TƏK ÇARƏ İSLAMDIR

Bu gün dünyada gedən prosesləri izləyən hər kəs iqtisadi-siyasi böhranlarla birgə əxlaqi böhrandan doğan cinayətkarlıq, fahişəlik, narkomaniya kimi qlobal bəlaların ildən-ilə artdığını müşahidə edə bilər. Ən inkişaf etmiş ölkələr, o cümlədən inteqrasiyasına rəğbətləndirildiyimiz Qərbin özü, iqtisadi cəhətdən ən çox inkişaf etmiş Çin, elmi texniki tərəqqidə zirvədə olan Yaponiya kimi dövlətlər də bu bəlalar qarşısında acizdir.

Təəssüf doğuran haldır ki, Azərbaycanda da sadalanan bu faciəvi hallar get-gedə artır ki, azalmır. Rəsmi statistikaya görə hər il Azərbaycanda narkotika istifadəçilərinin sayı 1000-1500 nəfər artır. Narkoman və toksikoman xəstələrin sayı 1995-ci ildən 2010-cu ilə qədər 20.000 nəfərdən, cinayətkarlıq halları isə 3000-dən çox artmışdır. Həmçinin QİÇS-ə yoluxma, insan alveri və b. neqativ hallarda da artım müşahidə olunur. Get-gedə pulun bütləşdiyi bu cəmiyyətdə pula görə övlad valideynini, nəvə nənə-babasını, dost dostunu öldürür, qardaş bacının evini soyur. Hələ azyaşlılara qarşı tükürpədən zorakılıq halları, məktəbyaşlı uşaqlar arasında artmaqda olan narkomaniya da günümüzün acı reallığıdır.

Bütün bunları düşünəndə istər-istəməz bir sual yaranır. Görəsən dövlətin qanunları, hüquq-mühafizə orqanları nədən bir cəmiyyətdə ictimai hüzuru təmin edə bilmir? Bu bəlalardan qurtulmağın bir yolu varmı və varsa nədədir?

Kainatda hər bir əşya və hadisənin mütləq bir səbəbi olduğu məlumdur. Arzuolunmaz bir işin səbəbi tapılıb aradan qaldırılarsa nəticəsi də aradan gedər. Necə ki, həkim xəstəliyin səbəbini tapıb müalicə edərsə, xəstə sağalar. Mübarizəni səbəblə yox, nəticə ilə aparanda isə faydası olmaz.

Eynən cəmiyyət də belədir. Bir ölkədə içkinin satılmasına qadağa qoyulmadıqca orada səbəbi sərxoşluq olan cinayətlər mütləq olacaq. Bir ölkədə qadına yarıçılpaq gəzməyə icazə verilirsə, orada da əxlaqsızlığın qarşısını almaq münkün olmayacaq və s.

Belə bəlaların girdabında insanlıq aciz qalmasın deyə Allah-Təala 1400 il bundan qabaq elə bir din-bir həyat nizamı göndərmişdi ki, onsuz heç bir toplumun təkcə axirət yox, dünya səadəti də münkün deyildir. Hər bir islami düşüncə sahibi bilir ki, bütün bəla, fəlakət və müşküllərin kökü dinsizlikdən başqa bir şeyə dayanmır. Düzdür, fəqirlik və ehtiyac üzündən də insan əxlaqsızlıq, oğurluq və başqa bu kimi pis yollara düşə bilər. Lakin İslamın iqtisadi hökmlərinə riayət edilərsə dünyanın heç bir ölkəsində fəqirlər və miskinlər də olmaz. Türkiyə zənginlərindən biri olan Koçun timsalında bunu sübut edəcək bir örnək. Onun 1990-cı ilə gəliri10 milyard dollar-türk lirəsi ilə ilə 23 trilyon 375 milyard lirə olmuşdur. Bunun zəkatı 584 milyard 375 milyon lirə edər. Türkiyədə 10 milyon fəqirin olduğunu düşünərək bu zəkatı bölüşdürəndə hər fəqirə 2 milyon 375 min 500 lirə düşür. Bir ölkənin zənginləri islami qayda ilə sərvətlərinin 1/40-ni zəkat olaraq versə, o ölkədə fəqir qalarmı? Amma yaşadığımız dünyanın bir ucunda bir Hollivud ulduzu neçə milyon dəyərində brilyant üzük taxır,o biri ucunda isə insanlar içməyə su, yeməyə yavan çörək belə tapmır, dərisi sümüyünə yapışmış  körpələr aclıqdan can verir.

Bəli, doymaq bilməyən nəfsimizə insanı günaha sürükləməkdə bir an belə boş dayanmayan şeytana qarşı yeganə silahımız imandır. Allaha iman və axirət qorxusundan başqa heçnə insanı günahdan saxlaya və gözəl əməllərə sövq edə bilməz. Bu şüur və Allahın haqq dini cəmiyyətə hakim olmadıqca o cəmiyyət iqtisadi, elmi-texniki tərəqqiyə çata bilər,  amma əxlaqi, mənəvi kamilliyə əsla yox. Çünki insanlar təbiət qanunlarını kəşf edə bilsələr də insanlığın hüzur və səadətini təmin edən etiqadi və əxlaqi qanunları kəşf etmək şüuruna sahib deyillər. Bunun üçündür ki, Allah bu qanunları peyğəmbərlər vasitəsi ilə insanlara Özü təqdim etmiş, qoyduğu nizamı qurtuluş və nizamın tək yolu kimi tanıtmışdır.

Rəhbərliyində olanların sosial-iqtisadi inkişafdan, əhalinin rifah halının yüksəlməsindən hər zaman danışdıqları bizim ölkəmizdə təhsilin önəmindən çox danışılır. Amma təhsildən daha önəmli olan iman və mənəviyyat sahibi gənclər yetişdirməkdir.  Çünki elm imanlı insanın əlində cərrahın əlində olan bıçağa bənzəyir ki, onunla insanları ölümdən qurtarır. İmansız insanın əlində isə qatilin əlində olan bıçaqdır ki, onunla insanları qətl edir. Bu halda daha önəmlisi bıçaq yox, onun kimin əlində olmasıdır.

Mərhum N. Ərbakan xocamız deyərdi ki, bir dövlərin gücü onun topu, tüfəngi deyil, imanlı, məvəniyyatlı gəncləridir. Dövlət orada yaşayan hər kəsi himayə etməli olduğu üçün bir ataya bənzədilir. Övladlarının qayğısına qalan, çətin anlarda onlara yardımını əsirgəməyən qayğıkeş ata. Lakin bir atanın övladlarına verə biləcəyi ən dəyərli şey haqq əqidə və gözəl əxlaqdır. Bir dövlət də işğal edilmiş torpaqlarının azad edilməsi, ölkənin rifahının yüksəlməsi, milli mənəvi dəyərlərimizin yaşanması üçün məhz belə yetişdirilmiş gənclərə bel bağlaya bilər. Heç bir əqidəsi olmayan, öz dinini, tarixini tanımayan ,ilahları Allah yox şəhvət və sərvət olan bizim müasir gəncliyə yox!

Bu həmin islami əqidədir ki, müsəlman türk əcdadlarımız onunla altı əsrdən çox dünyanın 1/3-ə hakimlik edib qədəm basdıqları yerlərə haqq-ədalət, hüzur , səadət apardılar. Bu həmin o əqidədir ki, ondan uzaqlaşdığımız üçün 22 ildir ki, torpaqlarımızın 1/5-də düşmənin at oynatmasına zəlilcəsinə səbir edib susuruq.

Öz dinini tanımaq, onu yaşamaq, ona sahib çıxmaq hər bir vətəndaşın insani haqqıdır. Cəmiyyəti  bundan məhrum etmək isə ona qarşı edilə bilən ən böyük zülmdür. Çünki dinsiz ibr cəmiyyətdə hüzur yoxdur. Baxın, kainatda-insan cəmiyyəti istisna olmaqla-necə bir nizam, harmoniya var. Çünki orada Allahın təkvini qanunları hakimdir. Heyvanlar, bitkilər , atomlar, planetlər-hər şey Allahın iradəsinə boyun əyir, insanlar kimi Xaliqinə dikbaşlıq etmir.  Dünyanın harasında nahaq qan tökülürsə, zülm, haqsızlıq, istismar, bəla və fəlakətlər varsa, məhz bu dikbaşlıqdan-təkvini qanunlar əsasında tənzimlənmiş təşrii (şəriət) qanunlarına itaətsizlikdən doğur. Şəriət qanunlarında insanın fitrəti, ruhu və onun aid olduğu yaradılış aləmi nəzərə alınmışdır. Təşrii qanunların pozulması təkvində də birbaşa təsir qoyur, onu da pozur. Məsələn, Allah insanın yemək-içməsi ilə bağlı təşrii qanunu təyin edəndə insan bədəninin və ruhunun xüsusiyyətlərini nəzərə almışdır. Bu təşrii qanuna riayət edilməzsə, ruh da, bədən də zərər çəkər. Çünki təkvin və təşri arasında sıx əlaqə var. Digər təşrii qanunlar pozulanda xilqət dünyasında faciələr, fəlakətlər törənir. Necə ki, Quranın “Şura” surəsinin 30-cü ayəsində buyurulur: “Bəla və müşküllərdən sizin başınıza gələnlər öz əllərinizlə etdiyiniz günahların səbəbi ilədir. Allah çox əməllərinizin təsirinin qarşısını alır”. Bəla və müsibət deyiləndə həm insanın öz fərdi həyatında, həm də cəmiyyətin mübtəla olduğu bəlalar nəzərdə tutulur. Xəstəliklər, böhranlar, sellər, zəlzələlər, müharibələr, aclıq və başqa təbii fəlakət dediyimiz şeylər təşrii qanun pozuntularının təkvin qanunlarına mənfi təsirinin təzahürüdür. Əgər Allahın geniş rəhməti olmasa insanların günahları ucbatından bütün yaradılış sistemi məhv olar. Quranın “Rum” surəsinin 41-ci ayəsində buyurulur: “İnsanların etdiklərinə görə quruda və suda fəsad zahir oldu. Allah onların etdikləri bəzi əməllərinin cəzasını dadmaları üçün belə etməkdədir. Bəlkə öz çirkin əməllərindən dönərlər”. Bəzi keçmiş toplumları Allahın öz əzabını nazil edərək məhv etməsi bu səbəbdən olmuşdur. Bu gün də dünyanın küfr və şirkin yayıldığı ölkələrində tez-tez bu fəlakətlərin baş verdiyini görürük. Lakin nə yazıq ki, ibrət götürmək əvəzinə insanlar bunu “təbiətin çıltaqlığı” adlandıraraq günah etməkdə davam edirlər. Ancaq kainatdakı dəqiq nizamdan xəbərdar olanlar bilir ki, təbiətdə heç vaxt səhvlər olmur. Baş verən hər bir hadisə bir ilahi hikmətə dayanır.

Bəli, dinsizlik insanları Allahın qəzəbinə düçar edən ən böyük bəlaların tək səbəbidir. Mübarizəmiz bu səbəbə yönəlməli, ən böyük hədəfimiz Allahın haqq dinini dünyaya hakim etmək olmalıdır ki, həqiqətən də bundan başqa insanlığı səadətə aparan ikinci yol yoxdur!

Nəmidə Bədrəddinqızı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma