Nəsli 30 vasitə ilə Həzrət Əli ibn Əbutalibə (ə) çatan, “İsfahanlı müctəhidə xanım Nüsrət Əmin” adı ilə tanınmış Haciyə xanım Nüsrət Beygəm Əmin hicri şəmsi tarixinin 1265-ci ilində İsfahanda dünyaya göz açıb. Atası Hacı Seyid Mühəmmədəli Əminul-Tuccar İsfahani mömin və səxavətli bir insan, anası isə olduqca şərafətli və xeyirxah bir xanım idi. Qızının oxumağa böyük həvəs göstərdiyini görən anası onu 4 yaşından Quranı və fars dilində yazıb-oxumağı öyrənməsi üçün məktəbə göndərir. Halbuki o zamana hakim olan mühitdə çox az ailələr öz qızlarını elm əldə etmək üçün məktəbə, yaxud mədrəsəyə göndərirdilər.
Beləliklə, öz təhsilinə davam edən Əmin xanım 15 yaşında əmisi oğluna ərə gedərək onunla ailə həyatı qurur. Uşaqları dünyaya gələndən sonra isə onların tərbiyəsi ilə də özü məşğul olmağa başlayır. Lakin bütün bunlar onun təhsilini davam etdirməsinə, islami elmləri mütaliə və təhqiq etməsinə, araşdırmasına mane ola bilmir.
Kiçik yaşlarından Allah-Taala aşiqi və Allahın nişanələri, məxluqatı üzərində xüsusi təfəkkürə, düşüncəyə sahib olan Əmin xanım hikmət elminin təhsili zamanı müəyyən kəşflərə, yeniliklərə nail olur. Bu barədə onun təfsirə dair yüksək səviyyədə yazılmış sənət əsərlərindən “Ərbəinul-Haşimiyyə” və “Nəfəhətul-Rəhmaniyyə” kitabları buna ən gözəl nümunədir.
40 yaşında ikən “Ərbəinul-Haşimiyyə” kitabının nəşrinə nail olur. Elmi dərəcə almaq üçün mərcə və alimlər: Ayətullah Hairi Yəzdi, Ayətullah Mühəmməd Kazim Yəzdi və b. tərəfindən özünü təsdiq edəndən sonra dövrün mərcəi-təqlid və alimlərinin sual-cavabla dolu imtahanlarındakı iştirakında uğur qazandığı üçün o, Ayətullah-üzmalar tərəfindən ictihad dərəcəsinə yetişir. Beləliklə, İslam dünyasında ilk müctəhidə xanım olur.
Müctəhidə Əmin xanım 1344-cü ildə öz sərmayəsi ilə İsfahanda vahid İslam qızlar məktəbi təsis edir. 1346-cı ildə isə ilk dəfə olaraq “Fatimə (s) məktəbi” adı altında qadınların dini elmlər mədrəsəsini təsis edir. Bu təşkilat həmin vaxtdan müsəlman qadınların dini təlim və tədrisində, görkəmli qadın simalarının inkişafında özünəməxsus rol oynayır.
Əmin xanım zövqlü, təvazökar, müdrik, gülərüz, sakit və azdanışan, heç bir dəbdəbəyə meyil etməyən bir alim və Əhli-Beytin (ə) ən sadiq dostlarından biri idi. Onun müqəddəs və lütfdolu vücudu ürfan elminə, mənəviyyata elə qərq olmuşdu ki, onu görən hər kəs onun daxili aləminin, yüksək əxlaqının cazibəsinə düşürdü. Bu elmli, alim qadının varlığının mehi cəmiyyət qadınlarının üzərinə əsərək yatmış düşüncələrin oyanmasına, onların dini elmlərin təhsili yolunda inkişafına və mənəvi təkamülünə təkanverici qüvvə oldu.
Əmin xanım uzun illər elmi təhsil və mənəvi məqam yolunda zəhmət çəkərək, həqiqətən, sübut etdi ki, qadın ictimai mühitdə, hicab pərdəsi altında da tam bir təqvası, iffəti və müqəddəs dininin hökmlərinə riayət etməsilə öz elmi təhsilini davam etdirə bilər, görkəmli mövqeyə nail olub, elmlə din arasında bağlılıq yarada bilər. O, hicabın təkamül və inkişafa mane olmasını təsəvvür edən hər kəsin və ya “qadın hər növ inkişafi təkamüldən məhrum olmalıdır”, – deyən bir qrup insanların əksinə olaraq ayağa qalxdı və o cür səhv düşüncələri alt-üst etdi.
Allah-Taalanın bu müqərrəb bəndəsinin pak ruhunu xalis etmək və cilalamaq üçün düçar etdiyi ən böyük imtahanlar onun övladlarının erkən yaşlarında dünyalarını dəyişmələri oldu. Belə ki, o, səkkiz övladından yeddisini xəstəlik və s. kimi müxtəlif səbəblər üzündən itirmiş, yalnız bir oğlu sağ qalmışdı. Lakin bu müsibətlər bu yeganə müctəhidə xanımın əzm və iradəsinə xələl gətirə bilməmişdi. Bu isə onu göstərir ki, əgər qadın təkamül yoluna qədəm qoyar, Allahı öz əməllərinin Naziri, bütün məxluqatın Maliki bilərsə, hətta övladlarının itkisi belə onun ixtiyarını əlindən ala bilməz .
Müctəhidə xanım Seyidə Nüsrət Əmin şiə aləminin görkəmli alimlərindən və ilahi övliyalardan biri idi. Bütün ömrünü İslam maarifinin təlim-təhsilinə sərf edən Əmin xanım özündən sonra Quran təfsiri, hədis, hikmət, fiqh, üsul və əxlaq sahələrinə həsr edilmiş qiymətli əsərlərini yadigar qoydu. Bu görkəmli xanımın bəzi əsərləri bunlardan ibarətdir:
- “Əl-Ərbəinul-Haşimiyyə” birinci əsəridir.
- “Təfsir məxzənul-urfan” 15 cild, bütün Quranın təfsiri
- “Cameul-şitat”
- “Nəfəhatul-Rəhmaniyyə” və s.
Əmin İsfahani xanım özündən sonra qiymətli əsərlər yadigar qoymaqla yanaşı, bir çox şagirdlər də tərbiyə etmiş və məktəblər, mədrəsələr təsis etmişdir.
Elm aləmində böyük xidmətlər göstərən, islami maariflənmənin avanqardı və ideoloqu olan bu xanım hicri şəmsi tarixinin 1363-cü ilində 97 yaşında vəfat etdi və Allahın rəhmətinə qovuşdu.
Mütərcim: Ruhəngiz Həşimova