DUA VƏ QURANDAN DUALAR

MÜQƏDDİMƏ

dua-1Öz bəndələrinin dua etməsinə izin verən, imanı, tövbəni və ağlamağı Özünə yaxınlaşma vasitələrindən qərar verən Allaha həmd olsun!

Salam və salavat olsun nəbilərin sonuncusu Mühəmmədə, onun ailəsinə və təqvalı tabeçilərinə!

Şükür və tərif əzimüşşən Pərvərdigarın müqəddəs zatına layiqdir ki, böyüklüyün, ehtiyacsızlığın və izzətin kamalı ilə Özünün lütf, mərhəmət, mehribanlıq və ülfət qapılarını Öz bəndələrinin üzünə açdı, kiçiyə, böyüyə, saleh insana, islah olunmaz insana, itaətkara, üsyankara, möminə və kafirə ümumi izin və rüxsət verdi ki, gecə və gündüzün hər saat və hər dəqiqəsində vaxtlı-vaxtsız, gizli-aşkar Onu çağırsınlar, vasitəsiz olaraq Onun Özü ilə danışsınlar. Öz Kitabında “Mumin” surəsinin 60-cı ayəsində buyurmuşdur: “… Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! …” Həmin ayədə duanı və Özünün çağırılmasını ibadət hesab edərək buyurmuşdur: “… Mənə ibadəti təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” Göstəriş vermişdir ki, Ona minacat etsinlər, istəklərini Ona ərz etsinlər, nəinki bizi tərk etmiş əmirə, qapıçıya, vəzifəyə təyin edilmiş nazirə, vəkilə və təqdim edənə.

Kim istəyir gəlsin sözünü desin, hər nə istəyir desin. Bu dərgahda təkəbbürlülük, naz-qəmzə və qapıçı yoxdur. Kim harada istəsə, O Cənabla söhbət edə bilər. O, hər bir qəlbdən və hər bir dildən agahdır. Onun nə mütərcimə (tərcüməçiyə), nə vasitəyə, nə də rüşvətə ehtiyacı vardır.

Buyurmamışdır ki, müqərrəblər (Allaha yaxın bəndələr) Mənə dua etsinlər, yaxud deməmişdir ki, kimisə vasitəçi və yol yoldaşı gətirin. Əksinə, buyurmuşdur ki, imanınızı, təqvanızı və yalvarışlarınızı vəsilə qərar verin, onları axtarın, nəinki onları çağırın.

Necə ki “Maidə” surəsinin 35-ci ayəsində buyurmuşdur: “Ey iman gətirənlər! Allahın yasaq etdiyi işlərdən qorunun və Ona yaxınlaşma yolu (vəsilə) axtarın. …” Allah buyurmamışdır ki, vəsiləyə dua edin/onu çağırın.

DUA QURANA VƏ SÜNNƏYƏ UYĞUN OLMALIDIR

Allahın bəndə üzərindəki haqlarından biri də budur ki, Ona Onun Özünün göstəriş verdiyi kimi dua etməli, Ona Onun Özünün istədiyi kimi bəndəlik etməli, Onun proqram və qanunundan üz çevirməməli və Onu Allahın Özünü tanıtdırdığı adlar və sifətlərlə çağırmalıdır. Bu işdə özünün naqis səliqəsi ilə kifayətlənməməli, Allahı Onun zatına layiq olmayan adlarla çağırmamalı, peyğəmbərlərə və övliyalara bağlılıq bəhanəsilə ilahi qanuna zidd hərəkət etməməlidir.

BİZİM DÖVRÜMÜZDƏ DUALAR BAŞDAN-BAŞA XURAFAT VƏ BİDƏTLƏRLƏ DOLUDUR

Çox təəssüflər olsun ki, bizim dövrümüzdə cəhalət, təkəbbürlülük və bidətlər elə yayılmışdır ki, müqərrəblərə (Allaha yaxın bəndələrə) bağlılıq adı altında və saxta hədislərə və qeyri-əqli (əqlə zidd) kitablara müraciət bəhanəsilə Quranın göstərişlərinə zidd əməl olunur. Bəlkə, Rəsulullah və hidayət imamları (əimmətül-hüda) səy göstərmişlər ki, heç kim Allahın Kitabına zidd olan bir fikir söyləməsin və Allahın sözünə zidd olan xəbəri və fikri onlara nisbət verməsin. Lakin həyatda olduqları zaman onlara əziyyət verildiyi kimi, vəfatlarından sonra da hər bir kəs istədiyi şeyi onların adından uydurmuş və insanlar arasında yaymışlar. İşdə nə hesab var, nə də ölçü. Küfr və şirklə dolu olan, tövhidə açıq şəkildə zidd olan bir çox dualar millətin diqqətini özünə doğru çəkmişdir. Bu vəziyyətə heç bir alim diqqət göstərmir, heç kəs xeyirxahlıq etmir, heç bir ağıllı xeyirxah şəxs xalqı oyatmaq üçün danışmır. Bir qrup insan dükan sahiblərinin qorxusundan sakit və xamuş vəziyyətdədir. Bir qrup da dükanı mühafizə etmək və müridlər yığmaq üçün avamlarla (oxumamış insanlarla) səmimidirlər və həmfikir kimi görünürlər. Əksər insanlar o qədər giriftardırlar ki, düşünmək və təfəkkür etmək fürsətləri yoxdur.

Biz özümüzü mükəlləf, müvəzzəf və məsul bildiyimizə, Allahdan başqa heç kimdən təvəqqemiz və mükafatımız olmadığına görə haqqı aşkar demək və ümmətə xeyir vermək istəyirik. Kim istəyər qəbul edər, kim istəyər qəbul etməz.

Ümidvarıq ki, oyaq xalq bizi başa düşər və avam insanları aldadan şarlatan dükan sahiblərindən qorxmazlar. Ayədə buyurulur: “Sözü dinləyib onun ən gözəlinə uyan kəslər Allahın hidayət etdiyi şəxslərdir. Ağıl sahibləri də elə onlardır!”[1] Bizim yazımızı oxusunlar, əgər haqq dediyimizi görsələr, bizə yardım etsinlər.

ƏN YAXŞI DUALAR QURANDADIR

Ən yaxşı dualar Allah-Taalanın peyğəmbərlərin və digərlərinin dilindən nəql etdiyi, Özünün göstəriş verdiyi Quran dualarıdır, çünki Quran möhkəm və mütəvatir bir sənəddir, saxtakarların və yalançıların müdaxiləsindən qorunmuşdur. Allah Özü onu qorumağa zəmanət vermiş və “Hicr” surəsinin 9-cu ayəsində buyurmuşdur: “Şübhəsiz ki, Quranı Biz nazil etdik, sözsüz ki, Biz də onu qoruyacağıq!” 

ƏKSƏR DUA KİTABLARI BATİLDİR

Lakin başqa kitablarda zikr olunmuş digər duaların yazıçıları xətadan məsum olmamış, yaxud da “ət-Təsamuh fi ədillətis-sünən”[2] (“Sünnətlərin dəlillərində güzəştə getmək”) qaydasına əsaslanıb hər dua və ziyarəti toplamış və çoxunun ya sənədinin olmamasına və filan müqəddəsin, yaxud filan alimin öz səliqəsinə uyğun olaraq onları toxuduğuna, yaxud sənədi vardırsa da, ravilərinin ya məchulul-hal[3], ya qülüvv[4] əhli, yaxud batil əqidə sahibləri olub öz əqidələrini dualar və ziyarətlərdə yerləşdirdiklərinə və onlar vasitəsilə yaydıqlarına diqqət etməmişlər. Məlumatsız camaat da filan müqəddəsin və ya filan alimin yazdığına etimad edərək həmin duaları oxumuşdur. Belə bir metod fasid (pozğun) əqidələrin yayılmasına səbəb olmuşdur. Onların geniş şəkildə yayılmasının nəticəsi olaraq bir çox bidətlər rəğbət görmüşdür ki, artıq onları dəf etmək çox çətinləşmişdir.

Sonrakı alimlər də öz sükutları ilə o xurafatlar və bidətlərin hamısını təsdiq etmişlər.

Daha yaxşı olar ki, uzaqgörən, gözüaçıq alimlər Quran həqiqətlərini mühafizə etmək və bu batil halları aradan qaldırmaq üçün fikirləşməli və bu şübhələrə cavab vermək üçün lazım gəldikdə qiyam etməlidirlər. Bir çox xeyirxah alimlər bir zahidin, yaxud alimin yazdığı, yaxud bir kitabda dərc etdiyi duaların ona (o şəxsə) olan hüsni-zənni vasitəsilə şəriət tərəfindən bir sənədi olduğunu xəyal etmişlər. Halbuki o zahidin, yaxud alimin dua etməyin mütləq olaraq icazəli olması göstərişinə uyğun olaraq öz fikrinə əsasən gözəl qafiyəli bir dua tərtib etmək və Allahın, yaxud din böyüklərinin qarşısında səmimiyyət (bağlılıq) izhar etmək istəməsi mümkündür[5]. Lakin sonrakı mühəddislər ona olan hüsni-rəğbətinə görə onun (yəni duanın) şəri sənədi olduğunu bilmişlər.

ŞEYX ABBAS QUMMİ XALQIN CAHİLLİYİNDƏN ŞİKAYƏT EDİR, LAKİN ÖZÜ …

Məsələn, Hacc Şeyx Abbas Qumminin Kəfəmi, yaxud İbn Tavus, yaxud Əbuqürrə, yaxud Şeyx Tusi, yaxud İbn Əyyaş Cövhəridən nəql etdiyi bir çox dualar vardır ki, sanki onları məsum bilmiş və ya onlara qanunvericilik haqqı vermişdir. O mərhum “Məfatih”də “Ziyarəti-Varis”in zeylində[6] ziyarət və yaxud bir dua ixtira edən, yaxud dualara bir kəlmə artıran və onlardan nəyi isə ixtisar edən şəxsləri çox məzəmmət etmişdir. Halbuki o saxta dualar, yaxud o əlavələr və əskiltmələr küfr və şirkə səbəb olmamışdır. Lakin o özü “Məfatih”də sırf küfr və şirk olan dualar və ziyarətlər yazmışdır. Məsələn, “Məfatihul-Cinan” kitabında Əmirülmömininin 6-cı ziyarətində belə zikr olunur: “Qədim əslə (əsasa, kökə), kəramətli budağa və dərilmiş meyvəyə salam olsun!” Şeyx Abbas xristianların həmin təslisini İmam barəsində zikr etmişdir. Məsələn, məchul və mühməl[7] bir şəxs olan Həsən ibn Muslə Cəmkəranidən gətirdiyi duada deyilir: “Ey Mühəmməd, ey Əli, mənə kifayət edin. Həqiqətən, siz ikiniz mənə kifayət edirsiniz. Mənə kömək edin. Həqiqətən, siz ikiniz mənim yardımçılarımsınız. Məni qoruyub saxlayın. Həqiqətən, siz ikiniz mənim qoruyucularımsınız”. Bu sözlər Qurana müxalifdir və şirkə səbəb olan sözlərdir, çünki Quran buyurur: “Məgər Allah Öz bəndəsinə kifayət etmirmi?…”[8] Lakin Həsən ibn Muslə deyir ki, Mühəmməd və Əli kifayət edirlər.

Allah Öz Elçisinə deyir: “… Biz səni onların üzərində qoruyucu (gözətçi) qoymamışıq və sən onların vəkili də deyilsən!”[9] Lakin bu duada deyilir ki, Mühəmməd və Əli hər ikisi hafiz və qoruyucudurlar.

Mərhum Qummi avam insanların (oxumamışların) saxta əməllərindən şikayət edir, lakin alimlərin saxtakarlığından və şirkindən şikayət etmir.

İmamzadələrin məzarlarına getmək üçün nə qədər daxil olma icazələri (“düxul izni”) uydurmuş, İmam və imamzadələri Allah kimi hər yerdə hazır, nazir və hər sözə cavab verən varlıq olaraq qərarlaşdırmışlar. Təəccüblüsü odur ki, ziyarətgaha daxil olmaq üçün izin istəyir, lakin icazə verilməmiş daxil olurlar. Biz “Qəbirlərin ziyarətində xurafat bolluğu” adlı kitabda bu barədə izah vermişik. Maraqlananlar müraciət etsinlər.

UYDURULMUŞ DUALARIN ZƏRƏRLƏRİ

Uydurulmuş duaların və ziyarətlərin fəsadları çoxdur:

1. Allahın iki höccəti (dəlili) olan Əql və Quranla müxalifət. Bu iki şeylə müxalifət etmək dünya və axirət həlakətinə, çətinliyinə və zərərinə səbəb olur. Faydasının olmaması bir tərəfə qalsın, başdan-ayağa qədər zərərdir. Vəziyyət belədir ki, əgər bir şəxs onları bu işdən çəkindirmək istəsə, “Biz başa düşmürük”, yaxud “Filan alim bu cür yazmışdır”, – bəhanəsi ilə sözə qulaq asmırlar. Əksinə, o uydurulmuş dualara olan bağlılıqları Allahın Kitabına olan bağlılıqlarından çoxdur.

2. Bir çox bidət əhli və batil məzhəblər həmin duaları və ziyarətləri özləri üçün dəlil hesab etmiş və sənəd kimi götürərək öz dükanlarına rəvac vermişlər.

3. Dua edərkən Allahdan başqasına diqqət etmək olmaz, çünki dua ibadətdir və Allahın çağırılan qeybi bir varlıq kimi çağırılması adi (ənənəvi) dünyəvi bir çağırış kimi deyildir, çünki adi ənənəvi çağırışda hər bir məxluqu çağırmaq olar. Ayağı ağrıyan bir şəxs: “Zeyd mənim əlimdən tut”, – deyə bilər. Dərmana möhtac olan şəxs: “Ey həkim, mənə dərman ver!” – deyə bilər. Başqasına ehtiyacı olan şəxs “Ey filankəs, mənim ehtiyacımı təmin et!” – deyə bilər. Çörək istəyən şəxs: “Ey şatır (çörək bişirən), mənə çörək ver!” – deyə bilər. Adi ənənəvi çağırışda əks tərəf hazır olmalı və ona səslənən şəxsin səsini eşitməlidir.

QURANDAN SÜBUT

Lakin şəri dua ibadətdən ibarətdir və o dua edilən qeybi bir varlığı çağırmaqdan ibarətdir ki, bu da yalnız Allahdır. Bu ibadətdə də digər ibadətlər kimi heç kimə diqqət etmək olmaz və Allahdan qeyrisini Allaha şərik qərar vermək olmaz.

Allah “Kəhf” surəsinin 110-cu ayəsində buyurmuşdur: “… Rəbbinə etdiyi ibadətə heç kimi şərik qoşmasın!”

İbadət Allahın Özünə məxsusdur və buna görə də Qurandakı bir çox ayələrdə deyilir ki, Allahdan başqasını çağırmayın (yəni Allahdan başqasına dua etməyin, yalvarıb-yaxarmayın). Bir çox ayələrdə Allahdan başqasının çağırılması şirk hesab edilmişdir. “Cinn” surəsinin 20-ci ayəsində buyurulur: “Mən ancaq öz Rəbbimə dua edirəm (yalvarıb-yaxarıram) və Ona heç kəsi şərik qoşmuram!”

Həmin surənin 18-ci ayəsində buyurulur: “… Allahla yanaşı heç kəsə dua etməyin (yalvarıb-yaxarmayın)!”

“Fatir” surəsinin 13-cü və 14-cü ayələrində buyurulur: “… Sizin Ondan başqa dua etdikləriniz bir çəyirdək qabığına[10] belə (yəni heç bir şeyə) sahib deyillər. Əgər siz onlara dua etsəniz (onları çağırsanız, onlara yalvarıb-yaxarsanız), sizin duanızı eşitməzlər; eşitsələr də, sizin imdadınıza çata bilməzlər. Özləri də qiyamət günü sizin şirkinizi danacaqlar. …”

Allah bu ayədə açıq-aydın şəkildə Allahdan başqasına dua edənləri (yəni Allahdan başqasına yalvarıb-yaxaranları) müşrik adlandırmışdır. Ağıllı varlıqlara məxsus olan və ağıllı varlıqlar üçün istifadə olunan nisbi əvəzlik “əlləzinə”ni[11] və kişi cinsinin cəm əvəzliklərini bütlərə aid edə bilmərik, çünki ərəb dilində “əlləzinə” (“hansılar ki”)  kəlməsi və kişi cinsinin cəm əvəzlikləri büt üçün istifadə olunmur. Əlavə olaraq onu da deməliyik ki, qiyamət günü müşriklərin müşrik olduğuna etiraz edən və onların şirkini inkar edən bir büt olmayacaqdır.

Deməli, bu ayədə belə izah olunur ki, din böyüklərini və ağıllı varlıqları çağırmayın (yəni onlara dua etməyin, onlara yalvarıb-yaxarmayın). “Əhqaf” surəsinin 5-ci və 6-cı ayələrində buyurulur: “Allahı qoyub qiyamətədək (duaya) cavab verə bilməyəcək şəxslərə dua edəndən (yəni onları çağırandan, onlara yalvarıb-yaxarandan) daha çox azmış kim ola bilər? Halbuki onlar (yəni həmin kimsələr) onların duasından (yalvarıb-yaxarmasından) qafildirlər (xəbərsizdirlər)! Bütün insanlar toplaşdıqları zaman həmin şəxslər onlara düşmən olacaq və onların ibadətini inkar edəcəklər”[12].

“Nəhl” surəsinin 20-ci və 21-ci ayələrində buyurulur: “Allahdan başqa dua etdiyiniz şəxslər[13] heç bir şey xəlq edə bilməzlər, çünki onların özü məxluqlardır. Onlar ölüdürlər, diri deyildirlər, nə vaxt dirildiləcəklərini də bilməzlər”.

Yəni heç bir şey yarada bilməyən, özü məxluq (yaradılmış) olan, həmçinin qiyamət və həşrdən xəbərsiz olan varlığa dua etmək, onu çağırmaq və ona yalvarıb-yaxarmaq olmaz.

Quran ayələrinin ittifaqına əsasən İslam Peyğəmbəri həşrdən xəbərsiz olmuşdur və qiyamətin nə vaxt baş verəcəyini bilməmişdir. Deməli, onu çağırmaq olmaz, qalmışdı hələ digər bəndələri.

“İsra” surəsinin 56-57-ci ayələrində buyurulur: “De: Allahdan başqa xəyal etdiyiniz şəxsləri çağırın; onların sizdən heç bir zərəri uzaqlaşdırmağa və onu dəyişdirməyə gücləri çatmayacaqdır. Çağırdıqları (dua etdikləri, yalvarıb-yaxardıqları) şəxslərin (Allaha) ən yaxın olduğunu zənn etdikləri hansılardırsa, onlar belə özlərinin Rəbbinə yaxın olmaq üçün vəsilə axtarar (yəni var güclərilə cəhd göstərər), Onun rəhmətinə ümid edər, əzabından qorxarlar. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!”

“Əraf” surəsinin 194-cü ayəsində buyurulur: “Allahdan başqa çağırdığınız (dua etdiyiniz, yalvarıb-yaxardığınız) şəxslər sizin kimi bəndələrdir. …”

Biz bilmirik ki, öz imamını, yaxud Peyğəmbəri, yaxud da imamzadəni çağıran (yəni istədiklərini onlardan istəyən, onlara yalvarıb-yaxaran) şəxslər bu ayələrin cavabını necə verirlər? Məgər bu ayələr Quran ayələri deyil? Din böyükləri deyiblər ki, bizi çağırın və Qurana zidd hərəkət edin? Saxta dualarla Quranı rədd etmək olar? Peyğəmbər və İmam adi insanlar idi. Qulaq vasitəsilə eşidirdilər, ya yox, Allah kimi nə gözləri, nə də qulaqları var idi və gözsüz və qulaqsız eşidirdilər? Əgər belədirsə, onların bədənindəki göz və qulağın yaradılması boş və mənasız olmuşdur. Məgər onlar özləri deyiblər ki, göz və qulaq dəfn olunduqdan sonra biz yenə də eşidir və görürük?

(ardı var)

MÜƏLLİF: ƏLLAMƏ SEYİD ƏBÜLFƏZL BURQUİ QUMMİ

MÜTƏRCİM VƏ ŞƏRHÇİ: ƏBUƏBDİRRƏHMAN XƏYYAM QURBANZADƏ

REDAKTOR: ƏFRUZƏ HƏSƏNOVA

KORREKTOR: MƏHBUBƏ KƏRİMZADƏ

OPERATOR: RABİƏ QURBANZADƏ

[1] “Zümər”, 18

[2] Dəlil olma şərtlərini özündə daşımayan və bir əməlin savab, yaxud müstəhəb və məkruh olduğuna dəlalət edən zəif rəvayətə əsaslanaraq o işin müstəhəb, yaxud məkruh olduğuna hökm edə bilərik? Bir qrup alim deyir ki, “Sünnətlərin dəlillərində güzəştə getmək” qaydasına əsaslanıb o işin müstəhəb, yaxud məkruh olduğuna hökm edə bilərik. Qayda müstəhəb hökmə dəlalət edən rəvayətlərin sənədində güzəştə getmək mənasını verir. Yəni müstəhəb hökmü ifadə edən hər bir rəvayətin sənədində xələl olarsa, bu rəvayət tərk olunmamalı və etibardan da düşməməlidir. Bu, həmin rəvayətin mötəbər bir dəlil olması baxımından yox, “ət-Təsamuh fi ədillətis-sünən” qaydasına görədir. Bu qaydanın mötəbərliyini sübut edən rəvayətlərdən birini sizin nəzərinizə çatdırmaq istəyirik:

Səfvanın İmam Sadiqdən nəql etdiyi səhih hədisdə deyilir: “Kimə xeyir bir işə savab veriləcəyinə dair bir xəbər çatsa və həmin şəxs də o xəbərə əməl etsə, Peyğəmbər o sözü deməmiş olsa da, o şəxsə işinə görə mükafat veriləcəkdir”. Rəvayət buna dəlalət edir ki, bir hədisdə müstəhəb bir hökm bildirilsə və insan onu itaət qəsdi ilə yerinə yetirsə, reallıqda hədis öz əhlindən (yəni məsumdan) sadir olmamışdırsa da, bu işi yerinə yetirənə mükafat veriləcək. “Əxbari-mən bələğə” adlanan bu və bunun kimi rəvayətlərin mənası zəif rəvayətlərin tələbi olaraq itaət məqsədi ilə yerinə yetirilən müstəhəb əməlin hökmünü bəyan etməkdən ibarətdir. Bu rəvayətlər sənəd baxımdan zəif olan xəbərin (hədisin) dəlil olması mənasını vermir, əksinə zəif hədis “əxbari-mən bələğə”nin mövzusu olur.

“Təsamuh” qaydası fəqihlər arasında məşhur bir qayda olmasına baxmayaraq, onun barəsində ziddiyyətli fikirlər vardır. Seyid Xoyi deyir: “Təsamuh fi ədillətis-sünən qaydasının heç bir əsası yoxdur, çünki hədislər ona dəlalət etmir, əksinə Allahın bəndələr üzərində olan ehsanına və mərhəmətinə dəlalət edir”. (“Misbahul-Üsul”; c. 2, s. 32)

[3] Tanınmayan, bilinməyən ravi

[4] Yəni həddi aşaraq onları insanlıq mərtəbəsindən çıxarıb Allahlıq mərtəbəsinə qaldıran

[5] Əgər bir şəxs özündən Qurana və Əqlə uyğun olan bir dua düzəltsə, yaxud başqasından nəql etsə, bunun heç bir problemi yoxdur. Lakin bu duanı şəriət tərəfindən gəlib-çatmış bir dua kimi oxumamalı, onu din ilə əlaqələndirməməli və bu duanın şəriətə əsaslanmadığını xatırlatmalıdır. Məsələn, bir şəxs sübh namazından sonra qırx dəfə Allahı çağırarsa və “Ya Əziz, ya Əziz”, – deyərsə, bu işin “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (“Mumin”, 60) ayəsinin göstərişinə uyğun olaraq heç bir eybi yoxdur. Lakin bu zikr həmin müəyyən sayla şəriət tərəfindən gəlib-çatmadığı üçün bunu şəriətlə bağlamaq olmaz. Oxunan hər bir dua və ziyarətin Quranla uyğunlaşmasına diqqət etmək lazımdır, çünki “Vəsailuş-Şiə” kitabında (“Qəza kitabı”) və digər hədis kitablarında nəql olunan mütəvatir xəbərlərdə Allah Rəsulunun (s) və hidayət imamlarının (ə) belə dedikləri rəvayət olunmuşdur: “Allahın Kitabına uyğun olan fikri götürün, Allahın Kitabına müxalif olan fikri isə tərk edin!”

Bilmək lazımdır ki, Allah Rəsulu və imamların heç biri Allahın sözünə müxalif olan söz danışmazlar. Deməli, müsəlman şəxs əvvəl Quranın mətləblərindən xəbərdar olmalıdır ki, ta hansı duanın və hədisin Qurana müvafiq olub-olmadığını başa düşə bilsin. Çox təəssüflər olsun ki, bizim millətimiz bütövlüklə Qurandan xəbərsiz olduğu üçün Qurana zidd olan duaları və ziyarətləri tanıya bilmir və özlərini üzrlü hesab edirlər, halbuki məzur deyildirlər, məsuldurlar. (Əllamə Burqui)

[6] Aşağıda göstərilən məlumatda

[7] Digər bir ravi ilə ad, yaxud künyə, yaxud ləqəb baxımından müttəfiq olan və o ikisindən biri üçün fərqləndirici və ayırıcı əlamətin zikr olunmadığı raviyə “mühməl ravi” deyilir. Bu fərqləndirici əlamətin qeyd olunmamasını “ihmal” adlandırırlar.

[8] “Zümər”, 36

[9] “Ənam”, 107

[10] Ərəbcə bir kəlmə olan “qıtmir”, xurma çəyirdəyinin üzərindəki çəkiyə gəlməyəcək yüngüllükdə olan incə membrana (pərdəyə) verilən addır.

[11] “Hansılar ki” mənasını verir.

[12] Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən Azərbaycan türkcəsinə tərcümə olunmuş Quranda “Cinn” surəsinin 18-20-ci ayələrində, “Fatir” surəsinin 13-cü ayəsində, “Əhqaf” surəsinin 5-ci və 6-cı ayələrində, “Nəhl” surəsinin 20-ci ayəsində, “Əraf” surəsinin 194-cü ayəsində işlənən “dua” sözü “ibadət” kimi, “İsra” surəsinin 57-ci ayəsində işlənən “dua” sözü isə “tapınmaq” kimi tərcümə olunmuşdur. Quranda həm ibadət, həm də dua kəlmələri işlənmişdir. “Çağırmaq, yalvarıb-yaxarmaq, yardım istəmək” mənalarını verən “dua” sözü təfsir və tərcümələrin çoxunda “ibadət” kimi tərcümə olunaraq əsl mənanın itməsinə yol açılmışdır. “Dua” sözü “ibadət” kimi tərcümə olunduqda bir şəxsi qeyri-adi yollarla yardıma çağırmanın və ona yalvarıb-yaxarmanın Ona ibadət etmək olduğu və şirk hesab olunduğu mənası aradan gedir. Bu bir növ təhrif hesab oluna bilər. “Əhqaf” surəsinin 4, 5 və 6-cı ayələrini nümunə göstərərək “dua” sözünü “ibadət” kimi tərcümə etməyin ayələri hansı nöqtələrə gətirdiyini görməyə çalışaq: “De: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa dua etdikləriniz yerdən nə yaratmışdır? Yoxsa, onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən bir şey gətirin! Allahı qoyub qiyamətədək (duaya) cavab verə bilməyəcək şəxslərə dua edəndən (yəni onları çağırandan, onlara yalvarıb-yaxarandan) daha çox azmış kim ola bilər? Halbuki onlar (yəni həmin kimsələr) onların duasından (yalvarıb-yaxarmasından) qafildirlər (xəbərsizdirlər)! Bütün insanlar toplaşdıqları zaman həmin şəxslər onlara düşmən olacaq və onların ibadətini inkar edəcəklər”.

Bir çox tərcümələrdə, o cümlədən Vasim Məmmədəliyevin tərcüməsində bu ayələr belə tərcümə olunmuşdur: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yerdən nə yaratmışdır? Yoxsa, onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən bir şey gətirin! Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər! İnsanlar məhşərə toplanacaqları zaman bu (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər”.

“Dua” sözünü “ibadət” kimi tərcümə etdikdə ona bağlı olaraq yeni məna sürüşmələri qaçılmaz hala gəlir. Səhv yeni bir səhvi ortaya çıxarır, yuxarıdakı üç ayədəki xəta sayı beşə çatır. Bu xətalar aşağıdakılardır:

1. “DUA” SÖZÜNÜ İBADƏT KİMİ TƏRCÜMƏ ETMƏK

 Dua özü ibadətdir və dua edən şəxs də dua edərkən ibadət halındadır. Lakin bu o demək deyildir ki, biz Quran ayələrindəki “dua” sözünü “ibadət” kimi tərcümə etməliyik. Namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc ziyarətini həyata keçirmək də ibadətdir. Bu surətdə biz “… Məni anmaq (yada salmaq) üçün namaz qıl!” (“Ta Ha”, 14), “Namaz qılın …” (“Bəqərə”, 43), “Namazlara, (ələlxüsus) orta namaza riayət edin” (“Bəqərə”, 238) ayələrindəki “namaz” sözünə, “Təqva sahibi olasınız deyə oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi!” (“Bəqərə”, 183) ayəsindəki “oruc tutmaq” mənasını verən “siyam” sözünə, “… Oraya getməyə gücü çatan şəxsin o Evi (Kəbəni) həcc etməsi (ziyarət etməsi) insanlar üzərində Allahın bir haqqıdır. …” (“Ali-İmran”, 97) ayəsindəki “ziyarət etmək, ziyarət üçün yola düşmək” mənalarını verən “həcc” sözünə ibadət mənası verərək ayələri “Məni anmaq (yada salmaq) üçün ibadət et!”, “İbadət edin…”, “İbadətlərə (ələlxüsus) orta ibadətə riayət edin”, “Təqva sahibi olasınız deyə ibadət sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi!”“… Oraya getməyə gücü çatan şəxsin o Evə (Kəbəyə) ibadət etməsi insanlar üzərində Allahın bir haqqıdır. …” şəklində tərcümə edə bilərik?!

2. NİSBİ ƏVƏZLİK OLAN “MƏN” (“KİM Kİ”, “O KƏS Kİ”) KƏLMƏSİNİ

“MA” (“NƏ Kİ”, “O ŞEY Kİ”) KİMİ TƏRCÜMƏ ETMƏK

Ərəb dilində “mən” kəlməsi “kim ki, kimsələr ki, o kəs ki, o kəslər ki” mənalarını verir və ağıllı varlıqlar üçün işlənir. Cümlə daxilində ağıllı varlıqlarla bərabər başqa varlıqlar da keçərsə, “mən” kəlməsi ağıllı olmayan varlıqlar üçün də işlənə bilər. “Ma” isə “nə ki, nələr ki, o şey ki, o şeylər ki” mənalarını verir. “Əhqaf” surəsinin 5-ci ayəsində “mən” kəlməsi üç dəfə işlənir. “Dua” sözünü “ibadət” kimi tərcümə edənlər onların ikisini “kim ki”, üçüncüsünü də “o şey ki” (“ma” mənasında) kimi tərcümə etmək məcburiyyətində qaldıqda ayənin mənası kökündən dəyişmiş və bu vəziyyətə düşmüşdür: “Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən şeylərə (bütlərə) ibadət edən kimsədən daha çox azmış kim olar bilər?” Bu tərcüməyə görə yardıma çağırılanlar bütlər olur və bir ruhanini (canlı varlığı) yardıma çağıran şəxs ayənin əhatəsinə daxil olmur. Lakin bir məna sürüşməsinə yol vermədən “mən” kəlməsini “o kəs ki, o kəslər ki” kimi tərcümə etsək, belə bir tərcümə ortaya çıxır: “Allahı qoyub qiyamətədək (duaya) cavab verə bilməyəcək şəxslərə dua edəndən (yəni onları çağırandan, onlara yalvarıb-yaxarandan) daha çox azmış kim ola bilər?” Bu doğru tərcümə bir ruhanidən (canlı varlıqdan) yardım istəməyin qarşısını alır.

Bu xəta məcburi olaraq aşağıdakı xətaları ortaya çıxarmışdır:

3. “HUM” ƏVƏZLİYİNİ “HİYƏ” KİMİ TƏRCÜMƏ ETMƏK

“Bunlar” deyə tərcümə edilən “hum” əvəzliyi ağıl sahibi olan kişi cinsinin cəmini göstərir. Lakin “mən” nisbi əvəzliyi “o şeylər ki” kimi tərcümə olunarsa, “hum” əvəzliyinə də ya “mən”in ləfzini göstərən “huvə” (o), ya da bütlər mənasını göstərən “hiyə” mənası vermə məcburiyyəti ortaya çıxmışdır. Bu kiçik sayılmayacaq bir xətadır.

4. DÜZGÜN MÜZƏKKƏR CƏMİN SƏHV TƏRCÜMƏ OLUNMASI

“Qafildirlər, xəbərsizdirlər” deyə tərcümə edilən “ğafilun” sözü düzgün müzəkkər cəmdir. Yəni ağıllı kişilər üçün istifadə olunur. “Mən” nisbi əvəzliyinə “o şeylər ki” mənasının verilməsi bu mənanı da yox etmişdir. Bu da önəmli bir xətadır.

5. “ƏHQAF” SURƏSİNİN 6-CI AYƏSİNƏ DİQQƏT ETMƏMƏK

“Mən” nisbi əvəzliyinin “o şeylər ki” deyə tərcümə olunması 5-ci ayə ilə 6-cı ayənin əlaqəsini qırmışdır. Bu əlaqənin qopmamasının yeganə yolu o sözün “o kəslər ki” deyə tərcümə edilməsidir. Ayə belədir: “… Bütün insanlar toplaşdıqları zaman həmin şəxslər (Vasim Məmmədəliyevin tərcüməsində “həmin şəxslər” “bütlər” kimi tərcümə olunub) onlara düşmən olacaq və onların ibadətini inkar edəcəklər”.

Bütlər axirətdə canlanıb insanlarla bir araya gəlməyəcəklərinə görə ayədə hesaba çəkilən ağıllı varlıqlar haqqında danışılır. Bunlar da ruhlarından kömək istənilən böyüklərdir.

Ayələrin bu şəkildə səhv tərcümə olunması türbə ziyarəti ilə əlaqədar bu etiqadın yaranmasına səbəb olmuşdur: “Allah bu sevimli qullarına bəzi səlahiyyətlər, imkanlar və xüsusiyyətlər bəxş etmişdir. Bunlar bizim şəfaətçilərimizdir. Biz günahkar olduğumuza görə birbaşa Allahdan istəməyə üzümüz yoxdur. Ola bilsin ki, bunların sayəsində Allah istəklərimizi qəbul etsin”.

Bu cür səhvlər ucbatından ölmüş bir din böyüyünü Allahın yaxın dostu saymaq, ona xəyali səlahiyyətlər verib Allaha onun vasitəçiliyi ilə yaxınlaşmağa çalışmaq İslam dünyasının ən şiddətli xəstəliklərindən olmuşdur. “Əhqaf” surəsinin 4-cü ayəsini düzgün tərcümə etdikdə bu yol tamamilə bağlanır. Ayənin düzgün tərcüməsi belədir: “De: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa dua etdikləriniz yerdən nə yaratmışdır? Yoxsa, onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən bir şey gətirin!”

Vasim Məmmədəliyevin tərcüməsində isə bu ayələrə belə məna verilmişdir:

“Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yerdən nə yaratmışdır? Yoxsa, onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən bir şey gətirin!”

“Dua” sözünün “ibadət” kimi tərcümə olunması Allahın əsla bağışlamayacağını bildirdiyi şirk günahını müsəlmanların asan şəkildə həyata keçirməsinə yol açmışdır. Quran mütərcimlərinin bu xətalara bilərək və istəyərək yol verdiyini söyləmək olmaz. Lakin onların çoxu Allahın nə dediyinə baxmaqdansa, əvvəlki alimlərin bu ayələri necə başa düşdüklərinə baxırlar. Bu da vaxtı ilə buraxılmış səhvləri daha da möhkəmləndirir. (“Quran işığında vasitəçilik və şirk”, Müəllif: Əbdüləziz Bayındır, səh. 153-157, Bir qədər dəyişikliklə)

[13] Ağıllı varlıqlar üçün istifadə edilən “əlləzinə” nisbi əvəzliyi burada nəzərdə tutulan şirkə alət edilən ölüb-getmiş insanlar olduğunu göstərir. “Nüzul Sırasına Görə Həyat Kitabı Quran”, s. 510, “Nəhl” surəsi, 20-ci ayə, 26-cı qeyd

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma