11 sentyabr 2001-ci ildə ABŞ təbliğat maşınının ssenarisi ilə araya-ərsəyə gətirilən tragikomediyanın təsiri ilə milyonlarla şüurların İslam əleyhinə kökləndiyi bir vaxtda öz çevrəsində çox məşhur bir aktrisa Miriam Fransuaza Syerra müsəlmanlığı qəbul etdi. Bu hadisənin mətbuatda, telekanallarda İslam üçün qara piarlarla müzakirə olunduğu o dövrdə Miriam da öz müsəlman dostlarını “doğru yola” gətirmək üçün ciddi fəaliyyətə başlamışdı. Yeni müsəlman olmuş rəfiqələrini dünya filosoflarının fikirləri, İslam tarixi haqqında qərbdə yayğın stereotiplərlə dünyəviliyə səsləyir, “anti-dəvət” edirdi. Bunun bir nəticə vermədiyini anladıqda isə özü İslamın qayəsi, əsas ideyasını anlaya bilmək üçün Quran başda olmaqla islami ədəbiyyata baş vurdu, düşüncəsini işlətdi və müsəlmanlığı qəbul etdi. Onun bu hərəkəti 2003-cü ildə bütün İngiltərəni, xüsusilə də, London kinosənayesini çalxalatdı. Parlamaqda olan gənc ulduz, gözəl və istedadlı aktrisa bundan sonra müsəlman qiyafəsinə girib İslamı təbliğ edəcəkdi.
Bu hadisənin İngiltərə mətbuatında çox güclü əks-səda yaratmasının daha bir səbəbi isə onun gözlənilməzliyi idi. Hələ uşaq yaşlarında çox məşhur bir film olan bizim ölkəmizdə də bütün kinosevərlərin dərin maraqla izlədiyi “Qürur və qərəz” (Pride and Prejudice) filmində rol almış bu gənc aktrisa İngiltərə kinematoqrafı üçün çox şeylər vəd edirdi. Hər kəs onu ümidverici və parlamağa başlayan bir dünya ulduzu kimi görürdü.
Miriamın çəkildiyi “Qürur və qərəz” əsərinin müəllifi olan Ceyn Ostinin, ümumiyyətlə, o dövrə aid digər qadın yazıçılar Şarlotta və Emili Bronte bacıları, Aqata Kristi və b. yaradıcılığı ilə az-çox tanışlığı olan adamlar gözəl bilirlər ki, keçmiş əsrlərin ciddi xristian mənəviyyatı, ağır viktorian qayda-qanunları bu cür əsərlərdə ən çox toxunulan məsələlərdir. Bu yazıçıların əsərlərini oxuduqdan sonra XIX-XX əsrlərdə başlayan və çox böyük sürətlə yayılan darvinist idealların təsiri altına düşməmək Avropa insanı üçün çox çətindir. Qadınların nəinki hüquqlarının, hətta təbiət və qüvvələrinin də kişilərlə bərabər hesab edildiyi Avropada yüksək savadlı, geniş və sərbəst düşüncəli, ateist cəmiyyətin sevə-sevə qəbul etdiyi bir gənc aktrisanın İslamı qəbul etməsi, doğrudan da, çox möhtəşəmdir.
Quranla ilk tanışlığı barədə Miriamın söylədikləri çox maraqlıdır: “Mənim üçün əsas Quran idi. Mən ona çox böyük qəzəblə yanaşdım, dostlarımın yanlış yolda olduqlarını isbatlamaq üçün cəhd etdim. Getdikcə isə qəzəbin yerini aydın düşüncə tutdu, daha təmiz şüurla oxumağa başladım. Bütün bəşəriyyətə ünvanlanmış “Əl-Fatihə” surəsi mənim niyyətimi tamamilə dəyişdi. Bu ayələr məni özümü həm xitab edilən, həm də seçilən bir insan kimi qəbul etməyə məcbur etdi. Mən də özümü bu müqəddəs kitabın göndərildiyi insanlardan biri hesab etdim. Şübhələrimə aydınlıq gəldi. Xristianlıqdan bildiyim ehkamlara baxmayaraq, başıma gəlmiş və gələcək bütün hadisələrin bir səbəb-nəticə bağlılığı olduğuna inandım”.
Fəlsəfə ilə yaxından maraqlanan – Sartr, Kant, Aristoteldən düşüncə materiallarını qəbul etməyə alışmış Syerra onu illərlə məşğul edən “biz kimik və niyə buradayıq” sualına Quranda cavab tapdı. İslamı öz təbiəti üçün ən uyğun yaşam təlimatı hesab edərək Peyğəmbər Mühəmmədin (s) həyatı və fəaliyyətini öyrənməyə başladı. Peyğəmbərin şəxsiyyətini özünə nümunə hesab edən Miriam “tarixin ən möhtəşəm və çoxları tərəfindən hələ də sonadək tanınmayan bir fiquru” adlandırır.
İngiltərədəki müsəlman icmaları ilə dostluq münasibətləri saxlayan Miriam Fransuaza Syerra öz qeyri-müsəlman əhatəsində də İslamı anlatmağa çalışır və öz bilgilərini media ilə daim paylaşır.
Zəhra Süleyman-Kıstı