BİRİNCİ ƏHYA GECƏSİNİN ƏMƏLLƏRİ (19-CU GECƏ)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! 

Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələri əhya gecələridir, yəni gecə sübhə kimi ibadət edilən gecələrdir. Əhya gecələrinin əməlləri iki hissədən ibarətdir. Birinci hissəyə hər üç gecədə yerinə yetirilməsi lazım olan əməllər, ikinci hissəyə isə hər bir gecəyə məxsus olan, yəni o gecədə yerinə yetirilməsi lazım olan əməllər daxildir. Biz əvvəlcə sizin nəzərinizə hər üç gecədə yerinə yetirilməsi lazım olan əməlləri çatdıracağıq:

1. Qüsl etmək; bu gecələrdə yerinə yetirilməsi müstəhəb olan qüsllərin digər qüsllərlə heç bir fərqi yoxdur. “Allah rizası üçün qüsl edirəm” şəklində niyyət edilir və sonra bütün bədən yuyulur. Əllamə Məclisi buyurmuşdur: “Məğrib (şam) namazı qüsllə qılınsın deyə bu qüslü Günəşin batdığı vaxt (Günəş batdıqdan dərhal sonra) vermək daha fəzilətlidir”.

2. Bu üç gecəni əhya etmək, yəni oyaq qalıb sübhə kimi ibadət etmək;

3. Aşağıdakı duanı oxumaq;

 أَللّهُمَّ إِنِّى أَمْسَيْتُ لَكَ عَبْداً دَاخِراً لاَ أَمْلِكُ لِنَفْسِى نَفْعاً وَ لاَ ضَرّاً وَ لاَ أَصْرِفُ عَنْهَا سُوءً أَشْهَدُ بِذٰلِكَ عَلىٰ نَفْسِى وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِى وَ قِلَّةِ حِيلَتِى فَصَلِّ عَلىٰ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِى مَا وَعَدْتَنِى وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِى هٰذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَىَّ مَا آتَيْتَنِى فَإِنِّى عَبْدُكَ الْمِسكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ . أَللّهُمَّ لاَ تَجْعَلْنِى نَاسِياً لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِى وَ لاَ غافِلاً لِإِحْسانِكَ فِيمَا أَعْطَيْتَنِى وَ لاَ آيِساً مِنْ إِجابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّى فِى سَرَّاءَ كُنْتُ أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاَءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ إِنَّكَ سَمِيعُ الدُّعَاء

Tərcümə: “Ey Allahım, özü üçün nə bir xeyir, nə bir zərər sahibi ola bilməyən və özündən heç bir pisliyi uzaqlaşdırma bacarığına sahib olmayan zəlil bir bəndə olaraq Sənin rizan üçün axşama çıxdım. Mən nəfsimdə bunun olduğuna şəhadət verir və Sənin qarşında gücümün zəifliyini və bacarığımın azlığını etiraf edirəm. Elə isə Allahım, Həzrət Mühəmməd və onun Alinə salam və salavat göndər, mənə və bütün mömin kişilərə və qadınlara vəd verdiyin məğfirəti (yəni bağışlanmanı) bu gecədə həyata keçir və mənə verdiyin nemətlərini tamamla! Həqiqətən, mən Sənin miskin, zəlil, zəif, fəqir və xar olmuş bir bəndənəm. Ey Allahım, istər geciksin, istər gecikməsin, istər naz-nemət içində olum, istər pis gündə, istər çətinlikdə olum, istər bolluq içində, istər sağlam olum, istərsə də bəla içində olum, mənə yaxşılıq etdiyin şeylərdə Səni yada salmaqda məni yaddaşsızlardan və əta etdiyin şeylərdə Sənin yaxşılığını unudanlardan etmə! Və duanı qəbul edəcəyindən məni naümid etmə! Həqiqətən, Sən duanı eşidirsən!”

Bu duanı Kəf’əmi İmam Zeynəlabidindən rəvayət etmişdir. İmam bu duanı ayaqüstə olduqda, oturduqda, rükuda və səcdədə oxuyardı. Mərhum Əllamə Məclisi buyurmuşdur: “Bu üç gecədə istiğfar etmək, yəni Allahdan bağışlanmaq istəmək, özün və həyatda olan və vəfat etmiş valideynlər, qohum-əqrəbalar və mömin qardaşlar üçün dünya və axirət istəklərinin həyata keçməsi üçün dua etmək, zikr demək və gücün çatdığın qədər Mühəmməd və onun Alinə salavat göndərmək ən fəzilətli əməllərdən hesab olunur. Bəzi hədislərdə bu üç gecədə “Couşəni-kəbir” duasının oxunmasının müstəhəb olduğu qeyd olunmuşdur”.

İndi isə hər bir gecəyə məxsus olan əməlləri sizin nəzərinizə çatdırırıq:

19-CU GECƏNİN ƏMƏLLƏRİ

(1-ci Əhya gecəsinin əməlləri)

1. Yüz dəfə “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” (“Rəbbim olan Allahdan bağışlanmağımı istəyirəm və Ona doğru qayıdıram!”), –  demək.

2. Aşağıdakı duanı oxumaq:

يَا ذَا الَّذِى كَانَ قَبْلَ كُلِّ شَىْءٍ ثُمَّ خَلَقَ كُلَّ شَىْءٍ ثُمَّ يَبْقىٰ وَ يَفْنىٰ كُلُّ شَىْءٍ يَا ذَا الَّذِى لَيْسَ كَمِثْلِهِ شَىْءٌ وَ يَا ذَا الَّذِى لَيْسَ فِى السَّمَاوَاتِ الْعُلىٰ وَ لاَ فِى الأَرَضِينَ السُّفْلىٰ وَ لاَ فَوْقَهُنَّ وَ لاَ تَحْتَهُنَّ وَ لاَ بَيْنَهُنَّ إِلٰهٌ يُعْبَدُ غَيْرُهُ. لَكَ الْحَمْدُ حَمْداً لاَ يَقْوىٰ عَلىٰ إِحْصَائِهِ إِلاَّ أَنْتَ فَصَلِّ عَلىٰ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلاةً لاَ يَقْوىٰ عَلىٰ إِحْصَائِها إِلاَّ أَنْتَ

Tərcümə: “Ey hər bir şeydən əvvəl var olub, sonra hər bir şeyi yaradan və sonra hər bir şey məhv olduqdan sonra baqi qalan Allah! Ey heç bir bənzəri olmayan! Ey uca göylər və alçaq yerlərdə və onların üstündə, altında və arasında Ondan başqa ibadət olunmayan İlah! Sənin Özündən başqa heç kimin saya bilmədiyi həmdlərin hamısı yalnız Sənə məxsusdur! Elə isə Mühəmməd və onun Əhli-Beytinə Səndən başqa heç kimin saya bilmədiyi salavat və rəhmət göndər!”

3. Aşağıdakı duanı oxumaq:

أَللّـهُمَّ اْجْعَلْ فِيـمَا تَقْضِى وَ تُقَدِّرُ مِنَ الاَمْرِ الْمَحْتُومِ وَ فِيـمَا تَفْرُقُ مِنَ الاَمْرِ الْحَكيمِ فِى لَيْلَةِ الْقَدْرِ وَ فِى الْقَضَاءِ الَّذِى لاَ يُرَدُّ وَ لاَ يُبَدَّلْ أَنْ تَكْتُبَنِى مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمُ الْمَشْكُورِ سَعْيُهُمُ الْمَغْفُورِ ذُنُوبُهُمُ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيـمَا تَقْضِى وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِى وَ تُوَسِّعَ عَلَيَّ فِى رِزْقِى وَ تَفْعَلَ بِى كَذَا وَ كَذَا

Tərcümə: “Allahım, hökm və təqdir etdiyin mütləqləşmiş və qəti işdə, Qədr gecəsində hökm etdiyin hər bir hikmətli işdə və rədd edilməsi və dəyişdirilməsi mümkün olmayan hökmdə məni Sənin möhtərəm evini ziyarət edən və ziyarətləri riya və göstərişdən uzaq olan, səy və cəhdləri qədir-qiymətli olan, günahları bağışlanan və pisliklərinin üzəri örtülən hacılardan yaz! Və hökm və təqdir etdiyin şeydə mənim ömrümü uzadıb ruzimi bol et və mənim bu, bu …. (burada istəklər və hacətlər deyilir) istəklərimi və hacətlərimi qəbul et!”

RAMAZAN AYI DAXİL OLDUQDA OXUNAN DUA

RAMAZAN DUASI

SƏHİFEYİ-SƏCCADİYYƏNİN 44-CÜ DUASI

RAMAZAN AYI DAXİL OLDUQDA

İMAM ZEYNƏLABİDİNİN (Ə) OXUDUĞU DUA

Ehsanına şükür edənlərdən olub xeyirxahların mükafatı ilə mükafatlandırılaq deyə Özünə həmd etməyin yolunu bizə göstərən və bizi həmd əhlindən qərar verən Allaha həmd olsun!

Bizə Öz dinini hədiyyə edən, bizi Öz şəriəti ilə səciyyələndirən, neməti ilə ehsan yollarında Onun razılığına doğru yerimək üçün o yolları bizə tanıtdıran Allaha həmd olsun! Elə bir həmd ki onu bizdən qəbul etsin və onunla bizdən razı olsun.

Oruc ayı, İslam ayı, təmizlik ayı, günahların bağışlanması ayı, (gecələr ibadətə) qiyam (qalxış) ayı olan Öz ayı olan ramazanı bu yollardan biri kimi qərarlaşdıran Allaha həmd olsun! “Ramazan ayı elə bir aydır ki, insanları hidayət edən və hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran bu ayda nazil olmuşdur. …”

Onun üçün tam qadağalar və məşhur fəzilətlər qərarlaşdırmaqla onun digər aylardan fəzilətli olduğunu ortaya çıxardı, böyüklüyünü bildirmək üçün digər aylarda halal etdiyini bu ayda yasaq etdi, kəramətini bildirmək üçün bu ayda yeyiləcək və içiləcək şeyləri qadağan etdi və onun üçün önünə keçilməsinə icazə vermədiyi və təxirə salınmasını da qəbul etmədiyi bəlli və aşkar bir vaxt müəyyənləşdirdi.

Sonra onun gecələrindən bir gecəni min aydan daha üstün qərar verib onu Qədr gecəsi adlandırdı. “… O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər…”[1] O gecə əmin-amanlıqdır. Hökm etdiyi qəza və qədəri ilə istədiyi bəndələri üçün dan yeri sökülənə qədər bərəkət davam edər.

Allahım! Mühəmməd və ailəsinə salavat göndər. Bu ayın fəzilətini tanımağı, onun toxunulmazlığına hörmət göstərməyi və bu ayda qadağan etdiyin işlərdən qorunmağı bizə ilham et! Üzvlərimizi günahlardan qoruyub Səni razı salacaq işlərdə istifadə edərək bu ayda oruc tutmaqda bizə yardımçı ol! Belə ki, qulaqlarımızla boş şeylərə qulaq asmayaq, gözlərimizi əyləncəyə dikməyək, əllərimizi qadağan edilmiş şeylərə uzatmayaq, ayaqlarımızla harama doğru addımlamayaq, qarnımıza haram girməsin, dilimiz sənin açıqladığından başqasını danışmasın, bizi savabına yaxınlaşdıracaq əməldən başqası üçün zəhmətə düşməyək, əzabından qoruyacaq əməldən başqasını yerinə yetirməyək. Sonra da bütün bunları riyakarların riyasından və şöhrətpərəstlərin şöhrət həvəsindən təmizlə ki, işlərimizdə Səndən başqasına şərik qoşmayaq və Səndən başqa istək və məqsəd axtarmayaq.

Allahım! Mühəmməd və onun ailəsinə salavat göndər! Bizi bu ayda təyin etdiyin hədləri, vacib etdiyin vacibatları, qoyduğun şərtləri və təyin etdiyin vaxtları ilə gündəlik beş namazın vaxtları barəsində agah et! Bizi namazın uca mərtəbələrinə çatan, rüknlərini qoruyan, onu vaxtında qılan, rükusunu, səcdəsini və bütün üstün əməllərini qulun və rəsulunun – rəhmətin ona və ailəsinə olsun! – Sünnəsinə əsasən ən kamil və ən əhatəli təharətlə, ən açıq və ən əhatəli xüşu ilə yerinə yetirənlərdən qərar ver!

Bu ayda bizə qohum-əqrabalarımızla xeyirxahlıq və hədiyyə ilə əlaqə yaratmaqda, yaxşılıq etmək və hədiyyə verməklə qonşularımızla yaxınlaşmaqda, mallarımızı məsuliyyətdən qurtarmaqda və zəkatları verməklə onları təmizləməkdə, bizdən ayrılanlara yaxınlaşmaqda, bizə zülm edənlərə qarşı insaflı olmaqda, əsla dostluq edə bilməyəcəyimiz və sülh içində yaşaya bilməyəcəyimiz Sənin düşmənlərin istisna olmaqla bizimlə düşmənçilik edənlərlə barışmaqda və bizi günahlardan təmizləyəcəyin və təkrar edəcəyimiz eyiblərdən qoruyacağın, mələklərin belə yerinə yetirə bilməyəcəyi pak əməllərlə Sənə yaxınlaşmaqda müvəffəqiyyət ver.

Allahım! Bu ayın haqqı xatirinə və bu ayın əvvəlindən sonuna qədər Sənə ibadət edən müqərrəb mələk, yaxud göndərilmiş peyğəmbər, yaxud səciyyələndirdiyin saleh qul xatirinə Səndən Mühəmməd və onun ailəsinə salavat göndərməyini istəyirəm. Övliyalarına vəd verdiyin kəraməti əldə etməkdə bizi bacarıqlı et, Sənə itaət etməkdə, adətən, yarışan qullarına verəcəyin şeyləri bizə də ver və rəhmətinlə bizi ən yüksək məqama layiq olanların arasına qat.

Allahım! Mühəmməd və ailəsinə salavat göndər və bizi tövhidində şirkə düşməkdən, Səni tərif etməkdə bacarıqsız olmaqdan, dinində şübhəyə qapılmaqdan, yolunda korluğa düçar olmaqdan, Sənə hörmətdə səhlənkarlıqdan və düşmənin olan qovulmuş Şeytana aldanmaqdan qoru!

Allahım! Mühəmməd və ailəsinə salavat göndər və bizim bu ayımızın hər gecəsində əfvinlə Cəhənnəmdən azad edəcəyin, rəhmətinlə bağışlayacağın qulların varsa, bizi onlardan qərar ver və bizi bu ayımızın ən xeyirli əhli və əshabəsi qərar ver!

Allahım! Mühəmməd və ailəsinə salavat göndər və ramazan hilalının gözlərdən itib göy üzündən silinməsi ilə günahlarımızı da sil, günlərinin sıyrılması ilə günahlarımızı bizdən sıyır. Belə ki, ay bizim üçün sona çatdıqda, artıq bizi o ayda günahlardan və xətalardan təmizləmiş olasan.

Allahım! Mühəmməd və ailəsinə salavat göndər və bu ayda əyilsək, bizi düzəlt, sürüşsək, dikəlt, Şeytan bizə hakim olarsa, bizi ondan xilas et!

Allahım! Bu ayı Sənə ibadət etməyimizlə doldur, vaxtlarımızı Sənə itaətimizlə zinətləndir, gündüzlərində oruc tutmaqda, gecələrində namaz qılıb Sənə yalvarmaqda, pərəstiş etməkdə, qarşında alçalmaqda bizə yardımçı ol, beləcə bu ayın gündüzləri qafilliyimizə, gecələri isə səhlənkarçılığımıza şahidlik etməsin.

Allahım! Bizə ömür verdiyin müddətdə digər aylar və günlərdə də belə olmaqda müvəffəq et! Bizi “Firdovs Cənnətinə varis olub orada əbədi qalan”[2], “Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını verən”“Yaxşı işlər görməyə tələsib bu işdə öndə gedən”[3] saleh bəndələrindən qərar ver!

Allahım! Hər zaman, hər an və hər halda, salavat göndərdiyin şəxslərə göndərdiyin bütün salavatların sayınca bütün o salavatların, Səndən başqa heç kimin saya bilməyəcəyi qədər qat-qat artığı ilə Mühəmməd və ailəsinə salavat göndər. Həqiqətən, Sən istədiyini edənsən!

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ


[1] “Qədr”; 4

[2] “Muminun”; 11

[3] “Muminun”; 60, 61

23 MART 2023-CÜ İL MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT:

“23 MART 2023-CÜ İL CÜMƏ AXŞAMI GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət bəyanat vermiş və o bəyanatda cümə axşamı gününə təvafüq edən 2023-cü il mart ayının 23-nü 1444-cü il mübarək ramazan ayının ilk günü elan etmişdir. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimi ilə 1444-cü il ramazan ayının (miladi mart 2023) hilalı 2023-cü il mart ayının 21-i çərşənbə axşamı günü (2-ci gün) axşam Qrinviç saatı ilə 17:23-də, yəni Beyrut şəhəri yerli saat ilə axşam 19:23-də (Bakı vaxtı ilə 21:23-də) doğacaqdır. Buna görə də çərşənbə axşamı günü axşam (yəni çərşənbə axşamı günündən çərşənbə gününə keçən gecə) bütün məntəqələrdə ayparanın görünməsi qeyri-mümkün olacaq və çərşənbə günü şəban ayının 30-cu günü olacaq.

Çərşənbə günü axşam (yəni çərşənbə günündən cümə axşamı gününə keçən gecə) Şimali və Cənubi Amerikanın bir çox məntəqələrində və Afrika qitəsinin şimal hissəsində ayparanın çılpaq gözlə və asanlıqla görünməsi mümkün olacaq. Həmçinin Cənubi Amerikanın və Afrika qitəsinin cənub hissəsində (Azərbaycan da o məntəqələrdəndir. Bakı şəhəri 40° şimal enliyi və 50° şərq uzunluğunda yerləşir.) hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda ayparanın adi gözlə görünməsi mümkün olacaq. Yer kürəsinin şərq hissəsində isə hilalın teleskopla görünməsi mümkün olacaq.

Beləcə, 2023-cü il mart ayının 23-ü mübarək ramazan ayının ilk günüdür. (Mart ayının 22-i axşam niyyət axşamıdır).

Bu elan mərhum dini lider Seyid Mühəmmədhüseyn Fəzlullahın fiqhi görüşünə əsaslanır. Həmin fiqhi görüş bundan ibarətdir ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə, adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.

Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, bu ayda oruc tutmaqda və Allaha itaət etməkdə bizi müvəffəq etsin, bizi bu ayda Öz qonaqlarından və övliyalarından qərar versin, bizi bağışlasın, bizə mərhəmət gözü ilə baxsın, əməllərimizi qəbul etsin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin! Həqiqətən, O Eşidəndir, duaları Qəbul Edəndir və Ərhəmərrahimindir!”

Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış ayı olsun! AMİN!

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

Bu elana əsasən aprel ayının 9-dan 10-na, 11-dən 12-nə və 13-dən 14-nə keçən gecələr Əhya gecələridir. Aprel ayının 13-dən 14-nə keçən gecə isə mübarək Qədr gecəsidir. 21 aprel Fitr bayramıdır.

“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI

RAMAZAN ORUCU HAQQINDA FİTVALAR, ORUCUN SÜNNƏ VƏ ADABI-8

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

SƏKKİZİNCİ DƏRS

§ 1. Orucun sünnə və adabı

– Səhur (səhər) yeməyi

Həzrət Peyğəmbər (s): “Səhur yeməyi yeyin, çünki səhurda bərəkət vardır!”[1] – deyə buyurmuşdur. Buna görə gecənin sonuna doğru imsakdan (sübh azanından) əvvəl oyanıb bir şey yemək və içmək sünnədir. Bunun ruh və bədən üçün faydaları vardır. Kiçik bir xurma dənəsi, yaxud bir qurtum su ilə də olsa, səhuru (səhər yeməyini) tərk etmək olmaz. Ən fəzilətli səhər yeməyi səviq[2] və xurmadır. Səhər yeməyinin təxirə salınması, vaxtın sonuna (yəni sübh namazına) yaxın yeyilməsi Peyğəmbərin (s) tövsiyəsi və əshabənin adətlərindəndir.

– İftar etmək

Peyğəmbər (s) oruclu olduqda Günəş batdığı vaxt bir neçə yaş xurma, bu yoxdursa, quru xurma yeyər, bu da yoxdursa, bir neçə qurtum su içər, sonra məğrib (şam) namazını qılardı. Həmçinin, iftarın şirin meyvə, nabat[3] və isti sudan hər biri ilə açılması da gözəl olar.

Oruclu şəxs iftarını açıb namazını qıldıqdan sonra yemək yeməyə oturmalı, yeməyini rahat bir şəkildə yeməlidir. Lakin namazdan əvvəl yemək hazırdırsa, əvvəl yeməyini yeməli, sonra namazını qılmalıdır. Bu, Peyğəmbərimizin tövsiyəsidir.

– İftar duası

“Oruclu şəxsin iftar əsnasında etdiyi bir dua vardır ki, geri çevrilməz”[4] hədisinə əsasən iftardan əvvəl dua etmək sünnədir. O dualardan biri də budur: “Allahım, Sənin üçün oruc tutdum, Sənin ruzinlə iftarımı açıram və Sənə təvəkkül etdim”.

Rəvayət olunmuşdur ki, Əmirülmöminin Əli əleyhissəlam iftarını açmaq istədikdə belə deyərdi: “Allahın adı ilə! Ey Allahım, Sənin üçün oruc tutduq, Sənin verdiyin ruzi ilə orucumuzu açırıq. Onu bizdən qəbul et. Həqiqətən, Sən, Eşidənsən, Bilənsən!”

Birinci loğmanı götürdükdə belə deyilməlidir: “Rəhman, Rəhim Allahın adı ilə! Ey bağışlaması bol olan Allah, məni bağışla!”

– Fəqirlərə yardım etmək və Quran oxumaq

Hər bir zaman comərd və fəqirlərə qarşı mərhəmətli olan Peyğəmbərin (s) bu xüsusiyyətləri Ramazan ayında zirvə nöqtəsinə çatardı. Nemət, lütf və ehsanı əsən külək kimi hamıya çatardı. Ramazanın hər gecəsində Cəbrail onu ziyarətə gələr, qarşılıqlı Quran oxuyardılar.

Saleh qullar və sünnə aşiqləri Ramazan ayında fəqirlərə yardım etməli, Quran-kərimi də ən azı bir dəfə xətm edərək bu sünnəni ehya etməyə (yaşatmağa) çalışmalıdırlar. Peyğəmbərimiz ələlxüsus Ramazanın son on günündə gecələr daha çox ibadət edər, ailəsini də bunun üçün oyandırardı. Quran-kərimin min aydan daha xeyirli olduğunu ifadə etdiyi Qədr gecəsi son on gecənin birindədir və bu gecənin 23-cü gecə olduğu daha qüvvətli ehtimaldır. Son on gecənin, əgər mümkün deyildirsə, ən azı 23-cü gecənin əhya edilməsi bu böyük fürsətin dəyərləndirilməsini də təmin edəcəkdir.

 Tərtibatçı: Xəyyam Qurbanzadə

https://t.me/sabiqun

https://t.me/momin_qadinlar


[1] Buxari, “Soum”, 20, Müslim, “Siyam”, 45

[2] Qovut – qəhvə və şəkər, yaxud əzilmiş qənd və hil ilə qarışdırılıb çox vaxt matəm mərasimlərində yeyilən püstə və ləbləbi unu

[3] Şəffaf kristal şəklində şəkər

[4] İbn Macə

RAMAZAN ORUCU HAQQINDA FİTVALAR, ORUCUN SÜNNƏ VƏ ADABI-7

 RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

YEDDİNCİ DƏRS

§ 1. Kəffarə haqqında

Sual: Kəffarə hansı hallarda vacib olur?

Cavab: Kəffarə aşağıdakı hallarda vacib olur:

qəsdən orucu batil etmək (yaxud onu tutmamaq), yaxud qəsdən oruc tutmağın haram olmasına səbəb olmaq;

orucun vacibliyini bilmək;

yerinə yetirilən işin orucu pozan bir iş olduğunu bilmək.

Sual: Əgər bir şəxs orucun vacib olduğunu, yaxud etdiyi işin orucu pozan bir olduğunu bilməsə, kəffarə vacib olar?

Cavab: Xeyr. Vacib olmaz.

Sual: Kəffarə necə verilir?

Cavab: Orucun vacibliyini və yerinə yetirilən işin orucu pozan bir iş olduğunu bildiyi halda qəsdən orucu pozan (yaxud onu tutmayan) şəxs aşağıdakı şəkildə kəffarə verməlidir:

ya altmış fəqirin hər birinə 750 qram miqdarında un, buğda, xurma, düyü, mərci, paxla və bunlar kimi insana qüvvət verən qidalardan verməli;

ya da 31 günü ardıcıl olmaq şərtilə 60 gün (iki ay) oruc tutmalıdır; yerdə qalan 29 günü istərsə, ardıcıl, istərsə də fasilə ilə tuta bilər.

  ya da bir qul azad etməlidir. Bu gün fiqhi mənası ilə qul mövcud olmadığına görə ya həbsdə olan mömini azad etməli, ya da bir qul insanın qiymətini o dövrün dəyəri ilə və qiymətini bu zamanda hesablamaqla yoxsula verməlidir. Ya da onun borcunu ödəməklə və ya başqa bir vasitə ilə borc savaşında olan mömini bu savaşdan xilas etməlidir ki, bu da buxov (həbs) içində olan mömini azad etməkdir.

Sual: Kəffarə kimə verilməlidir?

Cavab: Kəffarə fəqirə, yaxud miskinə verilməlidir.

Sual: Kimə fəqir miskin deyilir?

Cavab: Fəqir illik qüvvəyə sahib olmayan şəxsdir. Belə ki, onun nə yığılmış, nə də yavaş-yavaş əldə olunacaq illik azuqəsi olmur. Miskin isə halı daha pis olan fəqirdir.

Sual: İllik azuqə deyildikdə yalnız yemək və qida başa düşülür?

Cavab: İllik qüvvə (azuqə) yalnız yemək deyildir, əksinə zəruri ev əşyaları, yaşayış yeri, dava-dərman və pal-paltar da illik qüvvəyə aiddir, yəni qidası olduğu halda bu deyilənlərə sahib olmayan şəxs fəqir hesab olunur.

Sual: Verilməsi lazım olan malın əvəzinə onun qiymətinin verilməsi kifayət edirmi?

Cavab: Malın əvəzinə qiymətinin verilməsi kifayət etmir. Malın özü verilməlidir.

Sual: Fəqirə bir kəffarədən artıq verilə bilər? Məsələn, orucu qəsdən pozduğuna, yaxud tutmadığına görə kəffarə verməklə mükəlləf olan bir şəxs, məsələn 60 kq. malı hər birinə 6 kq. verməklə on fəqir arasında paylaşdıra bilər?

Cavab: Xeyr. Əksinə, hər birinə 750 qram miqdarında vermək şərtilə 60 fəqir və miskin arasında bölünməlidir, çünki vacib olan 60 yoxsulun yedizdirilməsidir, nəinki yalnız bir fəqirə verilsə də, 60 kiloqramın verilməsi.

Fəqirə malın özünün verilməsi mümkün olduğu kimi, onun yemək süfrəsinə dəvət edilməsi və ona bir doyumluq yemək verilməsi də mümkündür. Belə olduqda vacib ehtiyata əsasən yeməyi özü və əhli-əyalının yediyinin orta hesabından götürməlidir.

Sual: Kəffarənin başqa hansı şərtləri vardır?

Cavab: Aşağıdakı şərtlərə riayət olunmalıdır:

kəffarə verilən şəxs kəffarə verənin atası, anası, övladı, babası, nənəsi, nəvəsi və daimi həyat yoldaşı kimi nəfəqələri (gündəlik xərcləri) insana vacib olan şəxslər olmamalıdır;

kəffarə verilən şəxs binamaz, şərabiçən və açıq şəkildə günah edən və aldığını harama sərf edən şəxs olmamalıdır;

kəffarənin verilməsi ibadət olduğu üçün onu Allah rizası üçün vermək vacibdir;

kəffarənin nəyə görə verildiyi də müəyyənləşdirilməlidir. Belə ki, məsələn Ramazan ayının orucu, yaxud onun qəzası qəsdən pozulduğuna görə kəffarə verildiyi niyyət edilməlidir.

Sual: Əgər insan kəffarəni verə bilməsə, nə etməlidir?

Cavab: Ramazan ayının orucunu pozmanın kəffarəsini verə bilməyən şəxs ya 18 gün oruc tutmalı, ya da bacardığı qədər sədəqə verməlidir. Əgər bunların heç birini edə bilməsə, kəffarə əvəzinə Allahdan bağışlanma istəməlidir. Bundan sonra imkanı olsa da, kəffarə verməsi vacib deyil.

Tərtibatçı: Xəyyam Qurbanzadə

https://t.me/sabiqun

https://t.me/momin_qadinlar

RAMAZAN ORUCU HAQQINDA FİTVALAR, ORUCUN SÜNNƏ VƏ ADABI-6

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

ALTINCI DƏRS

§ 1. Oruc tutmağı tərk etməkdə üzrlü olan şəxslər

Sual: Şəriət hansı şəxslərə orucu tutmamağa icazə vermişdir və güzəştlər kimə aid edilir?

Cavab: Şəriət bəzi şəxslərə oruc tutmamağa icazə vermişdir və bu güzəştlər aşağıdakılara aid edilir:

qüvvələrinin zəifləməsindən və fəaliyyətlərinin dayanmasından əziyyət çəkən şəxslər; belə ki, bu şəxslər oruc tutsa, oruc onlar üçün çətinlik yaradaraq onların zəifliyini artıracaqdır. Belə vəziyyətdə olan şəxslər tutduqları oruca görə ayağa qalxa, yeriyə və gündəlik işlərini icra edə bilməyəcəklər.

70 yaşına çatmış şəxslər; o həm kişilər, həm də qadınlar üçün qocalıq mərhələsidir. Əgər bu mərhələdə insanın oruc tutması qeyri-mümkün olarsa, oruclu qalma gücünə malik olmazsa, yaxud oruc tutması çətin olacaq qədər zəif olarsa, həmin şəxs orucunu yeyə bilər.

tez-tez susayan adam;

uşaq dünyaya gətirməsinə az və ya çox vaxt qalmasından asılı olmayaraq tutduğu oruc özünə və bətnindəki uşağına zərər vuracaq qədər zəif olan hamilə qadın; əlbəttə ki, oruc hamilə qadının özü və bətnindəki uşağı üçün zərərli olmasa, qadının oruc tutmağı tərk etməsi icazəli deyil. Əgər tərk edərsə, qəza ilə yanaşı kəffarə də verməsi vacibdir.

südü az olan və uşaq əmizdirən o qadın ki, əgər süd verərək oruc tutsa, orucun ona zərəri olar, yaxud südü azalar və nəticədə uşaq zərər görər. Əgər oruc tutmaqla bu hallar ortaya çıxmazsa, yaxud süni süd, yaxud heyvan südü, yaxud da başqa qadının süd verməsilə əvəz etmək o qadın üçün mümkün olarsa, onun orucunu yeməsi icazəli deyil.

Sual: Bəs bu şəxslər nə etməlidirlər?

Cavab: Oruc tutmaları onlar üçün çətin və məşəqqətli olduğu üçün onu tərk edən qocalar və çox-çox susayan şəxslərə gəlincə onlar fidyə verməlidirlər. Oruc tutmaqda əziyyət çəkmələri daimidirsə, orucun qəzasını tutmaları vacib deyil. Oruc tutmaq bətnindəki uşaq, yaxud süd verən qadın üçün zərərli olduğuna görə oruc tutmayan doğuşu yaxın və ya uzaq olan və südü az olan qadına gəlincə qadın fidyə verməli və bu səbəblər aradan getdikdən sonra tutmadığı günlərin qəzasını tutmalıdır.

Ümumiyyətlə, oruc tutmaqda əziyyət çəkməsi daimi olan şəxs orucu pozarsa, onun üzərində həmin orucun qəzası yoxdur, yalnız fidyə verməlidir. Lakin Ramazan ayından başqa ayda oruc tutmaqda əziyyət çəkməyən şəxs, əgər Ramazan ayında orucunu pozmuşdursa, həmin ayda onun qəzasını tutmalıdır.

Sual: Fidyənin miqdarı qədərdir?

Cavab: Bir fəqir üçün bir günün fidyəsinin miqdarı 750 qramdır. Kilo yarım olması müstəhəb ehtiyatdır, yəni orucu tərk etməkdə üzrlü olan şəxs neçə gün oruc tutmamışdırsa, o günlərin sayı qədər fidyə verəcək.

Sual: Fidyənin başqa hansı şərtləri vardır?

Cavab: Fidyənin xərclənməsinin, növünün, niyyətinin (Allah rizası niyyəti ilə verilməsinin) və qiymətinin yox, yalnız malın özündən verilməsinin lazım olmasının hökmü kəffarənin hökmü kimidir. Buna görə də fidyə verərkən aşağıdakı şərtlərə riayət olunmalıdır:

fidyə verilən şəxs fidyə verənin atası, anası, övladı, babası, nənəsi, nəvəsi və daimi həyat yoldaşı kimi nəfəqələri (gündəlik xərcləri) insana vacib olan şəxslər olmamalıdır;

fidyə verilən şəxs binamaz, şərabiçən, açıq şəkildə günah edən və aldığını harama sərf edən şəxs olmamalıdır;

fidyənin verilməsi ibadət olduğu üçün onu Allah rizası üçün vermək vacibdir;

fidyənin nəyə görə verildiyi də müəyyənləşdirilməlidir. Belə ki, məsələn oruc tutmaq çətin və məşəqqətli olduğu üçün onu tərk etdiyinə görə fidyə verildiyi niyyət edilməlidir.

Sual: Bəs fidyə kəffarədən nə ilə fərqlənir?

Cavab: Fidyə kəffarədən aşağıdakı cəhətlərdən fərqlənir:

kəffarədən fərqli olaraq bir günün, yaxud ayların fidyəsinin bir fəqirə verilməsi mümkündür;

kəffarədən fərqli olaraq fidyədə malın özünün verilməsi lazımdır; buna görə də fəqirin süfrəyə dəvət edilərək ona bir doyumluq yemək verilməsi kifayət etmir. Lakin kəffarədə fəqirə unun və buğdanın özünün verilməsi mümkün olduğu kimi, onun yemək süfrəsinə dəvət edilməsi və ona bir doyumluq yemək verilməsi də mümkündür.

həmçinin kəffarədən fərqli olaraq fidyədə müstəhəb ehtiyata əsasən buğda və unla kifayətlənmək lazımdır.

 Tərtibatçı: Xəyyam Qurbanzadə

https://t.me/sabiqun

https://t.me/momin_qadinlar