HƏSƏD

Mötəbər nəsslərdə haqqında əzab vədəsi verilmiş günahlardan biri də həsəddir. Həsəd bir şəxsə bir nemət, həm də ona layiq olan bir nemət verildikdə ondan məmnun olmamaq, onu istəməmək və o nemətin onun əlindən çıxmasını istəməkdir[1]. Bu isə qəti dəlillərlə haramdır. Allah-Taalanın təqdirini və hökmünü bəyənməmək deməkdir. Qəlbin çirkinliyidir, xəbislikdir.

“Şərayi” kitabının müəllifi Mühəqqiq Helli buyurur: “Həsəd etmək və möminlə düşmənçilik etmək günahdır. Onu təzahür etdirmək ədalətə ziddir. Yəni böyük günahdır”. Şəhid Sani də “Məsalik” kitabında yazır: “Həsəd və möminə qarşı düşmənçilik etmək bütün fəqihlərə görə haramdır. Bir çox rəvayətlərdə hər ikisi barəsində əzab vədəsi verilmişdir və hər ikisi böyük günahlardan hesab olunur. Deməli, ədalətlə ziddiyyət təşkil edir. Həsəd və düşmənçiliyin təzahür etdirilməsinin ədalətə zidd hesab edilməsi qəlbdəki həsəd və düşmənçiliyin haram olmaması və onların yalnız təzahür etdirilməsinin haram olması kimi başa düşülməməlidir, əksinə bu (yəni həsəd və düşmənçiliyin təzahür etdirilməsinin ədalətə zidd hesab edilməsi) ona görədir ki, onlar aşkar olunmadıqca insanı ədalətsiz adlandırmaq olmaz, çünki bu, qəlbə aid olan bir vəziyyətdir ki, onun isbat olunması yolu onun təzahür etdirilməsinə bağlıdır, baxmayaraq təzahür etdirilmədən belə həmin həsəd və düşmənçilik haramdır”.

Həsəd barəsində nəql olunan rəvayətlərin sayı çoxdur. Burada onların bəzilərini sizin nəzərinizə çatdırırıq:

 

“ATƏŞ ODUNU YANDIRDIĞI KİMİ HƏSƏD DƏ İMANI YANDIRAR!”[2]

İmam Baqir buyurmuşdur: “Həqiqətən, insan qəzəblənib ağzından hər hansı bir ehtiyatsız ifadə çıxarır və kafir olur. Və həqiqətən, atəş odunu yandırdığı kimi həsəd də imanı yandırar!”[3]

İmam Sadiq buyurmuşdur: “Həsəd, ücb və iftixar etmək dinin afətidir!”[4]

İmam Sadiq buyurmuşdur: “Mömin qibtə edər, həsəd etməz, münafiq isə həsəd edər, qibtə etməz!”[5]

Peyğəmbər buyurmuşdur: “Fəqirliyin küfr olması və həsədin isə qəzavü-qədərə cəsarət göstərməsi yaxındır!”[6]

Əvvəldə qeyd etdik ki, həsəd Allah-Taalanın təqdirini və hökmünü bəyənməmək deməkdir.

İmam Cəfər Sadiq buyurmuşdur: “Küfrün əsasları üçdür: hərislik (acgözlük və tamahkarlıq), təkəbbürlülük və həsəd. …”[7]

KÜFRÜN KÖKÜ VƏ ƏSASI

Həsəd etməyin bu rəvayətdə bildirildiyi kimi, küfrün köklərindən biri və əvvəlki hədisdə bildirildiyi kimi nifaq olması çox aydın şəkildə başa düşülür, çünki həsəd edən şəxs həsəd etdiyi şəxsə çatmış nemətin Allah tərəfindən verildiyinə etiqad etməsə, Allaha şirk qoşmuşdur. Əgər Allah tərəfindən əta edildiyinə etiqad edirsə, bu surətdə Allahı Adil (Ədalətli) və Həkim (Hikmət Sahibi) hesab etməmiş və Onun işinə qəzəblənmişdir. Görəsən, aləmlərin Rəbbinə qarşı qəzəblənmək və onunla düşmənçilik etməkdən daha pis küfr ola bilər? Belə bir halla imanı izhar etmək nifaq deyildirmi?

Bir gün Peyğəmbər öz əshabəsinə dedi: “Agah olun! Sizin qəlbinizə sizdən əvvəlki ümmətlərin xəstəliyi girmişdir. Və o xəstəlik həsəddir! O, tükü yox, din və imanı qırxıb aradan aparır. Ondan nicat tapmaq üçün insan əlini və dilini qorumalı və möminn qardaşına böhtan atmaq və onun haqqında pis danışmaqdan çəkinməlidir!”[8]

HƏSƏDİN TƏZAHÜR ETDİRİLMƏSİ

Fəqihlər arasında məşhur fikir budur ki, həsəd böyük günahdır. Və qeyd olunduğu kimi onun sübuta yetirilməsi yolu dil, əl və digər bədən üzvlərilə həsədin təzahür etdirilməsidir. Bəzi alimlər buyurmuşlar ki, həsəd əməllərdə təzahür etdirilməyənə qədər haram deyildir, haram olan onun təzahür etdirilməsidir, çünki qəlbdə olan həsəd ixtiyari deyil, qeyri-ixtiyaridir. Yəni zati xəbislik, yaxud biri ilə olan keçmiş düşmənçilik ucbatından onu naz-nemət içində gördükdə bu vəziyyət qeyri-ixtiyari olaraq onu narahat edir və o nemətin onun əlindən alınmasını istəyir. Qeyri-ixtiyari olan işlərlə əlaqədar mükəlləfiyyət yoxdur. İkincisi bir neçə rəvayətdə açıq şəkildə bəyan olunmuşdur ki, təzahür etdirilməyənə qədər qəlbdəki həsədə görə insan sorğu-sual olunmayacaq. Peyğəmbərdən nəql olunan “hədisi-rəf” də onlardan biridir. Hədisdə buyurulur: “Doqquz şey ümmətimin üzərindən götürülmüşdür: 1. Bilmədikləri şey. 2. Dözə bilmədikləri bir şey. 3. Məcbur edildikləri şey. 4. Çarəsiz (naəlac) qaldıqları şey. 5. Xəta. 6. Unutqanlıq. 7. Pis fal (yəni hadisələri uğursuzluğa yazmaq). 8. Həsəd (əməl mərhələsinə çatmamış). 9. Yaradılış üzərindıə təfəkkürdə Şeytanın verdiyi vəsvəsə”[9].

HƏSƏD İXTİYARİ BİR İŞDİR

Həsədin qeyri-ixtiyari olmasının cavabı budur ki, qeyri-ixtiyari olduğunu deyə biləcəyimiz iş insanın qəlbindən keçənlərdir. Yəni keçmişdə düşmənçiliyi olan bir şəxsə filan nemətin əta olunduğunu eşitdiyi anda bu vəziyyət qeyri-ixtiyari olaraq onu narahat edir və o nemətin ondan zail olmasını arzulayır. Lakin həmin vəziyyətdə baqi qalmaq və qəlbi belə bir çirkin xatirə ilə məşğul etmək ixtiyari bir işdir və qəlblə yerinə yetirilən günahlardandır, çünki öz qəlbini elmi və əməli bir yolla belə bir günahdan çəkindirə bilər.

HƏSƏDİN QARŞISINI ALAN ELMİ VƏ ƏMƏLİ YOL

Bil ki, həsəd qəlb üçün böyük bir xəstəlikdir. Bunun da dərmanı elm və əməldir.

Elmi dərman belədir ki, həsədin dünya və axirətdə özü üçün zərərli olduğunu, faydasının isə həsəd etdiyi şəxsə aid olduğunu bilməkdir. Həsəd edən şəxsin dünyasındakı zərəri daima üzüntüdə olmasıdır, çünki ətrafında hər bir zaman həsəd edə biləcəyi nemətə sahib şəxslər vardır. O da onları qısqandığı üçün düşməninin sıxıntıda olmasını istədiyi halda daima özü sıxıntıda olur. Həsədin gətirdiyi üzüntüdən daha böyük üzüntü yoxdur. O halda düşməninə görə özünü daima üzüntüdə saxlayan şəxsdən daha ağılsız kim ola bilər? Çünki sənin həsədindən sevmədiyin şəxsə heç bir zərər gəlmir. …

Bir sözlə, həsədin qarşısını almaq üçün elmi yol həsədin hədisi-şəriflərdə qeyd olunan fəsadları, bəlkə, dünyanın məzəmmət olunması və onun fani olması barəsində təfəkkür etməkdir ki, ta hər bir günahın kökü olan çirkin dünya sevgisi ağacının kökü qəlbdən çıxsın və qəlb azad olsun. Həsədin qarşısını almaq üçün əməli yol nəfslə cihad edib həsədin köklərini qəlbdən çıxarıb atmaqdır, çünki həsədin səbəbi kibr (təkəbbürlülük), ücb, düşmənçilik, məqam və əmr etmə sevgisi və bunun kimi işlərdir. Bütün bunları nəfslə cihad edərək qəlbdən söküb atmaq lazımdır. Ən yaxşısı odur ki, qəlbdə həsəd heç olmasın. Lakin həsəd ortaya çıxarsa, həsəd təlqin edən şeyə qarşı müqavimət göstərməklə o hiss və duyğunu sakitləşdirməlidir. Qəlbində bir şəxsə qarşı tənə (qınama) meydana gəlmişdirsə, dərhal onu öyməli, kibr yaranarsa, özünü kiçik görməli, başqasının nemətinin əldən çıxmasını istədiyi zaman, o şəxsi sevməlidir. Qeybət edəcəyi yerdə o şəxsi öyməkdən (həddi aşmamaq şərtilə – X.Q.), hamının eşitməsi üçün onun gözəl işlərini mədh etməkdən, hamı eşitdikdə məmnun olmaqdan və düşmənçiliyi kəsməkdən təsirli dərman ola bilməz. Necə ki Allah-Taala belə buyurmuşdur: “Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!”[10] Belə bir davranış ortaya qoyduğun zaman Şeytan dərhal gələr və sənə deyər ki, “təvazökarlıq göstərsən və onu mədh etsən, bunu sənin acizliyinə yozar”. Bu vəziyyətdə sən Allah-Taalanın əmrini, yaxud Şeytanın sözünü yerinə yetirməkdə sərbəstsən. Bil ki, bu dərman çox faydalıdır. Lakin acıdır. Elm gücü olmadan (yəni faydasını yaxşıca bilmədən) buna səbir etmək mümkün deyil. Bu da din və dünya xoşbəxtliyinin bunda, fəlakətinin isə həsəddə olduğunu bilməklə ola bilər. Dərmanlar acılığına və çətinliyinə dözmədən faydalı olmaz. Acılığını düşünməmək və içmək lazımdır. Xəstə olduqda xəstənin sağalması məqsədilə dərmanın acılığına və çətin udulmasına baxmayıb ona dərman verirlər. Yoxsa, xəstə ölər.

“RƏF HƏDİSİ”NİN İZAH EDİLMƏSİ

Həsəd haqqında qeyd etdiyimiz bəzi dəlillərin zahiri qəlblə yerinə yetirilən (qəlbdə yaranan və davam etdirilən) həsədin haramlığına dəlalət edir. Yəni həsəd aparan şəxs nemətin həsədi çəkilən şəxsin əlindən alınmasını istəyir. Əgər söyüş söymək, qeybət etmək və əziyyət vermək kimi əməlləri həyata keçirib dili və əlilə öz həsədini ortaya çıxararsa, bunların hər biri ayrıca bir əməldir. Buna görə də “rəf hədisi”ni həsədin bəzi mərtəbələrilə əlaqələndirmək lazımdır ki, o dəlillərlə (yəni qəlblə yerinə yetirilən həsədin haramlığı dəlillərilə) ziddiyyət ortaya çıxmasın. Və o mərtəbənin izahı budur ki, insan keçmişdə aralarında düşmənçilik olan şəxsə bir nemətin əta olunmasını eşitdikdə bu onun acığına gəlir və qəlbindən o nemətin onun əlindən alınması arzusu keçir. Əgər burada əql və iman nuru vasitəsilə bu vəziyyət (yəni özünün bu vəziyyəti) onun acığına gəlsə və belə bir çirkin duyğunun onun üçün baş verməməsini arzu etsə, həsədin yalnız fikirdən ibarət olan bu mərtəbəsi əfv olunmuşdur və onun cəzası və sorğu-sualı yoxdur. Lakin bu pis vəziyyətdən narahat olmadan onu qəlbində saxlayıb davam etdirən şəxs öz bədən üzvlərilə bir iş büruzə verməsə də, günahkar sayılır və şəri vəzifəsinə zidd hərəkət etmişdir, çünki o çirkin fikrə tabe olmuşdur.

Əllamə Məclisi “Üsuli-Kafi”də həsədi şərh edərkən belə yazır: “Sənin öz düşmənlərinə qarşı vəziyyətin üç cür ola bilər: birincisi odur ki, təbiətən düşməninin narahatçılığını və giriftarçılığını sevirsən, lakin özün özünün bu vəziyyətindən narahat olur və özünə qəzəblənirsən ki, nə üçün bu cürsən. Yəni hətta düşmənin də olsa belə, başqasının narahatçılığına mübtəla olmasını istəməyin səni narahat edir və bu çirkin halın səndən uzaqlaşmasını arzulayırsan. Şübhə yoxdur ki, bu vəziyyət əfv olunmuş və bağışlanılmışdır, çünki bundan artığı insan ixtiyarından xaricdir.

İkincisi odur ki, düşməninin giriftarçılığa mübtəla olmasını sevirsən və onun narahatçılığına görə şad və xoşhal olduğunu dilin, yaxud bədən üzvlərinlə izhar edirsən. Bu haram sayılan həsəddən ibarətdir.

Üçüncüsü, bu ikisinin orta həddidir. Yəni düşməninin giriftar olmasını sevirsən, lakin bu vəziyyətindən acığın gəlmir və sevinc və şadlıq halını izhar etmədən öz batini həsədini üzə çıxarmırsan. Bu hissə fəqihlər arasında ixtilaflıdır. Bəziləri buyurmuşlar ki, bu hissə qəlbə aid olan o istəyin zəif və güclü olması ölçüsü etibarilə günahdan xali deyildir”. 

DİGƏR RƏVAYƏTLƏRƏ DƏ ZİDD DEYİLDİR

Bizə gəlib-çatan rəvayətlərdə bildirilir ki, əgər bir mömin günah etməyi qəsd etsə, onu yerinə yetirməyənə qədər ona günah yazılmır. Buna görə də həsəd edən şəxs həsədlə əlaqədar bir iş həyata keçirməsə, bu həsəd günah hesab olunmaz. Cavab budur ki, bu rəvayətlər bədən üzvlərilə yerinə yetirilən günahlar barəsindədir və beləliklə də, yerinə yetirilməyənə qədər mükəlləf günah etmiş hesab olunmaz. Lakin riya, ücb, möminə qarşı kinli və qəzəbli olmaq, həsəd və onlar kimi yeri qəlb olan günahlara gəlincə onlar əfv rəvayətlərinin (yəni bağışlanmadan danışan rəvayətlərin) mövzusundan xaricdir.

Deyilənlərdən belə nəticə çıxır ki, əgər insanın qəlbində nemətin bir müsəlmandan zail olması meyli və istəyi yaranarsa, o vəziyyətə nifrət etmək və o vəziyyətdən iyrənmək vacibdir. Əgər o vəziyyəti davam etdirərsə, bilsin ki, böyük günaha mürtəkib olmuşdur. Hər bir an peşman olması və öz günahından tövbə etməsi lazımdır.

Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə 

[1]İnsan bir şəxsdə olan nemətin onun əlindən alınmasını istəmədən özündə də olmasını istəyərsə, bu həsəd deyildir. Buna qibtə və münafisə (istəmə) deyilir. Bu din işlərində olarsa, çox gözəldir. Hətta vacibdir. Əgər o nemət sahibi ona layiq deyildirsə, o nemətin ondan fövt olmasını arzulamaq, yəni faydalı olmayan, zərərli olan bir şeyin ondan ayrılmasını istəmək həsəd deyildir, qeyrətdir. Məsələn, elmini mal və mövqe qazanmaq, günah etmək üçün istifadə edən din adamından elmin getməsini istəmək qeyrətdir. Malını haramda, zülmdə, islamiyyəti yıxmaqda, bidətləri və günahları yaymaqda istifadə edən şəxsin malının yox olmasını istəmək də, həsəd deyildir, din qeyrətidir.

[2] “Mizanul-hikmə”, c. 2, s. 835, “Kafi”dən nəql olunub.

[3] “Üsuli-Kafi”, “İmam və küfr kitabı”, “Həsəd babı”, h. 1

[4] Həmin mənbə, h. 5

[5] Həmin mənbə, h. 7

[6] Həmin mənbə, h. 4

[7] “Vəsailuş-Şiə”, “Nəfslə cihad babları”, b. 55, h. 10

[8] “Vəsailuş-Şiə”, “Nəfslə cihad babları”, b. 55, h. 15

[9] “Xisal”, s. 417, “Kafi”, c. 3, s. 463, bir qədər fərqli

[10] “Fussilət”, 34

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma