HƏZRƏT MÜHƏMMƏDİN (S) HƏYATINA QISA BİR BAXIŞ

HƏZRƏT MÜHƏMMƏDİN (S) HƏYATI

HAQQINDA QISA MƏLUMAT

Peyğəmbərlərin sonuncusu Həzrət Mühəmməd (s) şəriət və kitab sahibidir və müsəlmanlar da ona iman gətiriblər.

Həzrət Mühəmməd (s) hicrətdən 53 il əvvəl (m. 571-ci il) Hicazın Məkkə şəhərində, ərəblərin böyük soykökə malik və dəyərli Qüreyş qəbiləsindən olan Bəni-Haşim ailəsində dünyaya göz açmışdır.

Atasının adı Abdullah, anasının adı isə Aminə olmuşdur. O, kiçik yaşlarında ikən ata və anasını itirmiş, babası Əbdülmüttəlibin himayəsində böyümüşdür. Lakin bir müddət keçəndən sonra babası da vəfat etmiş və beləcə əmisi Əbutalib ona baxmağı öz öhdəsinə götürmüşdür. O Həzrət əmisinin evində boya-başa çatmışdır. Hələ yetkinlik yaşına çatmamışdan əvvəl əmisi ilə birlikdə Şama getmişdir.

Peyğəmbər təhsil almadığı üçün oxuyub-yazmağı bilmirdi, lakin yetkinlik yaşına çatdıqdan sonra ağıllı, tərbiyəli və yüksək əxlaqlı bir gənc kimi tanındı. Qüreyşin varlı qadınlarından olan Hz. Xədicə bütün malını o Həzrətə həvalə edərək ticarət işinə rəhbərliyi ona tapşırdı.

O Həzrət başqa səfərlərindən birində Şama apardığı malı orada sataraq böyük bir mənfəət ilə geri qayıtdı. Uzun bir müddət keçmədən bu qadın Həzrətə evlənmə təklifi etdi. Peyğəmbər bu təklifi qəbul edərkən iyirmi beş yaşında idi. Qırx yaşına qədər cəmiyyətdə sözünə əməl edən bir insan kimi tanındı, bütə ibadət etmədi. Hətta bəzən gözdən uzaq yerlərə çəkilərək öz Məbuduna ibadət edərdi. Qırx yaşında Təhamə dağının Hira mağarasında ibadət edərkən peyğəmbərliyə seçildi və cəmiyyəti tövhidə dəvət etməklə vəzifələndirildi. Burada Quranın “Ələq” surəsinin ilk beş ayəsi o Həzrətə nazil oldu. Həzrət həmin gün evə qayıdarkən əmisi oğlu Əli ilə qarşılaşdı. Əli onu diqqətlə dinlədi və iman gətirdiyini bildirdi. Evə gələndən sonra vəziyyətdən agah olan həyat yoldaşı da İslamı qəbul etdi.

O Həzrət dəvətini açıq şəkildə elan edəndə çox üzücü və iztirablı bir münasibətlə qarşılaşdı. Buna görə də gizli formada fəaliyyət göstərməyə məcbur oldu, lakin yenə Allah tərəfindən ən yaxın qohumlarını dəvət etməklə vəzifələndirildi. Peyğəmbər bütün qohumlarını İslama dəvət etdi, ancaq Əlidən başqa heç kim iman gətirmədi. Əhli-Beytdən əldə edilən rəvayətlərə və Əbutalibdən nəql olunan şeirlərə görə şiə məzhəbi buna etiqad etmişdir ki, Peyğəmbərin əmisi Əbutalib bu dəvəti qəbul etmişdir. Lakin Qüreyş qəbiləsi arasında tutduğu mövqeyə əsaslanaraq Peyğəmbəri qorusun deyə imanını gizlədirdi. Bundan sonra Peyğəmbər Allahdan aldığı vəzifəyə görə açıq dəvətə başladı, lakin bu başlanğıc Qüreyşin müsəlmanlara əzab-əziyyət verməsi ilə nəticələndi. Çətinliklər o qədər çoxaldı ki, müsəlmanlardan bir qismi Peyğəmbərin əmri ilə evlərini tərk edib Həbəşistana hicrət etdilər. Peyğəmbər öz əmisi və Bəni-Haşimdən olan qohumları ilə birlikdə üç il Əbutalib dərəsində (şibi-Əbutalib) müəyyən qadağalar altında yaşadılar. Heç kimin onlara yardım etməyə və onlarla görüşməyə ixtiyarı yox idi. Həmin dərədən kənara çıxa bilməzdilər.

Məkkə bütpərəstləri istehza etmək, döymək və hər cür işgəncələrdən başqa, bəzən də ona dəvətindən əl çəkməsi üçün yumşaqlıq göstərirdilər. Ona çox sərvət, rəyasət və səltənət təklif edirdilər, lakin onların təhdidləri və hörmətlə yanaşmaları da Peyğəmbəri görüşündə daha da sabitləşdirirdi. Bir gün həmin təklif ona veriləndə Peyğəmbər: “Günəşi sağ əlimə, ayı isə sol əlimə qoysanız da, mən öz dəvətimdən əl çəkməz və Allahın əmrlərini pozmaram”, – cavabını verdi.

Bə’sətdən on il keçdi və iqtisadi təzyiqin götürülməsindən sonra özünün böyük qoruyucusu olan Əbutalib və vəfalı həyat yoldaşı Xədicəni itirdi. Artıq Həzrətin sığınacağı bir kimsə yox idi, çünki Məkkə bütpərəstləri planlı və gizli bir sui-qəsd hazırlayaraq gecə vaxtı o Həzrəti öldürmək istəyirdilər.

Lakin Allah bu planı Öz Elçisinə bildirərək onun Yəsribə hicrət etməsinə əmr verdi. Peyğəmbər Əlini öz yatağında yatmaqla vəzifələndirdi. Allahın qeybi yardımı ilə Peyğəmbər düşmənlərin onun üçün qurduğu plandan sağ-salamat çıxdı. Məkkənin yaxınlığında olan bir mağarada üç gün qaldı. Məkkə bütpərəstlərinin hər tərəfi axtarıb onu tapmadıqda məyus olub geri qayıtdıqlarını anlayınca mağaradan çıxıb Yəsribə doğru hərəkət etdi.

Yəsrib şəhərinin sayılıb-seçilən şəxslərindən bir qismi əvvəlcədən Peyğəmbərlə görüşüb iman gətirmişdilər. Buna görə də Yəsrib şəhərinin camaatı Peyğəmbərin oraya gəlməsini yaxşı qarşıladı. Öz mallarını və canlarını o Həzrətin əmrinə verdilər.

Peyğəmbər Yəsribdə ilk olaraq kiçik bir cəmiyyət yaratdı. Ətrafda olan yəhudi və qüvvətli ərəb qəbilələri ilə müqavilə imzalayaraq geniş bir şəkildə dəvətə başladı. Bundan sonra Yəsrib şəhərinə “Peyğəmbər şəhəri” (Mədinətur-Rəsul) deyildi.

İslam gündən-günə inkişaf edir və geniş əraziləri əhatə edirdi. Məkkədə işgəncə altında yaşayan müsəlmanlar bunu eşidincə evlərini və mallarını tərk edərək Mədinəyə hicrət etməyə başladılar. Bunlar mühacir adı ilə tanınırdılar. Mədinəlilər də Peyğəmbərə yardım etdikləri üçün ənsar adı ilə tanındılar.

İslam dini sürətlə yayılırdı, lakin Hicazda olan yəhudi tayfaları və Məkkə kafirləri əllərindən gələn bütün səyləri müsəlmanların içərisində tanınmadan yaşayan münafiqlərin yardımı ilə müsəlmanlara qarşı əsirgəmədilər. Hər gün yeni bir hadisə meydana gəlirdi. Nəticədə bu hərəkətlər böyük və kiçik döyüşlərə yol açdı və bu döyüşlərin çoxunda İslam ordusu yəhudi və ərəb bütpərəstlərinə qarşı müzəffər oldu. Belə döyüşlərin sayı səksəndən artıqdır. Bədr, Ühüd, Xəndəq və Xeybər kimi böyük döyüşlərin əksəriyyətində Peyğəmbər şəxsən özü döyüşdə iştirak etmişdir. Bu döyüşlərin çoxunda Əli zəfər bayrağını əlində tutaraq irəliləyirdi. O, heç bir döyüşdən geri çəkilməyən bir şəxs idi. Hicrətdən sonrakı döyüşlərdə iki yüzə yaxın müsəlman şəhid edildi və minə yaxın kafir öldürüldü.

Peyğəmbərin ciddi fəaliyyəti, ənsar və mühacirlərin göstərdiyi fədakarlıqlar nəticəsində İslam dini on il müddətində Ərəbistan yarımadasında geniş şəkildə yayıldı. Buna görə də Peyğəmbər xaricdəki böyük dövlətləri və güclü qüvvələri İslama dəvət etdi. Rum, İran, Həbəşistan və Misir bu dəvət məktublarını alan ilk ölkələr oldu.

Peyğəmbər kasıb şəraitdə yaşayar və bununla da fəxr edərdi. Vaxtını əsla boş keçirməzdi. O, vaxtını üç yerə bölmüşdü. Bir hissəsini ibadət etməyə, ikinci hissəsini ailə işləri ilə məşğul olmağa, üçüncü hissəsini isə cəmiyyətdə İslamı yaymağa və İslam hökumətinin xarici və daxili işlərini nizama salmağa ayırmışdı.

Peyğəmbər hicrətdən on il sonra Mədinədə bir yəhudi qadının yeməyinə zəhər qatması nəticəsində xəstələndi və bir neçə gündən sonra vəfat etdi. Ömrünün son anlarında o, qadınlara və kölələrə yaxşı baxmağı insanlara tövsiyə etdi.

“MİLLİ GÖRÜŞ” jurnalı, say 2, səh. 3

SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN MÜRACİƏTİ

PEYĞƏMBƏRİN MÖVLUDU MÜNASİBƏTİLƏ MÜRACİƏT

“MƏZHƏBÇİLİK DÜŞMƏNİN HƏDƏFLƏRİNİ HƏYATA KEÇİRİR!”

SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN PEYĞƏMBƏRİN

MÖVLUDUNUN İLDÖNÜMÜNDƏ ƏRƏB VƏ İSLAM

DÜNYASINA YÖNƏLTDİYİ MÜRACİƏT

Seyid Fəzlullah: “Məzhəbçilik çıxışları müqavimət hərəkatı ilə birbaşa müharibədə məğlub olmuş düşmənin dağıdıcı hədəflərinə xidmət edir”.

Dini rəhbər Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah hesab edir ki, İslam vəhdəti və birliyi sənin seçəcəyin və ya tərk edəcəyin bir məsələ deyil, əksinə müsbət ruha əsaslanan elə bir yoldur ki, Allah müsəlmanın bu yol üzərində başqası ilə münasibət qurmasını istəmişdir. Seyid Fəzlullah bildirir ki, bu birlik ümmətin strateji mövqelərinə ağalıq etməkdə olan zülmkarların planlarından əziyyət çəkir. Despot informasiya və psixoloji müharibə vasitəsilə ümmətin bir firqəsini digəri ilə qarşı-qarşıya qoyur.

Seyid Fəzlullah Peyğəmbərin vəsiyyətinə əməl edərək ümməti bir-birini küfrdə ittiham etməkdən çəkinməyə çağırır. O, müsəlmanlara məsləhət görür ki, dünyanı Rəsuli-əkrəmin şəxsiyyəti ilə tanış edən əks həmləyə keçsinlər. O, xəbərdarlıq edir ki, müqavimət hərəkatı ilə birbaşa müharibədə uduzan sionist düşmən öz dağıdıcı hədəflərini gerçəkləşdirməyə başlamışdır. Düşmən bu işdə məzhəbçilik hərəkətləri ilə fürsətlər yaradan bəzilərindən açıq istifadə edir.

Rəsuli-əkrəmin mövludu münasibəti ilə Seyid ərəblərə və digər müsəlmanlara müraciət etmişdir. Həmin müraciətdə deyilir: “Müsəlmanlar rəvayətlərə əsaslanaraq Peyğəmbərin doğum günü tarixində ixtilaflı fikirlər söyləyirlər. Bir çox sünni müsəlmanlar və bəzi şiələr rəbiüləvvəl ayının on ikisini, əksər şiə müsəlmanlar və ola bilsin ki, onlardan başqaları da rəbiüləvvəl ayının on yeddisini əsas götürürlər.

Bu ixtilaf istər ictihad sahəsində, istər tarixi araşdırmada, istərsə də elmi sahələrdə geniş əks-səda doğurur. Bəzilərinin bir mövzunu sübuta yetirmək üçün kifayət hesab etdiklərini, digərləri kafi saymır. Bu məsələ ümumbəşəri ixtilafın bir hissəsidir ki, din, məzhəb və cərəyanlar da bundan xali deyildir. Lakin təkidlə qeyd etmək lazımdır ki, bizim Peyğəmbərə olan bağlılığımız missiyaya (risalətə) olan bağlılıqdır. Bir müsəlman kimi bizim bu bağlılığımızı Peyğəmbərin gəlişi və apardığı mübarizə nəticəsində meydana gəlmiş İslam dini təsdiq edir. Bu yolda İslam dini böyük maneələrlə üzləşmişdir ki, bu maneələr də öz növbəsində insanı şirk palçığında saxlamaq, bütpərəstlik geriliyinə çəkmək, fitrətdən, əxlaq və dəyərlərdən uzaqlaşdırmaq istəyir.

Buna görə də görürük ki, Quran-kərim peyğəmbərlərin missiyasından və tarix boyu bizə nümunə olmuş təcrübələrindən bəhs edir və onların mövludunu və ya hər hansı şəxsi bəşəri xüsusiyyətlərini qeyd etməklə maraqlanmır, çünki mömin insanın onun üzərinə düşən vəzifə borcundan uzaq şəxsi xüsusiyyət içərisində itib-batmasını istəmir, əksinə hamımıza örnək ola biləcək missiyanı yerinə yetirməsini istəyir.

Quranın Musa və İsa peyğəmbərlərin doğumu ilə maraqlanmasına gəlincə o, bu zaman şəxsi elementlər cəhətindən deyil, onların missiya hərəkatı və onun bəzi məzmunlarına bağlılıqlarından irəli gəlir.

Buna görə də mövludun tarixi bizi çox maraqlandırmır, ola bilsin ki, nümunə olmaq və ibrət götürmək baxımından müqayisədə bizi öz zaman xüsusiyyətlərində bütöv tarix belə maraqlandırmır, əksinə bizi Peyğəmbərin vəhyi və ya həyatı zənginləşdirən və bəşəriyyəti işığa doğru aparan fikri, hazırkı həyatımıza yol göstərən ibrətli məqamları və gedişatı, Allaha doğru aparan yolu ehtiva edən tarixi hadisələr maraqlandırır və həmçinin bizi Rəsulun missiyaçı dəyərin mənasını təcəssüm etdirdiyi iş məşğul edir.

Bütün hallarda Peyğəmbərin mövlud tarixi ilə bağlı yaranan ixtilaflar missiyanın dəyərləri üzərindəki ixtilafa çevrilməməlidir, çünki bu dəyərlər Peyğəmbərin özü kimi müsəlmanların vəhdətini təşkil edir. Biz bu gün dünyanı Mühəmməd Peyğəmbərlə tanış etməliyik, çünki o, Quranın danışan dili olmuş, aləmlərə rəhmət olaraq göndərilmiş, təcəssüm edən ruh və hərəkət edən dəyər olmuşdur.

İndi isə həll olunması çətin, lakin mümkün, həm də vacib olan bir neçə məsələyə aydınlıq gətirmək istərdik:

Birinci: İslam birliyi və vəhdəti sənin seçəcəyin və ya tərk edəcəyin bir məsələ deyil, əksinə müsbət ruha əsaslanan elə bir yoldur ki, Allah müsəlmanın bu yol üzərində başqası ilə münasibət qurmasını istəmişdir. Müsəlmanlar arasında bütün müştərək məqamlar bu vəhdətdə cəm olmuşdur. Qoy çoxşaxəlik İslam cəmiyyətində güc ünsürlərini artırsın, müsəlmanların əlaqələrini gücləndirsin! Bütün dünyanın gözü müsəlmanlardadır, çünki biz islami dəyərlərə əks olan və əxlaqa zidd bir dünyada yaşayırıq. Bu dünya şəxsi mənafelər üzərində qurulmuşdur. İslam dini insanı bu dünyanın köləliyindən, haram ləzzətlərindən, şəhvət və əyləncələrindən xilas etmək üçün gəlmişdir. Qoy insan öz azadlığı ilə həm bütün dünya qarşısında, həm də öz nəfsi qarşısında yüksəklərə ucalsın.

Hal-hazırda İslam vəhdəti iki istiqamətdən hədəfə alınmışdır:

a) Beynəlxalq aləmdə hegemon qüvvələr daim ümmətin strateji mövqelərinə, onun sərvət və gücünə hakim olmaq və siyasi hərəkatına təzyiq etmək üçün planlar qurur.

b) İnformasiya və psixoloji müharibə ümməti qarşı-qarşıya qoymağa çalışır, bizi bir-birimizə düşmən göstərməyə cəhd edir, habelə İslam reallığını rasionalizmdən təəssübkeşliyə çevirəcək məzhəbçiliyin təhrik elementlərini gücləndirmək məqsədini güdür. Həzrət Peyğəmbər təəssübkeşlik haqqında buyurmuşdur: “Təəssübkeşliyə səsləyən, təəssübkeşlik üzərində vuruşan və təəssübkeş olaraq ölən şəxs bizdən deyildir”. Yenə buyurmuşdur: “Kim təəssübkeşlik edərsə, yaxud onun üçün təəssübkeşlik edilərsə, iman kəməndini boynundan çıxarmışdır”.

İkinci: Ümmət arasında təkfir (bir-birini küfrdə ittiham etmək) fikrini aradan qaldırmaq lazımdır. Bu, ömrünün sonunda Allah Rəsulunun etdiyi vəsiyyətidir. O buyurmuşdur: “Bu gününüzün (həcc günlərinin) və bu şəhərinizin (Məkkənin) toxunulmazlığını tapdalamaq haram olduğu kimi haqq istisna olmaqla qanınızı, mallarınızı və irzinizi Allah-Taala bir-birinizə haram etmişdir… Əsla mənim vəfatımdan sonra təkrarən cahiliyyədəki küfrə geri dönüb bir-birinizin boynunu vurmayın. …” Allah-Taala hamımıza xitab edərək deyir: “Əgər bir iş barəsində mübahisə etsəniz, … Allaha və Rəsula müraciət edin!…”[1] İxtilaflarımızı danışıqlar yolu ilə həll edib Allahın Kitabına və Onun Peyğəmbərinin Sünnəsinə müraciət etməliyik. Bir-birimizi başa düşməli, Quranın və Sünnənin fəhm edilməsi ilə bağlı ictihadlarda ixtilafa vardıqda bir-birimizi məzur görməliyik.

Üçüncü: Peyğəmbərimizin parlaq surətini bütün dünyaya yaymalıyıq ki, dünya rəhmət, düşüncə, zənginlik və ruhu əks etdirən bu şəxsiyyətin həqiqi varlığı ilə tanış olsun. Və bunu bu əsrin insanlarının başa düşdüyü dildə etməliyik. Bu, hər bir müsəlmanın heç bir mənası olmayan, boş yerə vaxtını sərf etdiyi əyləncə əvəzinə etməli olduğu ən çox məsuliyyət tələb edən işidir.

Dördüncü: İslam dünyasının idarəçiliyindən məsul olanlar ümməti parçalayan, tamahkar və despotların hədəfinə çevirən sionist düşmənə qarşı mübarizə əvəzinə qardaşlararası münaqişəyə sürükləyən siyasətlərdən uzaq durmalıdırlar.

Beşinci: Müsəlmanlar İslam üzərində öz ağalığını həyata keçirmək istəyən beynəlxalq despota qarşı bir yumruq kimi birləşməlidirlər. Bu despot Əfqanıstandan İraka, Somaliyə, Sudana və İrana qədər əl uzatmaqdadır. Belə zülmkarlar öz planlarında ümmətə qarşı düşmənçilik hazırlamaqdadır. Əgər ümməti sarsıtsa, onun bütün varlığını təhlükə altına atacaqdır. Biz xəbərdar edirik ki, Livan, Fələstin və başqa yerlərdə müqavimət hərəkatı ilə birbaşa müharibədə məğlub olan sionist düşmən öz dağıdıcı məqsədlərini bəzilərimizin məzhəbçilik hərəkatı ilə yaratdığı saysız-hesabsız fürsətlərdən istifadə edərək və bunlardan yararlanaraq həyata keçirməyə başlamışdır. Bəzi informasiya vasitələri, xüsusi araşdırma mərkəzləri düşmənin dəyirmanına su tökərək ümmətin daxildən məhv edilməsinə şərait yaradırlar.

Altıncı: Biz hamılıqla bütün istiqamətlərdə ümmətin haqqını, onun güc strukturlarını, şərəfini və övladlarının gələcəyini qorumalı, hər vasitə ilə düşmənin axtardığı fürsəti ona verməməliyik. Ümmətin bütün azad insanları islami mövqelərə güc strukturları kimi baxmalı, bu strukturların gücündən ümmətin düşmənlərinə qarşı istifadə etməli, regional tayfaçılıq və ya məzhəbçilik fikirlərindən əl çəkərək strateji mövqe tutmalıdırlar.

Nəhayət: Bütün müsəlmanlara müraciət edərək deyirik: Allah xatirinə, Allah xatirinə İslam dinini qoruyaq! İslam dinini öz məzhəbçiliyiniz, təəssübkeşliyiniz çərçivəsində həbs etməyin! Onu öz nifrət və düşmənçiliyinizlə məhv etməyin! Cəhalət və geriliklə onu şikəst etməyin! Şəxsi mənafeləriniz naminə İslamı itirməyin! İslam övladlarının qanını onları küfrdə ittiham etməklə vəhşicəsinə tökməyin! Öz gücünüzlə ona güc qatıb, istedadlarınızla və qabiliyyətinizlə onu dünyaya yayın! İradənizin gücü ilə, vəhdətinizlə daha da onu gücləndirin! Onu düşmənlərin sui-qəsdlərinə məruz qoymayın, diktatorların planlarına hədəf etməyin! Allahım, bir şey çatdıra bildimmi? Allahım, şahid ol!

“MİLLİ GÖRÜŞ” jurnalı, 2-ci buraxılış, səh. 6

Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullahın bürosu

Tarix: h. q. 10 rəbiüləvvəl 1431 – m. 24.02.2010


[1] “Nisa”, 59

2025-Cİ İLİN İKİNCİ AY TUTULMASI OLACAQ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bu ilin (h. q. 1447 – m. 2025) ikinci Ay tutulması sentyabr ayının 7-də olacaq. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı, Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismənyarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək. (AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası)

Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

Ay tutulduqda – istər tam olsun, istərsə də qismən – şiə məzhəbinə görə hər bir mükəlləfin namaz qılması vacibdir. Bu namaza ayat namazı, yaxud xüsuf namazı (səlatul-xüsuf) deyilir.

DİQQƏT: Ayat namazı Ay tutulması Azərbaycanda müşahidə olunmağa başlayandan etibarən qılınmalıdır. Onun vaxtı tutulma tamamən açılana qədər davam edir.

ŞİƏ MƏZHƏBİNDƏ AYAT NAMAZININ HÖKMLƏRİ

AYAT NAMAZI NECƏ QILINIR?

Ayat namazı ikirükətli namazdır. Hər rükətdə beş rüku və iki səcdə vardır. Ayat namazı iki şəkildə qılına bilər:

Birinci şəkil; mükəlləf “Allah rizası üçün ayat namazı qılıram”, – şəklində niyyət etdikdən və təkbirətül-ehram dedikdən sonra Həmd və Surə oxuyur və rükuya gedir. Rükudan sonra ikinci dəfə Həmd və Surə oxuyur və rükuya gedir və beşinci rükuya gedənə qədər həmin tərtibə (qaydaya) əməl edir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedir və iki səcdədən sonra ikinci rükəti də həmin qaydada qılır və ikinci rükətin ikinci səcdəsindən sonra təşəhhüd və salamı oxuyur. Namaz tamamlanır.

İkinci şəkil; mükəlləf niyyət və təkbirətül-ehramdan sonra Həmd oxuyur və Surəni beş hissəyə bölür. Həmddən sonra Surənin bir hissəsini oxuyur və rükuya gedir. Rükudan sonra Həmdi oxumadan Surənin ikinci hissəsini oxuyub, ikinci rükuya gedir. Ondan sonra Surənin üçüncü hissəsini oxuyur və üçüncü rükuya gedir. Beşinci rükuya çatana qədər həmin tərtibə riayət edir. Əgər beşinci rükudan əvvəl oxuduğu Surədən bir ayədən artıq qalarsa, qalan bütün ayələri oxumalıdır. Beşinci rükudan başını qaldırdıqdan sonra səcdəyə gedir. İki səcdəni yerinə yetirdikdən sonra ikinci rükəti də həmin qayda ilə yerinə yetirir. Səcdələrdən sonra təşəhhüd və salamı oxuyur.

Ayat namazının yüngülləşdirilmiş bu ikinci şəklini qılarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:

• Hər rükudan əvvəl bir tam ayə oxumaq lazımdır;

• Hər rükətdə bir surəni sona çatdırmalıdır. Əgər bir ayədən daha artığı qalarsa, onların hamısını beşinci rükudan əvvəl oxumalıdır. Əgər məsələn, Surə üçüncü rükuda sona çatsa, sonrakı rüku üçün bir Həmd və Surə, yaxud bir Surənin bir hissəsini oxumalıdır və beşinci rükudan əvvəl qalmış rükuların sayına uyğun olaraq Surəni tamamlamalıdır.

Gündəlik namazlarda vacib və ya müstəhəb olan işlər ayat namazında da vacib və ya müstəhəbdir. Deməli, ayat namazını da təharətli halda üzü qibləyə dayanmaq, övrəti örtmək və başqa şərtlərə riayət etməklə qılmaq lazımdır.

GÜNƏŞ, YAXUD AY TUTULDUQDA

AYAT NAMAZININ VAXTI VƏ ONUN HÖKMLƏRİ

Ayat namazının vaxtı Günəş və Ay tutulmağa başladıqda tamamən açılana qədər davam edir. Lakin zəlzələ, şimşək və ondan başqa şeylər üçün qılınan ayat namazının xüsusi bir vaxtı yoxdur. Əksinə, hadisə baş verən kimi mükəlləf dərhal onu qılmalıdır. Əgər dərhal qıla bilməsə və qısa, yaxud uzun bir müddət keçsə, onu qəza niyyəti ilə yerinə yetirməlidir.

Əgər mükəlləf Günəşin, yaxud Ayın tutulmasını onlar açılana qədər bilməsə, əgər disk tam tutulmuşdursa, qəza vacibdir. Əgər qismən tutulmuşdursa, qəza vacib deyil.

Günəşin, yaxud Ayın tutulduğunu bildiyi halda namaz qılmazsa, qəza etməsi vacibdir. İstər tam tutulsun, yaxud qismən. Lakin zəlzələ və bunun kimi işlərə gəlincə onlar baş verdikdə onlardan xəbərdar olmayıbsa da, zaman müddətində dərhal onu yerinə yetirməlidir.

Ayat namazında şəkk etmək bir neçə şəkildə olur:

• Rükətlərin sayında şəkk etmək; bu halda namaz batildir.

• Səcdəyə daxil olmamışdan əvvəl rükuların sayında şəkk etmək; yəni mükəlləf dördüncü, yaxud beşinci rüku olduğuna şəkk edir. Bu zaman fikrini azın üzərinə qoymalı və namazı tamamlamalıdır. Namazı səhihdir.

• Səcdəyə daxil olduqdan sonra rükuların sayında şəkk etmək; bu zaman öz şəkkinə etina etməməlidir.

• Birinci rükətin axırı olan beşinci rükuda, yaxud ikinci rükətin əvvəli olan altıncı rükuda olduğuna şəkk etmək; bu zaman fikrini cəmləyə bilməsə, namazı batildir, çünki namazın rükətlərində şəkk edir.

“Milli Görüş-Sabiqun” hərəkatı

DAHİLİK VƏ TƏHSİL

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Dahiliyin sirri: Keçmişin ustadları, bu günün sistemləri

Tarix boyu dahi insanları yetişdirən məkanlar təsadüfi olmamışdır. Gəncədə Nizami, Kərbəlada Füzuli, Florensiyada Mikelancelo, Venesiyada Vivaldi… Bütün bu adların ortaq cəhəti heç də formal sistem deyil, onların ustad-tələbə ruhunda yoğrulmaları idi.

Mədrəsələr, monastırlar, ustad emalatxanaları – bunlar təhsil ocaqlarından daha çox şəxsiyyətin daxilindəki istedadı ortaya çıxaran bir ünvan idi. Burada öyrənmək sadəcə bilik qazanmaq deyil, ruh tərbiyəsinin bir hissəsi idi. Şagird ustadına oxşamağa çalışmazdı, daxilindəki nurun formalaşmasına yardım edən bir yol göstərici kimi onu izləyərdi.

Bu gün isə sistem fərqlidir. Müasir təhsil sənaye cəmiyyəti ilə birlikdə şəkilləndi. Məqsəd ilahi həqiqətə çatmaq deyil, funksional insan yetişdirib sistemə daxil etmək oldu. Bilik ruhun yanğısı ilə deyil, qiymətləndirmə və diplomla ölçülməyə başladı. Həmin dəqiqədə dahi böyümə prosesində bir qırılma baş verdi.

Dahilik yavaş-yavaş, sakitcə formalaşan bir prosesdir. O, informasiyadan yox, təfəkkürdən, tənhalıqdan və ruhi qarşıdurmalardan yaranır. Klassik ustadlar şagirdlərinə zamana qarşı sabit dayanmağı öyrədirdi. Bu gün isə vaxt itirməmək, vaxt qazanmaq, vaxtı idarə etmək kimi anlayışlar təhsilə hökm edir. Ancaq zamanla barışmayandan, zamanı dinləməyən insanlardan nə heykəltəraş, nə də şair çıxar.

Eyni zamanda bu, sistemin özündə dahi yetişə bilməz demək deyil. Ancaq bugünkü dahi eləcə sistemin məhsulu deyil, sistemdən kənara çıxa bilən, yaxud sistemi dəlib öz yolunu tapan şəxsdir.

Ortaya belə bir fikir çıxa bilər. Axı mədrəsə, monastır, ustad və müasir təhsil sisteminin fərqi nədir?

Buna bir neçə hissədə fikir bildirirəm:

1. Mədrəsə, monastır və ustad sisteminin fərqi – ruhani və fərdi yetişmə; ənənəvi təhsil (mədrəsə, monastır, ustad-şagird sistemi) insanı bütöv şəkildə yetişdirirdi. Bu üsul yalnız məlumat öyrətmirdi, insanın ruhunu, xarakterini və mənəvi dayağını da formalaşdırırdı. Məsələn, Füzuli və ya Nizami özünü aşiq, yəni həqiqətə susamış bir axtaran kimi yetişdirirdi.

2. Ustad sistemi fərdi mükəmməl şəkildə tanıyırdı, onun daxilindəki istedadı görür, səbr və təmkinlə onu yoğururdu; müasir sistem isə daha çox kütləvi xarakter daşıyır və standartlaşdırılmış yanaşmaya söykənir: hamıya eyni material, eyni ritm və eyni ölçü ilə yanaşılır.

Müasir təhsil sistemi – istedada yox, idarəyə uyğun yetişdirmə metodu ilə çalışır.

Son 100 ildə təhsil sistemi xüsusən də sənayeləşmədən sonra dahi yox, nizamlı işçi yetişdirməyə yönəldi. Məqsəd isə bu oldu: idarəolunan, sistemə uyğunlaşmış, “yaxşı vətəndaş”, “səmərəli işçi” yetişdirmək. Bu isə yaradıcı, azad düşüncənin deyil, sistemin bir hissəsi olmaq bacarığının ölçüsüdür.

Dahilik isə sistemə uyğunlaşmaq deyil, sistemin qarşısında özünü ifadə etməkdir.

3. Daxili səssizlik və dərinlik yoxluğu; köhnə ustad-şagird sistemində təfəkkür, səbr, tənhalıq və təcrübə ilə yoğrulmaq var idi. İndi isə informasiya çoxluğu içində təfəkkürə heç yer qalmır. Gözləmək də istəmirik, dərhal nəticə istəyirik.

Dahilik isə yavaş bişən, zamanla dərinləşən bir haldır. Nizami və ya Mikelancelo bir gecədə yaranmadı – onların zəhməti ilə zaman səssiz şəkildə, bir vəhdət təşkil edərək bərabər işlədi.

4. Daxili yanğı yoxluğu; köhnə dövrdə təhsil alan insan içindəki suallara cavab tapmaq üçün axtarışlar edirdi, kitablar oxuyurdu. Müasir sistemdə isə çox zaman insanlar diplom almaq üçün, gələcəkdə “bir iş tapsın deyə” təhsil alır. Biri ruhunu yandıran eşqin arxasınca gedir, digəri isə təzyiq və zərurət səbəbi ilə…

5. Ənənəvi sistemin ustad enerjisi. Ustad sadəcə müəllim deyildi. O, insan ruhuna toxunan, yol göstərən, öz varlığı ilə hər kəsə nümunə olan biri idi. Bugünkü müəllimlər isə çox zaman sistemin yükü altında əzilir, ruhani bir nüfuz qurmağa fürsət tapmır.

Nəticə olaraq onu deyə bilərəm ki, ənənəvi sistem insanı bütöv və mənəvi məqsədlə yetişdirirdi. Müasir sistem isə funksional və uyğunlaşan fərd yetişdirir.

Biri nura yönəlmişdi, digəri isə nizam içində işləmə mexanizminə.

Amma bu o demək deyil ki, müasir sistemin daxilində dahilər yetişməz. Elə şəxslər ya sistemin xaricinə çıxaraq, ya da elə sistemin içində öz yolunu taparaq bunu bacarır. Və bu cür vəziyyət get-gedə çətinləşir.

Bəlkə də, sabahın yeni dahiləri yenidən ustad-tələbə ruhunu virtual üstünlüyə çevirəcəklər. Bəlkə, bu söhbət, bu sual da bir ustad ruhu daşıyır. Çünki Dahi olmaq öyrədilən deyil. Dahi olmaq axtarılan bir haldır.

Axtarmaq bir məharət, onu yazıb-yaratmaq isə yüksək bacarıq və məharətlə yanaşı cəsarət də istər.

Buna görə son sözüm:

Daim həqiqət axtarışında olanlara, arayıb-axtaranlara salam olsun!

“Milli Görüş-Sabiqun” hərəkatı

Müşavirə Heyətinin üzvü Əbülfəzl Məmmədzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor: Məhbubə Kərimzadə

NƏ MİLLƏTÇİLİK, NƏ DƏ BEYNƏLMİLƏLÇİLİK YALNIZ İSLAM QARDAŞLIĞI

Bəzi millətlərin lider və təmsilçiləri millətçiliyi müqəddəsləşdirib dəstəkləyir, bütün yollarla insanların qəlblərinə yerləşdirməyə çalışır, millətçiliyi müqəddəsləşdirəcək və onunla öyünəcək nəsillər yetişdirmək üçün plan qurur və proqramlar tərtib edirlər. Məsələn, Hitler öz xalqına: “Alman milləti bütün insanlardan üstündür!” – deyə səsləndiyi halda, Mussolini italyanlara “İtaliyalılar bütün insanlardan üstündür!” – deyir. İslam ölkələrində də qərbin təqlidçisi olan bəzi rəhbər və liderlər öz xalqlarına eyni səslə səslənir və mənsub olduqları xalqın içərisindən bir şəxsin bütün dünyaya bərabər olduğunu elan edirlər. Bununla da kifayətlənmirlər. Bu düşüncələri vətəndaşlarının zehinlərinə və beyinlərinə yerləşdirmək üçün tarixi mənbələrdən, sənədlərdən, xatirələrdən və hətta lazım olduqda gücdən də istifadə edirlər.

Buna qarşılıq olaraq filosoflar, sosioloqlar və bəzi siyasətçilər öz səslərini yüksəldərək insanlara millətçilik prinsipini mənimsəmənin və müdafiə etmənin zərərlərini açıqlayır və onun yerinə beynəlmiləlçilik ruhuna sahib çıxmağın lazım olduğunu, vətənsevərlik və soy bağlılığı düşüncələrini unutmağın faydalarını başa salırlar.

Qərbə təqlid etməyi vərdiş halına gətirən, proqram və üsullarını təkrar etməyi çıxış yolu kimi qəbul edən Misir və onun kimi digər İslam ölkələri bu vəziyyət qarşısında yol ayrıcındadırlar.

Beynəlmiləlçilik prinsipinə nəzər salaq: insaniyyət, sülh və ümumi mənfəət prinsipi olmaqla bərabər, qərbin imperialist dairələri və onların havadarları onu (yəni beynəlmiləlçiliyi) zəif ağılların ovlandığı və məğlubiyyətə uğramış millətlərdə müqavimət ruhunun qırıldığı bir balıqçı toruna çeviriblər. Qərb ölkələri şərq millətlərinin cahil, dəyərsiz, zəlil və alçaq olduğuna inandığı, onunla bir yerdə olmaqdan qorxduğu və yaradıldığı palçıqdan başqa bir palçıqla yaradıldığını qəbul etdiyi, bütün gücləri ilə şərq millətlərinin qanını sorduğu, sərvətlərini istismar etdiyi, siyasi və imperialist əməllər üçün insanlarından istifadə etməkdən başqa düşüncəyə sahib olmadığı müddətdə, şərq millətləri üçün beynəlmiləlçilik prinsipi ən təhlükəli prinsip olacaq. Aralarındakı kin və nifrətə baxmayaraq, şərq millətlərinə qərblilər bu gözlə baxmağa davam etdikdə beynəlmiləlçilik anlayışı bizim üçün ən təhlükəli pusqudur.

Millətçilik prinsipinə gəlincə bu da çox qorxulu bir prinsipdir. Bir-biri ilə savaşmaq, mübarizə aparmaq, müharibələr törətmək, insanlara zərər və pisliklərdən başqa bir nəticəsi olmaz. Hər bir millət başqa bütün millətlərin ağası olduğunu və bu məqsədə çatmağı özünə hədəf etdiyi bir halda üsyan və müharibələrin qarşısı necə alına bilər və necə sülh yarana bilər?!

Hər iki prinsip həm Misir dövləti, həm də şərq xalqları üçün zərərlidir və heç bir cəhətdən faydalı və münasib deyildir. Nəzəri baxımdan və qərblilərin tətbiq etdiyi üsullara görə beynəlmiləlçilik şərqliləri yox etmək və əritmək deməkdir. Millətçilik də təməl etibarı ilə xarab və yanlış bir prinsipdir.

Bu iki prinsipin yerinə millətləri və nəsilləri insanlara ümumi xeyir və sülhü zəmanət verən, hamının yararlanması üçün işləyən – beynəlmiləlçiliyin bütün fəzilət və üstünlüyü onsuz da bundan ibarətdir – bununla bərabər izzət və şərəfimizi qorumağı, ölkəmizi və torpaqlarımızı müdafiə etməyi – millətçiliyin də bütün fəzilət və üstünlüyü bundan ibarətdir – təmin edən bir prinsiplə tərbiyə edə bilsək, xeyli faydalanmış, hər iki prinsipin yararlı tərəflərini almış, zərərlərindən çəkinmiş və təqlidçilik kimi pis bir əməldən də xilas olmuş olarıq.

Bir halda ki bu prinsip önümüzdə və əlimizdədir, axı niyə belə uzaqlara gedirik? Bəşəri ideologiya və axımların bütün üstünlüklərinə malik olan və daşıdıqları bütün pisliklərdən uzaq bir əqidəyə sahib olan prinsipimiz vardırsa, nə üçün başqalarına təqlid etməyə çalışırıq? Böyük Allah Quran-kərimdə onu bizə göstərmiş və təfsilatı ilə başa salmışdır. Bu da İslamın qərarlaşdırdığı İslam qardaşlığı prinsipidir. Allah-Taala Quran-kərimdə buyurur:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَ اتَّقُوا اللهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Tərcümə: “Həqiqətən, möminlər yalnız qardaşdırlar. Buna görə , iki qardaşınızın arasını (münasibətini) düzəldin. Allahın yasaq etdiyi işlərdən qorunun. Ola bilsin ki, sizə rəhm olunsun!”[1]

Həzrət Peyğəmbər (s) də bu prinsipi belə göstərir: “Müsəlman müsəlmanın qardaşıdır. Ona haqsızlıq etməz, onu xor görməz. Müsəlmanın öz qardaşını xor görməsi bir müsəlmana pislik olaraq kifayət edər. Müsəlmanın müsəlmana hər şeyi; malı, qanı namusu haramdır!”

Bu prinsiplə hərəkət etsək, mənəvi bağlılığımız güclənər, şərq millətləri ilə olan əlaqələrimiz qüvvətlənər, eyni zamanda etiqadımızı imperialistlərə boyun əyməkdən, zillət və təhqirə razı olmaqdan qoruyar. Ölkəmizdə İslam qardaşlığı prinsipini tərbiyə və təhsilin əsası və hədəfi kimi qəbul etsək, sistem və proqramlarımızın təməli hesab etsək, həm özümüzə, həm böyük addımlarla İslama doğru addımlayan insanlığa və İslamdan başqa onunla paralel yeriyən, naqislik və axsaqlıqlarında başısoyuqluq edən, İslamdan başqa bir din tapa bilməyəcək mədəniyyətə xidmət etmiş olarıq. Gələcək nəsilləri ən sağlam və güclü təməllər üzərində yetişdirmiş olarıq. Nə olar, heç olmasa, bir dəfə olsun belə yadlara təqlid etməkdən xilas olaq və bu barədə cəsarət göstərək.

Böyük Allah mükəmməl sənətinin bir əsəri olaraq İslama çox dəyərli və əhəmiyyətli iki xüsusiyyət vermişdir. Bunları qısa şəkildə olsa da, açıqlamaq istəyirəm:

a) Yerin, göylərin bunların ikisi arasındakı hər şeyin nizamının ona bağlı olduğu üstün insani prinsiplər missiyası meydana gətirməsidir;

وَ لَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَ الأَرْضُ وَ مَنْ فِيهِنَّ

Tərcümə: “Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, o zaman göylər də, yer də və onlarda olanlar da korlanıb gedərdi. …”[2]

İslam hər şeydən əvvəl rəbbaniliyə və böyük Allahla gözəl bağlılığın qurulmasına çağırır. Hər işdən əvvəl insanları Allaha yaxınlaşdırmağa və Onun hakimiyyət dairəsi içində yaşamalarını təmin etməyə çalışır.

Ondan sonra insanlığa və insanın həqiqətini ucaltmağa çağırış edir.

Daha sonra beynəlmiləlçiliyə və insanlar arasında qardaşlıq və rəhmət bağlarını qüvvətləndirməyə dəvət edir.  

b) Uca İslam dini müsamihə, bağışlama, güzəşt və genişlik üzərində bina edilmişdir. Bu xüsusiyyətlərinə görə inanmayan və ona boyun əyməyən qeyri-müsəlman şəxslər üçün də sülh, ədalət və etimad təşkil edir. Belə ki, tarix İslamın bu xüsusiyyətlərinə bənzər xüsusiyyətlərə başqa heç bir yerdə şahid olmamışdır. Ona görə də müsəlman və qeyri-müsəlman bütün ərəblər İslamı qəbul etməli, onunla qürur duymalı, adını yüksəklərə qaldırmalı, şəriətini və mədəniyyətini əməli həyatlarının boyanması lazım olan təməl rəngi olaraq saymalı idilər. Mədəniyyət və həyat nizamı olaraq onu mənimsəməli və müdafiə etməli idilər.

Müsəlmanlar hamıdan daha çox ona sahib çıxmalı və onunla fəxr etməlidirlər. Müsəlman olmayan ərəblərin isə öz mirasları, milli və əbədi möcüzəsi olduğu üçün ona sahib çıxmaları lazımdır.

Quran-kərim ərəb dilində nazil olub. Onu insanlara təbliğ edən peyğəmbər də ərəblərdən seçilib. İslam dinində ərəb dili və ərəb peyğəmbər xüsusi bir məna daşıyır. Quranda buyurulur:

نَزَلَ بِهِ الرُّوحُ الأَمِينُ 

 عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ 

 بِلِسَانٍ عَرَبِيٍّ مُبِينٍ 

 وَ إِنَّهُ لَفِى زُبُرِ الأَوَّلِينَ 

Tərcümə: “Onu Ruhuləmin (Cəbrail) endirdi. Qorxudan peyğəmbərlərdən olasan deyə sənin qəlbinə nazil etdi. Özü də açıq-aydın ərəb dilində. Həqiqətən, o (Quranın prinsipləri), əvvəlkilərin kitabında da var idi”[3].

Quran ərəblər üzərində cadudan da böyük təsirlər buraxdı. Azad yaradılış cövhərlərini cilaladı. Müstəqilliyini xürafata qarşı bir inqilab, cihadını batilə qarşı bir savaş qərar verdi. Onun sayəsində müsəlman ərəblərin nüfuzu şərqdən qərbə qədər yayıldı, bir çox millətlər onun kölgəsində kölgələndi.

İslamın ərəblərə aşıladığı təzə qan insanların damarlarında coşdu və yetişdiyi hər kəsi və hər şeyi İslamın rəngi ilə boyadı. Artıq ərəblər səhranın qumunda çaşıb qalan dağınıq insanlar olmaqdan çıxdılar və bir vücud olaraq insanlığa qurtuluş rəhbərliyi etdilər. Bu gün Bəsrə körfəzindən Atlantik okeanına qədər geniş bir coğrafiyanı əhatə edir, onlar kimi düşünən, onlar kimi hiss edən və duyan və hamısını birləşdirən iman bağı ilə bir-birinə bağlı olan dörd yüz milyon müsəlman onlarla tamamlanır. İctimai və qanuni əməliyyatlardan İslamla əlaqədar hər şeyin təmizlənmə cəhdlərinin gündəm olduğu bu günlərdə bu həqiqətləri bildirmək bir vəzifədir.

İslamın insanların düşüncəsində yer alan millətçilik anlayışına baxışını və onun yerinə İslam qardaşlığını necə yerləşdirdiyini yaxşıca qavramaq lazımdır. Bunu da deyim ki, millətçiliyin arxasınca düşənlər dünyaya heç bir xeyir verə bilməzlər. Əksinə, belələri insanların içində kin və düşmənçilik atəşini alovlandırar, dünya sülh və etimad axtardığı bir zamanda millətlər arasında düşmənçilik odu yandırarlar. Şübhəsiz ki, İslam onların bu anlayış və hərəkatlarını qəbul etməz.

Regional millətçiliyi müdafiə edənlər də insanlıq üçün xeyirli bir iş görmürlər. Onsuz da özlərindən daha zəif olan millətlərə qarşı çox vaxt öz prinsiplərini tapdalayır, onların torpaqlarını öz torpaqlarına qatmağa çalışırlar. “O halda insanlar hansı zəmin üzərində birləşəcək, hansı bağ ətrafında toplaşacaq, birlik və qardaşlıqlarının simvolu nə olacaq?” sualına bu cavabı vermək lazımdır.

Sağ əlinə Quran-kərimi, sol əlinə də Peyğəmbərin Sünnəsini al, saleh sələflərin yaşayışını gözünün önünə gətir. Bütün bunlarla İslamın bir əqidə ətrafında düyünlənən birlik və bərabərlik, millət və ümmət olduğunu görəcəksən.

İslam beynəlmiləl bir dindir. İnsanlığın möhtac olduğu qurum, sistem və hüquqdan hər bir şey onda vardır. Xoşbəxtlik yolunu açıq-aydın göstərmişdir. Bütün insanlara bu hüquqi qavramları, bu sistem və qurumların mənalarını əmr etmişdir. Bunları həyatda tətbiq etmələrini şərt qoymuşdur.

İslam bütün müsəlmanları haqq və vəzifələrdə bir-birinə bərabər və əqidə üzərində birləşən qardaşlar elan etmişdir. Bu əqidəni hamısının qəlbinə yerləşdirmiş və yalnız beləcə müsəlman ola bilmənin mümkünlüyünü açıqlamışdır. İnsanlara bu əsasları və prinsipləri bildirməyi vəzifə bilən bir ordunun əsgəri olmalarını əmr etmişdir. Bu təbliğ yolunda dünyadakı hər şeylərini; can, mal-mülk və həyatlarını belə fəda etmələrini istəmişdir. Böyük Allah bu haqda belə buyurur:

قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَ أَبْنَاؤُكُمْ وَ إخْوَانُكُمْ وَ أَزْوَاجُكُمْ وَ عَشِيرَتُكُمْ وَ أَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَ تِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَ مَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللهِ وَ رَسُولِهِ وَ جِهَادٍ فِى سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللهُ بِأَمْرِهِ وَ اللهُ لاَ يَهْدِى الْقَوْمَ الْفَاسِقِينَ 

Tərcümə: “De ki: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, artıq Allah əmrini gətirincəyə qədər gözləyin. Allah fasiq qövmü hidayət etməz!”[4]

Bu əqidəni mənimsəyən hər bir şəxs İslamın bir-birinə bağladığı ümmətin bir üzvüdür. İslam bütün müsəlmanlara o şəxsin müdafiə edilməsini, haqqının qorunmasını və haqsızlıq edənlərdən haqqının alınmasını vacib etmişdir. Üzərində İslam bayrağının yüksəldiyi və şəhadət kəlməsinin (kəlmeyi-şəhadət) deyildiyi hər yer bütün müsəlmanların yurdudur. Onu daim qorumalı, onun üçün çalışmalı və onun yolunda cihad etməlidirlər.

Bundan başqa müsəlmanların bütün insanların müsəlman olmaları üçün təbliğ vəzifələrini icra etmələri lazım gələrsə, əməli cihad etmələri də vacibdir. Din tamamən Allah üçün oluncaya qədər cihad etmək onların vəzifəsidir[5]. Bütün yer üzünün İslam yurdu olması, üzərində İslam bayrağının dalğalanması üçün daim çalışmaları lazımdır. Dünyanın hər tərəfində azan səslərinin yüksəlməsi və “Allahu Əkbər!” nidalarının dörd tərəfə yayılması üçün hər cür cəhd göstərmələri vacibdir.

Şübhə yoxdur ki, bu nə bir millət üçün təəssübdür, nə millətçilik nərəsidir, nə də bir coğrafi ərazi üçün ruh yüksəkliyi duyğuları bəsləməkdir. Bu, əksinə olaraq bütün insanlığı xilas etmək üçün edilən bir cihaddır. Yanlış yol tutanların arzu və həvəslərinin boyunduruğundan bütün dünyanı xilas etmək üçün çalışmaqdır. Kin və ədavət hissi yaradan, düşmənçilik meyillərini meydana çıxaran, qarşıdurma və bədbəxtlik gətirən millətçilik pusqularından insanların xilas olması üçün səy göstərməkdir. Varlığın həyat sirri olan sevgi və qardaşlıq prinsiplərinə sahib çıxmaq və onları dəstəkləməkdir.

Mənbə: “Həsən əl-Bənna danışır” kitabı, s. 178

Mütərcim: Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor: Məhbubə Kərimzadə


[1] “Hücurat”, 10

[2] “Muminun”, 71

[3] “Şüəra”, 193-196

[4] Tövbə”, 24

[5] Yəni həyatın Allaha həsr olunmasının qarşısını alan təzyiqlər aradan qaldırılana qədər vuruşun. “Ənfal” surəsinin 39-cu ayəsinə işarə edilir.

2025-Cİ İL 30 MART BAZAR GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏR’İ HEYƏT: “2025-Cİ İL 30 MART BAZAR GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şər’i heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq bazar gününə təvafüq edən 2025-ci il mart ayının 30-nu 1446-cı il mübarək Fitr bayramı günlərinin ilk günü olduğunu elan etmişdir. Beləliklə, 2025-ci il mart ayının 29-u şənbə günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimi ilə 1446-cı ilin (m. 2025) şəvval ayının hilalı mart ayının 29-u şənbə günündə Qrinviç saatı ilə gündüz 10:58-də, yəni Beyrut şəhəri qış vaxtı ilə günorta saat 12:58-də (Bakı vaxtı ilə 14:58-də) doğacaqdır (ictima).

Əlavə edilmiş  xəritəyə uyğun olaraq şənbə günü axşam (bazar gününün gecəsi) hilalın (şəvval ayının hilalının) Şimali Amerikanın qərbində yerləşən məntəqələrdə (Kanadada) çılpaq gözlə, Şimali və Mərkəzi Amerikanın əksər hissəsində teleskopdan istifadə etməklə görünməsi mümkün olacaq.

Gecənin bir hissəsində müştərək olduğumuz məntəqələrdə şənbə günü axşam hilalın görünməsi mümkün olduğuna görə görünmənin mümkün olduğu məntəqələrlə gecənin bir hissəsində olsa belə, müştərək olan məntəqələrdə (Azərbaycan da o məntəqələrdən hesab olunur.) bazar günü 1446-cı il şəvval ayının birinci günü olacaqdır.

Bu, Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa uyğun olaraq belədir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.

Uzaq Şərqdə yerləşən və görünmənin mümkün olduğu məntəqələrlə gecənin bir hissəsində olsa belə, müştərək olmayan digər məntəqələrdə bayram günü 2025-ci il mart ayının 31-də bazar ertəsi günü olacaq.

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

 Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd-göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

İzah: Bəyanata və 2025-cü il şəvval ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 2025-ci il mart ayının 29-da axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın (istər çılpaq gözlə olsun, istərsə də teleskopla olsun) görünməsi qeyri-mümkün olacaq. Lakin gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz ölkələrin birində – sxemdə çəhrayı və tünd-göy rəngdə yerləşən ölkələrin birində – ayparanın görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli sübuta yetmiş olur.

Ayətullah Seyid Əli Sistaninin və Seyid Əli Xamənəinin müqəllidləri Fitr bayramını 2025-ci il mart ayının 31-də bazar ertəsi günü qeyd edəcəklər. Çünki hər iki dini rəhbərin fiqhi rəyinə əsasən ayın əvvəlinin sübuta yetməsi üçün hilalın mükəlləfin yaşadığı şəhərin üfüqündə, yaxud həmüfüq şəhərlərdə, yaxud yaxın üfüqlü şəhərlərdə görünməsi şərtdir. Ayın uzaq üfüqlü şəhərlərdə görünməsi hilalın isbatı üçün kifayət etmir. Yuxarıdakı açıqlamaya əsasən 2025-ci il 29 mart günü axşam Günəş batarkən bütün Asiya qitəsində (yəni bizim üfüqümüzdə və bizim üfüqümüzə yaxın olan üfüqlərdə) ayparanın həm çılpaq gözlə, həm də müxtəlif yaxınlaşdırıcı vasitələrlə görünməsi qeyri-mümkün olacaq. Hətta hilalın yaxınlaşdırıcı cihazla görünməsi ilə çılpaq gözlə görünməsi arasında heç bir fərqin olmadığına qail olan Seyid Əli Xamənəiyə görə 30 mart gününün Fitr bayramı günü olması qeyri-mümkündür. Çünki qeyd etdiyimiz kimi, bizim üfüqümüzdə, həmçinin bizim üfüqümüzə yaxın olan üfüqlərdə hilalın teleskopla belə, görünməsi qeyri-mümkün olacaq. Deməli, hər iki dini rəhbərə görə Fitr bayramı 2025-ci il 31 mart günü olacaqdır.

Qafqaz Müsəlmanları İdarəsi ayın əvvəlinin sübut olunması üçün ayparanın mükəlləfin yaşadığı ölkənin üfüqündə görünməsini şərt bilən bir qurum olmasına, Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumatlara əsasən dini təqvim tərtib etdiyini iddia etməsinə və astronomik hesablamalara əsasən də 2025-ci il 29 mart günü axşam hilalın bizim üfüqdə görünməsinin qeyri-mümkün olacağı sübuta yetməsinə baxmayaraq, namaz vaxtları ilə bağlı tərtib etdiyi ramazan ayı cədvəlində 2025-ci il 30 mart gününün Fitr bayramı olduğunu qeyd etmiş və qəbul etdiyi prinsipi çox kobud bir şəkildə pozmuşdur.

Milli Görüş-Sabiqun hərəkatı