LOREN BUT

Loren“Mən bir il əvvəl yenə də jurnalist kimi İrana getməli oldum. Həmin vaxt “Bibi-Fatimə” məscidini də ziyarət etdim. Dəstəmaz aldım – bunun qaydasını bilirdim – başıma örpək atdım və ilk dəfə Allah adına dua etdim: “Ey Allahım, mən heç nə istəmirəm, hər şeyim var. Bu gəlişimə görə də Sənə minnətdaram, amma Fələstin xalqına yardım et!” Sonra bu izdihamlı məsciddə bir yer tapıb oturdum. Yanımda bir qadın körpəsini yedirirdi, bu ziyarətçilərin arasında, uşaqların səs-küyləri içərisində içimə bir sakitlik çökmüşdü. Əvvəllər heç vaxt hiss etmədiyim bir hüzur vardı daxilimdə. İlk dəfə olaraq başımda səslər, qarışıq fikirlər yox olmuşdu, uşaq kimi sevinc hissləri keçirirdim. O gün bu vəziyyətdə xeyli orada qaldım və mənə elə gəldi ki, kainatda da həyat eyni ilə belədir. Birdən bir neçə qadın mənə yaxınlaşıb çiynimi qucaqladı və farsca: “Səni çox sevdik”, – deyə bildirdilər. Rəfiqəm Naciyədən soruşdum: “Burada həmişə belə olur?” O: “Yox, deyəsən, burada nəsə baş verir”, – deyə cavab verdi.

Həmin gün mən məsciddə quru döşəmə üzərində digər ziyarətçilərlə birlikdə yatdım və sübh namazı vaxtı qalxıb yenə də dua etdim. Sonra küçəyə çıxdım, bir fincan çay içdim və düşünməyə başladım: “Çox qəribə bir gecə keçirdim, amma yox, nə olursa-olsun, təki İslam olmasın!”

Artıq vətənimə qayıdıram. London təyyarəsinə mindim. Ölkəmə çatmağa lap az qalmış pilot sərnişinlərə müraciət etdi: “Tehran Hava Yolları ilə uçduğunuza görə sizə təşəkkür edirik. 20 dəqiqədən sonra Londonda olacağıq”. Bu zaman salondakı iranlı müsəlman xanımlar hicablarını çıxardılar. Mən də örpəyimi çıxarmağı düşündüm, amma o an əllərim sözümə baxmadı. Deyəsən, güclü bir əsəb sarsıntısı keçirirdim.

7 gün sonra isə Londonda məscidlərdən birində şəhadət gətirdim və yenidən Qurana müraciət etdim. Bu dəfə oxuduğum ayələr başqa bir təsir göstərməyə başladı, sanki “Fatihə” surəsi mənə deyirdi: “Salam, Loren. Harada idin? Sülh, sevinc və hüzur dininə xoş gəldin”. Çox qəribə idi. Kiminsə mənə vaxtı ilə dediyi sözləri xatırladım: “Mən Allahdan vaz keçdim, amma Allah məndən vaz keçmədi”. Eyni ilə belə bir hal keçirirdim. Əlhəmdulillah!”

Loren But adı çox adama tanışdır, məlumatı olmayanlara isə onu deyə bilərik ki, bu qadın vaxtı ilə “Antiİrak”, “AntiƏfqanıstan” və qısası “Antiİslam” koalisiyasının ən öndə gedən təşəbbüsçülərindən olan Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin baldızıdır.

Çalışdığı “The Mail” qəzeti üçün Qəzzə bölgəsinə reportaj hazırlamaq məqsədilə Ramallah və Qüds şəhərlərinə ilk dəfə qədəm qoyanda onu ən çox təəccübləndirən insanlarda gördüyü intellektual səviyyə, mədəniyyət və mehribançılıq idi. O, hər gün yayımlanan xəbər başlıqlarından əzbərlədiyi “radikal”, “ekstremist”, “fanatik”, “məcburi nikahların qurbanları”, “terrorist-kamikadze” və “cihadçı silahlılar”a rast gələcəyini gözlədiyi halda qonaqpərvər və səxavətli fələstinlilər tərəfindən qarşılandı, müsəlmanları bandit qruplaşmalarında deyil, ailələrdə, yığıncaqlarda, mehriban ünsiyyətlərdə müşahidə etdi. İslama doğru gedən uzun və maraqlı yol elə bu səfərdən sonra başladı.

“İsrail gömrükxanasında çamadanımı aldılar, mənzil başına paltosuz getməli oldum. Soyuqdan donaraq Ramallahın mərkəzində dolaşırdım, tanımadığım yaşlı bir qadın əlimdən tutdu, ərəbcə nəsə dedi, qətiyyətlə məni qarşı küçədəki bir evə apardı. Yaşlı bir terrorist tərəfindən əsir alındığımı düşündüm. O isə qızının qarderobunu açdı, oradan palto, şlyapa və şərf götürdü, mənə verdi, isti geyindirib küçəyə çıxardı, üzümdən öpüb yola saldı. Biz bir kəlmə də danışmadıq, qadın əsl insan mərhəməti nümayiş etdirdi. Mən bunu heç vaxt unutmaram və bu, yeganə belə hal deyildi. Mən sadəcə düşündüm: “Görəsən, dünya mediası müsəlman dünyasını niyə o cür işıqlandırır, məqsəd nədir?”

Bundan sonra Loren dəfələrlə Qəzzəyə səfər etdi. Hər dəfə də öz gözləri ilə gördüyü reallığın dördkünc zombi qutusu – TV-dən insanlara ötürülən məlumatlarla necə böyük ziddiyyət təşkil etdiyinə şahid olurdu. İlk vaxtlar onsuz da səfalət və yoxsulluq içərisində olan Fələstin xalqının ramazan ayının orucunu tutmasını anlamasa da, fələstinli qadınların öz kasıb komalarında saray xanımı kimi davranmalarına gülsə də, getdikcə heyranlıq üstün gəldi. Yaşanan bütün bu çətinliklərə baxmayaraq, insanların qəlblərindəki sakitlik, üzlərindəki mehribanlıq və sadəlik, İslamı hələ qəbul etməsə də, Loreni Yaradana öz dilindəki tanrı kəlməsi ilə deyil, “Allah” kəlməsi ilə müraciət etməyə məcbur etdi. Artıq gözəgörünməz bağlar yaranmağa başlayırdı.

İndi materializmlə qidalanan, istehlakçılıq hərisliyi, narkotik kimi vasitələrlə xoşbəxt yaşadığını zənn edən qərb mədəniyyəti Lorenin jurnalistlik fəaliyyətində ən çox toxunduğu və tənqid etdiyi məsələlərdir. Bunu gözəl görünüşlü, lakin içərisini xarabalıq bir divarın yalançı fasadına bənzədərək müsəlman dünyasının KİV vasitəsilə insanlara vəhşi kimi tanınmasını hər zaman yazılarında pisləyirdi. Avropalıların diqqətini problemin kökünə yönəltməyə çalışır: “BBC  NEWS” bizə aydın Şərq səması altında “Allahu Əkbər” – deyə qışqıran müsəlmanları elə göstərir ki, məcburən bu çağırışı belə anlamağa başlayırıq: “Biz sizə – öz rahat evlərində yaşayan qərb insanlarına nifrət edirik, buna görə də yaxınlıqdakı super-marketi siz oraya axışan vaxt partlatmağa hazırlaşırıq”. Halbuki müsəlmanlar heç də belə demirlər. Əslində onların demək istədikləri budur: “Allah ən böyükdür! Və İslama düşmən ölkələr günahsız insanları və sakit kəndlərimizi gülləbaran edəndə biz də öz kədərimizlə təsəlli tapırıq!” Bununla da onlar Allahla, qonşularla, müsəlman və qeyri-müsəlman xalqlarla sülh şəraitində yaşamaq arzularını bildirməyə çalışırlar, əgər bu heç mümkün deyilsə, onlara heç olmasa, sakit yaşamaq imkanı verilməsini istəyirlər”.

Zəhra Süleyman-Kıstı  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma