ANCELA KOLİNS

angela-collins-_110706001108-804Amerikalılara xas olan sarışın saçlı, mavi gözlü Ancela dəhşətli 2001-ci il 11 sentyabr hadisələrini gördükdən sonra İslam dinini qəbul edib. O, İslamı qəbul etmiş digər əcnəbilər kimi bu dini öyrəndikdən sonra başqalarının bu barədə olan fikirlərindən və medianın İslamı yanlış tanıtdırmasından fərqli olaraq İslamın hüzur (əmin-amanlıq) və xoşbəxtlik dini olduğunu anlayır. Hal-hazırda o, müəllimdir və Cənubi Kaliforniyada özəl bir müsəlman məktəbində direktor vəzifəsində işləyir.

Ancelanın İslam haqqındakı fikirləri belədir: “Mən qəbul edirəm ki, özümün və başqalarının həyatında baş verən hadisələrə nəzarət edə bilmərəm. İslam yer üzündə yaşayan bütün insanların və digər varlıqların yaradıcısı – Yaradanımıza olan tabeçiliyin yeganə yoludur. Bir müsəlman kimi indi mən bilirəm ki, hər şey niyyətlə başlayır və sonra bu niyyəti əmələ çevirməklə Allahın əmrlərini tətbiq etməyə çalışıram. Bu hikmət özümün, ailə və cəmiyyətimin və Yer üzündəki bütün bacı və qardaşlarımın daha yaxşı insan olması üçün yolunu aydınlaşdırır. Həqiqətən, İslam dini mənə istiqamət verdi, qəlbimi nurlandırdı. Mən bu kainatda və Allah istərsə, o biri dünyada xoşbəxt olmaq üçün Yaradanın qanunlarına riayət emək üçün yaşayıram. Mən dinə yenicə qədəm qoymuşam. Katolik mənim ulu babalarımın dinidir. 14 yaşımda ikən mən “Üçlük nəzəriyyəsi”ni (ata-oğul-müqəddəs ruh) inkar etdim və Baptist kilsəsinə getməyə başladım. Həyatım boyu mən həqiqəti anlamaq üçün axtarışda oldum və nəyə etiqad edəcəyimi düşündükcə çaşqınlıq içində qalırdım. Axı mənim Allahım necə bizim kimi bir insan sifətində ola bilər və insanlığın günahını yumaq üçün necə öz ölümünə (və ya oğlunun) razı ola və çarmıxa çəkilə bilər?! Mən bu cür izahın mənasız və ağıla zidd olduğunu anladım və öz şübhələrimi alim və keşişlərə bildirdim və fikirlərimi onlarla paylaşdım. Lakin onlar məni başa salmaq üçün bu düşüncələrimi sırf xristian əqidəsinə görə əsaslandırmağa çalışırdılar. Mən özümə belə bir sual verdim: “Mənim dinim niyə belə mürəkkəb olmalıdır?!” Gənclik yaşlarına çatdıqda çox asanlıqla fikirlərimi qətiləşdirdim. Bizi yaradan – yalnız bir olan Allahdır. Əlavə heç bir izahat məntiqə uyğun deyil.

İslam dini Allahın əmrlərini öz maraqlarına görə dəyişən insanların səhvlərini düzəltmək və aydınlaşdırmaq üçün ən düzgün yol göstərən bir dindir. Bu, sadə bir dindir. Allah elə Allahdır. Allah bizi yaradıb və biz yalnız Ona ibadət etməliyik. Allah Musa (ə), İsa (ə) və Mühəmməd (s) Peyğəmbəri bəşəriyyətə Öz əmrlərini çatdırmaq üçün və insanlara rəhbərlik etmək üçün göndərib. Quran sonuncu kitabdır və tarix boyu heç vaxt insanların maraqlarına görə dəyişdirilməyib. İslam təsdiq edir ki, sən sadəcə özünü müsəlman adlandırdığın üçün Allah səni Cənnətlə müjdələmir və sən təkcə Allahın birliyinə inandığın üçün Cənnətə girə bilməzsən. Sən Allahın kitabında və Onun elçiləri tərəfindən bizə öyrədilmiş gözəl əməllər və davranışlara görə Cənnəti qazana bilərsən. Bundan başqa, sən bir müsəlman olaraq daim həqiqəti axtarmaqla, oxuyub anlamaqla və düşünməklə məsulsan (cavabdehsən). Mən Quranın hər surəsini dəfələrlə oxuduqdan və ətraflı məlumat aldıqdan sonra bir daha inandım ki, bu “şah əsəri”in Müəllifi məni özümdən daha yaxşı tanıyır və məndən daha çox bilir.

İslamın Birləşmiş Ştatlarda, yəni mənim ölkəmdə tamamilə səhv başa düşülməsi və bir çoxları tərəfindən sevilməməsi sirr deyil. Mənim “ziddiyyətli” xristianlıqdan dönməyim ailəmi və yoldaşlarımı heyrətləndirdi. Lakin sonra onlar məni bu cür qəbul etdilər.

Bir neçə müsəlman ölkələrində olmuşam. Mən əminəm ki, Allah məni xarici ölkələrə səyahət etməklə İslamın mənə hələ agah olmayan imkanlarını kəşf etmək üçün və eyni zamanda sevgimi daha da artırmaq üçün İslam dininə yönəldib. Mən bütün insanlar arasında körpü yaratmaq arzusundayam.

Orta Şərqdə yaşayan müsəlmanların müxtəlif həyat tərzi keçirmələrinə baxmayaraq, mən onlardakı səxavəti və ailələrin bir-birinə olan bağlılığını, səmimiyyətini və onlara yad olan əcnəbi bir qızı öz ailələrinə dərhal qəbul etdiklərini gördüm. İslam dini rəngarəngdir və həyatın hər bir anında istənilən mühitdə qəbul oluna bilən bir sistemdir.

Mən inamla deyə bilərəm ki, Allah İslam dinini mənə ilham etməsəydi, heç vaxt həqiqi Ancelanı tapa bilməzdim. Bu gün mən buradayam, amerikalı müsəlman Ancelayam. Hansı ki qəlbim hər zaman kainatda hər şeyi yaradan Varlığı axtarıb və İslamı öyrənməklə Allahı tanıyıb”.

Bu günün ən güclü silahı olan media vasitəsilə Haqq dinə – İslama kölgə salmaq istəyənlərin cəhdlərınə baxmayaraq, İslamı qəbul edənlərin sayı günbəgün artır.

Burada Həzrət Mövlananın sözləri yadıma düşür: “Nə dəniz bir itin ağzından murdarlanar, nə də günəş üfürməklə sönər”.

Gülnarə Məmmədova  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma