AVROPALI KÖÇƏRİ, MÜSƏLMAN QƏLBLİ RUS QADIN

izabelİzabel Eberhardt Avropada İslamı qəbul edən qadınların, bəlkə də, ən birincisidir. Öz dövrü və mühiti üçün həddindən artıq orijinal, fərqli və bir qədər də qəbuledilməz olan bu qadın hələ də bütün dünya üçün sirr olaraq qalmaqdadır. Təsadüfi deyilldir ki, onu həyat tərzi, fəaliyyəti, baxışlarına görə “əsrarəngiz”, “qəribə”, “anarxist” kimi adlarla xatırlayırdılar. O, həqiqətən də, çox maraqlı və təzadlı bir ömür yaşamışdı. Elə buna görə də onun haqqında bu gün də müxtəlif şayiələr söylənilməkdədir.

Anası Natalya Nikolayevna Merder Sankt-Peterburqun adlı-sanlı Eberhardt nəslinə mənsub olan, lüteran təriqətli  xristian, atası – Pavel Karloviç Merder isə 1812-ci il müharibəsi veteranı, Rusiyada bir çox yüksək vəzifələrdə, o cümlədən senator vəzifəsində də çalışmış əsilzadə zadəgan idi. Lakin İzabel sərbəst düşüncəsi, ağlı və kamalı ilə daha çox atalığı Aleksandr Trofimovskiyə çəkmişdi. Oxumağa davam et

ŞULƏ YÜKSƏL ŞƏNLƏR

Dövrünün mətbuat dünyasında yer alan böyük bir yazıçı. Eyni zamanda dövrünün müsəlman qadınlarına bir nümunə. Türkiyədə baş örtüsü və islami təsəttürə ilk damğasını vuran, qorxmadan və çəkinmədən bu yolda mübarizə edən bir mücahid qadın. Onun başladığı mübarizə yolunda bu gün minlərlə qadın irəliləyir.

O, mübarizə apardığı illər ərzində İslam həqiqətlərinin xanımlar arasında yayılmasında ən böyük rolu olan bir qəhrəmandır. Anadolunun bütün şəhər və qəsəbələrini addım-addım dolaşmış və 600-ə yaxın konfrans keçirmişdir. Hətta həbs edilmiş, hər cür əzab və əziyyətə qatlaşmışdır, lakin mübarizəsindən əsla əl çəkməmişdir.

Şulə Yüksəl Şənlər 1938-ci il may ayının 29-da Qayseridə anadan olub. Ailəliklə əslən kiprlidirlər. Ərəblər Kipri fəth edən zaman oraya gələn Peyğəmbərimizin bibisi qızı Hala Sultan nəslindəndir.

6 yaşında ikən atasının işi ilə əlaqədar olaraq ailəsi ilə İstanbula köçür, orada orta məktəbi bitirir, lakin anasının səhhəti ilə əlaqədar olaraq təhsilini davam etdirə bilmir.

Məktəbi tərk etdiyinə görə çox pərişan olan Şulə Yüksəl: “Əvvəllər məktəbi tərk etdiyimə görə çox təəssüflənirdim. Amma indi təəssüflənmirəm. Bəlkə də, oxusaydım, bugünkü islami mədəniyyəti tapa bilməyəcəkdim. Hər şeydə bir xeyir və hikmət var” – deyir.

Evdə də boş vaxtlarında bədii kitablar oxumağa başlayır. Əlinə düşən bütün kitabları oxuyur. Arada hekayələr yazır. Artıq 13 yaşında ikən hekayələrini “Yelpazə” jurnnalında nəşr etdirir. Elə ilk yazıçılıq fəaliyyətinə də buradan başlayır. İlk məqalələri isə həftəlik çıxan “Qadın” qəzetində nəşr edilir. Sonra dövrün ən məşhur yazıçılarının da adlarının çəkildiyi “Yeni İstiqlal” qəzetinin gənclik rubrikasında yazmağa başlayır.

Həmin vaxtlarda əvvəl rəsm, sonra isə musiqi dərsləri alır. Kanunda ifa etməyi öyrənir.

Bütün bunlarla paralel Şulə Yüksəl Şənlər sosial fəallığı ilə də fərqlənir. Eyni zamanda bir neçə dərnəyin üzvü olur. Müxtəlif cəmiyyətlərdə rəhbər vəzifələri icra edir. Daha sonra isə siyasətə atılır və Ədalət Partiyasının “Gənclik”, “Ədəbiyyat və Mədəniyyət” qollarına rəhbərlik edir. 63-64-cü illərdə Partiyanın seçkilərə hazırlığı üçün keçirilən təbliğat mitinqlərində iştirak edir və nitqlər söyləyir.

Şulə Yüksəl Şənlərin böyük qardaşı Özər Şənlər Səid Nursinin yaxın ətrafında olan gənclərdən idi. O, ailəsinin modern həyat tərzi, ana və bacılarının örtünməməsi ilə barışa bilmirdi. Anasına və bacılarına, xüsusən də Şulə Yüksələ İslam mədəniyyətini yorulmadan aşılayar, örtünmələrini xahiş edərdi, lakin onlar bunun bir gerilik olduğunu, onların isə “müasir”  qadınlar olduqlarını söyləyib bu işdən boyun qaçırardılar.

Həmin vaxtlarda Özər sarılıq xəstəliyinə yoluxur və ölümcül vəziyyətdə xəstəxanada yatır. Şulə Yüksəl ondan nə istədiyini soruşur, o isə cavabında “Risaleyi-Nur” dərslərinə getməsini xahiş edir.

Beləliklə, Şulə Yüksəl din dərslərinə getməyə başlayır və elə ilk dərsdən İslam dininin gözəlliyinə valeh olur, lakin bir müddət din dərsləri ilə paralel, sosial fəaliyyətini də davam etdirir.

Din dərslərinə artıq anası da onunla bərabər gedirdi. 1965-ci ildə əvvəlcə anası, sonra isə Şulə Yüksəl örtünür. O, örtündüyü günü belə xatırlayır: “Başörtümü örtmək üçün aynanın qarşısına keçdim. Sanki şeytanla mənim aramda bir mübarizə başladı. Başımı yarı qapalı şəkildə örtdüm və öz-özümə dedim: “Bu gülməli vəziyyətim nə vaxta qədər davam edəcək? Anam örtünür mən niyə örtünmürəm”. Bu dəfə baş örtümü qabağa çəkib başımı tamamən örtdüm, lakin güzgüdən sanki əksim mənə dedi ki: “nə qədər çirkin oldun”. Mən örtünü təkrar geri itələdim. Sonra da belə etdiyim üçün peşman oldum. Bu şəkildə bir muddət davam etdi və birdən ağlıma bu fikir gəldi. Mən gözəlliklə çirkinlik üçünmü mübarizə aparıram, yoxsa imanım üçünmü? Bir çəngə saça görə imanımdanmı olacağam? Bəli, ən sonunda qalib gəldim şeytanıma. Əlhəmdulillah”.

Örtündükdən sonra Şulə Yüksəl bütün dərnək və partiyalarla əlaqəsini kəsir. Hətta həmin vaxtlar ona Ədalət Partiyasından millət vəkilliyi təklif edilir, lakin o, bu təklifi qəbul etmir.

“Yeni İstiqlal” qəzetində yazmağa başlayır. Qəzet səhifəsinin dörddə bir hissəsində həm qadınlar üçün təsəttür modelləri, həm uşaqlar üçün dini hekayələr, həm də öz fikirlərini yazmağa başlayır. 26 yanvar 1967-ci ildə yazdığı “Müsəlman qadınların örtünməsi vacibdir” məqaləsinə görə Türk Qadınlar Birliyi onu məhkəməyə verir. İlk məhkəməsi bu yazısı ilə başlayır. Həmin məhkəmədə bəraət qazanır və fəaliyyətinə davam edir. Qəzetdə yazmaqla bərabər Şulə Yüksəl artıq müxtəlif şəhərlərdə dini mövzuda konfranslar verməyə başlayır. Verdiyi konfranslar çox böyük marağa və əks-sədaya səbəb olur. Bəzən konfransa başı açıq gələn qadınlar örtünüb çıxırdılar. Ən böyük konfransı Ankarada keçirilmişdir. Dil, Tarix, Coğrafiya Fakültəsində keçirdiyi konfransda on minə yaxın qadın iştirak etmişdi. Onların içərisində millət vəkilləri, tələbələr, teatr aktrisaları var idi.

Şulə Yüksəl Şənlər 1967-ci ildə Türkiyə Prezidentinin Qurban bayramı münasibətilə xalqa müraciətində söylədiyi “Quranda örtünmək və ya açılmaqla bağlı heç bir ayə yoxdur və bu örtünməyə təşviq edən öncülər mütləq cəzalarını alacaqlar” sözlərinə cavab olaraq bir məqalə yazır. Bir müddət sonra Roma Papasının Türkiyəyə gəlməsinə qarşı çıxıb “Ağlayın, ey müsəlmanlar, ağlayın” adlı daha bir məqalə yazır. Bu məqalələrdən sonra Şulə Yüksəlin həbs edilməsi qərarı çıxır və 1971-ci ildə 13 ay 10 gün müddətinə azadlıqdan məhrum edilir.

Həbsxanadan çıxdıqdan sonra Şulə Yüksəl yenə də yarımçıq qalmış fəaliyyətini davam etdirir. “İdealist Xanımlar Dərnəyini” yaradır və dərnəyə özü rəhbərlik edir. Qeyd edək ki, dərnəyə gələn gənc qızların içərisində Əminə Gülbaran (Ərdoğan) da var idi.

Şulə Yüksəl iki dəfə ailə qurmuş, lakin hər ikisi uğursuz olmuşdur. Anası Ümran xanım vəfat etdikdən sonra atasının yanına köçür. Böyük maddi sıxıntı keçirən Şulə Yüksəl bir müddət sonra atasını da itirir. Uzun illərin çəkdiyi gərginlik, stres və əziyyət özünü göstərdi. O, yaddaşını itirdi və bu günə qədər də həkim nəzarəti altında yaşayır.

Bu il 72 yaşını qeyd edən Şulə Yüksəl Şənlərin ən böyük arzusu gənc qızların başında örtü görməkdir. Ömrünü, malını və canını bu mübarizə yolunda sərf edən Şulə Yüksəlin arzusu artıq həyata keçmişdir. O dövrlər kiçik bir qrup olan örtülü xanımların sayı bu gün minlərə, milyonlara çatmışdır.

Kifayət Həsənli

LEYDİ EVELİN ZEYNƏB KOBALD

Lahor Əhmədiyyə hərəkatının “Sülh Mesajı” (Paigham Sulh) adlı kitabından tərcümə edilmış 13 fevral 1963-cü ildə Mövlana Yaqub Xan tərəfindən yazılmış bir məqalənin belə bir başlığı var: “İslamı qəbul etmiş Şotlandiyalı Leydi Kobaldın İslam qaydalarına uyğun dəfn mərasimi. Bir Şotland dağının zirvəsində müsəlman qəbri. Baş daşında bu sözlər həkk olunub: “Allah göylərin və Yerin nurudur”.

Öz ata yurdunda vəfat etmiş bu xanım İnvernesdən 60 mil aralıda yerləşən çox böyük bir malikanəsinin mərkəzində – uca bir təpədə üzü Məkkəyə doğru dəfn edilməsini vəsiyyət etmişdir. Dəfn zamanı imamlıq edən Şeyx Mühəmməd Tufayl 30-40 adamın iştirak etdiyi bu mərasimdə xanımın vəsiyyətinə uyğun olaraq heç bir xristian nazirinin iştirak etmədiyinin şahidi olub. Dəfndə ərəbcə dualar, o cümlədən Qurandan müəyyən ayələr oxunub. Baş daşında ərəbcə yazılmış “Allahu nur-us səmavati vəl ard” sözləri də Leydi Kobaldın vəsiyyətinə görə qeyd olunub.

Şotlandiyanın Danmor qrafının ən böyük qızı olan Leydi Evelin Zeynəb Kobald (1867-1963) böyük gücə və muxtariyyata sahib idi. O, etnik milli mənsubiyyəti, əcdadları ilə ifrat dərəcə fəxr edən və ingilisləri özündən aşağı səviyyədə görən, Şotlandiyanın tipik zadəgan sinfinə mənsub bir xanım idi. Uzaq bir məkanda böyük ixtiyara sahib, müstəqil fikirli bir xanımı İslam dini hidayət etdi və gerçək Allahı ona tanıtdı və sevdirdi. Yüksək bir zirvədə və zadəganların hüzurunda bu bəyannamə ilə insanlara həqiqəti çatdırdı: “Allah göylərin və Yerin nurudur”.

Leydi Kobald həcc mərasimini icra edən ilk britaniyalı, bəlkə də, ilk qərbli xanım-zəvvar olub. Öz təəssüratlarını və qazandığı təcrübəni “Məkkə ziyarəti” (Pilgrimage to Mecca) adlı kitabında qeyd etmişdir. Onun “İlluziya ölkəsi-Kenya” (Kenya, A Land of Illusion) adlı kitabı da var.

Londonun “The Times” və “Daily Telegraph” qəzetləri xanım haqqında nekroloq dərc etdirib. Onun İslamı necə qəbul etməsi haqqında fikirləri və fotoşəkli “Bizim seçimimiz İslamdır” (“İslam Our Choice”) kitabının 171-ci səhifəsində yerləşdirilib.

Həcc ziyarətini 1933-cü ildə yerinə yetirib. Ərəbcə çox yaxşı danışa bilirdi. Onun kitabxanasında ərəb sufizminə aid kitablar və 1917-ci il nəşrli Mövlana Mühəmməd Əlinin ingilis dilinə tərcümə etdiyi Quran-kərim tapılıb. 1929-cu ildən dul qalıb və yenidən ailə həyatı qurmayıb.

“The İslamıc Review” (İslami Baxış”) jurnalında 1933-cü il 14 dekabrda Mühəmməd Peyğəmbərin (s) mövludu şərəfinə Böyük Britaniyanın Müsəlman Cəmiyyəti tərəfindən Londonda keçirilmiş təntənəli gecədə Leydi Kobaldın məruzəsi dərc olunub. Həmin yığıncaqda xanım ev sahibəsi kimi çıxış edib. Peyğəmbərin həyatı barədə söylədiyi möhtəşəm çıxışı ilə yanaşı Məkkə və Mədinə şəhərlərinin şəkillərini slayd şəklində çıraqla divarda göstərərək zalda iştirak edənlərdə canlı təəssürat oyadıb. Eyni zamanda Hira mağarasını, Peyğəmbər məscidini, Kəbəni, Məscidül-Əqsanı, Cəbəl Ühüdü və Peyğəmbərin həyatı ilə bağlı Məkkə və Mədinənin müxtəlif yerlərinin təsvirini göstərib. Bu qısa vaxt ərzində Hz. Mühəmmədin (s) olduğu müqəddəs yerləri müsəlmanlara  bir daha xatırladıb, qeyri müsəlmanların yaddaşında isə silinməz iz qoyub. Onun söylədiyi çıxışından aşağıdakı sətirləri qeyd etmək istərdik:

“Xanımlar və cənablar, xüsusilə mənim müsəlman bacı və qardaşlarım! Peyğəmbərin (s) doğum günü ilə əlaqədar qeyd edilən bu gecəyə xoş gəlmisiniz! Bildiyiniz kimi bir neçə ay əvvəl mən Məkkə ziyarətində olmuşam və Peyğəmbərimizin doğulduğu və ilk 40 ilini yaşadığı müqəddəs yerləri görmüşəm. Ona hələ o zamanlar Əl-Əmin ləqəbi verilmişdi, çünki onun heç vaxt vədinə xilaf çıxdığı, yalan danışdığı, yoldaşlarını pis vəziyyətdə qoyduğu görünməmişdır. Hər zaman azyaşlı uşaqlara mehribancasına yanaşar, onlarla xoş rəftar edər və ehtiyac içində olanlara kömək əlini uzadardı. O dövrdə bütlərə tapınan, insan qurbanı tələb edən, öz qız övladlarını diri-diri torpağa basdıran cahillərin əməllərinə qəzəblənər və buna çox təəssüflənərdi. İlk dəfə bəşəriyyətə elçi-peyğəmbər olaraq seçilməsi bəyan olduğu Hira mağarasında həmin günə qədər tənha qalıb Rəbbinə dua edərdi. Peyğəmbərlik əmrini ilk olaraq xanımı Xədicəyə və daha sonra ona ən yaxın olan qohumlarına bildirir. Bütlərə inanan insanları Allah üçün ibadətə yönəltmək olduqca çətin bir iş idi. O bilirdi ki, öz qəbiləsi – Qüreyş ən qatı düşməni olacaq. Buna baxmayaraq bu sözlərlə ətrafındakı insanlara müraciət etdi: “Əgər məni doğru danışan, həqiqəti söyləyən bir insan kimi tanıyırsınızsa, məni dinləyin. Siz, ey yeganə qudrət sahibinin yaratdığı insanlar, həyat karvanınız bir gün sizdən uzaqlaşacaq və ölüm sizi haqlayacaq. Sahib olduğunuz hər şeyi tərk etməli olacaqsınız. Sizinlə əbədi qalan yalnız bu dünyada etdiyiniz əməlləriniz olacaq. Tərifə layiq olan yeganə varlıq Allahdır ki, Onun adları təkrar olunmağa dəyər. O, xidmət edilməyə layiq bir əzəmət sahibidir. Yalnız Onu düşünün, Onun hüzurunda əyilin. Yalnız Ona inanın, Ondan qorxun. Onunla heç kim müqayisə edilə bilməz, Onun izni olmadan heç kim və heç nə var ola bilməz. Buna görə də Allahla sizin aranızda olan vasitəçinin – Peyğəmbərin sözlərinə əhəmiyyət verin”.

Bundan sonra Hz. Mühəmmədin (s) keşməkeşli, çətin həyatı başlayır. Tərəfdarları şəhid edilir və ya ağır işgəncələrə məruz qalır. Nəhayət, Mədinəyə hicrət edir. Artıq ona itaət edən müsəlmanlarla asi olan kafirlərə qarşı 10 il davam edən cihad dövrü başlayır. Nəhayət, öz missiyasını sona çatdırır və bütpərəstliyə son qoyulur. Peyğəmbər (s) qələbə ilə Məkkəyə qayıdır. Onu nə qədər uca tutaraq bir kral kimi hörmət etsələr də, yenə öz sadə həyatına davam edir. Allahın Rəsulu öz davamçılarına vəsiyyət edərək onları elm öyrənməyə, həyat hadisələrinə şüurlu yanaşmağa çağırır və buyurur ki, “alimin mürəkkəbi şəhidin qanından daha dəyərlidir”. Çünki elm bizim yaxşını pisdən (haqqı batildən) ayırma bacarığımız, Allaha gedən yolu işıqlandıran bir nur, əsl səadətimizə çatmaq üçün bir vasitədir, düşmən əleyhinə istifadə etdiyimiz silahdır”. Onun davamçıları İslam dinini nəinki Asiyada, hətta Misir, Şimali Afrika, İspaniya və Cənubi Avropada yayaraq müxtəlif universitet, məscid, xəstəxanalar və şəhərlərdə məktəblər təşkil edib və öz imanlarına sarılaraq İslam dinini sivilizasiyanın fənəri kimi əllərində tutaraq xürafat və nadanlıq içində boğulan, qaranlıq Avropaya işıq salmışdılar.

Mühəmməd (s) bu dünyada ən böyük Peyğəmbər və şəxsiyyət olub. Biz müsəlmanlar Qurandan və ondan nümunə götürərək həyatımızı onun görmək istədiyi kimi imanla yaşamağa çalışmalıyıq, çünki o bilirdi ki, bəşəriyyətin yaralarını məhz İslam dini sağalda bilər”.

Gülnarə Məmmədova  

POROXOVA: “QURANI OXUDUNSA, ARTIQ MÜSƏLMANSAN”

POROXOVA“Mən Quran-kərimi oxuyanda içimə ilham dolur, sevinirəm və üzüm təbəssümə qərq olur. Ona görə də mənim üzüm, demək olar ki, hər zaman gülür. Axı Peyğəmbərimiz (s) də “İnsanlara heç bir şey verə bilmirsinizsə, heç olmasa, təbəssüm bəxş edin”, – deyə buyurub. Tutqun və kədərli sima İslamdan deyil. Bu, sanki yaranmış vəziyyətə görə Allaha irad tutmağa bənzəyir. Nə yaxşı ki, bu dini vaxtında qəbul etdim və Allahın doğru yolunu seçdim, bunu həyatımda edə bildim. Müsəlman olduğum üçün elə xoşbəxtəm ki!”

Rus zadəgan əsilli, xaç suyuna salınmış və provoslav əqidəli həqiqi xristian qadın Valeriya Mixaylovna Poroxova artıq müsəlmandır. İslam dinini qəbul etdikdən sonra özünə İman ləqəbi götürərək çoxsaylı rus oxucu kütləsini Quran-kərimin ilk dəfə şeriyyət dilində tərcüməsi ilə tanış edən ilk mütərcimdir. Bununla da müqəddəs kitabın yalnız izah və təfsirlərini deyil, eyni zamanda onun möcüzəsini, ruhunu da çatdırmağa çalışan və buna nail olan bir alimdir.

Müsəlman kişilərlə izdivacdan sonra İslamı yeni qəbul etmiş bir çox qərbli qadınlar kimi ixtisasca linqvist olan, Rusiyanın iri ali təhsil ocaqlarından birində ingilis dili və ədəbiyyatından dərs verən və tamamilə başqa planlar düşünən Valeriyanın da İslamla tanışlığı suriyalı aspirant Mühəmməd Səid ər-Roşd ilə ailə həyatı qurduqdan sonra başladı. Evlənərkən “hər kəs öz dinində azaddır”, – prinsipi üzrə anlaşma qəbul etsələr də, müsəlman mədəniyyətinin beşiklərindən olan Suriya məişəti, Dəməşq ənənələri ona təsirsiz qalmır. “Müsəlman cəmiyyətində ailə müqəddəsdir, mən Suriyaya uzaq və çox yabançı bir ölkədən gəlmişdim və müsəlman da deyildim, amma ərimin ailəsi, yaxınları məni baş tacı kimi qəbul etdilər. Orada yaşadığım bu qədər zaman ərzində qaynatam bir dəfə də olsun, mən süfrəyə oturmadan əlini çörəyə uzatmadı”. Bu doğmalığı Valeriya yalnız xalqdan, cəmiyyətdən deyil, tanışlıq məqsədi ilə ingilis və alman dillərində oxumağa başladığı Quran-kərimdən də görür: “Onun məzmunu məni çox sarsıtdı. Qəlbimi özünə əsir etdi, içərimdən “rus oxucusunu bu gözəllikdən məhrum etmə, bu mesajı onlara da çatdır” kimi çağırışlar hiss etdim”.

Quranın orijinalda olduğu qaydada və üslubda, 12 il ərzində tərcümə edib başa çatdırdıqdan sonra “Əl-Əzhər” universitetində təqdimat mərasimində zalda olan alimlərdən biri ayağa qalxaraq “Əgər Quran, həqiqətən də, budursa, mən artıq müsəlmanam”, – dedi. İman Valeriyanın “Allah kəlamını orijinallığı ilə” tərcüməsi, həqiqətən də, İslam dünyasında və elm aləmində böyük əks-səda yaradır. Bundan sonra Poroxovanın özünün də İslamı qəbul etməsi hər kəsi heyrətə salır. Rus zadəgan əsilzadəsi, təmiz və köklü provoslav xanımdan belə addımı heç kim gözləmirdi. Təbii ki, onu bu addımı atmağa sövq edən başqa səbəblər də var idi. Əgər Quran ona ruhi-mənəvi qida verirdisə, yaxından müşahidə etdiyi müsəlman cəmiyyətində qadının yeri və ona olan münasibət, dəyər və prinsiplər Valeriyanı praktiki tərəfdən valeh edirdi. Ona “mədəni və sivil cəmiyyətə alışmış bir qadına ənənəvi müsəlman qaydalarının hökmranlığı altında yaşamaq çətin olmadımı?” – sualı verilərkən “Bir rus insan üçün sivil müsəlman cəmiyyətində yarana biləcək yalnız bir “problem” var – o da bazarda alkoqol və donuz ətinin satılmaması”, – cavabını vermişdi. Müsəlman ailəsində vəzifələrin bölüşdürülməsi məsələsinə isə Valeriya xüsusi heyranlıqla cavab verir: “Adətən, bu, belə olur: ailəni kişi dolandırır, qadın isə ailədaxili təsərrüfatı idarə edir, yemək hazırlayır, uşaq tərbiyə edir, evi elə bir mükəmməl təmizlikdə saxlayır ki, döşəmənin istənilən yerində yemək yeyə bilərsən. Hətta dükanlara da kişi gedir. Qadın onunla yalnız o məqsədlə gedər ki, istədiyi mala, ərzağa əlini uzadaraq ərinə göstərsin, vəssalam. Kişi xərcini ödəyir və yükü özü daşıyır, qadın isə kiçik çantasını gəzdirir. And içə bilərəm ki, orada yaşadığım 9 il ərzində çörəyin qiymətinin nə qədər olduğunu bilmədim, bunu öyrənməyə ehtiyac olmadı”.

Buna görə də müsəlman qadının geyim, ailə, məişət mövzusunda guya məhrumiyyət və diskriminasiyalara düşar olması haqda qəlibləşmiş fikirlərə yuxarıda göstərilənləri İman Valeriya həmişə nümunə gətirir. Bunun hüquq pozuntusu yox, “dəyərli bir varlığın qorunması”, qadına zinət adı verən Peyğəmbərimizin (s) qoyduğu bir ölçü olduğunu çatdırmağa çalışır. Müsəlman qadınlara səslənərək “kişiləri seksual keyfiyyətlərinizlə əldə etməyə çalışmayın, bunlar müvəqqətidir, onları maneralarınız, ağıl və tərbiyənizlə cəlb edin. Onlarda yalnız fiziki anlamda yox, həm də əqli mənada şəhvət yaratmağa çalışın”, – deyir.

Son olaraq “İslamı qəbul etməklə öz əqidənizə xəyanət etdiyinizi düşünmürsünüzmü?” – sualına verdiyi cavaba diqqət edək: “Düşünmürəm. İman – dini bağlılıqdan fərqli bir həqiqətdir. Yaradana iman ya olur, ya da olmur. Sadəcə dildə özünü imanlı adlandırmaq və dini yasaqlarla yaşamaq – insan üçün yükdür. İmana bir təsisat kimi deyil, ilahi varlığın ruh vasitəsilə qavrayışı kimi baxın. Öncə iman və yalnız bundan sonra qanunu düşünmək lazımdır, əksinə deyil”.

 

Zəhra Süleyman-Kıstı

ƏMİNƏ ÖZKAN ŞƏNLİKOĞLU

“Mənə çox təsir edən belə bir hadisə olmuşdu. İnqilab Tarixini oxuyarkən bir səhnə ilə rastlaşmışdım. Orada qara çarşablı bir qadın göstərilmiş və “Qadın dünən bu cür əsir idi”, – yazılmışdı, yanında isə açıq geyimli bir qadın göstərilərək “Bu gün isə bu şəkildə azaddır” yazısı verilmişdi. Mən bunu görəndə, əgər bir gün örtünsəm, bu qadın kimi qara çarşab geyinəcəyəm və qadının əsir olmadığını sübut edəcəyəm, – deyə özümə söz vermişdim”.

Əminə Şənlikoğlu

Əminə Özkan Şənlikoğlu 27 may 1953-cü ildə anadan olmuşdur. Uşaqlıq illəri Adapazarının Saloğlu və Karaçalı kəndlərində keçmiş, 9 yaşında isə İstanbula gəlmişdir. Uşaqlığı çox böyük bir mübarizə içində keçən Şənlikoğlu bəzi ədalətsizlikləri artıq kiçik yaşlarında sezməyə başlamışdı. Hələ gənclik illərindən müxtəlif dini elmləri öyrənməklə məşğul olmuşdu. Dinləri araşdırmağa başlamış və İncili oxumuşdur. Daha sonra İslama yönəlmiş, İslam haqqındakı sualları araşdırıb incələdikcə əsl həqiqətlərlə qarşılaşmışdır. İslami təhsil almağa başlamışdır. Fiqh və Əqidə kimi bütün islami elmləri həyat yoldaşı Rəcəb Özkandan və xüsusi müəllimlərdən öyrənmişdir. Həqiqətləri tapmaqla kifayətlənməyən Şənlikoğlu onları bilmə, öyrənmə və öyrətmə yolunda inamla irəliləmişdir.

Əminə Şənlikoğlu adı dillər əzbəri olan bir yazardır. O, ülvi hisslərə məftun, dünya məqamlarına zərrə qədər meyli olmayan bir xanımdır. Xalq xüsusilə onu qara çarşabı ilə televiziya kanallarında dinsizlərlə mübahisələrindən tanıyır. O, qadının çarşabla da intellektual, azad və müasir ola biləcəyini öz şəxsində göstərmişdir. Qadın jurnalı çıxararaq, konfranslar keçirərək, kitablar yazaraq baş örtüsünün qadını heç bir haqdan məhrum etmədiyini sübut etmişdir. Beləliklə də, illər öncə özünə verdiyi vədi həyata keçirmişdir.

Əminə Şənlikoğolu artıq indi əlliyə yaxın kitabın müəllifidir. İslami həyatı tam mənası ilə yaşayan bu mücahid xanım bu yolda dəfələrlə haqsızlıqlara məruz qalmışdır. “Bize nasıl kıydınız” (“Bizə necə zülm etdiniz”) adlı kitabı əsasında film çəkiləndən sonra onun haqqında çox danışılmağa başlandı. İstiqlal məhkəmələrinə toxunduğu üçün filmi yasaq belə etmək istədilər.

İlk kitabı “Gençliyin İmanını Sorularla Nasıl Çaldılar” (“Gəncliyin İmanını Suallarla Necə Oğurladılar”) adlanır. Bu kitabda qadınların açıq şəkildə satıldığı, oğurluqların, təcavüzlərin və digər günahların baş alıb getdiyi yazılır. “İslam gəlməsə, bu vəziyyət düzəlməz”, – deyə qeyd edir yazıçı. İslam hüququnun hakim olduğu dövrlərdə cinayətlərin sayının minimum olduğu halda (məsələn oğurluqdan əli kəsilənlərin sayı beşi keçmirdisə), 70 ildir ki, ölkədə müxtəlif cinayətlər üzündən qolu və başı kəsiləcək insanların sayı sayılmayacaq qədər çoxdur – deyə nəzərə çatdırılır.

Bu kitabına görə Əminə Şənlikoğlu məhkəməyə verilmiş, 15 il həbs cəzası istənilməklə mühakimə olunmuş və iki il yarım həbs həyatı yaşamışdır. Dəfələrlə məhkəməyə verilən, nəzarət altında saxlanılan Şənlikoğlu 1985-ci ildən etibarən “Mektub” jurnalının “Genel Yayın Yönetmenliyi”nə rəhbərlik etməkdədir. O, bu günə kimi Türkiyənin bir çox şəhərlərində və müxtəlif xarici ölkələrdə İslam dini mövzusunda bir sıra konfranslar keçirmişdir.

Əminə Şənlikoğlu iki övlad anasıdır.

Kifayət Həsənli   

NÜSRƏT ƏMİN

Nəsli 30 vasitə ilə Həzrət Əli ibn Əbutalibə (ə) çatan, “İsfahanlı müctəhidə xanım Nüsrət Əmin” adı ilə tanınmış Haciyə xanım Nüsrət Beygəm Əmin hicri şəmsi tarixinin 1265-ci ilində İsfahanda dünyaya göz açıb. Atası Hacı Seyid Mühəmmədəli Əminul-Tuccar İsfahani mömin və səxavətli bir insan, anası isə olduqca şərafətli və xeyirxah bir xanım idi. Qızının oxumağa böyük həvəs göstərdiyini görən anası onu 4 yaşından Quranı və fars dilində yazıb-oxumağı öyrənməsi üçün məktəbə göndərir. Halbuki o zamana hakim olan mühitdə çox az ailələr öz qızlarını elm əldə etmək üçün məktəbə, yaxud mədrəsəyə göndərirdilər.

Beləliklə, öz təhsilinə davam edən Əmin xanım 15 yaşında əmisi oğluna ərə gedərək onunla ailə həyatı qurur. Uşaqları dünyaya gələndən sonra isə onların tərbiyəsi ilə də özü məşğul olmağa başlayır. Lakin bütün bunlar onun təhsilini davam etdirməsinə, islami elmləri mütaliə və təhqiq etməsinə, araşdırmasına mane ola bilmir.

Kiçik yaşlarından Allah-Taala aşiqi və Allahın nişanələri, məxluqatı üzərində xüsusi təfəkkürə, düşüncəyə sahib olan Əmin xanım hikmət elminin təhsili zamanı müəyyən kəşflərə, yeniliklərə nail olur. Bu barədə onun təfsirə dair yüksək səviyyədə yazılmış sənət əsərlərindən “Ərbəinul-Haşimiyyə” və “Nəfəhətul-Rəhmaniyyə” kitabları buna ən gözəl nümunədir.

40 yaşında ikən “Ərbəinul-Haşimiyyə” kitabının nəşrinə nail olur. Elmi dərəcə almaq üçün mərcə və alimlər: Ayətullah Hairi Yəzdi, Ayətullah Mühəmməd Kazim Yəzdi və b. tərəfindən özünü təsdiq edəndən sonra dövrün mərcəi-təqlid və alimlərinin sual-cavabla dolu imtahanlarındakı iştirakında uğur qazandığı üçün o, Ayətullah-üzmalar tərəfindən ictihad dərəcəsinə yetişir. Beləliklə, İslam dünyasında ilk müctəhidə xanım olur.

Müctəhidə Əmin xanım 1344-cü ildə öz sərmayəsi ilə İsfahanda vahid İslam qızlar məktəbi təsis edir. 1346-cı ildə isə ilk dəfə olaraq “Fatimə (s) məktəbi” adı altında qadınların dini elmlər mədrəsəsini təsis edir. Bu təşkilat həmin vaxtdan müsəlman qadınların dini təlim və tədrisində, görkəmli qadın simalarının inkişafında  özünəməxsus rol oynayır.

Əmin xanım zövqlü, təvazökar, müdrik, gülərüz, sakit və azdanışan, heç bir dəbdəbəyə meyil etməyən bir alim və Əhli-Beytin (ə) ən sadiq dostlarından biri idi. Onun müqəddəs və lütfdolu vücudu ürfan elminə, mənəviyyata elə qərq olmuşdu ki, onu görən hər kəs onun daxili aləminin, yüksək əxlaqının cazibəsinə düşürdü. Bu elmli, alim qadının varlığının mehi cəmiyyət qadınlarının üzərinə əsərək yatmış düşüncələrin oyanmasına, onların dini elmlərin təhsili yolunda inkişafına və mənəvi təkamülünə təkanverici qüvvə oldu.

Əmin xanım uzun illər elmi təhsil və mənəvi məqam yolunda zəhmət çəkərək, həqiqətən, sübut etdi ki, qadın ictimai mühitdə, hicab pərdəsi altında da tam bir təqvası, iffəti və müqəddəs dininin hökmlərinə riayət etməsilə öz elmi təhsilini davam etdirə bilər, görkəmli mövqeyə nail olub, elmlə din arasında bağlılıq yarada bilər. O, hicabın təkamül və inkişafa mane olmasını təsəvvür edən hər kəsin və ya “qadın hər növ inkişafi təkamüldən məhrum olmalıdır”, – deyən bir qrup insanların əksinə olaraq ayağa qalxdı və o cür səhv düşüncələri alt-üst etdi.

Allah-Taalanın bu müqərrəb bəndəsinin pak ruhunu xalis etmək və cilalamaq üçün düçar etdiyi ən böyük imtahanlar onun övladlarının erkən yaşlarında dünyalarını dəyişmələri oldu. Belə ki, o, səkkiz övladından yeddisini xəstəlik və s. kimi müxtəlif səbəblər üzündən itirmiş, yalnız bir oğlu sağ qalmışdı. Lakin bu müsibətlər bu yeganə müctəhidə xanımın əzm və iradəsinə xələl gətirə bilməmişdi. Bu isə onu göstərir ki, əgər qadın təkamül yoluna qədəm qoyar, Allahı öz əməllərinin Naziri, bütün məxluqatın Maliki bilərsə, hətta övladlarının itkisi belə onun ixtiyarını əlindən ala bilməz .

Müctəhidə xanım Seyidə Nüsrət Əmin şiə aləminin görkəmli alimlərindən və ilahi övliyalardan biri idi. Bütün ömrünü İslam maarifinin təlim-təhsilinə sərf edən Əmin xanım özündən sonra Quran təfsiri, hədis, hikmət, fiqh, üsul və əxlaq sahələrinə həsr edilmiş qiymətli əsərlərini yadigar qoydu. Bu görkəmli xanımın bəzi əsərləri bunlardan ibarətdir:

  1. “Əl-Ərbəinul-Haşimiyyə” birinci əsəridir.
  2. “Təfsir məxzənul-urfan” 15 cild, bütün Quranın təfsiri
  3. “Cameul-şitat”
  4. “Nəfəhatul-Rəhmaniyyə” və s.

Əmin İsfahani xanım özündən sonra qiymətli əsərlər yadigar qoymaqla yanaşı, bir çox şagirdlər də tərbiyə etmiş və məktəblər, mədrəsələr təsis etmişdir.

Elm aləmində böyük xidmətlər göstərən, islami maariflənmənin avanqardı və ideoloqu olan bu xanım hicri şəmsi tarixinin 1363-cü ilində 97 yaşında vəfat etdi və Allahın rəhmətinə qovuşdu.

Mütərcim: Ruhəngiz Həşimova