BƏYANAT

gunes tutulmasi

2015-ci il martın 20-də dünyada son 16 ildə müşahidə olunmayan Günəş tutulması olacaq. Bu hadisəni Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq. Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatmaqla 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Belə ki, ölkəmizdə Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də isə başa çatacaq. Günəş tutulmasını biz yalnız qismən müşahidə edə biləcəyik. Biz baxdıqda görəcəyik ki, Ayın diski Günəşin yarı səthini örtüb. Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrində qismən, İslandiya, Atlantik Okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsində isə tam müşahidə etmək mümkün olacaq.

Günəş tutulduqda – istər tam olsun, istərsə də qismən – on iki imamçı şiə məzhəbinə görə hər bir mükəlləfin namaz qılması vacib, əhli-sünnəyə görə isə müəkkəd sünnətdir (Peyğəmbərin davamlı olaraq yerinə yetirdiyi, çox az tərk etdiyi işlərə müəkkəd sünnət deyilir). Bu namaza ayat namazı, yaxud küsuf namazı (səlatul-küsuf) deyilir.

ON İKİ İMAMÇI ŞİƏ MƏZHƏBİNDƏ AYAT NAMAZININ HÖKMLƏRİ

AYAT NAMAZI NECƏ QILINIR

Ayat namazı ikirükətli namazdır. Hər rükətdə beş rüku və iki səcdə vardır. Ayat namazı iki şəkildə qılına bilər.

Birinci şəkil; Mükəlləf niyyət və təkbirətül-ihramdan sonra Həmd və Surə oxuyur və rükuya gedir. Rükudan sonra ikinci dəfə Həmd və Surə oxuyur və rükuya gedir və beşinci rükuya gedənə qədər həmin tərtibə (qaydaya) əməl edir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedir və iki səcdədən sonra ikinci rükəti də həmin qaydada qılır və ikinci rükətin ikinci səcdəsindən sonra təşəhhüd və salamı oxuyur.

İkinci şəkil; Mükəlləf niyyət və təkbirətül-ihramdan sonra Həmd oxuyur və Surəni beş hissəyə bölür. Həmddən sonra Surənin bir hissəsini oxuyur və rükuya gedir. Rükudan sonra Həmdi oxumadan Surənin ikinci hissəsini oxuyub, ikinci rükuya gedir. Ondan sonra surənin üçüncü hissəsini oxuyur və üçüncü rükuya gedir. Beşinci rükuya çatana qədər həmin tərtibə riayət edir. Əgər beşinci rükudan əvvəl oxuduğu surədən bir ayədən artıq qalarsa, qalan bütün ayələri oxumalıdır. Beşinci rükudan başını qaldırdıqdan sonra səcdəyə gedir. İki səcdəni yerinə yetirdikdən sonra ikinci rükəti də həmin qayda ilə yerinə yetirir. Səcdələrdən sonra təşəhhüd və salamı oxuyur.

Ayat namazının yüngülləşdirilmiş bu ikinci şəklini qılarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:

– Hər rükudan əvvəl bir tam ayə oxumaq lazımdır. “Bəsmələ” də Surədən bir ayə hesab olunur.

– Hər rükətdə bir surəni sona çatdırmalıdır. Əgər bir ayədən daha artığı qalarsa, onların hamısını beşinci rükudan əvvəl oxumalıdır. Əgər məsələn, Surə üçüncü rükuda sona çatsa, sonrakı rüku üçün bir Həmd və Surə, yaxud bir Surənin bir hissəsini oxumalıdır və beşinci rükudan əvvəl qalmış rükuların sayına uyğun olaraq Surəni tamamlamalıdır.

Gündəlik namazlarda vacib və ya müstəhəb olan şeylər ayat namazında da vacib və ya müstəhəbdir. Deməli, ayat namazını da təharətli halda üzü qibləyə dayanmaq, övrəti örtmək və başqa şərtlərə riayət etməklə qılmaq lazımdır.

GÜNƏŞ, YAXUD AY TUTULDUQDA AYAT NAMAZININ VAXTI VƏ ONUN HÖKMLƏRİ

Ayat namazının vaxtı Günəş və Ay tutulmağa başladıqda tamamən açılana qədər davam edir. Lakin tutulmağa başlayan kimi namaza başlamaq müstəhəb ehtiyatdır. Lakin zəlzələ, şimşək və ondan başqa şeylər üçün qılınan ayat namazının xüsusi bir vaxtı yoxdur. Əksinə, hadisə baş verən kimi mükəlləf dərhal onu qılmalıdır. Əgər dərhal qıla bilməsə və qısa, yaxud uzun bir müddət keçsə, onu qəza niyyəti ilə yerinə yetirməlidir.

Əgər mükəlləf Günəşin, yaxud Ayın tutulmasını onlar açılana qədər bilməsə, əgər disk tam tutulmuşdursa, qəza vacibdir. Əgər qismən tutulmuşdursa, qəza vacib deyil.

Günəşin, yaxud Ayın tutulduğunu bildiyi halda namaz qılmazsa, qəza etməsi vacibdir. İstər tam tutulsun, yaxud qismən. Lakin zəlzələ və bunun kimi işlərə gəlincə onlar baş verdikdə onlardan xəbərdar olmayıbsa da, zaman müddətində dərhal onu yerinə yetirməlidir.

Ayat namazında şəkk etmək bir neçə şəkildə olur:

– Rükətlərin sayında şəkk etmək; bu halda namaz batildir.

– Səcdəyə daxil olmamışdan əvvəl rükuların sayında şəkk etmək; yəni mükəlləf dördüncü, yaxud beşinci rüku olduğuna şəkk edir. Bu zaman fikrini azın üzərinə qoymalı və namazı tamamlamalıdır. Namazı səhihdir.

– Səcdəyə daxil olduqdan sonra rükuların sayında şəkk etmək; bu zaman öz şəkkinə etina etməməlidir.

– Birinci rükətin axırı olan beşinci rükuda, yaxud ikinci rükətin əvvəli olan altıncı rükuda olduğuna şəkk etmək; bu zaman fikrini cəmləyə bilməsə, namazı batildir, çünki namazın rükətlərində şəkk edir.

ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ KÜSUF (GÜNƏŞ TUTULMASI) NAMAZININ HÖKMLƏRİ

Qeyd etdiyimiz kimi əhli-sünnəyə görə küsuf namazı müəkkəd sünnətdir. Bu namazın qanuniliyi Peyğəmbər əleyhissəlamın bu mübarək sözü ilə sübuta yetmişdir: “Həqiqətən, Günəş və Ay Allahın (varlığını və ucalığını göstərən) əlamətlərindən (ayələrindən) iki əlamətdir (ayədir). Heç bir şəxsin ölümü və həyatı üçün tutulmazlar. Onların tutulduğunu gördükdə namaz qılın və açılana qədər də namaz qılın!”[1]

Bu hədisin ifadəsinə görə Peyğəmbərimizin Günəş tutulduqda namaz qıldığı sübuta yetmişdir.

ƏHLİ-SÜNNƏ MƏZHƏBİNƏ GÖRƏ KÜSUF NAMAZININ QILINMA QAYDASI

Hənbəli, şafei və maliki məzhəblərinə görə bu namaz ikirükətli namazdır. Hər bir rükətdə iki qiyam və iki rüku vardır; namaz qılan şəxs təkbir deyir, sonra “Fatihə” və bir Surə oxuyur, sonra rükuya gedir, rükudan sonra “Fatihə” və Surə oxuyur, sonra rükuya gedir və səcdə edir. İkinci səcdədən sonra ikinci rükət üçün qalxır və onu da birinci rükət kimi qılıb namazı sona çatdırır. Namazın bu şəkildə qılınması İbn Abbasdan rəvayət olunan hədisə əsasəndir. İbn Abbas belə demişdir: “Günəş tutulduqda Rəsulullah namaz qıldı. “Bəqərə” surəsi qədər uzun şəkildə Quran oxudu. Sonra uzun bir rüku etdi. Sonra birinci qiyamdan daha az qiyamda dayandı. Sonra birinci rükudan daha az rükuda qaldı. Sonra səcdə etdi. Sonra birinci qiyamdan daha az qiyamda dayandı. Sonra birinci rükudan daha az rükuda qaldı. Sonra qalxdı və birinci qiyamdan daha az qiyamda dayandı. Sonra birinci rükudan daha az rükuda qaldı. Sonra səcdə etdi. Sonra namazı sona çatdırdı. Artıq Günəş açılmışdı. Sonra buyurdu: “Həqiqətən, Günəş və Ay Allahın ayələrindən iki ayədir. Heç bir şəxsin ölümü və həyatı üçün tutulmazlar. Onların tutulduğunu gördükdə Allahı zikr edin!”[2]

Hənəfilər bu fikirlə müxalifət etmişlər. Hənəfi məzhəbinə görə küsuf namazı iki qiyam və iki rüku ilə qılındıqda səhih olmaz. Əksinə, bu namaz digər nafilə namazlar kimi bir qiyam və bir rüku ilə qılınmalıdır. Hənəfilərə görə namazın bu şəkildə qılınması aşağıdakı rəvayətlərə əsaslanır: Numan ibn Bəşir – Allah ondan razı olsun! – belə demişdir: “Rəsulullah bizə sizin namazınız kimi küsuf (Günəş tutulması) namazı qıldırdı. İki rükət-iki rükət rüku və səcdə edər. Günəş açılana qədər dua edərdi”[3].

Qəbisətul-Hilalinin hədisində Rəsulullah belə buyurmuşdur: “Günəşin və Ayın tutulduğunu gördükdə qıldığınız ən yeni vacib namaz kimi onun namazını qılın!”[4] Hədisi Əhməd və Nəsai rəvayət etmişdir.

Həm də bu namazı ən azından iki rükət olaraq qılmaq lazımdır. İstəyən şəxs dörd və ya daha artıq rükət olaraq da qıla bilər. Ən fəzilətlisi tək və ya cüt salamla dörd rükət olaraq qılınmasıdır.

Hənəfilərlə müxalifət edənlər isə bu namazın yuxarıda qeyd edilən şəkildən (birinci variantdan) başqa şəkildə qılınması halında da səhih olduğunu demişlər. Məsələn, digər nafilələr kimi bir əlavə etmədən qılınması halında (eynilə hənəfilərdə olduğu kimi) kərahətsiz olaraq caiz və bunun yetərli olduğunu bildirmişlər. Bu görüşdə olanlarla hənəfilər arasındakı fərq budur: Hənəfilər bu namazın tək qiyam və tək rüku ilə qılınması lazım olduğu fikrini irəli sürmüşlər. Digərləri isə bu namazın yuxarıda deyilən şəkildə qılına biləcəyi kimi başqa bir şəkildə də qılınmasının caiz olacağını bəyan etmişlər. Deyilən namazın iki qiyam və iki rüku ilə qılınması fikrini irəli sürənlər əsas olaraq deyirlər ki, fərz olan, birinci qiyam ilə birinci rükudur. İkinci qiyam ilə ikinci rükuya gəlincə bunlar da müstəhəbdir.

Dörd məzhəbə görə küsuf namazının camaatla və fərdi şəkildə qılınması səhihdir (doğrudur).

Bu namazın vaxtı Günəşin tutulması anından başlayıb qaraltısının açılmasına qədər davam edir. Yalnız bu vaxt nafilə namaz qılmağın yasaq olduğu bir vaxt olmamalıdır. Əgər Günəş tutulması, nafilə namaz qılmağın yasaq olduğu bir vaxta təvafüq edərsə, sadəcə dua ilə kifayətlənmək lazımdır, namaz qılınmaz. Hənəfilərlə hənbəlilər bu fikirdədirlər. Malikilərlə şafeilərin bu barədə fikirləri isə aşağıdakılardan ibarətdir:

Şafei məzhəbinə görə Günəş tutulması baş verdikdə bu, nafilə namaz qılmağın yasaq olduğu vaxta təvafüq etsə belə, yenə namaz qılınmalıdır, çünki bu namaz səbəbi olan/səbəbli nafilələrdəndir.

Maliki məzhəbinə görə küsuf (Günəş tutulması) namazının vaxtı Günəşin doğuşundan sonra 45-50 dəqiqəlik bir müddət keçdikdən sonra başlayıb Günəşin zəval etməsi vaxtına (zöhr namazına) qədər davam edir. Küsuf namazı bu vaxtın başlanğıcından öncə qılına bilmədiyi kimi zəvaldan (zöhr azanından) sonra da qılına bilməz.

Bu namazın azan və iqaməsi yoxdur, azan əvəzinə “əs-Səlatu camiətun” deməklə camaat bu ibadəti yerinə yetirməyə çağırılır.

Tərtib etdi: XƏYYAM QURBANZADƏ

“Milli Görüş-Sabiqun” Hərəkatı

[1] “Buxari”, “Küsuf”, 1, 6, 13, 15, “Müslim”, “Küsuf”, 6, 10, 17, 21

[2] “Buxari”, “Küsuf”, 5, “Müslim”, “Küsuf”, 1

[3] “Nəsai”, “Səlatul-Küsuf”, 9

[4] Yəni Günəş tutulmamışdan əvvəl ən yaxın olan vacib namaz kimi qılın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma