Əsrimizin siyasi xadimlərindən biri və İslam mübarizəsinin mücahidi Aliya İzzətbeqoviçin həyat yoldaşı, Bosniyanın anası Xalidə İzzətbeqoviç… O, II Dünya Müharibəsi dövründə yaşamış, uşaqlıq illəri müharibənin dəhşətləri içərisində keçmiş, daha sonra Titonun dövründə əsarətdə olmuş, həbs edilmiş, sonra həbsdən azad olunmuş, hədə-qorxularla dolu olan bir həyat sürmüşdür. Əzab-əziyyətlər içərisində keçən həyat yolunda ömür-gün yoldaşının yeganə dəstəkçisi olmuşdur. Eyni ilə “Səadət Əsri”ndə Hz. Xədicə və Hz. Fatimə kimi.
Xalidə İzzətbeqoviç 1926-cı il iyun ayının 20-də Sarayevonun yaxınlığında olan Könitz qəsəbəsində müsəlman əsilli bir ailədə dünyaya gəlmişdir. Qız İnstitutunun Ailə və Evlilik fakültəsinin məzunu olmuşdur. 1946-cı ildə Aliya İzzətbeqoviçlə nikah bağlayacaqları gün həbs edilmişlər. Səbəb isə birlikdə yayımladıqları “Mücahidlər” jurnalı idi. Kommunist hökuməti qanunsuz yayım həyata keçirmək bəhanəsi ilə jurnalı bağlamış və onları həbs etmişdir. Çox keçmədən Xalidə xanım azadlığa buraxılsa da, Aliya İzzətbeqoviç 3 il azadlıqdan məhrum edilmişdir.
Həbsxanaya düşdükdən sonra belə bir an da olsun peşmanlıq hissi keçirməyən Xalidə xanım özünü Allaha daha da yaxın hiss etmiş və fəaliyyətini daha da ciddi bir şəkildə davam etdirmişdir. Aliya bəy həbsxanadan çıxandan sonra onunla ailə qurmuş və birlikdə islami yayım fəaliyyətinə yenidən başlamışlar. 1990-cı ildə Aliya bəy qurduğu “Demokratik Hərəkat Partiyası” tərəfindən prezident seçilmişdir.
Əvvəllər Xalidə xanım İslam qanunlarına uyğun olaraq örtünmək istəsə də, dövlət məmurları və polis tərəfindən hədələnərək bu hərəkətinə mane olmuşlar. Yalnız Aliya bəyin Partiyası seçkilərdə qalib gələndən sonra Xalidə xanım örtünmüşdür.
Kommunist rejimi dağıldıqdan sonra azadlığa qovuşmuş, öz ölkəsində İslami dəyərləri azad bir şəkildə müdafiə edib bu dəyərləri yaşatmaq istərkən Bosniya üfüqlərinə yenə də bir fəlakət üz verdi. Xalidə xanım çox keçmədi ki, xalqını yenə də qorxulu bir fəlakətin, tarixin ən qanlı və vəhşi bir müharibəsinin içində gördü.
Müharibənin dəhşətlərini, məzlum və günahsız insanların, təcavüzə uğrayanların bütün ağrı-acılarını ürəyində daşımağa başladı Xalidə xanım. Ancaq nə onun özü, nə də həyat yoldaşı yorulub-usanmadılar. Heç bir zaman Quran-kərimdən ayrılmadılar, çünki ilahi vədə inanırdılar.
Böyük mübarizələr böyük insanlar tələb edir. Eləcə də böyük insan olmaq üçün böyük hadisələrin imtahanından keçmək lazımdır. Dözümlü ürək, əziyyətlərə səbirlə davam gətirmək, vəfa, fədakarlıq – bu keyfiyyətlərin hamısı Xalidə xanımda artıqlaması ilə var idi. Xalidə xanım təkcə üç övladının deyil, bütün Bosniyanın və bosniyalıların – şəhidinin də, qazisinin də anası idi. O, şəfqət qəhrəmanı, həqiqi bir ana idi. İmkan tapan kimi ön cəbhənin ən qaynar nöqtələrinə gedərək bosniyalı əsgərlərlə görüşür, onlara mənəvi dəstək olurdı.
O, ailəsindən, uşaqlarından, vətənindən ayrılıb İstanbula köçmək məcburiyyətində qalan, lakin burada da Bosniya üçün, bosniyalılar üçün gecəsini gündüzünə qataraq çalışan bir qəhrəman olmuşdur.
İstanbula gəldiyi gündən bosniyalı qaçqınlar üçün salınmış düşərgə və xəstəxanalara gedir, elə onlarla birlikdə gününü başa vurur, Bosniyaya yardım göstərmək və oradakı övladlarına dəstək olmaq üçün dəridən-qabıqdan çıxırdı.
Xalidə xanım İstanbulda toxucu qadınlardan ibarət bir dərnək yaratmış və bosniyadakı əsgərlərə on min dəstə yaxın paltarın toxunub göndərilməsini təşkil etmişdir. Bundan başqa, təcavüzə məruz qalmış qadınların müalicəsi ilə şəxsən məşğul olmuş, onları ailələrinə qovuşdurmuş, subay qızların ailə qurmasına şərait yaratmış, onların mənəvi yükdən azad olmaları üçün əlindən gələni etmişdir. Müharibə qurtarandan sonra o, Bosniyaya Quran və təfsir kitablarının göndərilməsini təşkil etmişdir.
Onun kimi xanımlara “First Lady” (“Birinci xanım”) deyirlər. O isə prezident xanımı olmağın üstünlüklərini yaşamaq əvəzinə, bu məqamın yalnız məsuliyyətini çiyinlərində daşımışdır.
İnanırıq ki, Bosniyanın mübarizəsi tarixə çevrildiyi zaman Xalidə xanımın da adı tarix kitablarında layiqli yerini tutacaqdır.
Kifayət Həsənli