“STOKHOLM SİNDROMU”, YOXSA DOĞRU SEÇİM

İVON RİDLİİslamı qəbul etdikdən sonra bütün İslam əleyhinə olan qüvvələr üçün bu, həqiqi başağrısına çevrildi. Yazıları, ictimaiyyət qarşısında çıxışları, hazırladığı müəllif proqramları ilə dünyanı Fələstin problemini və sionist zülmünü unutmağa qoymayan İvon Ridli yazar, Press TV kanalının aparıcısı, Müharibəyə Son Koalisiyasının yaradıcılarından biri olaraq sionizmə qarşı mübarizəsini elə sionizmin öz əlində olan KİV vasitəsilə aparır. Fələstin, İraq, Əfqanıstan, Liviya dəhşətlərini öz yazılarında daha fərqli və aydın şəkildə işıqlandırarkən dünyanın diqqətini bu dəhşətlərin əsl səbəbkarına – sionizmə yönəldir, “Hələ də radikallaşmadınsa, deməli, narahat olmursan … düşün, bu barədə!” kimi məşhur fikirləri ilə dünya müsəlmanlarını bu zülmə laqeyd qalmamağa çağırır.

Çox maraqlı tərcümeyi-halı olan İvon Ridli İngiltərədə doğulmuş və təhsil almış, Anqlikan kilsəsində protestant ruhunda tərbiyə almış, xor dəstəsində oxuyaraq xristianlıq üzrə dərslər də vermişdir. Yəni yüksək dərəcədə mükəmməl xristian biliyi və imanına malik olmuşdur. 2001-ci ildə – Taliblərin əsirliyinə düşənədək BBC, CNN, İTN kimi xəbər agentliklərində prodüser, aparıcı kimi çalışmış, Flit Strit xəbər agentliyinin reportyoru kimi dünya miqyaslı “Sandey Tayms”, “Observer”, “Deyli Mirror”, “İndependent” qəzetləri üçün yazılar yazmışdır. Əfqanıstana da məhz jurnalist araşdırması üçün, “hüquqları tapdanan”, “savadsız və dünyadan xəbərsiz”, “İslam fanatizminin qurbanı olan müsəlman qadınların ağır həyat şəraitləri” haqqında yazmaq üçün getmişdi. Lazımi sənədləri olmadığına və sərhəddi icazəsiz keçdiyinə görə taliblər tərəfindən əsir düşəndə işgəncə və zülmə məruz qalacağını düşünən İvon tamamilə əks münasibətlə qarşılaşır. Yerli din xadimi tərcüməçi vasitəsilə onunla ünsiyyətə başlayır, dini baxışları ilə maraqlanır, İslam haqqındakı təsəvvürlərini öyrənir. Çılğın təbiətli və üsyankar İvon çığır-bağırı, pis davranışı ilə bütün həbsxananı ayağa qaldırarkən, “qəddar və cəllad” taliblər ona qarşı soyuqqanlı və səbirlə cavab verir, qanunu pozduğuna görə həbs olunduğunu izah edirlər. O, Taliblərin lideri Molla Ömərin əmri ilə 10 gün sonra azad ediləndə İvondan daha çox taliblər özləri canlarını qurtardığı üçün sevinirdilər. Özünün “Taliblərin əlində” adlı əsərində İvon Ridli bu hadisəni belə nəql edir: “Məni Əfqanıstandan “vurub çıxaranda” taliblər Allaha çoxlu şükür edirdilər. Məni yola salarkən çox xoşbəxt idilər, çünki orada keçirdiyim bütün bu müddət ərzində mən söyüşcül və dözülməz idim, bəlkə də, türmə nəzarətçiləri hələ də indiyədək psixoloq məsləhəti alırlar”.

İndi İslam əleyhdarları olan insanlar İvon Ridlini, “əsirin öz əsarətçisinə qarşı hiss etdiyi ilıq duyğu, simpatiya” anlamını verən və paradoksal psixoloji hal kimi izah olunan “Stokholm sindromu”na yoluxmaqda günahlandırırlar. Onun əsirlikdə keçirdyi 10 gün ərzində qorxu ilə başlayan psixoloji sarsıntısının ifrat sevgiyə çevrilməsini vurğulayaraq, İvon Ridlini hətta ruhi xəstə kimi təqdim etməkdən də çəkinmirlər. Halbuki Ridli öz kitabında bu barədə belə yazır: “Din xadimi məndən İslamı qəbul etməyi istəyib-istəmədiyimi soruşanda çox qorxdum və sualdan yayındım. “Ekstremistlərin idarə etdiyi bu ölkədə İslamı zorakılıq dini kimi tanıdığımı necə söyləyim, məni daşqalaq edib öldürərlər”, – deyə düşündüm. Hər halda ona Londona qayıdar-qayıtmaz İslamı dərindən öyrənəcəyimə söz verdim. Amma o gündən sonra orada qaldığım bir neçə gün ərzində mən istər-istəməz İslam haqqında düşünməyə başladım. O günlər Allahla təmasda olmaq üçün bir ortaq tapa bilmədiyimdən ilk dəfə olaraq Onunla birbaşa, şəriksiz münasibətin mümkünlüyü haqqında düşündüm. Sol qulağımda kilsə zənglərini, sağ qulağımda isə azan səslərini duymağa başladım”.

2001-ci ildə taliblər tərəfindən əsir alınmaqla dünya mətbuatının xəbər başlıqlarında yer alan və uzun müddət gündəmdə qalan İvon Ridli azad edildikdən 30 ay sonra İslamı qəbul etməklə yenidən medianın diqqətini cəlb etdi və bu günə qədər də diqqət mərkəzindədir. İlk vaxtlar sadəcə daha bir “yeni avropalı müsəlman” kimi insanların marağına səbəb olsa da, indi İvon əsl İslam mücahidi kimi dünyaya meydan oxuyur. Artıq o, İslamı dünya mətbuatında tanıdıldığı şəkildə qəddar və antiinsan dini kimi, müsəlman dövlətlərini isə Corc Buşun adlandırdığı  “ən qəddar və ən qeyri-insani rejimlər” kimi tanımır. Fobiya və nifrət bəslədiyi müsəlmanlar tərəfindən “hörmətli qonaq və bacı” kimi qarşılandıqdan və yola salındıqdan sonra İvon İslamı daha fərqli tərzdə, əngəl tapmağa çalışmadan öyrənməyə başladı. Ona ən güclü təəssüratları isə “hüquqsuz, zəif, savadsız və iradəsiz” hesab etdiyi müsəlman qadınların ağlı, intellekti, mehribanlığı və təvazökarlığı, müstəqil dini və siyasi baxışları bağışladı. Bu təəssüratlar altında Quran oxuduqda isə boşanma, əmlak bölgüsü və ər-arvad haqlarını əhatə edən qanunlar onu o qədər heyran etmişdi ki, verdiyi bir çox müsahibələrdə “düşünürdüm ki, bunu yalnız Hollivudda boşanmalar üzrə ixtisaslaşan vəkillər yaza bilərlər, bəlkə də, bu, qanunvericilər elə Qurandan ilhamlanıblar”, – deyə qeyd edirdi.

İndi İvon Ridli həm İslam təbliğatçısı kimi, həm də şərhçi-jurnalist kimi dünyanın bir çox məşhur xəbər agentliklərində çalışmaqla yanaşı, sosial-şəbəkələrdə, universitet və kolleclərdə tələbələr qarşısında ictimai xadim kimi daim çıxış edir, dünyanın diqqətini Fələstin, İraq, Əfqanıstandakı dəhşətlərdən yayınmağa qoymur. Bütün çıxışlarını sionist və antiislamist qüvvələrin ifşası üzərində qurur, dünyada baş verən haqsızlıqların əsl səbəbkarlarını hər kəsə tanıtdırmağa çalışır. O, sadəcə gündəlik ibadətlərini yerinə yetirən, bütün ətrafda baş verənlərə, zülmə və istismara seyrçi qalan, laqeyd bir müsəlman deyil, bilik və məlumatla silahlanmış və XXI əsrə uyğun əsl İslam mücahididir. 

Zəhra Süleyman-Kıstı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma