olduğu surətdə vətəndə oruc tutmaq müstəhəb olsun, lakin heç vaxt çətinliyin belə olmadığı səfərdə oruc tutmaq haram olsun? Əslində bu özü mühümün əhəmdən (daha əhəmiyyətlidən) önə atılmasıdır ki, çətinlik və dözülməzlik surətində oruc tutmaq müstəhəbdir, lakin asanlıq olduğu surətdə sırf səfərə görə oruc tutmaq haramdır. Təyəmmüm mövzusunda da “su tapmadığınız zaman” ifadəsini (“Nisa”, 43, “Maidə”, 6) xəstəlik və səfərdən (“Nisa”, 43) sonra gətirmişdir. Şübhəsizdir ki, yalnız su tapa bilmədiyiniz səfər nəzərdə tutulur. Oruc mövzusunda da səfərin xəstəliyə əlavə olunması səfərdə orucun həmin zərərli olması səbəbilədir və səfərin özünün heç bir mövzusu yoxdur. … (“Yeni tovzihul-məsail” risaləsi, “Oruc” fəsli, § 6. Haram oruc, 411-ci məsələnin haşiyəsi, Ayətullah Mühəmməd Sadiqi Tehrani)
Sual: Ramazan ayının giriş və çıxışı, yəni hansı günün Ramazan ayının birinci günü və hansı günün Fitr bayramı günü olduğu, bir sözlə, qəməri ayın başlaması hansı yollarla təsbit edilir?
Cavab: Qəməri ayın əvvəlinin təsbit olunması üçün çoxlu hökmlər və yollar vardır ki, onlardan biri də mükəlləfin özünün həqiqətdə hilalı (ayparanı) görməsidir.
Sual: Görmənin adi gözlə olması şərtdir?
Cavab: Görmənin adi gözlə olması şərt deyildir, eynək və ondan qeyrisi kimi yaxınlaşdırıcı vasitələrə etimad etmək də doğrudur. “Gördükdə oruc tut, gördükdə orucunu ye!” hədisi görməni xüsusi bir vasitə ilə məhdudlaşdırmamışdır. Buna əsasən Ayı görməkdə ən yaxşı vasitələrdən biri hesab olunan teleskop ayın əvvəlini sübuta yetirmək üçün yolu hamı üçün açır və asanlaşdırır, bütün ixtilafların qarşısını alır. Əgər bu məsələyə diqqət və əməl edilsə, artıq hər il bir neçə Fitr bayramının və bir neçə bayram namazının şahidi olmayacağıq.
Sual: Qəti (dəqiq) və yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidirmi?
Cavab: Bəli, qəti (dəqiq) və yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir. Ayın muhaqdan[1] çıxıb görünməsi mümkün olacaq şəkildə üfüqdə olması barəsində insanı yəqinlik və arxayınçılığa gətirib çıxaran hər bir elmi səy və cəhdlə də qəməri ayın əvvəli təsbit edilir. Müsəlman olmasalar da, mütəxəssis astronomların bu barədə şəhadət vermələrinə etimad etmək mümkündür. Bu (yəni etimad), onların sözündən qətilik və arxayınlıq hasil olduqda olur.
Sual: Ayparanı (hilalı) görməkdə ölçü və meyar olduğumuz həmin üfüq, yaxud həmüfüq və ya yaxın üfüqlü şəhərlərdir, yoxsa uzaq üfüqlü şəhərlərin birində ayparanın görünməsinin mümkünlüyü bizim üçün də kifayət edir?
Cavab: Şər’i dəlillərdən başa düşülən budur ki, gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Seyid Fəzlullah bu məsələ ilə əlaqədar belə fitva verir: “Hilalın bir ölkədə təsbit edilməsində onun həmin ölkə ilə gecənin bir hissəsində olsa da, müştərək olan hər hansı başqa bir ölkədə təsbit edilməsi kifayət edir. Belə ki, Ay görünən ölkədə Günəş, mükəlləfin yaşadığı ölkədə fəcr tülu etməmişdən qabaq (yəni sübh namazından əvvəl) batır”[2].
İslamın böyük fəqihlərindən olan Ayətullah Seyid Mühəmməd Hüseyni Ruhani “Minhacus-salehin” adlı fiqhi əsərində bu barədə belə fitva verir: “Əgər hilal bir şəhərdə görünərsə, üfüq müştərəkliyinin olması ilə başqa bir şəhərdə hilalın sübut olunmasında bu kifayət edir. Bəlkə, zahir odur ki, hər hansı bir ölkədə hilalın görünməsi, gecədə onunla müştərək olan başqa ölkələrdə də hilalın sübut olunmasında kifayət edir. Baxmayaraq ki, onların birində gecənin əvvəli, digərində isə gecənin sonu olur”[3].
Dövrün böyük fəqihi Ayətullah Əllamə Musəvi Qərəvi də qəməri il ayının birinci gününün Ayın Yer kürəsi üçün doğmasından etibarən başladığını hesab edib üfüq və ölkələrin coğrafi sərhədlər etibarilə bir-birindən ayrılmasını inkar edir. Onun fikrinə görə İslam ölkələri arasındakı mövcud ixtilaf şər’i bir məsələ yox, zərərli siyasi bir məsələdir. Çünki şər’i hökmlərin böyük bir hissəsi və onların əməli cəhəti ümmət arasında təfriqə yaymaqdan yox, vəhdət yaratmaqdan ibarətdir[4].
Bu fitvalara əsasən Şimali və Cənubi Amerikada, Afrikada, ərəb və digər İslam ölkələrində hilalın adi gözlə və ya yaxınlaşdırıcı cihazlarla görünməsinin mümkünlüyü dəqiq astronomik hesablamalarla sübuta yetərsə, bizim üçün də ayın əvvəli sübuta yetmiş olur.