Archive | Avqust 2014

ƏMİNƏ ÖZKAN ŞƏNLİKOĞLU

“Mənə çox təsir edən belə bir hadisə olmuşdu. İnqilab Tarixini oxuyarkən bir səhnə ilə rastlaşmışdım. Orada qara çarşablı bir qadın göstərilmiş və “Qadın dünən bu cür əsir idi”, – yazılmışdı, yanında isə açıq geyimli bir qadın göstərilərək “Bu gün isə bu şəkildə azaddır” yazısı verilmişdi. Mən bunu görəndə, əgər bir gün örtünsəm, bu qadın kimi qara çarşab geyinəcəyəm və qadının əsir olmadığını sübut edəcəyəm, – deyə özümə söz vermişdim”.

Əminə Şənlikoğlu

Əminə Özkan Şənlikoğlu 27 may 1953-cü ildə anadan olmuşdur. Uşaqlıq illəri Adapazarının Saloğlu və Karaçalı kəndlərində keçmiş, 9 yaşında isə İstanbula gəlmişdir. Uşaqlığı çox böyük bir mübarizə içində keçən Şənlikoğlu bəzi ədalətsizlikləri artıq kiçik yaşlarında sezməyə başlamışdı. Hələ gənclik illərindən müxtəlif dini elmləri öyrənməklə məşğul olmuşdu. Dinləri araşdırmağa başlamış və İncili oxumuşdur. Daha sonra İslama yönəlmiş, İslam haqqındakı sualları araşdırıb incələdikcə əsl həqiqətlərlə qarşılaşmışdır. İslami təhsil almağa başlamışdır. Fiqh və Əqidə kimi bütün islami elmləri həyat yoldaşı Rəcəb Özkandan və xüsusi müəllimlərdən öyrənmişdir. Həqiqətləri tapmaqla kifayətlənməyən Şənlikoğlu onları bilmə, öyrənmə və öyrətmə yolunda inamla irəliləmişdir.

Əminə Şənlikoğlu adı dillər əzbəri olan bir yazardır. O, ülvi hisslərə məftun, dünya məqamlarına zərrə qədər meyli olmayan bir xanımdır. Xalq xüsusilə onu qara çarşabı ilə televiziya kanallarında dinsizlərlə mübahisələrindən tanıyır. O, qadının çarşabla da intellektual, azad və müasir ola biləcəyini öz şəxsində göstərmişdir. Qadın jurnalı çıxararaq, konfranslar keçirərək, kitablar yazaraq baş örtüsünün qadını heç bir haqdan məhrum etmədiyini sübut etmişdir. Beləliklə də, illər öncə özünə verdiyi vədi həyata keçirmişdir.

Əminə Şənlikoğolu artıq indi əlliyə yaxın kitabın müəllifidir. İslami həyatı tam mənası ilə yaşayan bu mücahid xanım bu yolda dəfələrlə haqsızlıqlara məruz qalmışdır. “Bize nasıl kıydınız” (“Bizə necə zülm etdiniz”) adlı kitabı əsasında film çəkiləndən sonra onun haqqında çox danışılmağa başlandı. İstiqlal məhkəmələrinə toxunduğu üçün filmi yasaq belə etmək istədilər.

İlk kitabı “Gençliyin İmanını Sorularla Nasıl Çaldılar” (“Gəncliyin İmanını Suallarla Necə Oğurladılar”) adlanır. Bu kitabda qadınların açıq şəkildə satıldığı, oğurluqların, təcavüzlərin və digər günahların baş alıb getdiyi yazılır. “İslam gəlməsə, bu vəziyyət düzəlməz”, – deyə qeyd edir yazıçı. İslam hüququnun hakim olduğu dövrlərdə cinayətlərin sayının minimum olduğu halda (məsələn oğurluqdan əli kəsilənlərin sayı beşi keçmirdisə), 70 ildir ki, ölkədə müxtəlif cinayətlər üzündən qolu və başı kəsiləcək insanların sayı sayılmayacaq qədər çoxdur – deyə nəzərə çatdırılır.

Bu kitabına görə Əminə Şənlikoğlu məhkəməyə verilmiş, 15 il həbs cəzası istənilməklə mühakimə olunmuş və iki il yarım həbs həyatı yaşamışdır. Dəfələrlə məhkəməyə verilən, nəzarət altında saxlanılan Şənlikoğlu 1985-ci ildən etibarən “Mektub” jurnalının “Genel Yayın Yönetmenliyi”nə rəhbərlik etməkdədir. O, bu günə kimi Türkiyənin bir çox şəhərlərində və müxtəlif xarici ölkələrdə İslam dini mövzusunda bir sıra konfranslar keçirmişdir.

Əminə Şənlikoğlu iki övlad anasıdır.

Kifayət Həsənli   

NÜSRƏT ƏMİN

Nəsli 30 vasitə ilə Həzrət Əli ibn Əbutalibə (ə) çatan, “İsfahanlı müctəhidə xanım Nüsrət Əmin” adı ilə tanınmış Haciyə xanım Nüsrət Beygəm Əmin hicri şəmsi tarixinin 1265-ci ilində İsfahanda dünyaya göz açıb. Atası Hacı Seyid Mühəmmədəli Əminul-Tuccar İsfahani mömin və səxavətli bir insan, anası isə olduqca şərafətli və xeyirxah bir xanım idi. Qızının oxumağa böyük həvəs göstərdiyini görən anası onu 4 yaşından Quranı və fars dilində yazıb-oxumağı öyrənməsi üçün məktəbə göndərir. Halbuki o zamana hakim olan mühitdə çox az ailələr öz qızlarını elm əldə etmək üçün məktəbə, yaxud mədrəsəyə göndərirdilər.

Beləliklə, öz təhsilinə davam edən Əmin xanım 15 yaşında əmisi oğluna ərə gedərək onunla ailə həyatı qurur. Uşaqları dünyaya gələndən sonra isə onların tərbiyəsi ilə də özü məşğul olmağa başlayır. Lakin bütün bunlar onun təhsilini davam etdirməsinə, islami elmləri mütaliə və təhqiq etməsinə, araşdırmasına mane ola bilmir.

Kiçik yaşlarından Allah-Taala aşiqi və Allahın nişanələri, məxluqatı üzərində xüsusi təfəkkürə, düşüncəyə sahib olan Əmin xanım hikmət elminin təhsili zamanı müəyyən kəşflərə, yeniliklərə nail olur. Bu barədə onun təfsirə dair yüksək səviyyədə yazılmış sənət əsərlərindən “Ərbəinul-Haşimiyyə” və “Nəfəhətul-Rəhmaniyyə” kitabları buna ən gözəl nümunədir.

40 yaşında ikən “Ərbəinul-Haşimiyyə” kitabının nəşrinə nail olur. Elmi dərəcə almaq üçün mərcə və alimlər: Ayətullah Hairi Yəzdi, Ayətullah Mühəmməd Kazim Yəzdi və b. tərəfindən özünü təsdiq edəndən sonra dövrün mərcəi-təqlid və alimlərinin sual-cavabla dolu imtahanlarındakı iştirakında uğur qazandığı üçün o, Ayətullah-üzmalar tərəfindən ictihad dərəcəsinə yetişir. Beləliklə, İslam dünyasında ilk müctəhidə xanım olur.

Müctəhidə Əmin xanım 1344-cü ildə öz sərmayəsi ilə İsfahanda vahid İslam qızlar məktəbi təsis edir. 1346-cı ildə isə ilk dəfə olaraq “Fatimə (s) məktəbi” adı altında qadınların dini elmlər mədrəsəsini təsis edir. Bu təşkilat həmin vaxtdan müsəlman qadınların dini təlim və tədrisində, görkəmli qadın simalarının inkişafında  özünəməxsus rol oynayır.

Əmin xanım zövqlü, təvazökar, müdrik, gülərüz, sakit və azdanışan, heç bir dəbdəbəyə meyil etməyən bir alim və Əhli-Beytin (ə) ən sadiq dostlarından biri idi. Onun müqəddəs və lütfdolu vücudu ürfan elminə, mənəviyyata elə qərq olmuşdu ki, onu görən hər kəs onun daxili aləminin, yüksək əxlaqının cazibəsinə düşürdü. Bu elmli, alim qadının varlığının mehi cəmiyyət qadınlarının üzərinə əsərək yatmış düşüncələrin oyanmasına, onların dini elmlərin təhsili yolunda inkişafına və mənəvi təkamülünə təkanverici qüvvə oldu.

Əmin xanım uzun illər elmi təhsil və mənəvi məqam yolunda zəhmət çəkərək, həqiqətən, sübut etdi ki, qadın ictimai mühitdə, hicab pərdəsi altında da tam bir təqvası, iffəti və müqəddəs dininin hökmlərinə riayət etməsilə öz elmi təhsilini davam etdirə bilər, görkəmli mövqeyə nail olub, elmlə din arasında bağlılıq yarada bilər. O, hicabın təkamül və inkişafa mane olmasını təsəvvür edən hər kəsin və ya “qadın hər növ inkişafi təkamüldən məhrum olmalıdır”, – deyən bir qrup insanların əksinə olaraq ayağa qalxdı və o cür səhv düşüncələri alt-üst etdi.

Allah-Taalanın bu müqərrəb bəndəsinin pak ruhunu xalis etmək və cilalamaq üçün düçar etdiyi ən böyük imtahanlar onun övladlarının erkən yaşlarında dünyalarını dəyişmələri oldu. Belə ki, o, səkkiz övladından yeddisini xəstəlik və s. kimi müxtəlif səbəblər üzündən itirmiş, yalnız bir oğlu sağ qalmışdı. Lakin bu müsibətlər bu yeganə müctəhidə xanımın əzm və iradəsinə xələl gətirə bilməmişdi. Bu isə onu göstərir ki, əgər qadın təkamül yoluna qədəm qoyar, Allahı öz əməllərinin Naziri, bütün məxluqatın Maliki bilərsə, hətta övladlarının itkisi belə onun ixtiyarını əlindən ala bilməz .

Müctəhidə xanım Seyidə Nüsrət Əmin şiə aləminin görkəmli alimlərindən və ilahi övliyalardan biri idi. Bütün ömrünü İslam maarifinin təlim-təhsilinə sərf edən Əmin xanım özündən sonra Quran təfsiri, hədis, hikmət, fiqh, üsul və əxlaq sahələrinə həsr edilmiş qiymətli əsərlərini yadigar qoydu. Bu görkəmli xanımın bəzi əsərləri bunlardan ibarətdir:

  1. “Əl-Ərbəinul-Haşimiyyə” birinci əsəridir.
  2. “Təfsir məxzənul-urfan” 15 cild, bütün Quranın təfsiri
  3. “Cameul-şitat”
  4. “Nəfəhatul-Rəhmaniyyə” və s.

Əmin İsfahani xanım özündən sonra qiymətli əsərlər yadigar qoymaqla yanaşı, bir çox şagirdlər də tərbiyə etmiş və məktəblər, mədrəsələr təsis etmişdir.

Elm aləmində böyük xidmətlər göstərən, islami maariflənmənin avanqardı və ideoloqu olan bu xanım hicri şəmsi tarixinin 1363-cü ilində 97 yaşında vəfat etdi və Allahın rəhmətinə qovuşdu.

Mütərcim: Ruhəngiz Həşimova  

NİKOL KVİN

Nikol KvinNikol Kvin Texas Ştatının Hyuston şəhərində doğulub. 8 yaşı olanda ailəsi ilə birgə Dallasa gəlir və orta məktəbi orada bitirir. Uşaqlıqda ailəsi ilə birgə kilsəyə gedərdi. Onun ailəsi Allaha inanan, lakin dini qaydalara əhəmiyyət verməyən tipik amerikan ailəsidir. Nənəsi və babası isə dindar insanlar idi. Oxumağa davam et

GÜLAY PINARBAŞI

“Müsəlman qadın dünyapərəstlərlə müqayisə edilməyəcək qədər azaddır.

Tam əks dünyagörüşünə sahib və azadlığı Allahı və dinini inkar etməkdə görən dünyapərəstlər isə həqiqi əsarət altında yaşayanlardır, çünki onlar həyatını Allahın rizasına görə deyil, qulun rizasına görə qururlar. Beləcə, qadını ticari bir mal, cinsi bir vasitə olaraq görən cahil bir cəmiyyətin içərisində yaşayır və bu cəmiyyətin sapqın əxlaq anlayışının gətirdiyi bütün təzyiq və məhdudiyyətləri öz üzərlərində hiss edirlər. Elə əsl əsarət də budur”.  (Gülay Pınarbaşı)

8125Gülay Pınarbaşı 1969-cu ildə Konyada anadan olmuşdur. İlk və orta təhsilini orada almış, məktəbi bitirdikdən sonra Ankara Tibb Məktəbinə daxil olmuşdur. 1989-cu ildə manekençilik etməyə başlamış, 1990-cı ildə “Miss Globe Türkiyə Gözəli” müsabiqəsinin qalibi olmuşdur. Bu illər ərzində bir neçə filmdə baş rolda çəkilmişdir.

Gülay Pınarbaşı gözəl idi, şöhrətli idi və ən əsası manekençi idi. Bəlkə də, bəzi qız və xanımların həsrətini çəkdiyi və həsəd apardığı bir həyat tərzi sürürdü.

Həyatının baharında idi Gülay, bütün gənc qızlar kimi… Amma o, hər yazın payız və qışa dəyişdiyini anlayırdı. Gəncliyin əbədi olmadığını dərk edirdi. Və nəhayət, gəncliyini əbədiləşdirmək arzusu onu bütün bu ruh əzici işıqların altından alıb imanın nurlu dünyasına köçürür. O, Bədiüzzamanın “Gənclik nə qədər yaz çiçəyinə bənzəsə də, arxasında növbədə qurumuş qış çiçəyi kimi qocalıq dayanır” sözləri ilə sanki yuxudan oyanırmış kimi oyanır. Oyanır və saxta alqışlara, aldadıcı işıqlara, podiumlara geri dönməmək şərti ilə əlvida edir.

Pınarbaşı baharı solmadan, ələmsiz ləzzətə, kədərsiz sevincə və daimi səadətə qovuşan xoşbəxtlərdən olur.

Həyatındakı bu dəyişiklikləri belə izah edir: “Bir çox gəncimizin bu tip bir həyat tərzinə həvəs göstərdiyini bilirik. Ancaq əslində cahiliyyə cəmiyyətinin tipik bir nümunəsini özündə cəmləşdirən bu tip həyat tərzi, bütün bər-bəzəyi və rəngli görünüşünə baxmayaraq insanları fəlakətə atan bir quruluşu təmsil edir, çünki axirəti üçün, cənnəti üçün heç bir iş görmədiyi kimi, gəncliklərini, enerjilərini və sağlamlıqlarını boş yerə sərf edən bu insanlar Allah qatında böyük bir məsuliyyət daşıyırlar. Quran ayəsinin dili ilə desək, boş və dəyərsiz şeylər qarşılığında ağır bir günü geridə qoyurlar. İnsan axirəti, etdiyi hər şeyin hesabını verəcəyi həqiqətini dərk etdiyi zaman təbii olaraq həyatını da bu böyük həqiqətə uyğun olaraq qurmaq ehtiyacını hiss edir”.

İslami dəyərləri öyrənməyə başladıqdan sonra Pınarbaşı bir müddət biliklərini təkmilləşdirir, müxtəlif alimlərin əsərlərini oxuyur və bundan sonra Allah rizası üçün nə isə bir iş görmək qərarına gəlir. Öyrəndiklərini və bildiklərini başqaları ilə bölüşmək istəyir. Beləliklə də, yazıçılığa başlayır. 1993-cü ildən etibarən “Vakit” qəzetində məqalələr çap etdirir. Həmin dövrdə Türkiyənin yaşadığı sıxıntılı vəziyyətdən qurtulmasının siyasi olaraq “Rifah Partiyası”nın sıralarında mümkün ola biləcəyinə, eyni zamanda bütün həyatını mübarizəyə həsr etmiş, bu yolda böyük xidmətlər göstərmiş Nəcməddin Ərbakanın səmimiyyətinə inanaraq 1994-cü ildə “Rifah Partiyası”na üzv olur. “Rifah Partiyası”na xidmət etməyin daha faydalı olmasına səmimi qəlbdən inanır.

Dinsiz ideologiyalara qarşı mübarizəni və İslam əxlaqını insanlara çatdırmağı öz qarşısına məqsəd qoyan Gülay Pınarbaşı qəzet və jurnallarda, şəxsi saytında müxtəlif məqalələr yazır, bundan əlavə bir çox kitablar nəşr etdirir.

Hal-hazırda ədəbi yaradıcılıqla məşğul olan söz ustası, yazıçı “Milli Qazete”də, “Məktub”, “Gənc Birikim”, “Anadolu Gənclik” kimi jurnallarda müxtəlif məqalələr dərc etdirir və daim dövri mətbuatda öz yazıları ilə çıxış edir. 

Kifayət Həsənli

İNQİLAB QADINI – SƏBİR ABİDƏSİ

İran İslam İnqilabının banisi və böyük rəhbəri İmam Xomeyninin həyat yoldaşı xanım Xədicə Səqəfi 1292-ci il hicri şəmsi ilində (miladi təqvimi ilə 1913-cü il) Tehranda ziyalı və ədəb-ərkanlı bir ailədə dünyaya göz açmışdır. Onun “Təfsire-Novin” (“Yeni Təfsir”) kitabının sahibi olan atası mərhum Ayətullah Mirzə Mühəmməd Səqəfi Tehranın mütərəqqi alimlərindən və mərhum Ayətullah Hairi Yəzdinin şagirdlərindən olmuşdur.

Səqəfi xanımın anası tərəfdən Qacar ailəsi ilə bağlılığı olduğuna görə iki xüsusiyyət: dindarlıq və mütərəqqi görüşə malik olmaq onda bir yerdə cəmlənmişdir. Fitri istedada və qeyri-adi hafizəyə mailk olduğundan onun elm öyrənməyə olduqca böyük həvəsi vardı. O, fransız dilini məktəbdə yüksək səviyyədə öyrənmiş, ərəb dilini isə İmam Xomeynidən mənimsəmişdir.

1308-ci hicri şəmsi ilinin mübarək ramazan ayında bu iki şəxsiyyət arasında bərəkət dolu evlilik gerçəkləşdi. Bu evlilikdən 5 övlad dünyaya gəldi. İmamın bütün həyatı boyu övladlarının fədakar mürid olmasının, imama səmimi xidmət etməsində ən böyük səbəb onun həyat yoldaşının səhih və bacarıqlı tərbiyə üsulu olmuşdur. O, illər boyu mütəmadi olaraq övladlarına imamın ləyaqətini qorumağı, sağlam və hər cür çirkinlikdən uzaq həyat sürməyi tövsiyə etmişdir.

Bu inqilabi fikirli qadın öz dindarlığını nümayiş etdirməkdən çəkinən həqiqi bir dindar idi. Ondan heç bir zaman xilaf söz eşidilməzdi. Qeybət, böhtan, nalayiq sözlər işlətmək onun təbiətinə zidd idi. O, müstəhəb əməlləri yerinə yetirən, başqalarının abır və həyasını qoruyan, ehtiyacı olanlara həddində kömək etməyi sevən, yüksək keyfiyyətlərə malik insanlardan biri idi.

Bu inqilab ruhlu qadın ağıllı və səbirli bir şəxsiyyətə sahib idi. Onun səbrinə diqqət yetirdikdə bu səbrin ağıl ilə idarə olunduğu aşkar surətdə nəzərə çarpır. Yəni onun çətinlik qarşısındakı səbri və təhəmmülü yüksək dərk etmə qabiliyyətinə malik olmasının məhsulu idi. O, ruhani ailəsində dünyaya gəlmiş, uşaqlıq və yeniyetməlik dövrlərini nənəsinin yanında rifah içərisində keçirmişdi. Buna baxmayaraq o, imamla evləndikdən sonra özünü sadə bir həyat tərzinə, ruhaniyyətin bütün adətlərinə riayət etməyə hazırlamış, həyatı boyunca bu ənənələrə böyük bir həssaslıqla yanaşmışdır. İmamın ictimai həyatının bütün mərhələlərində; tələbəlik dövründən Qum şəhərindəki müəllimlik dövrünədək, mərcəiyyət və sürgün dövründən rəhbərliyi, İslam İnqilabının qələbəsindən sonrakı dövrlərədək zamana və xalqın imamdan gözlədiyi həyat şəraitinə uyğun olaraq rəftar etməyi, imamın evini, mənzil əşyalarını, geyim və ərzaq baxımından tamamilə sadə, nizamlı və səliqəli şəkildə qorumağı özünə borc bilmişdir.

42-ci ildə İmamın həbs edildiyi vaxt – edam hökmünün verilməsi ehtimalı olduğu zaman Xədicə xanım bu ağır mərhələni cəsarət və səbirlə keçə bilmişdir. Həmin dövrlərdə onların evi imama dəstək çıxmaq istəyən, imamın halından nigaran olan bütün xalqın gediş-gəliş yerinə çevrilmişdi. İmamın zindandan azad olub onun Qeytəriyyə məntəqəsində ev dustağı olması bu möhtərəm xanımın səbir və təhəmmülünün yeni bir imtahanı idi. Tehrana mühacirət, uzun müddət ev həbsində yaşayan imamın yanında olub, ona sakitlik və dinclik bəxş etmək bu səbir abidəsinin öhdəsinə düşürdü. İmam tamam azad olub Quma köçürüləndən sonra onların mənzili imam aşiqlərinin sel kimi hücumuna məruz qalsa da, Xədicə xanım son dərəcə yüksək ədəb və ehtiramla, böyük diqqətlə onları qarşılayırdı.

43-cü ildə gecə ikən evlərinə hücum edib İmamı tutub sürgün etmələrinə, uzun müddət imamın vəziyyətindən xəbərsiz olmasına, oğlu Hacı ağa Mustafanın sürgün edilməsinə, o cümlədən 43-cü ilin hadisələrinə dözmək bu inqilabi ruhlu qadın üçün yalnız şücaət göstərmək və hadisələrə şüurlu şəkildə yanaşmaqla mümkün ola bilərdi.

İmam İraka köçürüləndən sonra o, İrandakı bütün əlaqələrini kəsmiş, imama dəstək olmaq və onun yanında qalmaq üçün övladlarından, dost-tanışlarından uzaqlaşaraq Nəcəfə üz tutmuşdur. Qürbətin acı günlərini imamla birgə əl-ələ verərək səbirlə yaşadılar.

Əziz övladı şəhid Hacı Mustafanın qürbətdə şəhadətə yetişməsi bu inqilab anasının qəlbinə dağ çəkdi və bu acı xatirə ömrünün sonuna qədər onunla birgə yaşadı.

İslam İnqilabının qələbəsindən ürək dolusu sevinə bilməyən ana bir müddət sonra ömür-gün yoldaşını itirdi. İmamın vəfatından sonra bütün rəhbərlik işçiləri, siyasi xadimlər durmadan imamın evinə axışırdılar. Övladları onu əsla yalqız buraxmasa da, Xədicə xanım mətanətlə bütün hadisələrə dözürdü.

Evinin ən əziz oğlu Hacı Əhmədin qəfil ölümü inqilabın bu dağ çəkmiş anasına yeni bir ilahi imtahan idi…

Bu səbirli və dözümlü inqilabi düşüncəli qadın ömrünün son illərinin 7 ayını xəstəxanada yatdıqdan sonra 1388-ci hicri şəmsi ilində gözlərini əbədi olaraq bu fani dünyaya yumdu. O, həyatının həmdəmi imamın yanında dəfn edildi. Allah hər ikisinə rəhmət eləsin!

Mütərcim: Ruhəngiz Həşimova 

SİLMA İHRAM

silma-ihramO, 30 ildən çoxdur ki, İslam dinini qəbul edib. 6 övladı var. Qərbdə İslam təhsilinin qurucularından olub. 2007-ci ildə dövlət seçkilərində Avstraliyalı Demokratlar Partiyasından namizədliyini irəli sürüb.

Orta təbəqədən sayılan aqnostik bir ailədə dünyaya gələn Frensiz Anna Byumont ali təhsilini Kroydonda Presviterian Xanımlar Kollecində alıb. Onun tərbiyəsinə təsir edən Presviterianlara (İngiltərə və Amerikada protestant məzhəbinin tərəfdarları) və metodistlərə zidd olaraq sonralar onu ruhlandıran vəftizmin tərəfdarı olur. Kilsəyə gedərək vəftizm nəzəriyyəsini öyrənir və Uşaqlara Xüsusi Xidmət Missiyası (UXXM) ilə bağlı missionerlik işində iştirak edir.

1976-cı ildə İndoneziyaya səyahəti zamanı öz istəyi ilə İslam dinini qəbul edir və adını dəyişərək Silma İhram qoyur. Onun ardınca İordaniyalı katolik olan həyat yoldaşı da bu dini qəbul edir. Sonralar Sidney Universitetinə qayıdır, İndoneziya və Tarix sahəsində bakalavr dərəcəsini alır.

1980-ci ilin əvvəllərində Silma İhram və sonra 1979-cu ildə əsasını qoyduğu ilk Müsəlman Qadın Mağazası və Mərkəzinin direktoru xanımın qızlarını qeydiyyata salmaq üçün köhnə məktəbinə – Sidneydə Presviterian xanımlar kollecinə müraciət edir. Qızları müsəlman olduqları üçün və eyni zamanda hicablı geyimlərinə görə məktəbə qəbul etmirlər. Bu səbəbdən və həmçinin Yeni Cənub-Qərb ölkələrində müsəlman məktəbinin çatışmazlığı ucbatından İhram Cənub-Qərbi Sidneydə öz müstəqil məktəbini qurmaq qərarına gəlir. Beləcə, Qrinakrda “Ən-Nuri” adlı müsəlman ibtidai məktəbinin əsasını qoyur. Məktəb şuradan icazə almadığına görə dövlət qeydiyyatına düşə bilmir və buna görə də 4 ildə 9 dəfə yerini dəyişməli olur. Bu cür problemlər bu günə qədər də İhram məktəblərinin “taleyinə” daxildir.

Xanım İhram Bankstaun şurasını rəsmi icazə üçün 2 dəfə məcbur etdikdən sonra 1987-ci ildə 105 uşağın daxil olduğu məktəb tikildi. Məktəbin şüarı olan “Yaxşı müsəlman yaxşı avstraliyalı meydana gətirər”, – sözləri güclü etirazlara səbəb oldu. Məktəbin Müsəlman Birliyi təşkilatından cüzi yardım alması bu mübarizəni daha da şiddətləndirir və mediada problem yaradır. (“O zamankı müsəlman birliyi olduqca zəif, özünü doğrultmayan, müasirliyə cavab verməyən bir birlik idi və inkişafa ehtiyacı vardı”, – bu sözlər Siddiq Bakliyə aiddir) Silma xanım həyat yoldaşı Siddiq Bakli ilə birgə öz məktəbini lazımi qədər təchizatla təmin etmək uğrunda mübarizə aparır. Ən çox yardım fərdi ailələrdən gəldi. Hətta məktəbin bağlanmaması üçün bir ana öz evini satmağa belə razı oldu. Bütün çətinliklərə baxmayaraq, Sidneydə müsəlman təhsili öz dayaq nöqtəsini tapdı. 1992-ci ildə İhram yenidən universitetə qayıdaraq məktəbin işlərinə yardım məqsədilə Yeni Cənub-qərb Universitetində idarəçilik təhsilində ali dərəcəsini tamamladı.

“Ən-Nuri” məktəbi az sonra özünə müsbət mövqe qazanır. Belə ki, məktəbin tələbələri xanım İhramın müdafiəsi altında Küveytdə girov saxlanılan avstraliyalı pilotun azad edilməsi üçün parlament üzvlərini “yola gətirdi.” Baklinin sözlərinə görə Avstraliyada müsəlmanlar ilk dəfə idi ki, patriot, vətənpərvər, vətəni sevən, saf ürəkli müsəlman olaraq tanınırdı.

Silma İhram ali məktəb tələbələri üçün 2-ci bir məktəb – “Nur əl-Huda” (“Yol göstərən işıq” mənasını verir) İslam Kollecini açdı. Məktəb Bankstaun Aeroportu yaxınlığında icarəyə götürülən bir ərazidə təsis edildi və 720 tələbədən ibarət idi. Federal Aeroport Şirkətlər Qrupu  ilə yaranan problemlərə görə (belə ki bu şirkət ərazinin çirklənmiş və yararsız olduğunu bilərək icarəyə vermişdir) məktəb yerini dəyişməli oldu. Silma xanım uzun müddət Aeroport Şirkəti ilə mübarizə apardı. 2006-cı ildə xanım İhramın məktəbini qoruyub saxlamaq və eyni zamanda ailəsinin iqtisadi vəziyyətini təmin etmək uğrunda apardığı mübarizəsi Sidney Film Festivalında səhnələşdirilən “Silmanın məktəbi” adlı sənədli film də ayaqüstə qarşılandı, gurultulu alqışlara səbəb oldu.

Məktəb hal-hazırda Avstraliya Beynəlxalq Akademiyası adı ilə tanınır və Silma xanım təhsil üzrə məsləhətçi və Müxtəlif Bacarıqlar üzrə təlim-direktorudur. 2011-ci ilə qədər Silma İhram Avstraliya Müsəlman Qadınlar Birliyinin vitse-prezidenti olub. Hal-hazırda orada Layihə Rəhbəri və təhsil ərazilərində Təhsil və Müsəlman Birliyi Əlaqələri üzrə məsləhətçidir. Tez-tez avstraliyalı müsəlmanlar irqçilik, təhsillə bağlı forum və debatlarda çıxış edir, media nümayəndələrinə müsahibələr verir, dövri mətbuatda tez-tez çıxış edirlər. Bir çox mükafatlara layiq görülüb, 2 kitabın müəllifidir. Onun sözlərinə görə Qərbdə qadınlar öz azadlığına çatıb, lakin kişilər hələ də buna üstün gəlirlər. Qadınlar öz yazıları və elmi bilikləri ilə rəhbər vəzifələr tutmağa, öz mövqelərini möhkəmlətməyə çalışırlar. Onlar müsəlman cəmiyyətində öz fikirlərini açıq şəkildə ucadan səsləndirə bilir, lakin hələlik bu birliklərdə platforma qazanmaq və konstruktiv düşünən qadın səsi toplamaq çətindir.

Gülnarə Məmmədova