ŞÜKÜR EDƏN BİR QUL OLA BİLMƏK

secdeHz. Aişədən belə rəvayət olunur: “Rəsulullah (s) namaz qıldığı vaxt ayaqları şişənə qədər ayaq üstündə durardı. Allah Rəsulundan: “Ya Rəsuləllah, sənin gəlmiş-keçmiş bütün günahların bağışlandığı halda niyə bunu edirsən?” – deyə soruşanda o: “Ey Aişə, çox şükür edən bir qul olmayımmı?” – deyə cavab verdi”[1].

“Şükür” sözünün lüğəvi mənası “Nemətə, edilən yaxşılığa qarşı minnətdarlıq, təşəkkür, razılıq” deməkdir. “Şükür” sözü ümumilikdə nemətə qarşı edilən hər cür yaxşılıq deməkdir. Bu yaxşılığın dil, əl və ya qəlblə edilməsi arasında heç bir fərq yoxdur. Özəl (ürfi) mənada isə şükür – qulun Allah-Taalanın ona lütf etdiyi qulaq və göz kimi bütün bədən üzvlərini yaradıldığı məqsədə uyğun bir şəkildə səfərbər etməsi deməkdir. Şübhəsiz ki, bədən üzvlərinin və həmin üzvlərin sahibi olan insanın yaradılışının əsas məqsədi Allaha qulluqdur. Necə ki, Rəbbimiz belə buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”[2]

“Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir! Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır”[3].

HƏDİSDƏN ÖYRƏNDİKLƏRİMİZ

Gecə namazı Rəsuli-Əkrəmin (s) heç ötürmədiyi, mükafat və savabı çox olan bir ibadətdir. Həqiqətən, Uca Allah Rəsuluna: “Gecənin bir vaxtı durub sənə məxsus olan nafilə (təhəccüd) namazı qıl ki, Rəbbin səni şükrə-tərifə layiq bir məqama yetirsin!”[4] buyurmuşdur. Nəfsə ağır və çətin gələn bu feyzli ibadət ümmət üçün də bir sünnətdir.

Hədisin mətnində işlənən “Ey Aişə, çox şükür edən bir qul olmayımmı?” – cümləsinin mənası budur: “Allahın mənim gəlmiş-keçmiş günahlarımı bağışlaması (məğfirət), təhəccüdün şükr olmasının səbəbidir. Belə olduqda bunu necə tərk edə bilərəm?”[5] Bu o deməkdir ki, Rəsulullah (s) Allahın onu bağışlamasına qarşılıq bədənin bir şükrü olaraq ayaqları rahatsız olana qədər gecə namazını uzadarmış, çünki şükür əfv və məğfirət daxil olmaqla hər cür maddi və mənəvi nemətin Allahdan gəldiyini bilmək və Ona qarşı minnət duymaq deməkdir.

Şükür nemət və imkanları İslamın qayə və məsləhəti istiqamətində istifadə etməklə gerçəkləşir. Hər nemətin şükrü öz cinsindən olur. Məsələn, bədənin şükrü namaz, oruc, cihad kimi ibadətlərlə, malın şükrü onu Allah yolunda xərcləməklə (infaq), elmin şükrü öyrətməklə, ağıl və zəkanın şükrü onu haqq və doğru yolda işlətməklə olur. Bu nemətlər yaradıldıqları məqsədə uyğun olaraq dəyərləndirilməsələr, onların şükrü yerinə yetirilməmiş olar və bu, israf sayılar. Bu halda insan günah etmiş olur və axirətdə də bunlara görə hesaba çəkiləcəkdir. Günaha batmaq istəməyən hər bir müsəlman istər kişi, istərsə də qadın olsun əlindəki bütün imkanları Allah üçün ictimaiyyətin xeyirinə səfərbər etməli və hər məslək qrupu cəmiyyətin mənfəəti üçün çalışmalıdır. Bir həkimin müayinəxanasını yoxsullara açaraq onları pulsuz müayinə və müalicə etməsi, bir hüquqşünasın çarəsiz bir insanın davasına (şikayətinə) yardımçı olması, bir memar və yaxud da mühəndisin çətinliyə düşmüş bir insanın məskəninin (yaşadığı yerin) plan və layihəsində qarşılıqsız olaraq iştirak etməsi, bir müəllimin rəsmi dərs proqramı xaricində tələbəsinin elm, ədəb və tərbiyəsi ilə maraqlanması, bir məscid axundunun qıldırdığı namazlardan başqa camaatın təhsili ilə məşğul olması və s. bir şükürdür, çünki hər nemətin şükrü öz cinsindən olur. Şükür bir feldir, işdir və bir hərəkətdir. Maddi-mənəvi saysız nemətə sahib olan bir insanın yalnız “Allahım, Sənə çox şükür”, – deyərək kifayətlənməsi və şükrü dillə məhdudlaşdırması şükür ibadətinin məna və ehtivasını bilməmək deməkdir. Bu isə böyük bir qəflətdir. Əlbəttə, bir insanın “Allahım, verdiyin nemətə görə Sənə həmd olsun, Sənə şükürlər olsun”, – deməsi bir zikrdir, dil ilə edilən bir şükürdür. Həqiqətən də, Allah Rəsulu (s): “Həmd şükrün başıdır. Həmd etməyən bir qul Allaha şükür etməmiş olar”[6]“Nemətə həmd etmək onun əldən getməməsi üçün bir təminatdır”[7], – buyurmuşdur. Ancaq bunun nemətin vəziyyətinə görə felə, əmələ çevrilməsi lazımdır. Bu mənada (yəni başa düşərək və dəyərləndirərək) şükür edən insanların sayı çox azdır. Uca Mövlamız belə buyurur: “… Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!”[8]

“(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur”[9].

Hədislə bağlı belə bir sual yarana bilər: “Bir müsəlman Rəsulullah (s) etdiyi kimi vücudunun hər hansı bir üzvünə zərər verəcək qədər əməl və ibadəti uzada bilərmi?” Şübhəsiz ki, insanın bədəni bir əmanətdir və bunun sağlığını qorumaq da bir şükürdür. Bundan başqa sağlığı pozacaq və bezmək dərəcəsinə gətirəcək şəkildə ibadətlərin uzadılması bəyənilmir. Rəsulullah (s) ibadətlərdə həddi aşaraq nəfsi çətinliyə salmağa qarşı çıxırdı. Hər bir işdə olduğu kimi, ibadətlərdə də mötədilliyi qorumağı tövsiyə edirdi, çünki nəfsi yoraraq, bezdirərək insan bütün ibadətlərindən qala bilər, vacibləri belə tərk edər. Bununla da Allahın qəzəbinə gəlmiş olar.

Peyğəmbərimizin (s) bəzən mübarək ayaqları şişənə qədər ibadət etməsini, namazını uzatmasını onun özəl halını nəzərə alaraq dəyərləndirmək lazımdır. Rəsulullah (s) heç kəsə nəsib olmayan mükəmməl hala sahib idi. Hər növ çətinlik və sıxıntı qarşısında o, üstün bir mətanət göstərirdi. “Namaz gözümün nurudur”, – deyən Rəsulullahın (s) ibadətdən bezməsi qeyri-mümkün idi.

Belə halda – istər kişi, istərsə də qadın olsun – hər bir müsəlman şükrün önəmli göstəricisi olan namaz, oruc kimi nafilə ibadətləri mötədilliyə diqqət edərək davam etdirməli, sabitliyi pozan və ibadətləri tərk etməyə səbəb olan hər cür ifratdan da çəkinməlidir. Müsəlmanlar bunları edəcəkləri və şükür etməyi davam edəcəkləri halda Allah-Taala da onlara ehsan etdiyi nemətləri artıracaq. Quranda belə buyurulur: “(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir!”[10]

Fərəh Əlizadə

[1] Buxari “Təfsir” (surə 48), 2; “Təhəccüd”, 6; Müslim “Münafiqin”, 81; Tirmizi “Səlat”, 187; Nəsai “Qiyəmul-Leyl”, 17; İbn Macə “İqamət”, 200; Əhməd ibn Hənbəl, IV , 251.

[2] “Zariyat”; 56

[3] “Mülk”; 1,2

[4] “İsra”, 79

[5] İbn Hacər “Fəthul-Bari”, III, 15

[6] Süyuti “əl-Camius-Sağır”, I, 152

[7] Süyuti, a.g.e., I, 152

[8] “Səba”; 13

[9] “İbrahim”; 34

[10] “İbrahim”; 7

Bir şərh yazın