“Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər”. (“Ali-İmran”, 114)
Sanki səadət əsrindən dövrümüzə düşən bir ulduz və yüksək zirvədə dayanan şəxsiyyətlərdən biri – Sürəyya Yüksəl.
O, 1954-cü ildə Bitlisdə dünyaya gəlmişdir. Atası İslam aləmində yaxından tanınan, ömrünü Quran xidmətinə həsr edən mərhum Molla Sədrəddin Yüksəl, anası Saratə xanım idi. Şəxsiyyəti və mübarizəsi ilə Türkiyə müsəlmanları üçün sönməyən bir məşəl olan qardaşı Mətin Yüksəl 1979-cu ildə Fatih məscidində şəhid olmuşdur.
Sürəyya Yüksəl orta məktəbi və liseyi Bitlisdə bitirmiş, 1966-cı ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. 1971-ci ildən etibarən Fəzilət Quran kurslarında oxumuş, sonra isə orada müəlliməlik etməyə başlamışdır. Bu kursda və sonralar özünün təsis etdiyi “Suffə” adlı kursda iyirmi beş il ərzində təfsir dərsləri keçmişdir. Özündən sonra isə onun yolunu davam etdirəcək böyük bir tələbə ordusu qoyub getmişdir.
İstanbul universitetinin astronomiya fakültəsinə daxil olmuş, lakin hicab qadağası tətbiq edilməyə başladığı zaman sonuncu kursda universiteti tərk etmişdir. Universitetdə gənclərin yetişməsində böyük rolu olan bu xanım yüksək səviyyədə olmaq üçün universitet diplomunun heç də vacib olmadığını öz həyat yolu ilə bir daha sübut etmişdir.
Türkiyə müsəlmanlarının modernizmin təsiri altına düşdüklərini və bunun ümmət anlayışının unudulmasına apardığını anlayan Yüksəl həyatını bu işə həsr etmiş və bu yolda həqiqi mənada əlindən gələni etmişdir. İslam dinini bütün insanların tanıya bilməsi ideyası uğrunda ömrü boyu var qüvvəsi ilə fəaliyyət göstərmişdir. Mübariz və aktiv şəxsiyyəti ilə bir çox insanlara rəhbərlik etmiş və onların həyatında əhəmiyyətli rol oynamışdır. O, 1980-ci ildən etibarən baş örtüsü mübarizəsini çiyinlərində daşıyanlardan biri olaraq ön cərgədə olmuş, 1982-ci ildə Türkiyədə baş örtüsü qadağasının yeni tətbiq olunduğu dövrdə buna etiraz edən gənc müsəlmanlardan biri kimi fəaliyyət göstərmiş, bu sahədə müxtəlif kitab və bukletlərin hazırlanıb yayınlanmasında böyük rolu olmuşdur. Həmin dövrdəki fəaliyyəti ilə əlaqədar olaraq bir neçə dəfə həbs edilmişdir.
Müsəlmanların olduğu hər yerdə və hər bir işdə ayrı-seçkilik qoymayan, bütün səmimiyyəti ilə onlara dəstək olan Sürəyya xanım yalnız Allah rizasını düşünmüşdür. O həm də əfqan mübarizəsini yaxından dəstəkləyən bir insan kimi tanınmış, əfqan və fələstin yoxsullarının maddi ehtiyaclarını ödəmək üçün dəfələrlə xeyriyyə tədbirləri təşkil etmişdir.
Yüksək səviyyədə ərəb dilini bilən Sürəyya xanım Quran aşiqi, öyrəndiyi bütün elmlərlə Quranı dərk etməyə çalışan bir Quran tələbəsi idi. Həyatını Quranın dəvətinə həsr etmiş, tarixçi və reformist cərəyanların qarşısına çox ciddi faktlarla çıxmışdır.
O, islami fəaliyyətində təkcə gələcək nəsillər üçün deyil, bugünkü müsəlmanlar üçün də nümunə göstəriləcək bir zirvə və çox vacib bir missiyanı öz üzərinə götürmüş mücahid bir qadın idi. Hadisələrin gedişatı ilə nəticələrini əlaqələndirməyi bacaracaq qədər zəkalı, son dərəcə imanlı və etibarlı, heç bir zaman əyilməyən, təsir altına düşmədən doğru hesab etdiyi yolda son nəfəsinə qədər addımlayan bir qəhrəman idi.
Həyatının Hicazda sona yetməsini arzulayan Sürəyya Yüksəl bir neçə dəfə həcc və ümrə ziyarətinə getmişdir. Səhhətinə görə uzun müddət müalicə alan Sürəyya Yüksəl 2005-ci ildə Türkiyədə vəfat etmişdir.
Sürəyya Yüksəl ailə qurmamış və ana olmamışdır. Özündən sonra həyatda bir dəst belə paltarının da qaldığı məlum deyil, ancaq hicablı olduğu üçün məktəblərə buraxılmayan müsəlman qızların onun qurduğu Suffədə təhsil aldığı hər kəsə məlumdur. Həyatı tələbə yetişdirməklə keçən bu əvəzsiz insan ölümündən sonra da dininə xidmət etməyə davam etmişdir.
Peyğəmbərimizin mübarək tədrisinə tələbəlik etmiş əshabələrin universiteti olan Suffədən Sürəyya Yüksəlin başı örtülü qızlar üçün qurduğu Suffəyə uzanan yolda həyatını Quran-kərimə həsr etmiş bütün müəllimlərin bir prototipi idi Sürəyya Yüksəl. Onun həqiqi aləmdə daha qiymətli bir yerə layiq olması üçün Rəbbimizə dua edək.
Kifayət Həsənli