NAMAZI QƏSDƏN TƏRK ETMƏK

Füruüddinin (dinin budaqlarının) birinci maddəsi namazdır. Namaz Allahın bəndələrə vacib etdiyi ibadətlərin ən əhəmiyyətlisidir. Hədisi-şərifdə qeyd olunmuşdur ki, namaz dinin sütunudur, əgər o qəbul olunarsa, insanın digər əməlləri də qəbul olunar, əgər qəbul olunmazsa, insanın digər əməlləri də qəbul olunmaz. Namaz qılan bir şəxsin böyük bir savabı olduğu kimi, onu tərk edən (qılmayan), yaxud ona səhlənkar yanaşan şəxsin də şiddətli əzabı vardır. Bir hədisi-şərifdə deyilir ki, müsəlmanla küfr (kafirlik) arasında namazı tərk etmək (qılmamaq) vardır. Yəni insan namaz qılarsa, küfrlə öz arasına bir divar çəkmiş olar. Namazı tərk edərsə, bu maneə və divar ortadan qalxar. Başqa bir hədisdə qeyd olunur ki, namaza səhlənkar yanaşan şəxslər Peyğəmbərin şəfaətinə nail olmayacaqlar və həmin şəxslər Peyğəmbərə tabe olan və onun şəriətinə mənsub olan şəxslər də hesab olunmurlar.

Buna görə də bütün məqsəd və arzumuz dünyada yaşayan hər bir insanın namaz qılması olmalıdır. Ələlxüsus bu ölkədə və bu torpaqlar üzərində yaşayan hər bir şəxsin, ən azından “müsəlmanam” deyən hər bir şəxsin namaza başlaması bizim ən böyük arzumuz olmalıdır, çünki “kainatda ən böyük həqiqət imandır, imandan sonra isə namazdır”.

Namaz qılan insanla qılmayan insan və namaz qılan millətlə qılmayan millət arasındakı fərq ölülərlə dirilər arasındakı fərq qədərdir. Biz millətimizin ölü yox, diri olmasını və Allaha üsyan edən millət yox, itaət edən bir millət olmasını arzulamalıyıq.

Deyəcəksiniz ki, hamı namaz qılmağa başlasa, nə olacaq ki? Qazancımız nə olacaq?

Cavab: Həm dünyanı qazanacaq, həm də axirəti … Axirəti qazanacağımız aydın məsələdir.

Yerdə qaldı dünyanı qazanacağımız. O da iki yolla olacaq:

– Allahın yasaq etdiyi və fitrətin də istəmədiyi nə qədər günah, çirkinlik və əxlaqsızlıq vardırsa, hamısı həyatımızdan çıxacaq;

– Allahın əmr etdiyi və fitrətə də xoş gələn nə qədər yaxşılıq, gözəllik, fəzilət və gözəl əxlaq vardırsa, onlar da həyatımıza daxil olacaq. Yəni relsdən çıxmış qatar təkrarən relsə oturacaq.

Bir ölkənin inkişafı üçün bu yetərli səbəb deyilmi? Çirkin əxlaq qovulacaq, yerini gözəl əxlaq tutacaq. Bu yalnız namaz qılmaqla həqiqətə çevrilə bilər.

Qadını, qızı, gənci, qocası, amiri, məmuru, əsgəri və zabiti namaz qılan bir millətin içində hər cür günahın əsası olan pornoqrafik nəşriyyat sığınacaq tapa bilməyəcək. Açıq-saçıq nəşrlərin və filmlərdə insana sıxıntı verən səhnələrin səbəb olduğu zina namussuzluğu aradan qalxacaq, ər-arvad bir-birinə xəyanət etməyəcək, ailələr dağılmayacaq, övladlar ata-anasız qalmayacaq və kimin olduğu bilinməyən bələyə sarınmış uşaqlar zibilliyə atılmayacaq.

Namaz qılan bir millətin fərdləri içində rüşvət alınmayacaq və rüşvət verilməyəcək. Heç kim haqqı olmayan bir şeyə əl uzada bilməyəcək, haqsızlıq edilməyəcək, faizlə pul verilməyəcək. Namaz qılan haramın kiçiyinə də, böyüyünə də yaxınlaşmayacaq, yaxınlaşarsa da bir gün axirətdə hesab verəcəyini düşünüb tövbə edəcək. Haqqına təcavüz etdiyi insandan halallıq almağa çalışacaq.

Namaz qılan millətin fərdləri içki içməyəcək, narkotik və siqaret kimi zərərli vərdişlərdən uzaq olacaq, qumar oynamayacaq, insan alveri kimi namussuzluqlarla məşğul olmayacaq, oğurluq etməyəcək, ticarətdə hiyləgərlik etməyəcək və fırıldaqçılıqla xalqa zərər verməyəcək. İşçi işəgötürənin, vətəndaş dövlətin malını öz malı bilib qoruyacaq. İşəgötürən və dövlət başçısı da işçisinin və xalqının haqqını tam və vaxtında verəcək. Zülm qalxacaq və ədalət hakim olacaq. Niyə? Çünki namaz bu işlərə icazə verməz. Baxın görün Allah bu haqda nə buyurur: “(Ya Mühəmməd!) Qurandan sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz insanı çirkin və pis əməllərdən çəkindirər!”[1]

Deməli, namaz namaz qılanın həyasızlığa, çirkinliyə və günahlara bulaşmasına mane olurmuş. Bunu kim deyir? Allah-Taala deyir.

Bu gün ölkəmizdə hər cür günah və rəzalət var. Dövlətdə korrupsiya və rüşvət var. Nə üçün? Çünki namaz yoxdur. Hər evdə və hər yerdə; məktəbdə, dövlət müəssisələrində, zavodda, fabrikdə namaz olmadığı üçün xəyanət, cinayət, içki, qumar, zina, rüşvət, faiz, açıq-saçıqlıq və pornoqrafiya var. Riyakarlıq və komfort düşkünlüyü var. Ölkəni fahişəxanaya çevirmək istəyən həyasız mətbuat və nəşriyyat, həyasız televiziya və videolar var. Bütün bu günahlar ölkəmiz üçün bir donqardır. Bu donqar kürəyimizdə olduqca həqiqi mənada inkişaf etməyimiz mümkün olmayacaq. Hər bir günah ölkəmizə endirilmiş bir zərbə, yolumuz üstündə qurulmuş bir barrikadadır. Bunlardan xilas ola bilmənin yolu yalnız namazdır.

Dediyimiz kimi namazı tərk etmək (yəni namaz qılmamaq) böyük günahdır və onun şiddətli əzabı vardır. Namaz qılmayan şəxslər üçdür:

  1. Namazın hökmünü inkar edərək onu tərk edən şəxslər; Bunlar namazın Allah tərəfindən vacib buyurulduğunu inkar edirlər. Dinin zəruri hökmünü inkar etdikləri üçün bu əqidəyə sahib olan şəxslər kafirdirlər.
  2. Üxrəvi işlərə etinasız yanaşıb şəhvani və dünyəvi işlərlə məşğul olaraq hökmünü inkar etmədən namazı tərk edən şəxslər; Bunlar fasiq və böyük günahlara mürtəkib olan şəxslərdir. Belə şəxslər dünyadan Allaha və axirətə imanla köçərlərsə, namazı tərk etdikləri üçün əzab çəkdikdən sonra nicat tapacaqlar. Lakin namazı tərk edən şəxslərin dünyadan imanla köçmələri çətin bir işdir, çünki imanın yerləşdiyi yer qəlbdir. Böyük günahları yerinə yetirən şəxsin qəlbinə qaranlıq çökür və onun iman nuru sönür. Lakin Allah kömək olsa və Əhli-Beyt ona şəfaət etsə, o imanla öz dünyasını dəyişə bilər. Lakin İmam Cəfər Sadiqdən nəql olunan hədisə əsasən namazı yüngül sayan və ona əhəmiyyət verməyən şəxs Əhli-Beytin şəfaətinə nail olmayacaqdır.
  3. Bəzi vaxtlarda namazı tərk edən şəxslər; Bu cür şəxslər imanlarının zəifliyi ucbatından və yaxud üxrəvi işlərə etinasız yanaşdıqları üçün bəzi vaxtlar namaz qılır və bəzi vaxtlar isə onu tərk edirlər. Belə şəxslər namazın vaxtına əhəmiyyət verməyərək onu sonra qəza etmək fikrilə vaxtında qılmırlar. Bunlar haqqında çoxlu rəvayətlər vardır. Bu rəvayətlərdən birini İmam Cəfər Sadiq Peyğəmbərdən nəql edir: “Kim namazı vaxtında qılmazsa, namaz qaralmış və zülmətə bürünmüş halda yuxarı qalxıb deyər: “Sən məni zay və qiymətsiz etdin. Məni zay və qiymətsiz etdiyin kimi, Allah da səni zay və qiymətsiz etsin!”[2]

Peyğəmbər digər bir hədisdə buyurur: “Vacib namazı vaxtından sonra qılan şəxs mənim şəfaətimə yetişməyəcəkdir”[3].

Bu hədislər namazın nə qədər əhəmiyyətli bir əməl olduğunu göstərir. Lakin bəzi müsəlmanlar bu ibadətin əhəmiyyətini dərk etmir, onun haqqında və dürüst qılınmasında səhlənkarçılığa yol verirlər. Namazları vaxtında qılmır və dünya işlərinə namazdan daha çox əhəmiyyət verirlər. Lakin Quranın “Zariyat” surəsinin 56-cı ayəsində buyurulur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” Bu ayə yaradılışın qayə və məqsədini açıqlayır.

Bizim Peyğəmbərimiz və imamlarımız da ən çətin anlarda belə namazı vaxtın əvvəlində qılardılar. “İrşadul-Qulub” kitabında rəvayət olunur ki, İmam Əli Siffin müharibəsində döyüşə məşğul idi. O halda iki səf arasında göyə baxırdı. İbn Abbas soruşdu: “Nə üçün göyə baxırsan?” İmam belə cavab verdi: “Namaz qılmaq üçün günəşin zəval etməsini müşahidə etmək istəyirəm”. İbn Abbas dedi: “Müharibənin bu anında namaz qılmaq vaxtıdırmı?” İmam Əli buyurdu: “Biz bunlarla nə üçün müharibə edirik? Bizim onlarla etdiyimiz müharibə yalnız namazın yaşaması üçündür”.

NAMAZI TƏRK EDƏNİN CƏZASI

Bütün müsəlmanlar hamılıqla namazın vacibliyini inkar edən, yaxud ona şübhə ilə yanaşan şəxsin müsəlman olmaması və kafir olması barəsində ittifaq etmişdir. Hətta o şəxs kəlmeyi-şəhadət deyərsə, yenə də kafirdir, çünki namaz İslamın əsaslarındandır. Onun vacibliyi dinin zərurəti ilə sabitdir. Bu barədə fikir və ictihada, təqlid və suala yer yoxdur.

Lakin namazın vacibliyinə iman gətirməklə yanaşı tənbəllik və diqqətsizlik ucbatından onu qılmayan şəxsin hökmü barəsində məzhəblər arasında fərqli fikirlər vardır. Şafeilər, malikilər və hənbəlilər deyirlər ki, belə bir şəxs öldürülməlidir. Hənəfilər deyirlər ki, ömürlük həbs cəzasına məhkum edilməli, yaxud namaz qılmalıdır.

On iki imamçı şiə məzhəbinə görə namaz, zəkat, xüms, həcc və oruc kimi vacib vəzifələrini tərk edən şəxs şəri hakim tərəfindən onun məsləhət bildiyi şəkildə cəzalandırılmalıdır. Əgər günahdan əl çəkərsə, çox gözəl. Əks təqdirdə ikinci dəfə cəzalandırılmalıdır. Əgər tövbə edərsə, çox yaxşı. Əks təqdirdə üçüncü dəfə cəzalandırılmalıdır. Əgər itaətsizliyə davam edərsə, dördüncü dəfə öldürülməlidir[4].

Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə

[1] “Ənkəbut”, 45

[2] “Vəsailuş-Şiə”, “Kitabus-Səlah”, “Əbvabul-Məvaqit”, 1-ci bab

[3] “Vəsailuş-Şiə”, “Kitabus-Səlah”, “Əbvabul-Məvaqit”, 13-cü hədis

[4] Mühəmmədcavad Muğniyə, “Beş məzhəbə əsasən fiqh”; s. 77

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma