SƏBİR ETMƏYİN MÜKAFATI

EL_SABRƏta ibn Rəbah belə rəvayət edir. Abdullah ibn Abbas mənə: “Sənə Cənnət əhlindən bir qadın göstərimmi?” – deyə soruşdu. Mən: “Bəli!” – deyə cavab verdim. O: “Budur, bu (qara dərili) zənci qadın!” – dedi. Qadın Peyğəmbərin (s) yanına gələrək: “Mən huşumu itirirəm və üstüm-başım açılır. Allaha mənim üçün dua et!” – demişdi. Peyğəmbər (s): “İstəsən, səbir edərsən və Cənnət sənin olar. Amma istəsən, sənin səhhətin və afiyətin üçün Allaha dua edərəm!” – buyurdu. Qadın: “Səbir edərəm, ancaq mənim üstüm-başım açılır. Açılmaması üçün Allaha dua et!” – dedi. Peyğəmbər (s) onun üçün dua etdi”[1].

Dünyanın bəla və müsibətlərinə səbir etmək, acı və iztirablarına qarşı müqavimət göstərmək Cənnətə girməyə vəsilə olan saleh bir əməldir. “(Dünyada Allah yolunda bütün çətinliklərə) səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” – deyəcəklər”[2]“Yoxsa, Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları)(əziyyətə) səbir edənləri bilib (müəyyənləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?”[3] – buyuran Rəbbimiz Cənnətə girməyə səbəb olan saleh əməlin cihad və onun təməl daşı olan səbir olduğunu bəyan edir. “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik)(öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” – deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!”[4]

Quranın təməl məfhumlarından biri olan və yetmişə yaxın ayədə zikr edilən səbir insanın qarşılaşdığı bəla və müsibətlərin müqabilində həmin anda göstərilən təhəmmül və mətanət halıdır. İmam Əli (ə) buyurub: “Səbir insanın bir çətinlik və müsibətlə qarşılaşanda dözümlülük göstərib qəzəbini udmasıdır”[5].

Səbir qarşılaşdığın bəlanın acısını Allahdan başqasına bildirməmək, sızlanmamaq və şikayətçi olmamaq deməkdir. Məşhur zahidlərdən Füzeyl ibn İyaz başına gələn bir müsibət üzündən şikayətçi olan bir adamı: “Ay adam, sənə mərhəmət edən Allahı mərhəmət etməyən bir kimsəyə (fani bir qula) şikayət edirsən”, – deyərək xəbərdarlıq etmişdir.

Gileylənərək, şikayətlənərək vəziyyəti Allaha ərz etmək isə səbir etməmək deyildir. Necə ki, Əyyub (ə): “… Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”[6] – deyərək niyaz etdiyi halda, Uca Allah onun haqqında: “… Biz onu (müsibətlərə) səbir edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi”[7] – buyurmuşdur.

Yaqub Peyğəmbər də: “… Mən dərd-sərimi yalnız Allaha ərz edirəm…”[8] – demişdir. Gələn bəla və müsibət qarşısında iradəsi qüvvətli olan səbirli mömin əqidəsinin tələbi olaraq ilahi qəza və qədərə razı olar və Allaha sığınaraq təsəlli tapar. Quran-kərimin bu ayəsini oxuyan və ona boyun əyən bir müsəlman başına gələn hadisələri soyuqqanlılıqla qarşılayar: “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!”[9] Budur, mübtəla olduğu epilepsiya kimi ciddi bir xəstəliyə dözən əshabə qadın, hər cür mənfi şərtlərə qarşı müqavimət gücü göstərən səbirli bir müsəlman bu ruh və şüur ilə Cənnətə girməyə layiq olur.

Allah Rəsulu (s) belə buyurub: “Doğrusu, möminin halı heyrətləndiricidir, çünki hər işi onun üçün xeyirlidir. Bu məziyyət (üstünlük) sadəcə möminə verilmişdir, çünki onun əlinə nemət (imkan və fürsət) keçəndə şükür edər, bu onun üçün xeyirli olar. Başına bir bəla və müsibət gələndə isə səbir edər, bu da onun üçün xeyirli olar”[10].

sabrRəsulullahın (s) bu sözlərindən xəbərdar olan mömin bir insan çətin və ağır şərtlərə dayanar, yaxşı və pis, sevindirici və kədərli hadisələrlə qarşılaşdıqda  təmkinli olar, çünki hər iki vəziyyətin də onun üçün xeyirli olduğuna inanır.

Mömin əldə etdiyi fürsət və imkanların Allahdan gəldiyini bildiyi üçün ərköyünləşməməli,  itirdiyi nemətlər qarşısında da vəziyyəti Allaha həvalə etməlidir. Belə vəziyyətdə imtahan olunduğunu başa düşməli, mükafat və savabı Allahdan gözləməlidir. Həqiqətən, “Mən qulumu iki sevdiyi ilə (yəni gözlərini almaqla) imtahan etdiyimdə səbir edərsə, iki gözü əvəzinə ona Cənnət verərəm”[11] – buyuran Rəbbimiz bu həqiqəti ifadə edir.

Rəsulullah (s): “Möminin başına gələn xroniki bir xəstəlik, sıxıntı, üzüntü və istənilməyən (xoşagəlməyən) bir hadisə onun bəzi günahlarının bağışlanmasına səbəb olar”[12] – buyurur. Bu hədisi açıqlayan osmanlı alimlərindən Əbusəid Mühəmməd əl-Hadimi bu önəmli bilgiləri verir: “Bütün bunlar səbir və mətanət göstərməyə bağlıdır. Səbir dörd növdür:

  1. a) Qulluq və ibadətdə səbir,
  2. b) Günah və üsyandan qaçdıqda səbir. Bu iki səbir növü istiqamət yolunun əsasıdır,
  3. c) Qulluqdan uzaqlaşmaya vəsilə ola biləcək artıq mal və dünyalıq qarşısında səbir. Bu zöhdün əsasıdır.

ç) Məşəqqət, sıxıntı və üzücü hadisələr qarşısında səbir. Bu səbir növü Allaha olan hüsnü-zənnin, riza (razılıq) və təslimiyyətin əsasıdır.

İnsana ən çətin gələn səbir növü də budur”. 

Fərəh Əlizadə

[1] Buxari “Mərda”, 6; Müslim “Birr”, 54; Əhməd ibn Hənbəl, I, 347

[2] “Rəd”, 24

[3] “Ali-İmran”, 142

[4] “Bəqərə”, 155-157

[5] “Ğurərul-Hikəm”, hədis 1874

[6] “Ənbiya”, 83

[7] “Sad”, 44

[8] “Yusif”, 86

[9] “Hədid”, 22, 23

[10] Müslim “Zöhd”, 64; Darimi “Rikak”, 61; Əhməd ibn Hənbəl V, 24

[11] Buxari “Mərda”, 7; Əhməd ibn Hənbəl III, 144

[12] Buxari “Mərda”, 1; Müslim “Birr”, 52; Tirmizi “Cənaiz”, 1; Əhməd ibn Hənbəl II, 302

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma