XÜRRƏM SULTAN

“Böhtançılar Osmanlını anlaya bilsəydilər, müsəlman olardılar…”

tesekkur09picYeddi iqlim tipinə malik olan, üç qitə və yeddi dənizə hökm edən, möhtəşəm və bir gün dağılacağını heç kimin xəyal belə edə bilmədiyi əzəmətli bir imperiyanın ən dahi qadın şəxsiyyətlərindən biridir Xürrəm Sultan.
Adına olmazın şayiələr, hekayələr uydurulmuş, bir çox yazarların, xüsusilə də, Avropa tarixçiləri və rəssamlarının xəstə fantaziyaları üçün qida mənbəyi kimi istifadə etdikləri bu qadın hər zaman Osmanlı səltənətinin ən parlaq və yaddaqalan qadın nümayəndəsi kimi qalmaqdadır. Adına hələ də nağıllar uydurulur, iftira dolu tarixçələr yazılır, filmlər çəkilir.

Onsuz da möhtəşəm bir tarixə malik olan, yarandığı gündən ta süqut edənə qədər yalnız İslam işığında və şəriət qanunları ilə idarə edilən bu dövlət, ağlı və kamalı, dərin hissləri və yüksək zövqü olan, avropalıların “Senyor Turko” (Möhtəşəm Türk) adı ilə yad etdikləri Qanuni Sultan Süleymanın hökmranlığında özünün ən şanlı, çiçəklənən dövrünə qədəm qoydu. Hakimiyyətə gələn hər bir Osmanlı sultanının ən böyük hədəfi özündən əvvəlki hökmdarın edə bilmədiyini həyata keçirmək olduğu üçün taxta çıxdığı ilk gündən ölənə qədər həyatını savaşlarda keçirərək qələbə üzərinə qələbə qazandı. Ölkənin ərazisini 6,5 milyondan 15 milyon kv.km-ə qədər böyütdü. Yəhya Əfəndi, Əbussuud Əfəndi kimi övliya İslam alimlərindən dərs alaraq, öz dövrü və şəraiti üçün mükəmməl qanunlar toplusu olan, zamanının Konstitusiyası rolunu oynayan “Qanunnamə”ni yazdı, ölkəni onunla idarə etdi. Məhz onun ədalətli, qeydsiz-şərtsiz yerinə yetirilən bu qanunları sayəsində, məşhur ingilis tarixçisi Lord Vindsorun da qeyd etdiyi kimi, “Macarıstan və Serbiyadan dəstə-dəstə adamlar evlərini, torpaqlarını buraxaraq Osmanlı ərazisinə keçır, oranın təbəəsi olmağa can atırdılar, öz ölkələrindəki təhkimçilik qaydalarından, məhrumiyyət və zülmdən qaçmağa çalışırdılar”.

Əslən indiki Ukrayna ərazisində yerləşən Podolia vilayətindən olan, bəzi qaynaqlara görə keşiş qızı olan və tatarlar tərəfindən əsir alınaraq satıldıqdan sonra Osmanlı sarayına cariyə (xidmətçi, kəniz) kimi təqdim olunan Roksalana (bəzi mənbələrdə Aleksandra) da məhz bu zamanlarda Sultanın qəlbini qazanaraq cariyəlikdən sultanlığa qədər yüksələ bilmişdi. Amma necə? Həqiqətən də, qərb tarixçilərinin söylədiyi kimi, cadu iləmi? Yoxsa, “yataqda eyş-işrət düşkünü” olan Sultanın “bitmək bilməyən” seksual ehtiyaclarını ödəməkləmi?

Ondan başlayaq ki, saraya alınan bütün digər cariyələr kimi, Roksalana da öncə mütəxəssislər tərəfindən fiziki və psixoloji müayinədən keçdi, çünki saray xidmətçisi olmaq üçün möhkəm sağlamlığa, gözəl simaya və eyni zamanda təfəkkürə, biliyə malik olmaq lazım idi. Hərəmdə sultanların yataqları üçün gözəllər deyil, paşalar, vəzirlər, bəylərbəyləri, sancaqbəyləri üçün, onları həyat boyunca müşayiət edəcək, Osmanlıya layiqli övladlar yetişdirəcək zövcələr hazırlanırdı. Bütün gün boyu yazı, oxu, Quran, tikiş, musiqi dərsləri alan, ədəb-ərkan və mədəni davranış tərzi öyrənən bu gənc qızların yaşadığı hərəm bir hərbi sistemi xatırladırdı. Roksalana da bütün bu dərslərdən keçərək Sultanın anası – Validə Sultanın diqqətini çəkir və onun tərəfindən Sultana təqdim edilir.  İlk gündən ağlı və qadın füsunkarlığı ilə sultanın diqqətini çəkən Roksalana gülər üzü və şən xarakterinə görə onun tərəfindən “Xürrəm” adlandırılır. Beləliklə də, saraya çoxlu sayda qızlar, çox hallarda da saray tərbiyəsi görsün deyə ailələri tərəfindən təqdim olunsa da, heç də hamısı Sultana qədər gedib çıxmazdı. Qərb aləmində saray qadınları, yəni kraliçaların qulluqçuları, əslində isə kralların məşuqələri ömürlərini şəhvət olayları, saray intriqaları içərisində keçirir, bir az bəxti gətirənlər monastıra gedərək orada əcəlləri ilə ölürdülər. Əksər hallarda isə gah kralın, gah şahzadənin, ya da ikisinin də eyni zamanda məşuqəsi olur, bir az yaşlandıqda saraya yaxın adamların – zadəganların, baronların, hersoqların qucağına girərək həyatda qalmağa çalışırdılar. Henrix Mann, Aleksandr Düma, Andre Morua kimi dünya şöhrətli yazıçılar da öz əsərlərində bu mövzulara toxunmuşlar. Ona görə də qərbli araşdırmaçıların Osmanlı hərəmini də belə murdar şəkildə görmələri və təsvir etmələri anlaşılandır, çünki onların xəyal gücü saray həyatını fərqli hesab etməyə imkan verməz. Amma Avropaya tapan, sitayiş edən bəzi türk yazarlarının da öz əcdadlarına bu cür böhtan atması ilk baxışda təəccüblü görünsə də, əslində bunun da səbəbi tamamilə aydındır, çünkı Osmanlı tarixi demək, İslam tarixi deməkdir və İslamı sevməyən insandan Osmanlı dəyərlərini sevməyi, onlara ehtiram göstərməyi gözləmək gülünc olardı. XX əsrin əvvəllərində Osmanlı səltənəti yıxıldıqdan sonra, yeni hökumətin diqqətini çəkmək, cümhuriyyət iyerarxiyasında irəli vəzifələrə çatmaq üçün ən effektiv və sürətli yol – Osmanlı hökmdarları, xüsusilə də, onların hərəmləri haqqında böhtan dolu əsərlər yazıb onları xalqın gözündən salmaq idi. Onlardan biri olan Osman Nuri də cənnətməkan II Əbdülhəmid haqqında yazdığı iftiraları da İttihad və Tərəqqi Cəmiyyətinin sifarişi ilə yazmışdı. Sultanın hərəm həyatı haqqında iyrənc böhtanlarını bitirdikdən sonra Osman Nuri belə yazır: “Bu sultana sui-qəsd edilməsində bizə göstərdikləri xidmətə görə erməni dostlarımıza, silahdaşlarımıza dərindən minnətdarıq. Məhz onların sayəsində biz öz planlarımızı həyata keçirə bildik”.

osmanli-kadini-ve-harem-gercegiBuradan da bugünkü Türkiyə mediasında meymunluq edib Osmanlıya həqarət edən insanların kimlərin nəvə-nəticələri olduqları aydın olur. Bir zamanlar 24 milyon kv. km-lik bir imperiyanın düz sərhəddində yerləşən Fransa sarayında əxlaqsız rəqslərlə müşayiət edilən orqiyalar (eyş-işrət, azğıncasına kef) təşkil edildiyi üçün, Möhtəşəm Sultan Süleyman krala məktub yazaraq dərhal bu rəqslərə son qoyulmasını tələb etmişdi və Osmanlının qorxusundan 100 il bu rəqslərə yol verilməmişdi. Ölkələr həmsərhəd olduğu üçün bu mənəviyyatsızlığın Osmanlı ərazisinə də keçə biləcəyini düşünən o mübarək insanın, bugünkü Türkiyənin şou-biznesinə nəzər salarkən nə qədər haqlı olduğunu görürük. Bu səbəbdən də, bu gün İslamın ən böyük düşmənlərindən birinə “olmasaydın, olmazdıq”, – deyənlərin hisslərini anlamamaq mümkün deyil, olmasaydı – soyuna bilməzdilər, zənginləşməzdilər və olmazdılar.

Roskalanın cariyə olaraq qəbul edildiyi sarayın hərəmi başqa yerlərə bənzəməzdi. Onun giriş qapısının üzərinə “Ey qapılar açan Allahımız, bizə də xeyirli qapı aç!” – sözləri yazılmışdı. Qızlar onlar üçün ayrılmış kazarma tipli, arakəsməli otaqlardan ibarət bir yerdə, kalfaların (köməkçi qadınların) nəzarəti altında qalırdılar. Qərb alimləri bunu necə təsvir edirlər? Hansısa bir anonim mənbəyə dayanaraq, Sultanın guya ürəyi istədiyi vaxtlarda hərəmə gələrək bəyəndiyi qıza dəsmal atması, həmin gecə o qızın Sultanın xəlvətinə alındığını uyduran bu qondarma araşdırmaçılar, aydındır ki, yalnız XVII əsrin sonlarından etibarən hərəm həyatı haqqında yazılan sənədlərə əsaslanmışlar. XII-XIII əsrlərdə yaranan bir səltənətin, xüsusilə də, əsası Sultan Orxan Qazi tərəfindən qoyulmuş hərəmin əsl tarixini yazmaq, o bilgilərə daha erkən çağlarda yetişmək onlar üçün mümkün ola bilməzdi, çünki hərəm demək, Osmanlı səltənətinin namusu demək idi və oraya nəinki hər hansı bir avropalı rəssamın, əcnəbi araşdırmaçının, hətta sarayın kişi personalının, yüksək vəzifədə olan məmurlarının belə giriş haqqı yox idi. XX əsrin 60-cı illərində Topqapı sarayının bərpası işlərini həyata keçirən Robert Anheqqerin zövcəsi və yardımçısı Mualla Anheqqerin yazdıqlarına diqqət edək: “Avropalıların təsvir etdiyi Osmanlı hərəminin həqiqətə uyğun olmadığını anladım. Hərəm sultanın ürəyi istədiyi qadınla yaxınlıq etməsi üçün yaradılmış bir yer deyildir və onun arxitekturası da buna imkan vermir. Sultanın hərəmdəki qadınlara baxıb aralarından gözünə yatanı seçməsi mümkün ola bilməzdi. Qapılar, otaqlar və keçidlər bu məqsəd üçün inşa edilməmişdir. Bu qadınlar Baş Qadınəfəndinin nəzarəti altında 25 nəfərlik böyük otaqlarda yaşamışlar. Validə Sultan öz bölməsində, sultan qadınları öz mənzillərində, Sultanın özü isə öz otağında qalırdı. Sultanın gələcək qadınını ona anası Validə Sultan təqdim edərdi. Sultanın qadın bölümünə keçməsi üçün ya anasının və ailəsinin otaqlarından keçib getməsi, ya da quş olub uçması lazım gələrdi”.

Osmanlı sarayında qızlar bir növ işə götürülürdülər və onların böyük əksəriyyəti orada gözəl təhsil və tərbiyə aldıqdan sonra ya evləndirilir, ya da sarayda müxtəlif vəzifələrə təyin edilirdilər. Onların çox az bir hissəsi Sultana təqdim edilir, onun kənizi olurdu, sonra ikbal, qadinəfəndi, övlad sahibi olduqdan sonra baş qadınəfəndi rütbəsinə qədər ucalırdı. Oğlu sultan taxtına oturanlar isə Validə Sultan olurdu. Belə mükəmməl sistemi görən Roksalana bütün bu qayda-qanunların yalnız İslamdan qaynaqlandığını gördüyü üçün tez bir zamanda müsəlmanlığı qəbul etdi. Ona kəsilən maaşı öz ehtiyaclarına xərcləyə bildiyi halda, toplayaraq Məkkəyə göndərmək istədi, amma kölənin müqəddəs yerlərə yardım etməsi dində qəbul edilmədiyinə görə, Sultana məktub yazaraq azad olunmasını xahiş edir və xahişi müsbət qarşılanır. Məkkəyə ildə altı min qızıl yardım etməklə yanaşı, dövrümüzə qədər istifadə olunmuş, indi bərpa olunmaqda olan Ədirnə su yollarını çəkdirir, İstanbulda karvansara, xəstəxana, mədrəsə, məscid, çeşmə və imarətdən ibarət böyük bir kompleks – Haseki Külliyyəsini tikdirir ki, bu külliyyə də hazırda Təhsil və Araşdırma Xəstəxanası kimi fəaliyyət göstərir. Bundan başqa, Aya Sofya ilə Sultanəhməd məscidi arasında Xürrəm hamamını tikdirir. O dövrlərdə yoxsullara yardım vəqfi üçün istifadə olunan bu hamam indi Türkiyədə saatı 100 avro olmaqla fəaliyyət göstərir və büdcəyə milyonlarla pul qazandırır. Qüdsdə inşa etdirdiyi Haseki Sultan İmarəti isə o zaman da 999 yoxsula şorba, çörək paylanması, zəvvarların gecələməsi üçün istifadə olunurdu, bu gün də eyni məqsədə qulluq edir. Bütün bunları Xürrəm Sultan İslamı tam olaraq yaşadığı üçün, əməl dəftərinə xeyirli işlər yazılsın deyə edirdi.

O mübarək insanlar haqqında çox yazmaq olar və yazılıb da. Böhtanlar da yazılıb, doğrular da. Amma bu gün bütün dünya müsəlmanları üçün bir ümid yeri və ikinci vətən olan Türkiyə ərazisi bu insanların yadigarıdır. O möhtəşəm torpaqlar müqəddəs şəhid qanı ilə çox islanıb. Bu yerlərin neft, qaz kimi təbii sərvətləri olmamasına baxmayaraq, ölkənin bu səviyyədə inkişaf etməsi, güclənməsi o mübarək insanların əməlləridir. Saysız-hesabsız beton heykəllər deyil, onların tikdirdikləri möhtəşəm məscidlər və o məscidlərdə verilən möhtəşəm azanlardır.

Həqiqətən də, əslində onlar – Mühəmməd Fatehlər, Yavuz Səlimlər, İldırım Bayəzidlər, Qanuni Süleymanlar, Əbdülhəmidlər OLMASAYDILAR, OLMAZDIQ!

Zəhra Süleyman-Kıstı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma