Arxivlər

ŞİƏNİN XÜSUSİYYƏTLƏRİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

ŞİƏNİN XÜSUSİYYƏTLƏRİ

“Bir neçə söhbət” kitabından[1] götürülmüş bu məqalədə hidayət imamlarının nöqteyi-nəzərindən şiənin əlamət və xüsusiyyətləri qeyd edilmişdir. Onlar öz şiələrindən gözləntilərini bildirmişlər. Onların əməli davranışlarına dəlalət edən sözləri şiələrin əməli proqramı olmalıdır. Məsələn: “Ənsardan Sə’d adlı bir kişi İmam Sadiqdən soruşdu: “Sənə fəda olum! Qali kimdir?” Buyurdu: “Bizim özümüz haqqında demədiyimiz sözləri bizim barəmizdə deyən şəxslər qalidirlər!” Deməli, sadəcə olaraq kimsə Peyğəmbəri və imamları (əleyhissəlam) sevirəm dediyi üçün onların ardıcıllarından olmaz və bu dostluq ona dünyada və axirətdə heç bir fayda verməz. Əksinə, onun əməli və hərəkəti onların əməli və hərəkəti kimi olmalıdır. Yəni Allaha qarşı günah etməkdən çəkinib Ona itaət etməli, Allahın yasaq etdiyi işlərdən qorunmalı, nalayiq söz və ifadələrdən uzaq durmalı, gözəl xüsusiyyətləri kəsb etməlidir. Yalnız bu halda onların şiəsi olar.

Həqiqi hidayət yolu ilə gedənlərin və Peyğəmbərin xalis davamçılarının yolu olan şiə məktəbi bu illər ərzində bir çox əlavə və dəyişikliklərə məruz qalmışdır. Belə ki, Allah Rəsulunun və hidayət imamlarının məqsədlərindən uzaqlaşmış və müxtəlif firqələrə və dağınıq fikirlərə bölünmüşdür. Şiə məzhəbinin rəhbərləri Peyğəmbərin Əhli-Beytindən olmuş və mütəvatir rəvayətlərdə onun tövsiyə etdiyi və tapşırıq verdiyi şəxslər olmuşlar. Onlar bu yolda öz canlarından və rahatlıqlarından keçmişlər. Lakin imamların ardıcılları, yəni dünənki və bugünkü şiələr bu prinsipləri dərk etməkdə və onlara əməl etməkdə səhlənkarlıq etmiş və Quranda möminlər üçün vəd edilmiş nəticələrdən məhrum olmuşlar. Bu məqalədə hidayət imamlarının (ə) şiənin səciyyəvi cəhətləri və xüsusiyyətləri haqqında dedikləri bəzi rəvayətləri qeyd edəcəyik. Bəlkə, bu fikirlər şiəliyin əslinə və mənşəyinə qayıtmaq üçün faydalı bir öyüd-nəsihət olsun.

İmam Mühəmmədbaqir (ə) Əhli-Beyt dostu haqqında danışmaq istədikdə buyurur: “Ey Cabir! Bir şəxsin bizim tərəfdarlığımızı qəbul edib biz Əhli-Beyti sevdiyini söyləməsi kifayət edərmi? And olsun Allaha Allahın yasaq etdiyi işlərdən qorunub, Onun əmrlərini yerinə yetirməyən (yəni təqvalı olmayan) və Allaha itaət etməyən şəxs bizim tərəfdarımız deyildir. Ey Cabir! Bizim tərəfdarımız təvazökarlıq, xüşu (yəni qəlbin ilahi qorxu və ehtiramla dolu olması), əminlik (etibarlılıq), Allahı çox zikr etmək, oruc tutmaq, namaz qılmaq, valideynə qarşı xoşrəftar olmaq, qonşularından fəqir, zəif, borclu və yetim olanları qorumaq və onlara baxmaq, doğru danışmaq, Quran oxumaq və insanların yalnız xeyrindən danışmaqla tanınır. Onlar hər sahədə öz tayfalarının ən etibarlı və etimadlı şəxsləridirlər”. Cabir deyir: “Dedim: “Ey Peyğəmbərin övladı! Biz bu gün bu sifətlərə sahib olan bir şəxs tanımırıq”. İmam buyurdu: “Məbada camaatın yolu səni, bir kişinin: “Mən Əlini sevirəm və onun vəlayətini (dostluğunu) qəbul edirəm”, – dedikdən sonra bununla bərabər heç bir fəaliyyət göstərməməkdən ibarət olan bir yola çəkməsin. Əgər bir şəxs “Mən Peyğəmbəri sevirəm” – halbuki Peyğəmbər Əlidən də xeyirlidir – desə, sonra onun sirəsinə (həyat tərzinə) tabe olmasa və Sünnəsinə əməl etməsə, yalnız sevgisinin onun üçün heç bir faydası yoxdur. Allahın yasaq etdiyi işlərdən qorunun və Allahın yanında olana (yəni İslam dininə) əməl edin! Allahla heç bir şəxs arasında qohumluq əlaqəsi yoxdur. Ey Cabir! Allah yanında bəndələrin ən sevimlisi, təqvası ən çox olan və Allaha ən çox itaət edən şəxsdir. And olsun Allaha ki, itaətdən başqa heç bir şeylə Allaha yaxınlaşmaq mümkün deyildir. Nə bizdə Cəhənnəmdən qurtuluşa dair nəsə var, nə də bir şəxsdə Allaha qarşı gətirəcək bir dəlil. Kim Allaha itaət edərsə, o bizim vəlimizdir (yəni bizim dostumuzdur). Kim Allaha üsyan edərsə, o bizim düşmənimizdir. Bizim vəlayətimiz (bizə bağlanmaq və dost olmaq) yalnız əməl və vərə’ (şübhəli şeylərdən belə çəkinmək) ilə əldə edilə bilər (yəni əməli və vərə’si olmayan şəxs Əhli-Beytə dost deyildir)”[2].

Mühəmməd ibn Ərəfə İmam Sadiqdən onun belə dediyini rəvayət edir: “Peyğəmbər (s) buyurmuşdur: “Sizdən kimin mənə daha çox oxşadığını sizə xəbər verimmi?” “Bəli, ey Allahın Elçisi!” – deyə cavab verdikləri zaman Peyğəmbər (s) buyurdu: “Ən gözəl əxlaqa malik olan, daha yumşaq danışan, qohumlarına qarşı daha xeyirxah (xeyriyyəçi) olan, din qardaşlarını daha çox sevən, haqqı müdafiə etməkdə daha səbirli (möhkəm) olan, qəzəbini ən çox boğa bilən, ən gözəl şəkildə əfv etməyi bacaran, razı qaldıqda və qəzəbləndikdə insafı hamıdan çox olan müsəlman mənə ən çox oxşayan şəxsdir!”[3]

Həmçinin Həzzadan, İmam Baqirdən (ə) onun belə dediyi rəvayət olunmuşdur: “Mömin yalnız o şəxsdir ki, razı olduğu zaman razılığı onu günaha və batilə sövq etməsin[4]. Qəzəbləndikdə qəzəbi onu haqqı deməkdən çəkindirməsin. Güc və iqtidar əldə etdikdə gücü onu haqqı olmayan şeyə doğru çəkməsin!”[5]

Mühəmməd ibn Müslim İmam Baqirin (ə) belə dediyini rəvayət edir: “Müxtəlif yolların (yəni müxtəlif davranışların və sözlərin) sizi azdırmasına imkan verməyin! And olsun Allaha bizim şiəmiz Allaha itaət edən şəxsdir!”[6]

Əbuvəhbin rəvayətində deyilir: “Mən İmam Sadiq əleyhissəlamdan soruşdum: “Şiələrlə və bizim yanımıza gedib-gələn, lakin şiə olmayan digər müsəlmanlarla (sünnilərlə) necə rəftar etməliyik?” İmam belə cavab verdi: “Sizə verdikləri əmanətlərini onlara qaytarın, onların lehinə, yaxud əleyhinə şahidlik edin, xəstələrinə baş çəkin və cənazələrinin dəfn olunmasında iştirak edin!”[7]

İbn Vəhb başqa bir rəvayətdə həmin mətləbi İmam Cəfər Sadiqdən soruşduqda İmam (ə) belə cavab verir: “Tabe olduğunuz imamlara baxın! Onlar (imamlar) rəftar etdiyi kimi rəftar edin. And olsun Allaha ki, sizin imamlarınız onların xəstələrinə baş çəkir, cənazələrinin dəfn olunmasında iştirak edir, onların lehinə, yaxud əleyhinə şahidlik edir və əmanətlərini onlara qaytarırlar”[8].

İbn Muskan Həbib Xəs’əmidən belə rəvayət edir ki, o, İmam Sadiqin belə dediyini eşitmişdir: “Vərə’ sahibi olun[9], çalışqan olun, cənazələrin son mənzilə yola salınmasında və dəfn edilməsində iştirak edin, xəstələrə baş çəkin, öz camaatınızla birlikdə məscidlərinizə gedin, özünüz üçün bəyəndiyiniz və sevdiyiniz bir şeyi insanlar üçün də bəyənin və istəyin!”[10]

Zeyd Şəhham İmam Cəfər Sadiqin ona belə buyurduğunu rəvayət etmişdir: “Mənə itaət etdiyini və mənim sözümü əxz etdiyini gördüyün şəxslərə salam de! Sizə Allahın yasaq etdiyi işlərdən (günahlardan) qorunmağı, dininizdə vərə’ sahibi olmağı (şübhəli şeylərdən belə uzaq olmağı), Allah yolunda çalışqan olmağı, doğru danışmağı, əmanəti sahibinə qaytarmağı, uzun zaman səcdədə qalmağı (tuli-sücud) və yaxşı qonşuluq etməyi tövsiyə edirəm. Həzrət Mühəmməd bunları söyləmişdir. Əmanəti sizə etibar edən şəxsin əmanətini ona qaytarın, istər həmin şəxs xeyirxah insan olsun, istərsə də günahkar şəxs. Həqiqətən, Allahın Elçisi (s) sapı və iynəni sahibinə qaytarmağı əmr edirdi. Öz əşirətlərinizlə (ki onlar əhli-sünnə idilər) əlaqə yaradın, onların cənazələrinin dəfn olunmasında iştirak edin, xəstələrinə baş çəkin və haqlarına riayət edin! Həqiqətən, sizdən bir şəxs dinində vərə’ sahibi olsa, doğru danışsa, əmanəti sahibinə qaytarsa və insanlarla gözəl əxlaqla davransa, deyərlər ki: “Bu cəfəridir!” (Yəni İmam Cəfərin ardıcıllarındandır!) Bu məni sevindirər və bütün bunlara görə mən xoşhal olaram. Deyərlər ki: “Bu, Cəfərin ədəbidir!” Əgər bunların əksi olsa, onun bəla və rüsvayçılığı məni əhatə edər. Deyərlər ki: “Bu, Cəfərin ədəbidir!” And olsun Allaha atam mənə deyirdi ki, qəbilənin içindəki Əli şiəsi həmin qəbilənin zinəti olmalıdır. Əmanətə ən çox riayət edən, haqq-hüquqa ən çox riayət edən, ən doğru danışan şəxs olmalıdır. Onlar həmin şəxsi öz vəsiləri seçməli və əmanətlərini ona etibar etməlidirlər. Həmin əşirətdən onun haqqında soruşduqda onlar belə cavab verməlidirlər: “Kim onun kimi ola bilər ki? Əmanətə ən çox riayət edənimiz və ən doğru danışanımız odur!”[11]

Şəhhamdan belə rəvayət olunur: “İmam Sadiqin belə dediyini eşitdim: “Allahın yasaq etdiyi işlərdən (günahlardan) qorunun, vərə’ sahibi olun, çalışqan və doğru danışan olun, əmanətə riayət edin, gözəl əxlaq sahibi olun, yaxşı qonşuluq edin! İnsanları özünüzə doğru təkcə dilinizlə yox, hərəkətlərinizlə də (yəni danışmaqla yox, əməl etməklə də) cəlb edin! Zinət olun, çirkinlik və rüsvayçı olmayın!”[12]

Feyz Kaşani “Vafi” kitabında bu hədisin şərhində belə yazır: “İnsanları özünüzə doğru dillərinizdən qeyri bir şeylə cəlb edin! Yəni insanları özünüzün nümunəvi və haqq yolunuza gözəl əməlləriniz və əxlaqınızla cəlb edin! Həqiqətən, insanlar sizin gözəl həyat tərzinə və düzgün yola sahib olduğunuzu gördükdə, getdiyiniz şiəlik yoluna daxil olmaq üçün nəfsləri onlarla mübarizə aparacaqdır. “Zinət olun, çirkinlik və rüsvayçılıq etməyin!” Yəni bizim üçün zinət olun, çirkin hərəkətlər edib bizim rüsvay olmağımıza səbəb yaratmayın!”

Əbdürrəhman ibn Həccac Bəcəli Mühəmməd ibn Müslimdən, o da İmam Sadiqdən onun belə dediyini rəvayət etmişdir: “Əli əleyhissəlam vali (rəhbər) olduqda minbərə çıxdı və Allaha həmd-səna etdikdən sonra dedi: “And olsun Allaha nə qədər ki, Yəsribdə (Mədinədə) meyvəli xurma ağacım var sizin beytülmalınızdan bir dirhəm belə götürməyəcəyəm. Özünüz düşünün, görürsünüz ki, özüm (beytülmaldan) bir şey götürmürəm; sizə haqqınızdan artıq verməyim mümkündürmü?” Əqil (Kərrəməllahu vəchəhu!) ona doğru qalxıb dedi: “Sən məni Mədinədəki qaradərili bir şəxslə bərabər tutursan?” Əli əleyhissəlam ona dedi: “Otur! Burada səndən başqa danışacaq şəxs yox idi?! Sənin ondan keçmişin (keçmişdə dini qüvvətləndirmək üçün cəhdin) və təqvandan başqa heç bir üstünlüyün yoxdur!”[13]

Feyz Kaşani Həzrət Əlinin Əqilə olan xitabını (müraciətini) belə izah edir: “Əqil – Allah ondan razı olsun! – Əlidən ona bir şey vermədiyinə görə yox, onu qaradərili bir insana bərabər tutmasından şikayət etdi. Həzrət də ona belə cavab verdi: “Ədalət bunu tələb edir!” Hədisdəki “sabiqə” (sibqət, keçmiş) sözü ilə “ondan əvvəl iman gətirmək və hicrət etməkdə ondan irəliyə keçmək” (bir sözlə, ondan əvvəl dini qüvvətləndirmək üçün cəhd etmək) nəzərdə tutulur. Əgər “Bəs nə üçün Həzrət Əli (ə) təqva və sabiqəni (keçmişi) nəzərə alıb əta etməkdə (yəni mal verməkdə) üstünlüyə riayət etmirdi? Nə üçün malı onların arasında bərabər şəkildə paylaşdırırdı?” – deyə sual verilərsə, belə cavab verərik: “Çünki bu, mükafatı ehtiyacların bərabər olduğu dünyada yox, axirətdə veriləcək mövzulardandır”(yəni sabiqə və təqvanın mükafatı dünyada yox, axirətdə veriləcək. …)”

Əbuhəmzə Sumali Həzrət Səccaddan onun belə dediyini rəvayət edir: “Həqiqətən, Allah yanında ən nifrət edilən (ən mənfur) şəxs bir imamın həyat tərzini (yəni söz və üsullarını) qəbul edən, lakin onun əməllərinə tabe olmayan şəxsdir!”[14]

Əli ibn Riab İmam Sadiqin belə dediyini rəvayət edir: “Həqiqətən, biz bir şəxsi bizim bütün əmrlərimizə tabe olmadıqca və bizim müridimiz olmadıqca qüvvətli imana sahib bir şəxs hesab etmirik! Agah olun! Bizim əmrimizə tabe olmağın və ona istəkli olmağın əlaməti vərə’ sahibi olmaqdır. Bununla özünüzü bəzəyin ki, Allah da sizə rəhm etsin. Onunla (yəni vərə’ sahibi olmaqla) düşmənlərimizi utandırın ki, Allah sizi başıuca etsin və sizə həyat bəxş etsin!”[15]

Abdullah ibn Əbiyə’fur İmam Sadiqdən belə rəvayət edir: “İnsanları dillərinizdən qeyri bir şeylə (yəni danışmaqla yox, əməl etməklə haqqa doğru) cəlb edin! Onlar sizin vərə’ sahibi və çalışqan olduğunuzu, namaz qıldığınızı və xeyirxah əməllərlə məşğul olduğunuzu görsünlər. Çünki (insanları haqqa doğru) dəvət edən bu əməllərdir”[16].

İmam Baqir əleyhissəlamın belə dediyi rəvayət olunmuşdur: “Ey şiə tayfası, ey Mühəmməd Əhli-Beytinin şiələri (ardıcılları)! “Orta numruqə” kimi[17] olun; qali (dində və bizim barəmizdə həddini aşan) sizə doğru qayıtsın, tali (sizdən geri qalan) isə sizə qoşulsun!”

Ənsardan Sə’d adlı bir şəxs İmama belə bir sual verdi:

“Sənə fəda olum! Qali kimdir?”

İmam buyurdu: “Bizim özümüz haqqında demədiyimiz sözləri bizim barəmizdə deyən şəxslər qalidirlər! Onlar bizdən deyil, biz də onlardan deyilik!”

Həmin şəxs yenə İmamdan soruşdu:

“Tali kimdir?” İmam belə cavab verdi: “Hidayət yolunu axtarır, xeyirli işlər görür ki, ona görə mükafatlandırılsın!” Sonra üzünü bizə tutub dedi: “And olsun Allaha bizdə Allahın əzabından qurtuluşa dair heçnə yoxdur, bizimlə Allah arasında qohumluq əlaqəsi yoxdur, bizim Allahın üzərində heç bir höccətimiz (dəlilimiz) yoxdur. İtaətdən başqa heç nə ilə Allaha yaxınlaşmaq mümkün deyildir. Kim Allaha itaət edərsə, bizim vəlayətimiz (dostluğumuz) ona fayda verər. Kim Allaha üsyan edərsə, bizim vəlayətimizin onun üçün heç bir faydası yoxdur. Vay halınıza, aldanmayın! Vay halınıza, aldanmayın!”[18]

Deməli, günahkar olsanız, sizin vəlayət iddianız yalandır!

Mənbə: “Bir neçə söhbət” kitabı

Müəllif: Ayətullah Əllamə Mühəmmədcavad Qərəvi

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə


[1] Müəllif: Əllamə Mühəmmədcavad Qərəvi

[2] “Üsuli-kafi”, Kitabul-iman vəl-kufr, Babut-taəti vət-təqva, 3-cü hədis

[3] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 38

[4] Yəni dostlarından, qohumlarından və hər hansı bir şəxsdən razı olması onların pisliklərinə göz yummasına, o pisliklər qarşısında sükut etməsinə və onların xeyrinə zülm və günah etməsinə səbəb olmasın. Əksinə, çətinliklə olsa da, onları sorğu-sual etsin və haqqı bərqərar etsin.

[5] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 36-38

[6] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 60

[7] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 97

[8] Həmin mənbə

[9] Yəni günahları tərk edin və harama mürtəkib olmaqdan qorxaraq şübhəli şeylərdən də uzaq olun

[10] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 97

[11] Həmin mənbələr

[12] Həmin mənbələr

[13] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr

[14] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, Babut-taə vət-təqva

[15] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, Babul-vərə’, s. 64

[16] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, Babul-vərə’, s. 64

[17] Yəni qarşıda oturanın özünü arxaya, arxada oturanın isə özünü qarşıya çəkib üzərində otura bilmələri üçün qatırın üzərinə qoyulan kiçik balış kimi

[18] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr

QURBAN BAYRAMI HAQQINDA-6

f) Qurban kəsərkən hansı dua oxunmalıdır?

• Qurban kəsərkən dua oxumaq vacib deyildir, müstəhəbdir. Dua belədir:

وَجَّهْتُ وَجْهِيَ لِلَّذِى فَطَرَ السَّمَاوَاتِ وَ الأَرْضَ حَنِيفاً مُسْلِماً وَ مَا أَنَا مِنَ الْمُشْرِكِينَ إِنَّ صَلاَتِى وَ نُسُكِى وَ مَحْيَايَ وَ مَمَاتِى لِلهِ رَبِّ الْعالَمِينَ لاَ شَرِيكَ لَهُ وَ بذَٰلِكَ أُمِرْتُ وَ أَنَا مِنَ الْمُسْلِمِينَ أَللَّهُمَّ مِنْكَ وَ لَكَ بِسْمِ اللهِ وَ اللهُ أَكْبَرُ أَللَّهُمَّ تَقَبَّلْ مِنِّى

Transkripsiya: “Vəccəhtu vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzə hənifən, muslimən. Və ma ənə minəl-muşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lillahi Rəbbil-aləminə la şərikə ləhu və bizalikə umirtu və ənə minəl-muslimin. Əllahummə minkə və ləkə. Bismillahi vəllahu Əkbər. Əllahummə təqəbbəl minni”.

Tərcümə: “Mən hənif (haqqa meyil edən, batildən haqqa tapınan halda) və müslim olaraq, üzümü göyləri və yeri yoxdan Yaradana çevirdim. Və mən müşriklərdən deyiləm. Mənim namazım da, ibadətim də, həyatım da və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Və mənə sadəcə bu əmr olundu. Və mən müsəlmanlardanam. Allahım, hər şey Səndəndir və hər şey Sənin mülkündür! Allahın adı ilə! Və Allah ən böyükdür. Allahım, bu qurbanı məndən qəbul et!”

• Əgər heyvanı kəsən başqa bir şəxsdirsə, qurban kəsən şəxs əlini onun əlinin üzərinə qoymalı və yuxarıdakı duanı oxumalıdır.

• Əgər qurbanı özü və əhli-əyalı üçün kəssə, “Əllahummə təqəbbəl minni!” duasının yerinə “Əllahummə təqəbbəl minni və əhli-bəyti!” (“Allahım, məndən və əhli-əyalımdan qəbul et!”) duasını oxumalıdır.

• Əgər qurbanı vəfat etmiş şəxsin yerinə kəssə, “Əllahummə təqəbbəl minni!” duasının yerinə “Haza ən fulanin. (“Fulanin” sözünün yerinə vəfat etmiş şəxsin adı deyilir.) Əllahummə, təqəbbəl minhu!” (“Bu filankəsin (Meyitin adı deyilir.) yerinə kəsilən qurbandır. Allahım ondan qəbul et!”) duası oxunmalıdır.

g) Qurban əti necə paylanmalıdır?

 • Qurbanlıq olaraq kəsilmiş heyvan üç hissəyə bölünməli, bir hissəsi sədəqə olaraq fəqir möminlərə, bir hissəsi hədiyyə olaraq zəngin olsalar belə, möminlərə və qonşulara verilməli, qalan üçdə biri isə qurban kəsən şəxsin özü və ailəsi tərəfindən yeyilməlidir.

• Qurban ətindən kafirə də – istər zimmi kafir olsun, istərsə də hərbi kafir[1] – vermək icazəlidir.

ğ) Qurbanla əlaqədar müxtəlif hökmlər;

• Qurbanı bayram günü (10 zilhiccə) kəsmək müstəhəb ehtiyatdır. Kəsim işinin zilhiccə ayının 11-ci və 12-ci günlərində də həyata keçirilməsi mümkündür.

• Qurbanlıq heyvanı zilhiccə ayının on günündə almaq müstəhəb ehtiyatdır (daha fəzilətlidir).

• Qurbanlıq heyvanların evdə böyüdülüb kökəldilmiş heyvanlardan olması məkruhdur.

• Qurbanlıq heyvanı insanın özünün kəsməsi müstəhəbdir. Əgər kəsə bilməsə, əlini qəssabın əlinin üzərinə qoymalı və kəsim işində ona kömək etməlidir.

• Heyvanın dərisini, başını və bütün halal üzvlərini sədəqə olaraq vermək müstəhəbdir. Onlardan qurban kəsən şəxsin özü istifadə etməməli və onları qəssaba və heyvanı kəsən şəxsə muzd olaraq verməməlidir. Lakin qəssab miskin olarsa, həmin hissələri qəssaba sədəqə olaraq verə bilər.

• Hədisdə bildirilir ki, qurbanlıq heyvanın dərisini dabbağ etmək və o dərinin üzərində namaz qılmaq və oturmaq mümkündür.

• Əgər insan qurban kəsmək üçün bir heyvan tapa bilməsə, onun qiymətinə bərabər sədəqə verməsi müstəhəbdir. Əgər qiymətlər müxtəlif olsa, bazarda ən aşağı adi qiyməti ödəmək kifayətdir.

• Əgər özü və əhli-əyalı üçün bir baş heyvan kəssə, kifayətdir. Bir baş özü üçün və digərini də əhli-əyalı üçün kəsməsi müstəhəb ehtiyatdır (daha fəzilətlidir). Əhli-əyalının sayı qədər heyvan kəsdikdə, onun savabı daha çox olar.

• Atasının, anasının, övladlarının və vəfat etmiş şəxslərinin əvəzinə qurbanlıq heyvan kəsməsi gözəldir. Zahir budur ki, Peyğəmbər (s) və hidayət imamlarının əvəzinə də qurban kəsmək gözəldir.

• Rəvayət olunmuşdur ki, Peyğəmbər (s) qurbanlıq olaraq iki qoyun kəsərdi. Birincini kəsdikdə belə deyərdi: “Allahım, bunu öz yerimə və Əhli-Beytimdən qurban kəsə bilməyənlərin əvəzinə kəsirəm!” İkincini kəsdikdə isə belə deyərdi: “Allahım, bunu öz yerimə və ümmətimdən qurban kəsə bilməyənlərin əvəzinə kəsirəm!”

İmam Əli əleyhissəlam da hər il iki qoyun kəsər və birincini kəsərkən belə deyərdi: “Allahım, bunu Peyğəmbərinin yerinə kəsirəm!” Sonra ikincini öz yerinə kəsərdi.

• Əgər bir dəstə insanın hər biri özü üçün qurban kəsə bilməsə, yeddi nəfərə qədər, hətta yetmiş nəfərə qədər hamısının qurbanlıq heyvanı müştərək kəsməsi mümkündür. Yəni bir heyvanı təkbaşına kəsmək mümkün deyildirsə, yeddi, hətta yetmiş müsəlman o heyvanı ortaq alıb kəsə bilər.

• Bayram namazından sonra qurban ətindən iftar etmək müstəhəbdir (yəni qurban ətindən yeyincəyə qədər bir şey yeyib içməmək və namazdan sonra qurban ətindən yemək müstəhəbdir). Çünki Peyğəmbərimiz belə etmişdir.

Tərtibatçı: Xəyyam Qurbanzadə   


[1] Zimmi kafir deyildikdə İslam ölkələrində əhli-zimmənin məxsus şərtləri ilə İslam hökumətinin pənahında yaşayan kitab əhli (yəhudilər və xristianlar) nəzərdə tutulur. Hərbi kafir deyildikdə isə kitab əhli olmayan kafirlər və İslam hökumətinin himayəsinə girməmiş, yaxud himayə olunmaqdan boyun qaçırmış kitab əhli nəzərdə tutulur.

QURBAN BAYRAMI HAQQINDA-5

ə) Qurban necə kəsilməlidir?

Qurban kəsməyin qayda və adabı başqa vaxtlarda heyvan kəsməyin qayda və adabı ilə eynilik təşkil edir. Heyvanı kəsən şəxsdə və heyvan kəsimində riayət edilməsi lazım olan qaydalara qurban kəsərkən də əməl etmək lazımdır. Həmin qaydalar aşağıdakılardan ibarətdir:

1. Heyvanın hülqumu, yəni hava yolu, məri’ deyilən yemək borusu və bunların iki tərəfində yerləşən vədəc deyilən iki damarın (yəni şah damarlar deyilən dörd böyük damarın) kəsilməsi lazımdır; tam kəsilmək əvəzinə onların qismən (natamam) parçalanması və kəsilməsi kifayət etmir. Damarlar xirtdəyin altından elə kəsilməlidir ki, kəsimdən sonra heyvanın xirtdəyi bədəndə yox, başda qalmalıdır.

Qurban kəsilən heyvan dəvədirsə, nəhr edilməlidir. Nəhr dəvənin sinəsi üstündən (boyunun bədənə bitişdiyi yerdən) bıçaq vurub boğaz damarlarını kəsmə əməliyyatıdır. Onun yolu budur ki, dəvə üzü qibləyə tərəf durmalı, yaxud diz çökməli və yaxud da yan üstündə yatmalı, bıçaq sinəsinə yaxın nahiyədə onun boğazına soxulmalı və qan axana qədər gözlənilməlidir. Onun ayaq üstə nəhr edilməsi müstəhəb ehtiyatdır.

2.  Kəsilən heyvan kəsim əsnasında canlı olmalıdır; əgər kəsimə verildiyi vaxt onun canlı olduğuna şübhə edilsə, kəsimdən sonra ondan adi miqdarda (adətən özü kimi heyvanlardan çıxacaq qədər) qanın xaric olması, yaxud göz qapaqlarını və ya hər hansı bir bədən üzvünü hərəkətə gətirməsi kimi həyat əlamətləri onda təzahür etməzsə, onun yeyilməsi halal deyildir. Bu iki əlamətdən biri ilə kifayətlənmək olar.

3. Kəsilən heyvanın canı sırf kəsimlə çıxmalıdır; yəni heyvan bu kəsim əməliyyatının nəticəsi olaraq ölməlidir.

4. Heyvanı kəsən şəxs müsəlman və ya əhli-kitab olmalıdır; bütpərəst, məcusi (atəşpərəst), mürtəd kimi əhli-kitab və müsəlman olmayan şəxslərin kəsdiyinin halal olmadığı barəsində İslam alimləri ittifaq etmişlər.

Heyvanı kəsən şəxs kitab əhlindən olarsa (yə’ni yəhudi, yaxud xristian olarsa), heyvanı kəsərkən Allahın adını zikr etmiş və şah damarların kəsilməsi kimi təzkiyədə (heyvanın şəriətə uyğun bir şəkildə öldürülməsində) mö’təbər olan digər şərtlərə (heyvanın üzü qibləyə çevrilməsi belə bir məqamda istisna təşkil edir) riayət etmişdirsə, onun kəsdiyi heyvan halaldır.

Əgər heyvanı kəsən şəxs Allaha iman gətirməyən mülhid (inkarçı) və Allahın adını zikr etməsi təsəvvür edilməyən kafir olarsa, onun kəsdiyi heyvan heç vaxt halal olmaz. Əgər Allaha inanan kafir olarsa, yalnız kitab əhlindən başqası olarsa, Allahın adını zikr etsə də, vacib ehtiyata əsasən onun kəsdiyi də halal olmaz.

Kəsim işi hər bir müsəlman tərəfindən həyata keçirilir. İstər kişi olsun, istərsə qadın, istər mömin (dindar) olsun, istər fasiq, istər kəsim işini könüllü olaraq həyata keçirsin, istərsə də bu işə məcbur edilsin, heç bir fərq yoxdur. Çünki bu işdə əsas olan kəsim işinin mötəbər şərtlərə uyğun olaraq onlardan biri tərəfindən düzgün şəkildə həyata keçirilməsidir[1].

5. Heyvan kəsilən vaxt (yəni kəsimə başlayanda) Allah zikr edilməlidir, yəni Bismillah” (“Pıssımılla” yox), yaxud “Əllahu Əkbər”, yaxud “Bismillahi, Əllahu Əkbər”, – deyilməlidir; əgər qəsdən Allahın adını zikr etməzsə, heyvan haram olar. Əgər Allahın adının zikr edilməsi yadından çıxarsa, yaxud bilmədən tərk edərsə, heyvan haram olmaz.

6. Heyvan üzü qibləyə doğru çevrilməlidir; yə’ni boğazı və qarnı üzü qibləyə olmalıdır. Üzünün, əllərinin və ayaqlarının üzü qibləyə doğru olması şərt deyildir. İmam Mühəmmədbaqirdən kəsilmək üçün ayrılmış heyvan haqqında soruşulduqda belə dedi: “Kəsilmək üçün ayrılmış heyvanını üzü qibləyə doğru çevir!”[2] Bu hədisdən kəsim əsnasında heyvanın üzü qibləyə doğru çevrilməsinin zəruri olduğu başa düşülür. Kəsimdə heyvanı kəsən şəxsin özünün üzü qibləyə dayanması şərt deyildir.

7. Şah damarlar onları kəsən iti filiz alətlərlə kəsilməlidir. Əgər filiz olmasa, ondan başqa şah damarları kəsən hər bir şeylə kəsim işini yerinə yetirmək caizdir (icazəlidir). Beləcə, qamış, ağac, iti daş, şüşə və bu kimi digər əşyalarla kəsim işini yerinə yetirmək səhihdir (doğrudur).

Kəsimdə müstəhəb və məkruh (pislənmiş) olan işlər aşağıdakılardan ibarətdir:

1. Şəriət alimləri qeyd etmişlər ki, xırda buynuzlu heyvanlar kəsildiyi vaxt heyvanın iki qabaq və dal ayaqlarından birinin sarınıb bir ayağının sərbəst buraxılması, inək və öküz kəsildiyi vaxt heyvanın dörd ayağının hamısının bağlanıb quyruğunun sərbəst buraxılması və dəvə diz çökdüyü halda nəhr edilərsə, iki qabaq ayağının (aşağıdan dizlərədək, yaxud qoltuğunun altınadək) bağlanması və iki dal ayaqlarının sərbəst buraxılması və əgər ayaqüstə nəhr edilərsə, sol əlinin bağlı olması müstəhəbdir.

2. Heyvanı kəsməzdən və yaxud nəhr etməzdən əvvəl qabağına su qoymaq müstəhəbdir;

3. Heyvanı kəsərkən, yaxud nəhr edərkən onunla əziyyət çəkməsinə səbəb olmayacaq şəkildə davranmaq müstəhəbdir. Bunlar bıçağın itilənməsi, onun hülquma güc verərək soxulması və cəld hərəkət edilməsi ilə həqiqət tapır. Peyğəmbərdən (s) belə nəql olunmuşdur: “Həqiqətən, Allah-Taala hər şeydə sizə yaxşılığı (ehsanı) vacib etmişdir. Öldürdükdə yaxşı bir şəkildə öldürün. Heyvanı kəsdikdə yaxşı bir şəkildə kəsin; hər biriniz öz bıçağını itiləsin və kəsdiyi heyvanına yüngüllük və rahatlıq versin!” Başqa bir hədisdə bıçaqların itilənməsinə və (onların itilənməsinin) heyvanlardan gizlədilməsinə əmr etmişdir.

Bəzi rəvayətlərdə bildirilir ki, heyvanı kəsərkən və ya nəhr edərkən aşağıdakı işlərin yerinə yetirilməsi məkruhdur (pislənmişdir):

1. Nəfəsi kəsilməyincə dərisini soymaq;

2. Heç bir ehtiyac yoxdursa, kəsim işini gecə, yaxud cümə günü zəvaldan (günorta azanından) əvvəl həyata keçirmək;

3. Heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü önündə kəsmək;

4. Böyüdüb kökəltdiyi mal-qaranı insanın özünün kəsməsi[3].

 Kəsilən heyvanın aşağıda qeyd olunan hissələrinin yeyilməsi haramdır:

1. Qan; ürəyin və qara ciyərin daxilində qalan hissələr kimi az da olsa belə.

2. Daxilində qalan qaiti (peyini, zığı);

3. Tənasül üzvü; o, erkəkdə cinsi orqan və xayalardan, dişidə isə fərc və onun zahiri (çölü) və batinindən (içindən), bir də sidik kisəsindən ibarətdir.

4. Balalıq (heyvanlarda rüşeymin inkişaf etdiyi daxili üzv);

5. Boyundan (peysərdən) uzanan iki sinir ki, fəqərə sütunu ilə dəri arasında fəqərə sütununun iki tərəfində quyruğa birləşmiş halda yerləşir; o, çox sərt bir damardır. Ərəbcə ona “ilbavan” deyilir. Tək şəkli “ilba’”dır.

6. Beynin ən aşağı hissəsində yerləşən və noxud dənəsinə oxşayan və onun boyda olan dənə (şiş); onun rəngi tünd qəhvəyi rəngə meyil edir. Ərəbcə ona “xərəzətud-dimağ” deyilir.

7. Onurğa beyni; o, fəqərə sütununun daxilində boyundan çanağa qədər uzanan ağ yumşaq damardır.

8. Vəzilər; o, kül rəngli ət yığıntılarından ibarətdir və bədənin müxtəlif yerlərində olur. Daha çox ağ ciyərlərdə olan yağda olur.

9. Dalaq;

10. Öd kisəsi;

11. Göz bəbəyi;

Bunlardan başqa qalan hissələrin yeyilməsi halaldır. Qığırdağın və bağırsaqların yeyilməsi də halaldır. Baxmayaraq ki, böyrəklərin və ürəyin qulaqcıqlarının yeyilməsi məkruhdur (pislənir). Heyvanın sümüyü və dərisi kimi yeyilməsi adət olmayan hissələrinin yeyilməsini müstəhəb ehtiyata əsasən tərk etmək lazımdır.

Əhli-sünnə məzhəblərinə görə, heyvanın öd kisəsinin, vəzilərinin, sidik kisəsinin, cinsi orqanlarının və xayalarının yeyilməsi təhrimən məkruhdur, bunlar yeyilməməlidir[4]. Bir hədisi-şərifdə Hz. Peyğəmbərin (s) əti yeyilən heyvanların cinsi orqanlarının, xayalarının, anus dəliyinin (qaitin məxrəcinin), vəzilərinin, öd kisəsinin və sidik kisəsinin yeyilməsini münasib hesab etmədiyi bildirilir[5]. Bununla bərabər maliki və şafii məzhəblərində əti yeyilən heyvanların xayalarını yemək icazəlidir[6]. Əti yeyilən heyvanlardan bəsmələ ilə kəsilənlərin daxillərində qalıb axmayan qanları təmiz olduğu üçün bunların dalaqları da təmizdir. Dalaqdakı qan pakdır. Əhli-sünnə məzhəblərinə görə, dalağın yeyilməsi halaldır.

Tərtibatçı: Xəyyam Qurbanzadə


[1] “Fiqhuş-şəriə”, c. 2, s. 111, S. M. Fəzlullah

[2] “Vəsailuş-şiə”, c. 16, b. 14, s. 265, 266, 1-ci rəvayət

[3] “Fiqhuş-şəriə”, c. 2, s. 117, 118, m. 125-126, S. M. Fəzlullah

[4] “Böyük İslam elmihalı”, s. 423, Ömər Nəsuhi Bilmən

[5] “əs-Sünənül-kübra”, X 12, Beyhəqi

[6] “Minəhul-cəlil”, c. 5, s. 8, 9, Uleyş, “Əsnəl-mətalib”, c. 4, s. 256, Zəkəriyya əl-Ənsari

QURBAN BAYRAMI HAQQINDA-4

10. Qurban kəsmək;

Lüğətdə “yaxınlaşmaq” mənasını verən qurban sözü dini termin olaraq “Qurban bayramı günündə ibadət niyyəti ilə müəyyən heyvanlardan birini Allah rizası üçün (Allaha yaxınlaşmaq üçün) kəsmək” mənasını verir. Buna ərəb dilində udhiyyə də deyilir. Hz. İbrahimin, Hz. İsmailin və Hz. Hacər anamızın Allaha mütləq təslimiyyətini xatırlayaraq qurban kəsmək Allah-Taalaya yaxınlaşma vəsiləsidir.

Əvvəla, bilmək lazımdır ki, İslam dinində ibadət niyyəti ilə kəsilən müxtəlif qurban növləri vardır və onlar aşağıdakılardan ibarətdir:

1. Qiran və təməttö’ həccini yerinə yetirənlərin kəsdikləri qurban; buna “hədy” deyilir.

2. Ehram halında yerinə yetirilən bəzi əməllərin kəffarəsi olaraq kəsilməsi vacib olan cəza və kəffarə qurbanı;

3. Nəzir qurbanı;

4. Əqiqə qurbanı;

5. Qurban bayramı günündə (zilhiccə ayının 10-da) kəsilən qurban. Bu qurban növünə “udhiyyə” deyilir. Bu ibadət (yəni udhiyyə) hicrətin 2-ci ilində yerinə yetirilməyə başlamış və Hz. Peyğəmbər (s) də vəfatına qədər on il davamlı olaraq qurban (udhiyyə) kəsmişdir.

Bütün bu qurban növlərinin müştərək və fərqli hökmləri vardır.

Qurban ibadətinin tarixi çox qədimdir. Bütün səmavi dinlərdə qurban kəsmək insanı Allaha mənən yaxınlaşdıran bir ibadət sayılmışdır. “Həcc” surəsinin 34-cü ayəsində belə buyurulur:

وَ لِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ فَإلَـٰهُكُم إِلَـٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا وَبَشِّرِ الْمُخْبِتِينَ 

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dörayaqlı heyvanların üstündə Allahın adını çəksinlər. Sizin İlahınız tək olan İlahdır. Elə isə Ona təslim olun. (Ya Mühəmməd!) Müti və təvazökar bəndələrə müjdə ver!”

Hz. Adəmin iki oğlunun Allah rizasına nail olmaq üçün qurban təqdim etmə hadisəsinin də Quranda xəbər verilməsi bu işin nə qədər keçmişə dayandığını göstərir. Mövzu ilə əlaqədar ayədə buyurulur:

وَ اتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَ لَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ 

“Onlara Adəmin iki oğlunun xəbərini həqiqət olaraq oxu. Onlar qurban təqdim etdikləri zaman onların birindən qəbul edildi və digərindən isə qəbul edilmədi. (Qurbanı qəbul olmayan qardaş) dedi: “Səni mütləq öldürəcəyəm!” (Qardaşı da ona belə) dedi: “Allah yalnız müttəqilərdən (təqva sahiblərindən) qəbul edər!””[1]

İslam dinindəki qurban ibadətinin Hz. İbrahim və Hz. İsmail ilə yaxın əlaqəsi vardır. Bu barədə Quran-kərimdə buyurulur:

رَبِّ هَبْ لِى مِنَ الصَّالِحِينَ ﴿۱۰۰﴾ فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ ﴿۱۰۱﴾ فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّى أَرَىٰ فِى الْمَنَامِ أَنِّى أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَىٰ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ سَتَجِدُنِى إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ ﴿۱۰۲﴾ فَلَمَّا أَسْلَمَا وَ تَلَّهُ لِلْجَبِينِ ﴿۱۰۳﴾ وَ نَادَيْنَاهُ أَنْ يَا إِبْرَاهِيمُ ﴿۱۰۴﴾ قَدْ صَدَّقْتَ الرُّؤْيَا إِنَّا كَذَلِكَ نَجْزِى الْمُحْسِنِينَ ﴿۱۰۵﴾ إِنَّ هٰذَا لَهُوَ الْبَلاَءُ الْمُبِينُ ﴿۱۰۶﴾ وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ ﴿۱۰۷﴾ وَ تَرَكْنَا عَلَيْهِ فِى الْآخِرِينَ ﴿۱۰۸﴾ سَلاَمٌ  عَلىٰ إِبْرَاهِيمَ ﴿۱۰۹﴾ كَذَلِكَ نَجْزِى الْمُحْسِنِينَ ﴿۱۱۰﴾ إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ 

“(İbrahim) dedi: “Ey Rəbbim, mənə salehlərdən olacaq (bir övlad) bəxş et!” Biz də ona həlim xasiyyətli bir oğlan uşağı ilə müjdə verdik. O (yəni İbrahimə müjdə verilən həlim xasiyyətli həmin uşaq) böyüyüb (atası ilə) bərabər çalışma həddinə çatdıqda (İbrahim ona) dedi: “Oğlum, yuxuda görürəm ki, səni qurban kəsirəm, bax gör nə fikirləşirsən!” O dedi: “Atacan, sənə nə əmr olunursa, onu da et! İnşallah mənim səbrlilərdən olduğumu görəcəksən”. Hər ikisi (Allahın əmrinə) təslim olduğu və onu gicgahı üstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ey İbrahim, sən artıq yuxunu təsdiq etdin!” Biz muhsinləri (gözəl əməl sahiblərini) belə mükafatlandırırıq. Həqiqətən, bu, açıq-aşkar imtahandır. Biz fidyə olaraq ona böyük bir qurbanlıq verdik. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq. Salam olsun İbrahimə! Həqiqətən, Biz möhsünləri (gözəl əməl sahiblərini) belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim mömin qullarımızdandır!”[2]

a) Qurban kəsməyin hikmət və faydaları;

Qurban kəsmək istər fərdi, istərsə də ictimai baxımdan müxtəlif faydaları olan malla yerinə yetirilən bir ibadətdir. Qurban kəsən şəxs Allahın əmrinə boyun əyir və qulluq şüurunu qoruduğunu canlı bir şəkildə ortaya qoyur. Möminlər hər dəfə qurban kəsdikdə Hz. İbrahim ilə oğlu Hz. İsmailin uca Allahın əmrinə mütləq itaət məsələsində imtahandan çıxdıqlarının xatirəsini təzələyir və özlərinin də oxşar bir itaətə hazır olduqlarını simvolik davranışla göstərmiş olurlar.

Bunu bir qədər izah edək. Allah bütün insanların bütün məsələlərdə təslim olmalarını istəyir. Bəzi işlərdə başa düşsələr də, başa düşməsələr də təslim olmalarını istəyir. İnsan içkinin haram olmasının səbəbini başa düşməyə bilər, amma təslim olması lazımdır. Həmçinin bir qadın Allahın ona örtünməyi əmr etməsinin səbəbini başa düşməyə bilər və ya bu hökmün yanlış olduğunu düşünə bilər. Lakin Rəbbim əmr edir, – deyib buyurulduğu şəkildə örtünməsi lazımdır. Təslimiyyət budur.

Bəzi insanların belə dediyini eşidirik: “Dinin bütün əmrlərini başa düşürəm, lakin ribanın (faizin) haram edildiyini başa düşə bilmirəm”. Lakin biz başa düşməsək də, Allah bizdən təslim olmağımızı istəyir. Bizə nümunə və örnək göstərir ki, təslim olmağı öyrənək. İman da bundan ibarətdir.

Rəbbi İbrahimə “Təslim ol!” – dedi. O da “Mən aləmlərin Rəbbinə təslim oldum!” – dedi[3]. Allah İbrahimi nə ilə imtahan etdisə, bütün imtahanlardan çıxdı. Allah təslimiyyətin simvolu olan İbrahimə (ə) bir röya göstərdi. Dedi ki, oğlum, yuxuda görürəm ki, səni qurban kəsirəm. Peyğəmbərlərin yuxusu bizim yuxularımıza bənzəmir. Onların röyası vəhydir. Ona görə də röyada əmr ediləni yerinə yetirmək onlara vacibdir.

Oğlu İsmailə bax gör nə fikirləşirsən, – dedi. Bir ata bunu övladına deyərkən hansı hissləri keçirmişdir? Bunu düşünmək lazımdır. Özümüzü İbrahim əleyhissəlamın yerinə qoymalıyıq. İllərlə gözləmiş, Rəbbim, mənə saleh bir övlad ver, – deyə dua etmiş və bu duasının nəticəsində Allah ona bir övlad nəsib etmişdir. 80-90 yaşlarında baba olacağı bir yaşda ikən ata olmuşdur. İndi də Allah ona oğlunu kəsəcəksən, – deyə əmr verir. Bir ata bunu övladına necə deyə bilər?

Quran bu səbəbdən davamlı olaraq bizə İbrahim əleyhissəlamı Allahın necə imtahan etdiyini və o imtahanlardan necə çıxdığını bəyan edir. Övladı da onun kimidir. “Atacan, sənə nə əmr olunursa, onu da et! İnşallah mənim səbrlilərdən olduğumu görəcəksən”, – deyir. Bunu demək Hz. İbrahim üçün nə qədər çətindirsə, Hz. İsmail üçün də o qədər çətindir. “Bunu sənə Rəbbinmi əmr edir?”, “Bəli! Bunu mənə Rəbbim əmr edir”. “Elə isə Onun dediyini həyata keçir, atacan”. Bu şəkildə ikisi də Allaha təslim olub öz vəzifələrini həyata keçirdilər. Hz. İbrahim bıçağı əlinə almış, İsmail (ə) də yerə yatıb gözləyirdi. Allahın məqsədi yalnız onlara təslim olmağı öyrətmək idi. Onlar Allaha təslim olmalı və təslimiyyətin nümunəsi olmalı idilər.

Həqiqi iman insana təslimiyyət duyğusu verir. Həqiqi imana sahib olmayan şəxsdə təslimiyyət duyğusu olmaz. İnsanda təslimiyyət vardırsa, onun həqiqi imana sahib olduğu deyilə bilər. Eynilə Hz. İbrahim (ə) və Hz. İsmaildə olduğu kimi. Əlbəttə ki, övlad sevgisi Allahdandır, fitridir. Lakin şər’i vəzifələri yerinə yetirməyə mane olacaq qədər yüksək səviyyədə bir övlad və ya həyat yoldaşı sevgisi Allahdan deyil, nəfsdəndir. Allah bu sevgini normal səviyyəyə endirmək istəyir. Buna görə də Qurban bayramında qurbanlıq heyvanlarımızı kəsərkən Hz. İbrahimi xatırlamalıyıq. İsmaili kəsmək deyildikdə insanın sevdiyi şeyləri Allah uğrunda fəda etməsi, Allah uğrunda haram şəhvətlərini kəsməsi və öz iradəsini tərk edib Allahın iradəsinə təslim olması nəzərdə tutulur. Məsələyə bu şəkildə baxmayan müsəlmanlar həqiqi qurban kəsimini həyata keçirə bilməzlər. Hər kəsin bir İsmaili vardır. Bəzilərinin İsmaili həyat yoldaşı, bəzilərinin İsmaili övladları, bəzilərinin İsmaili isə malı və ya məqamı, yəni dünyada ən çox sevdikləri şeylərdir. Qurban kəsərkən hər bir kəs öz İsmailini fəda etmə niyyəti ilə kəsməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi qurban sözü “yaxınlaşmaq” mənasını verir. Yəni Allaha yaxınlaşmaq. İnsan bir heyvan kəsərək necə olur ki, Allaha yaxınlaşa bilir? Əslində Allah burada bizə belə bir mesaj vermək istəyir; İbrahim (ə) Allaha itaət edərək İsmailini kəsməyə hazır olduğu üçün Allaha yaxınlaşmışdı, qoyunu kəsdiyi üçün yox! Qoyunu hər bir şəxs kəsə bilər, lakin, həqiqətən, qurban kəsmiş şəxslər lazım gələrsə, sevdiklərini Allah yolunda tərk etməyi bacaran şəxslərdir. Qurban kəsən şəxslər bunları xatırlamalı, İbrahimi (ə) və İsmaili (ə), Allahın əmri qarşısında təslimiyyət nümayiş etdirən Hacər anamızı xatırlamalıdırlar. Bilmək lazımdır ki, qurban kəsərkən yalnız fiqhi şərtləri yerinə yetirənlər yox, lazım gələrsə, sevdiklərini Allah yolunda tərk etməklə təslimiyyət göstərməyi bacaranlar Allahın mədhinə nail ola bilərlər. Deməli, qurban kəsməyin əsas hikməti və faydası budur ki, biz hər dəfə qurban kəsdikdə Hz. İbrahim ilə oğlu Hz. İsmailin və həyat yoldaşı Hz. Hacərin uca Allahın əmrinə mütləq itaət məsələsində imtahandan çıxdıqlarının xatirəsini təzələyək və özümüzün də oxşar bir itaətə hazır olduğumuzu simvolik davranışla göstərmiş olaq.

Qurban kəsməyin başqa bir hikməti və faydası budur ki, qurban kəsmək cəmiyyətdə qardaşlıq, yardımlaşma və həmrəylik ruhunu canlı saxlayır, ictimai ədalətin bərqərar olmasına yardımçı olur. Ələlxüsus, ət alma imkanı heç olmayan və ya çox məhdud olan yoxsulların olduğu şəraitdə onun bu rolunu daha aydın şəkildə görmək mümkündür. Zənginə malını Allah rizası, yardımlaşma və başqaları ilə paylaşma yolunda xərcləmə zövqü və vərdişi verir, onu xəsislik xəstəliyindən və dünya malına məftun olmaqdan xilas edir. Fəqirin də varlı qullar vasitəsilə Allaha şükr etməsinə, dünya nemətinin yer üzündəki bölüşdürülməsi mövzusunda özünü bədbinlik və düşmənçilikdən xilas etməsinə və özünü cəmiyyətin bir üzvü olaraq hiss etməsinə səbəb olur.

b) Qurban kəsərkən gözəl niyyət və ixlas əsasdır;

Allahın razılığını qazanmaq üçün yerinə yetirilən hər bir işdə gözəl niyyət əsasdır. Qurban kəsməkdə də belədir; gözəl niyyət və ixlas əsasdır. Quran-kərimdə bu barədə buyurulur:

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلاَ دِمَاؤُهَا وَ لَكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. …”[4] Ümumiyyətlə, Allah yalnız müttəqilərin (təqva sahiblərinin) ibadətlərini qəbul edir. “Maidə” surəsinin yuxarıda qeyd etdiyimiz 27-ci ayəsi bu mövzunu bir nümunə göstərərək açıqlayır.

Göründüyü kimi, qurban kəsənlərdən birinin qurbanı gözəl niyyətinə və Allahın yasaq etdiyi işlərdən qorunduğuna görə qəbul edilmiş, digəri çirkin niyyətə sahib olduğuna və günahkar olduğuna görə onun qurbanı qəbul edilməmişdir.

Peyğəmbərimiz (s) də bu mövzuda belə buyurmuşdur: “Əməllərin qiyməti yalnız niyyətlərə görədir. Hər bir kəs gördüyü işin qarşılığını niyyətinə görə alır. …”[5]

İmam Sadiq (ə)

لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلاً

“… Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün …”[6] ayəsi haqqında buyurdu: “Yəni daha çox əməl edəcəyinizi yox, daha dürüst əməl edəcəyinizi …” Həqiqətən, Allahdan qorxmaq, sədaqətli və gözəl niyyət sahibi olmaq dürüst və səmimi olmaq deməkdir. İşi səmimi və ixlaslı olaraq yerinə yetirmək işin özündən də çətindir. Gördüyün hər hansı işin mükafatını yalnız Allahdan istəsən, həmin iş xalis və səmimi bir iş məqamına yüksələr. Niyyət işdən fəzilətlidir. Bil ki, həqiqətən, niyyət işin özüdür”. Sonra İmam Sadiq (ə) aşağıdakı ayəni oxudu:

قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِ

“De: “Hər bir şəxs öz məsləyi, yəni niyyəti əsasında iş görər. …””[7]

c) Qurban kəsmək şəriətə görə icazə verilən bir ibadətdir;

Qurban kəsmək bir adət və ənənə deyildir, məşruiyyəti (şəriətə uyğun olması) Kitab və Sünnə ilə sübuta yetmiş bir ibadətdir. Qeyd etdiyimiz kimi, qurban kəsmək hicrətin ikinci ilindən etibarən yerinə yetirilməyə başlamışdır.

Quran-kərimdə belə buyurulur:

وَ الْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَ أَطْعِمُوا الْقَانِعَ وَ الْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ 

“Biz qurbanlıq dəvələri də sizin üçün Allahın əlamətlərindən qərar verdik. Onlarda sizin üçün xeyir vardır. Sıraya düzüldükləri halda üstlərində Allahın adını çəkin. Onlar böyrü üstə düşüb canları çıxdığı zaman ətindən özünüz də yeyin, əl açmayana və dilənçiyə də yedirdin. Onları sizə belə ram etdik ki, bəlkə, şükr edəsiniz!”[8]

 Hz. Aişədən nəql edildiyinə görə Allah Rəsulu (s) belə buyurmuşdur: “Adəm oğlu Qurban bayramı günü Allah nəzdində qurban kəsməkdən daha sevimli bir iş görməmişdir. Həqiqətən, o kəsilən qurban qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə (savab olaraq) gələcək. Həqiqətən, kəsilən qurbanın qanı yerə düşmədən Allah tərəfindən qəbul edilər. Buna görə də könlünüzü qurbanla xoş edin!”[9]

Peyğəmbərimiz qurban kəsməyi tövsiyə etməklə yanaşı şəxsən özü qurban kəsməklə müsəlmanlara nümunə olmuşdur. Ənəs (r. ə.) belə demişdir: “Allah Rəsulu (s) ağ rəngli iki qoç qurban kəsərdi”[10].

ç) Qurban kəsməyin şər’i hökmü;

Əhli-sünnədən olan müctəhidlər qurban kəsməyin hökmü haqqında fərqli ictihadlar ortaya qoymuşlar. İmami-Ə’zəm Əbuhənifəyə görə qurban kəsmək vacibdir. Ona görə, bu hökmün dəlili aşağıdakılardan ibarətdir:

1. Quran-kərimdə Allah-Taala belə buyurur:

فَصَلِّ لِرَبِّكَ وَ انْحَرْ 

“Rəbbin üçün namaz qıl və qurban kəs!”[11]

Ayədə qurban kəsməyi tələb edən qəti bir əmr ifadəsi yer almışdır.

2. Vacib hökmünün başqa bir dəlili Peyğəmbərdən (s) nəql olunan hədisdə yer alan vəiddir (qorxutmadır). Hədisdə buyurulur: “Gücü (yəni infaq etmə gücü) olduğu bir halda qurban kəsməyən şəxs bizim namazgahımıza (müsəllamıza) yaxınlaşmasın!”[12]

Belə bir qorxutmadan yalnız vacib olan bir əməlin tərk edilməsi üçün istifadə edilir. Yəni İmami-Ə’zəm demək istəyir ki, qurban kəsmək vacib olmasaydı, Peyğəmbərimiz (s) onu tərk edən şəxsi bu şəkildə təhdid etməzdi.

Lakin maliki, şafii və hənbəli məzhəblərinə görə, həmçinin hənəfilərdən İmam Əbuyusifə görə isə qurban kəsmək vacib deyildir, sünnəti-müəkkədədir[13].

Qurban kəsməyin sünnə olduğunu deyənlərin də əsaslandığı dəlillər vardır. Ətraflı məlumat almaq istəyənlər fiqh kitablarına müraciət edə bilərlər.

Şiə məzhəbinə görə, Qurban bayramı günündə imkanlı şəxslərin qurban (udhiyyə) kəsməsi vacib deyildir, müstəhəbbi-müəkkəddir.

d) Hansı heyvanlardan qurban kəsilməlidir?

• Qurbanlıq heyvan gərək qoyun, ya keçi, ya öküz, ya da dəvə olsun. Bunlardan başqa heyvanların, məsələn atın, yaxud ceyranın qurban kəsilməsi düzgün deyildir.

• Əgər qurbanlıq dəvə olsa, 5 yaşar olmalıdır, yəni 5 yaşı tamam olub, 6-cı ilə daxil olmuş dəvə olmalıdır. Kəsilən dəvənin dişi olması müstəhəbdir.

• Əgər qurbanlıq keçi və ya öküz olsa, 2 yaşar olmalıdır, yəni 2 yaşını tamamlayıb 3-cü ilə daxil olmuş heyvan olmalıdır. Kəsilən heyvanın keçidirsə, erkək olması, öküzdürsə, dişi olması müstəhəbdir.

• Əgər qurbanlıq qoyun olsa, 1 yaşar olmalıdır, yəni 2-ci ilə daxil olmuş heyvan olmalıdır. Qoyunun erkək olması müstəhəbdir.

• Dəvənin qurban kəsilməsi daha fəzilətlidir (müstəhəb ehtiyatdır). Ondan sonra öküzün kəsilməsi daha fəzilətlidir.

e) Qurbanlıq heyvanda hansı xüsusiyyətlər olmalıdır?

Müstəhəb qurbanlıqda heyvanda aşağıdakı xüsusiyyətlərin olması müstəhəb ehtiyatdır:

1. Kəsilən heyvan müstəhəb ehtiyata əsasən sağlam olmalıdır; yəni qoturluq tutmuş və keçəl heyvan olmamalıdır.

2. Kəsilən heyvan çox qoca olmamalıdır;

3. Heyvan arıq olmamalıdır; hətta heyvanın kök olmasının aşkar görünməsi, yəni köklük və arıqlıqda miyanə (orta) olması müstəhəbdir.

4. Heyvanın xilqəti tam olmalıdır. Yəni əzaları kamil olmalıdır. Buna görə də müstəhəb ehtiyatdır ki, axtalanmış (xayaları və yumurtaları çıxarılmış), quyruğu və qulağı kəsilmiş, daxili buynuzu sınıq, qulaqsız, buynuzsuz, çolaq, kor və başqa naqis xüsusiyyətlərə malik olan heyvan qurban kəsilməsin. Deməli, müstəhəb qurbanlıqda (yəni udhiyyədə) kor, çolaq, quyruğu və qulağı kəsilmiş, buynuzu sınmış, axtalanmış və arıq heyvanı qurban kəsmək olar.

Tərtibatçı: Xəyyam Qurbanzadə


[1] “Maidə”, 27  

[2] “Saffat”, 102-111

[3] “Bəqərə”, 131

[4] “Həcc”, 37

[5] “əl-Camius-səhih”, Bəd’ül-vəhy 1, Mühəmməd ibn İsmail Buxari

[6] “Mülk”, 2

[7] “İsra”, 84, “Kafi”, Babul-ixlas, h. 4     

[8] “Həcc 36

[9] “Sünən”, Ədahi 1, Timizi

[10] “Sünən”, Kitabul-ədahi 1, İbn Macə

[11] “Kövsər 2”

[12] “Sünən”, Ədahi 2, İbn Macə

[13] Əhli-sünnəyə görə, Peyğəmbərin davamlı olaraq yerinə yetirdiyi, çox az tərk etdiyi işlər. Sübh, zöhr və məğrib namazlarının sünnətləri ilə işa namazının son sünnəti kimi. İslami bir şüar (əlamət) olan azan, namazın camaatla qılınması kimi sünnətlər də vacib dərəcəsində bir ibadət olub sünnəti-müəkkədə (qüvvətli sünnə) hesab olunur.

QURBAN BAYRAMI HAQQINDA-3

QURBAN BAYRAMI GÜNÜNÜN ƏMƏLLƏRİ

Yuxarıda qeyd etdiyimiz kimi Qurban bayramı günü çox şərafətli bir gündür və o gündə yerinə yetiriləcək bir çox vacib və müstəhəb əməllər vardır. Biz bu yazımızda o əməllərin bəzilərini sizin nəzərinizə çatdıracağıq:

1. Qüsl etmək;

Qurban bayramı günü qüsl etmək müstəhəbbi-müəkkəddir. Onun vaxtı bayram günü sübh azanından Günəşin batışına qədərdir. Bayram namazından əvvəl yerinə yetirilməsi müstəhəb ehtiyatdır. Bu qüslün yerinə yetirilməsi qaydasının digər qüsllərdən heç bir fərqi yoxdur. Fərq yalnız niyyətdədir. “Allah rizası üçün Qurban bayramı gününün qüslünü edirəm”, – şəklində niyyət edilməlidir.

2. Dişləri misvakla təmizləmək;

3.  Gözəl paltarlar geyinmək;

4. Xoş iyli ətirlərdən vurmaq;

5. Gülər üzlü və sevincli görünmək;

6. Yoxsullara çox sədəqə vermək;

7. Yeməkdə və onun kimi şeylərdə ailə üçün xərclənən pulun miqdarını daha da artırmaq;

8. Bayram namazına gedərkən yolda təkbir demək; bayram namazına bir yoldan gedib başqa bir yoldan qayıtmaq sünnədir.

9. Bayram namazı qılmaq;

• Bayram namazının açıq səma altında səhrada qılınması müstəhəbdir. Lakin Məkkədə bayram namazının Məscidülhəramda qılınması müstəhəbdir. Bayram namazına piyada və vüqarla getmək və başa ağ əmmamə qoymaq müstəhəbdir.

• Bayram namazının qılınması, özü də camaatla qılınması vacibdir. Lakin mükəlləf müəyyən bir üzrə görə camaat namazında iştirak edə bilməsə, onu xütbəsiz olaraq fərdi halda qıla bilər. Lakin camaatla qılmağa çalışmalıdır, çünki etinasızlıq edərək camaat namazında hazır olmamaq icazəli deyil və heç bir üzr olmadan camaat namazını tərk etmək layiqli bir iş deyildir.

• Bayram namazı iki rükətdir ki, birinci rükətdə Həmd (Fatihə) və Surəni (hər hansı bir surə) oxuduqdan sonra üç təkbir deyilir, hər təkbirdən sonra qunut oxunur, üçüncü qunutdan sonra digər bir təkbir deyilir və rükuya gedilir. İki səcdə yerinə yetirildikdən sonra ayağa qalxılır və ikinci rükətdə Həmd və Surə oxunduqdan sonra üç təkbir deyilir, hər təkbirdən sonra qunut oxunur və üçüncü təkbirdən sonra rükuya gedilir. Rükudan sonra iki səcdə yerinə yetirilir, təşəhhüd oxunur, salam verilir və namaz tamamlanır.

• Namaz qılanın birinci rükətdə “Fatihə”dən sonra “Şəms” surəsini (91-ci surə), ikinci rükətdə isə “Qaşiyə” surəsini (88-ci surə) oxuması müstəhəb ehtiyatdır.

• Bayram namazının qunutunda hər hansı dua və zikr oxunsa, hətta bir dəfə “Sübhanəllah”, – deyilsə, kifayətdir. Lakin aşağıdakı duanın oxunması müstəhəbdir:

Əllahummə əhləl-kibriyai vəl-əzəməh, və əhləl-cudi vəl-cəbərut, və əhləl-əfvi vər-rəhməh, və əhlət-təqva vəl-məğfirəh, əs’əlukə fi hazəl-yavmil-ləzi cəəltəhu lilmüsliminə eydən və liMühəmmədin səlləllahu əleyhi və alihi və səlləmə zuxrən və məzidən ən tusəliyyə əla Mühəmmədin və Ali- Mühəmmədin kəəfzəli ma səlləytə əla əbdin min ibadikə və salli əla məlaikətikə və rusulikə vəğfir lilmumininə vəl-muminat vəl-müsliminə vəl-müslimatil-əhyai minhum vəl-əmvat! Əllahummə inni əs’əlukə xayrə ma səələkə ibadukəs-salihun və əuzu bikə min şərri məstəazə bikə minhu ibadukəl-muxləsun”.

Tərcümə: “Ey böyük, əzəmətli, comərd, bağışlayan, rəhimli və qorxulmağa layiqli olan Allahım! Müsəlmanlar üçün bayram, Mühəmməd üçün nemət, şərəf və məqam qərar verdiyin bu gündə Mühəmməd və Ali-Mühəmmədə bəndələrindən bir bəndənə göndərdiyin rəhmətindən daha fəzilətli rəhmət göndərməyini istəyirəm. Allahım, mələklərinə, peyğəmbərlərinə rəhmət göndər və mömin və müsəlman kişi və qadınlardan diriləri və ölüləri bağışla! Ey Allahım, mən Səndən saleh qullarının Səndən istədiyi diləyin ən xeyirlisini istəyir və müxləs (ixlasa çatmış) qullarının ondan Sənə sığındıqları şeyin şərindən Sənə sığınıram!”

• Bayram namazı camaatla qılındıqda imam namazdan sonra cümə namazının xütbəsində olduğu kimi yüngül oturuşla bir-birindən ayrılmış iki xütbə oxumalıdır. İmam xütbədə ilahi təqvadan danışmalı, xalqı ədalətə, yaxşılıq etməyə, insanlar arasında islaha, cəmiyyətin ümumi problemlərinin həll olunmasına və bu kimi yaxşı işlər görməyə dəvət etməlidir. Müstəhəbdir ki, Qurban bayramı günündə qılınan namazın xütbəsində qurbanlığın hökmləri haqqında da danışılsın.

• Əgər kimsə bayram namazını imamın arxa tərəfində dayanaraq qılarsa, “Fatihə”ni və ondan sonra oxunması lazım olan surəni oxumamalıdır. Digər şeylər isə öz yerində qalır.

• Bayram namazında azan və iqamə yoxdur. Müəzzinin bayram namazı üçün üç dəfə “əs-Səlah” deməsi müstəhəbdir.

• Bayram namazının vaxtı Günəş çıxdığı andan zöhrə qədərdir. Əgər həmin vaxt qılınmasa, bundan sonra qəzası yoxdur.

• Bayram namazını qılarkən yerə (yəni torpağa, türbət və möhür üzərinə yox) səcdə etmək, onun qiraətini yüksək səslə oxumaq və təkbir deyərkən əlləri yuxarı qaldırmaq onun müstəhəb ədəblərindən hesab olunur.

Tərtibatçı: Xəyyam Qurbanzadə  

QURBAN BAYRAMI HAQQINDA-2

BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

 Qurban bayramının gecəsi (yəni Qurban bayramından əvvəlki günün axşamı) mübarək gecələrdən hesab olunur. Bu gecəni əhya etmək, yəni oyaq qalıb ibadət və dua ilə keçirmək müstəhəbbi-müəkkəddir (yəni ciddiyyətlə tövsiyə olunmuş müstəhəb bir işdir). Bu gecədə səmanın qapıları açılar. İmam Sadiqin atalarından belə nəql etdiyi rəvayət olunur: “İmam Əli (ə) ilin dörd gecəsində özünü azad etməyi sevərdi: rəcəb ayının ilk gecəsi, nimeyi-şəban gecəsi (şəban ayının 15-ci gecəsi), Fitr bayramının gecəsi və Qurban bayramının gecəsi”. Azad etmək deyildikdə həmin gecələrdə oyaq qalmaqla ibadət etmək üçün özünü bütün işlərdən azad etməsi nəzərdə tutulur.

Aşağıdakı duanın da 10 dəfə deyilməsi bu gecənin müstəhəb əməllərindən hesab olunur:

يَا دَائِمَ الْفَضْلِ عَلَى الْبَرِيَّةِ يَا بَاسِطَ الْيَدَيْنِ بِالْعَطِيَّةِ يَا صَاحِبَ الْمَوَاهِبِ السَّنِيَّةِ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَ آلِهِ خَيْرِ الْوَرىٰ سَجِيَّةً وَ اغْفِرْ لَنَا يَا ذَا الْعُلىٰ فِى هٰذَهِ الْعَشِيَّةِ![1]

Transkripsiya: “Ya Daiməl-fəzli ələl-bəriyyə, ya Basitəl-yədəyni bil-ətiyyə, ya Sahibəl-məvahibis-səniyyə salli əla Mühəmmədin və Alihi xayril-vəra səciyyə, vəğfirləna ya Zəl-üla fi hazihil-əşiyyə!”

Tərcümə: “Ey məxluqlara davamlı olaraq fəzl və ehsan əta edən, ey iki əli hədiyyəyə açıq olan, ey uca məqamlı mükafatların və bəxşişlərin Sahibi! Əxlaq baxımından yaradılmışların ən xeyirlisi olan Mühəmmədə və onun Alinə rəhmət göndər və bu gecədə bizim günahlarımızı bağışla, ey uca məqam Sahibi!”

Tərtibatçı: Xəyyam Qurbanzadə


[1] “Misbah”, s. 647, Kəf’əmi