ŞULƏ YÜKSƏL ŞƏNLƏR

Dövrünün mətbuat dünyasında yer alan böyük bir yazıçı. Eyni zamanda dövrünün müsəlman qadınlarına bir nümunə. Türkiyədə baş örtüsü və islami təsəttürə ilk damğasını vuran, qorxmadan və çəkinmədən bu yolda mübarizə edən bir mücahid qadın. Onun başladığı mübarizə yolunda bu gün minlərlə qadın irəliləyir.

O, mübarizə apardığı illər ərzində İslam həqiqətlərinin xanımlar arasında yayılmasında ən böyük rolu olan bir qəhrəmandır. Anadolunun bütün şəhər və qəsəbələrini addım-addım dolaşmış və 600-ə yaxın konfrans keçirmişdir. Hətta həbs edilmiş, hər cür əzab və əziyyətə qatlaşmışdır, lakin mübarizəsindən əsla əl çəkməmişdir.

Şulə Yüksəl Şənlər 1938-ci il may ayının 29-da Qayseridə anadan olub. Ailəliklə əslən kiprlidirlər. Ərəblər Kipri fəth edən zaman oraya gələn Peyğəmbərimizin bibisi qızı Hala Sultan nəslindəndir.

6 yaşında ikən atasının işi ilə əlaqədar olaraq ailəsi ilə İstanbula köçür, orada orta məktəbi bitirir, lakin anasının səhhəti ilə əlaqədar olaraq təhsilini davam etdirə bilmir.

Məktəbi tərk etdiyinə görə çox pərişan olan Şulə Yüksəl: “Əvvəllər məktəbi tərk etdiyimə görə çox təəssüflənirdim. Amma indi təəssüflənmirəm. Bəlkə də, oxusaydım, bugünkü islami mədəniyyəti tapa bilməyəcəkdim. Hər şeydə bir xeyir və hikmət var” – deyir.

Evdə də boş vaxtlarında bədii kitablar oxumağa başlayır. Əlinə düşən bütün kitabları oxuyur. Arada hekayələr yazır. Artıq 13 yaşında ikən hekayələrini “Yelpazə” jurnnalında nəşr etdirir. Elə ilk yazıçılıq fəaliyyətinə də buradan başlayır. İlk məqalələri isə həftəlik çıxan “Qadın” qəzetində nəşr edilir. Sonra dövrün ən məşhur yazıçılarının da adlarının çəkildiyi “Yeni İstiqlal” qəzetinin gənclik rubrikasında yazmağa başlayır.

Həmin vaxtlarda əvvəl rəsm, sonra isə musiqi dərsləri alır. Kanunda ifa etməyi öyrənir.

Bütün bunlarla paralel Şulə Yüksəl Şənlər sosial fəallığı ilə də fərqlənir. Eyni zamanda bir neçə dərnəyin üzvü olur. Müxtəlif cəmiyyətlərdə rəhbər vəzifələri icra edir. Daha sonra isə siyasətə atılır və Ədalət Partiyasının “Gənclik”, “Ədəbiyyat və Mədəniyyət” qollarına rəhbərlik edir. 63-64-cü illərdə Partiyanın seçkilərə hazırlığı üçün keçirilən təbliğat mitinqlərində iştirak edir və nitqlər söyləyir.

Şulə Yüksəl Şənlərin böyük qardaşı Özər Şənlər Səid Nursinin yaxın ətrafında olan gənclərdən idi. O, ailəsinin modern həyat tərzi, ana və bacılarının örtünməməsi ilə barışa bilmirdi. Anasına və bacılarına, xüsusən də Şulə Yüksələ İslam mədəniyyətini yorulmadan aşılayar, örtünmələrini xahiş edərdi, lakin onlar bunun bir gerilik olduğunu, onların isə “müasir”  qadınlar olduqlarını söyləyib bu işdən boyun qaçırardılar.

Həmin vaxtlarda Özər sarılıq xəstəliyinə yoluxur və ölümcül vəziyyətdə xəstəxanada yatır. Şulə Yüksəl ondan nə istədiyini soruşur, o isə cavabında “Risaleyi-Nur” dərslərinə getməsini xahiş edir.

Beləliklə, Şulə Yüksəl din dərslərinə getməyə başlayır və elə ilk dərsdən İslam dininin gözəlliyinə valeh olur, lakin bir müddət din dərsləri ilə paralel, sosial fəaliyyətini də davam etdirir.

Din dərslərinə artıq anası da onunla bərabər gedirdi. 1965-ci ildə əvvəlcə anası, sonra isə Şulə Yüksəl örtünür. O, örtündüyü günü belə xatırlayır: “Başörtümü örtmək üçün aynanın qarşısına keçdim. Sanki şeytanla mənim aramda bir mübarizə başladı. Başımı yarı qapalı şəkildə örtdüm və öz-özümə dedim: “Bu gülməli vəziyyətim nə vaxta qədər davam edəcək? Anam örtünür mən niyə örtünmürəm”. Bu dəfə baş örtümü qabağa çəkib başımı tamamən örtdüm, lakin güzgüdən sanki əksim mənə dedi ki: “nə qədər çirkin oldun”. Mən örtünü təkrar geri itələdim. Sonra da belə etdiyim üçün peşman oldum. Bu şəkildə bir muddət davam etdi və birdən ağlıma bu fikir gəldi. Mən gözəlliklə çirkinlik üçünmü mübarizə aparıram, yoxsa imanım üçünmü? Bir çəngə saça görə imanımdanmı olacağam? Bəli, ən sonunda qalib gəldim şeytanıma. Əlhəmdulillah”.

Örtündükdən sonra Şulə Yüksəl bütün dərnək və partiyalarla əlaqəsini kəsir. Hətta həmin vaxtlar ona Ədalət Partiyasından millət vəkilliyi təklif edilir, lakin o, bu təklifi qəbul etmir.

“Yeni İstiqlal” qəzetində yazmağa başlayır. Qəzet səhifəsinin dörddə bir hissəsində həm qadınlar üçün təsəttür modelləri, həm uşaqlar üçün dini hekayələr, həm də öz fikirlərini yazmağa başlayır. 26 yanvar 1967-ci ildə yazdığı “Müsəlman qadınların örtünməsi vacibdir” məqaləsinə görə Türk Qadınlar Birliyi onu məhkəməyə verir. İlk məhkəməsi bu yazısı ilə başlayır. Həmin məhkəmədə bəraət qazanır və fəaliyyətinə davam edir. Qəzetdə yazmaqla bərabər Şulə Yüksəl artıq müxtəlif şəhərlərdə dini mövzuda konfranslar verməyə başlayır. Verdiyi konfranslar çox böyük marağa və əks-sədaya səbəb olur. Bəzən konfransa başı açıq gələn qadınlar örtünüb çıxırdılar. Ən böyük konfransı Ankarada keçirilmişdir. Dil, Tarix, Coğrafiya Fakültəsində keçirdiyi konfransda on minə yaxın qadın iştirak etmişdi. Onların içərisində millət vəkilləri, tələbələr, teatr aktrisaları var idi.

Şulə Yüksəl Şənlər 1967-ci ildə Türkiyə Prezidentinin Qurban bayramı münasibətilə xalqa müraciətində söylədiyi “Quranda örtünmək və ya açılmaqla bağlı heç bir ayə yoxdur və bu örtünməyə təşviq edən öncülər mütləq cəzalarını alacaqlar” sözlərinə cavab olaraq bir məqalə yazır. Bir müddət sonra Roma Papasının Türkiyəyə gəlməsinə qarşı çıxıb “Ağlayın, ey müsəlmanlar, ağlayın” adlı daha bir məqalə yazır. Bu məqalələrdən sonra Şulə Yüksəlin həbs edilməsi qərarı çıxır və 1971-ci ildə 13 ay 10 gün müddətinə azadlıqdan məhrum edilir.

Həbsxanadan çıxdıqdan sonra Şulə Yüksəl yenə də yarımçıq qalmış fəaliyyətini davam etdirir. “İdealist Xanımlar Dərnəyini” yaradır və dərnəyə özü rəhbərlik edir. Qeyd edək ki, dərnəyə gələn gənc qızların içərisində Əminə Gülbaran (Ərdoğan) da var idi.

Şulə Yüksəl iki dəfə ailə qurmuş, lakin hər ikisi uğursuz olmuşdur. Anası Ümran xanım vəfat etdikdən sonra atasının yanına köçür. Böyük maddi sıxıntı keçirən Şulə Yüksəl bir müddət sonra atasını da itirir. Uzun illərin çəkdiyi gərginlik, stres və əziyyət özünü göstərdi. O, yaddaşını itirdi və bu günə qədər də həkim nəzarəti altında yaşayır.

Bu il 72 yaşını qeyd edən Şulə Yüksəl Şənlərin ən böyük arzusu gənc qızların başında örtü görməkdir. Ömrünü, malını və canını bu mübarizə yolunda sərf edən Şulə Yüksəlin arzusu artıq həyata keçmişdir. O dövrlər kiçik bir qrup olan örtülü xanımların sayı bu gün minlərə, milyonlara çatmışdır.

Kifayət Həsənli

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma