PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT ÜMMÜSƏLƏMƏ

HƏZRƏT ÜMMÜSƏLƏMƏ

Qəm-qüssədən sonra gələn səadət

10625077_748726975181397_4823088997269658902_nÜmmüsələmə (r.ə.) ilk müsəlmanlardandır. Elə ilk müsəlmanlardan olan Abdullah ibn Əbdüləsədlə də evli idi. Bu bəxtiyar ailə İslamı qəbul etməklə qohumlarının və digər müşriklərin dəhşətli işgəncələrinə məruz qaldılar, lakin əqidələrindən zərrə qədər də olsun dönmədilər. İşgəncələr dözülməz bir vəziyyət yaratdığı üçün Həbəşistana hicrət etdilər. Həbəş Nəcaşisi ona sığınan, ona pənah gətirən mühacirləri yaxşı qarşıladı. Onlardan heç bir yardımını əsirgəmədi. Ancaq vətənlərindən, Peyğəmbərimizdən uzaqda olmaq digər mühacirlər kimi Ümmüsələməni və həyat yoldaşını çox kədərləndirdi.

Ümmüsələmənin qürbət ölkədə dörd uşağı dünyaya gəldi. Bunlar: Zeynəb, Sələmə, Ömər və Dürrə idi. Əsl adı Hind olan Ümmüsələmə bu künyəni oğlu Sələmə doğduqdan sonra aldı.

Mühacirlər uzun müddət Həbəşistanda qaldıqdan sonra yenidən Məkkəyə geri döndülər. Lakin yenə müşriklərin işgəncələrinə məruz qaldılar. Bundan sonra Peyğəmbərimiz (s) Allahın əmri ilə müsəlmanlara Mədinəyə hicrət etmələrini söylədi. Ümmüsələmə və həyat yoldaşı Əbdüləsəd bu əmrə dərhal itaət etdilər. Allah yolunda ikinci dəfə hicrət üçün hazırlıq gördülər və qısa bir vaxt içində Mədinəyə doğru yola düşdülər.

Müsəlmanların bir-bir və ya qrup halında Məkkəni tərk etmələri müşrikləri əməlli-başlı qəzəbləndirirdi. Bu hicrəti dayandırmaq üçün hərəkətə keçdilər. Ümmüsələmənin müşrik olan qohumları da buna qatıldılar. Əbusələməyə (Əbdüləsədə) mane olaraq Ümmüsələməni özü ilə aparmasına mane oldular. Onların təzyiqinə qarşı gücü çatmadığına görə Əbusələmə xanımını və oğlu Sələməni yolda qoyaraq Mədinəyə tək-tənha getməyə məcbur oldu. Baş verənlərin davamını Ümmüsələmədən (r.ə.) dinləyək:

“Qohumlarım məni Əbusələmənin əlindən aldıqda onun yaxınları qəzəbləndilər və: “Madam onlar Ümmüsələməni bizim adamımızdan ayırdılar, biz də oğlumuzu Ümmüsələmənin yanında qoymayacağıq”, – dedilər. Oğlum Sələməni aralarında dartışdırmağa başladılar. Sonunda onun əlini, qolunu çıxardılar və elə o vəziyyətdə onu götürüb apardılar. Bir ilə yaxın səhər-axşam göz yaşı tökdüm. Nəhayət, halıma acıdılar və: “İstəyirsənsə, ərinin yanına gedə bilərsən”, – dedilər. Sonra Əbusələmənin qohumları da oğlumu gətirib mənə verdilər. Bundan sonra mən oğlumla birlikdə Mədinəyə getdim”.

Ümmüsələmə uzun və yorucu bir yolçuluqdan sonra Mədinəyə çatdı. Əri Əbusələməni tapdı. Artıq həsrət və qəm-qüssə sona çatmış, ailə üzvləri yenidən bir yerə toplaşmışdılar. Ümmüsələmə ilə Əbusələmə evlilik həyatının qeyri-adi günlərini yaşayırdılar. Çox xoşbəxt idilər. Hətta Ümmüsələmə əri Əbusələmə ondan əvvəl vəfat edərsə, başqası ilə evlənməməyi belə düşünürdü. Bir gün bu məsələni ərinə bildirdi: “Ey Əbusələmə, cənnətlik əri olan bir qadın sonradan başqası ilə evlənməzsə, Allah mütləq onu Cənnətə əri ilə bir yerə salacaq. Eyni ilə cənnətlik bir xanımı vəfat edən bir kişi də sonradan başqa bir qadınla evlənməzsə, Allah mütləq onu da xanımı ilə bir yerə gətirəcək. Elə isə gəl səninlə şərt kəsək: Nə sən məndən sonra evlən, nə də mən səndən sonra ərə gedim”.

Əbusələmə xanımının bu təklifini qəbul etmədi. Belə dedi: “Sən mənim sözümü dinlə. Mən öldükdən sonra sən evlən”. Sonra da dəyərli xanımı üçün bu duanı etdi: “Allahım, Ümmüsələməyə məndən sonra daha xeyirli, onu alçaltmayacaq və incitməyəcək bir həyat yoldaşı nəsib et!”

Bu söhbətdən sonra xeyli bir vaxt keçmişdi ki, Ühüd savaşında aldığı yaraya görə Əbusələmə yatağa düşdü. Ümmüsələmə ona qulluq edir və hər sözünə itaət edirdi. Əlindən gələn fədakarlığı göstərirdi. Bu vəziyyət beş ay davam etdi. Beş aydan sonra Əbusələmə vəfat etdi. Onun vəfat etməsini eşidən Sevgili Peyğəmbərimiz (s) həmin an Əbusələməgilə gələrək onun başının üstündə oturaraq açıq qalan gözlərini qapadı və: “Şübhəsiz, ruh bədəndən çıxanda göz onu təqib edər”, – deyə buyurdu.

Bu vaxt Əbusələmənin qohumlarından bəziləri ağılar deyir və uyğunsuz sözlər söyləyərək ağlayırdılar. Peyğəmbərimiz (s) bu vəziyyətdən xoşlanmadı və: “Siz özünüz üçün xeyirdən başqa şeyə dua etməyin, çünki mələklər söylədiklərinizə “Amin!” deyərlər”, – buyuraraq onları xəbərdarlıq etdikdən sonra Əbusələmə üçün belə dua etdi: “Allahım, Əbusələməni əfv et. Dərəcəsini övliyaların sırasına yüksəlt. Arxasında qoyub getdikləri üçün Sən xələf ol. Bizi də, onu da bağışla. Ey Aləmlərin Rəbbi, qəbrini genişlət və orada onun nurunu çoxalt!”

Ümmüsələmə ərinin vəfatından sonra dul qaldı. Başqa bir kişi ilə evlənə bilməsi üçün gözləməyi vacib olan müddət (iddə müddəti) sona çatdıqdan sonra əshabələrdən bir çoxu ona evlənmə təklifi etdi, lakin o, bunların heç birini qəbul etmədi. O, “Möminlərin anası” şərəfinə nail olacaqdı, amma bunu bilmirdi. Tez-tez Əbusələmənin Peyğəmbərimizdən öyrəndiyi və ona öyrətdiyi bu sözləri təkrar edirdi: “Bir müsəlman bir müsibətə düçar olsa: “İnna lillahi və inna iləyhi raciun (Biz Allahın bəndələriyik və Ona tərəf qayıdacağıq!)” – desə və sonra da “Allahım, düçar olduğum bu müsibətin mükafatını ehsan et və məni ondan daha xeyirlisinə nail eylə”, – deyə dua edərsə, mütləq Allah onun duasını qəbul edər”.

Ümmüsələmə bir tərəfdən Peyğəmbərimizin tövsiyə etdiyi duanı təkrarlayır, digər tərəfdən də “Əbusələmədən daha xeyirli kim ola bilər?” – deyə düşünürdü. Çox keçmədən bu “xeyirli” şəxsin kim olduğunu öyrəndi.

Sevgili Peyğəmbərimiz (s) Ümmüsələmə kimi mücahidə bir xanımın dörd uşağı ilə ortada qalmasını və pərişan olmasını istəmədi. İslamiyyət uğrunda bu qədər qəm-qüssə, kədər və iztirab çəkən fədakar əshabəsi ilə evlənərək onu mükafatlandırmaq istədi. Elçi göndərərək onunla evlənmək istədiyini bildirdi. Ümmüsələmə Rəsulullahın elçisini görəndə duasının qəbul olunduğunu başa düşdü. Çox sevinməklə yanaşı eyni zamanda da uşaqlarının Rəsulullahı narahat edəcəyindən qorxduğu üçün müsbət cavab vermədi. Nəhayət, Peyğəmbər Əfəndimiz özü gəldi. Ümmüsələmə ona belə dedi: “Ya Rəsuləllah, mən yaşlı bir qadınam. Həm də uşaqlarım var. Eyni zamanda şiddətli şəkildə qısqancam. Vəlilərimdən nikah şahidliyi edə biləcək bir şəxs də yoxdur”.

Sevgili Peyğəmbərimiz (s) belə buyurdu: “Yaşlı bir qadın olduğunu deyirsən. Bir qadının özündən daha yaşlı bir kişi ilə evlənməsi ayıb deyil.

Yetimlərinin olduğunu söyləyirsən. Onların dolanışığı Allaha və Rəsuluna aiddir.

“Digər xanımlarınızı qısqanıram” – deyirsən. Bunu səndən uzaqlaşdırması üçün Allaha dua edərəm.

Yanında nikah şahidi olacaq vəlinin olmadığını deyirsən. Burada olan və olmayan vəlilərin içində mənə razı olmayacaq yoxdur”.

Bundan sonra Ümmüsələmə Peyğəmbərimizin evlənmə təklifini qəbul etdi və onlar evləndilər. Peyğəmbərimiz (s) toy yeməyi verdi. Ümmüsələmə bununla bağlı olanları belə xatırlayır: “Vəfat edən Zeynəbin (möminlərin anası) otağı mənə verildi. Otaqda bir torpaq çanaq, çanağın içində bir parça arpa, bir əl dəyirmanı və bir də saxsı qab vardı. Saxsı qabın içində ərimiş yağ vardı. Arpanı əl dəyirmanında üyütdüm, saxsı qabda bulamac düzəltdim. Bir az yağ qoydum. Bax, bu yemək Rəsulullah ilə evə gələnlərin toy yeməyi oldu”.

RƏSULULLAHIN YANINDA AYRI BİR YERİ VAR İDİ 

Bir gün Ümmüsələmənin yanında olanda Hz. Fatimə, Hz. Əli, Hz. Həsən və Hz. Hüseyn gəlmişdi. Peyğəmbərimiz (s) onlarla birlikdə yemək yedi. Bu vaxt “Ey Əhli-Beyt, həqiqətən, Allah sizdən çirkinliyi aparmaq və sizi pampak etmək istər!” (“Əhzab”, 33) ayəsi nazil oldu. Peyğəmbərimiz qızı Hz. Fatiməni, kürəkəni Hz. Əlini və nəvələri Hz. Həsən ilə Hz. Hüseyni xirqəsinin altına alaraq: “Ya Rəbbim, bunlar mənim Əhli-Beytim və yaxınlarımdır. Onları günahlardan təmizlə”, – buyuraraq dua etdi. Ümmüsələmə belə bir fəzilətdən məhrum olmaq istəmədi. “Ya Rəsuləllah, mən də Əhli-Beytdənəm?” – soruşdu. Peyğəmbərimiz (s): “Bəli, inşallah” – buyuraraq sevgili xanımını sevindirdi. (Başqa bir hədisdə isə belə rəvayət olunur: “Ümmüsələmə deyir: “Peyğəmbər (s) mənim evimdə idi. O Həzrətin qızı Fatimə (ə.s.) daşdan düzəldilmiş qabda yemək gətirdi. Bu yemək un, yağ və bəzi vaxtlar isə ətlə birlikdə hazırlanırdı. Peyğəmbər (s) Fatiməyə buyurdu: “Ərin Əli və övladlarını çağır gəlsinlər, bir yerdə yemək yeyək”. Fatimə onları çağırdı. Süfrə salındı. Peyğəmbər üstünə xeybər parçası çəkilmiş yataqda oturmuşdu. Mən də evin bir küncündə namaz qılırdım. Elə bu vaxt “Təthir” ayəsi (“Əhzab”, 33) nazil oldu. Ayə nazil olan kimi Peyğəmbər (s) öz əzizlərini həmin parçanın altında oturdub əllərini göyə qaldırdı və belə dua etdi: “Ey Allahım! Mənim Əhli-Beytim və ən yaxşı adamlarım bu dörd nəfərdir. Pərvərdigara, bunları bütün çirkin işlərdən uzaq et və onların qəlbini daha da paklandır!” Ümmüsələmə sonra belə deyir: “Peyğəmbər (s) dua edən vaxt mən onlara yaxınlaşıb soruşdum: ”Ey Allahın Elçisi, etdiyin bu dua mənə də şamildirmi?” Peyğəmbər (s): “Xeyr! Lakin sənin aqibətin daha xeyirli olacaq” – deyə cavab verdi”).

Hz. Ümmüsələmə Peyğəmbərimizə yaxın olması ilə tanınırdı. Buna görə də Peyğəmbərimizin xanımları Rəsulullahdan nəsə istəyərkən istəklərini Ümmüsələmə vasitəsilə ona çatdırardılar.

Ümmüsələmə bir çox əshabənin çata bilmədiyi bəzi ülvi mənzərələrə də şahid olmuşdu. Bir dəfə Peyğəmbərimizin Dihyə (r.ə.) ilə danışdığını gördü, lakin Peyğəmbərimiz onun Dihyə yox, Cəbrayıl (ə) olduğunu söylədi. Vəhy mələyini görməsi Ümmüsələməni hədsiz sevindirdi.

Bir gün Peyğəmbərimiz Ümmüsələmənin (r.ə.) yanında ikən yenə Cəbrayıl (ə) gəldi. Peyğəmbərimiz Ümmüsələməyə: “Qapını bağla və içəri heç kimi buraxma!” – buyurdu. Bu vaxt Hz. Hüseyn gəldi və içəri daxil olmaq istədi. Ümmüsələmə onu içəri buraxmaq istəməsə də, Hüseyn bir fürsət tapıb otağa daxil olub Rəsulullahın qucağında oturdu. Peyğəmbərimiz çox sevdiyi nəvəsini öpüb oxşadı. Cəbrayıl (ə): “Onu çox sevirsən?” – deyə soruşdu. Peyğəmbərimiz: “Bəli, çox sevirəm”, – buyurdu. Bundan sonra aralarında belə bir söhbət oldu:

– Lap yaxşı, amma ümmətin onu şəhid edəcək.

– Deməli, onu möminlər öldürəcək?

– Bəli. İstəyirsən onun şəhid ediləcəyi yeri də sənə xəbər verim.

Peyğəmbərimiz (s) bildirməsini istədikdə Cəbrayıl (ə) qısa bir müddət üçün oradan ayrıldı. Kərbəladan gətirdiyi bir ovuc qırmızı və yaş torpaqla geri qayıtdı. Bunu görən Peyğəmbərimizin mübarək gözləri yaşardı. Cəbrayılın gətirdiyi torpağı saxlaması üçün Ümmüsələməyə verdi.

Peyğəmbərimizin vəfatından sonra Ümmüsələmə (r.ə.) onun sevgili nəvələrini görəndə Rəsulullahın onlara olan sevgisini xatırlayar, göz yaşı tökərdi. Rəsulullaha olan sevgisinə görə onun nəvələrinə gözü kimi baxdı. Bir zərər gəlməməsi üçün əlindən gələni edirdi.

Aradan neçə illər keçdi. Cəbrayılın verdiyi xəbər həqiqət oldu. Hz. Hüseyn hicrətin 61-ci ilində Kərbəlada Yezidin adamları tərəfindən şəhid edildi. O səhər əshabələr Ümmüsələmənin ağladığını gördülər. Səbəbini soruşdular. Ümmüsələmə ağlamağının səbəbini belə açıqladı: “Yuxumda Rəsulullahı gördüm. Başında, saçında və saqqalında torpaq vardı. “Ey Allahın Elçisi, nə oldu sizə belə?” – deyə soruşdum. Bir az əvvəl Hüseyni şəhid etdilər”, – deyə cavab verdi. Gördüyüm bu yuxuya görə ağlayıram”, – dedi.

Hz. Hüseynin şəhid edildiyi gün günəş tutulmuş, göy üzü qıpqırmızı olmuşdu. İnsanlar qiyamətin qopacağını zənn etmişdilər.

Hz. Hüseynin şəhadətinə təkcə insanlar deyil, hətta cinlər də göz yaşı tökmüşdü. Ümmüsələmə bununla bağlı bir xatirəsini belə anladır: “Rəsulullahın vəfatından sonra cinlərin ağladığını eşitdim. Bir gün yenə onların ağladını duydum. Oğlum Hüseynin şəhid edildiyini hiss etdim. Xidmətçini göndərərək xəbər gətirməsini istədim. Çox keçmədən geri qayıdıb Hz. Hüseynin şəhid edildiyini xəbər verdi”.

Hz. Hüseynin şəhid edildiyi xəbərini alan Ümmüsələmə özündən getmiş, hıçqırıqlar içində ağlamışdı.

Peyğəmbərimizin vəfatına qədər onunla birlikdə yaşayan Hz. Ümmüsələmə ondan çox şey öyrənmişdi. Xüsusilə, qadınlarla bağlı məsələlərdə İslam fiqhini ən yaxşı bilən xanım əshabələr arasında yer almışdı. Bir çox məsələ onun verdiyi fitvalarla aydınlaşmışdır.

Ümmüsələmənin hədis elmində də çox böyük xidmətləri olmuşdu. O, Peyğəmbərimizin xanımları içərisində Hz. Aişədən sonra hədis rəvayət edənlər arasında ikinci yeri tutur. Rəvayət etdiyi hədislərin sayı 378-dir. Onun rəvayət etdiyi hədislərdən ikisi belədir:

“Əri ondan razı olduğu halda ölən qadın Cənnətə daxil olar”.

“Ey qəlbləri döndürən Allah, qəlbimi dinin üzərində sabit qıl!” 

Peyğəmbərimizin (s) xanımları içərisində ən son vəfat edən Ümmüsələmə təxminən 84 il şərəfli ömür sürdükdən sonra hicrətin 61-ci ilində Mədinədə vəfat etdi. Bəqi qəbiristanlığında dəfn edildi. Cənazə namazını Əbuhüreyrə qıldırdı. Allah onlardan razı olsun!

İsmayıl Mutlu; “Xanım əshabələr”  

Mütərcim: Məhbubə Kərimzadə 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma