NİKOL KVİN

Nikol KvinNikol Kvin Texas Ştatının Hyuston şəhərində doğulub. 8 yaşı olanda ailəsi ilə birgə Dallasa gəlir və orta məktəbi orada bitirir. Uşaqlıqda ailəsi ilə birgə kilsəyə gedərdi. Onun ailəsi Allaha inanan, lakin dini qaydalara əhəmiyyət verməyən tipik amerikan ailəsidir. Nənəsi və babası isə dindar insanlar idi.

Nikol Kvin professional fotoqrafdır. Əvvəllər gecə klublarında, kazinolarda işləyirdi. Castin Timberleyk, Ouven Uilson, Keyt Xadson kimi məşhur ulduzlarla çalışıb. 5 ildir ki, İslamı qəbul edib. O, öz həyatı haqqında belə deyir: “Bu, çox dəlisov, o qədər də sağlam olmayan bir həyat tərzi idi. Gündüzlər yatır, gecələr işləyirdim. Çox keçmədən bu həyat mənim daxilimdə bir boşluq yaratdı. Qəlbimdə harmoniya yox idi. Dostlarımla tez-tez dərdimi bölüşürdüm. Onlar isə mənə deyirdilər ki, sən öz işinlə fəxr etməlisən, çünki daim səyahət edirsən. Nüfuzlu insanlarla, prodüserlərlə ünsiyyətdə olursan”. Mən öz daxili aləmimi analiz etməyə başladım. Tanışlarımın içində müsəlmanlar da vardı. Onların həyat tərzi çox fərqli idi. Gecə klublarında onları heç vaxt görə bilməzdin”.

Bir gün Nikol növbəti fotosessiyadan sonra bir kafedə dostları ilə oturarkən indiki həyat yoldaşı Həsənlə rastlaşır. Həsən o zaman islami normalara tam riayət etməyən və özü də axtarışda olan xristianlıqdan dönmüş bir müsəlman idi. Hər ikisinin sağlam və xoşbəxt bir gələcək qurmaları üçün dəyişməyə ehtiyacı vardı.

Həsənin dəvəti ilə Nikol islami dərslərə gedib-gəlməyə başlayır. İslam dini getdikcə Nikolu daha çox özünə cəlb edir. “Youtube” səhifəsində İslamı qəbul edən insanların həyat hekayələrini dinləyir. Nikolu tanıdıqdan sonra Həsən də öz dinini yaxşı öyrənməyə başlayır.

Nikol hər bir insanın axtardığı əsl səadəti İslam dinində tapmışdı. O, islami biliklərə yiyələndikcə İslam ölkəsinə gedib müsəlmanların necə yaşadıqlarını görmək istəyir və İordaniyaya Həsənin ailəsigilə gedir. Onlar Nikolu çox mehriban qarşılayırlar. O, artıq hicab barədə düşünməyə başlayır. Əvvəl ona elə gəlirdi ki, hicaba layiq olmaq lazımdır. Bu, islami əmrlərin ən zirvəsidir. Və o, heç vaxt bu mərhələyə çata bilməz, lakin hicaba alışdıqdan sonra onu sevərək örtməyə davam edir. Nikol bu barədə belə deyir: “Hicablandıqdan sonra ətrafda hər kəs mənə hörmətlə yanaşır. Bu, çox gözəl bir hissdir”.

Nikol artıq bir müsəlman qızın gecə klublarına getməsinin düzgün olmadığını anlayır. Fotosessiya ona yaxşı gəlir gətirirdi. Eyni zamanda kifayət qədər bu işdə uğur qazanmışdı.

Beləliklə, yenidən fotoqraf olmağa davam edir. O, yeni portfolio açır, lakin onun işi artıq toy mərasimləri, siyasi görüşlərlə bağlı idi.

Nikol həm şəxsi həyatda, həm də biznesdə yeni bir istiqamət götürdü. Hazırkı işi əvvəlkindən daha gəlirli və çox  zəhmət tələb edən bir işdir. “Düşünürəm ki, bu işim mənə Allahın bir hədiyyəsidir”, – deyir.

Az sonra o, Həsənlə evlənir. Nikolun ailəsi Həsəni ən yaxşı kürəkən kimi qəbul edir və çox sevirlər. Həsən Nikolu daha yaxşı tanıdıqca ondakı möhkəm imanı görür və bu iman onları bir komanda kimi birləşdirir, bir-birinə həyatda yardım etməyə vasitə olur. Əsl müsəlman ailəsində bütün çətinlikləri qadın və kişi birlikdə aradan qaldırmalıdır və hər bir işdə bir-birinə dəstək olmalıdır.

İndi onların çox aktiv həyat tərzləri var. Hər bir işdə Allahın sevəcəyi əməlləri yerinə yetirməyə çalışırlar. Hər bir şeyə islami nöqteyi-nəzərdən yanaşırlar. Nikol deyir: “Mən elə düşünürəm ki, İslamın bir mühüm özəlliyi də onun asan, sadə bir din olmasıdır. Bəlkə də, bu dinin bizə görə müəyyən çətinlikləri var, amma qərar vermək çox asandır. İnsan geyim, iş, dost, həyat yoldaşı və s. seçmək istədikdə İslam ona doğru seçim etməkdə yardım edir, insana özünə hörmət etməyi öyrədir. İslamı qəbul etdikdən sonra mənə elə gəlirdi ki, bu günə qədər həyatımı yuxuda keçirmişəm. İndi isə real bir həyatdayam”.

Görkəmli fotoqraf öz işi ilə yanaşı insanlara cəmiyyətdə yardım etmək istəyir. İslamı qəbul etmək istəyən digər amerikalılardan öz köməyini əsirgəmir. İnternetdə sayt açıb orada İslam dinini qəbul etmiş insanlarla bağlı maraqlı video və məqalələr yerləşdirib. Amerikadakı müsəlmanlar üçün leksiyalar təşkil edir.

İslam dinində insanın həyatda rastlaşdığı hər bir suala cavab var. Əsas olan doğru mənbəni – Quranı və Peyğəmbər (s) Sünnəsini oxuyub düzgün başa düşmək və bir daha bu sağlam ipi əldən buraxmamaqdır.

Gülnarə Məmmədova  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma