Arxivlər

SEYİD FƏZLULLAHIN HƏYATINA QISA BİR BAXIŞ

XX-XXI ƏSRLƏRİN BÖYÜK MÜCTƏHİDİ VƏ MÜTƏFƏKKİRİ SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN

HƏYATINA QISA BİR BAXIŞ

SEYİD FƏZLULLAHIN FİQHİ MƏQAMI VƏ SİYASİ MÖVQELƏRİ

Mərhum Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullah h. q. təqvimi ilə 19 şəban 1354-cü ildə (m. 16 noyabr 1935-ci ildə) Nəcəfdə anadan olmuş və 1966-cı ildən ömrünün sonuna kimi (04.07.2010) Beyrutda yaşamışdır.

Seyid Fəzlullah Nəcəfi-əşrəfdə olduqca böyük elmi hövzə əhatəsində böyümüş və formalaşmışdır. O, hələ kiçik yaşlarından dini təhsil almışdır (təxminən 9 yaşlarında). İlk təhsilini atasından almış, təxminən 16 yaşında dərsi-xaricə (magistr və doktorantura səviyyəsinə) başlamışdır. O zamanlar hövzənin Seyid Əbülqasım Xoyi, Seyid Möhsün əl-Həkim, Seyid Mahmud Şahrudi və Şeyx Hüseyn Helli kimi ustadlarından dərs almış və Molla Sədra Badkubinin “Əsfar” dərslərində iştirak etmişdir. Seyid Fəzlullah o dövrdə öz elmi təhsili sahəsində tanınmış tələbələrdən olmuşdur. Bu barədə belə qeyd edilir ki, hətta Seyid Şəhid Mühəmmədbaqir əs-Sədr Seyid Fəzlullahın elmi mübahisələrinin izahını Seyid Xoyiyə aparmışdır ki, Fəzlullahın fəzilətini göstərsin. Bu məsələ sonralar Seyid Fəzlullahın dini rəhbər Xoyinin yanında böyük etibar sahibi olmasına və alim müctəhiddən asılı olan işlərdə ona mütləq vəkalət verməsinə gətirib çıxarmışdır. Seyid haqqında o da yazılmışdır ki, o, dərslərdə və hafizlikdə öz yaşıdlarından çox irəlidə olmuş və fərqlənmişdir. O zamanlar Nəcəfdə təhsil alan tələbələr ondan bir çox mövzulara aydınlıq gətirməyi və şərh etməyi istəmişlər. Beləcə, Seyid fiqh və üsul müəllimi olaraq elmi fəaliyyətə başlamışdır.

Qeyd etdiyimiz kimi, o, Livanda mərhum Ayətullah Xoyinin səlahiyyətli vəkili olmuş və Beyrutda İslam Şəriəti İnstitutunun əsasını qoymuşdur. Seyid Fəzlullah müasir Livanın ən görkəmli şiə fəqihi olmuş və sionist qəsbkarlara qarşı müqavimət xəttinin simvollarından biri olmuşdur. Seyid Fəzlullahın 45 illik fəaliyyətinin nəticəsi Beyrutda dərrakəli şiələrin yeni nəslinin yetişdirilməsidir. Seyid Fəzlullah məktəbinin məzunları son yarım əsrdə Livanın ən mühüm dini, ictimai və siyasi liderləridir. Onun fiqh və üsul elmləri sahəsində dərsi-xaricin tədris olunmasında bir neçə onillik təcrübəsi var idi.

Ustadı Ayətullah Xoyinin Nəcəfdə vəfatından sonra (08.08.1992) Seyid Fəzlullah ərəb dünyasında, ələlxüsus Livan və Suriyada dindar gənc nəsil arasında (Nəcəf və Qumun ənənəvi hövzələrində yox) şiə dini rəhbərliyinin müdrik namizədlərindən biri kimi müzakirə olunurdu.

Onun ənənəvi fiqhi və üsuli mirası bilməklə yanaşı müasiri olan dini rəhbərlərin əksəriyyətində görünməyən üç xüsusiyyəti də var idi:

1. Yeni fiqhi fitvanı və etiqadi rəyi və yeni tarixi anlayışı ifadə etmə cəsarəti;

2. Müasir dünya ilə tanışlıq;

3. Heç bir məzhəbi təəssübkeşliyin olmaması, dini dözümlülüyə sahib olması və söhbətcil olması.

Həqiqətən də, Seyid Fəzlullah müasir gənc dini rəhbərlər arasında zəmanəyə uyğun fitvalar verməkdə ən yenilikçi və çağdaş dünyanın siyasi, ictimai və iqtisadi mürəkkəbliklərinə daha çox bələd olanlardan biri idi. O, müasir islamşünaslar arasında şiə etiqadi məsələləri sahəsində onların ən müxalif olanlarının zümrəsinə daxil idi.

İşğal edilmiş Fələstinin məzlum xalqının hüquqlarını şiddətlə müdafiə edən və ABŞ-ın Orta Şərqdəki təcavüzkar siyasətinə qarşı çıxan Seyid Fəzlullahın aydın siyasi mövqeyi onu Livanda, bəlkə, bütün ərəb dünyasında ən görkəmli azadlıq və müqavimət dini rəhbərinə çevirmişdi. Livan Hizbullahının rəhbərləri və korpusu onun tələbələri və şagirdləri olmuşlar.

Seyid Fəzlullah sağlığında Ayətullah Xomeyninin şiə dünyasındakı siyasi rəhbərliyini qəbul etmişdi.

Onun Ayətullah Müntəziri ilə yaxşı münasibətləri olub.

Ağayi-Xamənəiyə gəlincə Seyid Mühəmmədhüseyn Fəzlullah Ruhullah Xomeyninin vəfatından və Seyid Əli Xamənəinin rəhbər seçilməsindən sonra İran rəhbərinin (Ağayi-Xamənəinin) mərcə’liyi (dini rəhbərliyi) məsələsi ilə müxalifət etmiş və Tehranla olan əlaqəsi uzun müddət gərgin olmuşdur. Seyid Fəzlullah Ağayi-Xamənəini İran İslam Respublikasının rəhbəri kimi tanısa da, onu dünya müsəlmanlarının vəliyyi-əmri (lideri), yaxud dünya şiələrinin rəhbəri hesab etmirdi. Ən əsası isə o, heç bir vaxt Ağayi-Xamənəinin mərcəiyyətini (dini rəhbərliyini) qəbul etməmişdir. Seyid Fəzlullah Ağayi-Xamənəinin mərcəiyyətinin (dini rəhbərliyinin) iranlı olmayan ən mühüm tənqidçisi olub.

Seyid Mühəmmədhüseyn Fəzlullah İran İslam Respublikası və Seyid Əli Xamənəi ilə olan problemləri barəsində belə demişdir: “Bəziləri mənə demişdir ki, problem sənin fikirlərin və fitvaların deyildir, əksinə məsələ Küveyt dinarı və Səudiyyə rialıdır. Mümkündür ki, sən öz dini rəhbərliyin vasitəsilə bu pulları öz tərəfinə çəkəsən. Məhz buna görə mənim dini rəhbərliyimi bir təhlükə hesab edirdilər. İkinci məsələ dini rəhbərin ərəb olması məsələsi idi. Bir çoxlarının dini rəhbərin ərəb olmasından xoşu gəlmirdi. Üçüncüsü isə mənim dini rəhbərliyim Xamənəinin mərcəiyyəti (dini rəhbərliyi) üçün bir təhlükə idi, çünki mənim mədəni və siyasi görüşlərim onun görüşlərindən daha açıq idi. Çoxu istəyirdi ki, dini rəhbərlik İranda qalmış olsun. Hətta Ağayi-Sistaninin dini rəhbərliyi ilə İrakın xüsusi siyasi şərtlərinə görə çarəsizlikdən razılaşmışdılar”[1].

Seyid Mühəmmədhüseyn Fəzlullah Seyid Əli Xamənəinin fəqih olmadığına inanırdı. O, bəzən xatırladırdı ki, Ruhullah Xomeyninin vəfatından əvvəl şəxsən özü Xamənəidən eşitmişdir ki, o (yəni Xamənəi), musiqi kimi bəzi fiqhi məsələlərdə Ayətullah Müntəzirinin fikrinə tabedir. Seyid Fəzlullah deyirdi: “Ayətullah Xomeyninin vəfatından əvvələ qədər bəzi məsələlərdə müqəllid olmuş bir şəxs necə oldu ki, gözlənilmədən şiələrin mərcəi-təqlidi oldu?”

O, bu mövzunu siyasi bir mövzu hesab edirdi və belə düşünürdü ki, bir fiqhi mövzunu siyasiləşdirmək mərcəiyyət (dini rəhbərlik), onun tarixi və ənənəvi məqamı üçün zərərlidir. O, İran tərəfindən ona göstərilən təzyiqlərə baxmayaraq, Seyid Əli Xamənəinin fiqhi məqamının və vəlayətinin təsdiq edilməsi barəsində heç vaxt danışmamışdır.

Seyid Əli Xamənəi də Seyid Fəzlullahın nüfuzunu və dini rəhbərliyini Livan Hizbullahı və Livan şiələri arasında özünün siyasi nüfuzuna maneə kimi görürdü. Ona görə də onun ictihad gücünə sahib olmadığını, hətta bid’ətçi və şiəliyin məşhur fikirlərinə zidd olan fikirlərə sahib olduğunu göstərməyə çalışırdı.

AYƏTULLAH XOMEYNİNİN

VƏFATINDAN SONRA LİVANDA ŞİƏ DİNİ RƏHBƏRLİYİ

Ayətullah Seyid Fəzlullah Muna Sukəriyyəyə verdiyi ətraflı müsahibəsində (2007-ci ildə dərc edilib.) Ayətullah Xomeyninin vəfatından sonra Livanda şiə dini rəhbərliyi, İran İslam Respublikası qüvvələrinin mərcəiyyət (dini rəhbərlik) işinə müdaxiləsi, dini rəhbərlik barəsində Livan Hizbullahının mövqeləri, Ağayi-Xamənəinin baxışı və İran rəhbərinin öz mərcəiyyəti ilə üzləşmə metodu barəsində mühüm məqamları bəyan etmişdir. Bu müsahibənin bəzi başlıqlarının tərcüməsi belədir.

Seyid Fəzlullah mərcəiyyət (dini rəhbərlik) məsələsində Hizbullahla olan ixtilafını belə izah edir: “Hizbullahdakı qardaşların diqqəti İrana yönəlmişdi. İranda isə elə şəxslər var idi ki, müstəqil şəxs istəmirdilər, hətta həmin şəxs dini rəhbərliyin başında olsa da və onlar tərəfindən dəstəklənsə də. Onlar dini rəhbər kimi qondarıb ortaya çıxardıqları dini rəhbər olmayan bir şəxs üçün mənim dini rəhbərliyimi təhlükə görürdülər. …

Hizbullahdakı qardaşların mənim dini rəhbərliyimə qarşı mənfi mövqe tutması təbii idi. Bu da İrandakı bəzi xətlərlə uyğun gəlirdi”[2].

“İslam Respublikasının mənimlə mənfi münasibəti o zaman başladı ki, bir tərəfdən adım dini rəhbərlər arasında qeydə alındı, digər tərəfdən İranda bəzi xətlər mənim mərcəiyyətimi (dini rəhbərliyimi) Ağayi-Xamənəinin mərcəiyyətinə maneə kimi gördü. Buna görə də mənim mövqeyimi ictimaiyyətin gözündən salmağı planlaşdırdılar. Bu məqsədə çatmaq üçün bəzi fikirlərim və düşüncələrimə görə mənə qarşı mövqe tutanları təşviq etməkdən, Hizbullahın rəhbərlərini və üzvlərini hər vasitə ilə mənə qarşı qızışdırmaqdan tutmuş başqa bir çox mənfi üsullara əl atdılar. Mənə qarşı mənfi mövqedə olan hər kəsi təşviq edirdilər. Həm də mən müstəqil idim və tabeçilik göstərmirdim. İran İslam İnqilabını dəstəkləməyimə baxmayaraq, sırf ona tabe deyildim, özümün xüsusi düşüncələrim var idi ki, onların bir neçəsi İslam İnqilabının bəzi xətləri ilə kəsişir və bəziləri isə bir-biri ilə üst-üstə düşmürdü”[3].

“Çox təbii haldır ki, indi İran, ələlxüsus Ağayi-Xamənəinin nöqteyi-nəzərindən məqsədə uyğun olaraq hesab edir ki, İranın vəlayəti-fəqih nəzəriyyəsinə köklənməsi etibarilə dini rəhbərlik İranda olsun. Onların nöqteyi-nəzərindən dini rəhbər (mərcə’) vəlayəti-fəqihin müdafiəçisi olmalıdır. Belə bir şey o vaxt həqiqət tapa bilər ki, dini rəhbər (mərcə’) həmin İran dairəsinin, Qum Hövzəsinin mühasirəsində olsun, istər vəliyyi-fəqih olsun, istərsə də vəlayəti-fəqihin müdafiəçilərindən olsun. Bu həmin məqamda məsələnin aydınlaşdırılmasıdır. Lakin İran hökuməti dini rəhbərliyin Qumda olmasını zəruri hesab etməklə yanaşı siyasi əsaslarla Nəcəf dini rəhbərliyini də təsdiq edir. Biz bu vəziyyəti onlar Ağayi-Sistanini təsdiq edəndə gördük. Çünki İrakdakı şəraiti, xüsusən də oradakı şiələrin vəziyyətini tarazlaşdırmaq üçün ona ehtiyacları var idi”[4].

Araşdırma:

a) Ağayi-Xamənəi dövründə İran İslam Respublikası tərəfindən təsdiq edilmiş dini rəhbərlik üçün zəruri şərt İran sakini olmaq, ikincisi vəlayəti-fəqihin müdafiəçisi olmaq, üçüncüsü və ən əsası dini rəhbərin sırf tabeçi olması və müstəqil olmamasıdır. O, ə’ləm dini rəhbər olsa da belə, müstəqil dini rəhbəri qəbul etmir. O, təsdiq olunmuş müstəqil dini rəhbərlə də razılaşmır, sırf tabeçilik istəyir.

b) Livan Hizbullahı mərcəiyyət (dini rəhbərlik) məsələsində sırf İslam Respublikasının diktə etdiyi siyasətlərə tabe olmuş və ona əsaslanaraq Seyid Fəzlullahın mərcəiyyətinə (dini rəhbərliyinə) qarşı çıxıb İran hökumətinin aləti kimi onun mövqeyini məhv edib zəiflətməyə çalışmışdır.

c) İran İslam Respublikası Seyid Fəzlullahın dini rəhbərliyini Ağayi-Xamənəinin dini rəhbərliyi üçün təhlükə kimi qiymətləndirmişdir. Fəzlullahın mərcəiyyətinin qeydə alınması ilə İslam Respublikası onu gözdən salmağı planlaşdırmışdır. Bu dağıdıcı proqram üç yanaşmaya əsaslanırdı:

1. Fəzlullahın hər hansı bir müxalifini istənilən yolla həvəsləndirmək;

2. Fəzlullahın fikir və düşüncələrinə qarşı çıxanları müstəsna olaraq təşviq etmək;

3. Hizbullah liderlərini və korpusunu ona qarşı qızışdırmaq.

SEYİD FƏZLULLAHIN İSTİDLALİ VƏ

FİTVAİ FİQH SAHƏSİNDƏ YAZDIĞI ƏSƏRLƏRİ

Seyid Fəzlullah əsərləri çox olan bir alimdir. İslam elmlərinin müxtəlif sahələrinə aid onlarla müəllif əsərləri ilə yanaşı, o, həm də istidlali fiqhdə məhsuldar təcrübəyə malikdir. Onun fiqhi tədqiqatları və fiqhdən keçdiyi dərsi-xariclərinin şagirdləri tərəfindən yazıldığı və 1374-cü (m. 1995-ci) ildən bəri nəşr olunduğu təqrirləri 25 cilddən çoxdur. Aşağıdakı əsərləri buna misal göstərə bilərik:

1. “Kitabul-cihad” (“Cihad” kitabı);

2. “Kitabun-nikah” (“Nukah” kitabı);

3. “Kitabul-ət’imə vəl-əşribə” (“Yemək və içmək” kitabı);

4. “Kitabul-vəsiyyə” (“Vəsiyyət” kitabı);

5. “Kitabul-qur’ə vəl-istixarə” (“Püşk və istixarə” kitabı);

6. “Kitabus-sayd vəz-zəbahə” (“Ovçuluq və kəsim” kitabı);

7. “Risalətun fir-rəda’” (“Süd əmmə haqqında risalə”);

8. “Fiqhul-icarə” (“İcarənin fiqhi hökmləri”);

9. “Fiqhul-məvaris vəl-fəraiz” (“İrsin fiqhi hökmləri”);

10. “Fiqhul-qəza” (“Qəzavətin fiqhi hökmləri”);

11. “Fiqhuş-şirkə” (“Şərikliliyin fiqhi hökmləri”);

12. “Fiqhul-həcc” (“Həccin fiqhi hökmləri”);

13. “Fiqhut-təlaq” (“Talağın fiqhi hökmləri”);

14. “Fiqhul-həyat” (“Həyatın fiqhi”);

15. “Əl-Yəmin vəl-əhd vən-nəzr” (“And, əhd və nəzir” kitabı);

16. “Səlatul-cumuə” (“Cümə namazı”);

17. “Əl-Büluğ” (“Həddi-büluğa çatma”);

18. “Qaidətu-la zərərə və la zirarə” (“Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur” qaydası haqqında risalə) və s.

Fitvai fiqhdə ən azı beş kitabı nəşr edilmişdir:

1. “Dəlilul-mənasik” (“Həcc kitabçası”) (1374 – m. 1995);

2. “Əl-Məsailul-fiqhiyyə” (“Fiqhi məsələlər”) (1375 – m. 1996);

3. “Əl-Fətavəl-vadihə” (“Açıq-aydın fitvalar”) (1376 – m. 1997);

4. Üç cilddən ibarət ən mühüm fitva kitabı “Fiqhuş-şəriə”  (“Dərindən düşünülmüş şəriət”) (1377 – m. 1998);

5. Və nəhayət, “Əhkamuş-şəriə” (“Şəriət hökmləri”) (1382 – m. 2003).

Qurana dair tədqiqatları aşağıdakılardan ibarətdir:

1. “Təfsirun min vəhyil-Quran” (“Qurandan ilhamlanmış təfsir”) adlı 25 cildlik təfsir;

2. “Əl-Hivar fil-Quran” (“Quranda dialoq”);

3. “Üslubud-dəvəti fil-Quran” (“Quranda dəvət üsulu”);

4. “Dirasatun və buhusun Quraniyyə” (“Quran tədqiqatları və araşdırmaları”);

5. “Mutarəhatun fi qəzaya Quraniyyə” (“Quran mövzularında müzakirələr”);

6. “Min irfanil-Quran” (“Quran maarifindən …”)

7. “Hərəkətun-nübüvvəti fi müvacəhətil-inhiraf” (“İnhiraf qarşısında peyğəmbərlik hərəkatı”)

Onun Quranın tədqiqatına dair yazdığı yuxarıda qeyd olunan çoxsaylı əsərlərlə yanaşı dini mövzularda qələmə aldığı üç kitabı da var:

1. “Peyğəmbərlərin məsumluğunda müraciətlər”;

2. “Təkvini (kosmik) vəlayət”;

3. “Cənnət yalnız müsəlmanlar üçündürmü?”

Bu diqqətəlayiqdir. Seyid Fəzlullah Əhli-Beytin təlimlərini izah edərkən bir neçə əsər yazmışdır: “Qədir ətrafında İslam nəzəriyyəsi”, “Haqqın ölçüsü – Əli”, “Zəhra – nümunəvi qadın”, “Əhli-Beytin həyat tərzi”, “Kumeyl duasının şərhi” və “Səhifeyi-Səccadiyyənin şərhi”.

SEYİD FƏZLULLAHA QARŞI DİNİ TƏƏSSÜBKEŞLİYİN

VƏ SİYASİ GÜCÜN XOŞAGƏLMƏZ ƏLAQƏLƏNDİRMƏSİ

Seyid Fəzlullahın dini rəhbərliyinin Seyid Xamənəinin dini rəhbərliyinə mane olması barədə dəqiq fikir söylənildiyi vaxt Fatimeyi-Zəhranın (ə) başına gələn hadisələrə və imamların təkvini (kosmik) vəlayətinə yenidən baxış keçirilməsində Seyid Fəzlullahın fərqli fikirləri ənənəvi dini rəhbərləri ona qarşı yönəltmək, onun şəxsiyyətini məhv etmək və iğtişaş yaratmaq üçün yaxşı bir bəhanə kimi müəyyənləşdirildi. Siyasi hakimiyyət və dini təəssübkeşlər əl-ələ verdi və beləliklə də, Seyid Fəzlullahın ictihadı və şiəliyi şübhə altına alındı!

Qüds Qüvvələri[5] ilə əməkdaşlıqda ittiham olunan şübhəli hərəkat Qum və Nəcəf alimlərindən Seyid Fəzlullahın şiə əqidəsinin doğruluğunu soruşur. Bu cür mütəşəkkil, təşkil olunmuş suallar  h. q. təqvimi ilə 1411-ci ilin ramazan ayından (h. ş. 27 esfənd 1469 – m. 18 mart 1991) başlayır.

Bu suallara mərhum Ayətullah Fazil Lənkərani 1372-ci ilin bəhmən ayında (m. yanvar ayı 1994 ), mərhum Ayətullah Bəhcət isə 1375-ci ilin aban ayında (m. oktyabr ayı 1996) cavab verir.

Lakin mərhum Ayətullah Mirzə Cavad Təbrizinin 27 zilhiccə 1417 (h. ş. 15 ordibeheşt 1376 – m. 5 may 1997) tarixli hökmü məsələyə başqa ölçü verir: “Mən dəfələrlə qeyd etmişəm ki, (S. M. Fəzlullah) zall və muzildir (yəni özü azğındır və başqalarını da azdırır). Onu və əsərlərini təbliğ etmək, kitablarını oxumaq icazəli deyildir. Azğın olduğuna və ictihadı da sübuta yetmədiyinə görə ona təqlid etmək olmaz. Hər bir möminin məzhəbin haqq əqidələrini müdafiə etməsi və bu cür fikirlərə qail olan möminləri agah etməsi vacibdir ki, onlar azğın ruhaninümaların (yalançı ruhanilərin) təsiri altına düşməsinlər!”

Mərhum ustad Ayətullah Təbrizi, əlbəttə, ömrünün axırına qədər Ağayi-Xəmənəinin ictihadı və hökumətin Hövzəyə və mərcəiyyətə (dini rəhbərliyə) müdaxiləsi barəsində bir kəlmə də danışmamışdır.

Ayətullah Vəhid Xorasani də 1376-cı ilin mehr ayında (m. sentyabr 1997) Seyid Fəzlullahın zəlalətdə olduğunu təsdiq etmişdir. Ağayi-Xamənəi də sualın fərz olunan hissəsində (Seyid Fəzlullahın mərcəiyyət və ictihadında problemin olması təsəvvürü) Seyid Fəzlullaha təqlid etməkdən vaz keçməyi doğru hesab etmişdir[6].

Ayətullah Müntəziri əksər dini rəhbərlərdən fərqli olaraq Seyid Fəzlullahı nəinki təfsiq etməmiş, hətta o ağır mühitdə onun elmini və xidmətlərini tərifləmişdir. O, Seyid Fəzlullahın mərcəiyyəti (dini rəhbərliyi) və fikirləri ilə bağlı verilən həmin şübhəli suallardan birinə belə cavab yazmışdır: “Həzrət Ayətullah Seyid Fəzlullah Beyrutda İslama xidmət edən müctəhid alimdir və onun elmindən və kitablarından istifadə olunur!” (h. ş. 22 fərvərdin 1384-cü il – m. 11 aprel 2005-ci il)

Ayətullah Müntəzirinin Seyid Fəzlullahı müdafiə etməsi məzhəbi təəssübkeşliyin və siyasi gücün xoşagəlməz birləşməsinə ağır gəldiyi üçün verilən cavaba şübhə ilə yanaşdılar və rəsmi olaraq bu barədə Ayətullah Müntəziridən izahat istədilər! Ayətullah Müntəziri də ona təzyiq göstərənlərə cəsarətlə belə bir cavab yazmışdır: “Möhürümlə möhürlənmiş mənimdir və mən onu öz elmim və əqidəmlə yazmışam!” (h. ş. 31 fərvərdin 1384-cü il – m. 20 aprel 2005-ci il)

Bir müddət sonra Ayətullah Müntəziridən yenidən Seyid Fəzlullah haqqında soruşulduqda onu bir daha dəstəkləmişdir: “Müəzzəmun ləh (Seyid Fəzlullah) İslam alimlərindəndir və müxtəlif sahələrdə çoxsaylı əsərləri vardır. Heç bir müsəlmanı, qalmışdı hələ alimlər olsun təhqir etmək icazəli deyildir!” (h. ş. 30 bəhmən 1386-cı il – m. 19 fevral 2008-ci il)

Əlbəttə, Seyid Fəzlullahın Hizbullah və İslam Respublikası ilə münasibətləri son vaxtlar müəyyən qədər yaxşılaşmışdı. Lakin Seyid Fəzlullah Ağayi-Xamənəinin dini rəhbərliyini ömrünün axırına kimi qəbul etməmiş və məzhəbi təəssübkeşliyin və siyasi gücün həmin şübhəli cərəyanı da Seyid Fəzlullahı təkfir və təfsiq etməkdən əl çəkməmişdir. Seyid Fəzlullah ona qarşı olan bu məzhəbi cərəyandan sonra heç vaxt İrana səfər etməmişdir.

“Milli Görüş-Sabiqun” hərəkatı


[1] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, s. 69

[2] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, İkinci nəşr, 2012, Beyrut İslam Mədəniyyəti Mərkəzi tərəfindən nəşr olunmuşdur. s. 159

[3] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, İkinci nəşr, 2012, Beyrut İslam Mədəniyyəti Mərkəzi tərəfindən nəşr olunmuşdur. s. 162

[4] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, İkinci nəşr, 2012, Beyrut İslam Mədəniyyəti Mərkəzi tərəfindən nəşr olunmuşdur. s. 163

[5] İran İslam İnqilabı Keşikçiləri Korpusunun xaricdəki bölməsi

[6] Həmin şübhəli cərəyan internetdə mərhum Ayətullah Seyid Fəzlullaha qarşı “zalalnet” adlı inter saytı yaradıb ki, bu da bir çox şiə fəqihlərinin və dini rəhbərlərinin dözümsüzlüyünün sübutudur. İran İslam Respublikasına yaxın yazıçı Cəfər Mürtəza Amili Seyid Fəzlullahın fikirlərini tənqid edən “Zəhra faciəsi, şübhələr və cavablar” adlı iki cildlik kitab yazmışdır. (1997-ci il) Seyid Fəzlullaha qarşı düşmənçiliklə bağlı bu kitabı oxumaq lazımdır: “Ayətullah S. M. Fəzlullah heç vaxt batmayan günəşdir, həyatı, mövqeləri haqqında deyilənlər, etirazlar, cavablar, dini və siyasi müxalifləri” (Mustafa Sübhi Xızır və Mehdi Xəlil Cəfər, 2010-cu il)

MƏHƏBBƏT… VƏHDƏT… ÜXÜVVƏT…

“SADİQEYN”İN MÖVLUDUNDA HƏRƏKATIN QAYDALARI:

MƏHƏBBƏTVƏHDƏTÜXÜVVƏT (QARDAŞLIQ)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur!

Allahın salamı və rəhməti olsun Onun Peyğəmbəri Həzrət Mühəmmədə (s), onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə!

“SADİQEYN”İN MÖVLUDU HAQQINDA

Rəbiüləvvəl ayının 17-si, yəni Allah Rəsulunun və İmam Cəfər Sadiqin mövludu günü biz hər yerdə xatirələrin dərinliklərinə nəzər salmalıyıq, çünki bu məsələ nəinki onların hər birinin şəxsi tərəfi ilə, hətta Allah Rəsulunun təbliğat, cihad, müxtəlif vasitələrlə hərəkət etdiyi əsl İslam dəsti-xətti ilə bağlıdır. Bu dəsti-xətt, elmin dərinliklərini və yayılmasını ondan əxz etmiş o nəcib ailəyə (peyğəmbərin ailəsinə) aiddir. Onlar bu dəsti-xəttin aydınlığında missiyanın paklığına varmışlar. Bu dəsti-xəttin cihadına vararaq bütünlüklə din yolunda vuruşmuşlar. İndi bütün bunlar vasitəsilə öz mövqeyimizə bir nəzər salaq, çünki məsələ təkcə tarixin problemi deyildir. Bu, çiyinlərində həmin missiyanın sədaqətini daşıyan bir nəsil olmağımız etibarilə reallığın bizim içimizə nüfuz etməsi problemidir. Ona görə ki, bizdən qabaqlar olmuş, İslam və Əhli-Beyt ab-havasında yaşamış həmin nəsillər müsbət və ya mənfi tərəfləri olmasına baxmayaraq, öz təcrübələrini yaşamışlar. Bizdən əvvəlki dövrlərdə yaşayanlar arasında İslama, onun əhlinə, o pak ailəyə sadiq olmuş, öz səylərinin və güclərinin çox hissəsini İslama sərf etmiş, müsəlmanlara öz mövqelərində şan-şöhrət, izzət mövqeyi əta etmiş insanlar olmuşdur. Onların içərisində yalnız özünü düşünərək yaşayanlar da olub. Belə ki, İslam onlar üçün şəxsi bir vəziyyətə çevrilmişdi. Onlar öz varlıqlarından kənara çıxa bilməmişlər. Əksinə, yerinə yetirdikləri fərzlərin içində özlərinə qapanaraq nə İslamda, nə də təbliğat yolunda hərəkət edə bilməmişlər. Burada elələri vardır ki, şəraitin imkan verdiyi bəzi mövqelərdən xeyir güdməyə başlamışlar, pisliklər etmişlər, insanlar üzərində haqsız olaraq ağalıq etmişlər, haqq yolundan sapmışlar. Bununla da İslamın zəiflədilməsində iştirak etmişlər. Habelə onlar İslama, onun əhlinə düşmənçilik bəsləyən insanlar tərəfindən göstərilən hədə-qorxular qarşısında İslamın məğlubiyyətində iştirak etmişlər. Beləliklə, bizi qabaqlamış tarix yeni nəsillərə imkan, macal vermək üçün tarixin dumanları içinə daxil olmuş müxtəlif nümunələrdə yaşamışdır.

BUGÜNKÜ İSLAM ALƏMİNƏ BİR BAXIŞ

Bu gün Allah Rəsulunun doğumu ilə bağlı təntənəli şəkildə qeyd etdiyimiz İslam haqqında, İmam Cəfər Sadiqi xatırlamağımızla təmtəraqla təqdim etdiyimiz Əhli-Beytin yolu və xətti haqqında nə demək olar? Burada nələr vardır? Biz İslam gerçəkliyində müsəlmanların dünyanın beşdə birini təmsil etdiyini görürük. Onların sayı milyardı ötüb keçir. Lakin biz daxilə nüfuz etdikdə nə görürük? Görürük ki, müsəlmanlar çoxsaylı məzhəblərə bölünmüşlər. Fikir, şəriət, üslub cəhətdən İslam reallığını dərk etmə səviyyəsində onları birləşdirən bir məzhəb yoxdur. Bununla yanaşı görürük ki, bu məzhəbçilik onun daşıyıcılarının şüurunda daşlaşmış, donmuş bir hala çevrilmişdir. Hamısı belə bir qərar vermişlər ki, hər hansı bir fikrin daşıyıcısı ondan kənara çıxmamalı və digərləri ilə dialoqa girməməlidir.

İdeoloji məzhəbçilik onların şəriət və məzhəb dəsti-xətlərində bir adətə çevrilmişdir. Belə insanlar öz hərəkətlərindəki bütün xətləri təfsilatı ilə təsəvvürlərinə gətirə bilmirlər. Buna görə də müsəlmanlar bir-biri ilə yaxınlıq qura bilmirlər. Onlar razılığa gəldikləri bir çox məsələlərdə belə birləşə bilmirlər. Əksinə, razılıq nöqtələri olmadan ixtilaf nöqtələri islami əlaqələrdəki görüntünün mərkəzində duran şeylərə çevrilir. Sünni ilə şiə bir yerə yığıldıqda, onlardan heç biri digərinə demir ki, İslam bizi bir yerə cəm etdi. Əksinə, biri o birinə deyir ki, mən bir qənaətdəyəm, sən isə başqa bir düşüncəyə maliksən. Bununla da məzhəbçilik dinə bənzər bir əşyaya çevrilir. Hətta o, öz məzhəblərini təmsil etmək məsələsində müsəlmanların hisslərinə daxil olmuşdur. Yəni bunun dini, digərinin dinindən fərqlənir. Ola bilsin ki, bu, onların arasındakı əlaqələri nifrət əlaqələrinə çevirə biləcək daşlaşmış psixoloji bir vəziyyətə gətirib çıxarmışdır. Əslində nifrətin İslam vasitəsilə, Allaha məhəbbət içində yaşayan, fikir ayrılıqları məsələsində bir-birini başa düşmək üçün əməkdaşlıq edən, bunu Allahın dediyinə cavab olaraq Allaha və Onun Rəsuluna aid edən müsəlmanlarla heç bir əlaqəsi yoxdur. O deyir: “Əgər bir barəsində mübahisə edirsinizsə, onu Allaha Onun Rəsuluna həvalə edin”[1].

İSLAMİ BİRLİYƏ DAİR SÖHBƏTDƏKİ QEYRİCİDDİLİK

Ey əzizlərim, biz bunu dəfələrlə demişik. Biz İslam vəhdəti (birliyi) haqqında qeyri-ciddi, məsuliyyətsiz şəkildə danışırıq. Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirik ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirik ki, öz şiəliyində müsəlman ol. Əgər biz İslamı bizi səciyyələndirən xüsusiyyətlər üçün əsas baza, dayaq götürsək, onda biz İslamda şiəliyin və sünniliyin dəsti-xəttini anlamaq üçün birlikdə çalışacağıq. Yaşadığımız gerçəklik ondan ibarətdir ki, müsəlmanların bir-biri ilə müzakirə və mübarizələrə sərf etdikləri mədəni cəhdlər onların Allahsızlığa, əqidə və şəriətinə görə İslamla üz-üzə dayanmış hədə-qorxulara sərf etdiklərindən daha çoxdur.

Yəqin biz daxili məzhəbçilik nifrətində ifrata vardığımızdan hiss etmirik ki, şəriət və əqidə dəsti-xəttinə, bəşəri gerçəkliyinə, iqtisadi sərvətlərinə, strateji mövqelərinə, siyasi və təhlükəsizlik dayaqlarına görə burada şərq-qərb dünya müharibəsi vardır. Eyni zamanda, burada SSRİ-nin süqutundan sonra NATO-nun və hakimiyyətinin axırıncı dövrlərində Britaniyanın baş naziri M.Tetçerin elan etdiyi müharibə vardır. Onlar demişlər ki, “NATOnun ona qarşı hazırlaşması lazım olan yeni düşməni İslamdır”. Biz isə üzərindən 1400 ildən artıq vaxt keçmiş bu ixtilaflarla məşğuluq. Biz onun sözlərini dəyişirik və təzə heç nə demirik.

İndi aktual məsələ odur ki, bizdə İslam ruhu olmalıdır. Budur, sən şiə olmusan, çünki sən əminsən ki, şiəlik əsl İslam yoludur. Digəri sünni olub. O da əmindir ki, sünnilik əsl İslam yoludur. Əgər siz hər ikiniz İslama sadiqsinizsə, bir-birinizə qarşı daşıdığınız nifrət hissi ilə yox, İslam ruhu ilə dialoqa girin. İxtilaf etdiyimiz məsələlərdə nəticəyə varmaq üçün ağılın açıq olması kifayət etmir. Əksinə, lazımdır ki, eyni zamanda qəlb açıq olsun. Ağıllarımızı nəzəriyyələr ilə doldurmağımıza baxmayaraq, qəlblərimizi bir-birimizin üzünə bağlasaq, ağıl nə səni, nə də məni inandırmağa, əmin etməyə nail olmayacaq, çünki qəlb – ürək “əsas”dır. Biz keçən mühazirələrimizdə də demişdik ki, Rəsulullah insanları ağlı ilə qazanmamışdan (ələ almamışdan) əvvəl qəlbi ilə qazanarmış, çünki onun qəlbi hamı üçün açıq idi. Əli (ə) bizə öz hikmətli kəlamı ilə bunu öyrətmişdir: “Şəri öz qəlbindən çıxartmağınla başqasının qəlbindən çıxart![2]

Ey sünni, səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə, əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə, öz qəlbini ona aç. Qəlblər bir-birinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz hər zaman bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq. Biz Peyğəmbərin (s) iman və məhəbbət arasında bağlılıq yaradan sözlərini eşidirik: “Özü üçün istədiyini qardaşı üçün istəyənədək özü üçün istəmədiyini qardaşı üçün istəməyənədək sizdən heç biri mömin sayılmaz (hesab olunmaz). Məhz bu, müsəlmanlar arasında mövcud olan islami bir reallıqdır.

SİYASİ REALLIQ ÇƏRÇİVƏSİNDƏ

Siyasi reallığa gəlincə müsəlmanlar haradadırlar? Onlar hər tərəfə səpələnmiş qrupları təmsil edirlər. Və yalnız beynəlxalq istismarçılar istədikləri zaman bir yerə yığışırlar. Biz İslam Konfransı Təşkilatına (İKT) – (Allaha şükür) – malikik. Lakin bu təşkilatı tədqiq etdikdə öyrənirik ki, o, başlanğıcda (əvvəlcə) Amerikanın istəyi ilə yaranmışdı ki, hər yanda Amerikanı qanuni dəstəkləmək və ya qanuni təxribatlar törətmək lazım gəldikdə müsəlmanları bir yerə yığsın. Ona görə də bütün toplantılarında, hətta axırıncı konfransı Tehranda çağırılsa belə, İKT heç bir şey həyata keçirə bilməmişdi. O, İslamın əsas müddəalarını cılızlaşdırmış, ona həyatilik və qüvvə verə bilməmişdi. Ona görə də görürük ki, sionist qurumu az qalıb ki, Qüdsün yəhudiləşdirilməsini başa çatdırsın. Sionist qurumu müsəlmanların və ya ərəblərin böyük çoxluqla təmsil olunduqlarını gördükdə, Qüdsü genişləndirmək üçün öz yeni planına başladı. Belə ki, Qüds administrativ cəhətdən yeni yaşayış məkanlarındakı yəhudiləri əhatə edəcəkdi ki, ərəblər və ya müsəlmanlar azlıq təşkil etsinlər və onlar faktiki olaraq heç bir şey edə bilməsinlər.

İKT indiyədək bir yerə toplaşmayıb. Əgər toplansa da, elə qərarlar çıxaracaqdır ki, konfrans zallarından çıxmamışdan əvvəl onlar qəbul etdiklərini unutmuş olacaqdılar, çünki onlar (yəni İslam Konfransı Təşkilatındakılar) və ya onların böyük əksəriyyəti dünyadakı Amerika siyasəti ilə bağlıdırlar.

Sonra İslamın iqtisadi sərvəti haradadır? Müsəlmanlar dünyada ən böyük neft ehtiyatlarına malikdir. Onlar yerin təkində mövcud olan sərvətlərin çoxuna sahibdirlər. Əgər biz bütün İslam ölkələrinin yaşayış vəziyyətini yaxından öyrənsək, görərik ki, onlar ehtiyac içində yaşayırlar və üzərlərinə iqtisadi şərtlər qoyan Beynəlxalq banka tabedirlər. Bu şərtlər İndoneziyada və başqa yerlərdə gördüyümüz kimi hər bir ölkədə problem yaradır. Müsəlmanlar heç bir başqa dövlətin malik olmadığı təbii sərvətlərə malikdir. Lakin şairin dediyi kimi:

Səhradakı dəvələr kimi susuzluq onları öldürür,

Halbuki suyu onların öz üstündə daşıyırlar.

Bu dövlətlərin çoxunun nefti böyük nüfuz sahibləri üçün girova çevrilib. Belə ki, sahibləri bu sərvətlərdən lazımi şəkildə istifadə etmirlər. Onlar (xaricilər) bizim üçün fitnə-fəsad, həmin fitnə-fəsaddan isə müharibə yaradırlar. Bir-birimizə qarşı olan müharibədə bizə kömək etmələrindən ötrü onların özlərini səfərbər etməyimizə çalışırlar. Biz bu fitnə-fəsadın, müharibənin, hərbi bazaların xərclərini ödəyirik. Bütün bu işlərdə onlar “xeyirxahdırlar”, elə özləri həm müharibə törədir və sülhü də özləri yaradırlar, çünki müharibə bizim xeyrimizə olmayıb, onların xeyrinədir. Sülh də bizim xeyrimizə olmayıb, özlərinin xeyrinədir. Bu, siyasi reallıqdır. Bu, Liqanın bir yerə yığa bilmədiyi müsəlmanlardır. Şairin dediyi kimi:

Onlar qruplara parçalandılar,

Hər bir qrupun öz Əmirülmömini

öz minbəri vardır.

TƏHLÜKƏSİZLİK FAKTINA DAİR

Təhlükəsizlik faktına gəlincə biz artıq sionist qurumla olan mübarizəmizi dondurmuşuq. Və demişik ki, müharibə bitib. Biz Fələstin və Livandakı İslam müqavimətini dəstəklədikdə utanaraq və xəcalət çəkərək dəstəkləyirik, çünki bu mərhələnin reallığı ərəblərdən pozitiv şəkildə danışmağı tələb edir. Lakin onlar (yəhudilər) bir-birinə pıçıldayırlar ki, ya biz bu qanuni ekstremistlərə son qoymalıyıq, ya da onları əhliləşdirməliyik. Artıq əhliləşdirmə əməliyyatı başlamışdır. Bu, müsəlmanların gerçəkliyidir. Əgər Peyğəmbər (s) bu mərhələdə gəlsəydi və bizim halımızı görsəydi o, bu dünyada müsəlmanlar üçün çəkdiyi surəti görərdimi:

Möminlər öz nəcibliklərində, birbirinə rəhm etməkdə, lütfkarlıq göstərməkdə sanki bir bədən kimidirlər. Əgər üzvlərdən biri ondan şikayət edərsə, digəri oyaq qalmaqla qızdırma içində onun səsinə səs verər”.

Kim müsəlmanların işləri ilə maraqlanmadığı halda sübhə çıxarsa, müsəlman deyil!”

Əgər bir kəs Ey müsəlmanlar kömək edin!” çağıran insanı eşidib ona cavab verməzsə, o, müsəlman deyil!”[3]

Allah buyurur: Hamınız bir yerdə Allahın ipindən yapışın, birbirinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz birbirinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi Onun neməti sayəsində birbirinizlə qardaş oldunuz. Siz oddan ibarət uçurumun kənarında ikən, O sizi oradan xilas etdi[4]. Lakin biz isə bu uçurumu getdikcə dərinləşdirməyə çalışırıq.

ƏHLİBEYT XƏTTİ ÜZƏRİNDƏ AÇILIŞ

Əhli-Beytin dəsti-xəttinə nəzər salanda biz nə görürük? Bu xətdə birlik varmı? Biz bilirik ki, bu xətt onu yolunu azmaqda, kafirlikdə və s. bu kimi hallarda günahlandıran düşmənçilik həmləsinə məruz qalmışdı. Biz bu xətti gücləndirən və qüvvətləndirən vəhdət (birlik) yarada bildikmi? Bu xəttin təfsilatını və təbiətini öyrətsinlər deyə içində mütəxəssislərin olduğu bir şura yaratmağa nail ola bildikmi?

Elmi yollarda rəngarənglik təmsil etməsi etibarilə, haqqında “elmi işdə zənginlik nümayiş etdirir” deyilən mərcəliyin bolluğunda yaşadığımız vaxtda görürük ki, o (mərcəlik), bağlı dairələrə çevrilmişdir. Hər kəs həmin dairəni özü üçün bağlayır və öz dairəsindən başqa bir dairəyə pəncərə açmağa hazır deyildir. Beləliklə də, bu tərəfdən təəssübkeşlik məsələsi hər hansı bir xəttə və heç bir kəsə xidmət etməyən bir yolla irəliləyir. Vəziyyət belə olur ki, sən bir şəxsə, o da başqa bir şəxsə müraciət edir. Bundan da artığı odur ki, sənin məzhəbin onun məzhəbindən və ya sənin dinin onun dinindən fərqlənirsə, burada geniş aspektdə düşünməyən müxtəlif təəssübkeşlik ortaya çıxır. Bizim ən geniş üfüqümüz İslam və Əhli-Beytin öz dəsti-xəttindəki dəyəridir. Onlar İslamın imamlarından olub İslama açılmışdılar.

İmam Sadiq (ə) şiələrə tövsiyə edirdi ki: Bu camaatın içində bu məscidlərdə namaz qılan şəxs Peyğəmbərin (s) arxasında namaz qılan şəxs kimidir. Bu, üçündür ki?” Lakin bəzi şiələr ona deyirdi ki, bu şəxs bizi şirkə və küfrə sürükləyər. O demişdi: “O, Allaha qarşı çıxsa da, sən Allaha itaət et!”[5] Yəni sən əksinə hərəkət etmə. Məscidə daxil olanların birincisi ol. Belə sual ortaya çıxır: “İmamlar niyə bunu istəmişlər?” Onlar bunu ondan ötrü planlaşdırmışdılar ki, aralarında ixtilaf olsa belə, qovuşma faktı və ya dialoq yolu ilə müsəlmanlar məscidlərdə bir-birinə qaynayıb-qarışsınlar.

İmam Sadiq (ə)-ın həyatını öyrəndikdə görürük ki, o, evində də, məscidlərdə də özünün məzhəbinə qulluq etməyən müsəlmanlar üçün müraciət obyekti olmuşdu.

Əbu Hənifə, Malik ibn Ənəs və başqalarının onun haqqında necə danışdıqlarını gördükdə hiss edirik ki, onlar İmamın haqqında sanki müraciət etdikləri bir mərcə kimi danışırlar. Hətta bəzi hənəfi qazıları deyirdilər ki, əgər fitva Cəfər ibn Mühəmməd Sadiqin fitvası olarsa, onu dəyişə bilmərik.

Burada İslami həyata dair bir açılış vardı. Müsəlmanlar bir (vahid) məsciddə ibadət edirdilər. İmamların zamanında belə, şiələr üçün bir, sünnilər üçün digər bir məscidin olduğu məlum deyil. Hamı eyni məsciddə namaz qılırdı. Bunun mənası odur ki, Peyğəmbər (s) və imamlar bir islami xətt təsis etmişlər. Onlar öz tərəfdarlarının yoldan azmalarını və ya bu işdə zəiflik göstərmələrini istəməmişlər. Onlar görmüşlər ki, müsəlmanların mədəni, siyasi, ictimai və iqtisadi qüvvəsi onlar bir yerə cəm olduqda ortaya çıxır. Bir yerə yığışanda əgər ixtilaf etsələr, bu ixtilaf ittifaqa çevrilər. Lakin sən tək bir tərəfdə, o da başqa tərəfdə oturduqda, sən onunla, o da səninlə danışa bilmir və bu uzaqlıq üzündən hər bir qrupun digərinə qarşı daşıdıqları uydurma və qorxulu surətlər üst-üstə yığılacaq. Bir xalq məsəlində deyildiyi kimi: Uzaqlıq soyuqluqdur”.

HƏDƏQORXULARA QARŞI MÖVQE

Hazırda yaşadığımız bu günlərdə və gələcəkdə müsəlmanlar və İslam dünyası üçün dərin bir problemə gətirib çıxaracaq bu reallıq qarşısında, yəni hər bir yerdə İslama müharibə elan edən beynəlxalq sionizmin hədə-qorxuları, öz mövqeyinə, qanunlarına və əqidəsinə görə İslamı müharibəyə sövq edən beynəlxalq “nəhəng”lərin hədə-qorxuları, hər bir yerdə müsəlmanların mədəni mövqelərinə sirayət etməyə başlayan beynəlxalq küfrün qarşısında biz düşdüyümüz bu reallıq barəsində duşünməliyik.

Hər birimiz bir küncə qapılıb dünyanı təmsil etdiyini düşünərək öz yerində əyləşməməlidir. Heç bir insan öz şəxsiyyətinin daxilində boğularaq özünü öz varlığında həbs etdirməməlidir. O, belə hesab etməlidir ki, onun varlığı bütün ümməti təmsil edir. Həyatda hər kəsin öz mövqeyi və rolu vardır. Qarşımızdakı üfüqlər genişdir. Gəlin azad havada nəfəs alaq, çünki yaşadıqlarımızın çoxu pislik ab-havası ilə doludur. Gəlin yaradıcı şüur ilə hərəkət edək. Belə ki, həyatımıza müsəlman olaraq yaşamağımız üçün günəş işıq salar və bizə hərarətini və nurunu əta edər. İstəyirik ki, Rəsulullahın (s) əmanətini öz çiyinlərimizdə daşıyaq və onu bu dəsti-xətt və reallıq səviyyəsində özümüzün əsas işi hesab edək.

Əzizlərimiz! İmam Sadiq (ə) bəzi kəlamlarında demişdi: Din yalnız məhəbbətdir!”[6] Allah-Taala bizə köklü məhəbbətin reallıqda nə cür olduğunu öyrədib. De: “Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun təbliğin hər addımında, ki, Allah da sizi sevsin!”[7]

Nifrət yox, … Məhəbbət. Parçalanma yox, … Birlik. Düşmənçilik yox, … Qardaşlıq. Bütün bunlar o əməllərdir ki, Allah müsəlmanlardan bunların üzərində hərəkət etməyi istəyir. Peyğəmbər (s)-in və İmam Sadiq (ə)-ın mövludu günü biz onlara öz qəlbimizdən, ağlımızdan, taqətimizdən məhəbbət bəsləyən, sevən və açıq bir “İslam” əta etməliyik ki, o, müsəlmanları məhəbbət və məsuliyyət dairəsində birləşdirə bilsin. Peyğəmbərlik insanın hissiyyatında vəhy üçün bir çıxışdır. İmamlıq isə peyğəmbərlik yolunda bir hərəkətdir. Bu da ondan ötrüdür ki, bu hərəkətin ağıl, ruh və qəlbdə kök salmış bir İslam olması üçün insanın islami hissiyyatını dərinləşdirsin.

Bu, mövlud dərsidir…

Yalnız xarici formasına görə deyil, missiyaya görə mövluda məna verin.

Mühəmməd yalnız Peyğəmbərdir. Ondan əvvəl peyğəmbərlər gəlib getmişdir. Əgər o ölsə ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər”.[8]

Mühəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, birbirinə qarşı isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza (razılıq) lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. Bu, onların Tövratdakı İncildəki vəsfidir. …”[9]

Görürsənmi ki, zaman bizi ondan ayırsa belə, bu xətlə gedirik, əqidəsində, şəriətində, hərəkətində onunla birlikdə olmaq üçün o dünyada və bu dünyada onunla olmaq üçün bu yolla gedirik. “… Qoy yarışanlar onun üçün yarışsınlar!”[10]

Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur!

Müəllif: Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah

Xütbə 11 iyul 1998-ci ildə söylənmişdir.


[1] “Nisa”, 59

[2] “Biharul-ənvar”, c. 75, f. 64, 212-ci hədis

[3] “Müstədrəkul-vəsail”, c. 12, f. 32, 6-145-ci hədis

[4] “Ali-İmran”, 103

[5] “Biharul-ənvar”, c. 74, b. 20, 120-ci hədis

[6] “Biharul-ənvar”, c. 27, b. 4, f. 57

[7] “Ali-İmran”, 31

[8] “Ali-İmran”, 144

[9] “Fəth”, 29

[10] “Mütəffifin”, 26

SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN MÜRACİƏTİ

PEYĞƏMBƏRİN MÖVLUDU MÜNASİBƏTİLƏ MÜRACİƏT

“MƏZHƏBÇİLİK DÜŞMƏNİN HƏDƏFLƏRİNİ HƏYATA KEÇİRİR!”

SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN PEYĞƏMBƏRİN

MÖVLUDUNUN İLDÖNÜMÜNDƏ ƏRƏB VƏ İSLAM

DÜNYASINA YÖNƏLTDİYİ MÜRACİƏT

Seyid Fəzlullah: “Məzhəbçilik çıxışları müqavimət hərəkatı ilə birbaşa müharibədə məğlub olmuş düşmənin dağıdıcı hədəflərinə xidmət edir”.

Dini rəhbər Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah hesab edir ki, İslam vəhdəti və birliyi sənin seçəcəyin və ya tərk edəcəyin bir məsələ deyil, əksinə müsbət ruha əsaslanan elə bir yoldur ki, Allah müsəlmanın bu yol üzərində başqası ilə münasibət qurmasını istəmişdir. Seyid Fəzlullah bildirir ki, bu birlik ümmətin strateji mövqelərinə ağalıq etməkdə olan zülmkarların planlarından əziyyət çəkir. Despot informasiya və psixoloji müharibə vasitəsilə ümmətin bir firqəsini digəri ilə qarşı-qarşıya qoyur.

Seyid Fəzlullah Peyğəmbərin vəsiyyətinə əməl edərək ümməti bir-birini küfrdə ittiham etməkdən çəkinməyə çağırır. O, müsəlmanlara məsləhət görür ki, dünyanı Rəsuli-əkrəmin şəxsiyyəti ilə tanış edən əks həmləyə keçsinlər. O, xəbərdarlıq edir ki, müqavimət hərəkatı ilə birbaşa müharibədə uduzan sionist düşmən öz dağıdıcı hədəflərini gerçəkləşdirməyə başlamışdır. Düşmən bu işdə məzhəbçilik hərəkətləri ilə fürsətlər yaradan bəzilərindən açıq istifadə edir.

Rəsuli-əkrəmin mövludu münasibəti ilə Seyid ərəblərə və digər müsəlmanlara müraciət etmişdir. Həmin müraciətdə deyilir: “Müsəlmanlar rəvayətlərə əsaslanaraq Peyğəmbərin doğum günü tarixində ixtilaflı fikirlər söyləyirlər. Bir çox sünni müsəlmanlar və bəzi şiələr rəbiüləvvəl ayının on ikisini, əksər şiə müsəlmanlar və ola bilsin ki, onlardan başqaları da rəbiüləvvəl ayının on yeddisini əsas götürürlər.

Bu ixtilaf istər ictihad sahəsində, istər tarixi araşdırmada, istərsə də elmi sahələrdə geniş əks-səda doğurur. Bəzilərinin bir mövzunu sübuta yetirmək üçün kifayət hesab etdiklərini, digərləri kafi saymır. Bu məsələ ümumbəşəri ixtilafın bir hissəsidir ki, din, məzhəb və cərəyanlar da bundan xali deyildir. Lakin təkidlə qeyd etmək lazımdır ki, bizim Peyğəmbərə olan bağlılığımız missiyaya (risalətə) olan bağlılıqdır. Bir müsəlman kimi bizim bu bağlılığımızı Peyğəmbərin gəlişi və apardığı mübarizə nəticəsində meydana gəlmiş İslam dini təsdiq edir. Bu yolda İslam dini böyük maneələrlə üzləşmişdir ki, bu maneələr də öz növbəsində insanı şirk palçığında saxlamaq, bütpərəstlik geriliyinə çəkmək, fitrətdən, əxlaq və dəyərlərdən uzaqlaşdırmaq istəyir.

Buna görə də görürük ki, Quran-kərim peyğəmbərlərin missiyasından və tarix boyu bizə nümunə olmuş təcrübələrindən bəhs edir və onların mövludunu və ya hər hansı şəxsi bəşəri xüsusiyyətlərini qeyd etməklə maraqlanmır, çünki mömin insanın onun üzərinə düşən vəzifə borcundan uzaq şəxsi xüsusiyyət içərisində itib-batmasını istəmir, əksinə hamımıza örnək ola biləcək missiyanı yerinə yetirməsini istəyir.

Quranın Musa və İsa peyğəmbərlərin doğumu ilə maraqlanmasına gəlincə o, bu zaman şəxsi elementlər cəhətindən deyil, onların missiya hərəkatı və onun bəzi məzmunlarına bağlılıqlarından irəli gəlir.

Buna görə də mövludun tarixi bizi çox maraqlandırmır, ola bilsin ki, nümunə olmaq və ibrət götürmək baxımından müqayisədə bizi öz zaman xüsusiyyətlərində bütöv tarix belə maraqlandırmır, əksinə bizi Peyğəmbərin vəhyi və ya həyatı zənginləşdirən və bəşəriyyəti işığa doğru aparan fikri, hazırkı həyatımıza yol göstərən ibrətli məqamları və gedişatı, Allaha doğru aparan yolu ehtiva edən tarixi hadisələr maraqlandırır və həmçinin bizi Rəsulun missiyaçı dəyərin mənasını təcəssüm etdirdiyi iş məşğul edir.

Bütün hallarda Peyğəmbərin mövlud tarixi ilə bağlı yaranan ixtilaflar missiyanın dəyərləri üzərindəki ixtilafa çevrilməməlidir, çünki bu dəyərlər Peyğəmbərin özü kimi müsəlmanların vəhdətini təşkil edir. Biz bu gün dünyanı Mühəmməd Peyğəmbərlə tanış etməliyik, çünki o, Quranın danışan dili olmuş, aləmlərə rəhmət olaraq göndərilmiş, təcəssüm edən ruh və hərəkət edən dəyər olmuşdur.

İndi isə həll olunması çətin, lakin mümkün, həm də vacib olan bir neçə məsələyə aydınlıq gətirmək istərdik:

Birinci: İslam birliyi və vəhdəti sənin seçəcəyin və ya tərk edəcəyin bir məsələ deyil, əksinə müsbət ruha əsaslanan elə bir yoldur ki, Allah müsəlmanın bu yol üzərində başqası ilə münasibət qurmasını istəmişdir. Müsəlmanlar arasında bütün müştərək məqamlar bu vəhdətdə cəm olmuşdur. Qoy çoxşaxəlik İslam cəmiyyətində güc ünsürlərini artırsın, müsəlmanların əlaqələrini gücləndirsin! Bütün dünyanın gözü müsəlmanlardadır, çünki biz islami dəyərlərə əks olan və əxlaqa zidd bir dünyada yaşayırıq. Bu dünya şəxsi mənafelər üzərində qurulmuşdur. İslam dini insanı bu dünyanın köləliyindən, haram ləzzətlərindən, şəhvət və əyləncələrindən xilas etmək üçün gəlmişdir. Qoy insan öz azadlığı ilə həm bütün dünya qarşısında, həm də öz nəfsi qarşısında yüksəklərə ucalsın.

Hal-hazırda İslam vəhdəti iki istiqamətdən hədəfə alınmışdır:

a) Beynəlxalq aləmdə hegemon qüvvələr daim ümmətin strateji mövqelərinə, onun sərvət və gücünə hakim olmaq və siyasi hərəkatına təzyiq etmək üçün planlar qurur.

b) İnformasiya və psixoloji müharibə ümməti qarşı-qarşıya qoymağa çalışır, bizi bir-birimizə düşmən göstərməyə cəhd edir, habelə İslam reallığını rasionalizmdən təəssübkeşliyə çevirəcək məzhəbçiliyin təhrik elementlərini gücləndirmək məqsədini güdür. Həzrət Peyğəmbər təəssübkeşlik haqqında buyurmuşdur: “Təəssübkeşliyə səsləyən, təəssübkeşlik üzərində vuruşan və təəssübkeş olaraq ölən şəxs bizdən deyildir”. Yenə buyurmuşdur: “Kim təəssübkeşlik edərsə, yaxud onun üçün təəssübkeşlik edilərsə, iman kəməndini boynundan çıxarmışdır”.

İkinci: Ümmət arasında təkfir (bir-birini küfrdə ittiham etmək) fikrini aradan qaldırmaq lazımdır. Bu, ömrünün sonunda Allah Rəsulunun etdiyi vəsiyyətidir. O buyurmuşdur: “Bu gününüzün (həcc günlərinin) və bu şəhərinizin (Məkkənin) toxunulmazlığını tapdalamaq haram olduğu kimi haqq istisna olmaqla qanınızı, mallarınızı və irzinizi Allah-Taala bir-birinizə haram etmişdir… Əsla mənim vəfatımdan sonra təkrarən cahiliyyədəki küfrə geri dönüb bir-birinizin boynunu vurmayın. …” Allah-Taala hamımıza xitab edərək deyir: “Əgər bir iş barəsində mübahisə etsəniz, … Allaha və Rəsula müraciət edin!…”[1] İxtilaflarımızı danışıqlar yolu ilə həll edib Allahın Kitabına və Onun Peyğəmbərinin Sünnəsinə müraciət etməliyik. Bir-birimizi başa düşməli, Quranın və Sünnənin fəhm edilməsi ilə bağlı ictihadlarda ixtilafa vardıqda bir-birimizi məzur görməliyik.

Üçüncü: Peyğəmbərimizin parlaq surətini bütün dünyaya yaymalıyıq ki, dünya rəhmət, düşüncə, zənginlik və ruhu əks etdirən bu şəxsiyyətin həqiqi varlığı ilə tanış olsun. Və bunu bu əsrin insanlarının başa düşdüyü dildə etməliyik. Bu, hər bir müsəlmanın heç bir mənası olmayan, boş yerə vaxtını sərf etdiyi əyləncə əvəzinə etməli olduğu ən çox məsuliyyət tələb edən işidir.

Dördüncü: İslam dünyasının idarəçiliyindən məsul olanlar ümməti parçalayan, tamahkar və despotların hədəfinə çevirən sionist düşmənə qarşı mübarizə əvəzinə qardaşlararası münaqişəyə sürükləyən siyasətlərdən uzaq durmalıdırlar.

Beşinci: Müsəlmanlar İslam üzərində öz ağalığını həyata keçirmək istəyən beynəlxalq despota qarşı bir yumruq kimi birləşməlidirlər. Bu despot Əfqanıstandan İraka, Somaliyə, Sudana və İrana qədər əl uzatmaqdadır. Belə zülmkarlar öz planlarında ümmətə qarşı düşmənçilik hazırlamaqdadır. Əgər ümməti sarsıtsa, onun bütün varlığını təhlükə altına atacaqdır. Biz xəbərdar edirik ki, Livan, Fələstin və başqa yerlərdə müqavimət hərəkatı ilə birbaşa müharibədə məğlub olan sionist düşmən öz dağıdıcı məqsədlərini bəzilərimizin məzhəbçilik hərəkatı ilə yaratdığı saysız-hesabsız fürsətlərdən istifadə edərək və bunlardan yararlanaraq həyata keçirməyə başlamışdır. Bəzi informasiya vasitələri, xüsusi araşdırma mərkəzləri düşmənin dəyirmanına su tökərək ümmətin daxildən məhv edilməsinə şərait yaradırlar.

Altıncı: Biz hamılıqla bütün istiqamətlərdə ümmətin haqqını, onun güc strukturlarını, şərəfini və övladlarının gələcəyini qorumalı, hər vasitə ilə düşmənin axtardığı fürsəti ona verməməliyik. Ümmətin bütün azad insanları islami mövqelərə güc strukturları kimi baxmalı, bu strukturların gücündən ümmətin düşmənlərinə qarşı istifadə etməli, regional tayfaçılıq və ya məzhəbçilik fikirlərindən əl çəkərək strateji mövqe tutmalıdırlar.

Nəhayət: Bütün müsəlmanlara müraciət edərək deyirik: Allah xatirinə, Allah xatirinə İslam dinini qoruyaq! İslam dinini öz məzhəbçiliyiniz, təəssübkeşliyiniz çərçivəsində həbs etməyin! Onu öz nifrət və düşmənçiliyinizlə məhv etməyin! Cəhalət və geriliklə onu şikəst etməyin! Şəxsi mənafeləriniz naminə İslamı itirməyin! İslam övladlarının qanını onları küfrdə ittiham etməklə vəhşicəsinə tökməyin! Öz gücünüzlə ona güc qatıb, istedadlarınızla və qabiliyyətinizlə onu dünyaya yayın! İradənizin gücü ilə, vəhdətinizlə daha da onu gücləndirin! Onu düşmənlərin sui-qəsdlərinə məruz qoymayın, diktatorların planlarına hədəf etməyin! Allahım, bir şey çatdıra bildimmi? Allahım, şahid ol!

“MİLLİ GÖRÜŞ” jurnalı, 2-ci buraxılış, səh. 6

Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullahın bürosu

Tarix: h. q. 10 rəbiüləvvəl 1431 – m. 24.02.2010


[1] “Nisa”, 59

RAMAZAN AYI – İLAHİ TƏQVA ÜZƏRİNDƏ İRADƏNİN TƏRBİYƏ OLUNMASI AYI 

RAMAZAN AYININ ASTANASINDA

Gələcək günlərdə ramazan ayının istiqbalına çıxacağıq. İmam Zeynulabidin əleyhissəlamın dediyi kimi ramazan ayı “İslam və paklıq ayıdır”. Allah Rəsulu da ramazan ayına “Ümmətimin ayı” demişdir. Məqam və dərəcələrlə dolu belə bir ayın istiqbalına çıxdığımız vaxt, islami şəxsiyyətin forması ilə əlaqəli olan amillərin bu ayda tanınmasına çalışmalıyıq. Burada çox mühüm bir nöqtə vardır ki, biz ona diqqət etməliyik. Oxumağa davam et

QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?! (DAVAMI)

QURANDA QADIN TİMSALI

“Əhzab” surəsində mübariz qadınlar və kişilər haqqında danışarkən Allah-Taala saleh əmələ görə müsbət nəticələrdə kişilərlə qadınlar arasında fərq qoymamışdır. Allah-Taala buyurur: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, fərclərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”[1] Oxumağa davam et

QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?!

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur!

Allahın salamı və rəhməti Onun Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə olsun!

QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?!

Əql məsələsində diqqət yetirəcəyimiz araşdırmalardan biri də qadın əqli barəsində apardığımız araşdırmadır. Doğrudan da, Allah qadının əqlini kişinin əqlindən zəif yaratmışdır? Yoxsa, düşüncə qabiliyyəti, inkişaf və mərifətdə, dərinlikdə qadının əqli kişinin əqlinə bərabərdir?!

QADININ ƏQLİ

İnsanlar arasında belə bir fikir yayılmışdır ki, qadının əqli kişinin əqlindən azdır. Bəziləri bir az da irəli gedərək hesab edirlər ki, qadının əqli kişinin əqlinin yarısına çatmır. Oxumağa davam et