RAMAZAN ORUCU HAQQINDA FİTVALAR

Oruc Allah-Taalanın vacib buyurduğu əməllərdəndir. Onun həm fərd, həm də cəmiyyət üçün böyük faydaları vardır. Allah-Taala orucu müsəlman ümmətinə vacib etdiyi kimi, İslamdan qabaq başqa ümmətlərə də vacib buyurmuşdur. Bu onun çox əhəmiyyətli ibadət olmasını göstərir. Allah-Taala “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: “Ey iman gətirənlər! Təqva sahibi olasınız deyə (yəni yasaq olunmuş şeylərdən qorunasınız deyə) oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə vacib edildi!

Hədislərdə deyilir ki, oruc Cəhənnəm atəşinə qarşı qalxandır, bədənin zəkatıdır və oruc tutanın yuxusu ibadət, nəfəsi və sükutu (susması) təsbih (yəni dua), əməli məqbul, duası müstəcab (yəni qəbul olunmuş) və ağzının iyi isə Allahın yanında müşkdən daha ətirlidir.

Sual: Oruc nədir?

Cavab: Oruc sübh azanından günəş batana qədər Allah rizası üçün orucu pozan işlərdən çəkinməkdir (Bu işlər haqqında məlumat veriləcək).

Sual: Orucun vacib buyurulmasının hikməti səbəbi nədir?

Cavab: Quran-kərimə nəzər saldıqda belə başa düşülür ki, orucun vacib edilməsinin hikməti və səbəbi insanın təqvaya çatması və təqva sahibi olmasıdır. Allah-Taala buyurub: “Təqva sahibi olasınız deyə oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə vacib edildi! Ayənin “təqva sahibi olasınız deyə” hissəsinə diqqət etdikdə belə bir nəticəyə gələ bilirik. Beləcə, orucun əsl məqsədi ortaya çıxır.

Oruc təqva vasitəsi və təqvaya aparan bir yoldur. Oruc məqsəd deyil, məqsəd olan təqvaya çatma vasitəsidir. Oruc təqvanın zəminəsi, təqva isə orucun nəticəsidir. Oruc insanda təqva sahibi ola bilmə gücü yaradan ibadətdir.

Sual: Bəs təqva nədir?

Cavab: Təqva Allahın yasaq etdiyi şeylərdən qorunmaq deməkdir.

Sual: Orucun təqva ilə olan əlaqəsini necə başa düşək?

Cavab: Təqvaya verilən tərifdən belə başa düşülür ki, onu əldə etmək yalnız güclü bir iradəyə sahib olmaqla mümkündür. Güclü bir iradəyə sahib ola bilməyən şəxs, öz ixtiyarının cilovunu əlində tuta və nəfsə xoş gələn günahlardan qoruna bilməz. İradəni isə onun üzərində məşq işi aparmaqla qüvvətləndirmək olar. Bu da nəfsi yemək və içməkdən ibarət olan qarın şəhvətindən və cinsi şəhvətdən çəkindirməklə mümkündür, çünki insanları günaha sürükləyən şəhvətin təməli, mədə və cinsi arzulardır. Əgər insan öz nəfsini müəyyən bir zaman içində (yəni sübh azanından günəş batana qədər) ən zəruri ehtiyacları olan bu işlərdən məhrum etsə və bu idmanı məşq etsə, tədricən onda günahdan qoruna bilmə gücü yaranar və yavaş-yavaş iradəsinə hakim ola bilmə bacarığı və məharəti formalaşar. Bir sözlə, iradəsi qüvvətlənər və özünü nəfsə cazibədar gələn günahlardan qoruya bilər. Aydındır ki, yemək, içmək və cinsi münasibət kimi icazəli işlərdən çəkinməklə Allahın çağırışına cavab verib güclü iradə nümayiş etdirən bir şəxs üçün günahlardan çəkinməklə Ona itaət etmək daha asan olar.

Həm də nəfsi oruc tutmaqla ac buraxmaq onun insan iradəsinə hakim olma istəyini qırar, ona acizliyini, zəifliyini və möhtac olduğunu göstərər. Ona qul olduğunu bildirər.

Sual: Bildiyimiz kimi, oruc müqəddəs ramazan ayında tutulur. Bu ayı digər aylardan fərqləndirən xüsusiyyətlər hansılardır?

Cavab: Ramazan ayı Quranın nazil olduğu müqəddəs bir aydır. Ramazan ayı elə bir aydır ki, onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. O ayda insanlar ilahi ziyafətə (qonaqlığa) dəvət olunur və övliyaların (Allah dostlarının) təbəqəsində qərar tuturlar. Bu ayda bir gecə vardır ki, o gecə min aydan daha xeyirlidir. O bir gecə Qədr gecəsidir. Qədr gecəsində mələklər və böyük mələk Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq və əmin-amanlıqdır.

Sual: Bir müsəlman mömin ramazan ayını necə dəyərləndirməlidir?

Cavab: Hər şeydən əvvəl oruc tutmasının qarşısını alan bəzi amillər yoxdursa (bunlar haqqında danışılacaq), sədaqət dolu niyyət və pak qəlblə oruc tutmalıdır. Ayələrin mənalarını düşünərək Quran oxumalı (yəni Quran üzərində təfəkkür etməli), Allahdan bağışlanma diləməli, günahlarına görə tövbə etməlidir. Çünki bu böyük ayda ilahi məğfirətdən (bağışlanmaqdan) məhrum olan şəxs, həqiqətən, bədbəxtdir. İmam Sadiq buyurmuşdur: Kim ramazan ayında bağışlanmasa, gələn ilə qədər bağışlanmaz. Növbəti ramazana qədər yalnız Ərəfatda (Məkkədə Ərəfə günü hacıların durduqları yer) bağışlana bilər”.

Müsəlman və mömin bu ayda ac-susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu və yoxsulların aclıqdan hansı hisslər keçirdiklərini xatırlamalıdır. Fəqirlərə və şikəstlərə sədəqə verməli, böyüklərə ehtiram etməli, kiçiklərə qarşı mərhəmətli olmalı, qohumlarla əlaqə yaratmalı, dilini qeybətdən, yalandan, böhtandan, iftiradan və dedi-qodudan, gözünü naməhrəmdən, qulağını başqaları haqqında edilən qeybətə qulaq asmaqdan qorumalı və yetimlərə rəhm etməlidir.

Oruc tutan şəxs qəlbini eyiblərdən, məkr və hiylələrdən təmizləməli, Allaha sığınmalı, gizlində də, aşkarda da Onun yasaq etdiklərindən çəkinməli, Allahdan qorxmalı, oruclu olduğu halda qəlbini Allah üçün hər şeydən boşaltmalıdır.

Əgər bunları edərsə, əməlli-başlı oruc tutmuş və Allahın ona əmr etdiyi şeydə Ona itaət etmişdir.

Cavabın sonunda İmam Mühəmmədbaqirin Peyğəmbərdən nəql etdiyi bu hadisəni söyləyirik ki, bunu bilmək müsəlman üçün çox faydalı olar: “Peyğəmbər oruc tutmuş bir qadının öz cariyəsini söydüyünü eşitdi. Bir yemək gətizdirib, o qadına “Ye!” – dedi. Qadın dedi: “Mən orucam, ya Peyğəmbər!” Peyğəmbər buyurdu: Cariyəni söydüyün bir halda necə oruc ola bilərsən? Oruc yalnız yeməkdən içməkdən çəkinmək deyildir. Allah orucu yeməkdən içməkdən başqa, digər çirkin davranışlar danışıqlara da pərdə qərar vermişdir. azdır oruc tutan, çoxdur ac qalan!”

Sual: Oruc tutmaq kimlərə vacibdir?

Cavab: Orucun insana vacib olması üçün aşağıdakı şərtlərin olması zəruridir:

  1. Oruc tutan müsəlman olmalıdır. Kafirə oruc tutmaq vacib deyil, tutsa da qəbul olunmaz.
  2. Oruc tutan şəxs yetkinlik yaşına çatmalıdır. Oğlan uşağı 14 yaş 7 aylığında, qız uşağı isə heyz qanının gəlməsi ilə yetkinlik yaşına çatır. Əgər 13 yaşına qədər heyz qanı gəlməzsə, hicri-qəməri təqvimi ilə 13 yaşında (miladi təqvimi ilə 12 yaş 7 ay 20 günlüyündə) yetkinlik yaşına çatır. Yetkinlik yaşına çatmayan uşağın oruc tutması vacib deyil. Lakin savab qazanmaq üçün oruc tutarsa, əməli düz olar, qəbul olunar və ona savab yazılar.
  3. Qadına orucun vacib olması üçün o, sübh azanından günəş batana qədər heyz (aybaşı) və nifas qanından pak olmalıdır. Heyz və nifas halında olan qadının oruc tutması vacib deyil. Əgər oruc tutarsa, orucu düz deyil.

Sual: Əgər oruc tutmuş bir qadından gün əsnasında heyz yaxud nifas qanı gələrsə, onun orucu pozularmı?

Cavab: Bəli, onun orucu pozular və həmin gün oruc tuta bilməz. Sonra onun qəzasını tutmalıdır.

Sual: Əgər qadın ramazan ayında gecə heyz, yaxud nifas qanından təmizlənərsə qan kəsilərsə, etməlidir?

Cavab: Qadının sübh azanına qədər qəsdən heyz, nifas və ələlxüsus istihazə halında qalması heç vaxt orucu batil etmədiyinə və bu iş də haram olmadığına görə qadın ramazan ayında gecə (sübh azanından əvvəl) heyz, yaxud nifas qanından təmizlənərsə və qan kəsilərsə, oruc üçün qüsl etməsi vacib deyildir. Niyyət edib orucunu tutmalıdır və orucu düzdür. Qılacağı sübh namazı üçün qüsl etməsi vacibdir

Sual: Əgər qadın gecə qanın kəsilməsini bilməsə və bunu sübh azanından sonra bilsə necə?

Cavab: Niyyət edib orucunu tutmalıdır və orucu səhihdir (düzdür).

Sual: Bəs qadın gün ərzində heyz, yaxud nifas qanından təmizlənərsə, həmin günün orucunu tutmalıdırmı?

Cavab: Qadının həmin günün orucunu tutması vacib deyil. Sonra o günün qəzasını tutmalıdır.

  1. Orucun vacib və düz olması üçün mühüm olan şərtlərdən biri də orucun insan üçün zərərli olmamasıdır, yəni tutulan oruc insan üçün zərərlidirsə, bu halda orucu yemək (yəni orucu tutmamaq) vacibdir.

Sual: Orucun zərərli olması deyildikdə başa düşülür?

Cavab: Orucun insan üçün zərərli olması deyildikdə aşağıda deyilən halların ortaya çıxması başa düşülür:

– Orucun insanda mədə və bağırsaq yarası, böyrək ağrısı, qan azlığı kimi xəstəliklərin yaranmasına səbəb olması;

– mövcud olan xəstəliyin şiddətlənməsinə səbəb olması;

– onun sağalmağının gecikməsinə, yaxud da xəstəliyin ağrısının artmasına səbəb olması.

Bu zərərlərin dərhal üzə çıxması ilə tutduğu oruca görə gələcəkdə yaranması arasında heç bir fərq yoxdur.

Sual: Tutulan orucun insan üçün zərərli olması haqqında insanda dəqiq tibbi məlumatın olması lazımdırmı?

Cavab: Xeyr, dəqiq tibbi məlumatın olması şərt deyil. Yalnız insanın daxilində zərərin qorxusunu yaradan zənn və ehtimalın olması kifayətdir.

Sual: Səfərdə oruc tutmaq icazəlidirmi?

Cavab: Çətinlik, yaxud zərər olmadan imkan surətində müsafirin də başqa şəxslər kimi oruc tutması vacibdir. Orucun tərk olunması üçün istisna mövzu hesab olunan xəstəlik kimi, səfər də yalnız çətinlik, yaxud zərər olaraq orucun yeyilməsinə səbəb ola bilər, vəssəlam. Səfər o cəhətdən xəstəliklə eyni kateqoriyaya daxil edilir ki, keçmişdə oruc halında edilən səfərlər xəstəliyin yaranmasına səbəb olurdu, yoxsa hər bir səfəri xəstəlik kateqoriyasına aid edə bilmərik. Hal-hazırkı müasir səfərlərdə çox vaxt insan öz evindən də rahat olur. Bu hökmün əsası “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər. …”[1] şərafətli ayəsidir ki, bu ayəyə görə vətəndə çətinlik orucun tutulmasına maneədir və hər bir səfərdə onun asan olması orucun tutulmasının səbəbidir (yəni səfərdə oruc tutmaq asan olarsa, mütləq tutulmalıdır).

Ümumiyyətlə, oruc üçün üzr olaraq müəyyənləşdirilmiş xəstəlik və səfər bu iki vəziyyətdə qarşıya çıxan zərər, yaxud xəstəliyə görədir.  Bu prinsipə əsasən yalnız bu iki vəziyyətdə (zərər, yaxud çətinlik) oruc vacib deyildir. Əlbəttə, bir surətdə ki, zərər, yaxud çətinlik qeyri-ixtiyari olsun, yaxud məcburi olduğu surətdə onu (yəni çətinliyi, yaxud zərəri) aradan qaldırmaq mümkün olmasın.

ORUCUN NİYYƏTİ

Sual: Oruca necə niyyət edilir?

Cavab: “Allah rizası üçün oruc tuturam”, – şəklində niyyət edilməlidir.

Sual: Ramazan ayının orucu üçün vaxt niyyət edilməlidir?

Cavab: Ramazan ayının niyyətinin vaxtı sübh azanındadır. Bu o deməkdir ki, insan sübh azanına qədər oruca niyyətlənməlidir. “Niyyət sübh azanı vaxtında olmalıdır”, – deyildikdə belə başa düşülməməlidir ki, bu vaxt niyyət etmək üçün insan oyaq olmalıdır, əksinə axşam yuxudan əvvəl də bunu etmək kifayətdir. Əgər yuxu sübh azanından sonraya qədər davam etsə, niyyət düzgündür.

Sual: Gün ərzində orucun niyyətində qalmaq vacibdirmi?

Cavab: Bəli, gün ərzində  orucun niyyətində qalmaq vacibdir.

Sual: Əgər gün ərzində orucun niyyətindən dönsə, hökm nədir?

Cavab: Orucu pozan işləri görməyi istəməklə də olsa belə orucunu yarımçıq qoymaq qərarına gəlsə, orucu pozan işləri yerinə yetirməsə də, orucu batildir.

 ORUCU POZAN İŞLƏR

Sual: Orucu pozan işlər hansılardır?

Cavab: Orucu pozan işlər aşağıdakılardır:

– Az və çox olmasından asılı olmayaraq, yemək və içmək;

– Cinsi yaxınlıqda olmaq;

– Cinsi əlaqədən başqa işlər, məsələn onanizm, yaxud təxəyyüllər, ya da müşahidələr vasitəsilə məninin (spermanın) xaric olması;

Sual: Sübh azanına çox az bir zaman (bir neçə an) qalmışa qədər cinsi münasibətə girmək, yaxud sübh azanına qədər qəsdən cənabət halında qalmaq (qüsl etməmək) orucu batil edirmi?

Cavab: Quran-kərim yemək və içmək kimi, cənabəti və cinsi münasibəti də sübh azanına çox az bir zaman (bir neçə an) qalmış vaxta qədər halal bilmişdir[2]. Bu mövzuda Peyğəmbərdən (s) və hidayət imamlarından (ə) nəql olunmuş və ayəyə uyğun gələn rəvayətlər də bu hökmü təsdiq edir. Bu hökmə zidd olan rəvayətlər də ayəyə və birinci qrup rəvayətlərə zidd olduğuna görə qəbuledilməzdir. Buna görə də sübh azanına yaxın cünub olmaq (yəni cinsi münasibətə girmək), yaxud sübh azanına qədər qəsdən cənabət halında qalmaq heç vaxt orucu batil etmir və bu iş haram da deyildir. İmam Rza (ə)-dan “Ramazan ayında boynuna cənabət halı gələn və sübhə qədər (sübh azanına qədər) qəsdən yatan şəxsin üzərində nə vardır?” – deyə soruşulduqda İmam buyurdu: “Bunun ona heç bir zərəri yoxdur və bu, atam Musa əl-Kazimin dediyi məsələdir. O demişdir: “Aişə dedi ki, həqiqətən, Peyğəmbər – Allahın salamı ona və ailəsinə olsun! – möhtəlim olmadan sırf cinsi yaxınlıqla cünub olduğu bir halda sübhə çıxdı”[3].

Yuxarıda da qeyd etdiyimiz kimi zahir budur ki, heyz, nifas və ələlxüsus istihazə qüslünün də hökmü belədir.

Orucu batil edən işlərin yalnız cinsi münasibətdə olmaq, yemək və içməkdən ibarət olduğunun dəlili bu şərafətli ayədir: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq (yəni onlarla cinsi əlaqəyə girmək) sizə halal edildi. … İndi onlarla yaxınlıq edin və Allahın sizin üçün yazdığını istəyin. Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyin və için; sonra gecəyə qədər orucu tamamlayın. …”[4] Görürük ki, bütün gecə boyu yeməyin və içməyin vaxtı sübh azanından çox az bir zaman əvvələ qədər olduğu kimi, cinsi münasibət də belədir. Deməli, orucu batil edən bu üç iş sübh azanına qədər caizdir və sübh azanından əvvəl baş vermiş cənabət halı heç vaxt orucun düz olmasının maneəsi deyildir.

Sual: İynə vurdurmaq orucu pozurmu?

Cavab: Xəstənin qidalanması üçün yox, dərmanın bədənin başqa yerlərinə tez bir zamanda çatmasını təmin etmək üçün dərman məqsədilə vurulan iynə orucu pozmur.

Sual: Ağızda yığılmış tüpürcəyin, – istər az olsun, istərsə çoxudulması orucu pozurmu?

Cavab: Tüpürcəyin udulması orucu pozmur.

Sual: Oruclu şəxs ağzını yaxalaya bilərmi?

Cavab: Oruclu şəxs suyu boğaza çatdırmamaq şərtilə ağzını yaxalaya bilər, lakin dəstəmazdan başqa vəziyyətdə boş yerə ağzı yaxalamaq məkruhdur (yəni bəyənilməyən bir işdir).

Sual: Oruc tutmuş şəxs qulağına, gözünə, burnuna dərman tökə bilərmi?

Cavab: Dərmanın dadının yemək borusunda hiss olunmasına baxmayaraq, qulağa və gözə dərman tökməyin heç bir qorxusu yoxdur, lakin dərmanın damcı şəklində buruna tökülməsinə gəlincə onunla oruc pozular.

Sual: İnsan xəstəliyini müalicə etmək istəyirsə, anus dəliyinə şam daxil edə bilərmi?

Cavab: Bəli, tibbi şamların istifadəsi orucu pozmaz. Hətta maye halında olmayan başqa məlhəmlərdən də istifadə etmək orucu pozmaz. Maye halında olan şeylərlə isə imalə etmək haramdır, lakin orucu batil etmir.

Sual: Oruc tutmuş kişi öz tənasül üzvünü oruc tutmuş qadın uşaqlıq yolunu imalə edə bilərmi?

Cavab: Bəli, imalə edə bilərlər və oruc pozulmaz.

Sual: Əgər gəyirincə oruclu şəxsin mədəsindən ağız boşluğuna qida gələrsə, hökm nədir?

Cavab: Əgər özündən asılı olmayaraq, yaxud diqqətsizlikdən qida yenidən udulsa, oruc pozulmaz, lakin qida boğaz boşluğuna çatdıqda onu tüpürə biləcəyi bir halda ixtiyari olaraq qəsdən udsa, orucu pozular.

Sual: Oruclu olan ərarvad gecə cinsi əlaqəyə girə bilərmi?

Cavab: Gecələr cinsi yaxınlıq icazəlidir. “Bəqərə” surəsinin 187-ci ayəsində buyurulur: Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. …”

Sual: Orucu pozan işlər orucu nə vaxt pozur?

Cavab: Orucu pozan işlərlə oruc o zaman pozulmuş olur ki, bilərək və qəsdən edəsən.

Sual: “Bilərək”, – deyiləndə nəzərdə tutulur?

Cavab: “Bilərək”, – deyiləndə görülən işin orucu pozan bir iş olduğunun bilinməsi nəzərdə tutulur. Əgər insana çatdırılan şeyi yaxşı başa düşmədən, yaxud öyrəniləcək şəxs olmadığına görə öyrənə bilmədiyinə görə, bəzən də öyrənməyə diqqət edilmədiyinə görə, məsələn cinsi əlaqənin orucu pozan bir iş olduğunu bilməyən şəxs bu işlərdən birini görərsə, orucu pozulmaz.

Sual: Qəsdən deyiləndə nəzərdə tutulur?

Cavab: “Qəsdən”, – deyiləndə işin diqqətli və şüurlu şəkildə yerinə yetirilməsi nəzərdə tutulur. Deməli, qafilcəsinə və səhvən, yaxud unutqanlıqla qəsdsiz və diqqətsiz orucu pozan işləri yerinə yetirən şəxsin orucu pozulmur.

Sual: Oruc tutmuş şəxsin hansı işləri yerinə yetirməsi məkruhdur?

Cavab: Oruclu şəxsin aşağıdakı işləri yerinə yetirməsi məkruhdur, yəni bəyənilməyəndir:

qadını əlləmək, öpmək və mazaqlaşmaq;

zəifləməyə səbəb olarsa, qan aldırmaq; zəiflik yaratmazsa ziyanı yoxdur.

xoşiyli hər bir bitkini iyləmək; xoşiyli ətirlərlə ətirlənmək məkruh deyil.

əyində olan paltarı islatmaq;

qadının suda oturması;

maye halında olmayan dərmanla imalə etmək;

zərurət halı istisna olmaqla diş çəkdirmək, yaxud hər hansı bir səbəbə görə ağzı qanatmaq;

yaş çubuqla diş sürtmək;

dəstəmazdan başqa boş yerə ağzı yaxalamaq;

məsumlar barəsindəki mərsiyə və mədhiyyələr (qəsidələr) istisna olmaqla şeir demək;

ORUC TUTMAĞI TƏRK ETMƏKDƏ ÜZRLÜ OLAN ŞƏXSLƏR

Sual: Şəriət hansı şəxslərə orucu tutmamağa icazə vermişdir güzəştlər kimə aid edilir?

Cavab: Şəriət bəzi şəxslərə oruc tutmamağa icazə vermişdir və bu güzəştlər aşağıdakılara aid edilir:

qüvvələrinin zəifləməsindən və fəaliyyətlərinin dayanmasından əziyyət çəkən şəxslər: belə ki, bu şəxslər oruc tutsa, oruc onlar üçün çətinlik yaradaraq onların zəifliyini artıracaq və həmin şəxslər tutduqları oruca görə ayağa qalxa, yeriyə və gündəlik işlərini icra edə bilməyəcəklər.

70 yaşına çatmış şəxslər: o həm kişilər, həm də qadınlar üçün qocalıq mərhələsidir ki, əgər bu mərhələdə insanın oruc tutması qeyri-mümkün olacaq, oruclu qalma gücü olmayacaq, yaxud oruc tutması çətin olacaq qədər zəif olarsa, həmin şəxs orucunu yeyə bilər.

tez-tez susayan adam.

doğması yaxın, yaxud da uzaq olan və tutduğu oruc özünə və bətnindəki uşağına zərər vuracaq qədər zəif olan hamilə qadın: Əlbəttə ki, oruc hamilə qadının özü və bətnindəki uşağı üçün zərərli olmasa, qadının oruc tutmağı tərk etməsi icazəli deyil. Əgər tərk edərsə, qəza ilə yanaşı kəffarə də verməsi vacibdir.

südü az olan və uşaq əmizdirən o qadın ki, əgər süd verərək oruc tutsa, orucun ona zərəri olar, yaxud südü azalar və nəticədə uşaq zərər görər. Əgər oruc tutmaqla bu hallar ortaya çıxmazsa, yaxud süni süd, yaxud heyvan südü, yaxud da başqa qadının süd verməsilə əvəz etmək o qadın üçün mümkün olarsa, onun orucunu yeməsi icazəli deyil.

Sual: Bəs bu şəxslər etməlidirlər?

Cavab: Oruc tutmaları onlar üçün çətin və məşəqqətli olduğu üçün onu tərk edən qocalar və çox-çox susayan şəxslərə gəlincə onlar fidyə verməlidirlər. Orucun qəzasını tutmaları vacib deyil. Oruc tutmaq bətnindəki uşaq, yaxud süd verən qadın üçün zərərli olduğuna görə oruc tutmayan doğuşu yaxın və ya uzaq olan və südü az olan qadına gəlincə qadın fidyə verməli və bu səbəblər aradan getdikdən sonra tutmadığı günlərin qəzasını tutmalıdır.

Sual: Fidyənin miqdarı qədərdir?

Cavab: Bir fəqir üçün bir günün fidyəsinin miqdarı 750 qramdır. Kilo yarım olması müstəhəb ehtiyatdır, yəni orucu tərk etməkdə üzrlü olan şəxs neçə gün oruc tutmamışdırsa, o günlərin sayı qədər fidyə verəcək.

Sual: Fidyə pul kimi verilir?

Cavab: Fidyə pul kimi yox, malın özündən verilməlidir. Buğdadan, yaxud undan verilir.

KƏFFARƏ HAQQINDA

Sual: Kəffarə hansı hallarda vacib olur?

Cavab: Kəffarə aşağıdakı hallarda vacib olur:

qəsdən orucu batil etmək (yaxud onu tutmamaq);

orucun vacibliyini bilmək;

yerinə yetirilən işin orucu pozan bir iş olduğunu bilmək.

Sual: Əgər bir şəxs orucun vacib olduğunu, yaxud etdiyi işin orucu pozan bir olduğunu bilməsə, kəffarə vacib olar?

Cavab: Xeyr! Vacib olmaz.

Sual: Kəffarə necə verilir?

Cavab: Orucun vacibliyini və yerinə yetirilən işin orucu pozan bir iş olduğunu bildiyi halda qəsdən orucu pozan (yaxud onu tutmayan) şəxs aşağıdakı şəkildə kəffarə verməlidir:

ya altmış fəqirin hər birinə 750 qram miqdarında un, buğda, xurma, düyü, mərci, paxla və bunlar kimi insana qüvvət verən qidalardan verməli;

ya da 31 günü ardıcıl olmaq şərtilə 60 gün (iki ay) oruc tutmalıdır. Yerdə qalan 29 günü istərsə, ardıcıl, istərsə də fasilə ilə tuta bilər.

Sual: Kəffarə kimə verilməlidir?

Cavab: Kəffarə fəqirə, yaxud miskinə verilməlidir.

Sual: Kimə fəqir miskin deyilir?

Cavab: Fəqir illik qüvvəyə sahib olmayan şəxsdir. Belə ki, onun nə yığılmış, nə də yavaş-yavaş əldə olunacaq illik azuqəsi olmur. Miskin isə halı daha pis olan fəqirdir.

Sual: İllik azuqə deyildikdə yalnız yemək qida başa düşülür?

Cavab: İllik qüvvə (azuqə) yalnız yemək deyildir, əksinə zəruri ev əşyaları, yaşayış yeri, dava-dərman və pal-paltar da illik qüvvəyə aiddir, yəni yeməyi olduğu halda bu deyilənlərə sahib olmayan şəxs fəqir hesab olunur.

Sual: Verilməsi lazım olan malın əvəzinə onun qiymətinin verilməsi kifayət edirmi?

Cavab: Malın əvəzinə qiymətinin verilməsi kifayət etmir. Malın özü verilməlidir.

Sual: Fəqirə bir kəffarədən artıq verilə bilər? Məsələn, orucu qəsdən pozduğuna, yaxud tutmadığına görə kəffarə verməklə mükəlləf olan bir şəxs, məsələn 60 kq malı hər birinə 6 kq verməklə on fəqir arasında paylaşdıra bilər?

Cavab: Xeyr! Əksinə hər birinə 750 qr. miqdarında vermək şərtilə 60 fəqir və miskin arasında bölünməlidir, çünki vacib olan 60 yoxsulun yedizdirilməsidir, nəinki yalnız bir fəqirə verilsə də belə 60 kq-ın verilməsi.

Sual: Kəffarənin başqa hansı şərtləri vardır?

Cavab: Aşağıdakı şərtlərə riayət olunmalıdır:

kəffarə verilən şəxs kəffarə verənin atası, anası və onlar kimi nəfəqələri (gündəlik xərcləri) insana vacib olan şəxslər olmamalıdır;

kəffarə verilən şəxs binamaz, şərabiçən və açıq şəkildə günah edən və aldığını harama sərf edən şəxs olmamalıdır; Müstəhəb ehtiyata əsasən mömin olmalıdır.

kəffarənin verilməsi ibadət olduğu üçün onu Allah rizası üçün vermək vacibdir;

kəffarənin nəyə görə verildiyi də müəyyənləşdirilməlidir; Belə ki, məsələn ramazan ayının orucu, yaxud onun qəzası qəsdən pozulduğuna görə kəffarə verildiyi niyyət edilməlidir.

Sual: Əgər insan kəffarəni verə bilməsə etməlidir?

Cavab: Ramazan ayının orucunu pozmanın kəffarəsini verə bilməyən şəxs ya 18 gün oruc tutmalı, ya da bacardığı qədər sədəqə verməlidir. Əgər bunların heç birini edə bilməsə, kəffarə əvəzinə Allahdan bağışlanma istəməlidir. Bundan sonra imkanı olsa da belə kəffarə verməsi vacib deyil.

TƏRTİBATÇI VƏ MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ

[1] “Bəqərə”, 185

[2] “Bəqərə”, 187

[3] “Camiu Əhadisiş-Şiə”; c. 9, s. 208

[4] “Bəqərə”, 187

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma