NANKORLUQ

Haqqında əzab vədəsi verilən böyük günahlardan biri də nankorluqdur. Quranda onun barəsində əzab vədəsi verilmiş, bir neçə yerdə onun küfr olduğu ifadə edilmiş və onun əvvəlki qövmlərə nazil olmuş əzabın səbəbi olduğu bəyan olunmuşdur. Allah-Taala “İbrahim” surəsinin 7-ci ayəsində buyurur: “Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər küfr (nankorluq) etsəniz, Mənim əzabım, həqiqətən, şiddətlidir!”

“Bəqərə” surəsinin 152-ci ayəsində buyurulur: “Məni zikr edin ki, Mən də sizi yada salım! Mənə şükür edin, Mənə qarşı nankorluq (küfr) etməyin!”

 SƏBƏ QÖVMÜ NANKORLUQ EDİR VƏ ƏZAB ÇƏKİR

Allah-Taala “Səbə” surəsinin 15-17-ci ayələrində buyurur: “Səbə yurdunda bir nişanə var idi. Sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səbə əhlinə belə buyurulmuşdur:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar və (Rəbbiniz də) çox bağışlayan bir Rəbb! Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz də üstlərinə Ərim selini[1] göndərdik. Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluğuna görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?!”

 NEMƏT BƏLAYA ÇEVRİLİR

Allah-Taala “Nəhl” surəsinin 112-ci ayəsində buyurur: “Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin Allahın nemətlərinə qarşı nankorluq etdilər. Allah da həmin şəhərə etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı”.

Bəzi müfəssirlər qeyd etmişlər ki, bu ayədəki şəhərdən məqsəd Məkkə şəhəridir, çünki məkkəlilər Allah Rəsulunu təkzib etdilər və nail olduqları birinci mürəffəh həyata qarşı nankorluq etdilər. Bundan sonra yeddi il qorxunc qıtlığa mübtəla oldular.

 NANKORLUQ KÜFRÜN BÖLGÜLƏRİNDƏN HESAB OLUNUR

İmam Cəfər nankorluğu küfrün növlərindən sayaraq buyurmuşdur: “… Küfrün üçüncü növü nemətlərə qarşı nankorluq etməkdir (küfrün-niəm). Allah-Taalanın Süleymanın sözünü hekayət etdiyi sözü budur: “… “Bu, Rəbbimin lütfündən (fəzilətindən)dir. Məni imtahana çəkməyi üçündür ki, görək şükür edəcəyəm, yoxsa küfr edəcəyəm (nankorluq edəcəyəm)! Kim şükür etsə, yalnız özü üçün şükür edər, kim küfr etsə (yəni nankor olsa), (bilsin ki), həqiqətən, Rəbbim ehtiyacsızdır, Kərimdir!”[2] Və buyurmuşdur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər küfr (nankorluq) etsəniz, Mənim əzabım, həqiqətən, şiddətlidir!”[3] Yenə də buyurmuşdur: “Məni zikr edin ki, Mən də sizi yada salım. Mənə şükür edin, Mənə qarşı nankorluq (küfr) etməyin!” …”[4] [5]

İmamın sözünün xülasəsi budur ki, Allah bu üç ayədə nemətlərə qarşı nankorluğu küfr adlandırmışdır. Həmçinin bu ayələrdən başa düşülür ki, nankorluğun üç pis nəticəsi vardır və aşağıdakılardan ibarətdir:

  1. Nemətin aradan getməsinə səbəb olur.
  2. Ardınca şiddətli və dərdli əzab gətirir.
  3. Allah nankor şəxsi öz başına buraxır.

Bu barədə Peyğəmbər və hidayət imamlarından nəql olunan rəvayətlər çoxdur. Biz onların bəzilərilə kifayətlənirik. Peyğəmbər (s) buyurmuşdur: “Cəzası ən tez verilən günahlardan biri də nankorluqdur!”[6]

Başqa bir hədisində buyurmuşdur: “Üç günah vardır ki, onların cəzası tez verilər və axirətə qalmaz; valideynə qarşı bədrəftar olmaq, insanlara zülm etmək və nankorluq”[7].

 NANKORLUĞUN MƏNASI VƏ MƏRTƏBƏLƏRİ

“Yaxşılığın qiymətini bilməmək, onu inkar etmək” mənasını verib şükrün ziddi olan nankorluğun üç mərtəbəsi vardır: 1. Nemətin tanınmaması/bilinməməsi. Bu, nankorluğun digər mərtəbələri arasında ən acı və ən pis olanıdır. Bunun da iki forması vardır:

– Ya nemətin əslinin (özünün) bilinməməsi və tanınmamasıdır. Yəni insan qanmazlıq ucbatından neməti tanımır və onu görməməzlikdən gəlir. Onun olub-olmamasının insan üçün heç fərqi olmur.

– Yaxud onu Münimdən (Nemət verən varlıqdan) bilmir, əksinə Ondan başqasından gəldiyini hesab edir. Xülasətül-kəlam, nemətin, yaxud Münimin (neməti verənin) tanınmaması və bilinməməsinin hər ikisi nankorluqdur və nankorluq üçün əzab vədəsi verilmiş cəzaların qəti mövzusudur və böyük günahdır.

2. Vəziyyətə görə nankorluq (küfr). Bunu belə bəyan edə bilərik ki, ilahi nemətə məzhər olmuş əqlli insan Allahın nemətinə və inayətinə nail olduğuna və Allah tərəfindən yad edildiyinə görə şad olmalı və sevinməli, Allahın fəzilətinə və lütfünün davam etməsinə ümidvar və inamlı olmalıdır. Əgər, əksinə öz Rəbbinə qarşı bədgüman olsa, Onun fəzilətinə ümidvar olmasa və Ondan razı olmasa, əksinə Ondan qırılsa və Ona qarşı məyus olsa, bu vəziyyət ilahi nemətlərə qarşı nankorluqdur (küfrdür).

3. Bədən üzvlərilə nankorluq (küfr) etmək. Yəni əməli baxımdan nankorluq. Belə ki, insan qəlbilə günahı niyyət edir, dili ilə məzəmmət və şikayət edir, yəni dili ilə nemətləri zikr etmək və Ona şükr etmək yerinə hamısını görməməzlikdən gəlir və özünün xəyali arzularına çatmadığına görə şikayətlənib Allahın işlərini məzəmmət edir və bədən üzvlərindən Allahın yasaq etdiyi və Onun rəhmətindən uzaqlaşmağa səbəb olan işlərdə istifadə edir. Həzrət Zeynəlabidin əleyhissəlam “Nemətləri dəyişdirən günahlar” ifadəsini təfsir edərkən demişdir: “Nankorluq onlardan biridir!”[8]

Əgər şükür olmasa, insan heyvandan da aşağı səviyyəyə düşər. Həzrət İmam Zeynəlabidin əleyhissəlam “Səhifeyi-Səccadiyyə”nin “Allaha həmd və səna ilə əlaqədar duası”nda buyurur: “… Həmd olsun o Allaha ki, əgər qullarına ardı-arası kəsilməyən minnətlər və açıq-saçıq bol nemətlər qarşısında həmd etməyi öyrətməsəydi, nemətlərindən istifadə edər, lakin Ona həmd etməzdilər. Verdiyi ruzidən bol-bol yararlanar, lakin şükür etməzdilər. Belə olduqda da insanlıq hüdudlarından çıxıb heyvanlıq səviyyəsinə enərdilər. O zaman da uca Allahın Quranda vəsf etdiyi şəxslərdən olardılar: “… Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar”[9].

Xülasətül-kəlam, nankor şəxs, ümumiyyətlə, insanlıqdan xaricdir, qalmışdı hələ onun əbədi həyatı üçün lazım olan iman, düzgün maarif və saleh əməllər kimi insani xoşbəxtliklərdən olsun.

 VASİTƏLƏRƏ QARŞI NANKORLUQ

Xudavəndi-mütəal Özünün kamil hikmətilə dünyanı səbəblər evi qərarlaşdırmış və hər bir neməti bəndələrinə çatdırmaq üçün bir vasitə və səbəb müəyyənləşdirmişdir ki, onun vəsiləsilə nemət bəndəyə yetişmiş olsun. Əqlin və şəriətin hökmü ilə vasitələrə əhəmiyyət verməmək olmaz. Əksinə, onlara da təşəkkür etmək lazımdır. Əlbəttə, o vasitəni müstəqil tərzdə öz münimi (nemət verəni) hesab edərək yox. Bəlkə, nemətə vasitə olduğu üçün onu əziz tutmalı və “Mərhəmət edib filan şəxs vasitəsilə mənə nemət əta etmişdir”, – deyərək hal və qal dili ilə Allaha təşəkkür etməlidir. Burada bir neçə rəvayətlə kifayətlənirik.

İmam Zeynəlabidin əleyhissəlam buyurmuşdur: “Həqiqətən, Allah hər bir məhzun (kədərli) qəlbi və hər bir şəkur (çox şükür edən) bəndəni sevir. Allah-Taala qiyamət günündə bəndələrindən birinə deyər: “Filankəsə şükür etdinmi?” Bəndə belə cavab verər: “Ey Rəbbim, mən Sənə şükür etdim”. Allah deyər: “Ona şükür etmədiyinə görə Mənə şükür etməmisən!” Sonra İmam buyurdu: “Allaha ən çox şükür edəniniz insanlara ən çox şükür edəninizdir!”[10]

İmam Sadiq (ə) buyurmuşdur: “Nemətin sənə çatmasına vəsilə olan şəxsə şükür etməyin Allaha şükür etməyin haqqından hesab olunur!”[11]

İmam Rza (ə) buyurmuşdur: “Yaradılmışlardan olan münimə (nemət verənə) şükür etməyən şəxs Allaha şükür etməmişdir!”[12]

İmam Sadiq (ə) buyurmuşdur: “Allah mərufun (yaxşılığın) yolunu kəsənlərə lənət etsin! Onlar edilən yaxşılığa nankor davrandıqları üçün yaxşılıq edən şəxsin başqasına yaxşılıq etməməsinə səbəb olan şəxslərdir!”[13]

 XEYRƏ VASİTƏÇİ OLAN ŞƏXSƏ ŞÜKÜR ETMƏYİN KEYFİYYƏTİ

Peyğəmbər (s) buyurmuşdur: “Sənə yaxşılıq edən mömin qardaşına: “Allah sənə xeyir versin (“Cəzakəllahu xeyrən!”)!” – deməyin ona minnətdarlıq etməkdə sənə kifayət edər. Özü məclisdə olmadıqda onun haqqında danışılarsa, “Allah ona xeyir versin!” – deməlisən. Bu halda onun haqqını ödəmiş olarsan”[14].

Başqa bir hədisində buyurmuşdur: “Kim Allah xatirinə sizdən bir şey istəyərsə, həmin şeyi ona verin. Kim sizə bir yaxşılıq edərsə, onun haqqını ödəyin. Əgər onun haqqını ödəyəcək bir şey tapa bilməsəniz, onun üçün Allaha dua edin ki, ta onun haqqını ödədiyinizi biləsiniz!”[15]

Mütərcim və tərtibatçı: XƏYYAM QURBANZADƏ

[1] Ərim seli Səbə qövmünü cəzalandırmaq üçün meydana gətirilən şiddətli yağışın səbəb olduğu və böyük köçlərə yol açan bir sel fəlakətidir.

[2] “Nəml”, 40

[3] “İbrahim”, 7

[4] “Bəqərə”, 152

[5] “Üsuli-Kafi”, “Kitabul-İman vəl-Küfr”, “Babu vücuhil-küfr”, h. 1

[6] “Vəsailuş-Şiə”, “Əbvabu felil-məruf”, b. 8, h. 11

[7] “Vəsailuş-Şiə”, “Əbvabu felil-məruf”, b. 8, h. 10

[8] “Məanil-Əxbar”

[9] “Fürqan”, 44

[10] “Vəsailuş-Şiə”, “Əmrun bil-məruf və nəhyun ənil-münkər kitabı”, “Əbvabu felil-məruf”, b. 8, h. 3

[11] “Vəsailuş-Şiə”, “Əmrun bil-məruf və nəhyun ənil-münkər kitabı”, “Əbvabu felil-məruf”, b. 8, h. 9

[12] “Vəsailuş-Şiə”, “Əmrun bil-məruf və nəhyun ənil-münkər kitabı”, “Əbvabu felil-məruf”, b. 8, h. 15

[13] “Müstədrəkul-Vəsail”, “Əmrun bil-məruf və nəhyun ənil-münkər kitabı”, “Əbvabu felil-məruf”, b. 8, h. 7

[14] “Vəsailuş-Şiə”, “Əmrun bil-məruf və nəhyun ənil-münkər kitabı”, “Əbvabu felil-məruf”, b. 7, h. 7

[15] “Vəsailuş-Şiə”, “Əmrun bil-məruf və nəhyun ənil-münkər kitabı”, “Əbvabu felil-məruf”, b. 8, h. 5

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma