Allah-Taala sevgili Peyğəmbərimizi insanlar üçün misilsiz bir nümunə kimi seçmiş, müsəlmanların da onun davamçısı olaraq keçdiyi həyat yolunu özləri üçün örnək hesab etmələrini istəmişdir. Hansı səviyyədə və hansı məqamda olmağından asılı olmayaraq hər bir insanın Peyğəmbərimizin həyatından faydalanacağı çox əməllər və nümunələr vardır, çünki Allah-Taala onu bir mələk olaraq deyil, insan olaraq göndərmişdir. Ta ki insanlar onu yaxından tanısınlar və onda gördükləri keyfiyyətləri rahatlıqla həyatlarına tətbiq edə bilsinlər. Həmçinin başda əshabələr olmaqla bütün möminlər hər işlərində, dünya və axirətə aid bütün məsələlərdə yalnız Rəsuli-Əkrəmin Sünnəsini özlərinə rəhbər tutmuşdular.
Bununla belə bir Peyğəmbər olmaqla yanaşı Allah Rəsulunun istər maddi həyatında, istərsə də mənəvi aləmində bəzi özünəməxsus xüsusiyyətləri vardır. Heç bir insanın yetişə bilmədiyi bir mövqeyə malik idi. O, digər insanların bir dəfə belə görməyə təhəmmül edə bilməyəcəyi Cəbrayılın özü ilə tez-tez görüşür, təkcə insanlara deyil, hətta ruhani məxluq olan cinlərə belə Quran və İslam dərsləri öyrədirdi.
Peyğəmbərimizin dünya həyatında da bəzi xüsusi özəllikləri vardı. Məsələn, Allah-Taala onu daim düşmənlərindən qoruyur, onun həyatına qəsd etmək istəyənlərin çirkin əməllərini həyata keçirmələrinə fürsət vermirdi.
Digər tərəfdən Peyğəmbərimizin ibadətlə bağlı həyatında da ümmətinə nisbətdə bəzi fərqli cəhətlər görmək mümkündür. Bəzən elə olurdu ki, o, ayaqları şişənə qədər qiyamda (ayaq üstə) durar, ətrafındakılarda “Əcəba, ruhunu təslim etdi?” –fikri yaranana qədər səcdədə qalar, o vəziyyətdə göz yaşları yeri isladacaq qədər ağlayardı. Hər gecə təhəccüd namazına (gecə namazı) qalxardı. Bu namaz ümmətinə vacib olmadığı halda ona vacib idi. Ramazan ayının son on günündə etikafa girərdi. Heç kimin edə bilməyəcəyi şəkildə sədəqə verər, bütün var-dövlətinin hamısını ehtiyacı olan insanlara paylayardı. Sadəcə bir həccində yüz dəvə qurban kəsmişdi. Heç bir zaman nə özü, nə də ailə üzvləri sədəqə qəbul etməzdi, çünki sədəqə malın çirki sayılardı. Buna görə də Peyğəmbərimizin onu qəbul etməyi heç cür düzgün deyildi.
Rəsulullahın özünə xas keyfiyyətlərindən biri də ümmi olması, yəni oxuma və yazma bilməməsi idi. Bununla bərabər hər sahədə elmin mahiyyətinə və dərinliyinə Rəbbinin bildirməsi ilə nail olurdu.
Sevgili Peyğəmbərimizin özünə məxsus xüsusiyyətlərindən biri də onun ailə həyatı və evlilik vəziyyəti ilə bağlı idi. Bu məsələ müsəlmanların fikrini yayındırmaq üçün bəzi münafiqlər tərəfindən qəsdən tez-tez ortaya atılmaqdadır. Bunun nəticəsində də islami məsələlərə yeni bələd olan və ya dinini yeni-yeni öyrənməyə çalışan şəxslərin düşüncələri qarışmış, bu da Peyğəmbərimiz haqqında yanlış fikrə düşmələrinə səbəb olmuşdur. Buna görə də Peyğəmbərimizin evliliyinin də hikmətamiz və müdriklik nümunəsi olduğunu göstərmək istəyirik.
Sevgili Peyğəmbərimizin pak və təmiz gənclik illəri 25 yaşına qədər subay olaraq keçdi. Rəsulullah (s) Məkkədə və qövmü içində çox sevilən, sayılan, təqdir edilən, gözəl əxlaqı və sakit yaşayışı ilə hər kəs tərəfindən tərif edilən bir şəxsiyyət idi. Heç kim ondan əxlaqa və ədəbə zidd kiçik bir hərəkət belə görməmişdi. O, Rəbbinin tərbiyəsi altında yetişir, ilahi bir ədəb-ərkana yiyələnirdi.
Böyük bir soykökü olan ailəyə mənsub idi. Ərəblər arasında əsil-nəcabətə son dərəcə diqqətlə yanaşılır, dəyər verilərdi. O dövrdə ən mühüm mövqeyə malik olan Kəbənin xidmətlərini Peyğəmbərimizin babası və əmiləri görərdi.
Rəsulullah gözəl əxlaqa malik olduğu kimi sima və bədəncə də gözəl, yaraşıqlı və ideal bir insan idi. Dillərdə dastan olan Həzrət Yusifin gözəlliyi Peyğəmbərimizin gözəlliyi qarşısında kölgədə qalırdı. Buna görə də o, Məkkədəki istədiyi qızlardan biri ilə evlənə bilər, hər kəs də sevə-sevə qızını ona ərə verərdi.
Belə olmasına baxmayaraq, sevgili Peyğəmbərimiz ilk evliliyini özündən 15 yaş böyük, uşaq sahibi və 40 yaşında dul bir qadın olan Həzrət Xədicə ilə etdi. Həzrət Xədicə təmizruhlu, sədaqətli bir xanım idi. İlk müsəlman olma şərəfinə nail olmuşdu. Peyğəmbərimiz 25 il Həzrət Xədicə ilə birgə yaşadı. Dördü qız olmaqla altı uşağı oldu. Xədicə 65 yaşında vəfat edənə qədər başqa bir qadınla evlənmədi.
Əgər Peyğəmbərimizin (s) çox evliliyindəki məqsəd nəfsi ehtiyaclarını təmin etmək olsaydı, ya 25 yaşından əvvəl evlənər, ya da hələ ömrünün bahar çağında ikən özündən 15 yaş böyük, üstəlik də dul bir qadınla ailə həyatı qurmazdı.
Hətta yenə bu məqsədlə evlənmiş olsaydı, belə bir evliliyə görə nə Həzrət Xədicə anamız kədərlənərdi, nə də qövm və qəbiləsi bunu qəribə bir hərəkət kimi qarşılayardı, çünki o zamanlar ərəblərin yanında qadının heç bir qiyməti və dəyəri yox idi. Üstəlik bir kişi istədiyi qədər qadınla evlənə bilərdi. Hətta bir adam on qadınla birdən nikahda ola bilərdi.
Digər tərəfdən ərəblər qız uşağını övlad saymırdılar. Nəslin davamçısını oğlan uşağı hesab edirdilər. Əgər Peyğəmbərimiz sırf maddi bir düşüncə ilə evlənmiş olsaydı, oğlan uşağına sahib olmaq və mübarək nəslini onunla davam etdirmək üçün başqa bir qadınla evlənə bilərdi, çünki Həzrət Xədicədən olan Qasim və Abdullah adlı uşaqları kiçik yaşda ikən vəfat etmişdilər. Peyğəmbərimiz də digər insanlar kimi oğlan uşağına sahib olmaq fikri ilə başqa bir qadınla evlənə bilərdi. Çox ailələr qızlarını Peyğəmbərimizə ərə verməyə can atırdılar.
Yaradılışı etibarilə insanın şəhvani hisslərinin ən coşqun olduğu dövr 15 yaş ilə 40 yaş arasıdır, lakin sevgili Peyğəmbərimiz (s) bütün həyatını olduğu kimi bu həyat dövrünü də son dərəcə sakit və mötədil bir şəkildə keçirmişdi. Onun çox qadınla evliliyi mübarək ömrünün 55 yaşına təsadüf edir.
Şəhvani duyğuların və nəfsi həvəslərin durğunluq və sakin dövrü olan bu yaşlardan sonra çox qadınla evlənməsi bu evliliklərin nəfsani olmayıb tamamilə əhəmiyyətli hikmətlərə dayandığını açıq şəkildə göstərməkdədir. Bu hikmət və ülvi məqsədlərin bir qismini bu cür ümumiləşdirmək mümkündür:
– Peyğəmbərimizin hər möminin şəxsi və ailə həyatı üçün mühüm olan xüsusi məsələləri xanımları vasitəsilə öyrənilib möminlərə çatdırılmasını və mömin qadınların dinlərini Peyğəmbərimizin xanımları vasitəsilə rahatlıqla öyrənə bilməsini təmin etmək. Bu hikməti Peyğəmbərimizin bütün xanımlarında görmək mümkündür.
– Peyğəmbərimizin mübarək sözləri kimi hər cür hərəkət və davranışı da dinin və şəriətin qaynağıdır və dini hökmlərin əsasını təşkil edir. Onun başqaları tərəfindən cəmiyyət içində görülə biləcək hallarını əshabələr görüb öyrənir, mühafizə edirdilər, lakin xüsusi dairədə gizli və məhrəm halları da vardı. Bunların ümmət tərəfindən bilinməsi lazım idi. Bu məhrəm məsələləri nəql edən də Peyğəmbərimizin mübarək xanımları idi. Dini hökmlərin yarısı, bəlkə də, onlar vasitəsilə bizə çatdırılıb.
Bəli, Peyğəmbərimizin hər xanımı yaradılış, anlayış və zəka baxımından fərqli və dəyişik xarakterdə olduqları üçün hər birinin Rəsuli-Əkrəmdən öyrəndikləri məsələlər və maraq etdikləri mövzular ayrı-ayrı olurdu. Həmçinin Peyğəmbərimizin hər xanımı bir çox hədis rəvayət etmiş, hər biri Peyğəmbərimizin bir yönünü, dinə işıq tutacaq bir cəhətini bildirmişdir.
Beləliklə də, mömin qadınlar Rəsulullahın Sünnəsini onlardan öyrənirdilər. Peyğəmbərimizin vəfatından sonra da ixtilaflı bir məsələ olduqda, müəyyən fikir ayrılığı yarandıqda Rəsulullahın (s) xanımlarından soruşar, o xüsusdakı hökm onlardan öyrənilərdi. Tək bir xanımın bu qədər geniş xidmət göstərməsi və vəzifələri yerinə yetirməsi, Peyğəmbərimizin bütün hərəkət və davranışlarını hafizəsində saxlaması mümkün deyildir. O halda sevgili Peyğəmbərimizin birdən çox xanımla evlənməsi hikmətli və zəruri idi.
Digər bir cəhət də o idi ki, möminlərin analarının hər birinin evi bir məktəb səviyyəsində idi. Mömin xanımlar müşkül məsələləri bu məktəblərə gələrək həll edirdilər. Cəmiyyətin yarısını meydana gətirən qadınların da ən az kişilər qədər müəllimə ehtiyacları olduğu bir həqiqətdir. Peyğəmbərimizin hər məsələni qadınlara başa salması çox vaxt mümkün olmurdu. Zatən bir çoxları abır-həya edərək onları narahat edən məsələləri, doğrudan da, ona aça bilmirdilər. Buna görə də qadınların qarşılaşdıqları problemləri ən gözəl şəkildə Peyğəmbərimizin xanımları həll edirdilər. Sualı olan bir qadın onlardan birinin yanına gələr və kömək istəyərdi. Onlar da bilirdilərsə, cavab verərdilər, bilmədiklərini də Rəsulullahdan öyrənib bildirərdilər. İslamın yeni-yeni yayıldığı və təməldən öyrənildiyi bir zamanda İslam məsələlərinə nə qədər ehtiyac olduğu məlumdur.
Peyğəmbərimizin çox qadınla evlənməsinin ikinci hikməti də yaxın dostlarının qızları ilə nikah bağlayaraq onlarla qohumluq əlaqələri qurmaq idi. Sevgili Peyğəmbərimiz ən çətin günlərdə ona yardımı dəyən bəzi şəxslərin könlünü xoş etmək, onlarla olan mənəvi əlaqəni qohumluq əlaqəsi ilə qüvvətləndirmək üçün qızları ilə evləndi.
Rəsuli-Əkrəmin bir neçə dəfə evlənməsinin başqa bir hikməti və səbəbi də müxtəlif döyüşlərdə iman davasına sinəsini sipər edərək şəhid olan qəhrəman əshabələrin xanımlarını və yetimlərini pərişanlıqdan qurtarıb öz şəfqət qanadının altına almaq idi. Məsələn, Həzrət Saudə, Həzrət Həfzə, Zeynəb bint Hüzeymə, Ümmüsələmə, Ümmühəbibə, Həzrət Məymunə ilə evlənməsinin də mühüm bir mənası vardı.
Peyğəmbərimizin evliliklərinin digər bir səbəbi siyasi və ictimai məsələlər idi. O, qəbilə başçısı kimi nüfuzu olan şəxslərin qızları ilə evlənməklə böyük bir sosial məqsəd güdmüş, onları özünə bağladığı kimi bu yolla çoxlarının imanını qurtarmışdı. Məsələn, elə Həzrət Cüvəyriyə və Həzrət Səfiyyə ilə də bu səbəblərə görə evlənmişdi. Bu isə çox insanların müsəlman olmasına və qəlblərinin İslamiyyətə yönəlməsinə səbəb olmuşdu.
Bildiyimiz digər bir hikməti isə ərəblər arasında geniş yayılan batil bir adəti ortadan qaldırmaq idi. Bunu şəxsən özünün timsalında göstərmişdir. Ərəblər övladlıq etdikləri bir şəxsi həqiqi oğul kimi görürdülər, övladlığı xanımını boşadıqdan sonra onunla evlənməzdilər. Sevgili Peyğəmbərimiz Allahın əmri ilə övladlığı Həzrət Zeydin boşadığı Həzrət Zeynəb bint Cəhşi nikahlamaqla bu batil adəti aradan qaldırmış oldu.
Əgər Peyğəmbərimizin bir dəfə yox, bir neçə dəfə evlənməyini və onu yaradan səbəbləri göz önünə gətirərək onun mənəviyyatı, şəxsiyyəti və xüsusi vəziyyəti haqqında düşünülərsə, möminlərin Rəsulullahın evlilikləri ilə bağlı şübhə və vəsvəsəyə düşmələrinə lüzum qalmadığı görünəcəkdir.
Digər tərəfdən Peyğəmbərimizin bütün evlilikləri təkcə öz istək və arzusu ilə deyil, Allahın əmri ilə gerçəkləşmişdir. Bir Peyğəmbər üçün Allahın əmrini yerinə yetirməkdən daha təbii nə ola bilər?
Əslində bu şəxsi keyfiyyətlərin insanlar üçün bir imtahan olduğunu da xatırlatmaq istəyirik. Hər vasitə ilə qullarını imtahan edən Uca Rəbbimiz sevgili Həbibinin çox qadınla evlənməsini də böyük bir imtahan və sınaq hesab etmişdir. Bəzi insanlar mənfi təbliğatlarının da təsiri ilə bu imtahanı uduzarkən və imanında şübhə və tərəddüdlərə düşərkən çox müsəlman hikmətini bilməsə də, bunun Peyğəmbərimizin bir çox xüsusi özəlliklərindən biri olduğunu və Allahın əmri ilə həqiqət tapdığını düşünməli, bu imtahanda uğur qazanmalıdır. Nə xoşbəxtdir belə düşünənlər və belə düşündükləri üçün imtahandan müvəffəqiyyətlə çıxanlar…
İsmail Mutlu; “Xanım əshabələr”
Mütərcim: Məhbubə Kərimzadə