BÖHTAN ATMAQ

Böyük günah olması qiyasi-əvləviyyəti-qətiyyə (qəti münasiblik – qiyasın məqbul olan bir növü) yolu ilə sübuta yetən böyük günahlardan biri də böhtandır. Böhtan başqa bir şəxsə onda olmayan bir şeyi, yaxud eybi nisbət vermək mənasını verir. Qeybət etmək, yəni insanda olan gizli bir eybi yad etmək böyük günah olduğu üçün insanda olmayan bir eybin zikr edilməsi mənasını verən böhtan əvləviyyət yolu ilə və əqlin qəti hökmünə əsasən böyük günah olacaqdır. Bəlkə, böhtan iki böyük günaha şamildir ki: qeybət və yalan. Böhtanın fəsadı çox olduğu üçün Quran-kərimdə və rəvayətlərdə şiddətlə yasaq edilmiş və onun yerinə yetirilməsinə görə şiddətli cəzalar vəd verilmişdir. Bu məqamda bəzi ayələri və rəvayətləri qeyd etmək yerinə düşərdi.

 “NUR” SURƏSİNDƏ “İFK” (“BÖYÜK İFTİRA”) AYƏLƏRİ

“Nur” surəsinin 17 ayəsində, yəni 4-cü ayədən 21-ci ayəyə qədər “ifk” (“böyük iftira”) mövzusuna toxunulmuşdur. Ayələrin mövzusu və onun şəni-nüzulu zina böhtanı ilə əlaqədar olmasına baxmayaraq, lakin onların əsnasında ümumi olaraq böhtan atmağı şiddətli şəkildə təhdid etmişdir.

Müfəssirlərin “ifk ayəsi”nin nazil olması haqqında bəyan etdikləri odur ki, bu ayələr Peyğəmbərin həyat yoldaşı Həzrət Aişəyə böhtan atan münafiqlər haqqında nazil olmuşdur. Belə ki, Peyğəmbər Bəni-Müstəliq qəzvəsində Aişəni özü ilə aparmışdı. Onu örtülü kəcavəyə mindirmişdi.

Aişə deyir ki, qayıtdıqda Mədinənin yaxınlığına çatdığımız vaxt gecə bir yerdə dayandıq. Gecə yarısı mən başqa bir qadınla ayaq yoluna getmək üçün ordugahdan uzaqlaşdıq. Qayıtdıqda boynumdakı iri Yəmən muncuğundan ibarət olan boyunbağımı görmədim. Elə güman etdim ki, onu ayaqyoluna getdiyim yerdə itirmişəm. Gecənin qaranlığında təkcə qalxdım və ora getdim. Çox axtardım, lakin boyunbağını tapmadım. Allah Rəsulu mənim getməyimdən xəbərsiz idi. Hərəkət etməyə göstəriş verdi və beləliklə, ordu yola düşdü. Mənim kəcavəmə məmur olanlar da mənim onun içində olduğumu fikirləşib onu dəvənin üstünə qoyub getdilər. Mən geri qayıtdıqda orada heç kimi görmədim. Dəvəmin olduğu yerə əlimi sürtdüm və boyunbağımı tapdım. Orada oturdum. Yuxum gəldiyi üçün yatdım. Fikirləşirdim ki, xəbər tutsalar, qohumlarımdan biri mənim ardımca gələr. Elə bu vaxt əvvəlki mənzildə yatmış və ordudan geri qalmış Səffan ibn Müəttəh dəvəsi üzərinə minmiş halda gəldi. Məni gördü və tanıdı. Heç bir söz demədi. Dəvəni yerə yatızdırdı ki, mən minim. Özü isə dəvənin cilovunu tutaraq yola düşdü. Günün ən isti vaxtına qədər Peyğəmbərin endiyi mənzilə çatdıq. Peyğəmbər hələ də mənim başıma gələn işdən xəbərsiz idi.

Mənim dəvəm uzaqdan göründüyü vaxt Abdullah ibn Übeyy ibn Səlul və bir qrup münafiq tənə vuraraq dedilər: “Peyğəmbərin arvadı yad bir kişi ilə çöldən gəlirlər”. Sonra o münafiq kişi dedi: “And olsun Allaha ki, onların arasında çirkin bir iş baş vermişdir”. Bu böhtanı digər münafiqlər də atdılar və sonra müsəlmanlar arasında da söhbətin mövzusuna çevrildi. Bəziləri bu söhbəti danışmaqdan çəkindirir və bu hadisəni inkar edir, bəziləri isə sükut edirdilər.

Bu hadisə Peyğəmbərin mübarək qulağına çatdıqda çox narahat oldu və Həzrət Aişə də xəstələnib yatağa düşdü. Bu hadisənin üstündən bir ay 7 gün keçdikdə Allah Rəsulu Həzrət Aişənin otağında idi. Ənsardan bir qadın da otaqda idi. Bir rəvayətə əsasən Həzrət Aişənin atası və anası da otaqda idilər. Allah Rəsulu Həzrət Aişəyə buyurdu: “Əgər sən bu böhtandan uzaqsansa, Allah sənə vurulan iftiranın əvəzini versin. Əgər xətaya yol vermisənsə, tövbə et ki, Allah tövbəni qəbul edər!” Həzrət Aişə dedi: “Allah bilir ki, mən bu mövzudan uzağam və məndən heç bir şey sadir olmamışdır ki, mən Allahdan utanam. Lakin düşmənlər ortaya bir şey atmışlar və mən nə deyirəmsə, mənə inanmırlar. Artıq Yəqubun “gözəl səbr” – dediyindən başqa heç bir şey deməyəcəyəm”. Bunu dedi və üzünü divara çevirib ağlamağa başladı. Allah Rəsulu orada oturmuşdu ki, ona vəhy gəldi və həmin ayələri gətirdi. Vəhy sona çatdıqdan sonra Aişəyə dedi: “Müjdələr olsun sənə! Allah səni təmizə çıxarır və buyurur: “Həqiqətən, böyük böhtanı atanlar öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu pis bir şey zənn etməyin. Əksinə, o sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə çox böyük bir əzab gözləyir!”[1]

O şəxs Abdullah ibn Səlul olmuşdur. Bəziləri demişlər ki, Həssan ibn Sabit olmuşdur. Allah-Taala buyurmuşdur: “Məgər onu (o yalan sözü) eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, böyük bir böhtandır!” – deməli deyildilərmi?”[2] Yəni möminlər bir mömin barəsində bir böhtan eşitdikdə sükut etməməlidirlər, onu inkar və rədd etmələri, müsəlmanın işini yaxşıya yozmaları (doğruluqla əlaqələndirmələri), pis gümandan və fəsadla əlaqələndirməkdən çəkinmələri vacibdir.

Allah-Taala buyurur: “Nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. Çünki o zaman siz yalanı dilinizə gətirir, barəsində elmə malik olmadığınız bir şeyi ağzınızla deyir və onu yüngül bir şey sanırdınız. Halbuki bu Allah yanında çox böyük bir günahdır!”[3]

Şərafətli ayələrdən çıxan nəticə budur ki, siz üç günaha mürtəkib olmusunuz:

  1. Belə bir yalanı dilinizə gətirmiş, onun haqqında bir-birinizlə danışıb onu faş etmisiniz.
  2. Bilgiyə sahib olmadan danışmısınız, yəni bir şeyi araşdırmadan və bilmədən bəyan etmisiniz.
  3. Onu asan və yüngül bir iş hesab etmisiniz. Hər bir günahı kiçik saymaq özü də böyük bir günahdır.

Allah-Taala buyurur: “Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi? Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz”[4].

Bu ayələrdən və ixtisar üçün qeyd olunmamış digər ayələrdən çox yaxşı aydın olur ki, böhtan atmaq böyük günahdır, bəlkə, bəzi böyük günahlardan daha böyük günahdır.

Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə 

[1] “Nur”, 11

[2] “Nur”, 12

[3] “Nur”, 13-15

[4] “Nur”, 16-17

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma