Arxivlər

GÜLAY PINARBAŞI

“Müsəlman qadın dünyapərəstlərlə müqayisə edilməyəcək qədər azaddır.

Tam əks dünyagörüşünə sahib və azadlığı Allahı və dinini inkar etməkdə görən dünyapərəstlər isə həqiqi əsarət altında yaşayanlardır, çünki onlar həyatını Allahın rizasına görə deyil, qulun rizasına görə qururlar. Beləcə, qadını ticari bir mal, cinsi bir vasitə olaraq görən cahil bir cəmiyyətin içərisində yaşayır və bu cəmiyyətin sapqın əxlaq anlayışının gətirdiyi bütün təzyiq və məhdudiyyətləri öz üzərlərində hiss edirlər. Elə əsl əsarət də budur”.  (Gülay Pınarbaşı)

8125Gülay Pınarbaşı 1969-cu ildə Konyada anadan olmuşdur. İlk və orta təhsilini orada almış, məktəbi bitirdikdən sonra Ankara Tibb Məktəbinə daxil olmuşdur. 1989-cu ildə manekençilik etməyə başlamış, 1990-cı ildə “Miss Globe Türkiyə Gözəli” müsabiqəsinin qalibi olmuşdur. Bu illər ərzində bir neçə filmdə baş rolda çəkilmişdir.

Gülay Pınarbaşı gözəl idi, şöhrətli idi və ən əsası manekençi idi. Bəlkə də, bəzi qız və xanımların həsrətini çəkdiyi və həsəd apardığı bir həyat tərzi sürürdü.

Həyatının baharında idi Gülay, bütün gənc qızlar kimi… Amma o, hər yazın payız və qışa dəyişdiyini anlayırdı. Gəncliyin əbədi olmadığını dərk edirdi. Və nəhayət, gəncliyini əbədiləşdirmək arzusu onu bütün bu ruh əzici işıqların altından alıb imanın nurlu dünyasına köçürür. O, Bədiüzzamanın “Gənclik nə qədər yaz çiçəyinə bənzəsə də, arxasında növbədə qurumuş qış çiçəyi kimi qocalıq dayanır” sözləri ilə sanki yuxudan oyanırmış kimi oyanır. Oyanır və saxta alqışlara, aldadıcı işıqlara, podiumlara geri dönməmək şərti ilə əlvida edir.

Pınarbaşı baharı solmadan, ələmsiz ləzzətə, kədərsiz sevincə və daimi səadətə qovuşan xoşbəxtlərdən olur.

Həyatındakı bu dəyişiklikləri belə izah edir: “Bir çox gəncimizin bu tip bir həyat tərzinə həvəs göstərdiyini bilirik. Ancaq əslində cahiliyyə cəmiyyətinin tipik bir nümunəsini özündə cəmləşdirən bu tip həyat tərzi, bütün bər-bəzəyi və rəngli görünüşünə baxmayaraq insanları fəlakətə atan bir quruluşu təmsil edir, çünki axirəti üçün, cənnəti üçün heç bir iş görmədiyi kimi, gəncliklərini, enerjilərini və sağlamlıqlarını boş yerə sərf edən bu insanlar Allah qatında böyük bir məsuliyyət daşıyırlar. Quran ayəsinin dili ilə desək, boş və dəyərsiz şeylər qarşılığında ağır bir günü geridə qoyurlar. İnsan axirəti, etdiyi hər şeyin hesabını verəcəyi həqiqətini dərk etdiyi zaman təbii olaraq həyatını da bu böyük həqiqətə uyğun olaraq qurmaq ehtiyacını hiss edir”.

İslami dəyərləri öyrənməyə başladıqdan sonra Pınarbaşı bir müddət biliklərini təkmilləşdirir, müxtəlif alimlərin əsərlərini oxuyur və bundan sonra Allah rizası üçün nə isə bir iş görmək qərarına gəlir. Öyrəndiklərini və bildiklərini başqaları ilə bölüşmək istəyir. Beləliklə də, yazıçılığa başlayır. 1993-cü ildən etibarən “Vakit” qəzetində məqalələr çap etdirir. Həmin dövrdə Türkiyənin yaşadığı sıxıntılı vəziyyətdən qurtulmasının siyasi olaraq “Rifah Partiyası”nın sıralarında mümkün ola biləcəyinə, eyni zamanda bütün həyatını mübarizəyə həsr etmiş, bu yolda böyük xidmətlər göstərmiş Nəcməddin Ərbakanın səmimiyyətinə inanaraq 1994-cü ildə “Rifah Partiyası”na üzv olur. “Rifah Partiyası”na xidmət etməyin daha faydalı olmasına səmimi qəlbdən inanır.

Dinsiz ideologiyalara qarşı mübarizəni və İslam əxlaqını insanlara çatdırmağı öz qarşısına məqsəd qoyan Gülay Pınarbaşı qəzet və jurnallarda, şəxsi saytında müxtəlif məqalələr yazır, bundan əlavə bir çox kitablar nəşr etdirir.

Hal-hazırda ədəbi yaradıcılıqla məşğul olan söz ustası, yazıçı “Milli Qazete”də, “Məktub”, “Gənc Birikim”, “Anadolu Gənclik” kimi jurnallarda müxtəlif məqalələr dərc etdirir və daim dövri mətbuatda öz yazıları ilə çıxış edir. 

Kifayət Həsənli

İNQİLAB QADINI – SƏBİR ABİDƏSİ

İran İslam İnqilabının banisi və böyük rəhbəri İmam Xomeyninin həyat yoldaşı xanım Xədicə Səqəfi 1292-ci il hicri şəmsi ilində (miladi təqvimi ilə 1913-cü il) Tehranda ziyalı və ədəb-ərkanlı bir ailədə dünyaya göz açmışdır. Onun “Təfsire-Novin” (“Yeni Təfsir”) kitabının sahibi olan atası mərhum Ayətullah Mirzə Mühəmməd Səqəfi Tehranın mütərəqqi alimlərindən və mərhum Ayətullah Hairi Yəzdinin şagirdlərindən olmuşdur.

Səqəfi xanımın anası tərəfdən Qacar ailəsi ilə bağlılığı olduğuna görə iki xüsusiyyət: dindarlıq və mütərəqqi görüşə malik olmaq onda bir yerdə cəmlənmişdir. Fitri istedada və qeyri-adi hafizəyə mailk olduğundan onun elm öyrənməyə olduqca böyük həvəsi vardı. O, fransız dilini məktəbdə yüksək səviyyədə öyrənmiş, ərəb dilini isə İmam Xomeynidən mənimsəmişdir.

1308-ci hicri şəmsi ilinin mübarək ramazan ayında bu iki şəxsiyyət arasında bərəkət dolu evlilik gerçəkləşdi. Bu evlilikdən 5 övlad dünyaya gəldi. İmamın bütün həyatı boyu övladlarının fədakar mürid olmasının, imama səmimi xidmət etməsində ən böyük səbəb onun həyat yoldaşının səhih və bacarıqlı tərbiyə üsulu olmuşdur. O, illər boyu mütəmadi olaraq övladlarına imamın ləyaqətini qorumağı, sağlam və hər cür çirkinlikdən uzaq həyat sürməyi tövsiyə etmişdir.

Bu inqilabi fikirli qadın öz dindarlığını nümayiş etdirməkdən çəkinən həqiqi bir dindar idi. Ondan heç bir zaman xilaf söz eşidilməzdi. Qeybət, böhtan, nalayiq sözlər işlətmək onun təbiətinə zidd idi. O, müstəhəb əməlləri yerinə yetirən, başqalarının abır və həyasını qoruyan, ehtiyacı olanlara həddində kömək etməyi sevən, yüksək keyfiyyətlərə malik insanlardan biri idi.

Bu inqilab ruhlu qadın ağıllı və səbirli bir şəxsiyyətə sahib idi. Onun səbrinə diqqət yetirdikdə bu səbrin ağıl ilə idarə olunduğu aşkar surətdə nəzərə çarpır. Yəni onun çətinlik qarşısındakı səbri və təhəmmülü yüksək dərk etmə qabiliyyətinə malik olmasının məhsulu idi. O, ruhani ailəsində dünyaya gəlmiş, uşaqlıq və yeniyetməlik dövrlərini nənəsinin yanında rifah içərisində keçirmişdi. Buna baxmayaraq o, imamla evləndikdən sonra özünü sadə bir həyat tərzinə, ruhaniyyətin bütün adətlərinə riayət etməyə hazırlamış, həyatı boyunca bu ənənələrə böyük bir həssaslıqla yanaşmışdır. İmamın ictimai həyatının bütün mərhələlərində; tələbəlik dövründən Qum şəhərindəki müəllimlik dövrünədək, mərcəiyyət və sürgün dövründən rəhbərliyi, İslam İnqilabının qələbəsindən sonrakı dövrlərədək zamana və xalqın imamdan gözlədiyi həyat şəraitinə uyğun olaraq rəftar etməyi, imamın evini, mənzil əşyalarını, geyim və ərzaq baxımından tamamilə sadə, nizamlı və səliqəli şəkildə qorumağı özünə borc bilmişdir.

42-ci ildə İmamın həbs edildiyi vaxt – edam hökmünün verilməsi ehtimalı olduğu zaman Xədicə xanım bu ağır mərhələni cəsarət və səbirlə keçə bilmişdir. Həmin dövrlərdə onların evi imama dəstək çıxmaq istəyən, imamın halından nigaran olan bütün xalqın gediş-gəliş yerinə çevrilmişdi. İmamın zindandan azad olub onun Qeytəriyyə məntəqəsində ev dustağı olması bu möhtərəm xanımın səbir və təhəmmülünün yeni bir imtahanı idi. Tehrana mühacirət, uzun müddət ev həbsində yaşayan imamın yanında olub, ona sakitlik və dinclik bəxş etmək bu səbir abidəsinin öhdəsinə düşürdü. İmam tamam azad olub Quma köçürüləndən sonra onların mənzili imam aşiqlərinin sel kimi hücumuna məruz qalsa da, Xədicə xanım son dərəcə yüksək ədəb və ehtiramla, böyük diqqətlə onları qarşılayırdı.

43-cü ildə gecə ikən evlərinə hücum edib İmamı tutub sürgün etmələrinə, uzun müddət imamın vəziyyətindən xəbərsiz olmasına, oğlu Hacı ağa Mustafanın sürgün edilməsinə, o cümlədən 43-cü ilin hadisələrinə dözmək bu inqilabi ruhlu qadın üçün yalnız şücaət göstərmək və hadisələrə şüurlu şəkildə yanaşmaqla mümkün ola bilərdi.

İmam İraka köçürüləndən sonra o, İrandakı bütün əlaqələrini kəsmiş, imama dəstək olmaq və onun yanında qalmaq üçün övladlarından, dost-tanışlarından uzaqlaşaraq Nəcəfə üz tutmuşdur. Qürbətin acı günlərini imamla birgə əl-ələ verərək səbirlə yaşadılar.

Əziz övladı şəhid Hacı Mustafanın qürbətdə şəhadətə yetişməsi bu inqilab anasının qəlbinə dağ çəkdi və bu acı xatirə ömrünün sonuna qədər onunla birgə yaşadı.

İslam İnqilabının qələbəsindən ürək dolusu sevinə bilməyən ana bir müddət sonra ömür-gün yoldaşını itirdi. İmamın vəfatından sonra bütün rəhbərlik işçiləri, siyasi xadimlər durmadan imamın evinə axışırdılar. Övladları onu əsla yalqız buraxmasa da, Xədicə xanım mətanətlə bütün hadisələrə dözürdü.

Evinin ən əziz oğlu Hacı Əhmədin qəfil ölümü inqilabın bu dağ çəkmiş anasına yeni bir ilahi imtahan idi…

Bu səbirli və dözümlü inqilabi düşüncəli qadın ömrünün son illərinin 7 ayını xəstəxanada yatdıqdan sonra 1388-ci hicri şəmsi ilində gözlərini əbədi olaraq bu fani dünyaya yumdu. O, həyatının həmdəmi imamın yanında dəfn edildi. Allah hər ikisinə rəhmət eləsin!

Mütərcim: Ruhəngiz Həşimova 

ZEYNƏB QƏZALİ

Özünün “Zindan Xatirələri” kitabında yazdığı bir hadisə ilə yazımıza başlamaq istərdik. Bir gün həbsxanada olduğu zaman onu qaranlıq bir otağa salırlar. Otağa daxil olduqda yüksək voltlu işıqlar yanır və o, otağın azğın itlərlə dolu olduğunu görür. İtlər bir anda ona hücum edirlər. Həmin anda etdiyi dua onun Allaha olan sevgisini və axirətə olan imanını bilavasitə əks etdirir: “Allahım, Özünlə məşğul et ki, başqaları ilə məşğul olmayım. Ey tək olan Əhəd və Saməd olan Rəbbim! Sən məni elə məşğul et ki, yalnız Səninlə olum!… Sənin yolunda, Sənin sevginlə və məhəbbətinlə mənə şəhadəti nəsib et. Ey Allahım! Möminlərlə birlikdə mənim də ayaqlarımı sabit tut. Bizlərə inam və səbir ver”. Əsərdə bir neçə saatdan sonra qapı açılan zaman o əynindəki ağ paltarın qan içində olduğunu və paltarlarının cırıldığını zənn etdiyini yazır, lakin əksinə paltarına sanki heç nə toxunmamışdı və hətta bədənində də diş izi belə yox idi.

Dünyadakı islami fəaliyyətləri izləyən hər kəs Zeynəb Qəzalinin adını mütləq eşitmişdir. Bir çoxumuz onun əsərlərindən və fikirlərindən faydalanmışıq.

Zeynəb Mühəmməd əl-Qəzali əl-Cübeyli 2 yanvar 1917-ci ildə Misirin paytaxtı Qahirə şəhərinin şimalında yerləşən əl-Buheyrə vilayətində dünyaya gəlmişdir. Atası əl-Əzhər Universitetinin müəllimlərindən idi. O, qızının islami bir elmə sahib olmasına böyük əhəmiyyət verirdi. Məşhur əshabə qadınlardan biri olan Nəsibə bint Kabı ona nümunə seçməsi və onun kimi fədakar, cəsarətli bir qadın olması üçün çox vaxt qızını onun adı ilə çağırardı.

Zeynəb Qəzali on yaşında ikən atası vəfat edir. O, anası və qardaşları ilə Qahirəyə köçür. Böyük qardaşı Məhəmmədin etiraz etməsinə baxmayaraq, burada təhsilini davam etdirmək istəyir. Zeynəb təkcə kitab oxumaqla kifayətlənmir və 12 yaşına çatanda bir gün şəhərə çıxaraq məktəb axtarmağa başlayır. Bir qız məktəbi tapır və müdirlə görüşərək məktəbə qəbul edilməsini xahiş edir. Bu hadisədən sonra birinci sinifdən məktəbdə oxumağa başlayan Zeynəb iki aydan sonra bir imtahan verərək ikinci sinfə keçir.

Bir tərəfdən rəsmi məktəblərdə təhsilini davam etdirən Zeynəb bununla kifayətlənməyərək mədrəsə alimlərindən də xüsusi dərslər alır. Onların  sırasında Əl-Əzhərin tanınmış alimləri də var idi.

Liseyi bitirdiyi zaman Huda Şəravinin rəhbərlik etdiyi Qadınlar Birliyinin üç qız tələbəni Fransaya göndərmək istədiyini öyrənir və bu komandanın üzvü olmaq üçün müraciət edir. Bu müraciəti vasitəsilə Huda Şəravi ilə görüşür, Zeynəb onun diqqətini cəlb edir və beləliklə, Fransaya göndərilənlər siyahısına onun da adı əlavə edilir. Bir ay sonra, yola çıxmazdan bir az əvvəl Zeynəb atasını yuxusunda görür. Atası ona: “Fransaya getmə, Allah sənə Misirdə daha xeyirli bir qarşılıq (əvəz) verəcəkdir” – deyirdi. Bu yuxusuna görə üzr istəyərək Fransaya gedə bilməyəcəyini açıqlayır. Onun belə bir açıqlama verməsi Huda Şəravini çox təəccübləndirir, çünki o, Zeynəbə çox ümid bəsləyirdi.

Zeynəb Qəzali Fransaya getməkdən imtina etsə də, Qadınlar Birliyində işləməyə davam edir. Lakin təşkilatdakı qadınların bəziləri onun fəaliyyətinə etiraz edirdilər, çünki onun söhbətləri əksərən islami mövzularda olurdu. Digər tərəfdən isə üzvü olduğu bu qadın təşkilatı feminist və qərbsayağı dünyagörüşü ilə məşhur olduğu üçün Əzhər alimləri də belə bir təşkilatın üzvü olan Zeynəb Qəzalinin məscidlərdə vəz verməsinə etiraz edirdilər. İki etiraz arasında qalan bu gənc xanım bütün bunlara baxmayaraq, öz fəaliyyətinə davam edir və Qadınlar Birliyinin üzvü olan bir çox qadına öz fikirləri ilə təsir edir.

Həmin vaxtlarda Zeynəb dəhşətli şəkildə yanır və ölümlə üz-üzə dayanır. O, sağalacağı zaman Qadınlar Birliyini tərk edəcəyi qərarına gəlir. Beləliklə də, bu hadisə onun həyatında bir dönüş nöqtəsinə çevrilir və o, ömrünün qalan hissəsini əshabə qadınları özlərinə nümunə götürən xanımlar yetişdirmək üçün həsr edən bir dəvətçi və bir öndər kimi fəaliyyət göstərir.

1937-ci ildə Müsəlman Xanımlar Cəmiyyətini qurur. Cəmiyyəti qurmasından bir il sonra Müsəlman Qardaşlar Cəmiyyətinin qurucusu İmam Həsən Əl-Bənna ilə tanış olur. Həsən Əl-Bənna ona sıralarına qoşulmağı və Müsəlman Bacılar (əl-Ahəvatul-Muslimat) bölümünə rəhbərlik etməsini təklif edir. Zeynəb Qəzali əvvəlcə bu təklifi rədd edir, ancaq 1948-ci ildə bu cəmiyyətə qoşulur. Sonralar cəmiyyətin tərkibində olduqca vacib və əhəmiyyətli vəzifələri icra edir.

1951–1958-ci illərdə “Müsəlman Xanımlar” adlı jurnal nəşr etdirir. Misir prezidenti Əbdünnəsr Müsəlman Qardaşlar Cəmiyyətini dağıtdığı və bütün mülkiyyətini dövlətin hesabına keçirdiyi zaman Zeynəb əl-Qəzalinin həyat yoldaşından qalan sərvətini və hətta onun yaşadığı evi və şəxsi əşyalarını da dövlətin hesabına keçirir və jurnalı bağlayır.

1959-cu ildə Müsəlman Qardaşlar Təşkilatının yenidən yaranmasında Zeynəb Qəzali yaxından iştirak edir. Bundan əlavə həbsdə olan məhkum möminlərin ailələrinə yaxından köməklik edir və onları himayə edir.

1965-ci ildə Müsəlman Qardaşlar Təşkilatının çox sayda üzvü ilə yanaşı Zeynəb Qəzali də həbs edilir. Həbsxanada müxtəlif işgəncə və əziyyətlərə qatlaşır. Ömürlük həbs cəzası ilə məhkum edilsə də, altı ildən sonra Səudiyyə Kralı Faysalın təşəbbüsü ilə əfv edilir və 1971-ci ildə azad olunur.

Həmin vaxtdan etibarən Misirin daxilində və ondan kənarda geniş şəkildə fasiləsiz olaraq xidmətini davam etdirən Zeynəb Qəzali Səudiyyə Ərəbistanı, Pakistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Türkiyə, Sudan, Hindistan, Almaniya, İngiltərə, Fransa, Amerika, Kanada, Avstriya və İspaniya kimi bir çox ölkələrdə təbliğat xarakterli fəaliyyətlə məşğul olmuşdur.

Son 10-20 ildə Zeynəb Qəzali Qahirədəki evində Seyid Qütbün bacısı Əminə Qütb ilə birlikdə gənc xanımlar üçün nəzərdə tutulmuş dərslərlə məşğul olmuşdur. Sonradan gənc xanımlara verdiyi təfsir dərslərini sonra kitab halına gətirərək ona “Nəzarət Fi-Kitabillah” adını vermiş və beləcə bu təfsiri ilə müasir qadın müfəssirlər sırasına daxil olmuşdur.

Zeynəb Əl-Qəzali 2005-ci ildə 88 yaşında vəfat etmişdir.

Dəvət məqsədli çox sayda konfranslar keçirən, kitab və məqalələr yazan, müxtəlif səyahətlər edən müqəddəs yolun bu müqəddəs yolçusu tarixə adını yazdırmış müstəsna, nümunəvi və öndər qadınlardan idi. Uca Allah məkanını Cənnət etsin. 

Kifayət Həsənli

AMƏNƏ BEYGƏM MƏCLİSİ

1743604_668647949845542_1922477067_nİslam mədəniyyətində rəftar və xarakter baxımından kamil surətdə ictimai və dini əxlaqa, kəramətə sahib olan bir çox qız və qadınlar vardır. Onların arasında Amənə Beygəmə işarə etmək olar.

Amənə xatun, yaxud Amənə Beygəm böyük alim Birinci Məclisinin, yəni Əllamə Mühəmmədtəqi Məclisinin dörd qızından biridir. Tarixi mənbələrə görə Amənə xatun əməlisaleh və müctəhidə bir xanım olmuşdur. Onun müasiri olan “Riyazul-Üləma”nın müəllifi bu xanımı bilikli bir alim, mötəbər, mübariz və möminə bir xanım kimi xatırladır. Amənə Beygəm fiqh və İslam ehkamına dair kitablar tərtib etmişdir. Bundan başqa, o, “Biharul-Ənvar”ın bəzi cildlərindəki hədislərin toplanmasında qardaşı Əllamə Mühəmmədbaqir Məclisiyə (İkinci Məclisi) kömək etmiş və hətta həyat yoldaşı Molla Mühəmmədsaleh Mazandarani, Əllamə Hellinin “Qəvaid” (“Qaydalar”) kitabındakı çətin ibarələrin çözülməsində xanımının fikirlərindən bəhrələnmişdir.

Bu  xanımın həyatındakı ən əhəmiyyətli nöqtələrdən biri, onun evlilik məsələsinə olan münasibətidir. Belə ki, tarix kitablarında zikr edilmişdir ki, Molla Mühəmmədsaleh Mazandarani, Əllamə Mühəmmədtəqi Məclisinin ən seçilmiş şagirdlərindən biri olmuş, ustadının ehtiram və etimadını qazanmışdı. O, son dərəcə yoxsulluq və ehtiyac içində yaşaması ilə yanaşı, gənclik dövrünü tənha və həyat yoldaşı olmadan keçirirdi. Şagirdinin bu vəziyyətindən xəbərdar olan Əllamə bu problemi həll etmək qərarına gəlir. Bir gün dərs bitdikdən sonra Molla Salehin evlilik haqqındakı rəyini öyrənir. Onun razılığını əldə etdikdən sonra qızı Amənə Beygəmlə Molla Saleh haqqında söhbət edir. Əllamə qızına deyir: “Qızım, sənə bir həyat yoldaşı tapmışam ki, son dərəcə kasıb, yoxsul və olduqca fəzilətli, elmli, saleh və kamildir. Amma onu qəbul etmək sənin ixtiyarındadır. Bu məsələyə fikrini bildirməyini istəyirəm”. Alim xanım Amənə Beygəm atasına belə deyir: “Ata, kasıbçılıq və yoxsulluq kişilər üçün eyib deyildir!” Bununla da o, Molla Mühəmmədsaleh Mazandarani ilə evliliyə razılığını elan edir.

Bu xanımdan İslam dünyasına əzəmətli alim kişilər doğulmuşdur. Şiə məzhəbinin ali  məqamlı alimi Əllamə Vəhid Bəhbəhani, Əllamə Bəhrul-ülum, Seyid Əli Təbatəbai (“Riyaz”ın sahibi) və bizim əsrin böyük alimi, dünya şiələrinin mərcəi-təqlidi  mərhum Ayətullah Bürucərdi və s. Amənə Beygəm və Molla Mühəmmədsaleh Mazandaraninin qız nəvələrindəndirlər.

Eləcə də Amənə xatun öz ictimai fəaliyyətləri ilə dövrünün ən tanınmış və sevilən mübariz qadınlar sırasına daxil edilmişdir. O, öz asudə vaxtlarında xalqın iddia və mübahisələrini təhqiq edər, onların dini və ictimai problemlərini həll edərək suallarını cavablandırardı.

Bu möhtəşəm xatun ömrünün son anlarına qədər elmi, dini və ictimai məsələlərin həlli ilə öz dövrünün xanımlarını fikri azadlığa səsləmişdir. Onun mübarək qəbri İsfahan məscidlərinin birində yerləşir.

Sonda zəruri olaraq qeyd etmək istəyirik ki, bu modernizm böhranında və insani dəyərlərin qərb mədəniyyətində məhvə doğru sürükləndiyi bir şəraitdə bizim dini mədəniyyətimizdə heç də az olmayan belə mübariz qadınların həyatını oxumaq və onları yenidən canlandırmaqla dünya və axirət səadətini vəd edən bir həyata çıraq yandırıb, belə ali hədəflərə doğru addımlaya bilərik.

Mütərcim: Ruhəngiz Həşimova