RAMAZAN ORUCU HAQQINDA FİTVALAR, ORUCUN SÜNNƏ VƏ ADABI-4, 5

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

DÖRDÜNCÜ DƏRS

§ 1. Orucun niyyəti

Sual: Oruca necə niyyət edilir?

Cavab: “Allah rizası üçün oruc tuturam”, – şəklində niyyət edilməlidir.

Sual: Ramazan ayının orucu üçün nə vaxt niyyət edilməlidir?

Cavab: Ramazan ayının niyyətinin vaxtı sübh azanındadır. Bu o deməkdir ki, insan sübh azanına qədər oruca niyyətlənməlidir. “Niyyət sübh azanı vaxtında olmalıdır”, – deyildikdə belə başa düşülməməlidir ki, bu vaxt niyyət etmək üçün insan oyaq olmalıdır, əksinə axşam yuxudan əvvəl də bunu etmək kifayətdir. Əgər yuxu sübh azanından sonraya qədər davam etsə, niyyət düzgündür.

BEŞİNCİ DƏRS

§ 1. Orucu pozan işlər

Sual: Orucu pozan işlər hansılardır?

Cavab: Orucu pozan işlər aşağıdakılardır:

Az və çox olmasından asılı olmayaraq, yemək və içmək;

Cinsi yaxınlıqda olmaq;

Cinsi əlaqədən başqa işlər, məsələn onanizm, yaxud təxəyyüllər, ya da müşahidələr vasitəsilə məninin (spermanın) xaric olması;

Allah və Rəsula qəsdən yalan nisbət vermək. Yəni sözündə yalançı olduğunu bildiyi halda “Həqiqətən, Allah, yaxud Rəsul (s) belə demiş, yaxud belə əmr etmişdir”, – deyə hədis rəvayət etmək, yaxud hədis yazmaq. Allah-Taalaya, peyğəmbərlərə və hidayət imamlarına yalan nisbət vermək əslində orucu batil etmədən əvvəl imanı batil edir. İstər Allahı və Peyğəmbəri təkzib et, istərsə də onlara yalan nisbət ver. Hər ikisi Allah sübhanəhu taalaya iftira etməkdir və bir neçə ayəyə əsasən küfrdür. Lakin bu yalan nisbət vermələr qəsdən və inad üzündən olmasa, əksinə nadanlıq, cahillik və ya qəzəb üzündən olsa, orucu batil etmir.

Sual: Fiqh kitablarında və mərcəi-təqlidlərin (dini rəhbərlərin) əməli risalələrində başqa işlərin də orucu pozan (batil edən) işlər olması haqqında fitvalar vardır və onlar aşağıdakılardan ibarətdir:

1. Müalicə üçün olsa da, vacib ehtiyata əsasən maye ilə imalə etmək;

2. Çarəsizlikdən olsa da, vacib ehtiyata əsasən qəsdən qusmaq;

3. Qatı tozu udmaq;

4. Başı bədənlə, yaxud bədənsiz suyun altına aparmaq;

5. Sübh azanına qədər cənabətli, heyzli və nifaslı qalmaq.

Bunları daha ətraflı izah edə bilərsinizmi?

Cavab: Başlayaq maye ilə imalə etməkdən. Axar (maye halında olan) şeylərlə imalə etmək haram olmasına baxmayaraq, oruc halında bu işlərin orucu batil etməsi haqqında əldə heç bir dəlil yoxdur. Həmçinin zərurət halında qəbizliyi aradan qaldırmaq və onun kimi şeylər üçün edilən imalələr də orucu batil etmir və haram da deyildir[1].

Qusmağa gəlincə yemək və içməyin qarşı nöqtəsi olan qusmaq da qəti olaraq orucu batil etmir, çünki bir-birinə zidd olan və bir-birinə qarşı olan yemək-içmək və qusmağın hər ikisinin orucu batil etməsi mümkün deyildir. Necə ki yemək və yeməmək, içmək və içməmək, cinsi münasibətə girmək və girməmək, Allah və Rəsula yalan nisbət vermək və verməmək, bunlar bir-birinə qarşı olan anlayışlardır və buna görə də hər ikisinin orucu batil etməsi mümkün deyildir. Qusmaq yeməyin ziddidir və onun orucu batil edən işlərdən olmasına dair əlimizdə bir dəlil olmamasından əlavə bu ziddiyyətin özü[2] qusmağın yemək və içmək kimi heç vaxt orucu batil edən bir iş olmamasına dair aydın bir sübutdur[3].

Qatı tozu udmağın orucu batil edən işlərdən olmasına gəlincə tüstü və toz barəsində onların oruc üçün yasaq olmaları haqqında dəlilin olmamasına əlavə Quran bir tərəfə qalsın, mötəbər bir xəbərdə də onun caizliyinə hökm olunmuşdur. Əmr ibn Səidin Həzrət Rzadan nəql etdiyi müvəssəq hədis buna dəlalət edir: “Öd ağacı (Hindistanda bitən və yandırıldıqda xoş iy verən ağac) və onun kimi bir şeyin tüstüsünü içən, çəkən və tüstü boğazına daxil olan oruc tutan şəxs haqqında soruşdum. Cavab verdi: “Heç bir vaxt heç bir maneəsi yoxdur!” Oruclu şəxsin boğazına daxil olan toz haqqında soruşduqda buyurdu: “Heç vaxt heç bir maneəsi yoxdur”.

Oruclu ikən başı bədənlə, yaxud bədənsiz suyun altına salmaq (irtimas) haram olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi oruc halında bu işin orucu batil etməsi haqqında əldə heç bir dəlil yoxdur[4]. İbn Babuvəyh (Şeyx Səduq) “əl-Hidayə” kitabında irtiması orucu batil edən işlərdən hesab etmir. “İstibsar” əsərində Şeyx Tusi, Seyid Mürtəza, Fazil və oğlu, Mühəqqiq Sani və Şəhid Sani irtiması orucu batil edən işlərdən hesab etməyən fəqihlərdəndir. Şeyx Tusi yazır: “Mənim irtimas üçün qəza, yaxud kəffarəyə dəlalət edən bir hədisdən xəbərim yoxdur”. Bütün sünni fəqihləri də irtiması orucu batil edən işlərdən hesab etmirlər.

Sübh azanına qədər qəsdən cənabət, heyz və nifas halında qalmağa gəlincə bilmək lazımdır ki, Quran-kərim yemək və içmək kimi, cənabəti və cinsi münasibəti də sübh azanına çox az bir zaman (bir neçə an) qalmış vaxta qədər halal bilmişdir[5]. Bu mövzuda Peyğəmbərdən (s) və hidayət imamlarından (ə) nəql olunmuş və ayəyə uyğun gələn rəvayətlər də bu hökmü təsdiq edir. Bu hökmə zidd olan rəvayətlər də ayəyə və birinci qrup rəvayətlərə zidd olduğuna görə qəbuledilməzdir. Buna görə də sübh azanına yaxın cünub olmaq (yəni cinsi münasibətə girmək), yaxud sübh azanına qədər qəsdən cənabət halında qalmaq heç vaxt orucu batil etmir və bu iş haram da deyildir. İmam Rza (ə)-dan “Ramazan ayında boynuna cənabət halı gələn və sübhə qədər (sübh azanına qədər) qəsdən yatan şəxsin üzərində nə vardır?” – deyə soruşulduqda İmam buyurdu: “Bunun ona heç bir zərəri yoxdur və bu, atam Musa əl-Kazimin dediyi məsələdir. O demişdir: “Aişə dedi ki, həqiqətən, Peyğəmbər – Allahın salamı ona və ailəsinə olsun! – möhtəlim olmadan sırf cinsi yaxınlıqla cünub olduğu bir halda sübhə çıxdı”[6].

Yuxarıda da qeyd etdiyimiz kimi, zahir budur ki, heyz, nifas və ələlxüsus istihazə qüslünün də hökmü belədir[7].

Orucu batil edən işlərin yalnız cinsi münasibətdə olmaq, yemək və içməkdən ibarət olduğunun dəlili bu şərafətli ayədir: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq (yəni onlarla cinsi əlaqəyə girmək) sizə halal edildi. … İndi onlarla yaxınlıq edə və Allahın sizin üçün yazdığını istəyə bilərsiniz. Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyə və içə bilərsiniz; sonra gecəyə qədər orucu tamamlayın. …”[8] Görürük ki, bütün gecə boyu yeməyin və içməyin vaxtı sübh azanından çox az bir zaman əvvələ qədər olduğu kimi, cinsi münasibət də belədir. Deməli, orucu batil edən bu üç iş sübh azanına qədər caizdir və sübh azanından əvvəl baş vermiş cənabət halı heç vaxt orucun düz olmasının maneəsi deyildir.

Deməli, deyilənlərə əsasən yalnız üç, yaxud dörd şey orucu batil edir və onun dördüncüsü – Allah-Taalaya, peyğəmbərlərə və hidayət imamlarına yalan nisbət vermək – əvvəl orucun düz (səhih) olmasının əsas şərti olan imanı batil edir. Sonra orucu batil edən işlər zümrəsindən hesab olunan digər işlərə dair[9] nəinki yalnız əlimizdə bir dəlil yoxdur, bəlkə, oruc ayəsində orucu batil edən işlər bu üç işlə təxsis olunur. Bəzi rəvayətlərdə onlarla məhdudlaşmasına dair bir neçə dəlil mövcuddur.

Sual: İynə vurdurmaq orucu pozurmu?

Cavab: Xəstənin qidalanması üçün yox, dərmanın bədənin başqa yerlərinə tez bir zamanda çatmasını təmin etmək üçün dərman məqsədilə vurulan iynə orucu pozmur.

Sual: Ağızda yığılmış tüpürcəyin, – istər az olsun, istərsə də çox – udulması orucu pozurmu?

Cavab: Tüpürcəyin udulması orucu pozmur.

Sual: Oruclu şəxs ağzını yaxalaya bilərmi?

Cavab: Oruclu şəxs suyu boğaza çatdırmamaq şərtilə ağzını yaxalaya bilər, lakin dəstəmazdan başqa vəziyyətdə boş yerə ağızı yaxalamaq məkruhdur (yəni bəyənilməyən bir işdir).

Sual: Oruc tutmuş şəxs qulağına, gözünə, burnuna dərman tökə bilərmi?

Cavab: Dərmanın dadının yemək borusunda hiss olunmasına baxmayaraq, qulağa və gözə dərman tökməyin heç bir qorxusu yoxdur, lakin dərmanın damcı şəklində buruna tökülməsinə gəlincə onunla oruc pozular.

Sual: İnsan xəstəliyini müalicə etmək istəyirsə, anus dəliyinə şam daxil edə bilərmi?

Cavab: Bəli, tibbi şamların istifadəsi orucu pozmaz. Hətta maye halında olmayan başqa məlhəmlərdən də istifadə etmək orucu pozmaz.

Sual: Oruc tutmuş kişi öz tənasül üzvünü və oruc tutmuş qadın uşaqlıq yolunu imalə edə bilərmi?

Cavab: Bəli, imalə edə bilərlər və oruc pozulmaz.

Sual: Əgər gəyirincə oruclu şəxsin mədəsindən ağız boşluğuna qida gələrsə, hökm nədir?

Cavab: Əgər özündən asılı olmayaraq, yaxud diqqətsizlikdən qida yenidən udulsa, oruc pozulmaz, lakin qida boğaz boşluğuna çatdıqda onu tüpürə biləcəyi bir halda ixtiyari olaraq qəsdən udsa, orucu pozular.

Sual: Oruclu olan ər-arvad gecə cinsi əlaqəyə girə bilərmi?

Cavab: Gecələr cinsi yaxınlıq icazəlidir. “Bəqərə” surəsinin 187-ci ayəsində buyurulur: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. …”

Sual: Orucu pozan işlər orucu nə vaxt pozur?

Cavab: Orucu pozan işlərlə oruc o zaman pozulmuş olur ki, bilərək və qəsdən edəsən.

Sual: “Bilərək”, – deyildikdə nə nəzərdə tutulur?

Cavab: “Bilərək”, – deyildikdə görülən işin orucu pozan bir iş olduğunun bilinməsi nəzərdə tutulur. Əgər insana çatdırılan şeyi yaxşı başa düşmədən, yaxud öyrəniləcək şəxs olmadığına görə öyrənə bilmədiyinə görə, bəzən də öyrənməyə diqqət edilmədiyinə görə, məsələn cinsi əlaqənin orucu pozan bir iş olduğunu bilməyən şəxs bu işlərdən birini görərsə, orucu pozulmaz.

Sual: “Qəsdən”,  – deyildikdə nə nəzərdə tutulur?

Cavab: “Qəsdən”, – deyildikdə işin diqqətli və şüurlu şəkildə yerinə yetirilməsi nəzərdə tutulur. Deməli, qafilcəsinə, səhvən, yaxud unutqanlıqla heç bir qəsd olmadan və diqqətsizlikdən orucu pozan işləri yerinə yetirən şəxsin orucu pozulmur.

Sual: Oruc tutmuş şəxsin hansı işləri yerinə yetirməsi məkruhdur?

Cavab: Oruclu şəxsin aşağıdakı işləri yerinə yetirməsi məkruhdur, yəni bəyənilməyəndir:

qadını əlləmək, öpmək və mazaqlaşmaq;

zəifləməyə səbəb olarsa, qan aldırmaq; zəiflik yaratmazsa, ziyanı yoxdur.

zəifliyə səbəb olacağından qorxduqda hamama daxil olmaq; 

xoşiyli hər bir bitkini, ələlxüsus Nərgiz gülünü iyləmək; xoş rayihəli ətirlərlə ətirlənmək məkruh deyil. Lakin müşkü tərk etmək müstəhəb ehtiyatdır, bəlkə, oruclu şəxsin müşklə ətirlənməsi məkruhdur. Həmçinin boğaza gedənə qədər tünd iyi iyləməyi tərk etmək müstəhəb ehtiyatdır.

əyində olan paltarı islatmaq;

qadının suda oturması; lakin kişinin suda oturması məkruh deyildir.

zərurət halı istisna olmaqla diş çəkdirmək, yaxud hər hansı bir səbəbə görə ağızı qanatmaq;

yaş çubuqla diş sürtmək; quru misvak çubuğu ilə dişləri misvaklamağın heç bir qorxusu yoxdur, bəlkə, bu iş müstəhəbdir.

dəstəmazdan başqa boş yerə ağızı yaxalamaq;

hidayət imamları barəsindəki mərsiyə və mədhiyyələr (qəsidələr) istisna olmaqla şeir demək.

Tərtibatçı: Xəyyam Qurbanzadə

https://t.me/sabiqun

https://t.me/momin_qadinlar


[1] Əllamə Qərəvinin fikrinə görə, ümumiyyətlə, ehtiqan (imalə etmək) icazəlidir və dəlil olmadığına və əslə (prinsipə) uyğun olduğuna görə nə haram edilmişdir, nə də məkruhdur. (“İxtilaflı məsələlərdə istidlali fiqh” kitabı, s. 154) Oruc imalə etməklə batil olmur. (“Şərhi-risalə” kitabı, Ayətullah Seyid Musəvi Qərəvinin Ayətullah Seyid Bürucərdinin “Tovzihul-məsail” risaləsinə yazdığı haşiyələr, s. 376)

[2] Yəni yemək anlayışı ilə zidd bir anlayış olması

[3] Əllamə Qərəvinin fikrincə də qusmaq nə orucun batil olmasına, nə də qəzanın vacib olmasına səbəb olur. İstər qəsdən olsun, istərsə də səhvən. (“İxtilaflı məsələlərdə istidlali fiqh” kitabı, s. 158)

[4] Əllamə Qərəvinin fitvasına görə də oruclu ikən başı bədənlə, yaxud bədənsiz suyun altına salmaq orucu batil edən işlərdən hesab olunmur. Orucun batil olması barəsində bu yolla gəlib çatan xəbərlərin (rəvayətlərin) hamısı xəbəri-vahiddir. Həmin rəvayətləri Quran və mütəvatir hədis təsdiq etmir. Əllamə Qərəviyə görə bu işin yerinə yetirilməsi də haram deyildir. Hətta məkruhluğu belə yoxdur. Çünki bu işin məkruh olduğuna hökm etmək üçün də kifayətedici dəlillər yoxdur. Sadəcə olaraq başını suyun altına aparan şəxsin boğazına su gedəcəyinə yəqinliyi olsa, bu işi yerinə yetirməməlidir, çünki su içmək orucu batil edən işlərdəndir. (“İxtilaflı məsələlərdə istidlali fiqh” kitabı, s. 148-152)

[5] “Bəqərə”, 187

[6] “Camiu əhadisiş-şiə”, c. 9, s. 208

[7] Əllamə Qərəvinin fitvasına görə də sübh azanına qədər qəsdən cənabət, heyz və nifas halında qalmaq orucu batil edən iş hesab olunmur. Cənabət, heyz və nifas qüslləri namaz üçündür və bu qüsllərin orucla heç bir əlaqəsi yoxdur. (“İxtilaflı məsələlərdə istidlali fiqh” kitabı, s. 122-148)

[8] “Bəqərə”, 187

[9] Məsələn, müalicə üçün olsa da, vacib ehtiyata əsasən maye ilə imalə etmək, çarəsizlikdən olsa da, vacib ehtiyata əsasən qəsdən qusmaq, qəsdən böyük hədəs (heyz, nifas və cənabət halı) üzərində qalmaq və sübh azanına qədər qüsl etməyi tərk etmək, başı bədənlə, yaxud bədənsiz suyun altına salmaq, qəsdən qatı və qeyri-qatı tozu udmaq

RAMAZAN ORUCU HAQQINDA FİTVALAR, ORUCUN SÜNNƏ VƏ ADABI-3

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

ÜÇÜNCÜ DƏRS

§ 1. Orucun vacib və düz olmasının şərtləri

Sual: Oruc tutmaq kimlərə vacibdir?

Cavab: Orucun insana vacib olması üçün aşağıdakı şərtlərin olması zəruridir:

1. Oruc tutan müsəlman olmalıdır; kafirə oruc tutmaq vacib deyil, tutsa da, qəbul olunmaz.

2. Oruc tutan şəxs oruc tutmaq üçün yetkinlik yaşına çatmalıdır; mübarək Ramazan ayının orucu bütün oğlan və qız mükəlləflərə – ümumi qayda baxımından – orta hesabla hicri-qəməri təqvimilə təxminən on üç yaşında (miladi təqvimi ilə 12 yaş 7 ay 20 günlüyündə) vacibdir. Bəzi rəvayətlərdə də orucda hər ikisinin həddi-büluğa çatmasının adi yaşının 13 yaş olduğu qeyd olunmuşdur. Buna görə də ənənəvi fiqhə əsasən qızların oğlanlardan altı il əvvəl (h. q. təqvimilə 9 yaşında) oruc tutmasının özü də (!) qızlar üçün yolverilməz bir məcburiyyətdir. Buna əsasən qızlar üçün doqquz, oğlanlar üçün 15 yaş fikirlərinin və fitvalarının heç bir əsası yoxdur.

Əgər on üç yaşından əvvəl mükəlləf olsa, yəni oğlan uşağıdırsa, möhtəlim olsa (yəni yuxuda ondan sperma xaric olsa), qız uşağıdırsa, aybaşı görməyə başlasa və oruc tutma gücünə sahib olmasa, ona oruc tutmaq vacib deyildir ki, “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. …”[1]. Lakin oruc tutma gücünə sahib olsa, oruc tutması vacibdir. Əgər on üç yaşı da keçsə və yenə də çətinlik və ya zərərli olduğuna görə oruc tutma gücünə sahib olmasa, oruc tutması vacib deyil. Bir sözlə, orucda mükəlləfin malik olduğu fiziki güc və qüdrəti də, eyni zamanda digər qüvvələri də əsas şərtdir.

Sual: Hicri-qəməri təqvimilə on üç yaşı tamam olmayan, yaxud on üç yaşı tamam olmamışdan əvvəl həddi-büluğun yuxarıda deyilən fiziki əlamətləri təzahür etmədiyinə görə həddi-büluğ olmayan, lakin oruc tutma gücünə sahib olan uşağın oruc tutmasının hökmü nədir?

Cavab: Oruc tutması vacib deyil, lakin savab qazanmaq üçün oruc tutarsa, əməli düz olar, qəbul olunar və ona savab yazılar.  

3. Qadına orucun vacib olması üçün o, sübh azanından Günəş batana qədər heyz (aybaşı) və nifas qanından pak olmalıdır; heyz və nifas halında olan qadının oruc tutması vacib deyil. Əgər oruc tutarsa, orucu düz deyil.

Sual: Əgər oruc tutmuş bir qadından gün əsnasında heyz və yaxud nifas qanı gələrsə, onun orucu pozularmı?

Cavab: Bəli, onun orucu pozular və həmin gün oruc tuta bilməz. Sonra onun qəzasını tutmalıdır.

Səhih bir rəvayətdə Ramazan ayında Günəş batmamışdan əvvəl aybaşı görməyə başlayan qadın haqqında soruşulduqda İmam Cəfər əs-Sadiq (ə) belə cavab verdi: “Aybaşı görməyə başladıqda orucunu yeyər!”[2]

Əbdürrəhman ibn Həccac deyir: “Əbülhəsəndən (İmam Musa əl-Kazimdən) “O bu günü sona çatdırmalıdır, yoxsa orucunu yeməlidir?” – deyə əsrdən sonra doğan qadın haqqında soruşdum”. Belə cavab verdi: “Orucunu yeyər və bu günün qəzasını tutar!”[3]

Sual: Əgər qadın Ramazan ayında gecə heyz, yaxud nifas qanından təmizlənərsə və qan kəsilərsə, nə etməlidir?

Cavab: Qadının sübh azanına qədər qəsdən heyz, nifas və ələlxüsus istihazə halında qalması heç vaxt orucu batil etmədiyinə və bu iş də haram olmadığına görə qadın Ramazan ayında gecə (sübh azanından əvvəl) heyz, yaxud nifas qanından təmizlənərsə və qan kəsilərsə, oruc üçün qüsl etməsi vacib deyildir. Niyyət edib orucunu tutmalıdır və orucu düzdür. Qılacağı sübh namazı üçün qüsl etməsi vacibdir.

Sual: Əgər qadın gecə qanın kəsilməsini bilməsə və bunu sübh azanından sonra bilsə necə?

Cavab: Niyyət edib orucunu tutmalıdır və orucu səhihdir (düzdür).

Sual: Bəs qadın gün ərzində heyz, yaxud nifas qanından təmizlənərsə, həmin günün orucunu tutmalıdırmı?

Cavab: Qadının həmin günün orucunu tutması vacib deyil. Sonra o günün qəzasını tutmalıdır.

4. Orucun vacib və düz olması üçün mühüm olan şərtlərdən biri də orucun insan üçün zərərli olmamasıdır, yəni tutulan oruc insan üçün zərərlidirsə, bu halda orucu yemək (yəni orucu tutmamaq) vacibdir.

Sual: Orucun zərərli olması deyildikdə nə başa düşülür?

Cavab: Orucun insan üçün zərərli olması deyildikdə aşağıda deyilən halların ortaya çıxması başa düşülür:

Orucun insanda mədə və bağırsaq yarası, böyrək ağrısı, qan azlığı kimi xəstəliklərin yaranmasına səbəb olması;

mövcud olan xəstəliyin şiddətlənməsinə səbəb olması;

onun sağalmağının gecikməsinə, yaxud da xəstəliyin ağrısının artmasına səbəb olması.

Bu zərərlərin dərhal üzə çıxması ilə tutduğu oruca görə gələcəkdə yaranması arasında heç bir fərq yoxdur.

Sual: Tutulan orucun insan üçün zərərli olması haqqında insanda dəqiq tibbi məlumatın olması lazımdırmı?

Cavab: Xeyr, dəqiq tibbi məlumatın olması şərt deyil. Yalnız insanın daxilində zərərin qorxusunu yaradan zənn və ehtimalın olması kifayətdir.

Sual: Səfərdə oruc tutmağın hökmü nədir?

Cavab: Əgər zərərli bir cəhət, yaxud çətinlik yoxdursa, imkan daxilində müsafirin də başqa şəxslər kimi oruc tutması vacibdir. Orucun tərk olunması üçün istisna mövzu hesab olunan xəstəlik kimi, səfər də yalnız zərər, yaxud çətinlik olaraq orucun yeyilməsinə səbəb ola bilər, vəssalam. Səfər o cəhətdən xəstəliklə eyni kateqoriyaya daxil edilir ki, keçmişdə oruc halında edilən səfərlər xəstəliyin yaranmasına səbəb olurdu. Əks təqdirdə hər bir səfəri xəstəliklə bir sıraya daxil edə bilmərik. Hal-hazırkı müasir səfərlərdə çox vaxt insan öz evindən də rahat şəraitdə olur. Bu hökmün əsası “Allah sizin üçün üsr (zərər) deyil, yüsr (yüngüllük) istər. …”[4] şərafətli ayəsidir ki[5], bu ayəyə görə vətəndə çətinlik orucun tutulmasına maneədir. Hər bir səfərdə onun asan olması orucun tutulmasının səbəbidir (yəni səfərdə oruc tutmaq asan olarsa, mütləq tutulmalıdır).

Ümumiyyətlə, oruc üçün üzr olaraq müəyyənləşdirilmiş xəstəlik və səfər bu iki vəziyyətdə qarşıya çıxan çətinlik, yaxud zərərə görədir. Bu prinsipə əsasən yalnız bu iki vəziyyətdə (zərər, yaxud çətinlik) oruc vacib deyildir. Əlbəttə, bir surətdə ki, çətinlik, ya zərər qeyri-ixtiyari olsun, ya da məcburi olduğu surətdə onları (yəni çətinliyi, yaxud zərəri) aradan qaldırmaq mümkün olmasın.

Sual: Ramazan ayında səfərə çıxmaq icazəli hesab edilirmi?

Cavab: Oruc tutmağın haram olduğu müsafirət, məsələn mükəlləfin zərər və çarəsizliyə (iztirar və məcburiyyətə) giriftar olub zorla oruc tutma gücünü əldən verəcəyini bildiyi müsafirət mübarək Ramazan ayında mükəlləf üçün icazəli deyil. Lakin bərabər, yaxud daha üstün bir zərurətin qarşıya çıxması istisnadır. Buna əsasən Ramazan ayında oruc tutmaqdan qaçmaq, yaxud zəruri olmayan və ya daha az zərurəti olan hər bir başqa məqsəd üçün oruc tutmaq zərər gətirən müsafirət bütünlüklə haramdır.

Tərtibatçı: Xəyyam Qurbanzadə

https://t.me/sabiqun

https://t.me/momin_qadinlar


[1] “Bəqərə”, 286

[2] “Vəsailuş-şiə”, “Kitabus-soum”, “Orucu səhih olan şəxslər” babı, 25-ci fəsil, 2-ci hədis

[3] “Vəsailuş-şiə”, “Kitabus-soum”, “Orucu səhih olan şəxslər” babı, 26-cı fəsil, 1-ci hədis

[4] “Bəqərə”, 185

[5] Bu ayədən əvvəlki ayələrdə əvvəl oruc bütün mükəlləflərə vacib edilmişdi: “… Oruc sizə vacib edildi!” (“Bəqərə”, 183) Sonra oruc xəstəlik və səfər vaxtı haram olmuşdur ki, səbəbi sonrakı ayədə zikr olunmuş və buyurulmuşdur ki, çətinlik olduqda oruc tutmaq daha xeyirlidir. Nəhayət, Allah sizin üçün yüngüllük istər, ağırlıq (çətinlik, zərər) istəməz. Nəticədə əgər oruc çətinlik yaradarsa, qatlaşılmaz olarsa, vacib deyil, əksinə müstəhəbdir. Əgər zərərli olarsa, haramdır və bu iki surətdən qeyrisində vacibdir. Buna görə də çətinlik, yaxud zərər vəziyyəti istisna olmaqla bu arada səfər və xəstəliyin heç bir rolu yoxdur. Əgər işin içində çətinlik, yaxud zərər olmasa, bəlkə, asanlıqla oruc tuta bilsə, oruc tutmaq vacibdir. Və qeyri-ixtiyari çətinlik və dözülməzlik surətində müstəhəbdir. Doğrudurmu ki, çətinlik və dözülməzlik olduğu surətdə vətəndə oruc tutmaq müstəhəb olsun, lakin heç vaxt çətinliyin belə olmadığı səfərdə oruc tutmaq haram olsun? Əslində bu özü mühümün əhəmdən (daha əhəmiyyətlidən) önə atılmasıdır ki, çətinlik və dözülməzlik surətində oruc tutmaq müstəhəbdir, lakin asanlıq olduğu surətdə sırf səfərə görə oruc tutmaq haramdır. Təyəmmüm mövzusunda da “su tapmadığınız zaman” ifadəsini (“Nisa”, 43, “Maidə”, 6) xəstəlik və səfərdən (“Nisa”, 43) sonra gətirmişdir. Şübhəsizdir ki, yalnız su tapa bilmədiyiniz səfər nəzərdə tutulur. Oruc mövzusunda da səfərin xəstəliyə əlavə olunması səfərdə orucun həmin zərərli olması səbəbilədir və səfərin özünün heç bir mövzusu yoxdur. … (“Yeni tovzihul-məsail” risaləsi, “Oruc” fəsli, § 6. Haram oruc, 411-ci məsələnin haşiyəsi, Ayətullah Mühəmməd Sadiqi Tehrani)

RAMAZAN ORUCU HAQQINDA FİTVALAR, ORUCUN SÜNNƏ VƏ ADABI-2

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

İKİNCİ DƏRS

§ 1. Hilalın təsbit edilməsi

Sual: Ramazan ayının giriş və çıxışı, yəni hansı günün Ramazan ayının birinci günü və hansı günün Fitr bayramı günü olduğu, bir sözlə, qəməri ayın başlaması hansı yollarla təsbit edilir?

Cavab: Qəməri ayın əvvəlinin təsbit olunması üçün çoxlu hökmlər və yollar vardır ki, onlardan biri də mükəlləfin özünün həqiqətdə hilalı (ayparanı) görməsidir.

Sual: Görmənin adi gözlə olması şərtdir?

Cavab: Görmənin adi gözlə olması şərt deyildir, eynək və ondan qeyrisi kimi yaxınlaşdırıcı vasitələrə etimad etmək də doğrudur. “Gördükdə oruc tut, gördükdə orucunu ye!” hədisi görməni xüsusi bir vasitə ilə məhdudlaşdırmamışdır. Buna əsasən Ayı görməkdə ən yaxşı vasitələrdən biri hesab olunan teleskop ayın əvvəlini sübuta yetirmək üçün yolu hamı üçün açır və asanlaşdırır, bütün ixtilafların qarşısını alır. Əgər bu məsələyə diqqət və əməl edilsə, artıq hər il bir neçə Fitr bayramının və bir neçə bayram namazının şahidi olmayacağıq.

Sual: Qəti (dəqiq) və yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidirmi?

Cavab: Bəli, qəti (dəqiq) və yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir. Ayın muhaqdan[1] çıxıb görünməsi mümkün olacaq şəkildə üfüqdə olması barəsində insanı yəqinlik və arxayınçılığa gətirib çıxaran hər bir elmi səy və cəhdlə də qəməri ayın əvvəli təsbit edilir. Müsəlman olmasalar da, mütəxəssis astronomların bu barədə şəhadət vermələrinə etimad etmək mümkündür. Bu (yəni etimad), onların sözündən qətilik və arxayınlıq hasil olduqda olur.

Sual: Ayparanı (hilalı) görməkdə ölçü və meyar olduğumuz həmin üfüq, yaxud həmüfüq və ya yaxın üfüqlü şəhərlərdir, yoxsa uzaq üfüqlü şəhərlərin birində ayparanın görünməsinin mümkünlüyü bizim üçün də kifayət edir?

Cavab: Şər’i dəlillərdən başa düşülən budur ki, gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Seyid Fəzlullah bu məsələ ilə əlaqədar belə fitva verir: “Hilalın bir ölkədə təsbit edilməsində onun həmin ölkə ilə gecənin bir hissəsində olsa da, müştərək olan hər hansı başqa bir ölkədə təsbit edilməsi kifayət edir. Belə ki, Ay görünən ölkədə Günəş, mükəlləfin yaşadığı ölkədə fəcr tülu etməmişdən qabaq (yəni sübh namazından əvvəl) batır”[2].

İslamın böyük fəqihlərindən olan Ayətullah Seyid Mühəmməd Hüseyni Ruhani “Minhacus-salehin” adlı fiqhi əsərində bu barədə belə fitva verir: “Əgər hilal bir şəhərdə görünərsə, üfüq müştərəkliyinin olması ilə başqa bir şəhərdə hilalın sübut olunmasında bu kifayət edir. Bəlkə, zahir odur ki, hər hansı bir ölkədə hilalın görünməsi, gecədə onunla müştərək olan başqa ölkələrdə də hilalın sübut olunmasında kifayət edir. Baxmayaraq ki, onların birində gecənin əvvəli, digərində isə gecənin sonu olur”[3].

Dövrün böyük fəqihi Ayətullah Əllamə Musəvi Qərəvi də qəməri il ayının birinci gününün Ayın Yer kürəsi üçün doğmasından etibarən başladığını hesab edib üfüq və ölkələrin coğrafi sərhədlər etibarilə bir-birindən ayrılmasını inkar edir. Onun fikrinə görə İslam ölkələri arasındakı mövcud ixtilaf şər’i bir məsələ yox, zərərli siyasi bir məsələdir. Çünki şər’i hökmlərin böyük bir hissəsi və onların əməli cəhəti ümmət arasında təfriqə yaymaqdan yox, vəhdət yaratmaqdan ibarətdir[4].

Bu fitvalara əsasən Şimali və Cənubi Amerikada, Afrikada, ərəb və digər İslam ölkələrində hilalın adi gözlə və ya yaxınlaşdırıcı cihazlarla görünməsinin mümkünlüyü dəqiq astronomik hesablamalarla sübuta yetərsə, bizim üçün də ayın əvvəli sübuta yetmiş olur.

 Tərtibatçı: Xəyyam Qurbanzadə

https://t.me/sabiqun

https://t.me/momin_qadinlar


[1] Ayın dövriyyəsinin bir mərhələsində onun diskinin Günəşlə Yer arasındakı kölgədə tamamən yoxa çıxdığı məqam

[2] “Əhkamuş-şəriə”, 582-ci məsələ, s. 190, “Əhli-Beyt məzhəbində namaz və oruc”, s. 236, 237

[3] c. 1, 1015-ci məsələ

[4] “Məğrib və hilal” kitabı

RAMAZAN ORUCU HAQQINDA FİTVALAR, ORUCUN SÜNNƏ VƏ ADABI-1

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! 

(Ramazan orucu haqqında fitvalar, orucun sünnə və adabı)

BİRİNCİ DƏRS

§ 1. Ramazan orucu haqqında ümumi məlumat

Oruc Allah-Taalanın vacib buyurduğu əməllərdəndir. Onun həm fərd, həm də cəmiyyət üçün böyük faydaları vardır. Allah-Taala orucu müsəlman ümmətinə vacib etdiyi kimi, bizdən əvvəlki ümmətlərə də vacib buyurmuşdur. Bu onun çox əhəmiyyətli ibadət olmasını göstərir. Allah-Taala “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: “Ey iman gətirənlər! Təqva sahibi olasınız deyə (yəni yasaq olunmuş şeylərdən qorunasınız deyə) oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi!”

Hədislərdə deyilir ki, oruc Cəhənnəm atəşinə qarşı qalxandır, bədənin zəkatıdır və oruc tutanın yuxusu ibadət, nəfəsi və sükutu (susması) təsbih (yəni dua), əməli məqbul, duası müstəcab (yəni qəbul olunmuş) və ağzının iyi isə Allahın yanında müşkdən daha ətirlidir.

Sual: Oruc nədir?

Cavab: Oruc sübh azanından Günəş batana[1] qədər Allah rizası üçün orucu pozan işlərdən çəkinməkdir (Bu işlər haqqında məlumat veriləcək).

Sual: Orucun vacib buyurulmasının hikməti və səbəbi nədir?

Cavab: Quran-kərimə nəzər saldıqda belə başa düşülür ki, orucun vacib edilməsinin hikməti və səbəbi insanın təqvaya çatması və təqva sahibi olmasıdır. Allah-Taala buyurub: “Təqva sahibi olasınız deyə oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi!” Ayənin “təqva sahibi olasınız deyə…” hissəsinə diqqət etdikdə belə bir nəticəyə gələ bilirik. Beləcə, orucun əsl məqsədi ortaya çıxır.

Oruc təqva vasitəsi və təqvaya aparan bir yoldur. Oruc məqsəd deyil, məqsəd olan təqvaya çatma vasitəsidir. Oruc təqvanın zəminəsi, təqva isə orucun nəticəsidir. Oruc insanda təqva sahibi ola bilmə gücü yaradan ibadətdir.

Sual: Bəs təqva nədir?

Cavab: Təqva Allahın yasaq etdiyi şeylərdən qorunmaq deməkdir.

Sual: Orucun təqva ilə olan əlaqəsini necə başa düşək?

Cavab: Təqvaya verilən tərifdən belə başa düşülür ki, onu əldə etmək yalnız güclü bir iradəyə sahib olmaqla mümkündür. Güclü bir iradəyə sahib ola bilməyən şəxs, öz ixtiyarının cilovunu əlində tuta və nəfsə xoş gələn günahlardan qoruna bilməz. İradəni isə onun üzərində məşq işi aparmaqla qüvvətləndirmək olar. Bu da nəfsi yemək və içməkdən ibarət olan qarın şəhvətindən və cinsi şəhvətdən çəkindirməklə mümkündür, çünki insanları günaha sürükləyən şəhvətin təməli, mədə və cinsi arzulardır. Əgər insan öz nəfsini müəyyən bir zaman içində (yəni sübh azanından Günəş batana qədər) ən zəruri ehtiyacları olan bu işlərdən məhrum etsə və bu idmanı məşq etsə, tədricən onda günahdan qoruna bilmə gücü yaranar. İnsanda yavaş-yavaş iradəsinə hakim ola bilmə bacarığı və məharəti formalaşar. Bir sözlə, iradəsi qüvvətlənər və özünü nəfsə cazibədar gələn günahlardan qoruya bilər. Aydındır ki, yemək, içmək və cinsi münasibət kimi icazəli işlərdən çəkinməklə Allahın çağırışına cavab verib güclü iradə nümayiş etdirən bir şəxs üçün günahlardan çəkinməklə Ona itaət etmək daha asan olar.

Həm də nəfsi oruc tutmaqla ac buraxmaq onun insan iradəsinə hakim olma istəyini qırar, ona acizliyini, zəifliyini və möhtac olduğunu göstərər. Ona qul olduğunu bildirər.

Sual: Bildiyimiz kimi, oruc müqəddəs Ramazan ayında tutulur. Bu ayı digər aylardan fərqləndirən xüsusiyyətlər hansılardır?

Cavab: Ramazan ayı Quranın nazil olduğu müqəddəs bir aydır. Ramazan ayı elə bir aydır ki, onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. O ayda insanlar ilahi ziyafətə (qonaqlığa) dəvət olunur və övliyaların (Allah dostlarının) təbəqəsində qərar tuturlar. Bu ayda bir gecə vardır ki, o gecə min aydan daha xeyirlidir. O bir gecə Qədr gecəsidir. Qədr gecəsində mələklər və böyük mələk Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq və əmin-amanlıqdır.

Sual: Bir müsəlman və mömin Ramazan ayını necə dəyərləndirməlidir?

Cavab: Hər şeydən əvvəl oruc tutmasının qarşısını alan bəzi amillər yoxdursa (bunlar haqqında danışılacaq), sədaqət dolu niyyət və pak qəlblə oruc tutmalıdır. Ayələrin mənalarını düşünərək Quran oxumalı (yəni Quran üzərində təfəkkür etməli), Allahdan bağışlanma diləməli, günahlarına görə tövbə etməlidir. Çünki bu böyük ayda ilahi məğfirətdən (bağışlanmaqdan) məhrum olan şəxs, həqiqətən, bədbəxtdir. İmam Sadiq (ə) buyurmuşdur: “Kim Ramazan ayında bağışlanmasa, gələn ilə qədər bağışlanmaz. Növbəti Ramazana qədər yalnız Ərəfatda (Məkkədə Ərəfə günü hacıların durduqları yer) bağışlana bilər”[2].

Müsəlman və mömin bu ayda ac-susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu dərk etməlidir. Yoxsulların aclıqdan hansı hisslər keçirdiklərini xatırlamalıdır. Fəqirlərə və şikəstlərə sədəqə verməli, böyüklərə ehtiram etməli, kiçiklərə qarşı mərhəmətli olmalı, qohumlarla əlaqə yaratmalı, dilini qeybətdən, yalandan, böhtandan, iftiradan və dedi-qodudan, gözünü naməhrəmdən, qulağını başqaları haqqında edilən qeybətə qulaq asmaqdan qorumalı və yetimlərə rəhm etməlidir.

Oruc tutan şəxs qəlbini eyiblərdən, məkr və hiylələrdən təmizləməli, Allaha sığınmalı, gizlində də, aşkarda da Onun yasaq etdiklərindən çəkinməli, Allahdan qorxmalı, oruclu olduğu halda qəlbini Allah üçün hər şeydən boşaltmalıdır.

Əgər bunları edərsə, əməlli-başlı oruc tutmuş və Allahın ona əmr etdiyi əməldə Ona itaət etmişdir.

Tərtibatçı: Xəyyam Qurbanzadə

https://t.me/sabiqun

https://t.me/momin_qadinlar


[1] Sünni dostları olan və Ramazan ayında iftar vaxtında onlar iftarlarını 15 dəqiqə tez açdığına görə çətinliklə qarşılaşan və “Onlarla iftar etmək icazəlidir, ya yox?” – deyə Seyid Fəzlullaha sual verən şəxslərə o, belə cavab vermişdir: Əgər təhqiq edərək Günəşin diskinin itməsini (yəni üfüqdən aşağı düşməsini) yəqinləşdirsək, bizim rəyimizə əsasən iftar icazəlidir. Şərq tərəfdə yaranan qırmızılığın getməsi (yəni insanın başı üstündən keçməsi) haqqında danışılan rəvayətlər Günəşin diskinin itməsini yəqinləşdirmək üçün ehtiyat etmək xatirinədir, çünki Günəşin dağın dalında gizlənməsi mümkündür. Belə olduqda şərq tərəfdə yaranan qırmızılığın getməsi yəqinliyə çatmaqla şübhəni aradan qaldırır. Deməli, insan təhqiq edərək diskin itməsini yəqinləşdirsə və yer səhra, yaxud dəniz olarsa və diskin üfüqdən enməsini görərsə, qürub hasil olur (yəni Günəş batır). Nəql olunmuş bəzi rəvayətlərdə də deyilir ki, İmam Sadiq (ə) məğrib namazını şərq tərəfdə yaranmış qırmızılıq getməmişdən əvvəl qılardı. Deməli, təhqiq edərək Günəşin diskinin itməsini yəqinləşdirsək, insanın iftar etməsi mümkündür”. (“Əhli-Beyt məzhəbində namaz və oruc”, s. 343, 344)

Dövrün böyük və islahatçı müctəhidlərindən olan Əllamə Qərəvi də Günəşin qürub etməsini məğrib namazının və iftarın başlanma vaxtı hesab edir və şərq tərəfdə yaranmış qırmızılığın insanın başı üstündən keçməsindən ibarət olan 15 dəqiqəlik zaman fasiləsinin əsassız bir şey olduğunu deyir. Bu barədə yazdığı “Məğrib kitabı” adlı risaləsinin sonunda belə yazır: “… Qürub (şər’i baxımdan Günəşin batmış hesab olunması – X. Q.) məsələsində qeyd olunmuş mütəvatir xəbərlərdən belə məlum oldu ki, imamlar verilən şərhə əsasən Günəşin batmasını məğrib namazının və iftarın vaxtı ilə eyni vaxtda bilir və ona uyğun əməl edirdilər. Qırmızılığın aradan getməsi fikri istinbatın qəti prinsipləri ilə ziddiyyət təşkil edir və qəti mütəvatir xəbərləri görməzlikdən gəlməyə səbəb olur. Buna görə də bu fikir qəbul edilə bilməz və ona tabe olmaq bidət hesab olunur. … Hətta qırmızılığın aradan getməsinin mötəbər olduğunu açıq-aydın şəkildə ifadə edən bir hədis belə yoxdur. …”

[2] “Mən la yəhzuruhul-fəqih”, “Babu fəzli şəhri rəməzan və səvabu siyamihi”, h. 11

BƏYANAT (1443-2022)

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ

HEYƏT: “2 APREL ŞƏNBƏ GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət bəyanat vermiş və o bəyanatda şənbə gününə təvafüq edən 2022-ci il aprel ayının 2-sinin 1443-cü il mübarək ramazan ayının ilk günü olduğunu elan etmişdir. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimi ilə 1443-cü ilin ramazan ayının hilalı miladi təqvimi ilə 2022-ci il aprel ayının 1-i cümə günü Qrinviç saatı ilə 06:24-də, yəni Beyrut şəhəri yerli saatla 09:24-də (Bakı vaxtı ilə 10:24-də) doğacaqdır.

Sxemdə göründüyü kimi cümə günü axşam (yəni cümə günündən şənbə gününə keçən gecə) Şimali və Mərkəzi Amerikanın qərb tərəfində (çəhrayı rəngdə yerləşən ölkələrdə) hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda bu hilalı adi gözlə, Şimali və Cənubi Amerikanın bir çox bölgələrində və Afrikanın az bir hissəsində (şimal-qərbində) teleskopla görmək mümkün olacaq. (Sxemdə tünd göy rəngdə yerləşən ölkələr nəzərdə tutulur). Buna əsasən hilalın göründüyü regionlarla gecənin bir hissəsində olsa da, müştərək olan regionlarda (İran və Azərbaycan da həmin regionlara daxildir) 2022-ci il aprel ayının 2-si şənbə günü mübarək ramazan ayının ilk günüdür. (Aprel ayının 1-i cümə günü axşam niyyət axşamıdır.) Bu, S. M. Fəzlullahın “gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın yaxınlaşdırıcı cihazlarla belə görünməsi kifayət edir” fiqhi əsasına uyğundur.

Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu ay bütün azərbaycan müsəlmanları arasında xeyirə və haqqa açılış ayı olsun! AMİN!

İzah: Bəyanata və 2022-ci il ramazan ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 1 aprel axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa da, müştərək olduğumuz ölkələrin birində – tünd göy rəngdə yerləşən ölkələrə baxın – ayparanın teleskopdan istifadə etməklə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də ramazan ayının əvvəli sübuta yetmiş olur.

Bu elana əsasən aprel ayının 19-dan 20-nə, 21-dən 22-nə və 23-dən 24-nə keçən gecələr Əhya gecələridir. Aprelin 23-dən 24-nə keçən gecə isə mübarək Qədr gecəsidir.

  “MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-2

(Elm və şəriətin ölçülərinə uyğun olaraq məğrib (şam) namazının vaxtı)

MÜASİR FƏQİHLƏRİN RƏYİ

Məğrib namazının vaxtının diskin üfüqdən aşağı düşməklə daxil olduğuna qail olan müasir fəqihlərlə həmfikir olan ən görkəmli fəqihlərdən biri Seyid Mühəmmədhüseyn Fəzlullahdır. Ustadı Seyid Xoyi[1], həmçinin Seyid Həkimin[2] söylədiyi fikrə istinad etmiş və şəri qürub (Günəşin şəri baxımdan batmış hesab olunması) haqqında ona verilən suala belə cavab vermişdir: “Bizim fikrimiz Seyid Xoyi, Seyid Həkim və bir çox alimlərin fikri kimidir. O fikir də bundan ibarətdir ki, qürub (Günəşin batması) şərq tərəfdəki qırmızılığın gözdən itməsi ilə yox, Günəşin diskinin üfüqdən aşağı düşməsi ilə həqiqət tapır”[3]. Oxumağa davam et