ŞƏRİ CƏHƏTDƏN “NOVRUZ BAYRAMI”NIN HARAM OLMASI BARƏSİNDƏ İSTİDLALİ BƏHS (DEDUKTİV MÜZAKİRƏ)
“Novruz bayramı”(!)nın qədim İran bayramlarından və İslamdan əvvəl atəşpərəst ayinlərindən və adətlərindən olması barəsində fikir birliyi vardır. Zərdüştilərin müqəddəs kitabı Avestada[1] da buna aid çoxlu məlumatlar verilib. Lakin əsas diqqət edilməsi lazım olan məqam budur ki, “novruz” günü İran tarixinin müxtəlif dövrlərində yalnız bir gündən ibarət olmamış və uzun zaman kəsiyində və müxtəlif şahların hökmdarlıq etdiyi vaxtlarda dəyişkən və mütəğəyyir olmuşdur.
Qədim dövrlərdə novruz isti fəslin, yəni yayın başladığı vaxt keçirilərdi, çünki ilin əvvəlini yayın əvvəli hesab edərdilər və digər tərəfdən də iranlılar o vaxt dörd fəsli tanımırdılar, əksinə ili iki hissəyə təqsim edirdilər ki, ilk yarısı novruzla (yay) və digər yarısı da soyuq fəslin, yaxud qış fəslinin başlanğıcı olan Mehrəganla[2] başlayardı. Tarixini dəqiq müəyyənləşdirə bilmədiyimiz vaxtdan etibarən novruz yazın əvvəlinə keçirildi, lakin yenə də sabit qalmadı, çünki vəqta ki 365 günlük ili 30 günlük 12 aya təqsim etdilər, 5 günü “oğurlanmış beş gün” adlandırdılar. Lakin günəş ilinin real uzunluğunun təqribən qalan 6 saatının yığılması nəticəsində “novruz” hər dörd ildə bir gün yazın əvvəlindən daha da irəliləyirdi və bu da səbəb olurdu ki, novruz hər qırx ildə 10 gün və hər 120 ildə isə bir ay yay fəslinə yaxınlaşsın və nəticədə özünün baharın “elçisi və xəbərgətirəni” olma mahiyyətini əldən versin, hətta bəzən qışa təsadüf etsin.
Hicri-qəməri tarixilə 467-ci ildə[3] novruz Balıqlar bürcünün[4] 23-nə (esfənd ayına) düşdü ki, qışın sona çatması və yazın başlamasına 7 gün qalmışdı. Buna görə səlcuqlu sultanı bu problemi həll etmək fikirinə düşdü və çarə yolu tapmaq üçün bir qrup münəccimi dəvət etdi ki, onlardan biri də öz dövrünün məşhur astronomu və riyaziyyatçısı filosof Ömər Xəyyam idi. Beləcə “Təqvimi-Cəlali” (“Cəlali-Təqvimi”) adı ilə tanınan yeni bir təqvim meydana çıxdı. “Cəlali Təqvimi” öz növbəsində sonradan iranlı olmuş monqol hökmdarı Qazan xanın hakimiyyəti dövründə Xacə Rəşidəddin Fəzlullah Həmədaninin nəzarəti altında bir qrup alim tərəfindən Marağa rəsədxanasında düzəldilmişdir. … Beləliklə, novruzun həmişəlik olaraq baharın əvvəlində qeyd edilməsi dəqiqləşdirildi[5].
İndi görək bu gün dini-mübini-İslamda da “bayram”, yaxud xüsusi mərasimləri olan şadlıq və şənlik günü kimi tanınmışdır, ya yox? Bunu araşdırmaq və müzakirə etmək lazımdır.
Bu günü İslamın müqəddəs şəriəti baxımından qəbul edənlər üç əsas amilə istinad etmişlər:
- Bahar fəslində təbiətin oyanması və torpağın canlanması.
- Novruza aid mərasimlərdə bəyənilmiş adətlərin mövcud olması.
- Həzrət İmam Sadiq əleyhissəlamdan nəql olunmuş bir hədisə istinad etmək.
Biz bu məqalədə həmin üç əsası ətraflı şəkildə araşdıracağıq.
1. NOVRUZ VƏ TƏBİƏT
Heç şübhəsiz ki, gözəl bahar fəsli ilahi qüdrətin möhkəm bir nişanəsi, Pərvərdigarın lütfünün gözəl cilvəsi və ölülərin dirilməsinin və cana gəlməsinin kiçik bir səhnəsidir. Quranda deyilir: “Ölü torpaq onlar üçün bir nişanədir (dəlildir), Biz ona həyat verir, oradan dənələr çıxarırıq, onlar da ondan yeyirlər”[6]. Məhz “bu gündə torpaq və bitkilər canlandığına və Allahın nişanələri (ayələri) təzahür etdiyinə görə bu gün bayramdır” – şəklində nəticə çıxarmaq, səhv bir çıxarış və batil bir müqayisədir, çünki Allahın qüdrəti, əzəmət nişanələri, hər bir ləhzədə, hər bir nəfəsdə, hər bir varlıqda və hər bir şeydə həmişə vardır və aşkar görünür. Buna görə də “Ya sin” surəsinin yuxarıda qeyd olunan 33-cü ayəsindən sonrakı ayələrdə gecə və gündüz, Günəşin çıxması və batması, Ayın fırlanması, həmçinin dənizdə və qurudakı səfərlər Xudavəndi-aləmin varlığının və birliyinin dəlilləri adlandırılmışdır: “… Gecə də onlar üçün bir ayədir (nişanədir). Biz gündüzü ondan sıyırıb çıxaran kimi onlar zülmət içində olarlar. Günəş də onun üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, Əziz (yenilməz qüvvət sahibi), Əlim (hər şeyi bilən) Allahın təqdiridir (ölçüsüdür). Biz Ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının quruyub əyilmiş köhnə budağı kimi olar. … Övladlarını dolu gəmiyə mindirməyimiz də onlar üçün bir ayədir (nişanədir)”[7]. Quranda onlarla belə ayə vardır ki, “Füssilət” surəsinin şərafətli ayəsi bütün onların qısa şəkildə şərhidir. Həmin ayədə izah olunur ki, Allahın varlığına və birliyinə dəlalət edən nişanələri səmalarda, səma cisimlərində və bütün insanların batinində müşahidə etmək mümkündür: “Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz Öz nişanələrimizi (ayələrimizi) onlara həm afaqda (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət etməzmi?!”[8] Deməli, baharın gəlişi saysız-hesabsız ayə və nişanələrdən yalnız biridir.
2. NOVRUZ VƏ BƏYƏNİLMİŞ ADƏTLƏR
Novruz mərasiminin keçirildiyi günlərdə təmizlik, insanların bir-birilə görüşməsi və qəbirlərin ziyarət olunması kimi bəzi bəyənilmiş işlərin yerinə yetirilməsi xalq arasında bir adətdir. Lakin bu da novruzun bayram olmasına dəlil ola bilməz, çünki bu cür bəyənilmiş işləri həmişə yerinə yetirmək lazımdır. Digər tərəfdən İslam dini bayramsız bir din deyildir. Müqəddəs İslam şəriətində digər mübarək islami günlərə əlavə olaraq ildə bir bayramın yerinə il ərzində üç böyük bayram (Fitr, Qurban və Qədiri-Xum bayramları) və bir də həftəlik bayram (cümə günü) qanuniləşdirilmişdir. Şeyx Səduqun Müfəzzəl ibn Ömərdən nəql etdiyi xəbərdə belə rəvayət olunur: “İmam Sadiqə dedim: “Müsəlmanların neçə bayramı vardır? Buyurdu: “Dörd bayramı. …”[9]
Həmçinin müsəlman olan hər bir şəxs bədənini və yaşadığı yeri həmişə təmiz saxlamaqla mükəlləfdir. Buna əlavə olaraq ciddi şəkildə tövsiyə olunmuşdur ki, gərək müsəlman hər həftə cümə günü bədənini və yaşadığı yeri ümumi şəkildə təmizləsin. Həmçinin İslam şəriətində əmr olunmuşdur ki, özünü müsəlman hesab edən hər kəs xəstələrə baş çəkməli, silei-rəhm etməli və digər ictimai vəzifələrini yerinə yetirməlidir.
Digər tərəfdən qeyri-müsəlmanların ayinlərinə bağlanmaq, adab və ənənələrinin yol və metodunda din düşmənlərinə oxşamaq (yəni onları yamsılamaq) şəri cəhətdən haramdır. Bu fikri sübut edən Səkuninin İmam Sadiqdən nəql etdiyi mötəbər rəvayətdir: “Allah Öz peyğəmbərlərindən birinə belə vəhy etdi: “Möminlərə de ki, Mənim düşmənlərimin paltarını geyinməsinlər, Mənim düşmənlərimin yediklərini yeməsinlər və mənim düşmənlərimin xətti-hərəkətinə iqtida etməsinlər ki, onlar kimi onlar da Mənim düşmənim olarlar!”[10] Bu rəvayət “Üyunu Əxbarir-Rza” kitabında başqa bir sənədlə Hirvi vasitəsilə İmam Rza əleyhissəlamdan da rəvayət olunmuşdur.
Deməli, gözəl və bəyənilmiş işlər bir surətdə səhihdirlər ki, ortada batilə rəvac vermək (yəni batili inkişaf etdirmək, tərvici-batil), kafirlərin ənənələrini və ayinlərini ehya etmək (bərpa etmək) deyilən yasaq bir başlıq olmasın, çünki “Günah etməklə Allaha ibadət olunmaz!”
3. NOVRUZ VƏ ŞƏRİƏT
Novruzun məşru olması (şəriətcə icazəli olması) barəsindəki müzakirə – ki bu məqalənin əsas mövzusudur – həqiqət axtarışında olanların üzünə yeni üfüqlər aça bilər, çünki haqq axtarışında olanlar şəriətin əmrini həyata keçirir və onun yasaq etdiyi işdən də çəkinirlər.
Bəs şəriət bu barədə nə deyir?
Əvvəla bilmək lazımdır ki, İslam dinində “bayram” bir ibadətdir (yəni şəri hökmdür) və bayram günlərini də yalnız Xudavəndi-aləm müəyyənləşdirir. Fitr və Qurban bayramlarının namazının qunutunda Məsum əleyhissəlamdan nəql olunan duada belə oxuyuruq: “Allahım! Müsəlmanlar üçün bayram qərar verdiyin bu gündə Səndən istəyirəm. …” Deməli, Allah-Taala tərəfindən nəss etibarilə (yəni şəri mətnlərdə) bayram günü olaraq qanuniləşdirilən (təşri olunan) gün müsəlmanların bayram günü qeyd olunur.
İSLAM VƏ XALQLARIN AYİNLƏRİ
Qeyri-səmavi, yaxud təhrif olunmuş səmavi dinlərin bütün ayin və mərasimləri nəfsani istəklər, şəhvət, cahillik, xürafat əfsanələri və əsassız işlərlə doldurulmuşdur ki, bunun müqabilində İslam dininin ayinləri hikmətə, təhzibi-nəfsə (nəfsin islah edilməsinə), biliyə, xeyirxahlığa, kamilliyə və Allaha yaxınlaşmağa əsaslanır, çünki birincisi insan zehninin məhsulu, ikincisi isə Həkim (hikmət sahibi), Xəbir (hər şeydən xəbərdar olan) Allahın tədbiridir. Bu barədə Quranda buyurulur: “Biz onu (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən (mübəşşir) və qorxudan (nəzir) olaraq göndərdik”[11].
Digər tərəfdən İslam dini bütün qövmlərin ümumdünya dinidir və yalnız Ərəbistan yarımadası və onun ətrafındakı ölkələrə məxsus deyildir. Buna görə də xürafata, əfsanəyə, nəfspərəstliyə əsaslanan bütün dini ayinlər və müxtəlif milli münasibətlər məhv olmalı və öz yerini islami ayinlərə verməlidir, çünki hər bir qövm İslamdan əvvəlki adətlərinə bağlı qalmaq istəsə, müsəlmanların vəhdəti kəmrəng olar, yəni öz rəngini itirər. İslam birliyində müxtəliflik və həmahəngsizlik yaranar, çünki qədim bayramları olan xalq yalnız iran xalqı deyildir, cahiliyyə ərəblərinin də qədim günləri var idi. “Ərubə” gününü buna bir misal göstərmək olar ki, İslam dini onu ləğv etdi və “cümə” gününü onun yerində qərarlaşdırdı. Misirlilərin “Nil” bayramı, Beynənnəhreynlilərin (Mesopotamiyada[12] yaşayanların) “Xərmən” bayramı var idi və s. …
Zahiri gözəlliyinə və müqəddəs hesab edilməsinə baxmayaraq, İslam onların hamısını aradan götürdü və onların yerinə digər bayramlar təqdim etdi.
(ardı var)
Müəllif: İSLAM DƏBBAĞ
Tərcümə və şərhlər: XƏYYAM QURBANZADƏ
Redaktor: ƏFRUZƏ HƏSƏNOVA
Korrektor: MƏHBUBƏ KƏRİMZADƏ
[1] Bu gün əlimizdə olan Avesta kitabı Zərdüştdən 800 il sonra yazılmışdır. Makedoniyalı İskəndərin hücumunda mühüm mərkəzlərin, o cümlədən Cəmşidə aid sənəd və kitabların saxlandığı yerin yandırılması zamanı miladdan 330 il əvvəl (yəni b. e. ə.) Avestanın böyük bir hissəsi və digər dini əsərlər məhv edilmişdir. Bir neçə əsr sonra Sasanilər baş qaldırdıqda onların mənafeyini kamil şəkildə təmin etdiyinə görə müxtəlif amillərə əsasən unudulmuş zərdüşt ayinlərinin qüvvətləndirilməsinə diqqət ayırdılar. Həmin vaxtlarda zərdüşti möbidləri hazırkı Avestanı pərakəndə hissələrdən, yadda qalanlardan və köhnə rəvayətlərdən ortaya çıxardılar ki, bunlar da tamamilə təhrif olunmuş şəkildədir və eyni zamanda onda geniş dəyişikliklər baş vermişdir.
[2] İranın qədim bayramlarından biridir.
[3] Sultan Cəlaləddin Məlikşah Səlcuqinin səltənətinin 2-ci ili, m. 1074
[4] Ərəbcə “Hut” deyilir (19 fevral-20 mart).
[5] “Həmşəhri” qəzeti, 1377, 20 esfənd, s. 4, “Zaman keçidində Novruz” məqaləsi
[6] “Ya sin”, 33
[7] “Ya sin”, 37, 38, 39, 41
[8] “Füssilət”, 53
[9] “Xisal”, s. 264
[10] “Mən la yəhduruhul-fəqih”, 5-ci çap, Tehran, q. 1390, c. 1, s. 163
[11] “İsra”, 105
[12] Yunan dilində “İkiçayarası, Dəclə və Fərat çayları arasında”