QADIN OLMAQ

imagesİslam dini qadını zinət kimi, çox qiymətli bir varlıq kimi görən yeganə mənbədir, – desək, yanılmarıq. Ustad şair Nəcib Fazil Kısakürəyin də dediyi kimi: “Qadın diri-diri basdırılarkən onu oradan çıxarıb ayaqlarının altına Cənnəti sərən dinin adıdır İslam”. Ana olaraq bir, həyat yoldaşı və övlad olaraq bir başqa şəkildə hüquqları qorunan bu dində qadın həm də müqəddəs, əziz bir varlıq kimi də qorunur, hifz edilir.

Mənəvi baxımdan batıb getməkdə olan Avropanın əxlaqi dəyərlərinə inanıb onları ölkəmizdə də yayan və şüurlara sirayət etdirməyə çalışan, şəhərin ən mərkəzi yerlərindən birində soyunan qadının heykəlini ucaldan bir nəslin üzdəniraq alimləri İslamı xatırladan hər şeyə, xüsusən də hicaba “geriyə aparan”, “inkişaf etməkdən, yeniləşməkdən saxlayan” və s. təriflər verirlər. Günümüzün kütləvi informasiya vasitələri “patriarxat sistemə qarşı mübarizə” adı altında Şərqin tarixi-ənənəvi ailə münasibətlərini kökündən baltalamağa çalışır, belə gedərsə, hətta gələcəkdə matriarxat üsuli-idarəsinin qurulması üçün bir zəmin hazırlamaqdadırlar. Xüsusilə, Türkiyə cəmiyyətində daha güclü təsirə malik olan və demək olar ki, dövlətin ictimai-siyasi havasını təyin edən media “qadın azadlığı” adı altında İslamın müəyyənləşdirdiyi və əsrlərdən bəri kök salan əxlaqi dəyərlərə qarşı bir “cihad” elan etmişdir.

Allah qadınlar haqqında, istər onların hüquqları, istərsə də mükəlləfiyyətləri ilə bağlı İslam dinində bir sıra qanunlar qoymuşdur. Qadını, demək olar ki, bir tutya kimi qoruyan, onu xəzinə kimi göstərən bu qanunlardan sadəcə biri – “Nur” surəsinin 31-ci ayəsi qadının müsəlman cəmiyyətindəki yeri və qiymətini açıq-aşkar göstərməkdədir: “Mömin qadınlara de ki, baxışlarını azaltsınlar (yəni naməhrəmə şəhvətlə, heyran-heyran baxmasınlar), … Zinətlərini izhar etməsinlər (yəni açmasın­lar), lakin o zinətlərdən zahir olanı (üz, iki əl və topuqlara qədər ayaqlar) istisnadır. Baş örtüklərini yaxalarının üstünə çəksinlər. …” Bu ayəyə qüvvət olaraq Peyğəmbərimizin (s) təmizlik barədə buyurduğu məsləhətlərindən dırnaqların kəsilməsi və təmiz saxlanılması ilə bağlı hədislərində, “qadınlar da dırnaqlarını dibindən kəsməlidirlər?” sualına “Yox, onlar qadınların zinətidir”, – deyə verdiyi cavabı da xatırlatmaq yerinə düşər. Qadının İslam mühitində layiq görüldüyü yüksək məqamı an azı bu iki mənbədə – ayə və hədisdə görməmək üçün ancaq kor olmaq lazımdır. İstər digər dinlər arasında, istərsə də indiyədək gəlib-getmiş bütün ictimai sistemlərlə müqayisədə qadının nəinki özünün, hətta dırnağının belə zinət hesab olunduğu yeganə və bənzərsiz qanunlar toplusudur İslam.

Digər dinlər məsələsinə təsadüfən toxunmadıq. Qadınların ictimai yerlərdə təsəttürdə (baş örtüsü) görünməsinin vacibliyi o dinin mənsubları tərəfindən qulaqardına vurulsa da, bu məsələyə xristianlıq və yəhudilikdə də toxunulur. Hətta İncilin I Korinflilərə 11-ci fəslində “qadınların başını örtməsi, əgər örtmək istəməzsə, dibindən qırxması”, – kimi mükəlləfiyyətlər israrla tövsiyə olunur. Lakin istər İncildə, istərsə də Əhdi-Ətiqdə qadının malik olduğu məqamla bağlı digər bəndlərə nəzər saldıqda qadının nəinki bir zinət, hətta kişi ilə eyni hüquqlu varlıq olmasına belə inanmaq olmur. “Ekkleziast” kitabının 25:25-ci bəndində qadını “günahın mənbəyi və ölümə gedən yol adlandıran” müəllif, “Təlmud” kitabında kişiyə “evləndiyin qadın on il müddətində doğmasa, boşa getsin”, – deyə əmr verir (E, 64 a).

Ümumiyyətlə, hər iki dinin – xristianlıq və yəhudiliyin müqəddəs kitabı hesab olunan “Bibliya”da qadın cinsi ikinci sinif, aşağı bir varlıq olaraq nəzərdən keçirilir. Qız uşağının doğulmasını itki hesab edən “Ekkleziast” kitabı bu məsələyə daha böyük bir həssaslıqla yanaşır: “Oğul böyüdən adama düşmənlər həsəd aparar” (30:3), “Oğlu olanlar xoşbəxt, qızı olanlar yazıqdır” (40), “Oğlan doğuldu – her yerdə şənlik oldu, qız doğuldu – kədər gəldi” kimi “müqəddəs yazılar” yalnız bir kitabda rast gəldiklərimizdir.

скачанные файлыDinsizliyin tərənnüm və təbliğ olunduğu humanizm prinsipinə görə isə qadın istədiyi kimi geyinən və yaşayan, tamamilə azad və müstəqil bir varlıqdır. Hətta o qədər azaddır ki, sırf onun təbiəti və fitrətinə uyğun olan analıq vəzifəsindən də imtina edə bilər. Sovet hakimiyyətinin hökm sürdüyü dövrün Aleksandra Kollontay adlı ilk qadın nazir və diplomat qadını da azad cinsi münasibətləri o dərəcədə qanuniləşdirmişdi ki, bunun su içmək qədər asan və təbii bir ehtiyac olduğunu beyinlərə yeritmişdi. Bolşevizmin ilk illərində “bir stəkan su” adı ilə yayılan bu azğın nəzəriyyəni hətta o zamanın sovet hakimiyyəti də qəbul etməyərək sonradan qadağan etmişdi. Təsadüfi deyildir ki, bu qadının da şəxsi ailə həyatı onun fikrini bölüşən digər avropa düşüncəli qadınlar kimi “məhəbbət üçbucaqları” ilə doludur. İslami həyat tərzində ailə “üçbucağı” ana, ata və övladdan ibarətdirsə, azad fikirli qərb ailə modeli get-gedə ər, arvad və məşuqdan ibarət olmağa başlamışdır. Eynicinsli nikahlar isə bütün din və yasaqlardan uzaq “sağlam düşüncənin” bir başqa bəhrəsidir. Oğurluğu cinayət, zinanı isə “azad məhəbbət” kimi müəyyənləşdirən qərb demokratiyası şərəf və ləyaqətə önəm vermədiyi üçün zinanın da namus oğurluğu olduğunu anlaya bilməz. Özünə hörmət edən qadın mütləq və mütləq qadınlığına, bədəninə diqqəti deyil, öz şəxsiyyətinə hörmət qoyulmasını istəyəcəkdir. Heysiyyətini yüksək tutan qadın bədənini hər gün minlərlə kişiyə təqdim etməkdə maraqlı olmaz. Ağlı və dərrakəsi ilə deyil, əndamı ilə qarşı cinsin diqqətini cəlb etməyə çalışan qadınlar arxasınca çoxlu sayda kişilərin düşməsi ilə, daha çox diqqət cəlb etmələri ilə öyünə bilərlər. Lakin bir yazıçının da qeyd etdiyi kimi, futbol meydançalarında 22 oyunçu bir topun arxasından qaçsa da, məqsədləri topun özünü əldə etmək deyil, tora qol vurmaqdır. Bu gün ali və orta ümumtəhsil ocaqlarında, ayrı-ayrı şirkətlərdə təsəttürü (baş örtüsünü) qadağan edən zehniyyət sahibləri də “bu qolların” izindədirlər. Başın içərisindəkilərə deyil, üstündəki parçaya qiymət verən, qadının iş qabiliyyətini onun peşəkarlığında deyil, açıq-saçıqlığında, bədən meyarlarında axtaran bu “azad düşüncə sahibləri”nə əminliklə söyləyə bilərik ki, öz əxlaqsız niyyətlərinə çatmaq üçün əngəl olduğuna görə hicaba bu qədər kin bəsləyirlər. Və bu dəyərləri çoxəsrlik və möhkəm ailə mədəniyyətinə sahib olan İslam aləminə sırımaq istəyən hakim qüvvələr istər Türkiyə, istərsə də Azərbaycan cəmiyyətində bütün vasitələrdən, o cümlədən mediadan istifadə edir, serial, musiqi klipləri, hər gün şişirdilmiş halda xalqa göstərilən ailə münaqişələri, “dözülməz ər-arvad” münasibətləri timsalında, demək olar ki, fərdilik və ailəsizliyi şüurlara təlqin edir, çünki dağılmış və parçalanmış cəmiyyətlərin daha asan idarə olunduğunu yaxşı bilirlər. Uzun illərin mənəvi boşluqlarının insanlarımızda buraxdığı izlər, bəzi kişilərin ailə məsuliyyətini sona qədər dərk etməməsi, bu səbəbdən də qadın itaətsizliyinin törətdiyi fəsadlar bugünkü mediada kişi hegemonluğu, şərq despotizmi kimi göstərilir. Halbuki istismarçı rejimlərin acgöz siyasətləri nəticəsində işsiz, pulsuz qalan və əsəb gərginliyi keçirən bu insanlar gec-tez düşdükləri bu acınacaqlı vəziyyətin əsl səbəbkarlarının kim olduğunu anlayacaqlar. Bütün bu ssenarilərin onları öz dinlərindən, mədəniyyətlərindən iyrəndirmək, uzaqlaşdırmaq və ayırmaq üçün düşünüldüyünün fərqinə varacaqlar.

Zəhra Süleyman-Kıstı  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma