“Müsəlman qadın dünyapərəstlərlə müqayisə edilməyəcək qədər azaddır.
Tam əks dünyagörüşünə sahib və azadlığı Allahı və dinini inkar etməkdə görən dünyapərəstlər isə həqiqi əsarət altında yaşayanlardır, çünki onlar həyatını Allahın rizasına görə deyil, qulun rizasına görə qururlar. Beləcə, qadını ticari bir mal, cinsi bir vasitə olaraq görən cahil bir cəmiyyətin içərisində yaşayır və bu cəmiyyətin sapqın əxlaq anlayışının gətirdiyi bütün təzyiq və məhdudiyyətləri öz üzərlərində hiss edirlər. Elə əsl əsarət də budur”. (Gülay Pınarbaşı)
Gülay Pınarbaşı 1969-cu ildə Konyada anadan olmuşdur. İlk və orta təhsilini orada almış, məktəbi bitirdikdən sonra Ankara Tibb Məktəbinə daxil olmuşdur. 1989-cu ildə manekençilik etməyə başlamış, 1990-cı ildə “Miss Globe Türkiyə Gözəli” müsabiqəsinin qalibi olmuşdur. Bu illər ərzində bir neçə filmdə baş rolda çəkilmişdir.
Gülay Pınarbaşı gözəl idi, şöhrətli idi və ən əsası manekençi idi. Bəlkə də, bəzi qız və xanımların həsrətini çəkdiyi və həsəd apardığı bir həyat tərzi sürürdü.
Həyatının baharında idi Gülay, bütün gənc qızlar kimi… Amma o, hər yazın payız və qışa dəyişdiyini anlayırdı. Gəncliyin əbədi olmadığını dərk edirdi. Və nəhayət, gəncliyini əbədiləşdirmək arzusu onu bütün bu ruh əzici işıqların altından alıb imanın nurlu dünyasına köçürür. O, Bədiüzzamanın “Gənclik nə qədər yaz çiçəyinə bənzəsə də, arxasında növbədə qurumuş qış çiçəyi kimi qocalıq dayanır” sözləri ilə sanki yuxudan oyanırmış kimi oyanır. Oyanır və saxta alqışlara, aldadıcı işıqlara, podiumlara geri dönməmək şərti ilə əlvida edir.
Pınarbaşı baharı solmadan, ələmsiz ləzzətə, kədərsiz sevincə və daimi səadətə qovuşan xoşbəxtlərdən olur.
Həyatındakı bu dəyişiklikləri belə izah edir: “Bir çox gəncimizin bu tip bir həyat tərzinə həvəs göstərdiyini bilirik. Ancaq əslində cahiliyyə cəmiyyətinin tipik bir nümunəsini özündə cəmləşdirən bu tip həyat tərzi, bütün bər-bəzəyi və rəngli görünüşünə baxmayaraq insanları fəlakətə atan bir quruluşu təmsil edir, çünki axirəti üçün, cənnəti üçün heç bir iş görmədiyi kimi, gəncliklərini, enerjilərini və sağlamlıqlarını boş yerə sərf edən bu insanlar Allah qatında böyük bir məsuliyyət daşıyırlar. Quran ayəsinin dili ilə desək, boş və dəyərsiz şeylər qarşılığında ağır bir günü geridə qoyurlar. İnsan axirəti, etdiyi hər şeyin hesabını verəcəyi həqiqətini dərk etdiyi zaman təbii olaraq həyatını da bu böyük həqiqətə uyğun olaraq qurmaq ehtiyacını hiss edir”.
İslami dəyərləri öyrənməyə başladıqdan sonra Pınarbaşı bir müddət biliklərini təkmilləşdirir, müxtəlif alimlərin əsərlərini oxuyur və bundan sonra Allah rizası üçün nə isə bir iş görmək qərarına gəlir. Öyrəndiklərini və bildiklərini başqaları ilə bölüşmək istəyir. Beləliklə də, yazıçılığa başlayır. 1993-cü ildən etibarən “Vakit” qəzetində məqalələr çap etdirir. Həmin dövrdə Türkiyənin yaşadığı sıxıntılı vəziyyətdən qurtulmasının siyasi olaraq “Rifah Partiyası”nın sıralarında mümkün ola biləcəyinə, eyni zamanda bütün həyatını mübarizəyə həsr etmiş, bu yolda böyük xidmətlər göstərmiş Nəcməddin Ərbakanın səmimiyyətinə inanaraq 1994-cü ildə “Rifah Partiyası”na üzv olur. “Rifah Partiyası”na xidmət etməyin daha faydalı olmasına səmimi qəlbdən inanır.
Dinsiz ideologiyalara qarşı mübarizəni və İslam əxlaqını insanlara çatdırmağı öz qarşısına məqsəd qoyan Gülay Pınarbaşı qəzet və jurnallarda, şəxsi saytında müxtəlif məqalələr yazır, bundan əlavə bir çox kitablar nəşr etdirir.
Hal-hazırda ədəbi yaradıcılıqla məşğul olan söz ustası, yazıçı “Milli Qazete”də, “Məktub”, “Gənc Birikim”, “Anadolu Gənclik” kimi jurnallarda müxtəlif məqalələr dərc etdirir və daim dövri mətbuatda öz yazıları ilə çıxış edir.
Kifayət Həsənli