PEYĞƏMBƏRİMİZİN QIZLARI – HƏZRƏT ZEYNƏB (Peyğəmbərimizin ən böyük qızı)

Peyğəmbərimiz otuz yaşında idi. Xədicə anamızla evliliyindən beş il keçmişdi. Evində bir həyəcan dalğası əsirdi. Qadınlar Hz. Xədicə anamızın yanında toplanmışdı, çünki oğlu Qasımdan sonra ikinci uşağı dünyamızı şərəfləndirmək üzrə idi. Uşağı doğuzduran qadın Səlma Xatun idi.

1743604_668647949845542_1922477067_nVaxtı çatan şərəfli körpə çox keçmədən qoca dünyamıza gözlərini açdı. Dünyaya gələn bu uşaq qız idi. Çox sevimli idi, lakin otaqdakı qadınları bir narahatlıq, bir hüzn bürümüşdü. Doğumdan əvvəlki sevincləri yox olmuşdu, çünki onlar Peyğəmbərimizə: “Sənə müjdə! Nur topu kimi bir oğlun dünyaya gəldi!” – demək istəyirdi. İndi bu “qara xəbəri” ona kim deyəcəkdi! Bu vəzifə bir xidmətçinin üzərinə düşdü. Xidmətçi tərəddüd edərək Kainatın Əfəndisinin yanına gəldi, asta bir səslə: “Bir qızınız oldu” – deyə bildi, lakin onun deməkdən çəkindiyi xəbər Rəsulullahı böyük bir sevincə qərq etdi. Hətta ona təşəkkür də etdi. Xidmətçi bütün bunlara bir məna verə bilmədi, çünki Cahiliyyə Dövrü kimi tanınan o dövrdə ərəblər qız uşaqlarına heç bir dəyər vermirdilər. Onlardan birinə: “Qızın oldu” xəbəri verildiyi zaman onlara daxili bir kədər hakim olar, üzləri qapqara olardı. Qohumlarından gizlənər, dərin bir düşüncəyə dalardılar. Əcəba, onu bir zillət əsəri olaraq yanlarında tutsunlar, yoxsa diri-diri torpağa basdırsınlar?

Cahiliyyə Dövrü kimi tanınan o dövrdə oğlan uşağı doğduğu, qız uşaqları isə öldüyü zaman ana-ata təbrik edilərdi.

Bax, Həzrət Zeynəb belə bir zamanda anadan oldu. Doğumunda hazır olan qadınları matəmə boğan səbəb bu idi. Bəlkə də, bu nur topu körpənin aqibətinin də belə olmasından narahat olurdular.

O isə Peyğəmbərimiz (s) aləmlərə rəhmət olaraq göndərilmişdi. Cahiliyyə Dövrünün hansı çirkin adətini qəbul etmişdi ki, bu vəhşiliyi də qəbul edəydi? Onun həyatı heç bir zaman dilinə vurmadığı içki ilə, heç bir zaman pərəstiş etmədiyi bütlərlə, qız uşaqlarını diri-diri torpağa basdırmaq vəhşiliyi və daha bir çox çirkinliklə mücadilə ilə keçəcəkdi.

Qız uşaqlarına gözəl müamilə edən bir möminin Cənnətlik olacağını müjdələyəcək; onların Cəhənnəmə qarşı ana və atalarına sipər olacaqlarını bildirəcəkdi. “Mən qız atasıyam” – buyuraraq qızlarını özü üçün bir iftixar vəsiləsi sayacaqdı.

Bir qızı olduğunu eşidən Peyğəmbərimiz evə getdi, sevgili qızını qucağına aldı, sevdi. Sonra ona Zeynəb ismini qoydu. Onun üçün qurban kəsdi.

46Zeynəb günbəgün böyüyür, evin içinə sevinc dolu şölələr saçırdı. On yaşına çatanda sevgili atasına peyğəmbərlik, həm də son peyğəmbərlik vəzifəsi verildi. Nəyin nə olduğunu daha bilmədən anasının ardınca atasına iman etdi.

Evlənmək yaşına çatdıqda Peyğəmbərimiz onu Hz. Xədicənin arzusu ilə Əbülas ibn Rəbi ilə evləndirdi. Əbulas Xədicə anamızın bacısı Halənin oğlu idi. Müsəlman olmamışdı. O zaman müsəlman bir qadınla müşrik kişinin evliliyini qadağan edən hökm hələ nazil olmamışdı.

Müşriklərin atasına işgəncə etməsi Hz. Zeynəbi çox incidirdi, lakin Peyğəmbərimiz ona kədərlənməməsini tövsiyə edirdi. Peyğəmbərimiz Mədinəyə hicrət edəndə çox istəməsinə baxmayaraq Hz. Zeynəbin əri ona icazə vermədiyinə görə Məkkədə qaldı.

Hz. Zeynəb bir yandan atasından ayrıldığına, bir yandan da müşrik biri ilə evli olduğuna görə çox kədərlənirdi. Lakin təvəkkül içində bu sıxıntıya səbir edir, Cənabı-Haqqın bir asanlıq yaradacağına inanırdı. Eyni zamanda da ərinin müsəlman olması üçün dua etməyi təxirə salmazdı.

Qədərin qəribə bir təcəllisidir ki, Əbülas Bədr döyüşündə əsir edildi. Müşriklər əsirləri üçün müsəlmanlara “Qurtuluş sikkəsi” göndərdilər.

Əbülas müşrik də olsa əri idi. Buna görə də Hz. Zeynəb onu əsirlikdən qurtarmağı düşündü. Lakin fidyə üçün gördərəcək bir şeyi yox idi. Yadına sevimli anasının “toy hədiyyəsi” olaraq ona verdiyi cehizlik düşdü. Az-çox başqa şeylər də taparaq Mədinəyə göndərdi.

Bu baş verənlər Rəsulullaha çatanda riqqətə gəldi. Hz. Xədicənin ona və müsəlmanlara etdiyi yardımları düşündü. Göz yaşlarını saxlaya bilmədi, lakin heç kimi kürəkənini sərbəst buraxmağa məcbur edə bilməzdi. Sadəcə bu xüsusda xahiş edə bilərdi. “Əgər qızımın əsirini sərbəst buraxmağı məsləhət görürsünüzsə, onu buraxın. Göndərdiyi şeyləri də özünə geri qaytarın” – buyurdu. Əshabələr: “Oldu, ya Rəsuləllah” – dedilər. Hz. Zeynəbin ərini sərbəst buraxdılar. Göndərdiyi fidyəni də geri qaytardılar.

Əbülas doğru sözlü, dürüst və etibarlı bir insan idi. Peyğəmbərimizin bu alicənablığı qarşısında utandı. Məkkəyə qayıdarkən Hz. Zeynəbi sərbəst buraxacağına söz verdi. Peyğəmbərimiz də övladlığı Zeyd ibn Harisəni və Ənsardan bir nəfəri göndərərək Zeynəbi alıb gətirmələrini istədi.

Bu əshabələr Məkkəyə girmədilər. Yəcəc vadisində gözləməyə başladılar. Məkkəyə gedən Əbülas qardaşı Kinanəni Hz. Zeynəbi Yəcəc vadisinə aparmağı xahiş etdi. Hazırlıqlar tamamlandı, Kinanə ilə Hz. Zeynəb yola çıxdılar.

Müşriklər bundan xəbər tutar-tutmaz hərəkətə keçdilər. Kinanəyə yetişib Hz. Zeynəbin mindiyi dəvəni hürkütdülər. Müvazinətini saxlaya bilməyən Zeynəb dəvədən yıxılaraq üzü-gözü qanadı. O, hamilə idi. Qorxduğu üçün uşağını da itirdi.

Kinanə yaxşı ox atan idi. Qardaşı arvadının vəziyyətini görüb həmin an müşriklərə ox tuşlayaraq: “Yaxınlaşanın qəlbinə saplayacam” – deyə onları təhdid etdi. Müşriklər yaxınlaşmadılr. Bir az sonra Qüreyşin rəisi Əbusüfyan gəldi. Xalqın Zeynəbin gündüz vaxtı götürülməsini müsəlmanlara verilmiş bir güzəşt olaraq başa düşəcəklərini dedi. Kinanəni yola gətirərək bu işi gecə etməsini söylədi. Kinanə bunu qəbul etdi. Zeynəbi gecə ikən apardı və əshabələrə təslim etdi.

Bu kiçik qafilə zor və üzücü bir yolçuluqdan sonra Mədinəyə çatdılar. Hz. Zeynəb atasına və bacılarına qovuşduğu üçün bütün acı və ağrılarını unutdu.

Peyğəmbərimiz kürəkəninin bu davranışını təqdirlə qarşıladı. “Mənimlə danışdı, mənə söz verdi və sözünü yerinə yetirdi” – buyuraraq onu təltif etdi.

Hz. Zeynəb Mədinədə hüzur və səadətə çatmışdı. Əri Əbülas isə onu göndərdikdən sonra sıxıntılı bir həyat yaşayırdı. Bu arada hidayət nuru onun qəlbini aydınlatmağa başladı. Bir gün xeyli düşündü və müsəlman olmağa qərar verdi. Müşriklərdən alacaqlarını aldı, borclarını ödədi, sonra da onların toplandığı bir yerdə, “Heç kimin məndən bir alacağı yoxdur ki?” – deyə soruşdu. “Xeyr, heç bir alacağımız yoxdur” – deyə cavab verdilər. Bundan sonra Əbülas müsəlman olduğunu bu sözlərlə açıqladı: “Elə isə məni dinləyin. Mən bu andan etibarən müsəlman oluram. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və yenə şəhadət edirəm ki, Mühəmməd Onun qulu və elçisidir”.

Müşriklər birdən sarsıldılar. Əbülas onların çaşqın baxışları altında oradan ayrıldı. Mədinəyə gəldi, Rəsulullahın hüzuruna çıxdı və müsəlman olduğunu açıqladı.

Peyğəmbərimiz bu xəbərdən çox sevindi. Ona iltifat etdi. Başqası ilə evlənməmiş Hz. Zeynəbi də yenidən ona ərə verdi. Bu məsud hadisə hicrətin 7-ci ilində olmuşdu.

Hz. Zeynəbin Ümamə və Əli adında iki uşağı oldu, lakin Əli kiçik yaşda vəfat etdi. Xəstələndiyi vaxt Hz. Zeynəb atasını çağırdı. Peyğəmbərimiz sevgili qızının evini şərəfləndirdi. Onun kədərləndiyini gördükdə, “Şübhəsiz, Allahın aldığı da, verdiyi də Özünə aiddr. Allah qatında hər şeyin təyin edilmiş bir əcəli vardır” – buyurdu. Sonra da nəvəsini qucağına aldı. Əli həmin an can verirdi. Ruhu çıxmaq üzrə idi. Şəfqətindən Peyğəmbərimizin mübarək gözlərindən yaş axmağa başladı. Bunu görən Səd ibn Übadə: “Ya Rəsuləllah, bu nədir?” – deyə soruşdu. Peyğəmbərimiz: Allahın qullarının qəlbinə qoyduğu bir rəhmətdir. Allah qullarından ancaq mərhəmətli olana rəhmət edər – buyurdu. Bir az sonra da birlikdə onu dəfn etdilər.

Zeynəb hicrətin 8-ci ilində vəfat etdi. Cənazəsini Ümmü Əymən yudu. Peyğəmbərimiz (s) belindən kəmərini çıxararaq Ümmü Əymənə verdi. Sevgili qızı üçün onu kəfən etmələrini istədi. Cənazə namazını şəxsən özü qıldı, qəbrinə endi. Fikirli və üzgün halda qəbirdə bir az dayandı, sonra sevinc içində yuxarı çıxıb oradakılara belə bir müjdə verdi: Zeynəbin zəifliyini düşünüb ona qəbir sıxıntısını istiliyini xəfiflətməsi üçün Uca Allaha dua etdim. O da bunu qəbul etd”.

İsmayil Mutlu; “Xanım əshabələr”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma