
BƏYANAT
MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏR’İ HEYƏT: “18 FEVRAL ÇƏRŞƏNBƏ GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”
Tarix: 19 şəban 1447-ci il,
m. 07.02.2026
Mərhum Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullahın müəssisəsindəki şər’i heyət hicri 1447-ci il (m. 2026-cı il) üçün mübarək ramazan ayının başlanğıcını müəyyən edən bəyanat yayıb. Bəyanatın mətni belədir: “Hicri-qəməri təqvimi ilə 1447-ci ilin ramazan ayının hilalı 2026-cı il fevral ayının on yeddisi çərşənbə axşamı günü Beyrut şəhərinin yerli vaxtı ilə günorta saat 14:01-də (Bakı vaxtı ilə 16:01-də), Qrinviç Qış saatı ilə 12:01-də doğacaqdır (ictima[1]).
17.02.2026-cı il çərşənbə axşamı günü axşam (çərşənbə axşamı günündən çərşənbə gününə keçən gecə) yeni hilalın (ramazan ayının hilalının) çılpaq gözlə görünməsi mümkün deyildir. Lakin Meksika və Amerika Birləşmiş Ştatlarının bəzi məntəqələrində ayparanın teleskopdan və yaxınlaşdırıcı cihazdan istifadə etməklə görünməsi mümkün olacaq. Həmin məntəqələr gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz məntəqələrdir.
Buna görə də hilalın göründüyü məntəqələrlə gecənin bir hissəsində olsa belə, gecə müştərəkliyi olan bütün ölkələrdə mübarək ramazan ayının ilk günü 18 fevral 2026-cı il çərşənbə günü olacaq. Ayparanın göründüyü məntəqələrlə gecənin bir hissəsində olsa belə, gecə müştərəkliyi olmayan məntəqələrdə isə ramazan ayının ilk günü 19 fevral 2026-cı il cümə axşamı günü olacaq. Bilirik ki, ayparanın görünməsinin mümkün olduğu məntəqələrlə gecənin bir hissəsində olsa belə, müştərəkliyin sahəsi təqribən 60 dərəcə şərq uzunluğuna qədər artır.
Bu, Seyid Mühəmmədhüseyn Fəzlullahın söykəndiyi fiqhi rəyə uyğun olaraq belədir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidin fiqhi rəyinə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.
Allahdan istəyirik ki, bu ayda və qarşıdan gələn aylarda bizə Özünə itaət etməkdə və İslam ümmətinə birlik, izzət və kəramət əldə etməkdə müvəffəqiyyət versin! Bu ayı İslam dünyası üçün xeyir, yardım və bərəkət ayı qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”
Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyir və haqqa açılış ayı olsun! AMİN!

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Tünd-göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.
Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.
İzah: Bəyanata və 2026-cı il ramazan ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 17 fevral axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz ölkələrin birində – göy rəngdə yerləşən ölkələrdə – ayparanın görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də ramazan ayının əvvəli sübuta yetmiş olur. Məsələn, bu ölkələrdən biri olan Meksikanın – bir daha nəzərinizə çatdıraq ki, bu ölkənin şimal-qərbində hilalın teleskopdan istifadə etməklə görünməsi mümkün olacaq – Tixuana şəhərinin gecəsi ilə ölkəmizin paytaxtı Bakı şəhərinin gecəsi arasında olan müştərəkliyi öyrənək. 2026-cı il 17 fevralda Tixuana şəhərində yerli vaxtla saat 17:42-də məğrib azanı verilir, yəni gecə daxil olur. Bu, Bakı vaxtı ilə 18 fevral gecə saat 05:42-yə təsadüf edir. Bakıda isə həmin gecə 07:23-də Günəş çıxır, yəni gecə sona çatır. Saat 05:42 ilə 07:23 arasındakı zaman fasiləsi 1 saat 41 dəqiqədir. Deməli, Bakı şəhəri ilə Tixuana şəhəri arasında 1 saat 41 dəqiqə gecə müştərəkliyi vardır. Həmin şəhərdə də dəqiq astronomik hesablamalara əsasən fevral ayının 17-si axşam ayparanın yaxınlaşdırıcı cihaz vasitəsilə görünməsinin mümkün olduğu və o şəhərin əhalisi üçün ramazan ayının əvvəli sübuta yetdiyi üçün o şəhərlə bizim Bakı şəhəri arasında gecə müştərəkliyi olduğuna görə bizim üçün də ramazan ayının əvvəli sübuta yetmiş olur.
Bu elana əsasən mart ayının 7-dən 8-nə, 9-dan 10-na və 11-dən 12-nə keçən gecələr əhya gecələridir. Martın 11-dən 12-nə keçən gecə isə mübarək Qədr gecəsidir.
Diqqət: Ayətullah Seyid Əli Sistaninin müqəllidləri üçün ramazan ayının 2026-cı il fevral ayının 19-da (cümə axşamı günündə) başlayacağı gözlənilir. Çünki Ayətullah Sistaninin fiqhi rəyinə əsasən ayın əvvəlinin sübuta yetməsi üçün hilalın mükəlləfin yaşadığı şəhərin üfüqündə, yaxud həmüfüq şəhərlərdə, yaxud yaxın üfüqlü şəhərlərdə çılpaq gözlə görünməsi şərtdir. Seyid Sistaninin fiqhi rəyinə görə, Ayın yaxınlaşdırıcı cihazlarla görünməsi də hilalın isbatı üçün kifayət etmir. Yuxarıdakı açıqlamaya əsasən 2026-cı il fevral ayının 17-də axşam Günəş batarkən ayparanın görünməsi Meksika və Amerika Birləşmiş Ştatlarının bəzi məntəqələrində, yəni uzaq şəhərlərdə, eyni zamanda yalnız teleskopdan istifadə etməklə mümkün olacaq. Qeyd etdiyimiz kimi, Seyid Sistaninin fiqhi rəyinə görə, bununla ayın əvvəli sübuta yetmir. Buna görə də onun müqəllidləri üçün ramazan ayının 2026-cı il fevral ayının 19-da başlayacağı gözlənilir.
Seyid Əli Xamənəinin müqəllidləri üçün də ramazan ayının həmin tarixdə başlayacağı gözlənilir.
“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI
[1] Sıra ilə Yer, Ay və Günəş üçlüyünün eyni istiqamətə doğru gəldiyi vəziyyətə “ictima” və ya “qovuşma” deyilir. Başqa bir ifadə ilə desək, Ayın Günəşlə Yer arasındakı kölgəyə daxil olmasına “ictima” deyilir.